Super User

Super User

 

Uzun siyahıya Nobel mükafatı laureatı Kadzuo İsiquronun  "Klara və Günəş" antiutopiya janrında fantastik romanı da daxil edilib

 

 

 

Bazar ertəsi, gecədən xeyli keçmiş Londonda ingilis dilində ədəbiyyat sahəsində ən nüfuzlu mükafatlardan biri olan Buker mükafatının (Booker Prize) 13 yazıçıdan ibarət uzun siyahısı elan edildi. Yapon mənşəli Britaniya yazıçısı Kazuo Isiquronun adının uzun siyahıya daxil edilməsi onu ən şanslı namizəd kimi nəzərdən keçirməyə imkan verir. Bu barədə bu gün Buker mükafatı Fondunun mətbuat xidmətinin Twitter hesabındakı məlumatda deyilir.

 

Birləşmiş Krallığı siyahıda üç yazıçı təmsil eləyir. Bu, artıq adını çəkdiyimiz İsiquro, eləcə də Sunjiv Sahota və Francis Spafforddur. İngilis pasportuna uzun siyahıdan daha iki müəllif malikdir - kanadalı Reyçel Kask və Somalidən olan yazıçı Nadif Mohamed. ABŞ-dan mübarizəni dörd müəllif davam etdirir: Riçard Pauers, Maggi Şipsted, Natan Harris və Patrisiya Lokvud. Son iki müəllif bu siyahıya debüt işləri ilə daxil olub.

 

Eyni zamanda iki yazıçı - Deymon Gelgut və Karen Jennings Cənubi Afrikanı, Anuk Arudpragazam  Şri - Lankanı, Meri Louson Kanadanı təmsil edirlər.

 

 

 

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının işıqçısı, Vətən müharibəsi şəhidi Əliağa Məmmədovun anım günündə ona həsr edilən xatirə lövhəsinin açılışı oldu.
Mədəniyyət Nazirliyinin məlumatına görə, Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə Vətən uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Anım tədbirində Xalq artisti Fatma Mahmudova, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı və teatrın digər əməkdaşları Əliağanın nurlu xatirəsindən söhbət açdılar.
Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin əsgər yoldaşları, ailə üzvləri, media nümayəndələri və digər qonaqlar da iştirak edirdilər.

Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. Milli Qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra özünü idman sahəsində sınayıb, cüdo üzrə müxtəlif yarışlarda çıxışları ona medallar və sertifikatlar qazandırıb.
Peşə təhsili alandan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıqçı kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də çalışdığı doğma teatrdan yola düşüb. Teatrın səhnəsini işıqlandıran gənc Vətən qarşısında müqəddəs borcunu da layiqincə yerinə yetirib.
2020-ci ilin 44 günlük Vətən müharibəsinin ilk günlərindən qəhrəmancasına vuruşub. Oktyabrın 6-da ağır döyüşlərin birində Əliağa tabor komandirinin həyatını öz canı bahasına xilas edib və şəhidlik zirvəsinə ucalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xəbər verdiyimiz kimi, Türkiyənin Bursa şəhərində Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir.
Bursa konfransı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi İli” çərçivəsində görülən tədbirlərin davamı olaraq təşkil edilib.
Konfrans çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Nizami Gəncəvinin əsərlərinə həsr edilən rəsm əsərləri, o cümlədən Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində nəşr olunmuş Nizami Gəncəvinin küliyyatı, eləcə də Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatının Nizami Gəncəvinin kitabları daxil olmaqla nəşrləri, həmçinin TÜRKSOY-un nəşrləri sərgilənir.
Konfrans çərçivəsində daha iki panel baş tutub. Bursa Uludağ Universitetinin (BUU) professoru Hatice Şahinin sədrliyi ilə keçirilən birinci paneldə özbək alim Erkin Nuriddinov, azərbaycanlı alimlər Bayram Apoyev, Şəfa Qurbanova, BUU-nun dosenti Erdem Özdemirin sədrlik etdiyi ikinci paneldə isə azərbaycanlı alimlər Xədicə Hüseynova, Bibixanım İbadova, Əlimuxtar Muxtarov, Sərxan Cəfərov, Özbəkistandan dosent Dildor Nuriddinova və digərlərinin çıxışları dinlənilib.
Çıxışlarda Nizami Gəncəvinin “Xəmsə”si bəşəriyyətin elmi, ədəbi, mənəvi abidəsi kimi dəyərləndirilib. Vurğulanıb ki, böyük Azərbaycan şairinin əsərləri dünya ədəbiyyatında misilsiz bir xəzinədir. Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində görülən işlərdən, o cümlədən şairin əsərlərinin başqa dillərə tərcüməsi və çeşidli nəşrlərinin xüsusi əhəmiyyətindən bəhs olunub.
AzərTAC xəbər verir ki, Nizami Gəncəvinin həyatı və yaradıcılığı üzərində səmərəli müzakirələr aparan alimlər vurğulayıblar ki, Gəncəvi beynəlxalq aləmdə təkcə nadir yaradıcılıq üslubu ilə seçilən şair kimi deyil, filosof və mütəfəkkir kimi tanıtdırılmalıdır. Qeyd olunub ki, məhz son illər görülən işlərin böyük nəticəsi olaraq dünyanın ayrı-ayrı ölkələrində Nizami Gəncəvinin həyat və yaradıcılığı mövzusunda elmi tədqiqatlar sürətlə artmaqdadır.

