Super User
Bakı Kitab Mərkəzində gənc yazıçı Şah Selim Türkayın “Ev dustağıyam” kitabının təqdimatı oldu
Ölkə kitabsevərlərinin əsas ocağı sayılan Bakı Kitab Mərkəzi bu yay günlərində də qonaqlı-qaralıdır. Ötən gün orada gənc yazıçı xanımın - Şah Selimi Türkayın “Ev dustağıyam” əsərinin təqdimatı və imza günü keçirildi.
Tədbiri giriş sözü ilə açan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirdi ki, “Ev dustağıyam” romanı müəllifin Azərbaycan dilində yazdığı ilk əsərdir. Müəllifin uzun illər Londonda yaşadığını deyən G.Anarqızı bildirdi ki, yazıçı gənclər üçün bir örnəkdir, çünki o, ölkəmizi xaricdə layiqincə təmsil edir.
Əsərin olduqca maraqlı və peşəkar səviyyədə yazıldığını bildirən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qeyd etdi ki, kitabı oxuduqdan sonra onda suallar yaranıb və o, bu suallara romanın son fəslində cavab tapıb. Əsərin əvvəlcə ingilis dilində yazıldığını, sonradan müəllif tərəfindən tərcümə olunduğunu bildirən Rəşad Məcid söylədi ki, mətn Azərbaycan dilində olduqca qeyri-adi və orijinal səslənir: “Hamı bilir ki, böyük romanlar insanları qorxudur, ancaq bu kitab məni cazibəsinə aldı və əsəri axıra qədər oxudum”, - deyə Rəşad Məcid vurğuladı.
“ASAN Radio”nun rəhbəri Emin Musəvi əsərə Azərbaycanın tanımış yazıçıları tərəfindən müsbət rəy verildiyini söylədi. Qeyd etdi ki, bu, Şah Selimi Türkay üçün böyük uğurdur. O, bunun gələcəkdə yazıçı üçün bir motivasiya olacağını dedi.
AzərTAC-ın verdiyi xəbərə görə, sonda tədbirə qatılanlara təşəkkür edən Şah Selimi Türkay əsərlə bağlı fikirlərini bölüşdü: “Romanın ümumi məğzi azadlıqda olarkən öz daxili dustaqlıq həyatını yaşayan insanlar barəsindədir. Mən nümunəvi, həqiqi müəllim obrazı yaratmaq istəmişəm. Ümid edirəm yaratdığım həqiqi müəllim obrazı bir çox gənclərimizə nümunə olacaq”.
Qeyd edək ki, Şah Selimi Türkay Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunu olduqdan sonra təhsilini Londonda davam etdirib. 2015-2018-ci illərdə Azərbaycanın müxtəlif dövlət qurumlarında strateji tədqiqatçı, iqtisadi analitik, layihə və investisiyalar üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Ədəbi yaradıcılığa xüsusi marağı olan Şah Selimi Türkayın 2019-cu ildə qələmə aldığı bir qısa hekayəsi Londonun tanınmış Faber Akademiyası tərəfindən yüksək qiymətləndirilib.
O ki qaldı “Ev dustağı” əsərinə, əsərin ana xəttini insan əqidəsinin, ruhunun, fikir və düşüncəsinin azadlığı, mənəvi müstəqilliyi təşkil edir. Əsərin qəhrəmanlarının dilindən sonsuz sevgi, övlad və yurd həsrəti, humanistlik və insan dünyasının mənəvi toxluğu, türk dünyasının keçdiyi tarixi yol ön planda bədii ifadələrlə və obrazlı sözlərlə təsvir edilib.
Nitsanı YUNESKO Dünya İrs Siyahısına daxil etdi
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (YUNESKO) Çərşənbə axşamı Nitsa şəhərini Dünya İrsi Siyahısına daxil etdi. Qərar YUNESKO-nun Dünya İrs Komitəsinin Fuco (Fujian əyaləti) şəhərində keçirilən 44-cü sessiyasında online rejimində qəbul edildi.
Bu barədə “Ədəbiyyat və
incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir.
Nitsa “Qış Rivierasının şəhər kurortu" kimi siyahıya alındı.
