Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalının “Çərşənbə söhbətləri” rubrikasında bu dəfə sizi Azərbaycanın əməkdar artisti, Opera və Balet teatrının solisti, Milli Konservatoriyanın dosenti Gülüstan Əliyeva ilə baş-başa qoyuruq. Gülüstan xanımla əməkdaşımız Aysel Kərim söhbətləşir.

 

-Gülüstan xanım, xoş gördük. Dəyərli zamanınızı ayırdığınız üçün təşəkkür edirəm. İlk sualıma keçid almaq istəyirəm. Siz həm şəhid bacısı, həm də şəhidin həyat yoldaşısınız. Fəaliyyətinizi izləyib müşahidə edirəm ki, şəhid və qazi ailələrilə mütəmadi görüşüb, onların dərdinə şərik olursunuz. İstərdim ki, 44 günlük Vətən müharibəsi və şanlı zəfərimiz haqda fikirlərinizi alım.

 

-Aysel xanım, əvvəla onu qeyd etmək istəyirəm ki, sizinlə görüşmək çox xoşdur. Uğurlarınıza çox sevinirəm. Gənclərimizin belə uğurlu fəaliyyəti məni çox  sevindirir. Mədəniyyət sahəsindəki informasiya boşluğunu dolduran yeni portalınıza da uğurlar arzulayıram. Düzdür, 44 günlük Vətən müharibəsi haqqında çox danışmışıq, yazmışıq, çıxış etmişik. Amma əsrlər, qərinələr boyu bizlər bu haqda nə qədər danışsaq da yenə azdır. Azərbaycan dünya miqyasında kiçik bir ölkədir. Bu otuz illik həsrət, otuz illik işğal xalqımızı qələbə üçün hazırladı. Yəni bu ötən otuz ilin nəticəsi bizə onu göstərdi ki, bu millət heç də öz torpağını unutmayıb. Əksinə, hər gün, hər an, hər dəqiqə torpaqlarının azad olunması üçün çalışıb. Əksər evlərdə bu haqda böyük tərbiyəvi işlər aparılıb. Nə yalan deyim, həmişə fikirləşirdim ki, görəsən gənclərimiz gedib o torpaqlara çıxa bilərmi? Torpaqlarımızın xilası üçün çalışarlarmı? Hərdən isə daxilimdə ruh düşkünlüyü yaranırdı. Düşünürdüm ki, o torpaqları görməyən gənclər, bilmədikləri yeri necə müdafiə etsinlər? Amma, heç demə, belə deyilmiş. Fikrim bunun tam əksini göstərdi. Heç vaxt Qarabağı, Şuşanı görməyən, Qarabağın adını sadəcə olaraq eşidən gənclərimiz vətən üçün səfərbər oldular, canlarından keçdilər. Azərbaycana zəfər yaşatdılar. Vətən oğulları dünyaya gəlir ki, düşmənə çəpər olsun, sipər olsun. Müharibə təkcə cəbhədə deyil, bizim hamımızın evində gedirdi. Çünki biz hər anı, hər dəqiqəni səbrsizliklə izləyirdik, gözləyirdik. Çalışırdıq ki, arxa cəbhədə biz də onlara öz gücümüzlə, bacardıqlarımızla dayaq olaq. Amma (ağladı)... Hərdən düşünürəm ki, biz nə qədər onlara həmin anlarda dəstək olsaq da, lakin səngərdə, atəş xəttində bir gecə qalmaq dəhşətdir. Heç bir təsəlli, təskinlik onun qarşılığını verə bilməz. Ona görə də bu haqlı Vətən müharibəmizin qazilərinə ömür boyu borcluyuq, minnətdarlığımız sonsuzdur. Şəhidlərimizin qarşısında baş əyirik. Hələ birinci Qarabağ savaşında igidlərimiz şəhid olanda biz qürurlu idik, sınmamağa çalışırdıq. Amma bütün bunların qarşılığında torpağımızı itirdiyimiz üçün çox sınıq idik, ölkələr içində utanırdıq. Sənət adamı kimi dünyanın bir çox yerlərində qastrol səfərlərində, iş görüşmələrində, tədbirlərdə iştirak edəndə bir az utanırdım, sıxılırdım. Bilirsiniz, haqlı sözü demək üçün bir məkan, bir məqam, səni eşidə bilən insanlar və dünya  olmalıdır ki, onu deyə biləsən. Bax ölkəmiz bu otuz il məhz bunun üçün çalışdı. Ölkə başçımız İlham Əliyev də, vaxtı ilə Heydər Əliyev də deyirdilər ki, Qarabağı qaytaracağıq. O vaxtlar bu sözlər xəyal kimi görsənirdi. Amma gördüyümüz kimi, ali baş komandan bütün ideyaları bir-bir həyata keçirdi. Azərbaycan iki yüz, üç yüz ildən çox idi ki, bir qarış torpaq geri qaytara bilməmişdi. Amma prezidentimiz beyin savaşıyla, savadıyla bu qələbəni qazandı. Bizlərə bu xoşbəxt günü göstərdi. Qələbə mənim üçün bu deməkdir, qızım.