Вторник, 27 Июль 2021 05:09

102 yaşlı yazıçı vəfat etdi

Belçika fantast yazıçısı Henri Vern - Bob Moran haqqında bir sıra kitabların müəllifi 102 yaşında vəfat etdi. Bu barədə bazar ertəsi Le Lombard Nəşriyyat holdinqi öz saytında məlumat verib.
Le Lombard kədərlə Anri Vernin vəfatı barədə xəbəri yayaraq bir çox şedevrlərin yaradıcısı, xüsusən Bob Moran kimi ölməz obraz yaradan müəllifin ölümsüz olduğunu vurğulayıb. Anri Vern iyulun 25 nə qədər - tam 102 yaşınadək 230-dan çox fantastik roman yazmışdır. Əsərləri yeddi dilə tərcümə olunmuşdur. Ən məşhuru isə qeyd etdiyimiz kimi,  fransız pilot Bob Moran haqqında macəra və elmi-fantastik romanlar silsiləsidir ki, bunların da ilki 1953-cü ildə işıq üzü görüb. Bu kitabların əsasında televiziya serialı çəkilib, Bob Moran həm də komiks qəhrəmanı olub.

UNESCO-da Andorra Knyazlığının sülh uğrunda mədəniyyət tədbiri layihəsi çərçivəsində “Planet üçün rənglər” adlı 7-ci ArtCamp Andorra sərgisi keçirilib. ArtCamp incəsənət günlərində dünyanın müxtəlif ölkələrindən olan rəssamların əsərləri sərgilənib.
AzərTAC-ın Paris müxbirinin verdiyi xəbərə görə, azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın əsərləri də 7-ci ArtCamp incəsənət sərgisində nümayiş olunub. Əsmər Nərimanbəyova Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyov və istedadlı heykəltəraş, Əməkdar rəssam Elmira Hüseynovanın qızıdır. Onun işləri Fransa, Rusiya, Türkiyə, ABŞ və başqa ölkələrdə, eləcə də UNESCO-da dəfələrlə sərgilənib.
UNESCO-nun ən böyük çağırışlarından biri BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin vektoru və əsas elementi kimi mədəniyyətin rolunu gücləndirməkdir. UNESCO 2020-ci ildə qlobal böhranın yaratdığı böyük problemlər qarşısında sənətkarların dayanıqlığını gücləndirməyi hədəfləyən qlobal ResiliArt hərəkatını başladı. Andorra dünyanın bütün bölgələrində müxtəlif səy və fəaliyyətləri səfərbər etmək, dialoq və qarşılıqlı anlaşmanı təşviq etmək məqsədilə bu hərəkatda iştirak etdi. ArtCamp Andorra layihəsi vasitəsilə Andorra Knyazlığı incəsənət nümayəndələri arasında sülh üçün dialoqun təşviqinə dəstəyini göstərir.
ArtCamp Andorra 2021-ci il layihəsi UNSECO-nun Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşdırılması Onilliyi (2013-2022) çərçivəsində keçirilib. Sərgidə iştirak edən rəssamların nümayiş olunan əsərləri 2015-2030-cu illər BMT-nin təşviq etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirilib.
2021-ci il ArtCamp Andorra UNESCO-nun strateji mövzusu olan sülh və davamlı inkişaf mədəniyyətinin təbliğini diqqət mərkəzində saxlayıb.

