Super User

Super User

 

Sabah - iyilun 10-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılı əsasında eyniadlı tamaşa nümayiş ediləcək.

 

Kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tamaşa Əməkdar artist, usta kuklaçı Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib. Birhissəli uşaq tamaşasında kuklalarla yanaşı, canlı planda aktyor oyunu da qurulub.

Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.

 

Bu gün Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında maraqlı tamaşalardan olan “Dejavü” tamaşası yenidən nümayiş ediləcək. 

 

Tamaşanın müəllifi Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir. Onlar həm də səhnə əsərinin quruluşçu rejissoru və rolların ifaçılarıdır.

Tamaşanın musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir.

Qeyd edək ki, iki aktyorun iştirak etdiyi səhnə əsəri kişi və qadın münasibətlərindən bəhs edir.

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşası növbəti dəfə nümayiş ediləcək.

 

Bu gün göstəriləcək tamaşada dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilib.

18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni rejissor Ər-Toğruldur. 

Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edib. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında teatrsevərlərin qarşısına çıxacaqlar.

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə 2022-ci ilin iyul ayında rəssamlar üçün “ArtCamp Shusha” adlı beynəlxalq layihə həyata keçiriləcəkdir.

 

Bununla əlaqədar ölkəmizə İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən olan rəssamların səfəri planlaşdırılır. Xarici rəssamlar isə yanaşı, layihədə Rəşad Mehdiyev, Vüqar Muradov, Anar Hüseynzadə, Butunay Haqverdiyev, Günel Ravilova və Vüsalə Ağarazıyeva kimi yerli rəssamlar da iştirak edəcəklər. Layihə çərçivəsində xarici və yerli rəssamlar Şuşa şəhərini ziyarət edəcəkdir. Mədəniyyət paytaxtımız olan bu şəhər ilə yaxından tanış olacaq rəssamlar Şuşaya həsr olunmuş rəsm əsərləri yaradacaqlar.

Tanınmış yerli sənət xadimlərinin, şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların yaradıcılığında Şuşa kifayət qədər tərənnüm olunsa da, xarici mütəxəssislərin gözü ilə ona yeni bir baxış zəruridir. Xarici mütəxəssislərin Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaqdır. Dəvət olunan xarici rəssamların yaratdığı əsərlər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq və müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılaraq daha geniş tamaşaçı kütləsinə xitab edəcəkdir.

Layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən rəssamların emalatxanalarında görüşlər təşkil olunacaq, rəsm qalereyaları ziyarət olunacaq və təsviri sənət sahəsində müasir çağırışlara dair müzakirələr aparılacaqdır.

 

Dünən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan "Bir nəfəs qədər" tamaşası yenidən nümayiş olundu.

 

SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artistlər Leyla Ağayeva və Zakir Ağayev, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev, eləcə də orkestr və balet artistləri iştirak edirdilər.

Qeyd edək ki, səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır. Ana inanır ki, oğlu nə vaxtsa mütləq qayıdacaq. Qaranlıq, uzun gecələrin birində ana sanki arzusuna çatır. Əslində isə xəyal və gerçəklik arasında övladının yoxluğu ilə barışmaq məcburiyyətində qalır.

 

Ötən gün Bakı Kitab Mərkəzi azyaşlı oxucuları “Oxu saatı”na dəvət etdi. 

Tədbirdə “Oxu saatı”nın növbəti qonağı - Əməkdar mədəniyyət işçisi Aygül Qaradağlı balacalara Klara R.Hitsin "Peter musiqi alətləri diyarında" kitabını təqdim edib.

Qeyd edək ki, kitabı Azərbaycan dilinə Aygül Qaradağlının özü tərcümə edib.

 

Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Altay Məmmədovun “Dəli Domrul” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunacaq. 

 

“Dəli Domrul” tamaşasının quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Qeyd edək ki, “Dəli Domrul” tamaşası Altay Məmmədovun “Kitabi – Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyni adlı pyesi əsasında hazırlanıb. Meydan üslubunda səhnələşdirilmiş tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir.

 

Bu gün - iyulun 9-da Bakıda “Nirvana” qrupunun bir çox mahnılarının kaver versiyası və hər kəs tərəfindən sevilən hitləri səslənəcək.

 

Konsert proqramında, həmçinin “Metallica”, “Rammstein”, “AC/DC”, “Linkin Park”, “Green Day” kimi qrupların rok hitləri Azərbaycan rok qruplarının canlı ifası ilə təqdim olunacaq. 

Qeyd edək ki, konsertdəki bütün mahnılar məşhur Bakı qrupları – “Coda” və “Noir” tərəfindən ifa olunacaq.

 

“DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalının “Ən yaxşı yerli sənədli film” kateqoriyası üzrə nəzərdə tutulan mükafatı açıqlanıb. 

 

Sözügedən mükafata Fransaya gediş-dönüş aviabileti, Biarritsə (Fransa) gediş-dönüş qatar bileti, həmçinin gündəlik xərcləri qarşılamaq üçün 500 avro məbləğində vəsait daxildir. Mükafat Azərbaycan Fransız İnstitutu tərəfindən təqdim ediləcək.

“Ən yaxşı yerli sənədli film” nominasiyası üzrə qalib gələn iştirakçı gələn il yanvarın 20-28-də “Biarrits” Beynəlxalq Sənədli Film Festivalına qatılmaq imkanı əldə edəcək.

Biarrits Beynəlxalq Sənədli Film Festivalın açılışından 3 ay öncə təyyarə və qatar bileti qalibə təqdim olunacaq.

 

Rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (Sermon to the Fish) bədii tammetrajlı filmi Lokarno Film Festivalının proqramına “Beynəlxalq müsabiqə” kateqoriyası üzrə daxil edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə filmin prodüseri Elşən Abbasov məlumat verib.

Elşən Abbasov bildirib ki, Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalı olan “Balıqlara xütbə” filmi 75-ci Lokarno Film Festivalında “Qızıl Bəbir” mükafatına namizəddir. Film 3500 film arasından seçilmiş 17 ekran işindən biridir. Lokarno Film Festivalı avqustun 3-dən 13-dək keçiriləcək.

Qeyd edək ki, “Balıqlara xütbə” filminin ssenari müəllifi Hilal Baydarov, Aysu Akcan, rejissoru Hilal Baydarovdır. Filmdə Rəna Əsgərova, Orxan İsgəndərli, Hüseyn Nəsirov və digər aktyorlar rol alıblar.

Xatırladaq ki, rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Film müstəqil Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb. Bundan başqa, “Səpələnmiş ölümlər arasında” bədii filmi “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalının “Ən yaxşı film” nominasiyası üzrə mükafatına layiq görülüb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.