 

- Həm məşhur sənətkar, həm ailəcanlı ana və həm də nənəsiniz. Üçünü bir ömürə sığdırmaq mümkündürmü?

 

- İnsan nələrə qadir deyil ki? Nələri sığdırmır ki ömrünə? Ayrılıqları, həsrətləri, ölümləri, sevgiləri, vüsalları. Təbiidir ki, əgər bu dünyaya gəlmisənsə sənə verilən  ömrü, məqamları dolu-dolu yaşamalısan. Bütün ömrümüz məqamlardan ibarətdir. Yaşlanmısansa, demək o xoşbəxtliyə çatmısan. Yaşa dolmaq özü bir səadətdir. O qədər insanlar gənc yaşlarında dünyadan vaxtsız gedirlər ki. Onlar bu həyatın gözəlliyini, həyatın dadını görmədən bu həyata vida edirlər. Amma yaşlanmaq, yaşlana bilmək, üstəlik də dəyərli yaşlanmaq, nənə olmaq, sevilən qadın, sevilən sənətkar olmaq - bunlar hamısı insanın özünün bacardığı bir şeylərdir. Təki ölüm olmasın. Bir tək ölümə çarə yoxdur. Əlbəttə ki, bütün bunları və daha artığını ömrümə sığdırmağı bacarmışamsa nə xoş mənə.

 

- Hansı janrdaki əsərlər ruhunuza fərəh gətirir? İfaçı olmaq sizin üçün nədir?

 

- Bilirsiniz, yaradıcılıqla məşğul olan insanlar bir ömür öyrənirlər, dinləyirlər və yaradıcılıqlarında bunları əxz edirlər. Mənim üçün pis janr, pis mahnı, hansısa sevmədiyim mövzu yoxdur. İnsanın ruhu nəyi dinləmək istəyirsə zamanın tələbinə uyğun olaraq ona müraciət edir. O zaman da sənətkar nəyi hiss edirsə onu oxuyur, onu yaşayır. Çünki hər insan yaşadığı mühitin məhsuludur. Yaşadığı mühitə cavab verməlidir. Mən düşünürəm ki, hər bir müğənni, xanəndə, vokalçı kim olursa olsun öz həyatını, qəlbinin səsini, sevgisini oxuyur, hislərini tamaşaçıya çatdırır və onunla bölüşür. Bunun qarşılığında da sevilir, alqış, sevgi qazanır. Çünki kim olursan ol, yaşadığın dövrün müasirisən. O insanların düşüncə tərzi də, fikirləri də sənlə eyni olur, səsləşir. Bir fərq odur ki, sən onu öz səsinlə, musiqiylə çatdıra bilirsən. Sən onlara qəlbində oxuduqları, qəlbini dinləndirən, dindirən o səsləri müğənni olaraq, xanəndə olaraq çatdırırsan. Əlbəttə, bu çox gözəldir. Hər insan dünyaya gələndə bir missiyası olur yəqin ki, mənim də missiyam budur. İnsanlara sevinc, sevgi, gözəl, qəmgin, xoşbəxt hisslər bəxş edə bilirəmsə mən özümü bütün bunlarla xoşbəxt sayıram.
- Xanəndə olmaq sizin öz arzunuz idi, yoxsa valideyin istəyi?

