Super User

Super User

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Katibliyinin (ARKİ) geniş tərkibdə iclası keçirilib.

 

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev AzərTAC-a bildirib ki, iclasda 2 Avqust- Milli Kino Günü və ARKİ – nin 10 illiyi, kinonun bugünkü durumu haqqında, Zəfər Günü ilə bağlı tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub. İttifaqın sədri Şəfiqə Məmmədova əlamətdar günlərlə bağlı görülən və görüləcək təşkilati işlər barədə məlumat verib. Daha sonra İttifaq tərəfindən hər il təqdim edilən Milli Kino Mükafatı və tanınmış kino xadimlərinin ARKİ tərəfindən mükafatların təqdim edilməsi, habelə fəxri adların verilməsi ilə bağlı məsələlər müzakirə edilib.

İclasın gedişində ARKİ – nin İdarə Heyətinin katibləri Oktay Mirqasım, Vaqif Mustafayev, Ayaz Salayev, Cəmil Quliyev, Müşfiq Hətəmov, Nəriman Məmmədov, Azər Quliyevin təklif və mülahizələri dinlənilib. Müzakirələrdə tanınmış kino xadimləri Rafiq Nəsirov, Rafiq Qəmbərov,Əbdül Mahmudov və Şamil Əliyev fəal iştirak ediblər.

Daha sonra iclasda veteran kino xadimləri, yubilyarların mükafatlandırılması məsələləri də müzakirə edilib. ARKİ-yə yeni üzvlər qəbul olunub.

 

“…Çünki oxuduğunuz, eşitdiyiniz, hiss etdiyiniz, təsəvvür etdiyiniz hər şey sizin təcrübənizdir" - Vilyam Folkner

 

Nobel mükafatı laureatı Vilyam Folkner 1958-ci ildə "Paris Review" ("Paris İcmalı") jurnalına verdiyi müsahibədə belə deyib: "Gənc yazıçının nəzəriyyələrə əməl etməyi axmaqlıq olardı. Özünüz öz səhvlərinizdən öyrənin; insanlar ancaq öz səhvlərindən dərs alırlar. Yaxşı sənətkar inanır ki, heç kim ona məsləhət verəcək qədər yaxşı deyil".

Eyni zamanda, Folkner 1957-1958-ci illərdə Virciniya Universitetində rezidenturada yazıçı kimi çalışarkən gənc yazıçılara çoxlu məsləhətlər verib. Bu illərdə onun müxtəlif mühazirələri və çıxışları - təxminən, 28 saatlıq müzakirələr - lentə alınıb və indi həmin mətnləri universitetin Folkner audio arxivində dinləmək olar. Həmin transkriptlərin içindən Folknerdən bədii əsər yazmaq sənətinə dair yeddi maraqlı sitat seçilib. Həmin stenoqramlar içindən seçilmiş 7 məsləhəti təqdim edirik.

 

1. Lazım olanı digər yazıçılardan götürün

 Folkner özü də başqa bir müəllifin istifadə etdiyi, onun üçün faydalı ola biləcəyini düşündüyü texnika və ya metodu götürməkdən çəkinmirdi. 1957-ci il, fevralın 25-də yazı dərsində deyir: " Əvvəllər də dediyim kimi, düşünürəm ki, yaxşı yazıçı tamamilə əxlaqsızdır. O, ehtiyac duyduğu hər şeyi, harada lazımdırsa, götürür və bunu açıq, dürüst edir, çünki o, aldığının, başqalarının da ondan almaq istəyəcəkləri qədər  yaxşı olacağına və bununla o da xoşbəxt olacağına ümid edir".

 

2. Üslubdan narahat olmayın

Əsl yazıçı - Folknerin ifadəsi ilə desək, "şeytanlar tərəfindən idarə olunan biri" - üslub mövzusuna həddindən çox fikir verir. 1958-ci il aprelin 24-də bakalavr pilləsində keçdiyi yazı dərsində deyir: "Düşünürəm ki, hər hekayənin öz üslubu var, ona görə də yazıçıların üslubla bağlı çox narahat olmasına ehtiyac yoxdur. Yazıçı üslubdan narahat olsa, boş-boş mətnlər yazacaq, tam cəfəngiyyat olmasa da... Yazdıqları qulağa olduqca gözəl və xoş gələcək, amma mətndə məzmun olmayacaq".