Вторник, 27 Июль 2021 05:07

Edit Egerdən azadlıq barədə ən güclü kitab

“Nyu-York Tayms bestsellerləri” seriyasından növbəti kitab işıq üzü görüb. Yəhudi əsilli amerikalı Edit Yeva Egerin “Seçim” kitabı. Kitabın üz qabığını “İnsan azadlığı və insanın daxili qüvvəsi barədə ən güclü kitablardan biri” kəlmələri bəzəyir.
Moskvada dərhal kitabın rusca tərcüməsi işıq üzü görüb, ölkəmizə Rusiyadan kitab idxalı yüksək səviyyədə olduğundan, yəqin ki, yaxın günlərdə kitabsevərlərimiz bu şedevrlə tanış ola biləcəklər.
On altı yaşında Edit Eger özünə balerina karyerası arzulayırdı, ancaq teatr səhnəsi əvəzinə qızı Auşvits konslageri gözləyirmiş. Avropa faşizm əsarətindən müdhiş əziyyətlər çəkən dövr idi. Auşvitsdə Edit qaz kamerasında həlak olan valideynlərini itirdi. Ölüm doktoru adını almış Yozef Mengele qarşısında biçarə qız bir çörək bulkası üçün rəqs etmək məcburiyyətində qaldı. Bacısıyla  birlikdə ölüm düşərgələrində həyat üçün mübarizə aparırdı. 1945-ci ilin yazında Edit artıq Avstriyanın Hunskirchen konslagerində idi. Müharibə bitmək üzrəydi. Məğlub olmaqda ikən almanlar əsirləri də məhv edirdilər. Burada amerikalı xilasedicilər ölü cəsədlərin yığınları arasında bir qız tapdılar. Bu Edit idi.
O, sağ qalmağı bacardı. Bir ailə qurdu, dünya şöhrətli psixoloq oldu. Amma keçmişini unutmalı və bağışlamalı oldu, eləcə də keçmişin dəhşətləri haqqında danışmamağı öyrəndi. Doğrudanmı, yeganə çıxış yolu ömrünün sonuna qədər öz qorxularını və günahkarlıq hisslərini həbsxanaya salmaq idi? Amma içi göynəyirdi, keçmiş xatirələr onu üzürdü.
Nəhayət, Edit fərqli bir seçim seçmək qərarı verdi. Otuz beş il sonra o, uzun illər ittiham etdiyi insanı bağışlamaq üçün Auşvitsə qayıtdı. Bu adam Hitler deyildi. Mengele də deyildi. Özü idi.
Bu seçimi etdikdən sonra Edit Eger şəfa tapmağı bacardı. O vaxtdan bəri bu qadın travmatik stress pozuqluqlarından əziyyət çəkən insanlara daxili iblislərdən azad olmaq yolunu tapmağa kömək etdi. Onun fəaliyyətinin nəticəsi “Seçim” adlı kitabı yazmaq oldu.
Bu kitab yalnız bir insanın holokost xatirələri deyil, qəhrəmanlıq və müqavimət, mərhəmət və şəfa barədə unudulmaz ağrı salnaməsidir.
Qeyd edək ki, müəllif özü haqq dünyasına qovuşduğundan kitabının premyerasını görə bilmədi.

