Super User

Super User

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveç Krallığının Azərbaycanda və Qırğızıstanda səfiri Kristian Kamil ilə ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

 

Fonddan AzərTAC-a bildirilib ki, görüş zamanı Fondun prezidenti Günay Əfəndiyeva dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşdırılmasının vacibliyindən bəhs edərək, bu istiqamətdə təşkilatın əməkdaşlıq etdiyi ölkələr sırasında İsveç Krallığının olmasından məmnunluq duyduğunu söyləyib. O, Fond ilə İsveç Krallığının Azərbaycandakı səfirliyi arasında mövcud əlaqələrdən söz açaraq, münasibətlərin daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb. Günay Əfəndiyeva səfirin fəaliyyət müddətində göstərdiyi səylərini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Səfir Kristian Kamil diplomatik missiyasını icra etdiyi müddət ərzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə qarşılıqlı tərəfdaşlığın rolundan danışıb. Səfir təmsil etdiyi ölkənin digər xalqların mədəni irsinə göstərdiyi marağı nəzərə çatdıraraq, Fond tərəfindən təşkil olunan tədbirlərdə hər zaman böyük həvəslə iştirak etdiyini dilə gətirib. O, türk dünyasının zəngin mədəniyyətinin və incəsənətinin təbliğ olunmasına təşkilatın xüsusi töhfələr verdiyini bildirib.

Görüşdə İsveç ilə təşkilata üzv və müşahidəçi ölkələrin mədəniyyətləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin perspektivləri müzakirə olunub.

 

“Şuşanın işğaldan azad olunmasından sonra artıq ikinci dəfədir ki, Vaqif Poeziya Günləri keçirilir. Bu çox mühüm hadisədir. İlk dəfə Vaqif Poeziya Günləri 40 il bundan əvvəl keçirilib.”

 

Bu fikirləri mediaya açıqlamasında şair, jurnalist, “525-ci qəzet”in baş redaktoru, AYB sədrinin müavini Rəşad Məcid söyləyib.

1980-ci illərdə keçirilən Vaqif Poeziya Günləri barədə xatirələrini bölüşən yazıçı deyib ki, o zamanlar şairlər sanki öz aralarında yarışır, ən gözəl şeirlərini söyləyirdilər: “Həmin vaxt Poeziya Günlərində Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Məmməd İsmayıl, Zakir Fəxri və digərləri İsa bulağının ətrafında yığışmışdılar. Orada edilən söhbətlər indiyədək yadımdadır”.

R.Məcid bildirib ki, Şuşanı görmək xüsusi bir zövqdür. “İnsanlar Şuşaya gəlmək istəyir, burada olmağı arzulayırlar. Bu istəyi yaradan Şuşanın tarixi, bu şəhər haqqında yazılan bədii yazılar, eyni zamanda, son iki ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa haqqında dediyi fikirlərdir. Dövlətimizin başçısının Şuşa sevgisi indi hər bir azərbaycanlıya sirayət edir. Şuşanın gözəlliyini, sehrini fərqli bədii səviyyədə Azərbaycan xalqına çatdırmaq şairlərimizin, yazıçılarımızın borcudur”, - deyə yazıçı qeyd edib.

Суббота, 16 Июль 2022 10:01

Vətənə tən daşı

 

Elçin Şıxlının 65 illik yubileyi ərəfəsində Elman Eldaroğlunun yazısı

 

Əgər məndən soruşsalar ki, Elçin Şıxlını bir cümləylə necə xarakterizə edə bilərsən? Düşünmədən söyləyərəm- keçmişdən miras qalmış ən yaxşı dəyərləri içində gələcəyə daşıyan adam…

Deyir ki,- "Mənə vəzifə təklif olunmayıb. Bircə məsələni qeyd edə bilərəm ki, Ayaz Mütəllibovun zamanında atam gəlib dedi ki, “oğul, sənin Mərkəzi Komitədə şöbələrin birinə təyin olunmağınla bağlı vəzifə təklif ediblər. Bağışla, incimə məndən, sənin əvəzindən o vəzifədən imtina etdim”. “Çox yaxşı edib, imtina etmisən ata. Vəzifə mənlik deyil”- dedim". 

