Super User

Super User

Misirin nüfuzlu “Əl Əhram” qəzetində jurnalist Mahmud Diabın “Qafqazda zülməti aydınladan xanım” sərlövhəli məqaləsi dərc edilib.
AzərTAC-in xüsusi müxbiri Qahirədən xəbər verir ki, məqalədə adının mənasının “Günəş şüası” olduğu, Xurşidbanu Natəvanın ədəbiyyata və elmə verdiyi töhfələrin Qafqazda bir nur kimi qaranlıqları aydınlatdığı yazılıb. Müəllif qeyd edib ki, avqustda 189 illiyi qeyd olunan və el arasında “Xan qızı” adlandırılan bu nəcib Azərbaycan şairəsi Qarabağ torpağının dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir.
Məqalədə diqqətə çatdırılır ki, Qarabağın hökmdarı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan hələ uşaqlıq illərində dünyəvi elmləri, ərəb və fars dillərini öyrənib, klassik poeziyanın incəliklərinə yiyələnib. O, Şuşada ədəbi məclislər təşkil edib, həmçinin xeyriyyəçiliklə məşğul olub. O dövrdə rusca nəşr olunan “Kavkaz” qəzetində bu nəcib xanımın kasıblara əl tutması, Şuşaya su çəkdirməsi barədə yazılar dərc edilmişdi. “Xan qızı Natəvan sarayı” və “Xan qızı Natəvan bulağı” qədim Şuşanın bəzəyi olub. Məşhur fransız yazıçısı Aleksandr Düma Natəvanla görüşündən sonra yazırdı ki, onun ədəbi fəaliyyəti Rusiyadan tutmuş Osmanlı imperiyasına qədər bütün ziyalılara məlum idi. Poeziya ilə yanaşı, Xurşidbanu Natəvan təsviri sənət və musiqi istedadına da malik olub.
Müəllif Xurşidbanu Natəvanın həyatının Tiflis, Dağıstan dövrlərindən də bəhs edilib. Xan qızının dəfn edildiyi Ağdama səfər etmiş M.Diab diqqətə çatdırıb ki, onun qəbrinin olduğu İmarət Qərvənd qəbiristanlığı, buradakı türbənin önündəki büstü erməni işğalçıları tərəfindən dağıdılıb. O əlavə edib ki, Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra qəsbkarların dağıtdığı “Xan qızı” bulağı qısa müddətdə bərpa olunub. Hazırda Xurşidbanu Natəvanın geniş sarayının qarşısında onun gözəlliyini əks etdirən büstü ucalır.

Суббота, 21 Август 2021 09:26

Yenidən dirçəlmək çətindir, ancaq mümkündür

Əfsanəvi artist və pop musiqisinin kralı Maykl Ceksonun qızı Peris aktrisalıq sənətini seçib. AP agentliyi Peris Ceksonun şəklini və haqqında məlumat yayıb. “Ədəbiyyat və incəsənət” bu məlumata istinadən bildirir ki, Peris Maykl Ceksonun və onun ikinci həyat yoldaşı Debbie Rounun qızıdır. Peris ögey qardaşı ilə birlikdə futbol, softbol oynayar və çerliderliklə məşğul olardı, ixtisaslaşdırılmış məktəbdə təhsil alırdı. Atası rəhmətə getdiyi zaman Peris 11 yaşında idi, o, hələ də bu itki ilə barışa bilmir.
Bir müddət sonra gənc Peris Hollivudu fəth etmək qərarına gəldi və 2013-cü ildə o, aktyorluq karyerası ilə tam məşğul olmaq üçün məktəbi tərk etdi. Məktəbdə qız çox şeyə dözməli idi, onu sevmirdilər və o, həmyaşıdlarının istehzasını çox ağır keçirirdi, ona görə də məktəbi atmaq qərarına gəldi.
İş, fəaliyyət gözəl və istedadlı qıza mükəmməl həyata qayıtmağa kömək etdi. O, məşhur brendlərlə işləməyə, musiqi videolarında və kinoda çəkilməyə başladı. Hətta bu gün, bir neçə il sonra Peris sevgi və həssaslıqla uşaqlığını xatırlayır. O, həmişə Mayklın dünyanın ən yaxşı atası olduğunu etiraf edir, buna görə də tez-tez onunla keçirdiyi günləri xatırlayır.
Biz Peris haqqında bu xəbəri Maykl Cekson sənətini sevən on minlərlə insanı məlumatlandırmaq üçün verdik, amma heç Maykl Ceksonu tanımayanlar üçün də bu xəbərin özəl notları var. Baxın, şöhrətli atanın var-dövlət içində üzən sevimli qızı. Qəfildən aydın səmada şimşək çaxır, qara buludlar peyda olur, ata dünyasını dəyişir. Qız bundan depressiyaya düşür, bir yandan da oxuduğu məktəbdə yoldaşları onun üzərinə yeriyir, vaxtı ilə paxıllığını çəkdikləri qızın enişindən istifadə edirlər, onu istehza mənbəyinə çevirirlər. Bununla belə, qız sınmır, özündə güc tapır, məktəbi atıb Hollivuda gedir, işə düzəlir, tanınır, sevilir, pul qazanır. Beləcə, necə deyərlər, küldən yenidən yaranır.
Bu hekayət hər kəs üçün hikmətlidir, ibrətamizdir.

