Super User

Super User

Среда, 04 Август 2021 10:58

İntihar etmiş şairin şedevrləri “Altazor”da

İspaniyanın dünyaca məşhur “Altazor” ədəbi jurnalı avqust buraxılışının anonsunu vermişdir. Bu arada nakam italyan şairi, əfsanəvi Çezare Pavezeyə həsr edilmiş iyul buraxılışı hələ də müzakirə obyekti olaraq qalır. Jurnalda Pavezenin ən mükəmməl şeirləri Emilio Kokonun tərcüməsində verilmişdir.
Çezare Paveze ölkəmizdə poeziyasevərlərə yaxşı tanışdır.  O, 1908-ci ildə Pyemontda anadan olub, 1950-ci ildə Turində dünya ilə vidalaşıb. Çox qəribə tale yaşayıb. İngilis ədəbiyyatı üzrə mütəxəssis olub, Defonu, Folkneri, Dikkensi tərcümə edib. Sonra Doktorluq müdafiəsi və şeir yaradıcılığı gəlir. 1932-ci ildə ailəsinin təkidi ilə faşist partiyasına üzv olub, amma öz iradəsi ilə antifaşist fəaliyyət aparıb. 1935-də partiyadan qovularaq  Kalabriyaya 8 aylıq sürgün edilib.
Müharibədə az vuruşub, astma xəstəliyinə görə yararsız elan edilib, müharibədən sonra kommunizm hərəkatına qoşulub.
Yaşayış yerlərini əlcək kimi dəyişib, heç yerdə qərarlaşa bilməyib.
İtaliyada yaşayaraq filmlərə çəkilən məşhur Amerika aktrisası Konstans Doulinq ilə əzabverici sevgi romanı yaşayıb.
Turinin “Roma” hotelində həddən artıq dozada yuxu dərmanı qəbulu  ilə intihar edərkən belə bir qeyd yazıb qoyub: “Hamını bağışlayıram və xahiş edirəm ki, hamı məni bağışlasın. Məni çox da qınamayın”.
Pavezenin poeziyasında əsas mövzu tənhalıq, özünü natamam hiss etməsi, həyat reallığının insan utopiyası ilə uyğunlaşmaması olub. Onun “Yaşamaq təsərrüfatı” adlı gündəliyi dünyanın hər guşəsində çap olunub. Əsərləri əsasında Antonioninin çəkdiyi “Rəfiqələr” filmi də dünyaca məşhurdur.
“Altazor” öz ispandilli oxucularına
habelə Pavezenin “Gecə” və “Sən Pyatsa di Spanyadan keçəcəksən” şeirlərini təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalı şeirləri sətri tərcümədə oxucularına təqdim edir.

Gecə

Bu küləkli, amma aydın gecəni
Xatirələr bürüdü, çox uzaq xatirələr.
Bomboş pəncərədən
bir oğlan uşağı gecəyə baxırdı,
uzaqlardakı təpələrin siluetləri  soyuq idilər, ümidsiz idilər.
Piçildaşan yarpaqların arasından görünən Qara təpələrdə
üzümlüklər aydın görünürdü,
onlarsa ölü idilər.
Həyat da beləcə, qaranlıq, küləkli, soyuq və ölü idi.

Bəzən inanlmaz sakitliklə
yaddaşın o illəri sənə qaytarır,
inanılmaz işıq, hərarət,
sevinc dolu
o illəri.
 

Sən Pyatsa di Spanyadan keçəcəksən

Aydın səma olacaq,
Daş döşənmiş küçələr
üzünə açılacaq,
Tələskən insanların çoxluğu
havanın saflığını azaldammayacaq,
Çiçəklər qayğısız qadınlar kimi
fəvvarələrə göz vuracaq.
Günəş terrasının pillələri
günəşcün nəğmə oxuyacaqlar.
Hər səhər küçə insanların üzünə açılanda
daşlar da oxuyacaqlar,
ürəklər də döyünəcəklər,
fəvvarə suları da şırıldayacaq,
Səslər birləşəcək.
Pəncərələr daş qoxusuna və
səhər havasının ətrinə alışacaq.
Küçə izdihamı artacaq.