Şəhərin yeni Fəxri statusunu şərh edən onun meri Kristian Estrozi vurğuladı ki, "Nitsa şəhərinin tarixi həmişə dünyaya açıq olub, bu, həm Aralıq dənizi, həm də Alp regionlarının tarixidir, bu, bir Avropa şəhəridir və həm də kosmopolit şəhərdir". "Nitsanın arxitekturası və mənzərələri unikaldır, dünyanın bir çox şəhərləri üçün o, bir nümunədir” - deyə mer əlavə edib.
Mələklər buxtasının sahilində yerləşən Nitsa Sahilyanı Alp Departamentinin paytaxtı və Fransanın Kəhraba sahilində əsas şəhər və kurort bölgəsidir. IV əsrdə Qədim yunanlar tərəfindən qurulan yaşayış məntəqəsi tez bir zamanda sahillərin ən böyük ticarət şəhərlərindən birinə çevrilmişdi.
Hazırda bura həm də mədəniyyət mərkəzi kimi tanınır, dünya kinosunun əsas hadisələrindən sayılan Kann festivalı orada keçirilir.
Qeyd edək ki, London, Mayami, Karlovı-Varı kimi Nitsa da azərbaycanlı varlılar üçün ən çox mülk alınan şəhərlər sırasındadır.
“Luis Valtuenya Beynəlxalq humanitar fotoqrafiya mükafatı 2021” elan olundu
Həvəskar və peşəkar fotoqraflar arasında bu il üçün “Luis Valtuenya Beynəlxalq humanitar fotoqrafiya mükafatı” uğrunda müsabiqə proqramı elan olundu.
Bu müsabiqə İspaniyanın “Medicos del Mundo” təşkilatı tərəfindən təşkil edilib. Müsabiqənin əsas məziyyəti odur ki, istənilən şəxs ona qatıla bilər. Təbii ki, ölkəmizin fotosevərləri də öz növbələrində.
Hər bir iştirakçı minimum 5 və maksimum 10 fotoşəkil təqdim etməlidir. Müsabiqə pandemiya, sağlamlıq, təbii fəlakətlər, humanitar fəaliyyət, beynəlxalq əməkdaşlıq, sosial təcrid, insan haqlarının pozulması, silahlı qarşıdurmalar, həssas qruplar, qaçqın və ya miqrant əhalisi nominasiyaları üzrə keçirilir.
Təqdim olunan fotoşəkillər 2020-2021-ci illər arasında çəkilmiş olmalıdır.
Birinci yeri tutana 6 min avro və “Leica Q2” professional fotokamerası hədiyyə edilir.
Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://premioluisvaltuena.org/en/open-call/ linkinə daxil ola bilərsiniz.
Və onu da qeyd edək ki, qalib gəlmək üçün hər kəsin şansı var, ötən il müsabiqənin qalibi Mərakeş əsilli həvəskar fotoqraf olub.
Ədalət Şükürov yeni klipini Moskvada çəkdirdi
Tanınmış müğənni, Respublikanın Əməkdar Artisti Ədalət Şükürov bir müddət idi ki, bir neçə sənət yoldaşıyla birgə Moskva şəhərində yaradıcılıq ezamiyyətində idi, konsertlər verirdilər. Həmin dönəmdə Ədalət yeni mahnısına - «Bu nə həyatdır”a («И что за жизнь») klip çəkdirməyə də macal tapıb.
Ayrılıq barədə olan mahnıda sevginin ən böyük xoşbəxtlik olması və bir gün əliqılınclı ayrılığın gəlişinin labüdlüyü lirik tonlarla dinləyici ovqatını kövrəkliyə kökləyir. Klip də çox gözəl alınıb, mahnının ideyasını və məziyyətlərini tam açır.
Ədalət Şükürovun “Bu nə həyatdır” mahnısının hit-paradlarda yer tutacağı, ölkə musiqi gündəminə yeni ab-hava gətirəcəyi gözləniləndir.
AYB sədri Anar Seyran Səxavəti təltif etdi
Yazıçı Seyran Səxavət Azərbaycan Yazıçılar Birliyinin “Nizami Gəncəvi” mükafatına layiq görülüb.
