Super User

Super User

Günün fotosu: Braziliya prezidenti Pele ilə vidalaşıb

 

Braziliya prezidenti Lula da Silva mərhum Pelenin dul qalmış həyat yoldaşı Marsiya Aokiyə ürək-dirək verir. Bu foto ünlü futbolçu ilə vidalaşma mərasimindən çəkilib. 

Xatırladaq ki, əfsanəvi futbolçu, üçqat dünya çempionu Pele dekabrın 29-da vəfat edib. Onun ölümündən sonra ölkədə üçgünlük matəm elan olunmuşdu. 

 

Foto: Andre Penner/ AP.

Bu ev gözəlliyinə görə diqqət çəkirdi. Əvvəlki sahibıəri orda qonaq qəbil etməkdən qürur duyurdu. İncə memarlıq elementləri ilə ətraf landşaft bir ansambl təşkil edirdi. Amma zövqlər fərqli olur. Yeni sahibləri yarım il qaldıqdan sonra bu evi satmaq qərarına gəliblər. Bu də təfsilatı. 

 

Amerikalı pop müğənni Britni Spirs əri Sem Asqarı ilə 2022-ci ilin iyununda 11,8 milyon dollara aldıqları evi satmaq qərarına gəlib. “Ədəbiyyat və incəsənət” oxu.az-a istinadən bildirir ki, ev Los-Anceles dairəsinin Kalabasas şəhərində yerləşir. Mənzilin təxminən 1,1 min kvadratmetr sahəsi olduğu bildirilir.

Sənətçi atasının qəyyumluğundan çıxdıqdan sonra həyatını "sıfırdan" məhz bu evdən başlamağı planlaşdırırdı. 

Mənbə yazır ki, bir müddət mənzildə qalan sənətçi evi bəyənmədiyi üçün onu satmaq qərarına gəlib.

Qeyd edək ki, Britni Spirs 2008-ci ildə narkotik vasitələrdən istifadə səbəbindən və psixi sağlamlığı ilə bağlı problemlərlə üzləşib. O vaxtdan bəri müğənninin maliyyə məsələləri atasının və məhkəmənin təyin etdiyi vəkilin nəzarəti altında olub. 2021-ci ilin noyabrında Los-Anceles məhkəməsi Britni Spirs üzərində atasının qəyyumluğunu rəsmi olaraq ləğv edib.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

“Ədəbiyyat və incəsənət” Lent.az-a istinadən xəbər verir ki, ən dəbli məşhurların açıqlanan reytinqində məşhur aktyorlar, musiqiçilər və teleaparıcılar yer alıb.

 

Ən yaxşı zövqə malik məşhurlar arasında birinci olan müğənni Rihanna hamiləlik zamanı səmimi görüntülər nümayiş etdirib. İkinci yeri müğənni Cennifer Lopezlə münasibətləri bərpa etdikdən sonra üslubunu kökündən dəyişən Ben Afflek tutub.

Mütəxəssislər ilk beşliyə iş qadını Marta Stüart, peşəkar tennisçi Serena Uilyams və reper Bad Bunni də daxil ediblər. 

Bundan əlavə, ekspertlər Amazon şirkətinin amerikalı əmək təşkilatçısı Kristian Smollsu (Staten-Aylenddəki Amazon işçilərinin aparıcı təşkilatındakı rolu ilə tanınır) də kolleqalarından ayıraraq reytinqə daxil ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Cümə axşamı, 05 Yanvar 2023 15:00

Bu xarabalıqmı “Dövlət tərəfindən qorunur”?!

Köçürülmüş Qıraq Kəsəmən kəndinin sakini Bəxtiyar Babayev vətəndaşlıq mövqeyi nümayiş etdirərək həyəcan təbili çalıb. O, Baku TV-nin əməkdaşlarına çox əhəmiyyətli bir mövzu ilə bağlı müraciət edib, Baku TV də bölgəyə çəkiliş qrupu göndərərək süjet hazırlayıb və yayımlayıb. Söhbətimiz bu süjet barədədir. 