Вторник, 27 Июль 2021 05:06

“Zaman” trilleri kinoprokatda ən çox pul toplayıb

Filmlərin hansının daha uğurlu olması onların kinoprokatdan topladıqları vəsaitlə hesablanır. Çox əfsus ki, Azərbaycanda bu sayaq açıqlamalar olmur, odur ki, biz digər ölkələrin praktikalarına nəzər yetirməli oluruq. “Zaman” (Time) trilleri 16 -22  İyul arasında 25 milyon rubl toplayaraq Rusiya kinoprokat lideri oldu. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı kinobusiness.com saytına istinadən məlumat verir.
Rejissor Nayt Şyamalanın "Vaxt” filmi mövzusunu “Qumdan qala” İsveçrə komiksindən götürüb. 22 iyulda Rusiya prokatına çıxıb. Filmin süjeti 13 qəhrəman haqqındadır,  hansılar ki, çimərlikdə istirahət vaxtı aşkar edirlər ki, vaxt o qədər sürətlənib, onlar bir-birinin gözləri qarşısında qocalmağa başlayıblar. Filmdə rolları Gael Garcia Bernal, Viki Krips, Elayza Skanlen və başqaları ifa edirlər.
Kassa yığımları üzrə ikinci yeri dörd gün ərzində 51,6 milyon rubl toplayan Marvel komiksi əsasında çəkilmiş  "Qara dul" komediyası tutur. Hekayəyə görə, Scarlett Johanssonin canlandırdığı baş qəhrəman mistika, heroin, təhlükəli sui - qəsd, bol macəra ilə dolu aləmdə baş çıxarmalı olur.
Üçüncü yerdə isə ABŞ-ın "Kosmik cem: Yeni nəsil" cizgi filmi gedir, film dörd gün ərzində 48,6 milyon rubl toplaya bilib. Oğlunu xilas etmək üçün Milli Basketbol Assosiasiyasının (NBA) çempionu basketbol meydançasındakı karikatura əfsanələri komandası ilə birlikdə məşhur oyunçuların rəqəmsal nüsxələrinə qarşı oynayan inanılmaz bir dünyaya göndərilir. Filmdə baş rolu dördqat NBA çempionu Lebron James oynayır.
Diqqət etdinizmi, bircə həyati film, dram pul qazana bilmir, tamaşaçıları yalnız komikslər, mistika, fantastika maraqlandırır.

Şəkildə “Zaman” trillerindən görüntü.

 

Şimal qonşumuzun ədəbiyyat funksionerləri yay günlərində istinin və pandemiyanın mərhumiyyətləri şəraitində ədəbiyyatsevərlərə üçgünlük III böyük onlayn layihə ilə əsil bayram yaşatdılar. Beynəlmiləl Yazıçılar İttifaqı, “Rossiyskiy kolokol” jurnalı, Moskva Yazıçılar İttifaqı və digər təşkilatçıların birgə ərsəyə gətirdikləri bu layihənin dünən üçüncü, yekun günü oldu. Xatırladaq ki, layihədə Rusiya yazarları ilə yanaşı Ukrayna, Belarus, İsrail, ABŞ, Avstraliya, o cümlədən Azərbaycan yazarları da iştirak edirdilər.

 

Əvvəlki günlərin gündəliyi barədə oxucularımızı məlumatlandırmışdıq. Yekun günü "Renessans" ədəbi layihəsi haqqında danışılan açıq görüşlə başladı. Bu görüşü Rusiya fantastikasının fəxri üzvü, "Aelita" beynəlxalq fantastika festivalının Təşkilat Komitəsinin sədri, Rusiya Yazıçılar İttifaqının Yekaterinburq bölməsinin və Beynəlmiləl Yazıçılar Birliyinin Yekaterinburq bölməsinin İdarə Heyətinin sədri Boris Dolinqo və yazıçı, publisist, ictimai xadim, ISP-nin Beynəlxalq İdarə Heyəti sədrinin birinci müavini, Puşkin adına I Beynəlxalq ədəbiyyat festivalının, P.P. Bajov adına mükafatın laureatı Qalina Berezina birgə keçirdilər.

