
Super User
Şuşa Teatrı bu gün yeni mövsümü “Dağılan tifaq” tamaşası ilə açır
Bu gün - sentyabrın 13-də Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümü Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” tamaşası ilə açacaq.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, bu barədə teatr məlumat yayıb.
Məlumara görə, səhnə əsərində Fikrət Əmirovun əsərlərindən, xalq musiqilərindən və Əməkdar mədəniyyət işçisi, tarzən Nəsib Məhərrəmovun lent yazısından istifadə olunub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist, teatrın direktoru Yadigar Muradov, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.
Səhnə əsərində rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, Azad Məmmədov və digər aktyorlar ifa edirlər.
Pyes 1896–cı ildə qələmə alınmasına baxmayaraq, bu gün də öz aktuallığını itirməyib.
“Ədəbiyyat və incəsənət”
(13.09.2024)
Gənc Tamaşaçılar Teatrı yeni səhnə əsərinin məşqlərinə başlayıb
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi yazıçı Pərvin Nurəliyevanın “Cırtdanino” pyesinin oxunuş məşqlərinə başlayıb.
Teatrdan AzərTAC-a bildirilib ki, yeni qurulan tamaşada rolları Əməkdar artistlər Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Elnur Hüseynov və digər aktyorlar ifa edəcəklər.
Birhissəli tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.
Əsər “Cırtdan” xalq nağılının motivləri əsasında yazılıb.
Tamaşa müddətində balaca izləyicilərimiz Cırtdan, nağılın digər qəhrəmanları, həmçinin yad planetlərdən gəlmiş Nino adlı robotla tanış olacaqlar. Macəralarla dolu səhnə əsəri müasir quruluşla uşaqları dostluğa və sülhə səsləyəcək.
“Ədəbiyyat və incəsənət”
(13.09.2024)
“Ətrafımda o qədər gözəl insanlar var ki…” -MÜSAHİBƏ
Gülnarə Nasirin Habil Yaşarla söhbəti, “Ədəbiyyat və incəsənət” portalı üçün
İlk sualım “Yeddinci ayın yeddisi” adlı ilk romanınızla bağlıdır. Dünyaya gəldiyiniz gündən bu günə qədər say etirbarı ilə neçə dənə “Yeddinci ayın yeddisi”ni yaşamısınız?
Maraqlı suallarınız üçün təşəkkür edirəm, Gülnarə xanım. “Yeddinci ayın yeddisi” adlı ilk kitabıma zamanla bağlı sualınız isə olduqca duyğulandırdı. “Yeddinci ayın yeddisi”ni 41 dəfə yaşamışam.
“Yeddi ay, yeddi gün” geriyə boylansanız ümumiyyətlə o günü hansı hiss, hansı duyğularla xatırlayırsınız və ya “Yeddi ay, yeddi gün” irəli getsəniz hansı planlarınız var?
Yeddi ay, yeddi gün geriyə qayıtsam fevral ayına, doğum günümə təsadüf edir. Bu ay mənim üçün həm sevinc, həm də kədər bəxş eləməkdədir. Çünki, məhz doğum günümdə “Xocalı Soyqırmı” baş vermişdir. 9 yaşımdan etibarən doğum günümü qeyd eləmirəm. 2024-cü ilin fevralında isə bir sıra uğurlara imza atdığımı deyə bilərəm. Keçmiş hər zaman dəyərlidir. Çünki, bizi biz edən yaşadıqlarımızdır…
Yeddi ay, yeddi gün irəlidə nələrin baş verəcəyini təbii ki, zaman deyəcək. Amma öz planlarım da vardır və bunların gerçəkləşməsi üçün çalışmaqdayam. İnşallah, hər birimiz üçün hər şeyin gözəl olması diləyiylə…
Ətrafınızda Sezar xarakterli təkəbbürlü insanlar olubmu?
8 milyarda yaxın insan varsa, demək ki, müxtəlif xarakterli insanlar da çox olacaq. Ətrafımda o qədər gözəl insanlar var ki… Hər zaman mənimlə olduqları üçün özümü çox xoşbəxt sanıram. Amma ağ olduğu kimi qara da mütləq olmalıdır. Və əslində bizi güclü edən amillərdən biri də məhz neqativliklərdir. Sevmədiyim bir çox xarakterlər vardır. Xüsusən təkəbbürlü insanları heç xoşlamıram. Çox təəssüf ki, digərləri kimi mənim də qarşıma belə insanlar az çıxmamışdır. İstər dost bildiklərimiz olsun, istər iş həyatımızda olsun, belələri mütləq olacaqdır. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vicdanlarını itirmişlər daima yaddaşlarımızda pis biri olaraq qalacaqlardır. Volterin çox gözəl sözü vardır: “Tanrım, məni dostlarımdan qoru, özümü düşmənlərimdən qoruyaram”. Tanrım bizi xainlərdən qorusun, Amin!
İnsan hər nə qədər yüksəlirsə yüksəlsin, bir o qədər də təvazökar olmalı, ətrafındakıları dəyərləndirməyi bacarmalıdır. Təkəbbür insanı məhv edən səbəblərdən biridir.
Əsərlərimi yazarkən gerçək həyatdan hər hansı bir insanı obraz olaraq istifadə eləmirəm. Demək olar ki, yazılarımda belə obrazlar yoxdur. Amma, şübhəsiz ki, bəzi obrazlarım gerçək həyatdakı insanları özündə əks etdirir. Məsələn “Yeddinci ayın yeddisi” romanımdakı Fərid obrazı təkəbbürlü insanları xarakterizə edir. Çox təəssüflər ki, Aytəkin kimi qurbanların sayı günümüzdə daha da çoxalmaqdadır.
Siz özünüzü hansı dünyanın adamı hiss edirsiniz?
Dahi şairimiz Hüseyn Cavid əfəndi deyirdi:
Mən fəqət hüsni-xuda şairiyəm,
Yerə enməm də səma şairiyəm.
Anam Nabat xanım tez-tez mənə “bir yerə düş, ətrafına göz gəzdir” deməkdədir. Cismim bu dünyaya məxsus ola bilər, amma ruhum daima bəlkə də heç zaman dərk edə bilməyəcəyimiz başqa bir dünyaya məxsusdur. Fəqət bütün bunlarla yanaşı zahidanə həyat yaşamağın da qəti tərəfdarı deyiləm. Hər kəs kimi gəzir, dolanır, bir sözlə həyatı bacardığım qədər gözəl yaşamağa çalışıram. Bir əlim göydə, bir əlim yerdədir… Amma etiraf etməliyəm ki, tərəzinin bir gözündə başqa bir dünyanın adamı olmaq daha üstün gələcək… Çünki, axtardıqlarımızın böyük bir hissəsini Ruhumuzun azadlığını, sakitliyini bu dünyada tapa bilməyəcəyik…
Güzgüyə baxan adamla güzgüdən baxan adam arasında çoxmu fərqmi var?