 

- Mən uşaqlıqdan oxuyurdum. Uşaq vaxtı daxilində olanlar istər-istəməz kortəbii sürətdə özünü büruzə verir, özünü göstərir. Valideyin də övladının hansı yönə yönləndirmək lazım olduğunu, hansı istedadı var, onu övladının uşaqlığından hiss etməyə başlayır. Böyüdükcə ona dəstək olmağa çalışır. Mənim atam da uşaq yaşlarımdan  məni və mənlə bərabər bacılarımı musiqiyə yönləndirdi. Ümumiyyətlə, o istəyirdi ki, biz çox savadlı, intellektual olaq. Dil bilək və dünyagörüşümüz böyük olsun. Ən azından, cəmiyyət üçün yararlı insanlar olaq. Biz rayonda yaşayırdıq. Atamın və anamın çox gözəl səsi var idi. Atam məni musiqi məktəbinə, pioner evinə, konsertlərə aparırdı. Belə-belə mən də artıq oxuya-oxuya böyüyürdüm. Bir gün rayonumuzda gənc istedadlar müsabiqəsinin keçiriləcəyi xəbəri gəldi. Məni də müsabiqəyə dəvət etdilər. Ölkəmizin dəyərli sənətkarları münsif idilər. Məni dinlədilər və Bakıda Bülbül adına Musiqi Məktəbinə qəbul olundum. Peşə məni seçdi, mən peşəni seçmədim. Heç bilmədən ki, mən kim olacağam, mənim gələcəyim hara gedib çıxacaq, nə vaxtsa məşhur bir adam olacağam. Heç bunları bilmədən addım-addım bax bu sənətdə addımlamağa başladım. Dövlətimizə çox minnətdaram. Xüsusən isə Heydər Əliyevə.

 

-Bu sənətdə hansı ustadlardan dəstək görmüsünüz?

 

-Bizim dəyərli sənətkarlarımızdan başda maestro Niyazi olmaqla mənim müəllimim, profesor Arif Babayevdən, Canəli Əkbərovdan, Əlibaba Məmmədovdan, dəyərli, unudulmaz sənətkarlarımız Şövkət Ələkbərovadan, Sara  Qədimovadan, Tükəzban İsmayilovadan, İslam Rzayevdən dəstək görmüşəm. Nə qədər ki ömrüm var, onları hörmətlə anacağam. Bu sənət yolunda mənə etimad göstərdilər. Mən bu gün Gülüstan Əliyeva olmağımda onlara borcluyam. Məhz onlar bizi bölgələrdən gətirdilər şəhərə, Azərbaycan musiqisinə, incəsənətinə xidmət edən dəyərli insanlara çevirdilər.

 

-Sənətkarın məişəti də maraq kəsb edir həmişə. Siz qənaətcil insansınız, yoxsa tələbxərc? Ən çox nələrə pul xərcləyirsiniz?

 

-Qənaətcil sayılmaram. Lazım olmayan yerlərdə çox pul xərcləyirəm, lazım olmayan yerlərdə çox qənaətcil oluram (gülür). Belə bir xarakterim var, bir şey əgər xoşuma gəlirsə onu alıram, baxmıram ki, o neçəyədir. Gözəl nə varsa əldə edirəm. Ola bilər ki, o an xoşuma gəlir, bir həftə sonra xoşuma gəlməyəcək, amma yenə də mən onu alıram. Yəni bilirsiniz, insanın ömrü, yenə deyirəm, anlardan, məqamlardan ibarətdir. Əgər o anda, o məqamda hansısa bir şey mənim könlümü, ruhumu xoş edirsə, məni dincəldirsə mən onu niyə etməyim.

 

- Opera və Balet teatrında sizin aktrisalıq məharətinizi görmüşəm. Siz özünüzü hansı obrazda tapırsınız?

 

-Bütün obrazlar əlbəttə ki, mənim üçün çox doğmadır. Amma bütün obrazlarımın başında Leyli dayanır. Operamızın şah əsəridir “Leyli və Məcnun”. Hacıbəyli qələminin məhsuludur və bizi bu dünyaya, bu cəmiyyətə tanıdan, sevdirən bir obrazdır Leyli obrazı. Hər bir xanəndə istəyər ki, məhz Leyli kimi səhnəyə çıxsın.

 

- İstərdim dostluqdan danışasınız. Dost dediklərinizdən zərbə aldığınız çox olub, yoxsa daha çox sadiqlik görmüsünüz? Dostluq nədir Gülüstan Əliyeva üçün?