Və birdən hər kəs və hər şey donacaq,
Hər səs kəsiləcək.
Küçənin qapıları sənin üzünə açılacaq.
Sən gəlib bu küçədən keçəcəksən.

Bakıda keçiriləcək 12-ci Beynəlxalq Qısa Filmlər Festivalında yerli və əcnəbi rejissorlar üçün film qəbulu elan olunub. Festivala filmlərin qəbulu avqustun 25-nə kimi aparılacaq.
Festivalın Təşkilat Komitəsinə istinadən AzərTAC bildirir ki, festival noyabrın 12-dən 16-dək keçiriləcək. Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və “Cinemobil” bölmələrinə təqdim edə bilərlər.
Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə festivalın əsas mükafatı “Qızıl Nar” və pul mükafatı təqdim ediləcək.
Festivalın yerli müsabiqəsinin ümumi mükafat fondu 5 min manat təşkil edir.
Festivala göndərilən filmlər Seçim Komissiyası tərəfindən seçilərək müsabiqəyə daxil ediləcək. Kinoforumun rəsmi proqramı 1 noyabrda açıqlanacaq.
Xatırladaq ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalına hər il dünyanın müxtəlif ölkələrindən 2000-dən çox film göndərilir. Onların arasında Kann, Venesiya, Berlin Film festivallarında, “OSKAR” nominasiyalarında mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.

Среда, 04 Август 2021 10:56

Yazıçımızın romanı Türkiyədə nəşr olundu

Türkiyədə TADEV Yayınları nəşriyyatında yazıçı Varisin “Qızıl cib saatı” romanı nəşr olunmuşdur. Hazırda “Kitabyurdu”, “Kitab365.com” və digər platformar üzərində kitabın satışına başlanılmışdır.
Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində aça biləcək “Qızıl cib saatı” romanı Britaniya, Türkiyə və Azərbaycan arxivlərinin materialları əsasında yazılmış, sırf dünya oxucusuna ünvanlanmış bir romandır.
Azərbaycan Xalq Yazıçısı Kamal Abdullanın “Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir,” - deyə qiymət verdiyi roman
Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin, habelə Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vakfının dəstəyi ilə işıq üzü görmüşdür. Romanı Türkiyə türkcəsinə İmdat Avşar çevirmişdir.
Romanın başqa ölkələrdə nəşri də nəzərdə tutulur. O ki qaldı Azərbaycana, romanın ayrı-ayrı hissələri ilə Azərbaycan oxucuları “Ədəbiyyat qəzeti”ndən və “Azərbaycan” jurnalından tanışdırlar, tam romanla tanışlıq isə payız aylarında mümkün olacaq.

Вторник, 03 Август 2021 16:34

Qazaxıstan portalı Məmməd Arazdan yazdı


Azərbaycan Dövlət Tərcümə Mərkəzi ədəbiyyatımızın beynəlxalq müstəvidə təbliğini davam etdirir. Bu dəfə Qazaxıstana üz tutulub. Qazaxıstanın populyar “Adebiportal. kz” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycan Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə edilmiş “İlhamım”, “Od kimi, su kimi” şeirlərinə və ədibin yaradıcılığı haqqında məlumata səhifə ayrılıb. Həmin seirlərin rus dilinə tərcümə müəllifi Rusiyanın tanınmış şairi və tərcüməçisi Nikolay Qoroxovdur.

