Super User
“Mədəniyyət/Culture” jurnalının yeni nömrəsi işıq üzü gördü
“Mədəniyyət/Culture” jurnalının 2021-ci ilə aid növbəti nömrəsi işıq üzü gördü. Bu elmi-metodiki, publisistik jurnalın bu nömrəsi bütövlükdə ilin möhtəşəm mədəniyyət hadisəsinə çevrilmiş "Xarıbülbül" Musiqi Festivalının Şuşada az qala üç on illikdən sonra yenidən baş tutması haqqında yazı, eləcə də bu milli özünüdərk bayramının bəzi iştirakçılarının festival və Şuşa təəssüratları ilə açılır.
İlin əvvəlindən başlayan “Mədəniyyətdən əbədiyyətə”, "Səhnədən hərb meydanına" layihələri Vətən müharibəsinin şəhid, qazi və veteranlarının cəbhə yolundan bəhs edir. Bütün bu məqalələr "Qarabağ Azərbaycandır!" rubrikasında birləşib.
“Azərbaycan Cümhuriyyəti – 103” rubrikasında Ceyhun Hacıbəylinin həyat və fəaliyyətinin indiyə qədər naməlum qalan tərəflərinə nəzər salınıb.
"Ədəbiyyat" rubrikasının oxucularını Aşıq Ələsgərin 200 illik yubileyi ilində saz-söz ustadının varislərindən biri olan Xətai Ələsgərlə geniş söhbət, görkəmli alim, Azərbaycan-özbək ədəbi əlaqələrinin ilk tədqiqatçılarından Qulamhüseyn Əliyevin Özbəkistan Respublikasında iki dildə nəşr edilən kitabı haqqında rəy və digər maraqlı məqalələr gözləyir.
“Musiqi” rubrikası görkəmli vokalçı Bülbülə həsr olunmuş məqalə və X Beynəlxalq Caz Günü ənənəsinin Azərbaycanda əks-sədası ilə səslənir.
Jurnalın “Teatr” rubrikasındakı yazı Jan Lui Barro və onun "Teatr haqqında düşüncələr"inin Azərbaycan dilinə tərcüməsinin davamıdır.
“Memarlıq” rubrikasındakı “Baş tutmayan müsahibə” korifey memarımız Mikayıl Useynovun həyatının son aylarına işıq salır. “Muzeylər” rubrikası Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə və Şəkidəki Şəkixanovların evinə həsr edilib.
Jurnalda işğaldan azad edilmiş ərazilərimizdə qurulmasına start verilmiş “Ağıllı kənd” layihəsinin gerçəkləşdirilməsi məsələlərinə də toxunulur.
Görkəmli kinooperator Rasim İsmayılovun anadan olmasından 85 il ötür
Azərbaycan kinosunun qızıl fonduna daxil olan bir çox filmlərə operator kimi quruluş verən görkəmli kinooperator, kinorejissor Rasim İsmayılov sağ olsaydı, bu gün 85 illiyini qeyd edərdi.
O, 1936-cı il iyul ayının 13-də Bakıda anadan olub, həyatını milli kinomuzun inkişafına həsr edib. “Sevil”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək” və başqa filmlər onun adı ilə bağlıdır. O, 68 illik ömrünün 46 ilini milli kinomuza xərcləyib, bu illər ərzində operator kimi 20 bədii, 10 sənədli film, rejissor və ssenari müəllifi kimi dörd “Mozalan”, iki animasiya filmi çəkib. Quruluş verdiyi son ekran əsəri 1990-cı ildə lentə alınan “Tələ” filmidir.
Rasim İsmayılov həmçinin Azərbaycan televiziyasında animasiya filmlərinin yaradıcılarından biri kimi də tanınır. 1965-ci ildə “Danışan işıqlar”, 1969-cu ildə “Qırmızılar, qaralar və başqaları” cizgi filmlərinə quruluş verib.
Görkəmli kino xadimi 1976-cı ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi” fəxri adına, 1978-ci ildə Dövlət mükafatına layiq görülüb.
Rasim İsmayılov 2004-cü il mart ayının 3-də vəfat edib.
Ruhu şad olsun!
Orxan Pamuk: “Yaşlandıqca həvəsim azalmayıb: günün eyni vaxtında yuxum gəlir, eyni ümidsizliyə düçar oluram, eyni cür sevinirəm”.
Xəbər verdiyimiz kimi, ədəbiyyatşünas, şair Ramil Əhmədin ədəbiyyat üzrə Nobel mükafatı laureatı, məşhur türk yazıçısı Orxan Pamukla tanışlığının, görüşünün detalları, eləcə də ədibin evində gerçəkləşən söhbətləri yer alan “Orxan Pamukun evində” adlı kitabı işıq üzü görüb. Kitabın bəzi hissələri mətbuatda işıqlandırılsa da kitabda daha öncə yayımlanmayan yazılar, fotolar və Pamukun yaradıcılığına aydınlıq gətirən nüanslar var. Orxan Pamuk ilk dəfə bu kitabda yarımçıq gənclik romanından, gələcəkdə “Məsumiyyət Muzeyi”nin qapalı qutularında sərgilənəcək əşyalardan, romanlarında ailəsindən gələn detallardan, evdəki “zəka terrorundan” qaçıb ədəbiyyata sığınmasından bəhs edir. Kitabda həm fiziki mənada Orxan Pamukun İstanbulda yaşadığı evindən, həm də məcazi mənada onun sözlərlə qurduğu ədəbiyyat evindən söhbət açılır.
Ramil Əhməd kitabdan bəzi hissələri “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir. Buyurun, oxuyun, böyük türk yazıçısı ilə qiyabi tanışlığınızı daha təfərrüatlı edin.
“40 NƏDİR, 400 İL DƏ ROMAN YAZARAM”
Ramil Əhməd: Bu yaxınlarda Orxan Pamuk külliyyatının ilk cildi “Atalar, analar və oğullar” yayımlandı. İlk iki və sonuncu romanınız kitabda yer alıb. Bu trilogiya fikri əvvəldən mövcud idi, yoxsa sonradan belə alındı?
Orxan Pamuk: Xeyr, bu romanlar trilogiya kimi yazılmayıb. Külliyyat təklifi “Yapı Kredi” Nəşriyyatından gəldi. Onlar “Delta” seriyasından belə bir cild hazırlamaq istəyirdilər. Bu barədə söhbət etdik. Mən daha çox mövzu-ideya uyğunluğunun tərəfdarı idim. Bu üç roman, həqiqətən də, bir ortaq nöqtədə birləşir: üç fərqli nəsli əhatə etməsi, ataların əkdiyi toxumların istədikləri şəkildə böyüməməsi və sair. Birinci nəsil radikal davranar, tənqid edər, yeni dünya qurmaq istəyər, ikinci nəsil bu dünyanı qurar, üçüncü nəsil isə artıq qurulmuş dünyanın arzu olunanın əksi olduğunu görər. Belə hekayələri sevirəm. “Cövdət bəy və oğulları”, “Səssiz ev”, “Qırmızısaçlı qadın”da bu məsələni – birinci nəslin ümidlərinin üçüncü nəsildən necə göründüyünü əks etdirmişəm.
R.Ə: İlk və son romanınız, dediyiniz kimi, üç nəsillə hesablaşır. Bu romanlar arasında təxminən otuz beş il fərq var. “Cövdət bəy və oğulları”nı yazan...
O.P: Hətta qırx!
R.Ə: Bəli, qırx... İlk romanı “Cövdət bəy və oğulları”nı yazan Orxan Pamukla onuncu romanı “Qırmızısaçlı qadın”ı yazan Orxan Pamuk arasında nə kimi fərqlər var?
