Ünvanımıza gələn daha bir oxucu yaradıcılığı ilə sizləri tanış etmək qərarına gəldik. Və Əli Əlizadənin “Gəlməmişəm” adlı şeirini sizlərin diqqətinə çatdırırıq.
Gəlin oxucuların yaradıcılığına çox da tələbkar yanaşmayaq. Nəzərə alaq ki, onlar üçün yazmaq sadəcə hobbidir.
Gəlməmişəm
Yuxu getməz gözlərimə, ağlayaram sübhə qədər,
Gözlərimdən yaş yerinə axar qüssə, axar kədər.
Ruhum artıq çox qocalıb cavanlığım olub hədər,
Hədər olan cavanlığın qiymətini bilməmişəm,
Mən dünyaya yas tutmağa, qəm çəkməyə gəlməmişəm.
İşlədiyim günahlarım gecə-gündüz sıxır məni,
Xaricimdən dik göstərib daxilimdən yıxır məni,
Bilirəm ki, bu günahlar öldürəcək axır məni,
Mən ölümün belə ucuz olduğunu görməmişəm,
Mən dünyaya az yaşayıb çox ölməyə gəlməmişəm.
Mən zamanla anladım ki, budur doğru, budur gerçək,
Bəxtimin də bəxti yoxdur, üz çevirib məndən fələk.
Çün yerinə yetməyibdir nə bir arzu, nə bir dilək,
Bir diləyim yoxdur daha, mən ki, ona yetməmişəm,
Mən dünyaya varlığımı heç etməyə gəlməmişəm.
İstənilən çətinliyə tab gətirib mənim sinəm,
Tanımırsan bəlkə məni? İcazə ver deyim kiməm.
Nəsiminin beytindəki zərrə mənəm, günəş mənəm,
Mən günəşin zərrəsiyəm, içim yanır, sönməmişəm,
Mən dünyaya tez alışıb tez sönməyə gəlməmişəm.
“Ədəbiyyat və incəsənət”
(13.09.2024)