 

Aparıcılar yerli redaktorlar məktəbinin ən yaxşı ənənələrinin bərpası ideyasının necə meydana gəldiyi barədə dinləyicilərə məlumat verdilər. Müasir ədəbiyyatdakı vəziyyətə nəzər saldılar. Qeyd olundu ki, mədəniyyətin rəqəmsallaşdırılması, habelə özünü peşəkar kitab istehsalçıları ilə bərabərləşdirən bir çox nəşriyyat platformaları ədəbiyyatın keyfiyyətini kəskin şəkildə azaldırlar. Bunun qarşısını almağın yollarından danışıldı.

 

Mühazirə zamanı dinləyicilər layihənin məqsədi barədə məlumat əldə etdilər. Bunlar yüksək keyfiyyətli ədəbiyyatın təbliğinə kömək etmək, bir də oxucuya seçim etdikdən sonra ən maraqlı işləri çatdırmaqdan ibarətdir.

 

Aparıcılar “Renessans”ın fəaliyyətinin necə qurulduğunu və hansısa bir istedadlı müəllifin yaradıcılığının təbliğinə necə çalışacağının effektiv olacağını  diqqətə çatdırdılar. Bununla yanaşı, layihədə iştirakın peşəkar yazı ustalığının artırılması məktəbi də sayıla bilməsi vurğulandı.

 

Mühazirə dinləyicilərin böyük marağına səbəb oldu. Layihənin strukturu, nədən başlamaq və qarşılıqlı fəaliyyət strategiyasını necə seçmək barədə aparıcılara bir çox suallar verildi. Sonra "Müasir teatr tənqidi. Necə yazmaq. İcmallar" mühazirəsini yazıçı, şair, dramaturq, İlin ən yaxşı teatr işi müsabiqəsinin qalibi, İ. Annenski adına poetik müsabiqənin laureatı, XXXİV beynəlxalq “Aelita” fantastika festivalının mükafatçısı, ictimai-siyasi həftəlik "Moskva komsomolçusu” qəzetinin daimi teatr və ədəbi tənqidçisi Kseniya Alpinskaya söylədi.

 

Kseniya Alpinskaya teatr tənqidinin tarixindən, bu janrın teatr jurnalistikasından fərqlənməsindən danışdı. Dinləyicilər bu peşəyə necə “daxil olmaq”, hansı peşə keyfiyyətlərini inkişaf etdirmək barədə çox maraqlı şeylər öyrəndilər. İştirakçıların bu janrda sıfırdan, özünüdərkdən başlamaları mümkündürmü? Məlum oldu ki, əgər öz işlərini düzgün qurublarsa, bu variant da mümkündür.

 

Daha sonra Kseniya Alpinskaya konkret misallarla yüksək keyfiyyətli teatr resenziyasının necə qurulduğunu göstərdi. Və dərhal yeni başlayan rəyçilərin əsas səhvləri araşdırıldı: subyektiv qiymətləndirmə, tamaşanın məzmununun təkrarlanması, bir də xüsusi terminologiyaya pis yiyələnmək.

 

Dinləyicilər Kseniya Alpinskayaya teatr tənqidində öz təcrübəsi, müasir teatrın büdcə problemləri və özünü bu janrda sınamağın necə mümkün olması barədə suallarını verdilər.

 

Növbəti gün proqramında yazıçı, publisist və ictimai xadim Qalina Berezinanın oxuduğu "Müasir reallıqlarda kitabların satışı haqqında miflər və həqiqətlər" adlı mühazirə böyük maraq doğurdu.