O.P: Gözəl sualdır. Bu barədə danışmaq istəyirəm. Qırx ildir yazıram, amma bu uzun zaman mənə sadəcə dörd il kimi gəlir. “Cövdət bəy və oğulları”ı romanı ilə “Milliyyət Roman Mükafatı”na layiq görüldüm, amma roman yayımlanmadı. (Bu roman 1979-cu ildə “Milliyət Roman Mükafatı” alsa da 1982-ci ildə nəşr olunub. 1983-cü ildə Orxan Kamal Roman Mükafatını aldıqdan sonra ədəbiyyat dünyasında diqqət çəkib –red.). Mən də yeni roman yazmağa başladım...
R.Ə: “Səssiz ev” romanı...
O.P: Xeyr. Siyasi romana başladım, elə bu vaxt hərbi çevriliş oldu.(12 sentyabr 1980-ci il çevrilişi nəzərdə tutulur. Bioqrafiyasına baxanda Pamukun ikinci romanı “Səssiz ev”dir, ancaq ədib bu müsahibədə ilk dəfə yayımlamadığı romandan bəhs edir –red.). Təbii ki, o da hərbi çevrilişdən dolayı çap oluna bilməzdi. Yarımçıq qoydum, atdım bir küncə. Sonra “Səssiz ev”i yazmağa başladım. Yarımçıq qalan o roman “Səssiz ev”ə təsir etdi. Forma olaraq bu iki roman bir-birinə bənzəyir. Bu yaxınlarda həmin yarımçıq romanı arxivimdən tapdım və “Bunu bitirmək istəyirəm!” – dedim. Niyə deyirəm bunu? Çünki o an keçən qırx ili hiss etdim. Yücəl bəy gözləri təəccübdən böyümüş halda mətnin əvvəlinə qırx il bundan əvvəl yazıldığını qeyd elədi. Mənim üçün isə ciddi dəyişiklik yox idi, elə bil keçən həftə yazmışam. Oxuyanda o cümlələri sanki qırx il əvvəl yox, dünən yazmışam kimi gəldi, hər an üzərində işləyib bitirə bilərəm yəni. Başqası mənə iyirmi beş yaşımda “Qırx ildir, roman yazıram” desəydi, daş dövründən qalma adam kimi baxardım. Qəribə duyğudur... Qırx ildir, eyni işlə məşğulam. Qırx nədir ki, dörd yüz il də roman yazaram kimi gəlir mənə, amma bir tərəfdən də ömrün sonuna yaxınlaşırıq. Səhhətimin həmişə belə qalmayacağını, o biri tərəfə keçmək vaxtının yaxınlaşdığını hiss edirəm. Halbuki iki-üç ildə bir roman yazaraq yaşaya bilərəm kimi gəlir mənə. Kədərli olan budur....
(Səs tonundakı dəyişikliyi hiss edirəm. Sual vermirəm. Qaldığı yerdən davam etməsini gözləyirəm.)
Lütfən, sualınızı bir də təkrarlayın.
R.Ə: İlk romanını yazan Orxan Pamukla onuncu romanını yazan Orxan Pamuk arasında hansı fərqlər var?
O.P: Başladığım kimiyəm, yaşlandıqca həvəsim azalmayıb: günün eyni vaxtında yuxum gəlir, eyni ümidsizliyə düçar oluram, eyni cür sevinirəm. Bir sözlə, eyni insanam. Sadəcə yazıçı kimi daha təcrübəliyəm, “bunun üzərində işləmə, indi alınmaz, başqa fəsilə keç” deyirəm özümə. Durğunluq və uğursuzluğun yaxınlaşdığını daha tez sezə bilirəm, məni xoşbəxt edəcək səhnənin üzərində dayanmağım lazım gəldiyini də. Bir yandan mükafatlar, kitablarımın altmış dilə tərcüməsi, uğurlar mənə daha çox motivasiya verir. Uğur məni daha istəkli edir. Düşüncə cəhətdənsə bu uğurlar məni özünəqapalı, təvazökar şəxsə çevirir. Bir yandan insanlar da başqalarının uğuruna sevinmir. Əsas fərqlərdən biri romançı olaraq özümə inamımın artmasıdır. Bu qırx ildə ədib kimi özgüvənim çoxalıb. Gəncliyimdə də, indi də romanı yazmağın ən gözəl tərəfi yazmazdan əvvəl onu səhnə-səhnə beynimdə təsvir etmək idi. Hələ də bu metoddan istifadə edirəm. Uzun sözün qısası, iki Orxan arasında çox böyük fərq yoxdur. Yenə zaman-zaman ümidsizliyə qapılıram, “bu hissəni yaxşı yaza bilmədim” deyirəm, “bu gün gözəl iki səhifə yazacağam” deyib günün sonunda bir cümlə belə yaza bilməyib depresiyaya düşdüyüm günlər qırx il əvvəlki kimi hələ də olur.
“ƏDƏBİYYAT ŞAHMAT OYUNU DEYİL”
Ramil Əhməd: Orxan bəy, romanlarınızın adı rənglərlə həmahəngdir: “Bəyaz qala”, “Qara kitab”, “Başqa rənglər”, “Qırmızısaçlı qadın”, hətta “Qar” da ağ rəngi xatırladır. Bu ad seçimləri məqsədli şəkildəmi edilib? Bunun rəssamlığa olan marağınızla əlaqəsi varmı?
Orxan Pamuk: Rəngləri çox vaxt İslam simvolikası ilə əlaqələndirirlər, lakin bu, doğru dəyərləndirmə deyil. Mənim “rənglərim” İslam simvolikası ilə əlaqəli deyil. Sadəcə səthi ifadə etmək üçündür. Yəni “Mənim adım Qırmızı”dakı “qırmızı” kommunizmin, ya da “Qırmızısaçlı qadın”dakı “qırmızı” qəzəbin rəmzi deyil, sadəcə həqiqi rəngdir. Bununla əsərlərimdə simvolların, alleqoriyaların, ikinci mənaların, başqa mətnlərə göndərmələrin, qeyri-müəyyənliklərin, məna zənginliyinin olmadığını demirəm. Romanlarımdakı hər şey realizmlə də ölçülə bilməz. Burada vurğulamaq istədiyim ucuz simvolizm fəndlərindən istifadə etməməyimdir, etmərəm də. Adətən, ədəbiyyatı sevməyən, ona biganə münasibət göstərənlər özlərini altı yüz səhifəlik romanı oxuyanlardan daha ağıllı sayıb ada baxaraq nəsə “demək” istəyir. Belə şey mümkün deyil. Ədəbiyyatı anlamaq, ədibin ifadə etdiyi fikri qavramaq üçün mətnin içinə daxil olmalısan. Hər nə qədər mətndə alleqoriyanı, simvolikanı, alt mənaları, müxtəlif oyunları sevsək də, ədəbiyyat mətnin içinə sirlər yerləşdirib, oxuyucudan da o sirləri faş etməsini gözlədiyimiz şahmat oyunu deyil. Ədəbiyyatın belə fəndləri gözəldir, lakin mətndə ancaq bunlara fokuslananları anlaya bilmirəm. Onun yalnız şahmatvari tərəflərini görənlərə etirazım var.
R.Ə: Şahmatdan söz açılmışkən, iki həftə öncə Memar Sinan Universitetində keçirilən şahmat turnirində universitet çempionu oldum.
O.P: Təbrik edirəm. Bilirsiniz... Yaxşı sualınızı tamamlayın, şahmata olan marağımdan danışacağam.
R.Ə: Bir sıra romanlarınızda şahmata göndərmələr, bu oyunla bağlı bənzətmələriniz var. Hətta “Qara kitab”da Şah İsmayıl və Yavuz Səlimin şahmat oynaması ilə bağlı kiçik hekayə də yer alıb. Deyəsən, bu, şahmata olan marağınızdan qaynaqlanır. Bu barədə fikirlərinizi öyrənmək istərdim.