Dünən “YARAT” Müasir İncəsənət Məkanının qarşısında, açıq havada Mədəniyyət Nazirliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə anonsunu verdiyimiz Azərbaycan Kinosu Gününə həsr olunmuş kinosevərlər gecəsi olduqca maraqlı təqdimatda baş tutdu. Gecədə nüfuzlu film festivallarında uğur qazanan 4 milli filmin premyeraları oldu. Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunurdu.
Premyeradan əvvəl Mədəniyyət naziri Anar Kərimov tamaşaçıları Milli Kino Günü münasibətilə təbrik edərək bilfirdi ki, tədbirə bu qədər insanın toplaşması milli kinoya marağın göstəricisidir. Bu il Azərbaycan kinosunun 123-cü ilinin tamam olduğunu deyən nazir qeyd etdi ki, kino ilk dəfə Fransada yarandıqdan cəmi 2 il sonra Azərbaycana gəlib. “Bu, böyük bir nailiyyətdir. Buna görə Azərbaycan kinosu ilə fəxr etməliyik”, - deyə nazir bildirdi. Və söylədi:
“Mədəniyyət Nazirliyi olaraq məqsədimiz kino sənətini irəli aparmaq, inkişaf etdirmək və bu ənənəni yaşatmaqdır”.
Nümayiş olunacaq 4 filmdən birincisinin - “Olimpiya” filminin rejissoru  Əlisəttar Quliyev çəkdiyi “Olimpiya” filmi barədə məlumat verdi. Qeyd etdi ki, filmin çəkilişlərinə ötən il başlanılıb. İlk olaraq filmin qısametrajlı bir formatda çəkilməsi nəzərdə tutulsa da, sonradan xronometrajı artırmaq qərara alınıb. Filmin “sountrack”ı isə tam olaraq müəllif musiqisidir.
Sonra filmlərin nümayişinə başlanıldı.
Filmlər barədə portalımız ətraflı məlumat versə də bir daha bu uğurlu filmlər barədə danışacağıq.
İlk nümayiş olunan film Əlisəttar Quliyevin rejissorluğu ilə çəkilən “Olimpiya” melodraması oldu. 2021-ci ildə Azərbaycan tərəfindən istehsal olunan “Olimpiya” ekran əsəri bir idmançının həyatından bəhs edir. Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində başlayıb, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov uzun müddətdir, peşəkar idmandan uzaqlaşıb, doğma qəsəbəsində sakit həyat sürür. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi müəllimidir. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir...
Qısa fasilədən sonra “Daxildəki ada” dramının nümayişinə başlanıldı. Azərbaycan-Fransa istehsalı olan və 100 dəqiqə davam edən filmin rejissoru Rüfət Həsənovdur. Filmin süjeti Seymur Tahirbəyov adlı qrossmeyster üzərində qurulub. O, karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya xəlvətcə yola düşür.
Sonra Teymur Hacıyevin “Axşama doğru” qısa dramı göstərildi. Xronometrajı 12 dəqiqə olan film Azərbaycan istehsalıdır. Film ailə məclisində iştirak etmək üçün şəhər kənarına çıxan cütlükdən bəhs edir. Məişət məsələləri onları dayanmağa və hiss edilən, lakin gözlənilməyən reallığı kəşf etməyə sövq edir.
Gecənin son 21 dəqiqəsi “Quxuroba” filminə ayrıldı. Dram janrında çəkilən “Quxuroba” 2020-ci ildə Azərbaycanda istehsal olunub. Filmin süjet xəttinə görə taksi sürücüsü Rasim müdirindən çox vacib bir tapşırıq alır - o, şəhər kənarındakı ucqar bir kəndə gəlinlik paltarı çatdırmalıdır.
4 saat davam edən kinoseans zamanı tamaşaçılar filmləri maraqla izlədilər.
Bir sözlə, kino bayramı baş tutdu.