Yazıçılar Birliyinin Mətbuat katibi Xəyal Rzanın verdiyi məlumata görə, mükafatı yazıçıya iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təqdim edib. AYB sədri yazıçını bu münasibətlə təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Seyran Səxavət belə bir dəyərli mükafata layiq görüldüyü üçün AYB rəhbərliyinə təşəkkürünü bildirib.
Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil alıb. “Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991).
Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunmuşdur. "Qızıl teşt" pyesi Azərbaycan Akademik Dram teatrında (1988), "Büst" pyesi Lənkəran (1989), "Qapıların o üzündə qalan dünya" pyesi Füzuli (1990) Dövlət Dram teatrlarında tamaşaya qoyulmuşdur.
2002-ci ildə yazıçının "Nekroloq" romanı Azərbaycan Yazıçılar Birliyinin Y. Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülmüşdür.
Dünya xevi-metal janrının əfsanəsi haqq dünyasına qovuşdu
Dünən məşhur Metal Church rok qrupunun vokalçısı Mike Hou Kaliforniya ştatının Jurica şəhərində həyatının 56 ilində haqq dünyasına qovuşdu.
"Ən dərin təəssüflərlə qardaşımızın, dostumuzun və xevi-metalın əsl əfsanəsinin ölümü barədə məlumat verməliyik. Mayk Hou bu səhər Kaliforniyanın Yurika şəhərində öz evində vəfat edib. Biz viran qalmışıq və sözləri tapa bilmirik", - deyə qrupun Facebook-dakı saytında dərc edilmiş məlumatda bildirilir. Musiqiçinin ölüm səbəbi dəqiqləşdirilməyib hələ.
Metal Church-Amerika rok qrupu San Fransisko şəhərində 1980-ci ildə yaradılmışdır. Qrup indiyədək 12-dən çox studiya albomu buraxmışdır.
Qeyd edək ki, eyni gündə Amerikadan daha bir üzücü xəbər gəldi.
Köhnə təbilçi və Slipknot Amerika rok qrupunun təsisçilərindən biri olan Joey Jordison həyatının 47-ci ilində vəfat etdi. Bu barədə müsiqiçinin ailəsinin yaydığı bəyanatda deyilir. Bəyanatdan göründüyü kimi, 2013-cü ildə Slipknot tərkibindən çıxan Jordison yatıb yuxudan durmayıb. Musiqiçinin dəfni geniş ictimaiyyət üçün bağlı olacaq, onun qohumları vurğulayıblar.
Slipknot rok qrupu 1995-ci ildə Ayova əyalətində yaradılıb. Cordison 18 ildən artıqdır ki, Nyu-metal janrında musiqi ifa edən kollektivin təbilçisi olub. Slipknot bir neçə Platin alboma (10 milyon nüsxədən artıq satılan albomlar) sahibdir, 2006-cı ildə qrup Before I Forget mahnısına görə Grammy mükafatına layiq görülmüşdü.
Şəkillərdə: Mike Hau və Joey Jordison
Müslüm Maqomayevin və Tofiq Quliyevin heykəllərinin qoyulacağı yerlər müəyyənləşib
Özbəkistanın “Kitob dunyasi” qəzeti Azərbaycan ədiblərinə səhifələr ayırıb
Daşkənddə özbək dilində çap edilən “Kitob dunyasi” qəzetində Azərbaycan mövzusunda materiallar yer alıb.
AzərTAC-ın Daşkənd bürosunun məlumatına görə, qəzetin birinci səhifəsində Azərbaycanın Xalq şairi Musa Yaqubun həyat və yaradıcılığı haqqında geniş məqalə dərc olunub.
Qəzetdə şairlər Afaq Şıxlının, Təranə Turan Rəhimlinin şeirləri də yer alıb.
Nəşrin növbəti nömrəsində Əkbər Qoşalının “Özbəkistan” şeri və Fərid Hüseynin “Xivə dəftəri” silsiləsindən şeirləri də yerləşdirib.