 

Süjetdə bir vaxtlar gördüyü işlərlə bütün Qazax qəzası, Borçalı, Göyçə mahalları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanan İsrafil Ağaya məxsus, bir vaxtlar Qazax mahalının Qıraq Kəsəmən kəndində vüqarla ucalan imarətin baxımsız vəziyyəti göstərilir və bu, həqiqətən də ürək dağlayır. Kəndin ən hündür yerində ucaldılan, dörd istiqamətdə aynası, iki istiqamətdə çıxışı olan, dövrünün möhtəşəm sarayının hazırda uçuq-sökük divarları qalıb.

 

Dərhal oxucularımıza zəruri bir qeyd bildirək ki, Qıraq Kəsəmən kəndi zamanında çox böyük kənd olub, XIX əsrin əvvəllərində orda iki minə yaxın ev olub. Buna görə də kəndə min evli Kəsəmən də deyilib. Ötən əsrin 60-cı illərində kənddə Su Elektrik Stansiyasının tikilməsi səbəbi ilə əhali köçürülüb. Sovetlərin mənfur siyasəti qədim tarixi və ənənəsi olan böyük bir kəndin sonunu gətirib. Hazırda yurdda qalan yeganə tikili İsrafil Ağanın baxımsız mülküdür. Abidənin üzərində “Dövlət tərəfindən qorunur” sözləri yazılsa da, burda dövlətin nəyisə qorumasından söhbət belə gedə bilməz. Təkrar edirik ki, mülk xarabalığa dönüb. 

 

Bəxtiyar Babayevin məlumatından bəlli olur ki, binanın inşası XIX əsrin sonunda başa çatıb. Bina dövrünə görə əlçatmaz sayılan kirəc və əhəng südünün qarışığından inşa olunub. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə edilib. 

Qıraq Kəsəmən kəndində böyük xeyriyyəçilik və abadlıq işləri görən, məscid və məktəblər tikdirən İsrafil Ağanın evinin bu gün bərpaya ehtiyacı var.

Məsələ ilə bağlı Baku TV-nin əməkdaşları Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə də müraciət ediblər, Dövlət Xidmətindən bildirilib ki, sözügedən evin bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulub.

Təki həqiqətən də tədbir görülsün. 

Bizim isə sözümüz Qazax-Akstafa bölgəsinin ziyalılarınadır. İsrafil Ağanın yadigarına yiyə durun!

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Cümə axşamı, 05 Yanvar 2023 14:30

Təltif olunan xalq rəssamı barədə bilgilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq rəssamı, heykəltəraş Salxab (Səlhab) Məmmədovu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etməsi barədə məlumatlandınız. Salxab Məmmədov Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Salxab Məmmədov barədə bilgiləri nəzərinizə çatdırır. Rəssam təsviri sənətin qrafika, heykəltəraşlıq, qaraminalı keramika və bədii metal kimi maraqlı növlərinin sirlərini dərindən öyrənmişdir. 

Salxab Məmmədovun yaradıcılığında görkəmli şəxsiyyətlərin abidələrinin ucaldılması və əlamətdar tarixi hadisələrə həsr olunmuş monumental və dekorativ heykəltəraşlıq əsərlərinin yaradılması xüsusi bir yerə malikdir. Ümummilli lider Heydər Əliyevin Şamaxıda, Xırdalanda, Qahirədə ucaldılmış heykəlləri, Əliağa Vahidin,  Mehdi Hüseynzadənin, Fərman Salmanovun (Rusiya), Nizami Gəncəvinin (Roma), Məhsəti Gəncəvinin (Fransa), Xurşidbanu Natəvanın (Fransa), Süleyman Bəy Sulkeviçin və Vəli Bəy Yadigarın heykəllərinin (Varşava), Podmanitski Friqyesrölə həsr olunmuş xatirə lövhəsinin(Evian), “Xocalı” memorial abidəsinin (Berlin), üzərində Ulu öndər Heydər Əliyevin və Roma Papası II İohann Pavelin sözləri əks olunmuş “Dostluq” monumentinin (Polşa), “Çiçəklənmə” kompzisiyasının (Strasburqda), “Düşüncələr və arzular” adlı Azərbaycan abidəsinin əsas ideya və icra müəlliflərindən biridir. 