Вторник, 03 Август 2021 05:08

Rəssam olacaqdı, səhvən heykəltəraş oldu

Yazının əvvəlində sual qoyacağıq: Niyə Azərbaycanda musiqi sahəsi istisna olmaqla (musiqi sahəsinin gəlir gətirməsinin səbəbi də, əslində, dolayı yolladır, toy biznesi hesabınadır) digər sahələr - ədəbiyyat, rəssamlıq, memarlıq kimi fərdi mədəniyyət sahələri gəlir gətirmir? Niyə bu sahələrdə ixtisaslaşmış insanlar sənətlərinə hobbi kimi yanaşmağa məcburdurlar?
“Ədəbiyyat və incəsənət” portalında  istedadlı gənc tişə ustası Elxan Zeynalov barədə danışmaq istəyirik. Elxan 11 aprel 1996-cı ildə Gəncə şəhərində anadan olub. Şəhərdəki  M.Müşfiq adına 14 saylı tam orta məktəbdə oxuyub. Uşaqlıqdan rəssamlığa meyil salıb. 5-ci sinifdən Gəncə şəhər Uşaq yaradıcılıq mərkəzinə gedib, 8-ci sinifdən isə rəssam Yusif Hüseynovun emalatxanasında sənətin sirlərini öyrənib. 2014-cü ildə orta məktəbi bitirən Elxan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə imtahan verib. Böyük uğurla nəticələnən imtahan sonrası ixtisas seçimində isə yanlışlıq baş verib və o, həmin fakültədə təhsil ala bilməyib, heykəltəraşlıq ixtisasına qəbul edilib. Yanlış da naxışdır, bu yanlışlıq Elxanın heykəltəraşlıqda gizli istedadını üzə çıxarıb.
Gənc heykəltəraş bakalavr təhsilini Xalq rəssamı, professor Tokay Məmmədovun emalatxanasında alıb. Tokay Məmmədovdan savayı, Əməkdar rəssam Azad Zeynalovdan, heykəltəraş Nurlan Məmmədovdan dərslər alıb, püxtələşib, bir çox sərgilərdə uğurla iştirak edib. Bakalavr təhsilini başa vuran heykəltəraş diplom işi olaraq “İmadəddin Nəsimi” obrazını seçib. O, şairin həyatının kulminasiya anını əbədiləşdirib, onu əlləri bağlı şəkildə edam kürsüsünə gedərkən təsvir edib. Gənc istedadın bu işi çox bəyənilib.
Elxan Zeynalov 2018-ci ildə bakalavr təhsilini başa vuraraq magistraturaya daxil olub, bununla bərabər pedaqoji fəaliyyətlə də məşğul olan heykəltəraşın yaradıcılığına yeni mərhələ qədəm qoyub. Magistr təhsilində Xalq rəssamı, akademik Ömər Eldarov, Akif Əsgərov kimi görkəmli heykəltəraşlardan dərs alıb. Hazırda onun yaradıcılıq spektri çox rəngarəngdir. O, Azərbaycanın görkəmli şəxsiyyətlərinin, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin obrazlarını sevə-sevə yaradır. Diplom müdafiəsində Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Ağdamın cəsur övladı Allahverdi Bağırovun heykəlini hazırlayıb. Heykəlin Ağdam şəhərində ucaldılması nəzərdə tutulur.
Eldar Zeynalovun ən uğurlu işləri arasında Milli Qəhrəman Çingiz Qurbanovun və Milli Qəhrəman, general Polad Həşimovun büstlərini, tanınmış Azərbaycan müğənnisi Xan Şuşinskinin portret heykəlini  göstərmək olar. Hazırda gənc heykəltəraş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tərbiyə müəssisəsində və Bakı İstanbul liseyində pedaqoji fəaliyyət göstərərək yaradıcılığına da davam edir.
Bu yerdə onu da deyək ki, heykəltəraşlıq sahəsində bu cür sənətkarlıq nümunələri ortaya qoya bilən bir şəxs başqa ölkələrdə əsərlərini hərrac vasitəsi ilə satmaqla böyük gəlirlər əldə edə bilir, təəssüf ki, Azərbaycanda belə praktika yoxdur. Elxan Zeynalov da ümidini ona bağlayıb ki, haçansa Azərbaycanda da sənət bazarları formalaşar, yaradıcı insanlar öz fitri istedadları hesabına ərsəyə gətirdikləri incilərlə öz güzəranlarını yaxşılaşdıra bilərlər.
Söhbət zamanı Elxan bizə hansı işini satışa çıxarmaq istədiyini də bildirdi. Bu, Nəsiminin heykəlidir. Elxan deyir, inanıram ki, belə dərin filosof şair obrazı onu alan şəxsə hər zaman enerji bəxş edəcək.

