“Ətrafımda o qədər gözəl insanlar var ki…” -MÜSAHİBƏ Featured

Gülnarə Nasirin Habil Yaşarla söhbəti, “Ədəbiyyat və incəsənət” portalı üçün

 

İlk sualım “Yeddinci ayın yeddisi” adlı ilk romanınızla bağlıdır. Dünyaya gəldiyiniz gündən bu günə qədər say etirbarı ilə neçə dənə “Yeddinci ayın yeddisi”ni yaşamısınız?

 

Maraqlı suallarınız üçün təşəkkür edirəm, Gülnarə xanım.  “Yeddinci ayın yeddisi” adlı ilk kitabıma zamanla bağlı sualınız isə olduqca duyğulandırdı. “Yeddinci ayın yeddisi”ni 41 dəfə yaşamışam. 

 

“Yeddi ay, yeddi gün” geriyə boylansanız ümumiyyətlə o günü hansı hiss, hansı duyğularla xatırlayırsınız və ya “Yeddi ay, yeddi gün” irəli getsəniz hansı planlarınız var?

 

Yeddi ay, yeddi gün geriyə qayıtsam fevral ayına, doğum günümə təsadüf edir. Bu ay mənim üçün həm sevinc, həm də kədər bəxş eləməkdədir. Çünki, məhz doğum günümdə “Xocalı Soyqırmı” baş vermişdir. 9 yaşımdan etibarən doğum günümü qeyd eləmirəm. 2024-cü ilin fevralında isə bir sıra uğurlara imza atdığımı deyə bilərəm. Keçmiş hər zaman dəyərlidir. Çünki, bizi biz edən yaşadıqlarımızdır…

Yeddi ay, yeddi gün irəlidə nələrin baş verəcəyini təbii ki, zaman deyəcək. Amma öz planlarım da vardır və bunların gerçəkləşməsi üçün çalışmaqdayam. İnşallah, hər birimiz üçün hər şeyin gözəl olması diləyiylə…

 

Ətrafınızda Sezar xarakterli təkəbbürlü insanlar olubmu? 

 

8 milyarda yaxın insan varsa, demək ki, müxtəlif xarakterli insanlar da çox olacaq. Ətrafımda o qədər gözəl insanlar var ki… Hər zaman mənimlə olduqları üçün özümü çox xoşbəxt sanıram. Amma ağ olduğu kimi qara da mütləq olmalıdır. Və əslində bizi güclü edən amillərdən biri də məhz neqativliklərdir. Sevmədiyim bir çox xarakterlər vardır. Xüsusən təkəbbürlü insanları heç xoşlamıram. Çox təəssüf ki, digərləri kimi mənim də qarşıma belə insanlar az çıxmamışdır. İstər dost bildiklərimiz olsun, istər iş həyatımızda olsun, belələri mütləq olacaqdır. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vicdanlarını itirmişlər daima yaddaşlarımızda pis biri olaraq qalacaqlardır. Volterin çox gözəl sözü vardır: “Tanrım, məni dostlarımdan qoru, özümü düşmənlərimdən qoruyaram”. Tanrım bizi xainlərdən qorusun, Amin!

İnsan hər nə qədər yüksəlirsə yüksəlsin, bir o qədər də təvazökar olmalı, ətrafındakıları dəyərləndirməyi bacarmalıdır. Təkəbbür insanı məhv edən səbəblərdən biridir.

Əsərlərimi yazarkən gerçək həyatdan hər hansı bir insanı obraz olaraq istifadə eləmirəm. Demək olar ki, yazılarımda belə obrazlar yoxdur. Amma, şübhəsiz ki, bəzi obrazlarım gerçək həyatdakı insanları özündə əks etdirir. Məsələn “Yeddinci ayın yeddisi” romanımdakı Fərid obrazı təkəbbürlü insanları xarakterizə edir. Çox təəssüflər ki,  Aytəkin kimi qurbanların sayı günümüzdə daha da çoxalmaqdadır. 

 

Siz özünüzü hansı dünyanın adamı hiss edirsiniz?

 

Dahi şairimiz Hüseyn Cavid əfəndi deyirdi:

Mən fəqət hüsni-xuda şairiyəm,

Yerə enməm də səma şairiyəm.

Anam Nabat xanım tez-tez mənə  “bir yerə düş, ətrafına göz gəzdir” deməkdədir. Cismim bu dünyaya məxsus ola bilər, amma ruhum daima bəlkə də heç zaman dərk edə bilməyəcəyimiz başqa bir dünyaya məxsusdur. Fəqət bütün bunlarla yanaşı zahidanə həyat yaşamağın da qəti tərəfdarı deyiləm. Hər kəs kimi gəzir, dolanır, bir sözlə həyatı bacardığım qədər gözəl yaşamağa çalışıram. Bir əlim göydə, bir əlim yerdədir… Amma etiraf etməliyəm ki, tərəzinin bir gözündə başqa bir dünyanın adamı olmaq daha üstün gələcək… Çünki, axtardıqlarımızın böyük bir hissəsini Ruhumuzun azadlığını, sakitliyini bu dünyada tapa bilməyəcəyik…

 

Güzgüyə baxan adamla güzgüdən baxan adam arasında çoxmu fərqmi var?

 

Güzgüdən baxan adam güzgüyə baxan adama daima öz tövsiyələrini verməkdədir. Güzgüdən baxan adam vicdanın görüntüsüdür və çox təəssüf ki, bu görüntü çoxlarına təsir eləməməkdədir. İçlərindəki bədxahlığı görmək istəməyənlər öz aləmlərində bu güzgünü sındırmaqla xilas olduqlarını düşünməkdədirlər. 

 Güzgüyə baxarkən cismimlə yanaşı ruhumu görə bilməyəcəyəmsə o güzgüyə baxmaq o qədər də əhəmiyyət daşımır…

 

Bildiyim qədəriylə rənglərə də böyük marağınız vardır. Və bunu nəzərə alaraq sizə belə bir sual vermək istərdim. Habil bəy, “Yeddinci ayın yeddisi” romanınızı əsasən hansı rəngdə hiss edirsiniz?

 

Gülnarə xanım, bu kitabı oxuyanlar çox yaxşı bilir ki, əsər faciə ilə tamamlanır. Amma unutmayaq ki, yaşanılan faciənin içərisində həm də əbədiyyət vardır. Bütün bunlara əsasən bu əsər özündə qara rəngi əks etdirsə də, qismən ağ rəngi də hiss etmək mümkündür…

 

Son olaraq, gələcək fəaliyyətiniz haqqında məlumat verə bilərsinizmi?

 

Arzular çoxdur. Planlar da vardır. Gerçəkləşməsi üçün Allaha dua edir və mübarizə aparıram. Hal-hazırda mövzu olaraq tamamilə fərqli ikinci roman üzərində çalışmaqdayam. 

 

Müsahibə üçün təşəkkür edirəm Habil bəy. 

 

Mən də sizə təşəkkür edirəm Gülnarə xanım. Var olasınız!

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.