Rəssam həmçinin “Bakıya xoş gəlmisiniz” , “Qobustan nağılları” , “Azərbaycan” , “Mənim Azərbaycanım”, “Bakı motivləri”, Nizami Gəncəvinin “Xəmsə” əsərə həsr olunmuş 16 keramik relyef, “Azərbaycan tarixi”, “Tarazlıq”, Beynəlxalq Muğam Mərkəzinin qarşısındakı muğam mövzusuna həsr olunmuş “Cahargah”, “Şüştər”, “Şur”, “Humayun”, “Bayatı-şıraz”, “Rast”, “Seygah” adlı yeddi kompozisiya və s. rəngkarlıq və qrafika əsərlərinin də müəllifidir. 

Ölkənin mədəni həyatında baş verən proseslərdə fəal şəkildə iştirak edən Salxab Məmmədov Riqa, Tallin, Tokio, və İzmirdə keçirilən beynəlxalq sərgilərin təşkilində, Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının qurulmasında, Azərbaycanın kənd təsərrüfatı, sənaye və mədəniyyət sahəsində nailiyyətlərini əks etdirən ümumittifaq əhəmiyyətli sərginin təşkilində böyük rol oynamışdır. O, Moskvada keçirilən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun baş rəssamı vəzifəsini icra etmişdir. 

Rəssamın əsərləri Azərbaycanın və bir neçə xarici ölkənin muzey və şəxsi kolleksiyalarda saxlanılır. Salxab Məmmədov “Şöhrət” və "Şərəf" ordenlərinə  layiq görülmüşdür.

 

Şəkildə: Salxab Məmmədova aid monumental abidə

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Cümə axşamı, 05 Yanvar 2023 09:15

Prezident Salxab Məmmədovu təltif edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəssam Salxab İsa oğlu Məmmədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Salxab Məmmədov Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. 

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

“Ədəbiyyat və incəsənət” portalı doğum günü münasibətilə Aysel Əlizadənin şeirlərini təqdim edir

 

 

Yalqızlıq kimi

 

Mən səni bir rəsm çərçivəni sevən kimi sevirəm

Olarsa nə gözəl, olmazsa eybi yox...

Gözəlliyimdən heç nə almaz olmayışın

Heç nə aparmaz məndən gedişin

Çünki mən səni

yorğun bir axşam

bir badə şərab kimi sevirəm.

Olarsa nə gözəl, olmazsa eybi yox

Ölümə hələ var,

Yaşanmalı an hələ çox.

Mən səni yaşanmalı anlardan

biri kimi sevirəm.

Olarsa nə gözəl, olmazsa eybi yox.

Yalqızlığa çarə çoxdu

Gəlmişkən bir şeir oxu

Ya da

gəlmişkən şeir oxuma.

Mən səni

şeirsiz görüşlərdən biri kimi sevirəm.

Hər gələn özüylə şeir gətirməz,

Hərənin öz gəlişi var.

Mən səni

Özüylə özünü gətirən biri kimi sevirəm

Gətir mənə hər yanını

Mənə yalqızlığını gətir.

Məni yalqızlıq qorxutmaz.

Səni yalqızlıq kimi sevirəm...

nə çərçivəsiz

nə şərabsız

nə şeirsiz yaşaya bilirəm

Mən səni...

 

 

Qızın həyatı

 

Bir qız vardı

Üzünü dünyanın boşluğuna tutub

Atalı-analı yetimliyə yaslanıb,

ən yaxın dostlara qısılıb ağlardı.

Bir qız vardı

Məni niyə doğdun soruşardı anasından.

Anasının qatili olacağından qorxardım.