 

Çıxışda kitab bazarının bütün dünyada həddindən artıq dolması barədə mühüm məlumatlar səsləndi. 2017-ci ildən bu sahədə böhran başladı – tirajlar yarıbayarı azaldı. Böyük nəşriyyatlar naməlum müəlliflərlə işləmək istəmədilər. Qalina Berezina yazar üçün öz adını irəli çəkmək, məşhurlaşmaq üçün bu gün nə lazım olduğunu bildirdi. Bu, yaxşı ədəbi tərcümeyi-hal kimi əsaslardan başlayaraq düzgün tərtib edilmiş əlyazma və sinopsis yazmaq bacarığı, müəllif hüququnun nə olduğunu və müəllif hüququnun hansı formalarını yeni başlayan yazıçının seçə biləcəyi barədə biliklərlə başa çatdırmaqdan ibarətdir.

 

Oxucular Qalina Berezinaya yazı yaradıcılığında, piarda öz şəxsi problemləri, yazı platforması haqqında və kommersiya təşkilatı ilə işin qurulmasına diqqət yetirilməsinin nəyə lazım olduğu barədə suallar verdilər.

 

Daha sonra festival iştirakçıları "Yaradıcı tale gözlənilməzlik sistemi kimi" adlı mühazirəni dinlədilər. Onu Vladimir Sutırin oxudu. Sutırin ədəbiyyat sahəsində iyirmidən çox kitabın müəllifidir, ədəbi mükafatlar laureatıdır. Kino sahəsində rejissordur, onlarla sənədli və televiziya filmlərinin müəllifidir, "Əqil" elmə həsr olunmuş Ümumrusiya film və televiziya proqramları festivalında mükafata sahib olub. Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Mərkəzi Ssenari Studiyası tərəfindən keçirilən "Peşəkar" oyun filmlərinin ssenariləri üzrə Ümumrusiya müsabiqəsinin mükafatçısıdır.

 

Aparıcı öz maraqlı bioqrafiyasının nümunəsində yaradıcılıq yolunun gözlənilməzliyindən danışdı. Gözlənilməzliklər və sualtı daşlar yaradıcı peşələrin insanlarını gözləyir və uğur qazanmaq üçün insanda nə qədər inadkarlıq, məqsədyönlülük və inam olmalıdır ki, bu maneələri dəf edə biləsən..

 

Festivalın qonaqları arasında Sergey Lukyanenko, Roman Zlotnikov, Vadim Panov, Mariya Semyonova, Vasili Qolovaçev və Rusiya ədəbi elitasının digər nümayəndələrinə rast gəlmək olardı. Festivalın əsas sürprizi isə Alan Din Fosterlə – elmi-fantastik filmlər üçün ssenarilərin (o cümlədən dünyaca məşhur "Ulduz yolu" serialının), məşhur kinolentlərin ( o cümlədən "Qaranlıq ulduz", "Yad", "Riddikin Salnamələri", "Nə isə" və s.) dünyaşöhrətli müəllifi ilə görüş oldu. Dünya fantastikasının klassiki ilə görüş videogörüntülər formatında keçirildi. Alan Din Foster bizim həyatımızda kitabın mənası, fantastika janrının yolu, onun dünyagörüşünü necə formalaşdırması, müasir oxucu çevrəsi haqqında danışdı. Onun tarixin fəlsəfəsinin dünya fantastikasına necə təsir etməsi və hazırda dünya fantastikasının necə dəyişməsi, mədəniyyəti hərəkətə gətirməsi və sivilizasiyanın inkişafına kömək etməsi haqqında mülahizələri çox maraqlı idi.

 

Bununla da III böyük onlayn layihənin proqramı başa çatdı və uzun zamandır gözlənilən yekunlaşma və laureatların mükafatlandırılması saatı gəldi. Qaliblərə mükafatlar Boris Dolinqo, Kseniya Alpinskaya, Aleksandr Kofman və Qalina Berezina tərəfindən verildi. Festival monitorlara yazılmış iri “Biz III böyük onlayn layihənin ədəbi müsabiqələrinin bütün qaliblərini təbrik edirik və yeni görüşləri səbirsizliklə gözləyəcəyik” sözlərinin nümayişi ilə başa çatdı.