Güzgüdən baxan adam güzgüyə baxan adama daima öz tövsiyələrini verməkdədir. Güzgüdən baxan adam vicdanın görüntüsüdür və çox təəssüf ki, bu görüntü çoxlarına təsir eləməməkdədir. İçlərindəki bədxahlığı görmək istəməyənlər öz aləmlərində bu güzgünü sındırmaqla xilas olduqlarını düşünməkdədirlər.
Güzgüyə baxarkən cismimlə yanaşı ruhumu görə bilməyəcəyəmsə o güzgüyə baxmaq o qədər də əhəmiyyət daşımır…
Bildiyim qədəriylə rənglərə də böyük marağınız vardır. Və bunu nəzərə alaraq sizə belə bir sual vermək istərdim. Habil bəy, “Yeddinci ayın yeddisi” romanınızı əsasən hansı rəngdə hiss edirsiniz?
Gülnarə xanım, bu kitabı oxuyanlar çox yaxşı bilir ki, əsər faciə ilə tamamlanır. Amma unutmayaq ki, yaşanılan faciənin içərisində həm də əbədiyyət vardır. Bütün bunlara əsasən bu əsər özündə qara rəngi əks etdirsə də, qismən ağ rəngi də hiss etmək mümkündür…
Son olaraq, gələcək fəaliyyətiniz haqqında məlumat verə bilərsinizmi?
Arzular çoxdur. Planlar da vardır. Gerçəkləşməsi üçün Allaha dua edir və mübarizə aparıram. Hal-hazırda mövzu olaraq tamamilə fərqli ikinci roman üzərində çalışmaqdayam.
Müsahibə üçün təşəkkür edirəm Habil bəy.
Mən də sizə təşəkkür edirəm Gülnarə xanım. Var olasınız!
“Ədəbiyyat və incəsənət”
(13.09.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Dana ətindən döymə lülə
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Dana ətindən döymə lülənin hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Yumşaq dana əti – 159 qr
§ Quyruq – 25 qr
§ Soğan – 25 qr
§ Zəncəfil – 2 qr
§ Darçın – 0,2 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ soğan – 20 qr, göyərti (cəfəri, reyhan) – 10 qr, sumaq – 5 qr, dənələnmiş nar – 15 qr, lavaş – 15 q
QEYD: Döymə lülə heyvanın bud, bel (antrikot), can əti hissəsindən hazırlanır. Quyruqla ətin nisbəti dəyişə bilər. Bütün kabablarla halqavarı, aypara şəklində nazik doğranmış qırmızı baş soğan, göyərti, dənələnmiş nar qarışığı verilir. Süfrəyə yanında meyvə turşuları, tərəvəz turşuları, göyərti ilə verilə bilər.
HAZIRLANMASI:
Dana əti, quyruq xırda tikələrə doğranır, duz, istiot, ədviyyat vurulur. Ağac kötüyünün üzərində qiy- məkeşlə döyülür, sonra doğranmış soğan əlavə olunur və qarışana qədər birlikdə döyülür. Qiymədən kündələr tutulur, soyuq yerdə saxlanılır. Sonra hər paya 200 qr qiymə olmaqla lülə şişlərinə taxılır. Qiymə şişin üzərində 2 və ya 4 yerə bölünür. Manqalda közün üzərində ardıcıl çevrilərək qı- zardılır. Hazır olduqda lavaşa bükülür və ya lavaş boşqaba qoyulur, üzərinə lülələr düzülür, göyərti, soğan, nar, sumaq səpilir və süfrəyə verilir.
Ədəbiyyat və incəsənət”
(13.09.2024)
Oxucularımızın yaradıcılığı - Əli Əlizadənin şeiri
Ünvanımıza gələn daha bir oxucu yaradıcılığı ilə sizləri tanış etmək qərarına gəldik. Və Əli Əlizadənin “Gəlməmişəm” adlı şeirini sizlərin diqqətinə çatdırırıq.
Gəlin oxucuların yaradıcılığına çox da tələbkar yanaşmayaq. Nəzərə alaq ki, onlar üçün yazmaq sadəcə hobbidir.
Gəlməmişəm
Yuxu getməz gözlərimə, ağlayaram sübhə qədər,
Gözlərimdən yaş yerinə axar qüssə, axar kədər.
Ruhum artıq çox qocalıb cavanlığım olub hədər,
Hədər olan cavanlığın qiymətini bilməmişəm,
Mən dünyaya yas tutmağa, qəm çəkməyə gəlməmişəm.
İşlədiyim günahlarım gecə-gündüz sıxır məni,
Xaricimdən dik göstərib daxilimdən yıxır məni,
Bilirəm ki, bu günahlar öldürəcək axır məni,
Mən ölümün belə ucuz olduğunu görməmişəm,
Mən dünyaya az yaşayıb çox ölməyə gəlməmişəm.
Mən zamanla anladım ki, budur doğru, budur gerçək,
Bəxtimin də bəxti yoxdur, üz çevirib məndən fələk.
Çün yerinə yetməyibdir nə bir arzu, nə bir dilək,
Bir diləyim yoxdur daha, mən ki, ona yetməmişəm,
Mən dünyaya varlığımı heç etməyə gəlməmişəm.
İstənilən çətinliyə tab gətirib mənim sinəm,
Tanımırsan bəlkə məni? İcazə ver deyim kiməm.
Nəsiminin beytindəki zərrə mənəm, günəş mənəm,
Mən günəşin zərrəsiyəm, içim yanır, sönməmişəm,
Mən dünyaya tez alışıb tez sönməyə gəlməmişəm.
“Ədəbiyyat və incəsənət”
(13.09.2024)
“Ürək olan yerdə…” – NƏRİMAN HƏSƏNZADƏ İLƏ MÜSAHİBƏ.
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Taleh Mansur Xalq şairi Nəriman Həsənzadədən götürdüyü müsahibəsini təqdim edirik.
Bir az gecikib bu müsahibәnin dәrci... Gecikib deyәndә ki, hәr şey zamanında baş verir. Görünür, insanın hesab vә sәbriylә Tanrının hesab vә sәbri arasında yerlә göy qәdәr mәsafә varmış. Xalq şairi Nәriman Hәsәnzadә ilә görüşümüz yağışlı bir may gününә tәsadüf elәmişdi. Suallarım vә fikirlәrim yerbәyer idi, adım kimi әmin idim, şairin müdrik cavabları da suallarımın yolunu gözlәyirdi. Eynәn yolumu gözlәyәn şair kimi. Fәqәt şairlә görüşә ürәyi dolu, әliboş gedә bilmәzdim. Mәni qayğılandıran bu nәsnә onu duyğulandırmalı idi. Çox düşünmәyә ehtiyac qalmadı, şairin “Kimin sualı var?” poemasındakı bu misraları xatırladım:
İydә tikanları batıb әlimә,
yamaqlı şalvarım bir dә cırılmış.
O sıx meşәlәri sәn elә bilmә,
gәzib-dolaşmışam mәn qarış-qarış.
Söz vaxtına çәkәr, deyirlәr ha, bax indi misralar vaxtına çәkmişdi. Ürәk qayğısından xilas olub çiçәk qayğısına düçar olmuşdum.
