Gözəllik nədir? - BİLİN VƏ AGAH OLUN! Featured

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”

 

Gözəllik geniş anlayışdır. Həm canlılara, həm də cansızlara aiddir. Gözəl insan, təbiət, səma, heyvan, əşya və s. ola bilər. Gözəllik - gördüyünə valeh olmaqdır .

 

İslam dininə görə gözəllik anlayışı necə şərh olunur?

Allah Təala Quranda insanın inkişaf mərhəllərini bəyan edərək buyurur:

 

"Həqiqətən, Biz insanı (n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik)". ( "Tin" 4).

  

Biz buradan gözəlliyin həm cisimdə, həm ruhda olduğunu görürük. Həmçinin ruhda var olan düşüncənin də gözəlliyini görürük. 

 

İnsanın gözəlliklərindən biri budur ki, onun kamala çatmaq qabiliyyəti vardır və cismi sadəcə zahiri gözəlliklərlə bitmir. Onda mənəvi gözəlliklər də mövcuddur ki, onları üzə çıxartmaq lazımdır. Deməli , gözəlliyin bir forması da  mənəvi gözəllikdir. Mənəvi gözəllik isə şəxsin şəxsi mənəviyyatının gözəlliyidir.

 

İmam Sadiq (ə) buyurur: “Gözəl geyinin və bəzənin, çünki Allah gözəldir və gözəlliyi sevir, amma əmin olun ki, bunlar halal olsun”.

 

Bəs fəlsəfəyə görə gözəllik nədir?

 

Gözəllik gözəl qadın sensasiyasının ideal formasıdır. Müvafiq olaraq, gözəllik hisslərdən kənarda mövcud olan və fərdi gözəllik hisslərini formalaşdıran bir fikirdir. Plotinə görə gözəllik ilahi zəkanın dünyada əks olunmasıdır. Aristotel deyir: “Gözəl olan, öz xeyrinə arzu olunandır”. Üstəlik, onun fikrincə, gözəlliyə riyazi nisbət kimi baxılır, gözəl olan şey başa düşülməlidir və bu, nisbət və ölçü ilə bağlıdır .

Gözəlliyə diqqət yetirən fəlsəfə intizamı estetika adlanır. Estetika nəyin gözəl olduğu, gözəllik mühakiməsinin hansı meyarlara əsaslandığı, ortaq estetik mühakimələrin ola biləcəyi kimi suallar daxildir. 

 

Gözəllik öz-özünə yaranmır, onu insanlar üzə çıxarır. Əgər Lin Tanq (Səhləb Köşkü), onun təmiz çayı və zərif qamışları -Van Xizh (303-361) tərəfindən təsvir edilməsəydi, onlar heç kimin fərqinə varmadan boş dağların arxasında yoxa çıxacaqdılar”. 

-Liu Zonqyuan (773-819)

İnsan gözdür, o biri tərəf dəri və ətdən başqa bir şey deyil. İnsanın dəyəri onun gözünün gördüyüdür.- Mövlana

Hər kəs görməsə də, hər şeydə bir gözəllik var .- Konfutsi

Gözəlliyi görmək qabiliyyətini itirməyən heç vaxt qocalmaz. -Frans Kafka

 

Bəs ədəbiyyatda gözəllik nədir? 

Ədəbiyyatda gözəllik anlayışı genişdir. Ən çox bənzətmələrdə gözəlliyə yer verilir. 

 

Üz yanında tökülübdür tel nazik,

Sinə meydan, zülf pərişan, bel nazik,

Ağız nazik, dodaq nazik, dil nazik,

Ağ əllərin əlvan hənadan, Pəri! 

(“Pəri” - Molla Pənah Vaqif)

 

Burada isə Qadının üz və bədən gözəlliyi şərh edilmişdir . Həmçinin bənzətmələrlə gözəllik ünsürləri vurğulanmışdır. 

 

Rəssam, sevgilimin rəsmini gəl çək,

Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,

Qoy onun nazını mən özüm çəkim...

("Rəssam" - Mikayıl Müşfiq)

 

Bu şeirdə Müşfiq sevgilisinin gözəlliyini şərh edir . Gör nə gözəldir yarının nazını çəkmək...

 

Gözəlsiz bir gülşən zindana bənzər,

Sevgisiz bir başda əqrəblər gəzər,

Nə görsəm, hanki bəzmə etsəm güzər,

Həp duyduğum gözəllikdir, sevgidir. 

(“Mənim tanrım” - Hüseyn Cavid) 

 

Gözəlsiz həyatı Hüseyn Cavid belə şərh etmişdir.

Heç kimin sevgilisi çirkin deyildir. Leyli və Məcnun sevgisi dillərə dastandır amma nə Leyli dünya gözəlidir, nə də Məcnun yaraşıqlıdır. 

Ən yaxşı gözəllik ədəb və bilgi gözəlliyidir.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.