
Super User
Yeni ildə Bakıya əfsanəvi "Anadolu atəşi" rəqs qrupu təşrif buyuracaq
2023-cü il Bakıda böyük konsert proqramları ilə yadda qalacaq. Paytaxtımıza bir çox məşhur incəsənət ustaları təşrif buyuracaq. O cümlədən də türk ifaçıları.
Fevralın 8-də “Baku Crystal Hall”un səhnəsində Türkiyənin dünyaşöhrətli, əfsanəvi "Anadolu atəşi" rəqs kollektivinin möhtəşəm rəqs şousu təşkil olunacaq.
Proqrama yüksək peşəkarlıqla ifa olunan şux və oynaq rəqslər, türk folkloru, dünya xalqlarının rəqslərindən nümunələr, səhnələşdirilmiş rəqs kompozisiyaları, qılıncoynadanların, nağaraçalanların məharətli çıxışları, habelə rəngarəng səhnə tərtibatı, solo nömrələr, kütləvi dramatik səhnələr daxil ediləcək.
“Anadolu atəşi” ansamblı barədə oxucularımızı bilgiləndirək: 2002-ci ildən qastrol səfərlərinə başlayan ansambl bütün dünyanı gəzir. Şounu 45 ölkədə 106 milyondan çox tamaşaçı izləyib. Türkiyənin "Anadolu atəşi" rəqs ansamblı daim dünya miqyaslı mərasimlərdə, tədbirlərdə də qonaq qismində iştirak edir. Kollektiv “Ginnesin rekordlar kitabı”nda iki dəfə qeyd olunub. Rəqsin ən sürətli ifası və ən böyük tamaşaçı kütləsi (Türkiyənin Ereğli şəhərində 400 min tamaşaçı) kollektivin bu günə qədər qazandığı uğurlardandır.
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
“Mən heç vaxt öz işim üçün hökumət qapısı açmamışam”
ƏSƏD CAHANGİRLƏ USTAD DƏRSLƏRİ
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasına başlayır. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunacaq.
“HƏYAT MÜVƏQQƏTİ, İNCƏSƏNƏT DAİMİDİR”
O, 1917-ci ildə Şuşada anadan olub. Heç bir teatr təhsili almayıb. 1936-cı ildə istedadını və teatra olan sevgisini nəzərə alıb, onu Dram Teatrına qəbul ediblər. Əzizə Məmmədova, Sona Hacıyeva və Barat Şəkinskayadan sonra teatr səhnəsinə çıxan dördüncü milli aktrisamızdır. 1936-1991-ci illərdə fasiləsiz olaraq Azərbaycan Dövlət Akademik Dram Teatrında işləyib. Mirzə İbrahimovun “Həyat”ında Tərlan, C.Cabbarlının 1905-ci ildə” pyesində Sona, “Solğun çiçəklər”ində Pəri, “Sevil”ində Gülüş, S.Vurğunun “Fərhad və Şirin”ində Fitnə, “Vaqifi”ində Yengə, Ə.Haqverdiyevin “Pəri Cadu”sunda Səlimə, M.F.Axundovun “Hacı Qara”sında Sona, B.Nuşiçin “Nazirin xanımı”nda Nata, V.Şekspirin “Qış nağılı”nda Paulina, A.Ostrovskinin “Günahsız müqəssir”lərində Qalçixa, M.Qorkinin “Vassa Jeleznova”sında Liza və sair kimi saysız-hesabsız rollar oynayıb. Bir neçə ildən bəridir fəaliyyət göstərdiyi Bakı Şəhər Bələdiyyə Teatrında Rauf İçərişəhərlinin “Vətənə igidlər gərəkdir” əsərində Fatma nənə, Əziz Nesinin “Tənha qadınlar”ında Dihabəyim obrazlarını yaradıb. Səhnədə yaratdığı rolların ümumi sayı 300-ü keçir. Bir neçə bədii filmə çəkilib. İyirmi ildən artıqdır ki, dövlət radiosunda “Bulaq” verilişinin aparıcısı kimi xalq arasında böyük rəğbət qazanıb. 1948-ci ildə Əməkdar, 1976-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. “Qızıl Bayraq” və “Şərəf” ordenləri ilə təltif olunub.
Müsahibimiz görkəmli aktrisa, Xalq artisti Məhluqə Sadıqovadır.
-Məhluqə xanım, bununla ikinci dəfədir ki, Respublika Prezidentinin mədəniyyət xadimlərinə qayğısının ifadəsi kimi fərdi təqaüdlər müəyyən olundu. Amma nədənsə, sizin adınız siyahıya düşmədi.
-Mən heç vaxt öz işim üçün hökumət qapısı açmamışam. Nəyə nail olmuşamsa, öz istedadım və qanacağımla nail olmuşam. Heç vədə, heç kimə arxalanmamışam. Mənim 80 illik yubileyimi təşkil etməyi “Azərbaycan qadını” jurnalının əməkdaşları öz öhdələrinə götürmüşdülər. Jurmalın redaktoru Flora Xəlilzadə özü zəng vurub bunu mənə bildirdi. Özüm yubiley istəmədim. Fatma Abdullazadəyə xəbər göndərdim ki, yubiley istəmirəm. Amma əgər 60 illik səhnə fəaliyyətimə qiymət vermək istəyirlərsə, mənə fərdi təqaüd versinlər. Eləyərik, eləyərik, deməkdən başqa heç nə eləmədilər.