Dar mәqamda Ağstafadakı ürәyi geniş dostlar kömәyimә çatdı. Bir neçә saatın içindә şairin göz açdığı Poyludan bir dәstә iydә çiçәyi göndәrdilәr Bakıya. Cәnnәt qoxulu çiçәk sovqatını әlimә alan kimi әtrini ciyәrlәrimә çәkdim, şairin könül misralarının qoxusu gәlirdi. Hәmin an barmağıma batan iydә tikanının ağrısını belә bu zövqü-sәfa içindә duymadım. İndi şairlә görüşә getmәk olardı. Şairin yaşadığı evin qarşısına çatanda şıdırğı bir yaz yağış başladı. Qeyri-ixtiyari iydә çiçәyinin dәstәsini çәtir kimi başımın üstünә qaldırdım. Yağış damcıları iydә çiçәklәrindә әtirlәnib saçlarımdan gicgahıma, alnıma süzülür, üz-gözümә yayılırdı. Bir anın içindә bu әtir bütünlüklә ruhuma yayıldı. Üst-başımdan tutmuş, suallarımı yazdığım vәrәqәcәn, cismimdәn ruhumacan hәr şey iydә çiçәyinin әtrinә qәrq olmuşdu. Mәni binanın qarşısında qoca şairin gәnc dostu, ürәk sәsli Arif Mehmandost qarşıladı. Qalxdıq düz onuncu mәrtәbәyә. Bir anlıq mәnә elә gәldi ki, bura göylәrin yeddinci qatından da üç pillә yuxarıdı, Tanrının beş addımlığıdı. Tәәccüblәnmәdim, onsuz da gerçәk vә göyçәk söz olan yerlәr Tanrıya yaxın olur. Söz haqqa tәrәf bir addım yaxınlaşanda Tanrı sözü әbәdi hәqiqәtlә müjdәlәyir. Şairin yaşadığı mәnzilә daxil oluruq... Nәhayәt, şairlә görüşürәm, salamlaşıb iydә çiçәyini doğma Poyludan gәtirdiyimi deyirәm. Bir anlıq düşünür, tәşәkkür edir, kövrәk bir sәslә soruşur:
– Sәn mәni ağlatmaq istәyirsәn?
Gülümsәyib “Xeyr, Nәriman müәllim, azacıq duyğulandırmaq istәyirәm...”– deyirәm.
Gülür, әhvalı yerinә gәlir. Belәcә müsahibәyә mәnim sualımla yox, Nәriman müәllimin sualıyla başlamış oluruq...
– Nә qәdәr şablon sәslәnsә dә, mәn Sizi әdәbiyyatımızın canlı әfsanәsi hesab edirәm. O üzdәn sizinlә tәkcә Nәriman Hәsәnzadә kimi yox, hәm dә Sәmәd Vurğunla, Mehdi Hüseynlә, Mir Cәlalla, Nazim Hikmәtlә, Xәlil Rza Ulutürk vә bir çox әfsanәvi qәlәm sahiblәri ilә danışırmış kimi hәmsöhbәt olmaq istәyirәm. Əl çatmayan, ün yetmәyәn әdiblәrlә bağlı yaşadıqlarınız, xatirәlәriniz var. İstәrdim, suallara bir az özünüz kimi cavab verәndә bir az da adlarını sadaladığım әdiblәr kimi cavab verәsiniz. Çәtin olmaz ki?
– Çox sağ ol, oğlum... Öncә o kişilәrin adlarını çәkdiyinә görә minnәtdaram. Görәk hәlә özüm kimi suallarına cavab verә bilәcәmmi, sonrasına baxarıq (gülür)...
– Xalq şairi Bәxtiyar Vahabzadә “Nәriman Hәsәnzadәnin şeirlәrindә hәmişә ürәk döyünür”, – deyirdi. Şeirinizdә döyünәn ürәyin әn böyük arzusu nәdir?
– Şairin dә, vәtәndaşın da arzusu birdi, vәtәnin bütövlüyü, çiçәklәnmәsi. Azәrbaycan müstәqildi. Şuşa azad olunanda Ali Baş Komandan İlham Əliyev dedi ki, ata vәsiyyәtini yerinә yetirdim, bütün bunların hamısı şairin, bir xalqın çin olmuş arzularıdı.
– Bәs şeirinizdә döyünәn ürәklә sinәnizdә döyünәn ürәyin arzuları üst- üstә düşürmü?
– Mәnim ürәyimin başına o qәdәr oyunlar açılıb ki... Sәmimi deyirәm, ürәk bu yaşacan çәtin, әzablı yollardan keçib. “Ürәk mәnimkidi, yaş mәnim deyil...” – şeirlәrimin birindә belә yazmışam. Ürәk olan yerdә hәyat var. Ürәkdәn o yana nәsә varmı ki? Ürәk olan yerdә nә yoxdu ki? Ürәklә verilәn salam da qiymәtlidi. Ürәklә bir әli sıxmaq da, ürәklә bir tanışın yanından keçmәk dә qiymәtlidi. Ürәk sәnsәn, bütövlükdә özünsәn. O qәdәr hallandırmaq olar ki ürәk sözünü. İsmin halı kimi әn azı altı halı var ürәyin. Şeirimdә döyünәn ürәklә sinәmdә döyünәn ürәk әkizdi. O üzdәn arzuların sәslәşmәmәsi mümkün deyil.
– Hәyatınızda baş verәn әn ağır vә ağrılı mәqamları belә özünәxas şәkildә mәnalandıra bilmisiniz. Ürәyә yatmayan kәdәri mәnalandırmaq, ya ürәyә yatmayan sevinci? Hansı şeirin әyninә oturur?
– Deyәsәn, İsa peyğәmbәrin sözüdü, deyir, iztirab keçirmәsәn, tәmizlәnә, paklana bilmәzsәn. Ona görә kәdәrdәn qorxmayın. Paklanmaq üçün mütlәq kәdәrin süzgәcindәn keçmәlisәn. Kәdәr dә ümidli, ümidsiz olur. Ümidsiz kәdәrә uymaq daha kәdәrlidi. Ümidsiz kәdәr insanın özünü dә yoxa çıxarır. Amma hәr bir halda kәdәrin heç yaxşısı da yoxdur... Mәn kәdәrin heç bir şәklini kimәsә arzulamıram. Mәn sәnә bunu kәdәrin bütün formalarını yaşamış adam kimi deyirәm.
– Nә yaşamısınızsa, şeirlәrinizә, poemalarınıza, әsәrlәrinizә hopub. Elә bir yaşanmışlar olubmu ki, onları, ümumiyyәtlә, qәlәmә vә dilә gәtirmәmisiniz?
– Tәbii, olmamış olmaz... Ötәnlәrdә poemalarıma baxıram. Gördüm, hәya- tımla bağı hәr şey var. Özümә dә qәribә gәldi. Mәn nә çox şey yaşamışam. Çәtin vәәzablı olsa da, nә yaxşı ki, yaşadıqlarımı qәlәmәalmışam.
