Xəbər verdiyimiz kimi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Çəhrayı – Qara" adlı qrup sərgisi keçiriləcək. Sərgi 19 may, saat 19:00-da açılacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ekspozisiya Ağa Mehdiyev, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Fazil Nəcəfov, Fərhad Xəlilov, Elmira Hüseynova, Ələkbər Rzaquliyev, Əli Verdiyev, Əzim Əzimzadə, Rasim Babayev, Toğrul Nərimanbəyov və Elmira Şahtaxtinskaya kimi ustad sənətkarların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri ilə yanaşı, yeni nəsil rəssamları – Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Aqil Abdullayev və Vüsal Rəhimin rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərlərini bir araya gətirir.
İstedadlı rəssam Soltan Soltanlı əməkdaşımıza sərgi ilə bağlı bunları söyləyib:
-19 may – XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yeni "Çəhrayı – Qara" qrup sərgisinin açılışına hazır olun.
“Çəhrayı – Qara" – güclü Azərbaycan qadını haqqında hekayədir. Sərginin adı və konsepti qadınlığı simvolizə edərək, qadın mənsubiyyətinin görünməyən, bəzən cəmiyyətdə adi qəbul olunan amillərin və onların mənfi cəhətlərinin əks sədasını araşdırır.
Ekspozisiyaya Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Elnur Babayev və Vüsal Rəhimin kolleksiyalarında saxlanılan əsərlər daxil edilib. Xüsusi təşəkkürlərim Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinədir. Sərginin kuratoru Fərəh Ələkbərlidir. Sərginin açılışı: 19 may, saat 19:00-dadır. Saat 19:00 – Vüsal Rəhimin performansı, saat 20:00 – da isə Nigar İbrahimbəylinin performansı nümayiş olunacaq. İnanılmaz gözəlliklər görəcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(17.05.2023)