-Sizcə, bu etinazsızlığın səbəbi nədir?
-Səbəbi oldur ki, ümumiyyətlə incəsənətdən xəbəri olmayan adamlar bu sahəyə rəhbərlik edirlər. Bu nə dərəcədə ədalətə sığan bir hərəkətdir ki, 60 il səhnədə can qoyan bir adamın fəailiyyəti Mədəniyyət naziri Polad Bülbüloğlunun bircə teleqramı ilə qeyd olunur.
-Bəs, yubileyinizdən nə gözləyirdiniz?
-Mən heç nə istəmirdim, heç nə də gözləmirdim. Bütün təbriklər, təltiflər özü gəlib məni tapmalı idi. Yəni bunu başa düşmək belə çətindirmi? İkinci elə bir aktrisa varmı ki, fasiləsiz olaraq 55 il bir teatrda işləsin, Azərbaycanın ən ucqar kəndlərində belə milli poeziya nümunələrimizi təbliğ etsin. Harada olmuşamsa, üzdən məni tanımayanlar belə, səsimi eşidən kimi başıma yığılıblar. Fərdi təqaüdlər müəyyənləşdiriləndə mənim adımı yuxarıda oturanların yadına salmaq, Fatma xanım üçün belə çətin idimi? Elə bilməyin ki, təkcə özümü nəzərdə tuturam. Muxtar Afşarovun 85 yaşı var. Cavanlarla birlikdə tankın üstünə minib, döyüş bölgələrinə gedir. Hələ Abbasmirzə ilə Mərziyə xanımın yadigarı Firənfiz Şərifovanı demirəm. Məgər ömrünü-gününü səhnəyə həsr etmiş belə sənətkarları unutmaq olarmı?
-Siz səhnəyə gələndə Abbasmirzə hələ öldürülməmişdi. Onunla səhnəyə çıxmısınızmı? Ümumiyyətlə, o illərin aktyorlarını necə xatırlayırsınız?
-(kövrəlir, gözləri dolur, əllərini yelləyərək) Onlar bir nağıl kimi gəlib getdilər, ay oğul, bir nağıl kimi... Abbasmirzə Şərifzadə, Sona Hacıyeva, Fatma Qədri, Əjdər Sultanov, Sidqi Ruhulla... Mən onların bir çoxu ilə 30-40 il çiyin-çiyinə işləmişəm. Həyat yoldaşım, Xalq artisti Ələsgər Şərifov Moskvada təhsil almış ilk milli rejisoor idi. O, Azərbaycan dramaturqları ilə bərabər, rus və Avropa klassiklərini də böyük uğurla səhnələşdirib. Ələsgərin quruluşunda A.Ostrovskinin “Cehizsiz qız” və “Tufan” əsərlərinə baxan Moskva tamaşaçıları heyran qalmışdılar. Xüsusən də, Fatma xanımın Larisa və Katerina obrazları haqqında Moskva qəzetləri elə ürəkaçan sözlər yazmışdılar ki... İndi belə bir rejissorun yaşadığı binaya bir xatirə lövhəsi vurmağı da ona çox görürlər.
-Akademik Teatrdan çıxmağınıza səbəb nə oldu?
-(gözləri dolur) Bunu yadıma salma, qanım qaralır. Gəl, ora qayıtmayaq.
-İki Xalq artistinin övladları valideynlərinin yolunu davam etdirdilərmi?
-Yox, davam etdirmədilər. Çünki sənətkar olmaq asan deyil. Bir də əgər istedad yoxdursa, sənətə gəlməyin nə mənası var ki? Oğullarımdan Ceyhun uzun müddət idman şərhçisi işləyib. O biri oğlum neftçidir. Qızlarım evdar qadındırlar.
-Həyatda nə ilə fəxr edirsiniz?
-Övladlarımın tərbiyəsi ilə, təmiz adla fəxr edirəm.
-Gənc aktyorlardan kimləri daha çox bəyənirsiniz?
-Mən cavanlardan Nuriyyənin istedadına çox inanıram. Onun oyun tərzi mənə məşhur aktrisa Faina Ranevskayanı xatırladır. Əgər yaxşı rejissoru olsa, Nuriyyə gələcəkdə daha uğurlu rollar oynaya bilər.
-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
-Mən mikrafon götürərdim.
-Mikrafon nə üçün?
-Car çəkmək üçün. Mən o uzaq planetdən yer kürəsinə həmin mikrafonla car çəkib deyərdim ki, ey insanlar, həyat müvəqqəti, incəsənət daimidir. Sənəti sevin, sənətkarları qiymətləndirin, həyatdan zövq almağı bacarın, paxıllıq, həsəd, başqasının səadətinə göz dikmək kimi insana yaraşmayan hisslərə uymayın!!!