Bu yerdә Nәriman müәllim qeyri- ixtiyari bu misraları xatırlayır:
Bu dünyanın gözәl vaxtı
Poyluda qaldı,
Göy üzündәn ulduz axdı,
Poyluda qaldı.
Bir qız mәnә süzgün baxdı,
Poyluda qaldı.
Taleyimin dalısınca çıxdım Poyludan,
Beşiyimin görüşünә döndüm sonradan.
Oğul, yazdıqlarım mәnim tәsәllimdi, onlara baxdıqca anlayıram ki, ömrümü hәdәr yaşamamışam.
– Pompeyә, Atabәy hökmdarlarına, Nuru Paşaya, Nәrimanova, Sabirә şeir nәfәsinizlә poetik hәyat bәxş etmisiniz. Hәtta “Zümrüd quşu” poemasının timsalında böyük rus şairi Puşkinin Qafqaza sәfәrini qәlәmә almısınız. Daha hansı tarixi şәxsiyyәti qәlә- minizin köynәyindәn keçirmәk istәrdiniz?
– Gözәl sualdı. Yazmaq istәdiyim şәxsiyyәtlәr çoxdu. Fikir ver, oğlum, İntibah dövründәziyalılar üç yüz il zaman sәrf ediblәr, can qoyublar ki, Antik dövrü, Sokrat dövrünü, qәdim yunan mәdәniyyәtini dirçәltsinlәr, oyatsınlar, geri qaytarsınlar. Nә qәdәr qәribә sәslәnsә dә, Antik dövr bütün mә- dәniyyәtlәrin әn parlaq dövrüdü. Mәn bu faktı oxuyanda heyran qaldım. Didro, Volter, Russo yazıçıdan günümüzün aktual olan mövzularında – ictimai mövzularda, xalqın taleyindәn, azad- lığından, mübarizәsindәn yazmağı tәlәb edirdilәr.
Yazmağa gәlincә, sadaladığım fikir- lәrin davamı olaraq deyim ki, ürәyimdә Atropatla bağlı yazmaq istәyi var. O Atropat ki, Makedoniyalı İsgәndәrlә dostluq edib. İsgәndәrin әn böyük sәrkәrdәsi Perdikka Atropatın qızıyla evlәnib. Çox böyük şәxsiyyәtdi Atropat. Bir dәfә heykәltәraş dostlarımdan birinә ideya verdim ki, Atropatın Makedoniyalı İsgәndәrlә yanaşı, at belindә heykәllәrini yaratsın. Yazmaq istәdiyim Atropatdı. Yazmaq istәyirәm, açığı, әsәrin sonrakı taleyi – sәhnә taleyi dә qayğılandırır mәni. İndi aktyorlar da, rejissorlar da fәrqlidi. Yeri gәlmişkәn, bir zamamlar mәnim “Bütün şәrq bilsin” pyesimi sәhnәyә qoydular. Sonralar hәmin tamaşa Moskvada nümayiş etdirilәndә rәhmәtlik Heydәr Əliyev 100 nәfәrlik aktyor truppası göndәrdi. Teatr tarixindә yüz aktyorun iştirakı ilә hazırlanmış ikinci belә bir tamaşa, bәlkә dә, olmayıb. Açığı, indi mәni hәvәslәndirәn rejissor da yoxdu. Üstәlik, vaxtımı bölә bilmirәm. Hәm dәrs deyirәm, hәm dә belә müsahibәlәr, görüşlәr-filan, alınmır. Belә- belә, bir dә baxıram ki, gün keçib, aylar ötüb. Əsәrin bir fәslini yazmışam da, elә dә qalıb. Amma pyesin bütün detallarını hazırlamışam. Ümumiyyәtlә, hәlә Qorki adına Ədәbiyyat İnstitutunda oxuyan zamanlardan bu mövzu ilә mәşğulam, araşdırma aparıram. Yazmaq istәyim var, qismәt olsa, yazacam. Bilmirәm, bu mövzuda kim yazacaqsa, ona yaxşı mәnada paxıllığım tutur. O qәdәr tәdqiqat aparmışam ki... Bu әsәri mәn yazmalıydım bu günә kimi.
Söhbәtin bu yerindә Nәriman müәllim “Arrian” kitabını göstәrir.
Bax, qeydlәr dә aparmışam. Elә detallar, tarixi mәqamlar var ki, heç burda Atropatın adı yoxdu, Azәrbaycanın tarixi, taleyidi. Bizim elә bir şanlı tariximiz var ki, xalqlar ona pәrәstiş edә bilәr. O taylı-bu taylı Azәrbaycanın zәngin tarixi var.
– Hәlә gәncliyinizdә sizә doğma münasibәti ilә seçilәn böyük yazıçımız Mir Cәlal “Nәriman olduqca hәssas şairdi, o, bir qartalın uçuşunda, bir lalәnin duruşunda, bir körpәnin baxışında bütün kainatı, ictimai alәmi vә mәna dolu hәyatımızı görmәk istәyir” – demişdi. Yaşadınız, yazdınız, bәlli bir tale yolu keçdiniz. Hәr bu fikirlәri oxuyanda ağlıma belә bir sual gәlir, Nәriman müәllim böyük әdibin dediyi mәqamların hamısını görә yaşaya, yaza bildimi?
– Bunu hәr yerdә demişәm, Mir Cәlalın mәnim hәyatımda müstәsna rolu olub. Yazıçıların övladları üçün ev verirdilәr. Mir Cәlal müәllimin oğlu Arifә dә ev vermişdilәr. Mir Cәlal mәni Yazıçılar İttifaqının sәdri Mehdi Hüseynin yanına apardı. Dedi, gәlmişәm, istәyirәm, bu evi Nәrimana verәsәn. Mehdi Hüseyn dedi, gecdi, siyahı artıq göndәrilib. Onda Mir Cәlal müәllim bir cümlә işlәtdi, o söz hәlә dә yadımdadı, qayıtdı ki: “Mehdi, necә olur-olsun, bu ev Nәrimanın olmalıdı”. Mir Cәlalın hәyat yoldaşı Püstә xanım da tәkid elәdi ki, ev mәnә verilsin. Elә oldu ki, o evdә mәn yaşayası oldum. Bu gün dә o ev Arif müәllimin adınadı. Onun adından çıxarmamışam.