 

- Dostluq mənim üçün o qədər müqəddəs məfhumdur ki, dost üçün mən canımı qurban verərəm. Dostluq etməyi sevən və bacaran bir insanam. Əlbəttə, illərlə zərbələr almışam, illərlə yanılmışam. Hətta 30-40 illik dostlarımı həyatımdan çıxarmışam. Əslində, mən düşündüyüm kimi deyilmişlər insanlar. Əslində, mən onlar üçün istifadə mənbəyi imişəm. Mənim adımdan, maddi vəziyyətimdən, şan-şöhrətimdən istifadə edərək yaşayıblar. Cəmi bir-iki dostum qalıb, artıq deyil. Onlar da sənət həmkarlarım deyil. Bilirsiniz, insan illərlə yaşa dolduqca və kamilləşdikcə düşünür ki, əvvəl özünlə dost olmalısan. Tək-tənha oturub düşünməyi, hansısa restorana gedib tək yemək yeməyi, tək başına kofe içməyi, tək başına hanısa ölkədən ölkəyə getməyi, özünü sevməyi, yəni bunları bacarmalıdır insan. O zaman insana, düşünürəm ki, heç kimsə lazım deyil. “Dostsuz insan qanadsız quşdur”, “təklik zülümdür” və s. Bütün bunların hamısı cəfəngiyyat imiş.

 

- Sərt karantin dönəmində özünüzlə baş-başa qalmağa zamanınız oldu. Yarım qalan işlərinizdən hansını tamamlamış oldunuz? Bu fürsəti necə dəyərləndirdiniz? Həmin dönəmdə səhnə üçün çoxmu darıxdınız?

 

-Bilirsiniz, nə qədər iş görsən, yenə də yarımdır. Deyir “Dünya, sən nə şirinsən, səndən kim doydu getdi. Gedənlər bu dünyada, qəlbini qoydu getdi”. Biz olmadan da bu dünya var idi, biz olmayanda da var olacaq. Biz olduğumuz həyatda həmişə çalışır, vuruşuruq ki, nələrsə edək. Ən önəmlisi, mənim düşünməyə, insanlara münasibətimi, fikirlərimi tamamlamağa zamanım oldu. Bitən hər şeyi yaşamağa zamanım oldu. Bəzi insanlarla artıq mənim yollarım ayrılmalı idi. Bunları etdim, edə bildim və bunun üçün çox şadam. Aləmdə nələr baş verir əslində, necə yaşamaq daha düzgündür, ayırd edə bildim. Aysel xanım, inanın, heç demə, bu günəcən bunlar barədə düşünməyə zamanım belə olmayıb. Mən düşünürəm ki, hər halda, oxucular da mənimlə razılaşar, bu formada yaşayan milyonlarla insanıq: Hər gün səhər yerindən qalxıb bir stəkan çay, yaxud kofe içib qaçırıq iş dalınca. Həyatımız bu cür davam edir. Ömrümüz qaçaqaçla keçir. Zaman da olur ki, heç evə çata bilmirik. Harda artıq gecədir, orda qalmalı oluruq. Məcburuq yəni. Həyatımızın bəlkə də gözəlliyi əslində budur. Amma mən bütün bunları düşünməyə, bunları yerinə qoymağa zaman tapdım. Bu şansı əldə etdim. Övladımla, nəvələrimlə vaxt keçirməyə zamanım oldu. Bu mənim üçün ən böyük şans idi, ən böyük qənimətim bu oldu, belə deyərdim. Bir tərəfdən isə səhnə üçün burnumun ucu göynəyirdi, gözlərim dolurdu. Özünüz də sənət insanı kimi bilirsiniz ki, bizi yaşadan alqışdır, diqqətdir. Doğma teatrın səhnəsi və konservatoriya üçün çox darıxırdım.

 

-Tələbələrinizdən razısınızmı? Pedaqoji fəaliyyətinizdən bizə bəhs edərsinizmi?