Odur-budur tilsimə düşüb. O, vəzifədən, vəzifə də ondan uzaq gəzir…

Ola bilsin ki, jurnalistikada peşəkarlıq əsas şərtlərdən biridir, razıyam. Amma bu çox azdır. Jurnalist həm də səmimi, istedadlı və dürüst olmalıdır. Elçin Şıxlıda bunların hamısı var. 

Onun necə jurnalist olduğundan yox, şəxsiyyət kimi necə göründüyündən söhbət açmaq istəyirəm. Kimin oğlu olduğu, hansı mühitdə böyüdüyü elə də önəmli deyil, önəmli olanı odur ki, özünə xəyanət etmir. "Ot kökü üstə bitər"i çox söyləmişik, amma yaddaşımızda- "Oddan kül törəyər", ehtiyat kəlamımız da var. Deməli, kimin oğlu olmaq əsas deyil, əsas odur ki, sən hansı dəyərləri özündə ehtiva edə bilmisən?..

Yerinə düşmüşkən, Elçin Şıxlı 1957–ci il oktyabrın 4-də Bakı şəhərində dünyaya gəlib. 1974-cü ildə 190 nömrəli orta məktəbi bitirib. Həmin il indiki Azərbaycan Dillər Universitetinə qəbul olunub. 1979-cu ildə orada ingilis və alman dilləri müəllimi ixtisasına yiyələnib. 2016-cı ildə ayna.az saytı və Ayna TV-ni təsis edənədək hərbi xidmətdə və bir sıra inzibati işlərdə, eləcə də mətbuatda çalışıb. Evlidir, iki övladı var…

Ömür qəribə bir möhlətdir. Əvvəlindən baxanda uzun görünür, sonundan baxanda qısa. Nə az, nə çox bu il 65 yaşı tamam olacaq...

Deyir ki,- "Heç vaxt köklü şəkildə ölkəni tərk etmək barədə düşünməmişəm. Arada insanın beynindən “bezdim, yoruldum” kimi hallar keçir. Dəqiq deyə bilərəm ki, ölkədən harasa getsəm, ürəyim partlayar və ölərəm. Azərbaycandan uzaqda yaşaya bilmərəm"...

Bunu yalnız Vətən aşiqləri söyləyə bilər. Onlara vətəndaş da deyirlər, yəni VƏ TƏN DAŞ! Bizim Elçin Şıxlı kimi...

Суббота, 16 Июль 2022 08:58

Xarici rəssamlar Şuşada

 

“Şuşa ili” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə rəssamlar üçün “ArtCamp Shusha” adlı beynəlxalq layihə həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla  əlaqədar ölkəmizdə səfərdə olan İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən olan xarici rəssamlar ilə yanaşı, Rəşad Mehdiyev, Anar Hüseynzadə, Butunay Haqverdiyev, Günel Ravilova və Vüsalə Ağarazıyeva kimi yerli rəssamlar Şuşa şəhərini ziyarət etmiş, burada mövcud olan tarixi abidələrimiz və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmuşlar.

Bakıya qayıdan rəssamlar Şuşa barədə təəssüratlarını tərənnüm edən rəsm əsərlərini yaratmağa artıq başlayıb. Bu rəsm əsərlərinin cari ayda təşkil olunacaq sərgidə nümayiş etdirilməsi nəzərdə tutulur.

 

Məşhur erməni prodüsseri Armen Qriqoryan İrəvanın ümumi yurisdiksiyası Məhkəməsində məhkəmə iclası zamanı dünyasını dəyişib. 

 

“Ədəbiyyat və incəsənət” portalı aysor.am erməni saytına istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Armen Qriqoryanın işi üzrə məhkəmənin növbəti iclasında prodüser onun vəkili Ruben Melikyanın çıxışı zamanı huşunu itirib. İclas yarımçıq kəsilib, məhkəmənin binasına təcili yardım çağırılıb. 

Xatırladaq ki, Ermənistan hakimiyyətinə müxalif olan və rusiyapərəst mövqe tutan kinoprodüser Armen Qriqoryan “zorakılığın tətbiqinə çağırışlarbarədə məqalə yazması” səbəbindən iki ay öncə İrəvanda saxlanılmışdı. 