 

3. Təcrübələrinizdən yazın - lakin "təcrübə"nin tərifini bir az geniş mənada yadda saxlayın

Folkner öz təcrübələrindən yazmaq haqqında köhnə məsəllə razılaşır, hətta təcrübədən kənar heç nə yazmağın mümkün olmadığını deyir. O, olduqca əhatəli "təcrübə" anlayışına malik idi. 1958-ci il, fevralın 28-də Amerika bədii ədəbiyyatı üzrə son sinifdə təhsil alan tələbələrə deyir: "Mənə görə təcrübə sizin dərk etdiyiniz hər şeydir. Bu, kitablardan qaynaqlana bilər, bir kitab, bir hekayə sizi hərəkətə keçirəcək qədər yaxşı və doğru ola bilər. Bu, mənim fikrimcə, sizin təcrübələrinizdən biridir. O kitabdakı insanların etdiyi hərəkətləri etmək məcburiyyətində deyilsiniz, amma əgər onlar sizdə haqlı olma təəssüratı yaradırsa, onların insanların edəcəyi şeylər olduğunu, onları bunu etməyə məcbur edən hissləri anlaya bilirsinizsə, mənə görə bu da bir təcrübədir. Deməli, mənim təcrübəyə verdiyim tərifə görə, təcrübəniz olmayan bir şeyi yazmaq mümkün deyil, çünki oxuduğunuz, eşitdiyiniz, hiss etdiyiniz, təsəvvür etdiyiniz hər şey sizin təcrübənizdir".

 

4. Xarakterlərinizi yaxşı tanıyın və hekayə özü özünü yazacaq

Bir xarakter haqqında aydın təsəvvürünüz varsa, Folknerin dediyinə görə, hekayədəki hadisələr personajların xüsusiyyətlərinə uyğun olaraq cərəyan edəcək. Folkner, "Personajlar hekayəni mənimlə birlikdə yaradır", - deyir. 1958-ci il, fevralın 21-də yuxarıdakı kimi, Amerika bədii ədəbiyyatı dərsində bir şagird Folknerdən soruşub ki, personajları beynində yaratmaq, yoxsa təsəvvür edəndən sonra onu kağıza köçürmək daha çətindir? Folkner belə cavab verib: "Deyə bilərəm ki, personajları beynində canlandırmaq daha çətindi. Xarakter ağlınızda olanda və o haqlıdırsa, doğrudursa, öz işini özü görür. Bundan sonra sizə lazım olan tək şey onun arxasınca qaçmaq, etdiklərini və dediklərini yazıya köçürməkdir. Bu mayalanma və sonra hamiləlikdir. Siz öz xarakterinizi yaxşı tanımalısınız. Ona inanmalısınız. Onun sağ olduğunu hiss etməlisən və sonra təbii ki, onun hərəkətlərinin inandığın xarakterə uyğun olması üçün onun bəzi hərəkətlərini seçməli olacaqsan. Seçdiyiniz hərəkətlər inandığınız xarakterə uyğun olmalıdır. Bu seçimi etdikdən sonra xarakterinizi kağıza köçürmək mexaniki bir iş olacaq".

 

5. Dialektdən az istifadə edin

 Virciniya Universitetinin audio arxivinə daxil edilmiş bir neçə yerli radio proqramında Folkner Missisipidəki müxtəlif etnik və sosial qrupların danışdıqları müxtəlif dialektlərdəki nüansları haqqında maraqlı fikirlər söyləyir. 1958-ci il, mayın 6-da "Yaxşı söz nədir"? verilişində Folkner xəbərdaqlıq edir ki, bu mövzunun başqa yazıçıların da diqqətindən yayınmaması vacibdir: "Düşünürəm ki, dialektdən mümkün qədər az istifadə etmək daha yaxşıdır, çünki bu, həmin dialektlə tanış olmayan insanların çaşqınlığına səbəb olur. Hər kəs personajın öz xalq dilində danışmasına imkan verməməlidir. Ən yaxşı halda dialekt fərqini bir neçə fərqli nümunə ilə vurğulamaq olar".