Mir Cәlal başqa neynәmәliydi, hәlә gәncliyimdә mәnim haqqımda yazdı. Bu kişi mәni sözün bütün mәnalarında yaşatdı. Əyyub Abbasovdan xahiş elәdi ki, iki çap nüsxәsi mәnim kitabımdan kәsib Nәrimana yer verin. O vaxt kitab çap elәtdirmәk hadisә idi. Qorki adına Ədәbiyyat İnstitutunu bitirib tәzәcә qayıtmışdım. Yazıçılar İttifaqının qarşısında görüşdük. Soruşdu ki, burda neynirsәn? Dedim, iş axtarıram, Mir Cәlal müәllim. Dedi, iş axtarma, adam axtar, oğul. Mәni apardı indiki Bakı Dövlәt Universitetinә. Rektor rәhmәtlik Şәfayәt Mehdiyev idi. Orda mәnә yarımştat bir yer elәdi. Mir Cәlal müәllim dedi, tәbrik edirәm, bir yarımştat işin var. Bәxtim açılmışdı sanki, bir müddәt sonra rәhmәtlik Heydәr Əliyev mәni “Ədәbiyyat vә incәsәnәt” qәzetinә baş redaktor tәyin elәdi. İki seçim arasında qalmışdım, bilmirdim universitetdә davam edim, ya “Ədәbiyyat vә incәsәnәt” qәzetindә işlәyim. Pәnah Xәlilov qayıtdı ki, dәlisәn sәn, nә var qәzetdә? Dedi, sәni Mir Cәlal gәtirib bura. Heç kim sәni bura yaxın qoymazdı. Onda Mir Cәlal tәkid elәdi ki, get “Ədәbiyyat vә incәsәnәt” qәzetindә işlә. Onun dediyi kimi dә elәdim. Ora gedәndәn sonra mәlum oldu ki, gözü bu vәzifәdә olan nә qәdәr adam varıymış. Baxmayaraq ki başıma orda oyunlar açıldı, 14 il orda çalışdım, qәzet 120 min tirajla çıxdı. Cәnubi Azәrbaycan üçün әski әlifba ilә, Türkiyә üçünsә latın qrafikası ilә xüsusi nömrәlәr hazırladıq. Mir Cәlal mәnim hәyatımda müstәsna rol oynayıb, öz yerindә, amma mәn Arif müәllimlә tanış olandan sonra taleyә inanmağa başladım. Müstәqillik qazanandan sonra rәhmәtlik Heydәr Əliyev mәni Mәtbuat vә İnformasiya naziri tәyin elәmişdi. Nazir kimi hәtta İrana sәfәr dә elәmişdim. Çәtin vaxtlar idi. Adım nazir idi, elә bir iş dә yox idi, nә mәni sayan var idi, nә dәdindirәn. Heydәr Əliyevә zәng elәmәyә dә utanırdım. Bilmirdim dәrdimi necә deyim. O illәrdә Hafiz müәllim zәng elәdi ki, Arif müәllimә zәng elә. Danışdıq, getdi Aviasiya Akademiyasına, mәni yarımştat işә götürdü. Gün o gün, hәlә dә orda çalışıram. Arif müәllim tamam başqa tәbiәtli adamdı.
Oğul, ümumiyyәtlә, Mir Cәlal müәllim vә oğlu Arif müәllimin qayğısı, diqqәti ömrüm boyu mәni müşayiәt edib. Bu ailә mәnә tәk ürәklәrindә yox, talelәrindә, evlәrindә dә yer veriblәr. Ən әsası, hәyatda yer verib. Mir Cәlal müәllim hәm dә mәnim elmi rәhbәrim olub. Elmi işimin mövzusu “Azәrbaycan- Ukrayna elmi әlaqәlәri” idi. Mir Cәlal müәllimgildәydik, gecә saat bir, hamı yatıb. Mir Cәlal müәllim dedi, oxu görüm nә yazmısan. Püstә xanım da yanı- mızdaydı. Demәli, elmi işdә bir mәqam varıydı, İvan Frankonun bir qәzәlini tәhlil edirdim, paralel olaraq Molla Vәli Vida- dinin qәzәllәri ilә paralellәşdirirdim. Mir Cәlal müәllim Püstә xanıma qayıtdı ki, görürsәn, xam torpaqdı. Düz bir il sәkkiz aya müdafiә elәdim. Bu kişi mәnim üçün peyğәmbәr idi.
– Bildiyim qәdәriylә, 1997-ci ildәn Aviasiya Akademiyasında çalışırsınız. Hәr dәfә bu haqda düşünәndә gözlәrimin önündә xәyalı göylәrdә gәzәn şair vә göylәri tәyyarә qanadlarında fәth etmәyә hazırlaşan tәlәbәlәr canlanır... Bu xәyali sualın gerçәk cavabını soruşsam?..
– Çox poetik sual oldu, oğul... Əslindә, özü yerdә olan şairin xәyalının göydә olması sual doğurur vә mübahisә predmeti ola bilәr. Mәnә qalsa, şair xәyalı elә yerdә olsa, yaxşıdı. Şair xәyalı göydә yox, yerdәolmalıdı, cәmiyyәtin yanında, insanların arasında. Şair cәmiyyәtin әn qabaqcıl övladıdı. Mәn elә bilirәm ki, şair xәyalı heç vaxt göylәrdә olmayıb. Mәn inanmıram ki, Puşkinin xәyalı göylәrdә olsun. Allah rәhmәt elәsin, “Yenә göylәrdәdi şair xәyalın...”- deyәn Sәmәd Vurğunu yerdә yaxaladılar. Hüseyn Cavid “Yerә enmәm dә, sәma şairiyәm” deyәndә dә, mәncә, bildiyimiz xәyaldan danışmırdı. Cәmiyyәtin çirkablarından arınmaq istәdiyini nәzәrdә tuturdu.
Hәlә tәlәbәlәr şair xәyalıyla, tәlәblәriylәayaqlaşmaqda bir az çәtinlik çәkirlәr. Sözsüz, gәlәcәkdә hansısa mәqamda, bәlkә dә, hәr şey dәyişәcәk. Belә demәk mümkünsә, tәlәbәlәrin dünyagörü şair xәyalına cavab verә bilmir. Gәnclik maraqlıdı, söz yox. Ancaq çalışmaq, tәdqiqat aparmaqda azacıq tәnbәllik edirlәr.
– Otağa girәn kimi divardan asılmış, Nazim Hikmәtin dә olduğu şәkil diqqәtimi çәkdi. O fotonun tarixçәsini bilirәm, әslindә, o haqda danışmaq istәmirәm. Şairin sevdiyim bir misrasını sual olaraq sizә ünvanlamaq istәyirәm. O misra belәdi: “Nәdәn sancılar әskik olmaz insan ürәyindәn?”
– Əgәr insansansa, ürәyindәn sancılar әskik olmaz. Sancılar ürәk sahibinin insanlığına dәlalәt edir. Deyirlәr, insanlar iki cür olur: bir döldәn doğulanlar var, bir dә ruhdan doğulanlar. Böyük әksәriyyәt döldәn doğulur, böyük şәxsiyyәtlәr isә ruhdan. Ruhsuz vә ürәksiz insan bitki kimi bir şeydi. Mәnim nәzәrimdә Sәmәd Vurğun da, Nazim Hikmәt dә ruhdan doğulanlardan idi. Onlar tәkcә dövrün deyil, hәm dәәsrin şairlәri idi. Nazim Hikmәtlә çox yaxın dostluğumuz olub. Onun dәfnindә belә iştirak etmişәm. Hәr yadıma düşәndә kәdәrlәnirәm ki, Nazimin dәfnindә oğlu iştirak etmәdi. Nazim Hikmәt dünya gözәli idi. Dünyanın әn gözәl dә ürәyinә sahib idi. Elә o gözәl ürәyi dә onu bu gözәl dünyadan ayırdı...