Azərbaycanda yəhudilərin müqəddəs ilk beş yazı toplusunu – “Yaradılış”, “Çıxış”, “Levililər”, “Saylar”, “Qanunun təkrarı”nı özündə cəmləyən Tövrat kitabı ilk dəfə mükəmməl tərcümədə işıq üzü görüb.
Tərcümə Mərkəzinin məlumatına görə, qədim ibrani dilində “Qanun”, “Təlim”, “Öyüd” mənalarını daşıyan kitab Dövlət Tərcümə Mərkəzi ilə Bakı Dağ Yəhudiləri İcmasının birgə əməkdaşlığı əsasında ərsəyə gətirilib.
Kitabın tərcümə müəllifi – tanınmış yazıçı-tərcüməçi Etimad Başkeçid, redaktoru – Bəhlul Abbasovdur.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Ümid edirik ki, səmavi kitablara marağı olan şəxslər Tövratı maraqla oxuyacaqlar.

 

İntihar edən yazıçılar haqqında qələmə aldığım məqalələri 1997-ci ildən mətbuatda dərc etdirməyə başlamışdım. Sonradan – 2006-cı ildə Beynəlxalq Şahmar Ələkbərzadə adına mükafata layiq görüldüyüm üçün “Vektor” nəşriyyatında bu məqalələr kitab halında nəşr olundu. Maraqla qarşılandı, haqqında müxtəlif ziddiyyətli fikirlər səsləndi. Hətta plagiat adlandıranlar da oldu, çünki dünyada intihar faktını araşdıranlar az deyil. Halbuki bu məqalələr uzun illərin əməyinin nəticəsi idi və intihar etmiş yazıçılar, rəssamlar, yaradıcı insanlar haqqında yazılmışlardan fərqli olaraq, onlarda həyat və yaradıcılıq paralelləri aparılır, bədii mətnlər təhlil edilir, intiharın bir fakt olaraq yaradıcılıqda özünü necə göstərdiyi araşdırılırdı. Bundan başqa, bu yazılarda məni düşündürən bir suala cavab axtarışı da var idi: yaradıcılıqda və yazıçı şəxsiyyətində intihar amilinə maraq nə dərəcədə üst-üstə düşür? Yazıçının gələcək intiharı ilə “intihar müəmması” sualını daima beynində dolaşdırması arasında bir bağlılıq varmı?

 

Çoxsaylı yazılardan sonra bu əlaqənin labüdlüyü qərarına gəldim. O izləri də yaradıcılıqlarda, əsərlərdə, müsahibələrdə, həyat və yaşam faktlarında tapdım. Lakin bu gün belə tez-tez “Ədəbiyyatdan intihara” adlı kitabımın haqqında söz düşərkən, özümə “Bu yazıları yazmaq, bu faktı bu qədər araşdırmaq lazım idimi?” sualını vermədən keçə bilmirəm. Xüsusilə də gözəl şairimiz, rəhmətlik Vaqif Səmədoğlunun, bir də Vaqif Bayatlı Odərin hər dəfə o yazılar dərc ediləndən sonra zəng edərək, ya da elə qarşılaşarkən “Yazma bu yazıları, yazma!” deyə narahatlıq dolu səslərini yada saldıqca... Səbəbini o zaman da başa düşürdüm... Hətta Vaqif Səmədoğlu moskvalı bir xanım rejissorun taleyini misal da çəkmişdi mənə: intiharı araşdırıb film çəkən, sonda özü də intihar edən rejissor haqqında danışmışdı...

 

Dediyim kimi, o zaman da başa düşmüşdüm səbəbi... Amma bu gün daha bir aydınlıqla anlayıram: bu məsələnin araşdırılması sonu olmayan bir yola çıxmaq kimidir... Getdikcə gedərsən, çözələdikcə çözələyərsən, “dayanım” deyəndə belə dayana bilməzsən... Çünki bütün müəmmaların, sirrlərin, yaxandan yapışıb buraxmaq istəməyən cavabsız sualların, onsuz da, tam bir həqiqət olacaq cavabı yoxdur... Amma qəribə bir enerjisi, cazibə qüvvəsi var!