 

6. Xəyallarınızı tükətməyin

 Folkner deyir ki, "Bir fəslin və ya bir fikrin sonuna heç vaxt özünüzü yazmayın". 1957-ci il, fevralın 25-də yazı dərsində belə deyir: "Mənim yeganə qaydam isti-isti mətndən çıxmaqdır. Heç vaxt özünüzü yazmayın. Yazı yaxşı gedəndə həmişə yazmağı dayandırın. Sonra yenidən işə başlamaq daha asan olacaq. Özünüzü yorsanız, ölü bir sehrə düşəcəksiniz və bununla bağlı problem yaşayacaqsınız".

 

7. Bəhanə gətirməyin

 6-cı bənddə qeyd edilən dərsdə (1957-ci il, fevralın 25-də yazı dərsində) Folkner öz taleyini, yaşadığı dövrü, şəraiti günahlandıran bəzi əsəbi yazıçılar haqqında ağır sözlər söyləyib: "Mənim dilsiz, ağızsız, şərəfsiz Miltonlara qarşı dözümlü olmağa səbrim yoxdur. Düşünürəm ki, qeyd etdikləri kimi pis şeylər yaşayırlarsa, bunu yazmalıdırlar. Yaza bilmədiklərinə görə bir çoxlarını günahlandırırlar. "Evli olmasaydım, uşaqlarım olmasaydı, yazıçı olardım", deyənləri var. Hətta "Əgər bu işi bitirsəydim, yazıçı olardım", deyənlər belə var. Buna inana bilmirəm. Düşünürəm ki, yazacaqsansa yazacaqsan, heç nə sənə mane ola bilməz".

 

Hazırladı: Nilufər Hacılı

 

Bu gün “M” teatrında “Vidalaşmadan getməyin” adlı monotamaşanın növbəti dəfə nümayişi olacaq.

 

Bu monotamaşanın müəllifi Rövşən Ağayev, quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Mikayıl Mikayılov, bəstəkarı Vüqar Məmmədzadə, rəssamı Ülkər Əliyevadır. Səhnə həlli tamaşaçıya aktyor Oqtay Mehdiyevin təqdimatında çatdırılır.

Qeyd edək ki, “Vidalaşmadan getməyin” adlı monotamaşada haradansa peyda olan bir kişi bizə öz həyatını, keçmiş günlərini və o günlərin fərqində olmadığı məqamlarını danışır, eləcə də səhnə əsərinin paradiqması, ana xətti tamaşa boyu tamaşaçılara təqdim olunur.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Sami Asem Qoşeh ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” fondu Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Günay Əfəndiyeva Türk Dünyasının qədim irsinin, tarixinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə təbliği istiqamətində təşkilat tərəfindən həyata keçirilən layihələrdən söz açıb. Fondun prezidenti Türk Dünyası ilə Ərəb Dünyasının yaxınlaşdırılması çərçivəsində təşkilat tərəfindən nəşr olunan “Azərbaycan Qadın Şairələrinin Poeziya Antologiyası” kitabının ərəb dilində işıq üzü görməsi haqqında məlumat verib. Günay Əfəndiyeva mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb.

İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Qoşeh müxtəlif sivilizasiyaların bir araya gətirilməsi yönündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirib. Sami Asem Qoşeh təşkilat ilə İordaniya arasında qarşılıqlı əməkdaşlığın uğurlu inkişafına inandığını qeyd edib.

Görüş əməkdaşlığın gələcək perspektivlərinin dəyərləndirilməsi istiqamətində fikir mübadiləsi ilə davam edib.

 

Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə iyulun 7-də açılan növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirlər.Festivalın təntənəli açılış mərasimi “Marxal” kompleksinin Yay Teatrında keçirilib.