 

Növbəti buraxılışımızda layihənin qaliblərinin adlarını açıqlayacağıq.

 

 

 

Şəkildə: Alan Din Foster; onlayn layihənin reklam görüntüsü; Beynəlmiləl Yazıçılar İttifaqının emblemi.

 


Fransanın “Boojum” ədəbi nəşrində Azərbaycan yazıçısı və publisisti Əli İldırımoğlunun “Mənim rəncbər atam” kitabı haqqında resenziya dərc edilib.
AzərTAC xəbər verir ki, müəllifi Loik di Stefano olan yazıda Azərbaycan ədəbiyyatının tanınan simalarından olan jurnalist və yazıçı Əli İldırımoğlunun tərcümeyi halı da verilib. Onun 1927-ci ildə sovet Azərbaycanında anadan olduğu bildirilib. Qeyd edilib ki, əmək fəaliyyətinə əvvəlcə müəllim, sonra jurnalist kimi başlayan Ə.İldırımoğlu qısa müddətdə bir sıra aparıcı qəzetlərin baş redaktoru olub. Qələmi sayəsində mədəniyyət sahəsində tez bir zamanda məşhurlaşan jurnalist Vətənə bağlılığı ilə nümunə göstərib. O, Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülüb və özündən sonra bir çox yaradıcılıq nümunəsi miras qoyaraq, ölkə mədəniyyətində dərin iz buraxıb. Onun hekayələri, romanlar, yüzlərlə məqaləsi rus, fars və türk dillərinə tərcümə edilib.
Qeyd olunur ki, müəllif atalıq və ata sevgisi haqqında əsərini əlləri yer ruhu, müdriklik ruhu ilə qidalanmış, şücaətli, dürüst və ədalətli olan rəncbər atasının qarşısında hörmətlə baş əyərək yazıb. Ə.İldırımoğlu qeyd edir: “Bunu hər şeydən əvvəl özüm üçün etdim. Ancaq bu kitab həyatın görünməyən tərəfini görmək istəyənlərin də ürəyinə toxunacaq. Bir sözlə, bu kitab hər kəsə toxuna biləcək”.
Loik di Stefano qeyd edir ki, 90 yaşına yaxınlaşan Əli İldırımoğlu uşaqlığının ölkəsinə səyahətə çıxır. Romanı onun üçün pərəstiş etdiyi rəncbər atasına hörmət rəmzidir. “Mənim rəncbər atam” olduqca maraqlı avtobioqrafik ölçüyə malikdir. Əsər oxucunu 1920-ci illərə, sovet Azərbaycanında paytaxtdan çox-çox uzaqlarda kiçik bir kəndin gündəlik həyatına qərq edir. Hekayə o vaxt əkinçilər ailəsində dünyaya göz açan müəllifin baxışlarını əks etdirir. O, beş yaşında anasız qalarkən topladığı xatirələrini (uşaqlıq, gənclik, yetkinlik dünyası) XX əsrin əvvəllərində və sonunda Azərbaycanda baş verən müharibə, mədəniyyət və sovet cəmiyyətindəki multikulturalizm haqqında düşüncələri ilə cəmləşdirir. Orada hər şey bir-birinə bağlıdır: atası, yoldaşları, əmioğluları, görüşləri, zövqləri, səyahətləri, uşaqlarla münasibətləri, qonşuları. Sovet cəmiyyətində qadınların yeri mövzusuna da diqqət çəkilən əsər poeziya, nostalji, səxavət, sovet Azərbaycanının adətləri, reallıqları ilə zəngindir.
Diqqətə çatdırılır ki, “Mənim rəncbər atam” kitabı kənd və kommunist Azərbaycanının salnaməsidir. Həm gülməli, həm də acı... Bəli, gülməli, hətta müəllifin Qarabağ müharibəsindən, qurbanı olduğu haqsız hücumlardan bəhs etdiyi anlarda həyəcanlı, həyatının ən gözəl xatirələrindən danışdığında isə bir az sadəlövh, amma kövrək salnamədir... Bu hekayədə sadə, təvazökar və təmkinli insan obrazı göstərilir. Sovet rejimi və onun nəticələri, qonşu dövlətlə qanlı münaqişə, din, siyasət, eyni zamanda uşaqlıq xatirələri - personajlarını bir-birindən daha heyrətləndirici təqdim edən Əli İldırımoğlunun bəhs etdiyi süjetlər belədir.
Ə.İldırımoğlu kəndindən çıxarkən peşə həyatından, məruz qaldığı hücumlardan və işəgötürənlərlə münasibətlərindən bəhs edir. Sonra atasının faciəli ölümünü təsvir edir.
Fransalı müəllif qeyd edir ki, əsərin üçüncü hissəsində iki qonşu respublika arasındakı qanlı müharibədən bəhs olunur, bu müharibənin həm cəmiyyətdə, həm də İldırımoğlunun ruhunda iz buraxan dərin izlərindən danışılır. “Mənim rəncbər atam” əsəri tamamilə fərqli bir dünyaya, məkana və zamana, sovet təsirinin dərin əks olunduğu bir dünyaya qərq olmaqdır. Ancaq hər şeydən əvvəl, bu kitab ata məhəbbətini əks etdirən gözəl əsərdir.
Loik di Stefano vurulayır ki, 90 yaşlı azərbaycanlı yazıçı atasına ithaf etdiyi əsəri ilə insanda kövrək hisslər yaradır.