 

Yəni... Sirr elə sirrdir...

 

Nərgiz Cabbarlı

 

 

 

Nərgiz Cabbarlı üzümüzə gələn həftədən etibarən “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün intihar edən yazıçılar haqqında qələmə aldığı məqalələri yeni redaktədə təqdim edəcək. İlk olaraq oxucularımız Rünoske Akutaqavanın faciəli taleyi ilə tanış olacaqlar.

 

 

 

Bu gün dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasından 109 il ötür.
Niyazi Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır.  Niyazinin sayəsində milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl fonduna daxil edilib.
Maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayan maestro, həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına dirijorluq edib.
Maestronun tərcümeyi-halına nəzər yetirdikdə görürük ki, o, 1912-ci il avqustun 20-də böyük musiqiçimiz Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlib. Niyazi bu soyadın davamçısı kimi özünü yeni bir istiqamətdə təsdiq edə bilib. Niyazinin yeniyetməlik illəri Şuşada keçib. O, Azərbaycanın ikinci konservatoriyası, musiqi məktəbi kimi hallanan bu diyarın ab-havasında sənətə ilk addımlarını atıb. Və məhz onun Azərbaycan musiqi tarixində qızıl pleadada yer tutmasında Şuşa mühiti öz sözünü deyib. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi Azərbaycan incəsənətinin yaradıcıları arasında böyüyüb, onlardan çox mətləblər əxz edib.
Maestro Niyazinin musiqi sənəti naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. Maestro ən yüksək mükafatlara layiq görülüb. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib. Bu gün Niyazinin adı dünya şöhrətli dirijorlarla, bəstəkarlarla qoşa çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək.
Allah ona rəhmət eləsin!

Пятница, 20 Август 2021 13:43

Ömürdən doymayan Adil Babayevin son soneti

Bu gün şair-dramaturq Adil Babayevin vəfat etdiyi gündür. 1977-ci ilin 20 avqustunda Azərbaycan Sovet ədəbiyyatına təkrarsız sonetlər müəllifi kimi düşmüş Adil Babayev 52 yaşında gözlərini əbədi olaraq yumub.
Ölümündən bir neçə gün əvvəl şair “Həyatıma qəsd edib dərd-azar neçə vaxtdır” sətirləri ilə başlayan soneti öz xəttiylə cib dəftərinə yazıb. Həmin sonetdə amansız xəstəliyin bir ömrə nüfuz etməsi, işıqlı dünyanı zülmətə çevirmək çabaları, amma ümidlərin sonadək duruş gətirməsi, yaşamaq istəyi böyük ustalıqla qələmə alınıb. O, şeiri yazıb, dərc olunması üçün “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasına təqdim edib, taleyin hökmünə baxın ki, məhz şairin vəfat etdiyi gün həmin sonet  dərc olunub. Özü də bilmədən, sən demə, şair öz elegiyasını yazıbmış.
Bu gün Adil Babayevin vəfatından 44 il ötür. Ruhu şad olsun!
                    
SON SONET
Həyatıma qəsd edib dərd-azar neçə vaxtdır,
Ağrılar, üzüntülər əskilməyir canımdan.
Bilmirəm bu əziyyət haçan qurtaracaqdır,
Azad olacağammı qıfılsız zindanımdan?

Yaşamaq istəyirəm, axı şirindir həyat,
Yuvalanıb sinəmdə arzular dəstə-dəstə.
Sığmayır varlığımda neçə dolu kainat,
Heyif ki, səfərdəyəm... Yol üstəyəm, yol üstə...

Kaş yapışsın əlimdən Günəşin şəfəqləri,
Yenə qalxım ayağa, seyr edim üfüqləri.
Çağlasın varlığımda işıq dolu bir ilham.

Mən ömür istəmirəm riya, xəyanət üçün.
Yurduma gərək olan söz üçün, sənət üçün –
Qələmdən doymamışam, ömürdən doymamışam...

Пятница, 20 Август 2021 10:39

“Kənd mənzərəsi”

“Əməkdar rəssam Rəis Rəsulzadənin rəsmləri” silsiləsindən

Taliban puştu dilində “tələbə” deməkdir. Kütləvi qətliamların, zorakılıq və vəhşiliklərin arxasında “tələbə” sözünün dayanması, əlbəttə ki, çox acınacaqlıdır.