Armen Qriqoryan 1965-ci il təvəllüdlü idi. O, Paşinyana müxalif olsa da bütün ermənilər kimi qatı antiazərbaycan mövqeyi ilə fərqlənirdi.

 

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri iyulun 14-də və 15-də iki möhtəşəm gün tədbirləri ilə davam edib, nəhayət, öz işini başa vurdu. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunurdu. 

İyulun 14-də mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdikləri Poeziya Günləri çərçivəsində ilk tədbir keçirildi, “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi təşkil olundu. 

Sərgini Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi açdı. Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirdi ki, sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. Kitab sərgisində ayrı-ayrı yazıçıların kitablarının təqdimatı da keçirildi. 

Öncə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” və Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır...” kitablarının təqdimatı oldu. 

“Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə Qələbəmizin ilk günlərindən hazırlanmağa başlanıb. Kitabda azad olunmuş Qarabağdan olan hər bir yazıçı öz rayonları haqqında xatirələrini yazıb. Elçin Əfəndiyev Şuşadan, Ramiz Rövşən Qubadlıdan, Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Aqil Abbas Ağdamdan yazıblar. Eyni zamanda, bu kitabda Qarabağın tarixi, ədəbiyyatı, musiqi adamları haqqında zəngin məlumatlar da yer alıb. 

Həmçinin şairlərin Qarabağa həsr olunmuş şeirlərinə, ötən il “Xarıbülbül” musiqi festivalından sonra yazılmış publisist məqalələrə də kitabda yer verilib. Kitabın “Ön söz”ünün müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.

Sərgidə habelə tarixi romanlar müəllifi Yunus Oğuzun Şuşadan və ümumən 44 günlük müharibədəki qələbəmizdən bəhs edən “Cığır” romanı təqdim olundu.

Şair Ramiz Qusarçaylınıb Şuşaya həsr olunmuş “Vətən” poemasının təqdimatından sonra şair “Azərbaycan bayrağı” şerini oxudu və öz təəssüratlarını bölüşdü. 

Tədbirdə Elçin İsgəndərzadə, Elşən Əzim, Arzu Əsəd, İntiqam Yaşar və digərləri öz kitabları haqqında danışdılar, şeirlər səsləndirildi. 

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verilib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.

İyulun 14-də tədbirin rəsmi açılış mərasimi dahi Azərbaycan şairi Vaqifin məqbərəsi önündə baş tutdu. Mədəniyyət naziri Anar Kərimovun, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun və digər rəsmi şəxslərin iştirakı ilə keçən açılış mərasimində öncə Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş olundu.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açılış nitqi ilə çıxış edərək qonaqları salamladı. Qeyd etdi ki, 30 il ərzində əsarət altına qalan Şuşa artıq azaddır. 

O, Şuşa azad ediləndən bəri bu şəhərdə keçirilən tədbirlər barədə danışdı. Həmçinin Xalq yazıçısı Molla Pənah Vaqifin həyat və yaradıcılığına nəzər saldı. Azərbaycan Yazıçılar Birliyinin sədri dahi şair Vaqifin şeirlərini səsləndirdi. Xalq yazıçı dedi: “Müzəffər Azərbaycan Ordusuna, ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevə, Şuşaya, xalqımıza eşq olsun!”.

Sonra çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev uşaqlığının Şuşada keçdiyini bildirdi. Dedi ki, bütün Azərbaycan xalqı uzun illər idi bu günü səbirsizliklə gözləyirdi. 

“44 günlük Vətən müharibəsində şəhid olanların çoxu Qarabağı görməmişdi. Onlar Azərbaycan Prezidentinə, dövlətimizə inanaraq bu yolda can qoydular. Məhz onların sayəsində biz bu gün çox böyük bayrama toplaşmışıq",- deyə Çingiz Abdullayev vurğuladı.

Daha sonra tamaşaçılar Azərbaycan muğamlarını dinlədilər.