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihə həyata keçirilir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Sarıyoxuş dərəsi adlanan yerdə iki kurqanda arxeoloji qazıntılar aparılır.
Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli və digər əməkdaşları layihənin gedişi ilə tanış olublar.
Layihə haqqında məlumat verən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev ərazidə ötən ilin dekabr ayından 2021-ci ilin fevral ayına qədər aparılmış arxeoloji xilasetmə və arxeoloji kəşfiyyat işlərində ərazidə yerləşən kurqanların qeydə alındığını, GPS koordinatlarının götürüldüyünü bildirib.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, arxeoloq Pərviz Qasımov aparılan arxeoloji işlər haqqında məlumat verib. Bildirib ki, ərazidə yerləşən çoxsaylı kurqanlardan ikisi tədqiq olunub.
İlkin tədqiqatlar zamanı dəfn kamerasında Son Tunc və İlk Dəmir dövrlərində mövcud olmuş Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti üçün xarakterik olan qara cilalı, üzəri  naxışlı bir neçə küp, tuncdan qılınc, dəvə gözü daşından (obsidian) və çaxmaq daşından ox ucluqları, ülgüclər, tuncdan hazırlanmış geyim aksessuarları tapılıb.
Kurqanların birində həmçinin qədim Şərqdə geniş yayılmış silinirik möhür və dövrünün yüksək statuslu şəxsinə məxsus olduğu ehtimal olunan müxtəlif heyvanların qalıqlarının yer aldığı qurbangah aşkar olunub.
Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli həyata keçirilən layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, kurqanlardan aşkar olunmuş üzvü tapıntılardan götürülmüş nümunələrin radiokarbon analizindən sonra dəfn yerlərinin əhatə etdiyi tarixi dövr tam dəqiqləşəcək. Eyni zamanda kurqanların qorunması üçün də müvafiq işlər həyata keçiriləcək.
Qeyd edək ki, iyunun 15-də başlayan layihədə qoruğun əməkdaşları ilə yanaşı könüllülər də yaxından iştirak edirlər.
Layihənin fəal iştirakçılarına Dövlət Xidmətinin sertifikatları təqdim olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.