 

- Mən 17 ildən artıqdır ki, Milli Konservatoriyanın müəllimiyəm. Artıq 4 ildən çoxdur ki, orda dosentəm. Bilirsiniz, insanlar peşə seçəndə yerlərində olmalıdırlar. Yerində olanları da var, olmayanları da var. Tələbələr də eynən. Ola bilər ki, birinin çox böyük səsi yoxdur, ola bilər ki, o, məşhur müğənni olmayacaq, amma o qədər gözəl bir insandır, o qədər gözəl bir gəncdir ki. Belələrini biz böyük səs tembrləri olmadığı üçün heç vaxt kənara qoymuruq. Biz ali təhsil müəssisələrində cəmiyyət üçün dəyərli insanlar yetişdiririk. O gənclərin elə müsbət xüsusiyyətləri gözümüz önünə sərilir ki, düşünürsən, heç də vacib deyil, o məşhur müğənni olsun. Qoy gözəl bir müəllim olsun, gözəl bir ailə başçısı, ailədə gözəl bir tərbiyəçi, ana, ata, yaxud gözəl bir mədəniyyət işçisi olsun. Bilirsiniz, bütün belələri cəmiyyətin xeyridir, cəmiyyətə lazım olan insanlardır. Bax bu cür yanaşmaq lazımdır tələbələrə. Onlarla dost olmaq lazımdır. Mən belə düşünürəm. Əgər tələbə müəllimi sevirsə o, dərsdə özünü təsdiqləmək üçün edə bilməyəcəyi şeyləri də edəcək. Mənim belə tələbələrim az deyil. Mən onları çox sevirəm. Olduqları kimi qəbul edirəm və bildiklərimi onlarla paylaşıram. Dərsdən əlavə, mən onlara həyat dərsi keçirəm, söhbətlər edirəm. Qəzəllərlə, musiqi ilə, tam başqa bir sahə haqqında ayrca danışıram. Bütün bunlar gənclərin formalaşmasında çox müsbət təsirlərə malikdir, çox böyük dəyərli işlərdir. Həmişə bunları etməyə çalışıram.

 

-Çalışmağa düşkün insansınız, bilirik, istirahətə heçmi meyliniz yoxdur?

 

-Bəli, çalışmağa düşkün insanam. Bir də gözümüzü açırıq ki, artıq tətildir. Artıq teatr da, konservatroriya da bağlanır.  Biz tətildə də çalışırıq, işləyirik. Yeni mahnılar, layihələr edirik. Siz özünüz sənətkarlarla əməkdaşlıq edən bir gəncimiz kimi bütün bunları çox yaxşı bilirsiniz, əziz qızım. İnsan  sənətilə məşğul olduğu zaman dəyərlidir. Kim olursan ol, əgər öz yerində deyilsənsə, demək, heç kimsən.

 

- Bəs bir insanda hansı insani keyfiyyətə üstünlük verirsiniz?

 

- İnsanda səmimiyyət mənim üçün ən birincidir. Ədalət, səxavət, vicdan. Bunlar hamısı bir-birini tamamlayır. Ədalətli insan vicdanlı olacaq, vicdanlı insan isə səxavətli olacaq. Əgər sənin səxavətin varsa, deməli sən vicdanlısan və ədalətlisən. Qarşındakı insana sevgini də, ona ehtiyacı olan pulu da, söhbəti də səxavətlə verirsən. Bütün bunlar hamısı bir-birinə bağlıdır. Əgər ədalətin varsa, demək,  səxavətlisən. Düzlük vacibdir. Yalana nifrət edirəm. Bütün bu cəhətlər bir insanda varsa, o insanda nə yalan, nə xəyanət olmaz.

 

-Əminəm ki, sizi suallarımla yormuram. Bəs yeni tanıdığınız insana qarşı güvən hissiniz tezmi, yoxsa gecmi formalaşır?

 

- Tez formalaşır. Mənim, bəlkə də  ən çatışmayan cəhətimdir bu. Bir insan ilk baxışdan mənə hansı təsir bağışlayırsa o insan həqiqətdə odur. Bax məndə belə bir xarakter var, deyim necə. Mən özümü aldadaraq  o insana yaxınlaşıram, onun ilk dəfədə yanlış təsir bağışladığını özümə təlqin edirəm. Ona zamanımı xərcləyirəm ki, bəlkə onun nəsə gizli xarakteri var mən bilmədiyim. Bəlkə bu yaxşı adamdır deyə özümü aldadıram. Bunun üçün müəyyən bir zaman sərf edirəm və sonda təəsüflə o nəticəyə gəlib yenə də çıxıram ki, insan ilk görünüşdə kimdirsə elə odur. İnsanı dəyişməyə çalışmaq lazım deyil. Onu dəyişməyə çalışdığın zaman həmin insanın qarşısında hörmətsiz olursan. Onu dəyişmək istədiyin zaman onun gözündən düşürsən. O fədakarlığınla əslində sən hörmətsiz olursan. Ona görə də hər insanı olduğu kimi qəbul etmək lazımdır. Layiq olduğu dəyəri vermək lazımdır ki, özü haqda yüksək xəyallarda olmasın.