Foto: BBC

“Kino sənətinə görkəmli töhfəsinə görə” alman rejissoru Vim Vendersə “fəxri ürək" təqdim edilib.
"Biz çox şadıq ki, həmişə tamaşaçıya unudulmaz tarix və emosiyalar təklif edən görkəmli ustanı mükafatlandırırıq, biz ona borcluyuq", - deyə festivalın direktoru Mirsad Purivatra mərasimdə qeyd edib. “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən bu barədə məlumat verir.
"Mənim elə hisslərim var ki, bütün arzularım gerçəkləşib", - deyə 76 yaşlı Vim Venders mükafatı qəbul edərkən bildirib.
“İl yarımdır ki, mən heç yerə getməmişəm, il yarımdır ki, başqa adamlarla filmlərə baxmamışam. Bu gün yaşadığımız bu xoşbəxtliyə inana bilmirəm. Bu mükafat ürək şəklindədir. Mən öz filmlərimi məhz qəlbimlə çəkirəm. Buna görə bu mükafat mənim üçün xüsusidir".
Çox önəmli bir fakt: Rejissor-povestçi, ssenarist, fotoqraf və prodüser Vim Venders Sarayevoya 10 il sonra qayıdıb, belə ki, 2011-ci ildə ilk dəfə buraya Oskar mükafatına namizəd olan "Pina" adlı  sənədli 3D filmini təqdim etmək üçün gəlmişdi.
Vaxtilə "Amerikalı dost", "Berlin üzərində səma" və "Əşyaların vəziyyəti" filmləri Vendersi yeni alman kinosunun pionerləri sırasına  çıxarmışdı. Onun "Paris, Texas" filmi isə Kannda Palma budağı almışdı.
Qeyd edək ki, Sarayevdəki festival 90-cı illərin əvvəllərində - serblərlə müharibədə şəhərin mühasirəsi zamanı müqavimət simvolu kimi yaradılıb. Onun təşkilatçıları xüsusən Cənub-Şərqi Avropadan filmlərin təbliğinə xüsusi diqqət yetirirlər.
Vim Venders Sarayevo kinofestivalı çərçivəsində master-klass da verib, tamaşaçılar onun filmlərinin retrospektivinə də baxa biliblər.
Sarayevodakı kino bayramı bu gün - sentyabrın 20-də axşam saatlarında yekunlaşacaq.

Пятница, 20 Август 2021 08:34

Xalq şairi Mirvarid Dilbazinin xatirəsi yad olundu

Ötən gün “Azərkitab” kitab mərkəzində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 109 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə "Mirvarid Dilbazi poeziya məclisi” ictimai birliyinin sədri, şair, publisist Güllü Eldar Tomarlı açıb. O,  Mirvarid Dilbazi yaradıcılığının Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunda xüsusi yer tutduğunu və gənc nəsillərə bir örnək olduğunu vurğulayıb.
Xalq şairi Nəriman Həsənzadə Mirvarid Dilbazini xatırlayaraq, onun haqqında xatirələrini bölüşüb. Mirvarid Dilbazi adına yaradılmış ictimai birliyə xeyir-dualarını verərək, bu yolda şair, publisist Güllü Eldar Tomarlıya uğurlar arzulayıb.
Tədbirdə çıxış edən tarix elmləri doktoru Əkrəm Rəhimli, tənqidçi- şair Əsəd Cahangir, tədqiqatçı-yazıçı Ramiz Göyüşov, şairələr Südabə İrəvanlı, İlham Qazaxlı, Zeynəb Kazımova, Zərəngiz Dəmirçi Qayalı və başqaları çıxış edərək Mirvarid Dilbazinin yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Mirvari Dilbazinin bir neçə şeiri dillər əzbəridir. Oxucularımızı məlumatlandıraq ki, məşhur “Evimizə gəlin gəlir” mahnısının sözləri Mirvarid xanımındır.
Toylarımızın bəzəyi olan “Evimizə gəlin gəlir” şeirini Mirvarid Dilbazi bacısıoğlu Vəfa Quluzudənin - bəli, Azərbaycan siyasətində, diplomatiyasında yer almış həmin o tanınmış şəxsin toy günü üçün yazlbmış. Ruhları şad olsun!

Evimizə gəlin gəlir,
Sığallayıb telin gəlir,
Görüşünə elin gəlir,
Çıraqları gur yandıraq.

Aşıqlar çalsın sazları,
Rəqs eləsin el qızları,
Qoy dolansın təzə ayın,
Başına yer ulduzları.

Evə sevinc, fərəh gəlir,
Çəmənlərdən çiçək gəlir,
Bir işıqlı ürək gəlir,
Məşəlləri odlandıraq.

Sağ əli qızlar başına,
İncilər, nazlar başına.
Oxşayır tovuz quşuna,
Evləri işıqlandıraq.

İki qonçə cavan gəlir,
Gül yanında reyhan gəlir,
Şümşadboylu oğlan gəlir,
Bu oğlanı şadlandıraq.

Bəzəyib şamlar əlini,
Asta gətir bəy gəlini,
Azərbaycan gözəlini
Nurlu çıraq adlandıraq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.