O.P: Cəbri sevən, mühəndis ailəsində böyümüşəm. Səkkiz yaşım olanda qardaşım mənə şahmat oynamağı öyrətdi. Şahmatla ilk tanışlığım belə başlayıb. Düzdür, o, mütəmadi olaraq şahmat fəndlərinə dair kitabları oxuyub məni məğlub edirdi. Bununla belə, mənə öyrətdikləri üçün atamdan çox ona minnətdaram. Bizim ailədə zehni oyunlara, riyazi məsəllərə rəğbət vardı. Atam Türkiyənin Briç Milli Komandasında oynayıb. Əmioğlum Murad Pamuk şahmata çox bağlıdır. Kitabxanasının çoxu şahmat kitablarıdır. Bir zamanlar Türkiyə Gənc Şahmatçılar Klubunda oynayırdı, sonradan milli komandaya keçdi və Avropadakı turnirlərdə Türkiyəni təmsil edirdi. Mən ondan bir çox şahmat hekayələri eşitmişəm. Yəni bizim ailədə cəbrə, mühəndisliyə böyük maraq var. Bəlli ki, bunun arxasında toplumda zəkayla önə çıxmaq istəyi vardı. Bilirsiniz ki, babam mühəndis idi. Əmim də bizə tez-tez riyazi suallar verərdi. Atamın cəbrlə bağlı maraqlı əhvalatı var: orta məktəbdə ikən özündən üç sinif yuxarıda oxuyan şagirdlərin cəbr məsələlərini həll edirdi. Qardaşım Amerikada keçirilən cəbr imtahanında sualların hamısına düzgün cavab verib birinci olmuşdu. Belə demək mümkünsə, zəka oyunlarına yatqınlıq genetikamda var. Bütün bunlar özündən müştəbehlik kimi səslənməsin. Əslində, bir az da bunlardan, evdəki “zəka terroru”ndan qaçıb sənətə gəldim. Baxın, ətrafım sənət kitablarıyla doludur. Özümü sənət adamı olacaq şəkildə yetişdirdim. Cəbri sevən ailədən gəlməyim yaradıcılığıma təsirsiz ötüşmədi. Məsələn, “Səssiz ev”də ikirəqəmli ədədləri bir-birinə vurub tez cavab tapan obraz var.
R.Ə: Mətin!
O.P:Bu, ailəmdən gələn detal idi.
“ZAMAN DEYİLƏN DALĞA HƏR ŞEYİ YUYUB APARAR“
R.Ə: Sosial və texnoloji yeniliklər şəxsiyyətimizə təsirsiz ötüşmür və siz bu dəyişikliyə obrazın gözündən baxırsınız. Xüsusən “Beynimdə qəribəlik” və “Qırmızısaçlı qadın” romanlarınızda bu əsaslı dəyişikliyi görürük. İstanbulun sürətlə dəyişilməsi istanbullu olaraq sizə və romanınıza necə təsir göstərir?
O.P: Bu, çox geniş məsələdir. “Beynimdə qəribəlik” romanımı yazanda İstanbuldakı göydələnlərin vəziyyətini anlamaq üçün araşdırma edirdim. Yazırdılar ki, önümüzdəki bir neçə ildə bu göydələnlərin sayı iki dəfə artacaq. İndi gördüyünüz bu binalar – əliylə eyvandan görünən bəzi tikililərə işarə edir – beş il əvvəl yoxuydu. Yaşadığım şəhər inanılmaz şəkildə dəyişir. Doğulduğum zaman şəhərin əhalisi iki milyon yarım idi (Orxan Pamuk 1952-ci ildə İstanbulda doğulub –red.), indi isə təxminən on yeddi milyondur. Mən bütün bu dəyişikliyin içindəydim, hər şeyi öz gözlərimlə görmüşəm. Bəşəriyyət tarixində belə dəyişikliyi görən çox az yazıçı var. İlk romanlarımda zəngin burjua təbəqəsindən, böyüdüyüm Nişantaşı səmtindən bəhrələndim, sonra şəhər dəyişdikcə mən də İstanbulun fərqli səmtlərindən, məhəllələrindən, yoxsul təbəqəsindən söz açmaq istədim. Dünyada adım haqlı olaraq “İstanbul yazarı” kimi çıxdıqdan sonra sanki İstanbulun hər qarışını, hər insanını təsvir etmək, sadəcə aid olduğum mühiti yox, İstanbulu bütünüylə yazmaq istədim. Bir romanım istisna bütün romanlarımda İstanbul mərkəzdə dayanır. Bütün həyatım bu şəhərdə keçdi. İstanbulda gördüklərimi hekayələşdirirəm. Mənim dünyam İstanbulun dünyasıdır. Amma bunun içində türk tarixi də var, Osmanlı tarixi də. Məsələ tarix də deyil, insanların hekayəsidir. İnsanların azadlığı, qısqanclığı, xoşbəxtliyi, gözləntiləri, əsəbi, sıxıntıları, xəyalları... bütün bunlar məni maraqlandırır.
Şəhərin bu qədər sürətlə dəyişməsinə nə deyə bilərəm ki? Həqiqət payı olsa da, “mənim o əski və gözəl İstanbulumu öldürdülər” demirəm, nostalgiyaya qapılan adam deyiləm. “Hər şey əladır” da deyə bilmirəm, hər tərəf beton binalarla doludur, bunda əla nəsə görmürəm.
Bilirsiniz, birtərəfli baxış onsuz da mövcud deyil. Həyat belədir, hansısa nəsil səhnəyə çıxar, nələrsə edər, sonra onların binalarını, şeirlərini, musiqilərini zaman deyilən dalğa yuyub aparar. Ondan sonrakı nəsil, heç səni tanımadan da daha yaxşı işlər görər, önəmsəməz heç səni. Bax, həyatın belə olduğunu görməyə başlamışam. Bunu qəbul etmək, əslində, qocalmağı, ölümü qəbul etmək kimidir...
(Son cümləsini nəzərdə tutaraq əlavə edir: “Bəlkə də, bunu bu şəkildə deməməliydim. Davam edək.”)
R.Ə: Hər insanda keçmişə sahib çıxmaq, onu xatirədə canlandırmaq meyli var. Məsələn, siz romanlarınızda bunu rəsmlərin, əşyaların, kəlmələrin timsalında əks etdirirsiniz. Bəs musiqilər sizə keçmiş barədə nəsə deyirmi?
O.P: Bəzən dostlarıma da deyirəm ki, mən “musical idiot”am. Dinləməkdən zövq alıram, amma musiqini yaratmaq, anlamaq, dəyişmək istedadım yoxdur. Düşünürəm ki, nəyinsə daxili qatına enmək üçün öncə onunla çox məşğul olmaq lazımdır. Xüsusən musiqini anlamaq üçün mütləq hansısa alətdə ifa etməyi bacarmalısan. Nitsşe deyir ki, ey tənqidçilər, tənqid etməyi bir kənara buraxıb bir dəfə də yaratmağı sınayın. Musiqini tam mənada dərk etmək üçün bu barədə çox düşünmək, ifa etmək və musiqi alətini bədəninin bir üzvünə çevirmək lazımdır. Mən musiqiyə sadəcə qulaq misafiri oldum və dərin qulaq misafiri ola bilmədim.
“DEYİRLƏR, BAKI ÇOX DƏYİŞİB”
R.Ə: 2004-cü ildə Bakıya gəlmişdiniz. Şəhər yaddaşınızda necə izlər qoydu? Bakını necə xatırlayırsınız?
O.P: Bakı yaddaşımda mehriban insanları ilə qalıb. Aradan on dörd il keçib. İndi də gəlib-gedənlərdən şəhər barədə soruşuram. Deyirlər, Bakı çox dəyişib, əvvəl daha yoxsul idi, indi isə vəziyyət düzəlib.