 

- Gülüstan xanım, sevgi sizin üçün nəyi ifadə edir? Sevgisiz yaşamağın fəsadları nədir?

 

- Sevgi mənim üçün hər şeydir, geniş məfhumdur. Onu hər şeydə və hər yerdə görürəm. Bir qadının bir kişiyə olan sevgisindən də daha çox mənanı bildirir sevgi. Həyata sevgiylə sarılmaq səni insan edir və ona sevgiylə baxmaq zövqünü formalaşdırır. Həyatı sevgiylə öyrənmək səni daha bilikli edir. Hər şeyin kökündə sevgi dayanır. Ola bilər ki, həyatın hansısa bir zaman kəsiyində sənin həyatında sevdiyin biri olmasın. Səni sevən kişi, yaxud qadın olmasın. Ama sən dünyaya normal açıq gözlə baxan kamil bir insansansa sevgini başqa bir şeylərdən də, başqa bir formada da ala biləcəksən. Sənətindən, doğmalardan, təbiətdən və sair.

 

-Səbriniz tükənəndə aqresiv olursunuz, yoxsa özünüzə hakim olmağı bacarırsınız?

 

- Gənc yaşlarımda hakim ola bilmirdim. Amma indi ağıllanmışam (Gülür).

 

- Gənc xanəndələrə və davamçılarınıza nə kimi tövsiyyələriniz var?

 

-Tövsiyyəm budur ki, daim öyrənsinlər. Yaşlarından fərqli olmayaraq. Həmişə öyrənsinlər. Nə qədər çox dinləsələr, öyrənsələr daxili aləmləri o qədər zəngin olacaq və mənəvi cəhətdən daha sərvətli olacaqlar. Hamısına uğurlar arzulayıram.

 

-Gözəl müsahibə üçün minnətdarıq sizə, Gülüstan xanım.

 

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Türkiyə Milli Kitabxanası ilə birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar kitabxana tərəfindən mərkəzə 12 əlyazmanın rəqamsal nüsxələri təqdim olunub.
Bu barədə AzərTAC Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə istinadən  məlumat yayıb.
Xatırladaq ki, avqustun 4-də mərkəzin baş katibi Rövşən Muradov və kitabxananın direktoru Əli Odabaş arasında görüş keçirilib və Nizami Gəncəvi və Yunus Əmrə irsinin Azərbaycan, Türkiyə və regionda tanıtdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Amerikalı ulduz aktyor Conni Depp San-Sebastyan beynəlxalq kinofestivalında kinematoqrafa verdiyi töhfəyə görə fəxri mükafat alacaq. Bu barədə sentyabrın 17-dən 25-dək keçiriləcək San-Sebastyan kinofestivalının rəsmi saytı məlumat verib.
"Conni Depp - müasir kinematoqrafın ən istedadlı və çoxplanlı aktyorlarından biri 22 sentyabr çərşənbə günü "Donostiya" mükafatını alacaq. Tədbir San-Sebastyanda 69-cu festival çərçivəsində baş tutacaq”- təşkilatçılar qeyd ediblər.
San-Sebastyan beynəlxalq kinofestivalı 1953-cü ildən bəri hər il keçirilir və Avropada ən nüfuzlu film yarışmalarından biri hesab olunur. Bir neçə dəfə dünya kinematoqrafiyasında iconic premyeralara məhz bu festival meydan oldu. Məhz San-Sebastyandakı arenada "Ulduz müharibələri" epopeyasının Avropa premyerası baş tutdu, həmçinin dünya İlk dəfə Alfred Hiçkokun "Şimal-qərb vasitəsilə şimala doğru" (North by Northvest, 1959) adlı filmini gördü.

8 avqust. Meşə yanğınlarının ağuşunda qalmış Türkiyənin Antalya bölgəsinə leysan yağışı yağır.