Nəyin dərdini çəkdiyini bilməzdim.

yerbəyer etməyə uşağı yox idi,

Qulluq etməyə əri.

Ocaq başında ömrü çürümürdü

Ancaq nə sirr idisə

Azadlığının qədrini bilmirdi.

Tanrıya hücum çəkirdi:

Məni niyə yaratdın?

Bir qız vardı

Dualarını anlamazdın.

Bilməzdin istəyini.

Siyasətdən danışsan susar,

xoşbəxtlikdən danışsan qorxar,

dindən danışsan coşar,

insandan danışsan deyinərdi.

Dadını çıxar özgürlüyün deyərdim.

Razılaşar, etməzdi.

Bir qız vardı.

Yaşamağı bilməzdi.

Tez-tez necə yaşayırlar soruşardı.

Eyni cavabı verərdim:

Olmayançün üzülüncə, olanı yaşa öncə.

Uzaqlara yol gedincə çatır insan.

Ön cığırı keçməyincə yenisinə çıxa bilərsənmi?

Susar, bəlkə eşitməzdi.

Bir qız vardı.

Xəyallarda uçdu, uçdu.

Yerə enib yerimədi.

 

 

Sən

 

Sən elə gəldin

elə bil bütün gedənlər sənsən.

Hamının yerinə peşman gəldin.

Bir də Sən

Məni də

hardansa tapıb gətirdin.

Belə gəldin

başqa cür...

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Cümə axşamı, 05 Yanvar 2023 13:00

Ay işığının seli

Elman Eldaroğlu yazır

 

Deyir ki,- “Qismət adlı bir məfhum var, mən ona ürəkdən inanıram. Bəzən çox istədiyin bir şeyin arxasınca qaçırsan, qazanmaq üçün əlindən gələni edirsən. Ancaq nə qədər çalışsan da, istəsən də, alınmır. O zaman inad etməməli, hər şeyi olduğu kimi qəbul etməli insan. Çünki həyatın səninlə bağlı başqa planları var. Deməli, o, sənin qismətin deyil, taleyinə yazılmayıb. Həyat onu olduğu kimi qəbul etdiyiniz zaman tam sizin olacaq.”

 

İstedadın da üç növü var:- passiv, orta və parlaq. Haqqında söhbət açmaq istədiyim Aysel Əlizadə üçüncülərdəndir. İctimai fəaliyyətini, eləcə də yaradıcılığını izlədikcə buna şahid olmuşam…

“18 yaşım var idi. Elə qəribə qız idim ki, necə deyərlər, divara dırmaşırdım. Böyük arzuları olan, məktəbdə çox aktiv bir qız, təşkilatçı... Bayramları, tədbirləri özüm keçirirdim, tək başına. Fabriklərin bağlanma vaxtı idi. Sevil xala vardı, karamel fabrikində işləyirdi. O da işsiz qalmışdı. Mənə elə həyəcanla danışdı ki, ürəyim ağrıdı. Getdim karamel fabrikinə. Sonra da yazı yazdım. Zahid Səfəroğlu sağ olsun, mənə kömək elədi, çap elədi yazını. Onda “Yeni Müsavat”ın gurultulu vaxtları idi. Sonra Space TV-yə getdim. Orda staj keçdim. Televiziyada “Yeni Müsavat”da çap olunduğumu deyəndə çaşdılar. Xəbərlərdə çalışırdım. PKK-nın terror xəbərlərini ilk dəfə mən Azərbaycan türkcəsində çatdırmışdım. PKK işinə mən baxırdım. Sonra da ABA televiziyasına getdim. Efir üçün yazdıqlarımı çap etməyə başladım. Birinci yazım Azad Mirzəcanzadə haqqında idi. Çox yaxşı qarşılanmışdı. Şeir yazmağım da belə oldu. Ədəbi verilişlər hazırlayırdım. Bir dəfə Anar müəllimə dedim ki, şeir yazıram. Şeirlərimi göstərdim, çox bəyəndi. Dedi, mən yazıçıyam, şair deyiləm, ola bilsin, obyektiv fikir demərəm, ən yaxşısı sən Fikrət Qocaya göstər şeirlərini. Fikrət müəllimə göstərdim, o da çox böyük ruh verdi mənə. Az şeir yazdığımı dedim ona. Fikrət Qoca dedi ki, nə olsun, Natəvan da az yazıb. Məni elə şişirtdi ki... Ağız da büzə bilərdi, amma əksinə, böyük mənəvi ruh verdi mənə.”- söyləyir.