Şeirləri orijinaldan Raxmat Bobojon, Şəhla Qasımova, Şermurod Subhon və Marufjon Yuldaşev tərcümə edib.
XII Qəbələ Musiqi Festivalı Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunacaq
Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil və Mədəniyyət nazirlikləri, Bakı Musiqi Akademiyası və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən, xarici və yerli musiqiçilərin rəğbətini qazanan, gözəl ənənəyə çevrilən Qəbələ musiqi festival bu dəfə iyulun 31-dən avqustun 4-dək reallaşacaq.
Mədəniyyət Nazirliyindən bildirilib ki, bu il də festival əlamətdar hadisəyə həsr olunub. Məlum olduğu kimi, 2021-ci il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi qeyd olunur. Yubileyin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 26 may 2021-ci il tarixində Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
AzərTAC-ın məlumatına görə, ictimaiyyət arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Musiqisevərlər 5 gün davam edəcək festivalda bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Həmçinin festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunub.
Festivalın bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, icraçı direktoru Əməkdar artist Səbinə Əsədova, festivalın koordinatoru və bukletin tərtibatçısı Azərbaycan Dövlət Akademik Filarmoniyasının quruluşçu rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə, festivalın təşkilat komitəsinin üzvləri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi professor Nərminə Quliyeva, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr, ictimai əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti professor Yeganə Axundova, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini Afət Mikayılov, festivalın aparıcıları isə Xalq artisti professor Zəhra Quliyeva, Əməkdar artist Oleq Əmirbəyovdur.
İlk olaraq iyulun 31-də 17.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti keçiriləcək. Heydər Əliyev Konqres Mərkəzində baş tutacaq konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış edəcəklər.
XII Qəbələ Musiqi Festivalının təntənəli açılışı 31 iyul saat 21.00-da açıq səhnədə (Qafqaz Resort) Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifası ilə reallaşacaq. Açılışda bədii rəhbər və baş hərbi dirijor Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadə, Orkestr rəisi, Əməkdar incəsənət xadimi polkovnik-leytenant Rüfət Axundzadə və hərbi dirijor baş leytenant Elnur Qurbanovun rəhbərliyi altında Arslan Növrəsli (tar), Aynur İsgəndərli (vokal), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara) ifası dinləniləcək.
Avqustun 1-də 17.00-da Konqres Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti keçiriləcək.
Həmçinin avqustun 1-də saat 21.00-da Konqres Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Bakı Kamera orkestri"nin konserti olacaq.
Avqustun 2-də saat 17.00-da Konqres Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin konserti keçiriləcək.
Avqustun 2-də saat 21.00-da açıq səhnədə (Qafqaz Resort) "Zəfər muğam kompozisiyası" adlı Muğam axşamı keçiriləcək.
Avqustun 3-də saat 17.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin konserti baş tutacaq.
Avqustun 3-də saat 21.00-da isə açıq səhnədə bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti, Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Əməkdar artist, istedadlı violin ifaçısı Elvin Qəniyevin konserti təşkil olunacaq.
Avqustun 4-də saat 17.00-da Konqres Mərkəzində respublika və beynəlxalq müsabiqələr laureatı Eldəniz Ələkbərzadənin ifasında “Fortepiano musiqisi axşamı” keçiriləcək.
XII Qəbələ Musiqi Festivalının təntənəli bağlanışı avqustun 4-də saat 21.00-da açıq səhnədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə - Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu altında tamaşaçılara “Viva opera” adlı konsert proqramı təqdim olunacaq. Solistlər - Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əvəz Abdulla, Əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, respublika və beynəlxalq müsabiqələr laureatları Elmina Həsənova, Adil Axundov, Mahir Tağızadə, Atəş Qarayevdir.
Nobel mükafatı laureatı Kadzuo İsiquro Buker mükafatını almağa əsas namizəddir
Xəbər verdiyimiz kimi Londonda ingilis dilində ədəbiyyat sahəsində ən nüfuzlu mükafatlardan biri olan Buker mükafatının (Booker Prize) 13 yazıçıdan ibarət uzun siyahısı elan edilib. Yapon mənşəli Britaniya yazıçısı Kazuo Isiquronun adının "Klara və Günəş" (Klara and The Sun) antiutopiya janrında fantastik romanı ilə uzun siyahıya daxil edilməsi onu ən şanslı namizəd kimi nəzərdən keçirməyə imkan verir.