Понедельник, 09 Август 2021 22:30

Rembrandt. “The Syndicates”

Rembrandt.
“The Syndicates”

İyulun 1-dən sentyabrın 8-dək Balkanlarda - Sloveniyanın paytaxtı Lyublyana şəhərində musiqi festivalı keçirilir. Builki festival sayca 69-cudur. Tədbirin saytına istinadən “ Ədəbiyyat və incəsənət” portalı məlumat verir ki, festivalın iştirakçıları olan iki opera ulduzu - azərbaycanlı tenor Yusif Eyvazov və Rusiyanın xalq artisti, soprano Anna Netrebko festival çərçivəsində konsert verdilər.
Konsert sloveniyalı yazıçı və dramaturq İvan Sankarın adını daşıyan Mədəniyyət Mərkəzində keçirildi. Duet Cüzeppe Verdi, Giacomo Puççini və digər bəstəkarların operalarından partiyalar səsləndirdi.
Böyük anşlaqla keçən konsert Lyublyana festivalının bəzəyinə çevrildi.

Avqustun 9-da “Azərkitab Kitab Mərkəzi” və “Ay işığı” ədəbi məclisinin birgə təşkilatçılığı ilə yazıçı, kouç, professor Əlibala Məhərrəmzadənin 45 illik yubileyi münasibəti ilə “Azərkitab”ın Quba filialında yaradıcılıq gecəsi və imza günü keçirildi. Əslən Qubadan olan, “Çovdar çörəyi” və “Ev tapşırığı. Uğur düsturunu tapmalı” kitabları ilə ölkə oxucusunun rəğbətini qazanmış Əlibala Məhərrəmzadə öz həmyerliləri qarşısına 10-a yaxın kitabla çıxdı.
Tədbiri giriş sözü ilə “Ay işığı” ədəbi məclisinin sədri, tanınmış şair Ramiz Qusarçaylı açdı. Ramiz Qusarçaylı həm Quba ədəbi mühitindən, həm də yubilyarın yaradıcılığının məziyyətlərindən söz açdı.
 “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov çıxış edərək “Azərkitab”ın gələcək hədəflərindən, kitab mədəniyyətindən, Əlibala Məhərrəmzadənin yaradıcılığından danışdı.
İmza günündə tarix elmləri doktoru Şahin Fazil, Bakı Dövlət Universitetinin prorektoru, biologiya elmləri doktoru  Məcnun Babayev, tanınmış yazıçı, beynəlxalq ədəbiyyat festivalları laureatı Varis Yolçuyev, Quba Mərkəzi kitabxanasının direktoru Saməddin Nəsirov, Quba Statistika idarəsinin müdiri Sahib Məmmədov və digər ziyalılar çıxış edərək öz ürək sözlərini söylədilər, yubilyarı təbrik etdilər.
Əlibala Məhərrəmzadə tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi, onlara imzalı kitablarını hədiyyə etdi, gələcək yaradıcılıq planlarından danişdı.
Şair Ramiz Qusarçaylı son söz söyləyərək “Azərkitab”ın Quba filialının kollektivinə, əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Qubalılar şəhər həyatında əlamətdar hadisəyə çevrilmiş bu sayaq tədbirlərin tez-tez keçirilməsini dilə gətirdilər. Əlbəttə ki, ədəbiyyatın əyalətlərə nüfuz etməsi olduqca mütərəqqi haldır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi UNESCO-ya qeyri-maddi mədəni irs elementlərimizi təmsil edən yeni nominasiyaları təqdim eləyib.
UNESCO-ya yeni təqdim edilmiş 1 milli və 3 çoxmillətli nominasiya dosyemizin Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 2022-ci ildə keçiriləcək sessiyasında müzakirəyə çıxarılacağı təsdiqlənib. Beləliklə, komitənin 2022-ci ildə keçiriləcək sessiyasında daha 4 elementin - Türkiyə və Azərbaycanın birgə təqdim etdiyi “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu”; Əfqanıstan, Azərbaycan, İran Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”; Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” çoxmillətli nominasiya fayllarının və “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiya (Azərbaycan) faylımızın UNESCO Siyahına salınması məsələsi müzakirə olunacaq.
Bu barədə AzərTAC xəbər verir.
Xatırladaq ki, ölkəmiz 1992-ci ildən UNESCO-ya üzv qəbul olunub. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Ötən dövr ərzində ölkəmizin 15 qeyri-maddi mədəni irs elementi UNESCO-nun müvafiq siyahısında yer alır.