“Ədəbiyyat və incəsənət”
(13.09.2024)
Qədim Misir və Yunan xalqlarının əfsanəvi təfəkkürü
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Qədim Misir və Yunan əfsanələri bəşər tarixində ən qədim və ən zəngin mifoloji irslərdən sayılır. Hər iki mədəniyyət öz tanrıları, qəhrəmanları və yaradılış hekayələri ilə bir çox əfsanəvi izlər buraxmışdır.
Qədim Misir Əfsanələri
Qədim Misir mədəniyyəti, Nil çayı ilə bağlı olan həyat, ölüm və yenidən doğuluş konsepsiyalarına əsaslanan kompleks bir dinə sahib idi. Onların əfsanələri və mifləri ,əsasən, tanrılar, faraonlar və ölüm dünyası ətrafında qurulmuşdu.
1. Osiris və İsis Əfsanəsi
Bu əfsanə Misirin ən vacib hekayələrindən biridir və həyat, ölüm və yenidən doğuluş mövzularını əks etdirir. Osiris-Misir tanrılarının ən məşhur simalarından biri və dünyanın ilk padşahı idi. O, insanlara aqrar sənəti öyrətmiş, ədalətli hökmranlıq etmişdi. Lakin Osirisin qardaşı Set ona qısqanırdı və taxtı ələ keçirmək üçün Osirisi öldürüb bədənini parçalayır. Osirisin həyat yoldaşı İsis bütün parçaları bir yerə toplayaraq onu yenidən həyata qaytarır. Bu əfsanə Nil çayının hər il daşması və torpaqların yenidən məhsuldar hala gəlməsinin simvolik bir izahıdır. Eyni zamanda bu əfsanə Misirlilərin ölüm sonrası həyata inamını formalaşdırmışdı.
2. Ra və Günəş Tanrısı
Ra- Qədim Misirdə ən güclü tanrı sayılırdı və Günəşin simvolu idi. Misirlilər inanırdılar ki, Ra hər gün səhər öz qayığı ilə səmada səyahət edir, gün batanda isə yeraltı dünyaya düşüb orada hər gecə qaranlıq qüvvələrə qarşı mübarizə aparır. Ra-nın bu səyahəti həyatın və zamanın sonsuz dövrünü simvolizə edirdi. Misir tanrıları içində Ra-nın rolu digər tanrılardan üstün idi və o, əksər əfsanələrdə müxtəlif rollarla yer alırdı.
Qədim Yunan Əfsanələri
Yunan əfsanələri isə insan xarakterlərini və onların tanrılarla olan əlaqələrini əks etdirən daha antopomorfist (insanlaşdırılmış) xarakterə malik idi. Yunan mifologiyası tanrıların və qəhrəmanların hekayələri ilə zəngin, çoxsaylı epik macəraları və faciələri əhatə edir.
1. Zevs və Olimpiya Tanrıları
Zevs- Yunan tanrılarının ən güclüsü, göy və ildırım tanrısı idi. O digər tanrılarla birlikdə Olimpiya dağında yaşayırdı. Zevsin qardaşları Hades və Poseydon idi; Hades yeraltı dünyasının, Poseydon isə dənizlərin hökmdarı idi. Zevsin çox sayda uşağı vardı, onlardan bəziləri tanrı, bəziləri isə yarı-tanrı qəhrəmanlardır. Məsələn, məşhur Herakl (Herkules) Zevsin oğullarından biridir.
2. Prometeyin İnsanlara Od Verməsi
Prometey- insanlara mərhəmət göstərərək onlara od bəxş edən titandır. Bu əfsanə Yunan mifologiyasında insanlığa bilik və texnologiyanın gətirilməsini təmsil edir. Prometey Zevsin qəzəbinə tuş gəlir, çünki Zevs insanların belə bir gücə sahib olmasını istəmirdi. Nəticədə, Prometey cəzalandırılır və dağa zəncirlənir. Hər gün bir qartal onun qaraciyərini didir, gecə isə qaraciyəri yenidən bərpa olunur. Bu əzablar Heraklın Prometeyi xilas etməsinə qədər davam edir. Əfsanə insanın azadlığı və iradəsi uğrunda çəkdiyi əzabları simvolizə edir.
3. İkar və Dedal Əfsanəsi
Bu əfsanə insanın hüdudlarını bilməməsi və bunun nəticəsində cəzalandırılmasını təsvir edir. Dedal- hiyləgər və bacarıqlı bir sənətkar idi, oğlu İkar ilə birlikdə Krit adasında kral Minosun tələsinə düşür. Dedal özünün və oğlunun qaçışı üçün qanadlar düzəldir və onları mumla birləşdirir. Dedal oğlu İkara günəşə çox yaxın uçmamasını tapşırır, çünki mum əriyəcək. Lakin İkar atasının xəbərdarlıqlarına məhəl qoymur və yüksəldikcə yüksəlir, nəticədə mum əriyir, qanadları dağılır və İkar dənizə düşərək həlak olur. Bu əfsanə insanın həddindən artıq ambisiyalarının nəticələrini təsvir edir.
Bu əfsanələr qədim dünyada insanların həyat və kainat haqqında düşüncələrini, mənəvi dünyalarını və tanrılarla olan münasibətlərini əks etdirir. Həm Misir, həm də Yunan əfsanələri insanlıq tarixi və mədəniyyətində dərin izlər buraxaraq sonrakı dövrlərdə bədii və fəlsəfi fikirlər üçün zəngin mənbələr olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(13.09.2024)
Gözəllik nədir? - BİLİN VƏ AGAH OLUN!
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
Gözəllik geniş anlayışdır. Həm canlılara, həm də cansızlara aiddir. Gözəl insan, təbiət, səma, heyvan, əşya və s. ola bilər. Gözəllik - gördüyünə valeh olmaqdır .
İslam dininə görə gözəllik anlayışı necə şərh olunur?
Allah Təala Quranda insanın inkişaf mərhəllərini bəyan edərək buyurur:
"Həqiqətən, Biz insanı (n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik)". ( "Tin" 4).
Biz buradan gözəlliyin həm cisimdə, həm ruhda olduğunu görürük. Həmçinin ruhda var olan düşüncənin də gözəlliyini görürük.
İnsanın gözəlliklərindən biri budur ki, onun kamala çatmaq qabiliyyəti vardır və cismi sadəcə zahiri gözəlliklərlə bitmir. Onda mənəvi gözəlliklər də mövcuddur ki, onları üzə çıxartmaq lazımdır. Deməli , gözəlliyin bir forması da mənəvi gözəllikdir. Mənəvi gözəllik isə şəxsin şəxsi mənəviyyatının gözəlliyidir.
İmam Sadiq (ə) buyurur: “Gözəl geyinin və bəzənin, çünki Allah gözəldir və gözəlliyi sevir, amma əmin olun ki, bunlar halal olsun”.
Bəs fəlsəfəyə görə gözəllik nədir?