Açılış mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2010-cu ildən başlayaraq hər il Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının şəhərin mədəni həyatında böyük bir hadisə olduğunu diqqətə çatdırıb. “Təəssüf ki, pandemiya səbəbindən biz iki il bu festivalı keçirə bilmədik. Şükürlər olsun ki, hər şey arxada qaldı. Hər ilin yayında şəhərimizdə keçirilən və artıq ənənə halını alan “İpək Yolu“ Beynəlxalq Musiqi Festivalını bu il yenidən qeyd edirik. Həmişə olduğu kimi bu il də festivalda tanınmış musiqi kollektivləri iştirak edirlər. Şəhərimizin sakinləri və qonaqlar yenə də gözəl bir musiqi bayramının şahidi olacaqlar”, - deyə icra hakimiyyətinin başçısı vurğulayıb.Vurğulayıb ki, Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, şəhərin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Festivalın açılış mərasimində F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib. Ansamblın bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev, xormeyster Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, baletmeyster Əməkdar artist Ceyhun Qubadovdur. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, dünya xalqlarının mahnı və rəqsləri ifa olunub.

Festivalın növbəti konsert proqramları bu gün davam edəcək.

 

Avropa İttifaqının tədqiqat və innovasiyasını maliyyələşdirən ən böyük proqramı – “Horizon Avropa” mədəniyyət və yaradıcılıq sahəsində araşdırma imkanlarını da özündə ehtiva edir. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə sözügedən proqramın məlumatlandırma günü təşkil olunub. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Pedaqoji və Bakı Slavyan universitetlərinin ümumilikdə 60-dan çox əməkdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin də təmsil olunduğu Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) nümayəndələri tərəfindən məlumatlandırılıb.

Tədbir çərçivəsində “Horizon Avropa” proqramının strukturu və maliyyələşdirmə imkanları, o cümlədən tədqiqat işlərində iştirak haqqında məlumat verilib. Bundan əlavə, sessiyalarda “Mariya Skladovskaya-Küri (MSCA)”, “Avropa Tədqiqat Şurası (ERC)”, “Qlobal problemlər və Avropa Sənaye Rəqabəti” adı altında maliyyələşdirilən tədqiqat və beynəlxalq əməkdaşlıq mövzuları haqqında məruzə və təqdimatlar baş tutub.

Nəzərinizə çatdırırıq ki, proqramın büdcəsi 7 illik müddət (2021-2027) çərçivəsində 95.5 milyard avro təşkil edir.

Horizon Avropa proqramının “Qlobal problemlər və Avropa Sənaye Rəqabəti” adlı ikinci istiqamətində “Mədəniyyət, Kreativlik və İnklüziv cəmiyyət” adlı klaster də yer alır. Yaradıcılığa əsaslanan innovasiya ekosisteminin formalaşdırılması, mədəniyyət və yaradıcı sənayelərin inkişaf etdirilməsi, incəsənətin və mədəni irsin təbliğini bu klasterdə prioritet sahələrdəndir. Qeyd olunan istiqamətlər üzrə ölkədə fəaliyyətlərin həyata keçirilməsi Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir və MƏŞŞ nümayəndələri arasında nazirliyin əməkdaşı da fəaliyyət göstərir.

Mədəniyyət sahəsində fəaliyyət göstərən tədqiqatçılar bu keçidə daxil olaraq Horizon Avropa proqramı çərçivəsində elan olunan çağırışlarla yaxından tanış ola, maliyyələşmə mexanizmləri ilə bağlı məlumat əldə edə bilər.

Proqramla bağlı əlavə məlumat üçün Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. e-mail ünvanına müraciət edə bilərsiniz.

Суббота, 09 Июль 2022 08:30

“Mətbuat tarixi” kitabı işıq üzü görüb

 

Tanınmış jurnalist Akif Aşırlının növbəti kitabı işıq üzü görmüşdür. “Mətbuat tarixi” adlanan kitabda adından da göründüyü kimi, milli mətbuatımızla bağlı olduqca əhəmiyyətli  faktlar, sənədlər, araşdırmalar yer alıb. 

Kitab mətbuat mütəxəssisləri, elm xadimləri və jurnalistlərlə yanaşı sıravi oxucular üçün də maraq kəsb edəcək.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqeri diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı həyata keçirilən layihə və tədbirlərdən söhbət açılıb.