Şəkillərdə: İmadəddin Nəsiminin heykəli; Allahverdi Bağırovun heykəli.

Kanadalı rejissor Leah Kemeronun "Kommunistin qızı" (The communist's Daughter) komediyası  Rusiyanın Nijniy Novqorod şəhərində keçirilən Realist web Fest- serialların Beynəlxalq festivalında əsas mükafata layiq görülüb.
Finalçıların təntənəli mükafatlandırma mərasimi bazar günü keçirilib. "Mən hamımızın festivalına təşəkkür edirəm. Gözəl proqram üçün təşəkkür edirik. Demək olar ki, yekdilliklə "Kommunist qızı" serialına əsas mükafatı vermək qərarına gəldik, - münsiflər heyətinin üzvü, aktrisa Olqa Sutulova bildirib.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən bildirir ki,
"Kommunist qızı" komediyası 1989-cu ildə Torontoda lentə alınıb. Süjetin mərkəzində əqidəli kommunistlərin ailəsində böyüyən 15 yaşlı qız dayanır. "Bu böyük şərəfdir. Biz bu layihənin yaradılmasına çox böyük qüvvə sərf etmişik. Serial üçün ilham mənbəyi mənim ekssentrik atam idi. O, altı il əvvəl vəfat edib, amma biz qərara gəldik ki, bu  komediyanı etməliyik", - deyə video vasitəsilə müsabiqəylə əlaqə saxlayan qalib Leah Kemeron bildirib.
"Biz bu il müsabiqədə çoxlu sayda Rusiya layihəsinin iştirakından çox məmnunuq. Mən narahat olmayacağam, Rusiyanın ən yaxşı web seriyası olan “P. S." layihəsidir, o, insan irqinin dərin sirlərini inanılmaz şəkildə kəşf edir", - deyə festivalın yaradıcısı Anton Kalinkin bildirib. Aleksey Furmanovun filminə deyil, kanadalı rejissora qalib adını vermək isə olsun ki, bir qonaqpərvərlik jestidir.
Müsabiqə proqramını ssenari  müəllifləri Vladimir və Oleq Presnyakov, rejissor Maksim Pejemski, həmçinin web-serial sənayesinin beynəlxalq nümayəndələri Leandro Silva, Rouz of D və Joel Bassage qiymətləndiriblər.
Ekspertlər Avstraliyanın "Sevgi, silah və yeni səviyyələr" (Love, Guns & Level Ups) layihəsinin yaradıcılarını - Endryu Şenkis və Nikolas Kliri ən yaxşı rejissor nominasiyasında fəqrləndiriblər. Ən yaxşı ssenariyə görə mükafatı "Xalq Yazıçısı - 3" dramına görə Mişel Düşənə və Erik Pikkoliyə təqdim ediblər.
Ən yaxşı ideya üçün mükafat İsveçrədən Malu Briand və Rafael Meyerə Səfillər (Bastards) dramına görə qismət olub. Münsiflər heyətinin xüsusi diplomuna qazaxıstanlı rejissor Urnar Nurqaliyevin "Gecə ifritələri" filmi layiq görülüb.
2018-ci ildən bəri Rusiyada keçirilən yeganə realist web-serial festivalı dünyanın hər yerindən bu formatın ən yaxşı layihələrini birləşdirir. O, web-serialların (Dünya Kuboku web seriyası) Beynəlxalq çempionatının bir hissəsidir.