Tanınmış Azərbaycan şairəsi Nigar Həsənzadənin “Söz” layihəsi çərçivəsində hazırlanan “İgidlərin sözü” layigəsində  Vətən müharibəsi iştirakçısı olmuş şairlərin muğamın müşayiəti ilə çıxışları oldu. Oğuz Alparslan, Miri Abdullayev, Eyvaz Eyyub, Nicat Ağayev, Emin Piri, Tamerlan Əsədov, Kərəm Aydın, Tofiq Əhməd, Həsən Kür, Cavid Haşımov, Səbuhi Qurbanov kimi döyüşçü əsgərlərin çıxışları gur alqışlar qazandı.  

Sonda tanınmış şairlərin “Odlar yurdum Azərbaycan” - vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirləri səsləndirildi. 

Həmin gün Cıdır düzündə “Əsrlərin sədası” adlı konsert-tamaşa da nümayiş olundu. Konsert-tamaşada dahi Füzuli, Xəqani, Xurşidbanu Natəvan, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Mir Möhsün Nəvvab, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi görkəmli Azərbaycanın ədiblərinin obrazları canlandırıldı.

Musiqili tamaşada Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Samir Cəfərov, Əməkdar artistlər Fərqanə Qasımova, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova və digər incəsənət xadimləri çıxış etdilər.

İyulun 15-də Vaqif Poeziya Günlərinin ikinci  günündə isə Vaqif məqbərəsinin önündə tanınmış şairlərin “Azad Şuşa” adlı vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirləri səsləndirildi. 

“Yeni nəfəs” adlı daha bir maraqlı kompozisiyanı isə yenə də Nigar Həsənzadə hazırlamışdı. Ramil Əhməd, Ruslan Dost Əli, Nadir Yalçın, Ulucay Akif, El Roman, Səddam Laçın kimi istedadlı gənc şairlər öz şeirlərini səsləndirdilər.

Maraqlı bir detalı da qeyd edək. Şeirlər səsləndiriləndə günəşin qızmar şüaları tamaşa edənləri narahat etdiyindən onlar stullardan durub kənar yerlərdə kölgəliklərə sığınaraq tədbirin gedişatını ordan izləyirdi, lakin 84 yaşlı xalq yazıçısı Anar axıradək yerini tərk etməyən 10-15 nəfərdən biri kimi diqqət çəkdi.

Beləcə, yüksək hazırlığı ilə fərqlənən Vaqif poeziya günləri yekunlaşdı. 

Mədəniyyətimizin paytaxtı olan Şuşa iki gün ərzində əsl poeziya bayramına şahidlik etdi.

Пятница, 15 Июль 2022 15:00

Ən çox oxunan: Ay maksimum Yerə yaxınlaşdı

 

Cümə axşamı gecəsi Yerin sakinləri Ayı olduqca nəhəng ölçüdə gördülər. Bu superay - yer və Ay arasındakı məsafənin minimuma enməsi hadisəsidir. Bu hadisə ildə bir dəfə baş verir.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, saat 21.00-dan sonra dünyanın müxtəlif yerlərində qeyri-adi, olduqca nəhəng bir diskə bənzəyən Ay müşahidə edilib. Ay Yerə 357 263 km məsafədə yaxınlaşıb və gecə yarısına yaxın cənub üfüqündə maksimum yüksəkliyə çatıb.

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 14-də Cıdır düzündə konsert-tamaşa təqdim olunub. 

 

“Əsrlərin sədası” adlı konsert-tamaşada dahi Füzuli, Xəqani, Xurşidbanu Natəvan, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Mir Möhsün Nəvvab, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi görkəmli Azərbaycanın ədiblərinin obrazları canlandırılıb.

Musiqili tamaşada Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Samir Cəfərov, Əməkdar artistlər Fərqanə Qasımova, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova və digər incəsənət xadimləri çıxış ediblər.

 

"Yasaqlayıram indi

Haqqım var

Bu sevgidə mağdur mənəm,

Qanun mənəm,

Ölmək yasaq!

 

Daha dünən anamızın qollarında yaşarkən

Necə ola bilərmiş elə həmən ölmək?!.

Yasaq!

Yasaq, qardaşım, yasaq!

Mən ölmədən gözləri yummaq yasaq"!

        (Səlcuq Yazıcı)...

 

Dini baxışlar

 

Bizim mənsub olduğumuz İslam dininin baxışları birmənalı şəkildə intihara qarşıdır. "Quran" buyurur: "Özünüzü öldürməyin (və ya Öldürməyin)"! 