Bu ilin may ayında ABŞ-a səfəri çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin və mədəniyyət tədbirlərinin əhəmiyyətini qeyd edən Anar Kərimov bildirib ki, sözügedən səfər mədəniyyət sahəsində birgə əməkdaşlığa böyük töhfələr verəcək.

Səfirliyin ölkəmizdə tarixi-mədəniyyət abidələrinin bərpasına göstərdiyi dəstəyi xüsusi vurğulayan nazir bu münasibətlərin davamlı olacağına inamını ifadə edib. Mədəniyyət Nazirliyi tərəfindən ötən il bəyan edilən "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırışının əhəmiyyətindən bəhs edən Anar Kərimov bu kampaniya çərçivəsində də ABŞ-la əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırıb. 

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Örl Litzenberqer Azərbaycanda işlədiyi dövrdə iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı istiqamətində fəaliyyət göstərdiyini bildirib.

Nazir səfirə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

 

Qırğızıstan paytaxtı Bişkekdə erməni təxribatının qarşısı alınıb. Belə ki, Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun müdaxiləsi nəticəsində Bişkek şəhərindəki Kino Evində Fransa-Ermənistan-Belçika istehsalı olan təxribat xarakterli “Əgər külək əsərsə” (“Si Le Vent Tombe”) filminin nümayişi baş tutmayıb. Xatırlayırsınızsa, ermənilər bu filmi Kann kinofestivalına qədər daşımışdılar. 

 

“Alliance Francaise Bişkek” şirkətinin təşkilatçılığı ilə fransız dilində çəkilən filmin rusca alt yazısı ilə bu gün yerli vaxtla saat 11:00-da Bişkek şəhərində yerləşən Kino Evində tamaşaçılara təqdim olunması nəzərdə tutulmuşdu.

Bu xəbəri “Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə məlumatı çatdıran “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyevə və Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyinin sədri Xansıvar Baxşəliyevə istinadən yayır. Xəbərdə qeyd edilir ki, nümayişi dayandırmaq diaspor rəhbərlərinin ölkənin mədəniyyət, informasiya və turizm naziri Cavankul Azamat, “İssık-Kul Forumu” Beynəlxalq İctimai Birliyinin rəhbəri Askar Aytmatov və Çinqiz Aytmatov adına Respublika Kino Evinin direktoru Gülmira Kərimova ilə apardıqları danışıqlardan sonra mümkün olub. Soydaşlarımız təxribat xarakterli filmin türk dövlətində nümayiş olunmasına kəskin etirazlarını bildiriblər və diasporumuzun duruma uyğun müvafiq addımlar atacaqları barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, erməni rejissoru Nora Martirosyanın çəkdiyi filmdəki hadisələr Azərbaycanın işğal altındakı torpaqlarında cərəyan edir. Film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissinin gücləndirilməsi məqsədilə ərsəyə gətirilib.

Суббота, 09 Июль 2022 17:30

“Sevgidə heç-heçə olmur…”

 

Hümbət Həsənoğludan 10 aforizm

 

1) “ Düşmənlərim yoxdur” deyən insan dostlarını yaxşı tanımır.

2) İtin həyatı kimə hürməsindən və kimə quyruq bulamasından asılıdır - lap insanlardakı kimi.

3) Qəlbə yağan yağışa çətir açmaq olmur.

4) Dünyanı, bəlkə də, gözəllik xilas edərdi, amma eybəcərlər buna imkan verməz.

5) Böyük buludun kölgəsindənsə, kiçik ağacın kölgəsi etibarlıdır.

6) Həyat səhvlərinin yazı səhvləri kimi rezin pozanı olmur.

7) Kişi bircə qabırğasından düzəldilmiş qadına görə bütün canını qurban verməli olur.

8) Sevgidə heç-heçə olmur, ya hər iki tərəf udur, ya hər iki tərəf uduzur.

9) Aldadılmağa hazır olmayan insan yaşamağa hazır deyil.

10) Həyat mahnı, sevgi onun nəqarətidir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.