Понедельник, 09 Август 2021 11:29

Mədəniyyət Nazirliyi Euro-news-un xətti ilə muğamı təbliğ etdi

Euro-news  Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə Sarah Deanın müəllifliyi ilə muğam musiqisinin təbliğiylə bağlı süjet təqdim edib. Süjet “Hər bir söz ürəkdən gəlir” adlanır.
“Ədəbiyyat və incəsənət” portalı Euro-news-a istinadən süjetin müəllif mətnini təqdim edir:
“Başqa heç bir musiqi azərbaycanlı qəlbini muğam kimi döyməyə məcbur edə bilməz. Bu qədim musiqi bir qayda olaraq, sevgi və ya fəlsəfi məzmunlu ənənəvi Azərbaycan mahnılarını müşayiət edir. Onu təkrarolunmaz melanxolik səslənişi fərqləndirir.
Muğam ifaçısı Namiq Aslanovun sözlərinə görə, muğam həmişə improvizədir, notla ifa olunmur. Ona görə də oxuyanların hamısı ürəkdən oxuyur.
Muğam qaval, kamança və tar kimi alətlərin müşayiəti ilə ifa olunur. Adətən tarın korpusu tut ağacından çıxarılır. Zahid Vələdov da atası kimi bu sənətdədir, atasından sənətin sirlərini öyrənib. Tar Azərbaycanda çox dəyərlidir, onun təsvirini Azərbaycanın banknot və sikkələrində də görmək olar.
Tar ifaçılıq sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir ki, bu nadir musiqi bütün dünyada musiqiçiləri və dinləyiciləri ruhlandırmaqda davam etsin.”
Xatırladaq ki, çoxmilyonlu tamaşaçı auditoriyası olan Euro-news telekanalı Avropada bir nömrəli fikir formalaşdırıcı media qurumudur, orada bu cür süjetin getməsini təşkil etdiyinə görə Mədəniyyət Nazirliyimiz alqışlanmalıdır.

Pandemiya ilə bağlı olaraq uzun sürən sükutdan sonra Sumqayıt ədəbiyyatsevərləri yenidən öz ədəbiyyat ocaqlarına - Poeziya evinə yığışdılar. Arif Ərşadın “Hekayələr” kitabının təqdimatı keçirildi.
Çağdaş insanı öz gündəlik qayğıları ilə təhkiyə mövzusu edən yazarın obrazlarının, dialoqlarının canlılığı oxucunu cəlb edir, oxuyanda əsla bezmirsən. Yazıçını təbrik edən çıxışçılar həm də onun hekayələrinin əsas məziyyətlərini də dilə gətirdilər. Havanın isti olmasına baxmayaraq iştirakçılar tam sərin mühit yaratmışdılar. Onların arasında Sumqayıtın tanınmış ziyalıları - ölkə prezidentinin fərdi təqaüdçüsü, şair Əşrəf Veysəlli, yazıçı Hümbət Həsənoğlu, əməkdar jurnalist Eyruz Məmmədov, əməkdar jurnalist Rəhman Orxan, tibb elimləri namizədi, doktor Mayil Tağıyev, filologiya elmləri doktoru, professor Rafiq Yusifoglu, AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Camaləddin, yazıçı Süleyman Hüseynov, texnika elmləri namizədi, professor Sahib Fərzəliyev, texnika elmləri namizədi, professor, qəzəlxan Əli Əmirov, əməkdar incəsənət xadimi, yazıçı-publisist Agalar Idrisoglu, əməkdar mədəniyyət işçisi, xalçaçı rəssam Fazil Abasquluzadə, yazıçı
Almaz Ərgünəş Bəyazid, gənc alim, Nəsimişünas Vüsal Hətəmov, kitabsevər ziyalı Rafiq Mehdiyev, gənc şair Elvin Əlizadə, ev sahibi - Poeziya evinin müdiri, şair İbrahim İlyaslı, eləcə də digərləri tədbirə rəng qatdılar.
Arif Ərşad hər bir gələn qonağa öz dərin minnətdarlığını bildirdi, onlara imzalı kitabını hədiyyə etdi.
Xatırladaq ki, tədbirin baş tutduğu məkan - Sumqayıt Poeziya Evi tək Azərbaycana yox, aparıcı dünya dövlətlərinə də bir örnəkdir. 2019-cu ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizdə keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə möhtəşəm 4-cü LiFFt festivallar festivalının Sumqayıta təşrif buyuran qonaqları bu sənət ocağına heyranlıqlarını bildirmiş, hətta Avropada belə bir ayrıca şairlər binasının olmamasını dilə gətirmişdilər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.