Mənim üçün ən maraqlı hadisə Azərbaycan Yazıçılar Birliyinin qurultayında iştirak etməyim oldu. Zala daxil oldum ki, yüzlərlə adam var və hamısı şair, yazıçı idi. Maraqlıdır ki, 2004-cü ildə yazıçılarınız məni “Nobel alacaq ilk türk” deyə təqdim edib alqışladılar. Hələ o zamanlar Nobel alacağıma dair söyləntilər yoxuydu. Mən ancaq iki il sonra o alqışların haqqını verdim (gülüşmə).
Xatırlayıram ki, yazıçılarınız kitabların az satılmasından narazılığını bildirirdilər. Sovet dövründə kitab sənayesinin daha yaxşı inkişaf etdiyindən danışırdılar. Bilmirəm, işlər indi dəyişib, ya yox. Görünür, dəyişib. Çünki tez-tez kitablarımın Bakıda çap olunma xəbəri gəlir.
Kitab satışının gəliri “Yaşat” Fonduna köçürüləcək
Xəbər verdiyimiz kimi Türkiyənin ölkəmizdəki sabiq səfiri, Azərbaycanın böyük dostu Hulusi Kılıç iyulun 10-da “Azərkitab-Kitab Mərkəzi"ndə "44 Gün Vətən Müharibəsi " kitabını ictimaiyyətə təqdim etmiş, İmza Günü keçirmişdi. İyulun 12-də bu mərasim davam etmişdir.
Qeyd edək ki, kitabın satışından əldə edilən gəlir Yaşat Fonduna ianə olunacaqdır.
Dəyərli Hulusi bəyə bu nəcib təşəbbüs üçün minnətdarlıq bildiririk.
Ssenari müsabiqəsində həkim və iqtisadçı qalib gəldilər
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin yaydığı məlumata görə ittifaqın elan etdiyi “Qarabağ Azərbaycandır” devizi ilə qısametrajlı, tammetrajlı, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri müəyyən olunub.
Belə ki, müsabiqəyə 48 ssenari təqdim olunub. Ssenari müsabiqəsinin münsiflər heyətinə Əməkdar incəsənət xadimi, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə sədrlik edib. Münsiflər heyətinin üzvləri Əməkdar incəsənət xadimi Ayaz Salayev, Əməkdar incəsənət xadimi Elxan Cəfərov, ittifaqın sədri Şəfiqə Məmmədova və Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov olub.
Təqdim edilən işlərin səviyyəsi qənaətbəxş olmadığı üçün 4 istiqamətdən 2-də - sənədli və animasiya filmi üzrə qalib elan edilməyib. Müsabiqənin tammetrajlı və qısametrajlı filmlər nominasiyalatında elan edilən qaliblərdən Nəsibli Leyla Eyvaz qızı ixtisasca həkim-pediatr, Rzayev Elnur Vahid oğlu isə iqtisadçıdır.
1. Ən yaxşı tammetrajlı film ssenarisi – “Xəzər dalğası”: Rzayev Elnur Vahid oğlu. (Mükafatı - 5000 manat)
2. Ən yaxşı qısametrajlı film ssenarisi – “Xarı bülbül”: Nəsibli Leyla Eyvaz qızı. (Mükafatı - 3000 manat)
İşğaldan azad olunan bölgələrdəki kitabxanalar üçün kitabtoplama kampaniyasına yeni qoşulanlar var
Xəbər verildiyi kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxana birgə işğaldan azad olunan bölgələrin kitabxanalar fondu üçün kitabtoplama kampaniyasına start vermişdi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Hüseyn Cavidin Ev-Muzeyi də bu kampaniyaya qoşulub.
Əlyazmalar İnstitutu 174 adda 471 nüsxə kitabı, Hüseyn Cavidin Ev-Muzeyi isə 22 adda 65 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edib.
Digər qurumların da bu nəcib təşəbbüsə qoşulmaları arzulanandır.
Kann kinofestivalı Nanni Morettini alqışlarla qarşıladı
Xəbər verdiyimiz kimi, iyulun 6-da başlayan Kann kinofestivalı iyulun 17-dək öz işini davam etdirəcək. “Ədəbiyyat və incəsənət” portalı Euronews-a Istinadən məlumat verir ki, bazar ertəsi festival iştirakçıları tərəfindən məşhur italiyalı rejissor Nanni Moretti alqışlanıb. Onun festivala gətirdiyi, hələ koronavirusdan öncə lentə aldığı "Üçmərtəbə" filmi mükafat üçün əsas namizədlərdən biri hesab edilir. Bildirək ki, Morettinin artıq bir "Qızıl palma budağı" var, onu 2001-ci ildə "Oğlunun otağı" lentinə görə alıb.
“Üçmərtəbə” filmi bir evin üç mərtəbəsində məskunlaşmış bir neçə ailənin həyatından bəhs edir. Film İsrail romançısı Eşkol Neva tərəfindən yazılmış romanın ssenarisi əsasında çəkilsə də, tənqidçilər bir səslə iddia edirlər ki, film müasir İtalyan Cəmiyyətinin reallıqlarını əks etdirir — bu, ümumiyyətlə, Avropa cəmiyyətidir və postkovidal dünyada mümkün qədər aktual olan mövzular - insanların münasibətlərindəki korroziyalar əhatə edilir. Sanki üç il öncə Moretti bu günü görürmüş.
Moretti özü bildirir ki, film xüsusi olaraq Kann festivalı üçün çəkilibdir və yenilik hüququ üçün böyük pul təklif edən striming platformalarından imtina edilib.
Təbii ki, Moretti Kannda çox xoşbəxt görünürdü. Həm filminin yüksək təqdimatına görə, həm də futbol üzrə İtaliya yığmasının “Uembli” stadionunda Avropa çempionu olaraq tarix yazmasına görə.
Şokolad günü, Kəmaləddin Heydərov və 2600 adda ilan
11-20 iyulun təqvimi Varisin təqdimatında
11 iyul, Ümumdünya Şokolad Günü
World Chocolate Day elə-belə gün deyil a, nəzərə alın ki, dünyanın bir çox problemsiz, şən, xoşbəxt xalqları – o xalqları ki, kreditlər, kommunal xərclər, qiymətlərin bahalaşması boyunduruğu altında inləmirlər, onu əməlli-başlı qeyd edirlər.
Lap qədimlərdə kakao-bob mənşəli şokolad ərzağı maye halında imiş, içki kimi istifadə olunurmuş. Onun aktiv istifadəsinin ilk izlərini arxeoloqlar eramızdan əvvəlin 19-cu əsrinə aid edirlər. Özü də bu izlər Meksikada aşkar edilib. Belə bir inam var ki, ilk bərk şokolad istehlakı da Şimali Amerikaya məxsusdur, tarixi isə Mayya dövrünə, eramızdan əvvəl 480-ci illərə təsadüf edir. Onun qalıqlarını Qvatemala ərazisi sularında batmış gəmidən tapıblar. Bəs Avropaya şokolad nə vaxt gətirilib? Yalnız eramızın 16-cı əsrində. Özü də Amerikadan onu Xristofor Kolumb gətirib.
Şokoladın adına bayram təşkil etməyin kökü isə Fransadan gəlir. 1995-ci ildə fransızlar bu təşəbbüsdə bulunaraq estafeti digər Avropa ölkələrinə, ordan da dünyaya ötürüblər. Şokolad günündə müxtəlif sərgilər, müsabiqələr, dequstasiya turları təşkil edilir, şokoladın faydaları barədə təbliğat aparılır. Bu faydalar isə “n” qədərdir. Tünd şokolad endorfin ifrazını təmin edir, endorfinsə xoşbəxtlik hormonlarıdır, hamımızın ehtiyac duyduğumuz nəsnədir. Şokolad xərçəng əleyhinə, qocalma əleyhinə də keyfiyyətlərə malikdir.