Gözəllik gözəl qadın sensasiyasının ideal formasıdır. Müvafiq olaraq, gözəllik hisslərdən kənarda mövcud olan və fərdi gözəllik hisslərini formalaşdıran bir fikirdir. Plotinə görə gözəllik ilahi zəkanın dünyada əks olunmasıdır. Aristotel deyir: “Gözəl olan, öz xeyrinə arzu olunandır”. Üstəlik, onun fikrincə, gözəlliyə riyazi nisbət kimi baxılır, gözəl olan şey başa düşülməlidir və bu, nisbət və ölçü ilə bağlıdır .
Gözəlliyə diqqət yetirən fəlsəfə intizamı estetika adlanır. Estetika nəyin gözəl olduğu, gözəllik mühakiməsinin hansı meyarlara əsaslandığı, ortaq estetik mühakimələrin ola biləcəyi kimi suallar daxildir.
Gözəllik öz-özünə yaranmır, onu insanlar üzə çıxarır. Əgər Lin Tanq (Səhləb Köşkü), onun təmiz çayı və zərif qamışları -Van Xizh (303-361) tərəfindən təsvir edilməsəydi, onlar heç kimin fərqinə varmadan boş dağların arxasında yoxa çıxacaqdılar”.
-Liu Zonqyuan (773-819)
İnsan gözdür, o biri tərəf dəri və ətdən başqa bir şey deyil. İnsanın dəyəri onun gözünün gördüyüdür.- Mövlana
Hər kəs görməsə də, hər şeydə bir gözəllik var .- Konfutsi
Gözəlliyi görmək qabiliyyətini itirməyən heç vaxt qocalmaz. -Frans Kafka
Bəs ədəbiyyatda gözəllik nədir?
Ədəbiyyatda gözəllik anlayışı genişdir. Ən çox bənzətmələrdə gözəlliyə yer verilir.
Üz yanında tökülübdür tel nazik,
Sinə meydan, zülf pərişan, bel nazik,
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!
(“Pəri” - Molla Pənah Vaqif)
Burada isə Qadının üz və bədən gözəlliyi şərh edilmişdir . Həmçinin bənzətmələrlə gözəllik ünsürləri vurğulanmışdır.
Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim...
("Rəssam" - Mikayıl Müşfiq)
Bu şeirdə Müşfiq sevgilisinin gözəlliyini şərh edir . Gör nə gözəldir yarının nazını çəkmək...
Gözəlsiz bir gülşən zindana bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.
(“Mənim tanrım” - Hüseyn Cavid)
Gözəlsiz həyatı Hüseyn Cavid belə şərh etmişdir.
Heç kimin sevgilisi çirkin deyildir. Leyli və Məcnun sevgisi dillərə dastandır amma nə Leyli dünya gözəlidir, nə də Məcnun yaraşıqlıdır.
Ən yaxşı gözəllik ədəb və bilgi gözəlliyidir.
“Ədəbiyyat və incəsənət”
(13.09.2024)
“QƏLPƏ” - Tural Cəfərlinin hekayəsi
“Ədəbiyyat və incəsənət” portal Tural Cəfərlinin “Qəlpə” adlı hekayəsini təqdim edir.
Həkim Güləliyevin üzündə donub qalan təbəssümün ağrıya çevrilməsindən bir az ötmüşdü. Cərahiyyə masasındakı əsgərin sol qolunu qəlpələrdən təmizlədikcə damarları soxulcan kimi tərpənir, təzədən yerinə qayıdırdı. Yarım saat bundan qabaq palataya köçürülən polkovnik Paşayevin yaxınları üstündən barıt qoxusu hələ getməyən zabiti görüb sakitləşdilər.
Xəstəxana dəhlizində labirtinə düşən qohumlar, boz dəsmalla gözünü silən qocalar, əlində telefon qurdalanan cavanlar olub-bitənlərdən hələ xəbərsiz idilər.
Əsgər Ağayevin ürəyi kəfkirli saat kimi işləsə də, əzaları sanki ətçəkən maşınından keçmişdi... Qara xəbərlərin içində ağ xalatlıların hər gəlişi bir dünyanın varlığı və ya yoxluğu haqqında məlumat demək idi.
- Cek London, Drayzer, Tven...- Əsgər Ağayevin xırıltılı səsi palatada sükutu pozdu. Ağrıdan dodaqlarını gəmirən Ağayev tavanda hörümçək toruna gözünü zilləyib sayıqlamağa başladı.
- Su, su, su verin... Ağayevin səhra çölünə dönən dili ağzında qurumuşdu.
Tibb bacısı dəmir stəkanda suyu Ağayevə uzatdı. Bir qurtum su içib, dayandı. Ətrafa göz gəzdirdi. Hər tərəf ağ pambıq kimi görünürdü...
Ağayev filologiya fakültəsini keçən il bitirmişdi. Magistraturaya qəbul olsa da, maddi çətinliklərdən dolayı təhsilini davam etdirə bilməmişdi. Beləliklə hərbi xidmət və taleyinə yazılan qanlı müharibə...
Əsgər yoldaşlarını soyadlarına görə yox, sevdiyi yazıçıların adları ilə çağırardı. Məsələn, əsgər Məmmədova Mark Tven, əsgər Dadaşova Drayzer, əsgər Cəfərova Cek London deyə müraciət edirdi. Bunu bölük komandiri kapitan İsayev də sezmişdi. Belə müraciət xoşuna gəlsə də, əsgər Ağayevə bunu ümumi vəziyyət üçün qadağan etmişdi...
Bir dəfə hərbi hissəyə yoxlama gəldi. Əsgər Ağayev yaraşıqlı, qamətli olduğu üçün həmişə ön cərgədə dururdu. Yoxlama rəisi polkovnik Paşayev qəfil Ağayevə yaxınlaşıb soruşdu:
-Əsgər, kitab oxuyursan?
-Bəli, cənab polkovnik- əsgər Ağayev özünü itirmədi.
-Kimləri oxuyursan?
-Əsasən klassikləri. Tolstoyu, Drayzeri, Çexovu... Ağayev başını daha da dikəltdi.
Polkovnik bığaltı gülümsəyib, razılıq əlaməti olaraq əlini Ağayevin çiyninə vuraraq onu təbrik etdi. Bu hadisə bütün alaya yayıldı. Hərbi hissənin kitabxanasını əsgər Ağayevə tapşırdılar. Deyilənə görə bunu şəxsən polkovnik Paşayev əmr etmişdi...
***
27 sentyabr... Səhər “Qalx” komandası bu dəfə daha həyəcanlı və vahiməli səsləndi. Alay döyüş hazırlığı vəziyyətinə gətirildi. Əsgər Ağayev kitabxanaya baş çəkib dərhal geri qayıtdı. Əlində Tolstoyun kitabını görən kapitan İsayev əsəbləşdi:
-Ağayev, kitab oxumağa getmirik. Silahını götür, kaskanı da unutma!
Əsgər Ağayevin qaşları çatıldı. Cəld yaxasını açıb, kitabı sinəsinə qoydu. Silahını götürüb, dəmir kaskanı başına keçirdi.