 Şəkildə: Qalib filmdən bir görüntü

“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı, Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə “Nizami dünyası” kompozisiyası təqdim olunub.
Tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində və Nizami irsinin təbliği məqsədilə baş tutub.
AzərTAC xəbər verir ki, tədbirdə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
bildiriblər ki, kompozisiyada Nizami Gəncəvinin həyatı ilə yanaşı, onun “Xəmsə” poemasına daxil olan “Sirlər Xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “Yeddi Gözəl”, “İsgəndərnamə” əsərləri də səhnələşdirilib.
Tədbirin əsas məqsədi gənclər arasında dahi şairin yaradıcılığına xüsusi diqqət ayırmaqla təbliğatın aparılması və bu prosesdə onların birbaşa iştirakçılığını təşkil etməkdir.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Понедельник, 02 Август 2021 23:04

Amaliya Pənahovaya yaşadığı binanın qarşısında barelyef qoyuldu

Bu gün - milli kino günündə
Xalq artisti, unudulmaz aktrisa Amaliya Pənahovanın yaşadığı binanın qarşısında - Fikrət Əmirov 1 ünvanında barelyefinin açılış mərasimi oldu. Açılış mərasimində
mədəniyyət naziri Anar Kərimov çıxış etdi. O söylədi:
“O, Azərbaycanın ən sevimli teatr və kino xadimi idi. Azərbaycan xalqı onu çox sevirdi. Amaliya xanım 40 il teatr sahəsində çalışdığı dövrdə bir-birindən maraqlı və yaddaqalan obrazlar yaratmışdı. Müstəqillik dövründə dövlətimiz tərifindən ən ali mükafatlara layiq görülüb. Onun yaşadığı binada barelyefinin qurulması dövlət tərifindən unudulmaz sənətkarımızın fəaliyyətinə göstərilən diqqətin göstəricisidir.
Azərbaycan dövləti və xalqı Amaliya Pənahovanın xatirəsini daim əziz tutur, mədəniyyətimizin inkişafındakı xidmətlərini təqdir edir.”
Görkəmli sənətkarın teatr sahəsindəki əzmkar fəaliyyətinə diqqət çəkən nazir daha sonra söylədi ki, Amaliya xanım 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb: “Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Əməkdar artist, 1985-ci ildə isə Azərbaycan SSR-in Xalq artisti fəxri adı verilib. 1982-ci ildə “İlin aktrisası” elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Amaliya Pənahovanın həyat və fəaliyyətindən söz açdı: “Amaliya xanımın bir neçə mənzili var idi. Çalışdığı teatr, kinostudiya və Milli Məclis onun evi idi. Onun ifa etdiyi rollar yaşayır və bundan sonra da yaşayacaq. Bir arzusu var idi ki, Təhminə roluna yenidən çəkilsin. Ancaq amansız həyat buna imkan vermədi. Nə yaxşı ki, bizim həyatımızda, ömrümüzdə Amaliya Pənahova kimi insan var idi”.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev aktrisanın siyasi fəaliyyətindən də diqqət ayırdı. O bildirdi ki, Amaliya xanımın sənət fəaliyyəti teatr ilə məhdudlaşmırdı. Onun fəaliyyəti çoxşaxəli idi: “Amaliya xanım Yeni Azərbaycan Partiyasının fəaliyyətində də yaxından iştirak edirdi. Özünəməxsus bir məktəb formalaşdırmışdı. O, xalqına sənəti kimi bağlı insan idi. Onun həyat və fəaliyyəti həm də çoxmənalı idi. Dövlətimiz də daim Amaliya xanımın fəaliyyətini yüksək qiymətləndirib”.
Xalq artistləri Azər Paşa Nemətov, Rasim Balayev, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və digərləri çıxış edərək unudulmaz sənətkarla bağlı xatirələrini bölüşdülər, onun sənət dünyasından bəhs etdilər. Çıxışlarda qeyd edilib ki, Amaliya xanım, həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. Sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Amaliya Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gənc aktyorlar nəslinin yetişməsi üçün bir alim olaraq böyük əmək sərf edib. O, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Sonra müəllifi heykəltəraş, Xalq rəssamı Natiq Əliyev olan barelyefin açılışını bildirən qırmızı lent kəsildi.
Bundan sonra Fikrət Əmirov küçəsi ilə keçənlər unudulmaz aktrisamızın gülümsər çöhrəsi ilə qarşılaşacaqlar.
Ruhu şad olsun!