Düzdür, biz azərbaycanlılar yerli istehsalda keyfiyyətli şokolad tapa bilmərik, bizim şokolad bilgimiz qutusunda Nazpərinin şəkli olan içi qurdlu zatlardır, amma “Bravo”lara nə gəlib, gedin, məhz bu gün Belçikanın, Fransanın, Almaniyanın bahalı və həzzverici şokoladlarından alıb da feyziyab olun. Sonrakı bir həftəni pul xərcləməyib maddi ziyanınızı qarşılaya bilərsiniz, əlbəttə.
12 iyul, Kiribatinin Müstəqilliyi Günü
Təqvimin bu ongünlüyündə dövlət bayramı olan ölkələr bir neçədir, Sant-Tome və Prinsipi var, Monteneqro var, amma mən Kiribitini seçdim, ondan danışacağam. Kiribiti Respublikası – Sakit okeanda – Mikroneziya və Polineziyada yerləşən, 20-si naməlum olan 33 adadan ibarətdir. 1788-ci ildə britaniyalı dəniz kapitanı Gilbert bu adaları görüb, dərhal öz başdaduranlarına xəbər verib, onlar da gəlib buranı Briytaniya ərazisi elan edərək bayraqlarını sancıblar. Yerli aborogen əhali balıq, dəniz canlıları ovlayıb yaşayırmış, adalarda heyvan yoxuymuş, gəlmələr özləriylə ev heyvanları – donuzlar, itlər gətiriblər, həyatı canlandırıblar. Müstəqilliyi isə kiribatililər onlara donuzgətirənlərdən 1979-cu ilin bugünkü günü qopara biliblər.
Hazırda Kiribatidə 105 min insan yaşayır. Ölkənin padşahı bayram gününün bir həftə davam etməsini təmin edib, bu bir həftədə Yevangeliya günü, Milli mədəniyyət günü, Ahıl adamlar günü kimi bayramlar da keçirilərək bayram bayrama qarışır. Dəqiq bilmirəm, bu qədər bayramı birdəfəyə qeyd edən xalqın öz Bayram Nurluları da varmı, amma bu xalqın cəsurları hədsizdir. Belə cəsurlar kanoe, qayayadırmaşma, fasiləsiz rəqsetmə kimi yarışlara qatılıb ən güclüləri müəyyənləşdirirlər ki, ən güclülərə də padşah qiymətli hədiyyələr verir. Bu hədiyyələrdən biri də evlənmək iznidir.
Quru ərazisi az olan, əkinə yararlı sahələri heç olmayan bu dövlətin balıqçılıqdan başqa yeganə gəlir gətirən sahəsi adalardan birindəki fosfat yataqlarıdır, bir də nəhəng bataqlıqdan çıxan kraxmaldır. Padşah bu təbii sərvətləri xalqın ümumi sərvəti elan etməklə gözəl bir təşəbbüs ortaya qoyub.
Ölkədə yollar qısadır deyə cəmi 2070 nəqliyyat vasitəsi vardır. Bir ərəb şeyxinin avtoparkında olduğu qədər. O ki qaldı mədəniyyətə, bu adalar dövlətində nə yazıçı-şair, nə kino-teatr xadimi, nə rəssam var, yeganə mədəniyyət növü rəqslərdir. Hərbi rəqslər, cuşagətirici rəqslər, mistik rəqslər, sevgi rəqsləri, etiqad rəqsləri kimi rəqs növləri geniş yayılıb. Oyna ki oynayasan!
12 iyul, Monqolustanda Naadam yarışlarının açılışı
Təsəvvür edin ki, dünyanın ekzotikasevərləri bu gün Monqolustana yollanırlar ki, üçgünlük Naadam yarışlarını seyr etsinlər. Naadam beynəlxalq turizm marşrutlarına salınır, YUNESKO-nun bəşəriyyətin qeyri-mədəni irsi siyahısına daxil edilib. Ümumən, Monqolustan statistik dünya sakini üçün böyük maraq kəsb edir. Niyə? Ən yaxşı kaşemir parça almaq üçün, ən yaxşı kumıs içmək üçün adamlar məhz ora getməlidirlər. Təsəvvür edin ki, bu ölkədə bir adama 35 qoyun, 13 at düşür. Yəni, atlar və qoyunlar adamlardan qat-qat çoxdur.
Sevə-sevə yediyimiz dondurmanın da vətəni, əslində, Çin deyil, Monqolustandır. Vaxtı ilə qış aylarında orada süvarilər Qobi səhrasını keçəndə heyvan bağırsağına doldurulmuş qaymağı da atlarına yükləyirmişlər. Xarab olmasın deyə içinə şəkər əlavə edilmiş bu ərzaq atlar yürüdükcə çalxalanır, donurmuş. Mənzil başına çatanda monqollar indiki dondurmanı xatırladan ərzağı ləzzətlə yeyirmişlər. Çinə də dondurma məhz Monqolustandan aparılıb, 13-cü əsrdə Marko Polo da onu ordan Avropaya gətirib.
Naadam ənənəvi üçnövçülük yarışını xatırladır: güləş, oxatma, atçapma. Üçgünlük yarışlar paytaxt Ulan-Batorda təşkil edilir. Suxe Bator meydanından Çingiz xana məxsus olmuş 10 atın quyruğu 10 monqol qəbiləsi rəhbəri tərəfindən stadiona gətirilir (lap Olimpiada məşəli sayağı), beləcə də yarışlara start verilir. Bu, tək idman bayramı deyil, həm də incəsənət bayramıdır, yarışlar konsert və tamaşalarla müşayiət olunur.
Zarafat-zarafat, bəyənmədiyiniz monqollar dünya fatehi Çingiz xanın tərəmələridir, nəzərə alın.
13 iyul, mühacir rəssam Vidadı Nərimanbəyovun 95 illiyi
Vidadi Yaqub oğlu Nərimanbəyov 1926-cı il iyul ayının 13-də Fransanın Kann şəhərində anadan olub. Ailəsi ilə birlikdə Bakıya köçdükdən sonra 1943-1944-cü illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub. 1953-1956-cı illərdə V.Muxin adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində və 1957-1960-cı illərdə Tbilisi Rəssamlıq Akademiyasında sonrakı təhsilini alıb. Gənc rəssam tələbə ikən açıq səmanın, günəşin fonunda qara bulud layları təsvir edilmiş, öndə isə biri yağış, digəri quraqlıq arzulayan iki insan obrazı əks olunmuş “Düşmənin sevinci” tablosu ilə şöhrət qazanıb. 1961-ci ildən SSRİ Rəssamlar İttifaqına üzv olan rəssam 1963-cü ildə çəkdiyi “Yolda” monumental, irihəcmli tablosu ilə növbəti şöhrət çələnginə yiyələnib. Əsər hazırda R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi eksponatıdır. Nərimanbəyov tarixi hadisələri rəsmə çevirməklə yanaşı portret və natürmort janrlarında da özünü sınayıb, “Nəzifənin portreti” (1965), “Natürmort” (1969) kimi işləri bəyənilib. Yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstan, Çexiya, Bolqarıstan, Rumıniya, Almaniya, Əlcəzair, Finlandiya, İtaliya, Avstriya, Türkiyə, Hindistan, İraq kimi ölkələrdə də onun fərdi sərgisi təşkil edilib. 1992-2000-ci illərdə Fransanın Bordo, Po, Biarritz şəhərlərində “Buskayrol” (“Bouscayrol”) Qalereyasında Nərimanbəyovun fərdi sərgisi keçirilib. 20 Yanvar faciəsinə həsr etdiyi “Qatillər” tablosu isə dünyanın bütün sərgi salonlarında nümayiş etdirilib.
Görkəmli rəssamın yaradıcılığı, ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, o, 1977-ci ildə “Əməkdar rəssam”, 1982-ci ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb, 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. Vidadi Nərimanbəyov 2001-ci il dekabr ayının 13-də vəfat edib, Bakı şəhərində dəfn olunub.