Səhih hədislərdə də qeyd olunur ki, intihar günahdır.

Orta yüzilliklərdəki nüfuzlu xristian mütəfəkkirlərin yazılarına əsaslansaq, intihar yenə günah sayılmaqdadır.

Katolik doktrinasında arqument bir öncəki səmavi dinin "Öldürməyin!" əmrinə əsaslanır. 

Həyat Tanrı tərəfindən verilmiş bir hədiyyə olduğundan, intihar "təbii qaydaya", başqa sözlə, kainatın ruhuna qarşı çıxmaq sayılır.

Hətta hinduizmdə intihar ümumiyyətlə pislənir və çağdaş Hindu toplumunda başqa birinin öldürülməsinə bərabər günah sayılır. Hindu "Müqəddəs Yazılar"ında vurğulanır ki, intihar edən ruh dünyasının bir bölümü olacaq, o, öz ölümü ilə sonuclanan vaxtadək Yer kürəsini gəzməlidir.

İudaizmdə intihar dünyada Tanrınan xeyirxahlığını inkar etmək sayılır.

 

Milli baxış

 

Əcdadımız tarixdə çox çətinliklərdən çıxıb, problemlərin çıxılmaz sanıldığı vaxtlarda "son nəfəs də son fürsətdir" düşünürmüşcəsinə irəli atılıb - ariflər qatında düzgün qiymətləndirilən yolu üstün tutublar. İradənin təntənəsi olaraq intihar deyil, mübarizə, məşvərət daha üstün bilinib. 

İntihar yol tapmamaqsa, düşünmək, fikir yürütmək, addım atmaq, toxtaqlı olmaq daha yaraşıqlı yoldur. - Elə deyilmi? Böyük türk övliyası Hacı Vəli Bektaşi nə deyirdi? - Mütəfəkkirin

"Yeddi öyüd"ündən qısa xatırlatma edək:

-Ara, bul;

-Bir yolu qaranlıq görürsən, bəlkə pərdə gözündədir, yolda deyil!?..

 

Dünyəvi baxış

 

İntihar - sondur. - Bu, yeni bir başlanğıc olmayan sondur.

İntihar - ayrılıqdır, əbədi ayrılıqdır. Bu ayrılıqda fəzilət yoxdur, konsensus yoxdur, anlaşma yoxdur. - İntiharda varlıq yoxdur, yoxluq vardır...

İntihar - köhnə fəlsəfi buxovlardan qurtulmamaqdır. - Aristotel məntiqində 

-olum - ölüm,

-hə - yox,

-gündüz - gecə,

-yaxşı - pis...

kimi dualist (səlist) baxış mövcuduydusa, Lütfizadənin qeyri-səlis məntiq nəzəriyyəsi, necə deyərlər, "sıfır"la "bir" arasındakı imkanlar çoxluğunu təklif edir, "yaxşı" ilə "pis" arasındakıları görməyi daha uyğun görür. Məs., babat, alababat, ortabab, qismən yaxşı, pisvari, miyana, yaxşıvari və s... Bir halda ki imkan var, bəs o, kimin üçündür? - Yenə şeirə üz tutaq:

"Axan çaylar, sən kiminsən?

- Mənə körpü salanın!

- Doğan Günəş, sən kiminsən?

- Məndən işıq alanın!

- Sonsuz fəza, sən kiminsən?

- Məndə qanad çalanın!

 

- Həyat, söylə, sən kiminsən?

- Mən həyatı öyrənənin"

(Cəfər Cabbarlı)...

 

Nəhayət:

Son günlər mediada artan intihar müzakirələrində ən üstün çağırışlardan biri olası sözləri xatırlatmaq istərdim:

 

"Yumma gözlərini, yumma qardaşım,

Görməmək ölməkdən betər. 

Gəl bölüşəlim Gün işığını, 

Sənə də yetər, mənə də yetər" (Kemal Or)...

 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Günün fotosu: Vinnitsının bombalanması və 17 nəfərin ölümü

 

Vinnitsı şəhərini bombalayan ruslar 17 ukraynalının ölümünə səbəb olublar.

Foto: Euronews

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.