İntiqam Babayev yeni vəzifəyə təyin olunub

Mədəniyyət sferasında daha bir kadr təyinatı: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyəti sədrinin müvafiq əmri ilə İntiqam Vaqif oğlu Babayev Aparat rəhbəri təyin olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İntiqam Babayev ölkədə kifayət qədər tanınan məmurdur, o, uzun illər Gənclər və idman nazirinin müavini kimi gündəmdə olub. Amma o, digər vəzifələr də daşıyıb. 

İntiqam Babayev 22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alıb.

1994-1998-ci illərdə Bakı Gənclər Klubunun sədri, 1995-1998-ci illərdə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri olub. İntiqam Babayev 1998-1999-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, 2000-2021-ci illərdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, 2022-ci ilin mart ayından 2022-ci ilin dekabr ayınadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri, 2022-ci ilin dekabr ayının 20-dən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifələrində çalışmışdır, 2023-cü ilin aprel ayından 2023-cü ilin may ayınadək “İçərişəhər” Qoruq İdarəsinin Aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.

İntiqam Babayev 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Ailəlidir, iki övladı var.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.