14 iyul, Bastiliyanın alınması günü
Nədənsə bu tarixi gün mənə həmişə Mirzə Fətəli Axundovun 1850-cı ildə yazdığı “Müsyö Jordan və Dərviş Məstəli şah” adlı dram əsərini xatırladır. Əsərin qəhrəmanı fransız Müsyö Jordan təbiətşünasdır, Qarabağın florasını öyrənmək üçün Azərbaycana gəlir. Yerli Hətəmxan ağanın evində yaşayır. Ağanın qardaşı oğlu, qızı Şərafnisin də nişanlısı gənc Şahbaz bəy Müsyö Jordanın Parislə bağlı hekayələrinə hayıl-mayıl olur, Jordana qoşulub elm öyrənmək üçün Parisə getməyə qərar verir. Təbii ki, Şahbaz bəyin bu qərarı ağanın həyat yoldaşı Şahrabanu xanımı da, qızı Şərafnisi də rahatsız edir. Onlar Şahbazın Paris səfərinə mane olmaq üçün İrandan gələn məşhur dərviş Məstəlidən kömək istəyirlər. Məstəli sadəlövh və xurafatçı qadınların verdikləri yüz çervonets pulun müqabilində Parisi partlatmağa söz verir. O, dəhşətli səslə şeytanları çağırır, Məleyxa başda olmaqla şeytanlara Parisi məhv etmək əmrini verir. Dərviş günahkar şəhəri təsvir edən maket düzəldir, şəhərin maketini dağıtmağa başlayır. Birdən həmin anda qapı zərblə döyülür və həyəcanla içəri girən Müsyö Jordan Parisin məhv edildiyini və dərhal Fransaya getməli olduğunu bildirir. Qadınlar Məstəlinin sehrli hərəkətlərinin belə tez bir zamanda icra olunmasından qorxuya düşürlər. Hətta dərvişin özü də əməllərindən qorxaraq pərdə arxasında gizlənir ki, heç kim onu tapmasın. Hatəmxanın "Parisi axı kim məhv etdi?" sualına qaçan Jordan "Lənətə gəlsin! Şeytan! Şeytanlar!” deyə ümumi sözlərlə cavab verməklə bir qədər də dramatizmi artırır. Təbii ki, qadınlar Parisin dərviş Məstəli tərəfindən məhv edildiyinə şübhə etmirlər. Əslində isə 14 iyul 1789-cu ildə Parisdə bir inqilab baş vermişdi, Bastiliya alınmışdı və kral qaçmışdı.
15 iyul, Gənclərin Ümumdünya Vərdiş Günü
BMT-nin qiymətləndirməsinə görə dünyada işsiz gənclərin sayı 75 milyon nəfər həddindədir, işsizlərin əksəriyyəti inkişaf etməkdə olan ölkələrin payına düşür. Bundan əlavə, hər beş gəncdən biri (cəmi 125 milyon nəfər) işləsə də gündə 1 dollardan az gəlirlə yoxsulluq içindədir. Gənclər arasında yoxsulluq halı dünyanı narahat edən ciddi problemdir. Vərdiş gününün keçirilməsi gəncləri gələcək iş prosesinə hazırlamaq, onlarda müəyyən iş, peşə vərdişləri formalaşdırmaq məqsədi güdür.
Sovet dönəmində, xatırlayırsınızsa Maraq klubları fəaliyyət göstərirdi, ölkə üzrə Texniki Peşə məktəbləri səpələnmişdi, yeniyetmə və gənclər demək olar ki, boş qalmır, bir ixtisas sahibi olurdular, sonradan işlə də təmin edilirdilər. Bu təcrübə əfsus ki, indi unudulub. Çoxsaylı universitetlər konveyer kimi diplomlu gənclər istehsal edirlər, məzunlar diplomlarına uyğun iş axtara-axtara işsiz qalırlar, ənənəvi sənət sahələri isə sənətkarların olmaması səbəbindən durğunluq keçirir.
15 iyul, dahi Rembrandtın 515 illiyi
Rəssamlıqdan danışanda, təbii ki, ilk ağla gələn adlar “Mona Lizanı” çəkmiş Da Vinçi ilə yanaşı, Rembrandt da olur. Bu dahi niderlandlını dünyanın hər yerində uşaqdan böyüyə hamı tanıyır.
Yaratdığı “Doktor Tülpün anatomiya dərsi” (1632), “Saskiyanın portreti” kimi portretlərdə o, obrazların səciyyəvi cizgilərini məharətlə verə bilmiş, “Çarmıxdan endirilmə” (1634), “İbrahimin qurban verməsi” (1635), “Danaya” (1636), “Samsonun gözlərinin çıxarılması” (1637) kimi süjetli kompozisiyalarda bir tərəfdən barokko incəsənətinə xas dekorativ əlamətləri, digər tərəfdən isə obrazların realist şərhini ortaya qoymuşdur.
Rəssam sifarişlə rəsmlər çəkməklə dolanırdı, amma bu pul o qədər cüzi imiş ki, adam kimi yaşamasına bəs etmirmiş. 1642-ci ildə “Gecə gözətçiləri” əsərini başa çatdırmışdı, lakin tablo sifarişçilərin - atıcı rotanın zabitlərinin etirazına səbəb olmuşdu, onlar hər yerdə rəssamı ucuzsaqqal etmişdılər, nəticədə sifarişlərin arası tamamilə kəsilmişdi, rəssam çörəksiz qalmışdı.
Şedevrlərini isə Rembrandt çəkib özü üçün saxlayırmış. 1657-1658-ci illərdə yaratdığı Bibliya motivli “Assur, Aman və Esfir” və “Fərsiz oğulun qayıtması” kimi dini kompozisiyalarında emosional gərginlik, obrazların psixoloji dramatizmi olduqca güclüdür. Təsadüfi feyil ki, onun rəsm əsərləri qədər incəsənət tarixində insanı həyəcanlandıran rəsm əsərləri mövcud deyil.
Holland boyakarı və qrafiki təqribən 800 tablo, 300 ofort və 2000 rəsm əsəri çəkmişdir. Dünya incəsənətinin ən görkəmli nümayəndələrindən biri olan bu şəxs dünyadan səfil kimi köçmüşdür, Amsterdamda vəfat etmiş, yurdsuzlar qəbiristanlığında dəfn olunmuşdur. Ona şöhrət isə yalnız ölümündən sonra gəlmişdir.
15 iyul, bəstəkar Kəmaləddin Heydərovun 60 illiyi
Yox, məmurla nə işimiz var, biz Kəmaləddin Heydərovun adını Fövqəladə hallar naziri kimi yox, bir bəstəkar kimi çəkirik.
Kəmaləddin Fəttah oğlu Heydərov 1961-ci il iyul ayının 15-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə, 2006-cı ilin fevral ayında isə Azərbaycan Respublikası Fövqəladə Hallar naziri vəzifəsinə təyin edilib. 2006-cı ildə o, general-polkovnik hərbi rütbəsi alıb. “Azərbaycan Bayrağı”, “Şöhrət”, II dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.
Və ən əsası, keçək mahnılarına. Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kəmaləddin Heydərova məxsusdur, o, mahnılarını “Kamal” imzası ilə bəstələyir, bir neçə hit mahnının müəllifidir. Bunlardan ən məşhuru Aygün Kazımova üçün bəstələdiyi “Səndən nigaranam” mahnısıdır. Bu mahnını özbək müğənnisi Nəsibə Abdullayeva da gözəl ifa edir. Digəri isə Alim Qasımovun ifa etdiyi “Xatirədir” mahnısıdır.