Понедельник, 02 Август 2021 18:30

Amaliya Pənahovaya yaşadığı binanın qarşısında barelyef qoyuldu


Bu gün - milli kino günündə
Xalq artisti, unudulmaz aktrisa Amaliya Pənahovanın yaşadığı binanın qarşısında - Fikrət Əmirov 1 ünvanında barelyefinin açılış mərasimi oldu. Açılış mərasimində
mədəniyyət naziri Anar Kərimov çıxış etdi. O söylədi:
“O, Azərbaycanın ən sevimli teatr və kino xadimi idi. Azərbaycan xalqı onu çox sevirdi. Amaliya xanım 40 il teatr sahəsində çalışdığı dövrdə bir-birindən maraqlı və yaddaqalan obrazlar yaratmışdı. Müstəqillik dövründə dövlətimiz tərifindən ən ali mükafatlara layiq görülüb. Onun yaşadığı binada barelyefinin qurulması dövlət tərifindən unudulmaz sənətkarımızın fəaliyyətinə göstərilən diqqətin göstəricisidir.
Azərbaycan dövləti və xalqı Amaliya Pənahovanın xatirəsini daim əziz tutur, mədəniyyətimizin inkişafındakı xidmətlərini təqdir edir.”
Görkəmli sənətkarın teatr sahəsindəki əzmkar fəaliyyətinə diqqət çəkən nazir daha sonra söylədi ki, Amaliya xanım 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb: “Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Əməkdar artist, 1985-ci ildə isə Azərbaycan SSR-in Xalq artisti fəxri adı verilib. 1982-ci ildə “İlin aktrisası” elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Amaliya Pənahovanın həyat və fəaliyyətindən söz açdı: “Amaliya xanımın bir neçə mənzili var idi. Çalışdığı teatr, kinostudiya və Milli Məclis onun evi idi. Onun ifa etdiyi rollar yaşayır və bundan sonra da yaşayacaq. Bir arzusu var idi ki, Təhminə roluna yenidən çəkilsin. Ancaq amansız həyat buna imkan vermədi. Nə yaxşı ki, bizim həyatımızda, ömrümüzdə Amaliya Pənahova kimi insan var idi”.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev aktrisanın siyasi fəaliyyətindən də diqqət ayırdı. O bildirdi ki, Amaliya xanımın sənət fəaliyyəti teatr ilə məhdudlaşmırdı. Onun fəaliyyəti çoxşaxəli idi: “Amaliya xanım Yeni Azərbaycan Partiyasının fəaliyyətində də yaxından iştirak edirdi. Özünəməxsus bir məktəb formalaşdırmışdı. O, xalqına sənəti kimi bağlı insan idi. Onun həyat və fəaliyyəti həm də çoxmənalı idi. Dövlətimiz də daim Amaliya xanımın fəaliyyətini yüksək qiymətləndirib”.
Xalq artistləri Azər Paşa Nemətov, Rasim Balayev, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və digərləri çıxış edərək unudulmaz sənətkarla bağlı xatirələrini bölüşdülər, onun sənət dünyasından bəhs etdilər. Çıxışlarda qeyd edilib ki, Amaliya xanım, həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. Sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Amaliya Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gənc aktyorlar nəslinin yetişməsi üçün bir alim olaraq böyük əmək sərf edib. O, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Sonra müəllifi heykəltəraş, Xalq rəssamı Natiq Əliyev olan barelyefin açılışını bildirən qırmızı lent kəsildi.
Bundan sonra Fikrət Əmirov küçəsi ilə keçənlər unudulmaz aktrisamızın gülümsər çöhrəsi ilə qarşılaşacaqlar.
Ruhu şad olsun!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.