Bəs digər 12 nəfər kimlərdir? Birləşmiş Krallığı siyahıda üç yazıçı təmsil eləyir. Bu, artıq adını çəkdiyimiz İsiquro, eləcə də Sunjiv Sahota və Francis Spafforddur. İngilis pasportuna uzun siyahıdan daha iki müəllif malikdir - kanadalı Reyçel Kask və Somalidən olan yazıçı Nadif Mohamed. ABŞ-dan mübarizəni dörd müəllif davam etdirir: Riçard Pauers, Maggi Şipsted, Natan Harris və Patrisiya Lokvud. Son iki müəllif bu siyahıya debüt işləri ilə daxil olub. Eyni zamanda iki yazıçı - Deymon Gelgut və Karen Jennings Cənubi Afrikanı, Anuk Arudpragazam Şri - Lankanı, Meri Louson Kanadanı təmsil edirlər.
Kadzuo İsiquro
Həqiqətən də Nobel mükafatçısı, şöhrətli İsiquro ən şanslı namizəd hesab edilir. İsiquro 1954 -cü ildə 2-ci dünya müharibəsi zamanı amerikalıların atom bombası atdıqları Naqasaki şəhərində dünyaya gəlib, 1960-cı ildə ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb.
O, hələ 1989-cu ildə "Günün qalan hissəsi" romanı (The Remains of the Day) üçün Buker mükafatına layiq görülüb, qısa siyahıya indiyə kimi cəmi üç dəfə düşüb. Nobel mükafatı isə ona 2017-ci ildə verilib.
Bu dəfə yazıçı "Klara və Günəş" adlı antiutopiya janrında yazdığı fantastik romanı ilə uzun siyahıya daxil olub. Kitab 2021-ci ildə nəşr olunub, bir neçə xarici ölkədə nəşr olunmağa macal tapıb.
Münsiflər heyəti sədrinin rəyi
Münsiflər heyətinin rəhbəri, amerikalı tarixçi və yazıçı, Harvard Universitetinin müəllimi Maya Sasanoff seçilmiş bütün əsərlərin özünəməxsus dilinə diqqət çəkib.
"Bu kitabları birləşdirən bir şey, oxucunu qeyri-adi bir hekayəyə daxil etmək və bunu bacarıqlı, fərqli səslənmənin köməyi ilə etmək imkanıdır. Pandemiya zamanı xüsusilə qeyd etmək vacibdir ki, bütün bu kitablarda cəmiyyətlərin təbiəti haqqında vacib məlumatlar var - kiçik və tənha olanlardan kiberməkanın ölçüyəgəlməz genişliklərinə qədər", - deyə o, həmkarlarının mövqeyini şərh edib.
Mükafat haqqında
Uzun siyahıya daxil edilmiş kitablar 2020-ci ilin 1 oktyabrınadək Böyük Britaniyada və ya İrlandiyada nəşr olunmuş 158 əsərdən seçilib.
13 yazıçıdan 6-nın daxil olacağı qısa siyahı sentyabrın 14 - də, mükafat mükafat qazanan şəxsin adı isə noyabrın əvvəlində elan ediləcək. Həmin yazar 50 min funt sterlinq (69 min dollar) qazanacaq.
Buker mükafatı 1968-ci ildə təsis edilib. İlk dəfə onun təqdimatı 1969-cu ildə baş tutub. 2013-cü ilə qədər bu mükafat Böyük Britaniya, İrlandiya və ya Zimbabvedə yaşayan müəlliflərə verilirdi, həmin ildən isə başqa ölkələrdən olan yazışılar da ingilis dilində yazılmış və Birləşmiş Krallıqda çap olunmuş əsərləri ilə mükafata iddia irəli sürmək hüququ qazandılar.
Keçən il mükafatın sahibi “Shuggie Bain” debüt romanı ilə şotland yazıçısı Douglas Stüart olub.