2009-cu ildə bəstəkar Kamalın “Sənə güvəndiyim dağlar” adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Disklərdəki mahnılar Xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva (Allah hər ikisinə rəhmət eləsin), Aygün Kazımova, İlqar Muradov, Röya və Zülfiyyə Xanbabayevanın, Əməkdar artist Aygün Bəylərin və başqalarının ifasında yazılıb.
Musiqinin də fövqəladə halları olurmuş.
16 iyul, Ümumdünya İlanlar Günü
Sizə kimdən, nədən danışım, ilanlardan. Sən demə, onların da peşə bayramı var. İlanın adam çalması, yəni peşə deyil ki?
Bu gün elmə 2600 ilan növü məlumdur, onların demək olar ki, hamısı tərpənən canlıları ovlayırlar. İlan gördün, yerindən tərpənmə. Çıxıb gedəcək.
Serpentoloqların – ilan tədqiqatçılarının təklifi ilə İlan günü təyin etməkdə məqsəd bu canlıları kütləvi məhvdən xilas etməkdir. Çünki onların çox qiymətli zəhəri vardır ki, tibbdə geniş istifadə edilən bu maddəni əldə etmək üçün ilanlar hədəf seçilirlər.
17 iyul, Beynəlxalq Başqalarının Uğuruna Səmimi Sevinmə Günü
Bu günün qeyd edilməsini yəhudilər təklif ediblər, təqvimə də bu gün İnternational Firgun Day kimi salınıb. Firgun – ivritcə başqasının uğurundan qürurlanmaq deməkdir.
Biz azərbaycanlılar üçün hazırda şəxsi eqonun son həddə çatması, paxıllıq və xudpəsəndliyin meydan sulaması katostrofik hala yetişib. Necə ki, Valentin gününü təqvimə salıb təmtəraqla bayram edirik, bəlkə bu günə də diqqət ayıraq? Ən azı, ilin bir günü uğur qazanan başqasına paxıllanmarıq, uğuruna sevinərik.
O bir məsəl var e, birinə deyirlər, hansı istəyini desən həyata keçirəcəyik, amma qonşuna onun ikiqatı olacaq, deyir, bir gözümü çıxarın. O məsəl havadan yaranmayıb ki.
17 iyul, məşhur səyyah Mikluxo-Maklayın 175 illiyi
Mikluxo-Maklay ömrünü Sakit okean adalarında tropik ölkələrin “vəhşi” xalqlarının həyat tərzini öyrənməyə həsr etmiş səyyah olmuşdur. O, irqindən asılı olmayaraq bütün insanların əqli cəhətdən bərabərliyi fikrini irəli sürən və bu ideya uğrunda mübarizə aparan rus səyyahı və antropoloqudur. Darvin nəzəriyyəsilə yaxından tanış olan Mikluxo-Maklay Darvin ideyasının təbliğatçısı professor Hekkellə birlikdə Kanar adaları və Mərakeşə səyahətdə iştirak etmişdir. O, Coğrafiya cəmiyyətində çıxış edərək çıxışlarında “monogenist” fikirlər səsləndirir, irqindən asılı olmayaraq bütün insanların eyni mənşəyə malik olmalarını iddia edirdi. Halbuki, “poligenist”lər isbat etməyə çalışırdılar ki, ağ və qara irqlər müxtəlif mənşəyə malikdirlər, qaralar idarəetmə qabiliyyətləri olmadığından tabe olmaq üçün yaranmışlar. Mikluxo-Maklay fikirlərinin düzgün olduğunu isbat etmək məqsədilə tropik ölkələrin “ibtidai” insanlarını tədqiq etmək qərarına gəlmiş, 1870-ci ilin payızında “Vityaz” gəmisi ilə Kronştaddan yola düşmüş, Braziliya və Argentina sahillərində üzməklə Cənubi Amerikanın cənubundan Sakit okeana daxil olmuş, Santyaqoda dayanmışdır və Akankaqua dağında qısa müddətli tədqiqat işləri aparmışdır. Səyahətini Samoa və Yeni Qvineya istiqamətində davam etdirib Avstraliyada tamamlayan Mikluxo-Maklay on iki illik səyahətindən sonra 1882-ci ildə vətəni Rusiyaya qayıtmış və Rusiya Coğrafiya cəmiyyəti qarşısında bütün irqlərin bərabərliyi haqqında çıxış etmişdir.
Həyatını bir ideyaya sərf etmək bax buna deyərlər.
17 iyul. Polşa dramaturqu Bruno Yasenskinin 120 illiyi (1901-1938)
Daha çox siyasi proseslərə qoşulması ilə, kommunist əqidəsinə görə təqib olunması ilə gündəmə gələn Bruno gah Polşada, gah Fransada, gah SSRİ-də yaşayıb. Öz ölkəsindən kommunizm ideyalarına görə SSRİ-yə mühacirət həyatına atılsa da, həmin o SSRİ-də 37-ci il repressiyasının qurbanına çevrilib. Kommunarka poliqonunda “əksinqilabi fəaliyyətinə görə” güllələnib.
Bu da həyatın acı ironiyası.
18 iyul, ingilis yazıçısı-satiriki Uilyam Meykpis Tekkereyin 210 illiyi (1811-1863)
Satiralarını, “Ketrin” kimi romanını psevdonimlə yazdıqdan sonra 1847-ci ildə yazdığı “Şöhrətbazlıq yarmarkası” romanının altına Tekkerey öz imzasını qoyub və dünya şöhrəti qazanıb. Bu roman Azərbaycan dilində də nəşr olunub, kitabxana seriyalarına salınıb, oxunur və sevilir.
“Deni Düval” romanını isə yazar tamamlaya bilmədən insultdan dünyasını dəyişib.
18 iyul, Nelson Mandela Günü
95 il ömür sürən, bunun 67 ilini Cənubi Afrika Respublikasında ağların istismarına məruz qalmış qaradərili insanların hüquqlarının və azadlıqlarının təmin edilməsinə həsr edən Mandela daim təqib edilib, 27 il həbsxanalarda yatıb. 1993-də sülh carçısı kimi Nobel mükafatı alıb,1994-cü ildə CAR-ın ilk qaradərili prezidenti seçilməyə müvəffəq olub. Hələ sağlığında ikən BMT onun doğum gününü – 18 iyulu bayram etmək qərarına gəlib.
Qaradərililərdən söz düşmüşkən, rəhmətlik Habil Əliyevin adına çıxmış bir lətifəni xatırlamamaq olmur. Habil Əliyev Ağdaşdan ilk dəfə Bakıya gələndə avtovağzalda bir zənci görübmüş, yanındakı yoldaşından sorşubmuş ki, görən Qara Qarayev budumu.
19 iyul, şotland yazıçısı Arçibald Jozef Kroninin 125 illiyi (1896-1981)
Tanımırıq, eşitməmişik, bilmirik. Təbii ki, bu şotland yazar haqqında hamımız belə deyəcəyik. Amma ən məşhur əsərlərinin adlarını çəkək, bəlkə haçansa oxuyası olduq: “Broudi qəsri”, “Gənc yaşlar”, “Şennonun yolu”, “Ulduzlar aşağı baxır”.
Amma onu da deyim ki, bu yazar dünyada məşhur olub, ABŞ-ın ən nüfuzlu ədəbi mükafatı sayılan National Book Awards mükafatına da layiq görülüb.
19 iyul, Ümumdünya Fotoqrafiya Günü
World Photography Day – 1822-ci ilin 19 iyulunda fransalı alim Jozef Neps dünyada ilk fotoqrafiyanı çəkdi, o günün şərəfinə də 19 iyul fotoqrafiya günü kimi tarixə düşdü. Neps arxa həyətdəki nahar süfrəsini çəkibmiş.
Fotoqrafiya tarixi barədə bir faktı da deyim. Dünyada ən qədim fotoaparat “Daguerrotyre Susses Freres” adlanır ki, 2007-ci ildə Vyana şəhərində auksionda bir kolleksiyaçıya 800 000 dollara satılmışdır.