Çox ağıllı, iti zəkalı, dərin düşüncəli xanımdır. Özü dediyi kimi, Aysel adının mənası “Ay işığının seli, ay seli” deməkdir. Və bu coşqu onun həyatında da özünü biruzə verir. Bir də deyir ki:- “Sevincini uca səslə bölüşə bilmirsənsə, demək azad deyilsən!..”

Həyat düsturu- azadlıq üstəgəl(+) azadlıq çıx(-) azadlıq böl (:) azadlıq vur(x) azadlıq olan bu xanım haqqında geniş danışıb vaxtınızı almaq istəmirəm. Çünki ölkədə kifayət qədər tanınır, sosial platformalarda barəsində istənilən qədər məlumat var. Məqsədimiz, onu ad günü münasibəti ilə təbrik etməkdir. 

Arzuları çin olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Azərbaycan Animasiya Assosiasiyasının (AAA) saytı - www.anima.az fəaliyyətə başlayıb. Bu barədə AAA-nın yaydığı məlumatda deyilir.  

 

Əsas məqsədi Azərbaycan animasiya kinosunun inkişafına yardım etmək olan AAA bundan sonra öz fəaliyyətində saytın təbliğat mexanizmindən də yararlanacaq. 

Bu məqsədlə assosiasiya müntəzəm olaraq yerli və beynəlxalq layihələr, festivallar, tədris proqramları, konfranslar və digər ictimai tədbirlər həyata keçirir.

Təşkilat, həmçinin animasiya vasitəsilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə kreativliliyi təşviq etmək, animasiya studiyalarına, animasiya peşəkarlarına və həvəskarlara dəstək olmaq, milli animasiya maraqlarını müdafiə etmək və milli animasiyanı Azərbaycanda və xaricdə təbliğ etməyi qarşısına hədəf qoyub. 

Sayt iki - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Cümə axşamı, 05 Yanvar 2023 12:30

LitRes ilin ən yaxşı kitablarını elan etdi

O cümlədən Azərbaycanda da nümayəndəliyini açmış dünyanın ən böyük onlayn kitab platformalarından biri - LitRes 2022-ci ilin ən çox tələb olunan kitablarının siyahısını açıqlayıb. Siyahı hər birində 5 kitab olmaqla, üç aylıq dövrü əhatə etməklə 4 dəfəyə açıqlanıb. 

Bu gün sizə Yanvar-mart aylarının ən çox tələb olunan kitabları beşliklərini təqdim edirik. 

 

Yanvar ayı 

 

Liya Atden “Qüsursuz Ay”

Dem Mixaylov “İnfer 5”

Bi Kiland “Sevgisiz intim”

Cenifer Cordan, Layza Rodman “Dayə: Mənə seriya qatili tərbiyə verib”

Tara Şuster “Özünə bu zanbaqlardan al” 

 

Fevral ayı

 

İzabella Maldonado “Şifr”

Endi Veyer “Ave Mariya layihəsi”

Karin Sloter “Yaxşı qız”

Olqa Primaçenko “Səninlə mən evdəyəm”

Andrey Kurpatov “Düşüncə maşını”

 

Mart ayı

 

Badim Panov “Naməlumluq triosu”

Yerofey Trofimov “Tənha”

Mariya Kistyayeva “Mənimsəmə”

Pavel Basinski “Anna Kareninanın olmuş əhvalatı”

Nika Nabokova “Tənhalıqdan vaksin”

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.