-İrəli, addımla marş!-Kapitan İsayev var gücü ilə bağırdı. Səsinin vahiməsi müharibənin sərt üzündən xəbər verirdi...
- "Birinci” mən "Şahinəm” necə başa düşdün qəbul....
-....................
- Birinci, birinci!!!
-Birinci qəbulda!
-Biz kəndi aldıq, kənd bizdədi.... Necə başa düşdün qəbul!
-........
***
Xəstəxana həyətində skamyanın yanında bardaş qurub oturan yaşlı kişinin görüntüsü ətrafa vecsiz bir görüntü saçırdı. Pencəyinin yaxası qədimi orden və medallarla dolu idi. Elə bil üstündə dəmirdən çiçəklər açmışdı... Heç kim ona fikir vermir, yanından yel kimi ötüb keçir, bu vecsizliyin fərqinə varmırdılar.
Əsgər Ağayevin yaxınları əllərini boş ciblərinə salıb çıxarır, baxışlarında közərən ümidlərini dən kimi ətrafa səpirdilər. Palatada zarıltı səsləri artırdı, əl-ayağa dolaşan xadimələr acığını pol dəsmalını döşəməni bərk-bərk silməklə çıxmağa çalışırdı...
***
-Aaa, işə bax, Mark Tven topa güllə qoyandı. Hələ Drayzerə bax, snayperçidi. Əsgər Ağayev dəli kimi gülməyə başladı. Kapitan İsayev bunu görüb Ağayevə tərəf qaçdı.
-Özünə gəl, Ağayev, pusquya düşmüşük. Cəld ol!!!-Ağayev özünə gəldi. Tez silahını götürüb irəli atıldı.
Mark Tvenin ayağını qoparan qəlpə əsgər Ağayevin qoluna girmişdi. Ağayev qolundan həmin qəlpənin bir hissəsini çıxarıb cibinə qoymuşdu. Bundan sonra qanaxması dayanmadı. Sanitarın üzündəki dəhşət ifadəsi buza dönmüş dağ kimi böyüməyə başladı…
Aytacın telefonuna gələn sonuncu mesajdan sonra halı xarab olmuşdu. Kirpiklərinə şeh düşmüş, ala gözləri dan yeri kimi qızarmışdı. O nişanlısının yaralı bədəninə toxunduqca titrəyir, aya bənzər bənizi qəmin xəzanında saralırdı. Hərbi xidmətinin bitməsinə cəmi bir ay qalmışdı. Cəmi otuz gün. Otuz gecə. Həsrətin, ayrılığın bitməyən otuz təqvim günü- sanki sonsuzluq kimi görünürdü.
İndi isə o nişanlısının soyuq bədəninə duyğularını, hisslərini, sevgisini ötürmək istəyir, sızıldayan ağrılarına məlhəm olmağa çalışırdı...
Palata on səkkiz... Tibb bacısının üzünə qonan kədərin bir adı var: “Ölüm”... Bu adı heç kim eşitmək istəmir, xəbəri özündən uzaqlaşdırmaq üçün var-gəl edir, addımlarının sayını çoxaldırdı .
Cərahiyyə otağından qara bulud kimi dolan baş həkimin ağ xalatında ağ nöqtələr güclə sezilirdi. Həmin gün baş həkim Abbasov rəsm emalatxanasından çıxan rəssam kimi üstü al-qırmızı rəngə boyanmışdı, soyuq tərin içində buza dönən üzünü hamıdan gizlətməyə çalışırdı...
***
Əsgər Ağayevin nişanlısı Aytacın söyüd salxımı kimi çiyninə düşən saçları bir ayın içində ağardı. Əlində Ağayevin cibindən çıxan qəlpəni saxlayır, onunla yatıb, onunla durur, hamıya qəlpənin tarixçəsindən danışırdı. Bir ara qohum-əqrəba qəlpəni gizlətmək istədi, ancaq Aytac qəlpəni qoynuna basıb bütün varlığı ilə onu özündə saxlayırdı…
Həkimlərin bütün səylərinə baxmayaraq əsgər Ağayevin Vətən eşqi ilə döyünən ürəyinin döyüntüsü kilidə düşdü. Nə Aytacın büllür kimi göz yaşları, nə də yaxınların duaları kömək olmadı. Dəfn günü güclü qar yağdı. Hər yan ağ pambıq kimi idi… Aytacın göz yaşları kirpiklərində buzlayıb, donmuş şəlaləni xatırladırdı…
***
"Bir azdan öləcəm. Lap az vaxtım qalıb... Kimə nə deyim, kimi çağırım bu son anımda?” Dəftərin axırıncı vərəqindəki yazı bu sualla başlayır…
Mərmi yağış kimi yağırdı. Birdən uzaqdan ayağı qucağında uzanan Mark Tven göründü, arxasında sağ qoluna sarı uzanan Drayzer də orda idi… Cek London üzü səmaya sarı gülümsəyirdi. Sanki buludları izləyir, nəsə xəyal edirdi…
Bitdi… Post bizdədi. Qələbə! Eşidirsən Drayzer, eşidirsən Mark, eşidirsən Cek London? Eşidirsiz? Post bizdədi… Qə-lə-bə…!!!
“Ədəbiyyat və incəsənət”
(13.09.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Əhməd Purhəsənin “Birinci sual” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Əhərdə yaşayıb yaradan Əhməd Purhəsənin şeirlərini təqdim edir.
Əbasət Purhəsən
Əhər
BİRİNCİ SUAL
Ölümlər şirindi, ölümlər acı,
Yoxsulluq ölümün biridi bəlkə.
Biz hələ dünyadan nə bilirik ki,
O qız, o oğlanın əridi bəlkə?!
Ağaclar köynəyin dəyişir nədən?
Küçədən, küçəyə min sualım var.
Yadımda babamın nağıllarında,
Bir nağıl deyirdi: “Axtaran tapar.”
Axtardım, tapdığım bu gün sən oldun,
Ah qundaq, sənin də dərdin çox imiş.
Inqıltı səsinə analar gəldi,
Heç elə bil sənin anan yox imiş!..
Gözlərimdə yollar, içimdə dağlar,
Səni evlərinə kimlər aparar?
Atalı, analı yetim qundağın,
Bələyin kim açar, başın kim dadar?
Günəş də küsürdü dağın dalından,
Quşlar da göylərdən yığışırdılar.
Sızıltı səsinə can-can deyənlər,
Sadağa tullayıb soruşurdular.
Sən qucağımdaydın, mən oturmuşdum,
Kiçik əllərini üzümə çəkdin.
Dilənçi deyildik, biz qərib idik,
Beynimdə nə varsa gözümə tökdün.
Yolun qırağına kim qoyub səni,
Bəlkə də yenidən Həvva doğubdur!
Bizi göydən yerə gətdiyi kimi,
Səni də cənnətdən yerə qovubdu.
Biz hələ dünyadan nə bilirik ki,
Bir uşaq qolumda, ana olmuşam.
Atası kim ola, anası kimdi?
Birinci sualda hələ qalmışam...
“Ədəbiyyat və incəsənət”
(13.09.2024)