Mobil telefonların kəşfindən sonra foto işi ilə əlində telefon olan hər bir kəs məşğuldur, indi hamı çəkir. Amma gəlin unutmayaq ki, peşəkar fotokamera ilə peşəkar fotoqrafın çəkdiyi foto sizin telefonla çıkhaçık çəkdiklərinizdən tam fərqli bir şeydir. Məsələn, nə təklif edərdim? İndi urvatdan düşmüş, çörəkpulu çıxara bilməyən peşəkar fotoqraflara məhz bu gün güzəşt edək, küçədə, parkda, məclisdə fotomuzu çəkməyi öz mobil telefonumuzun kamerasına yox, onlara həvalə edək.
20 iyul, Beynəlxalq Şahmat Günü.
Şəhriyar Məmmədyarov Xorvatiyada keçirilən şahmat üzrə blits turnirin 6-cı turunda dünya çempionu, bakılı, nankor erməni Harri Kasparovu cəmi 7 gedişdə məğlub edib. Şahmat barədə daha nəsə yazmağa lüzummu var?
20 iyul, Ç.Naxcıvanski adına Hərbi Liseyin yaranmasının 50 illiyi
Müharibə aparan bir ölkədə hərb sənəti daim öndədir, hərbçilər daim diqqət mərkəzindədir. Həm 44 günlük savaşda, həm əvvəlki 1-ci Qarabağ müharibəsində diviziya komandiri C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri böyük sücaət göstərmişlər. Liseyin məzunlarından 100 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 8 nəfəri isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Tarixinə nəzər salsaq, görərik ki, bu məktəb1971- ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmışdır. 24 noyabr 1997-ci il tarixdə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılmışdır. C.Naxçıvanski adına Hərbi Lisey 11 hektar ərazini əhatə edir. Hərbi Liseyin ərazisində qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi inşa edilib, eləcə də mövcud binalar əsaslı təmir olunub və qurğular yeniləşdirilib. Hərbi Liseydə sahəsi 1800 kvadratmetr olan üçmərtəbəli yeni qərargah binası inşa olunub. Binanın qarşısında Cəmşid Naxçıvanskinin büstü və ətrafında xatirə kompleksi yerləşir. Liseyin ərazisində tibb məntəqəsi də inşa olunub. Bir sözlə, ordu üçün gərəkli kadrların yetişdirilməsi üçün burada hər cür şərait var.
Bizsə liseyin kursant və pedaqoji heyətini yubiley münasibətilə təbrik edirik.
20 iyul, Beynəlxalq Tort Günü
International Cake Day günü də yaşadıqları hər günü bayram etməyə çalışan bəxtəvər insanların kəşfidir, bu gün növbənöv tortlar yemək, rəngbərəng şamlar yandırmaq adətdir.
Düzdür, tort qidalar içində ən çox adamkökəldəndir, özü də bahalı məşğuliyyətdir, amma bu gün xətrinə dəyməməkçün ondan bir dilim dadmaq olar. İmkanlılar gedib “Azza” kimi məşhur qənnadı sexlərinin növbənöv tortlarından (Mars”, “Trüfel” və s.) dada bilərlər, imkansızlar evlərində özləri ucuzvari bir şey ərsəyə gətirə bilərlər. Təki, ağız dada gəlsin.
20 iyulun şeir bəndi
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neynəyək, ayrıca şəhərimiz yox.
Bəlkə də biz xoşbəxt ola bilərdik,
Bəlkə də xoşbəxtik, xəbərimiz yox.
Ramiz Rövşən
Kukla teatrı evinizdə
Bu cümə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” tamaşasını onlayn nümayiş etdirəcək - tamaşa teatrın yutub kanalından saat 12.00-da yayımlanacaq.
Qeyd edək ki, Məşədi İbad rolunu Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Nuri ifa edib.
Bu gün TÜRKSOY-un yaradılmasının 28 ili tamam olur
Bu gün Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un yarandığı gündür.
AZƏRTAC xəbər verir ki, ötən müddət ərzində TÜRKSOY türkdilli xalqların mədəniyyətinin, ədəbiyyatının təbliği və ortaq dəyərlərinin yaşadılaraq gələcək nəsillərə ötürülməsi naminə onlarla layihəyə imza atıb, olduqca yaddaqalan tədbirlər keçirib və türk dünyasının birliyi naminə mühüm addımlar atıb.
1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Sonrakı illərdə Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakas və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi və Şimali Kipr Türk Respublikası təşkilata üzv olub. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyət Təşkilatı adlanır.
TÜRKSOY təşkilatı türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət - ənənələrinin, mədəni irsinin araşdırılması, qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub. Mənzil-qərargahı Ankara şəhərində yerləşir. Təşkilatın fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyən olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.
Azərbaycan Respublikasının Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri, Xalq Artisti, professor Polad Bülbüloğlu 1993-2006-cı illərdə TÜRKSOY-un ilk baş katibi olub. Hazırda TÜRKSOY-a Qazaxıstanın keçmiş mədəniyyət naziri, professor Düsen Kaseinov rəhbərlik edir.
Ötən 28 ildə TÜRKSOY ümumtürk mədəni irsinin təbliği və tanıdılması, türkdilli xalqlar, ölkə və diyarlar arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər görüb, çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin bir çoxu ənənə halını alaraq hər il davam etdirilir.
TÜRKSOY bir sıra beynəlxalq qurumlarla, o cümlədən 1996-cı ildə birgə müqavilə imzaladığı UNESCO ilə, habelə Türk Əməkdaşlıq Şurası, TürkPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edir.
Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. Qurumun ölkəmizlə çox sıx əməkdaşlıq telləri var. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Son dövrdə reallaşan mühüm tədbirlər sırasında 2016-cı ildə Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsini, 2017-ci ildə TÜRKSOY tərəfindən elan olunan “Molla Pənah Vaqif ili”nin uğurla keçirilməsini, həmçinin ölkəmizin fəal təmsil olunduğu ənənəvi layihələri – TÜRKSOY-un rəssamlar, fotoqraflar, bəstəkarlar və s. görüşlərini qeyd etmək olar. TÜRKSOY tərəfindən Avropa və Amerikada, BMT-nin baş qərargahında təşkil olunan ənənəvi Novruz tədbirlərində Azərbaycan xüsusilə fəal iştirak edir.
Türkdilli ölkələrin teatr festivalı, rəssamların sərgiləri və digər layihələrdə iştirak Azərbaycan mədəniyyətini dünyada təbliğ etməklə yanaşı, türk mədəniyyətinin nümayəndələrinin də ölkəmizdə tanıdılmasına şərait yaradır. 2009-cu ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası TÜRKSOY-un təşəbbüsü ilə beynəlxalq layihə əsasında səhnələşdirilmişdi. Layihədə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, həm də Başqırdıstan və Tatarıstan muxtar respublikalarının təmsilçiləri iştirak edirdilər.
Düsen Kaseinov TÜRKSOY-un qurucu üzvlərindən biri olan Azərbaycanın qurum daxilindəki fəaliyyətini hər zaman yüksək qiymətləndirib. O, Azərbaycan rəhbərliyinin, xüsusilə Prezident İlham Əliyevin hər zaman TÜRKSOY-un fəaliyyətini yüksək səviyyədə dəstəklədiyini vurğulayıb.
Azərbaycanın görkəmli mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri ilə bağlı bir çox tədbirlər həyata keçirən TÜRKSOY Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına əsasən dahi şairin 880 illiyinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edib. Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ankarada – TÜRKSOY-un qərargahında “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və rəsm sərgiləri açılıb, eləcə də bu il 100 illik yubileyi tamam olan görkəmli Azərbaycan rəssamı Mikayıl Abdullayevin Nizami irsinə həsr olunmuş əsərlərindən ibarət sərgi təşkil edilib.