-Məhluqə xanım, arzu edirəm ki, car çəkdiyiniz bu sözlər Polad Bülbüloğlu, Fatma Abdullazadə və digər səlahiyyətli şəxslərə də gedib çatsın və onlar fərdi təqaüdlə bağlı üçüncü dəfə siyahı tutmaq fikrinə düşsələr, sizi də yada salsınlar. Axı, atalar üçəcən deyib.
-Ehh, ay oğul, nə qoyub, nə axtarırsan, onu atalar deyib.
-Ataların sözü əvvəl-axır düz olur.
-(gülümsəyir) Təki sən deyən olsun...
03.03.1998
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
Məşhur modelyer Vivyen Vestvud vəfat edib
Britaniyalı modelyer Vivyen Vestvud vəfat edib. “Ədəbiyyat və incəsənət” portalı İnterfax-a istinadən məlumat verir ki, bu barədə onun moda evinin “Twitter” səhifəsində dərc edilmiş mesajda yazılır.
Sosial şəbəkə bildirir ki, xanım Vestvud Londonda ailə üzvlərinin əhatəsində 81 yaşında dünyasını dəyişib.
“Dünyanın yaxşılığa doğru dəyişilməsi üçün Vivyen kimi insanlara ehtiyac var”, - deyə yazıda bildirilir.
Vestvud 1970-ci illərin əvvəllərində bayker və pank geyimlərinin dizaynı ilə məşhurlaşıb. Bu geyimlər ərinin - musiqiçi, modelyer və prodüser Malkolm Maklarenin Londondakı mağazasında satılırdı.
Maklaren “Sex Pistols” pank qrupunun meneceri olanda Vestvud onunla birlikdə artistlərin imici üzərində işləyib.
Sonradan qadın öz geyim brendini yaradıb və uzun illər yüksək moda dünyasının inkişafı üçün istiqamət təyin edib, onu pank-rok mədəniyyətinin və yeni dalğa musiqisinin elementləri ilə zənginləşdirib.
Vivyen Vestvud Londondan savayı Parisdə, Milanda, Romada podiumlarda dayanıb.
“Pank üslubunun kraliçası” sayılan xanım 1992-ci ildə Britaniya imperiyasının ordeninin xanım zabiti elan edilib, 2006-cı ildə isə daha yüksək dərəcəli orden alaraq xanım komandor olub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
Günün fotosu: Pelenin ölümünə hamı üzülür
Günün fotosu: Pelenin ölümünə hamı üzülür
Futbol kralı Pelenin ölüm xəbəri gündəmi zəbt etdi. Onunla vidalaşma mərasimi yanvarın 2-də olacaq və bir sutka davam edəcək. Dünyanın dörd yanından insanların axışacağı gözlənilir. Braziliyada matəm elan olunub.
FİFA-nın baş ofisi önündə bayraqlar endirilib.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
BMA-nın “Fikrət Əmirov 100” müsabiqəsi yekunlaşıb
Dahi bəstəkar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında daha bir dahi bəstəkarın - Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Fikrət Əmirov 100” Gənc Pianoçuların Respublika Müsabiqəsi yekunlaşıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, iki yaş qrupunda (kiçik və böyük) keçirilən müsabiqənin bədii rəhbəri BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, münsiflər heyətinin sədri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadə, təşkilat komitəsinin sədri Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundova idi.
Müsabiqədə ilk üç yerin qaliblərinə diplomlar, şəhər və rayonlardan müsabiqəyə qatılan iştirakçılara isə sertifikatlar təqdim olunub.
Qaliblər barədə əlavə yazı təqdim edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
Tokioda “Şuşa İli”nə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş qala konsert keçirilib
Tokionun Mequro rayonunda yerləşən “Naka Meguro TRY” mədəniyyət mərkəzində “Şuşa İli”nə və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan möhtəşəm qala konsert keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil etdiyi tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Azərbaycan, türk, özbək, rus icmasının üzvləri, Cənubi Azərbaycandan olan soydaşlarımız, Tokio ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qala konsertdə əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.
Çoxsaylı qonaqları bu tədbirdə salamlamaqdan məmnun olduğunu bildirən mərkəzin sədri Xəlil Kələntər yola salmaqda olduğumuz ilin Azərbaycan üçün böyük uğurlarla yadda qalacağını bildirib. Cari ilin diaspor hərəkatında da mühüm əhəmiyyətli tədbirlərlə əlamətdar olduğunu vurğulayıb. Qarşıdan gələn bayramlar münasibətilə iştirakçıları təbrik edərək, onlara bu axşam gözəl əyləncə və istirahət arzulayıb.
Tədbirdə çıxış edən ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların doğma Vətənimizin maraqları naminə həmrəyliyinə və birgə fəaliyyətinə xidmət edir. Bu gün həmin həmrəylik dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları doğma Vətənimiz ətrafında sıx birləşdirir.
Başa çatmada olan 2022-ci ilin Azərbaycanda “Şuşa İli” kimi tarixə düşəcəyini bildirən səfir cari ildə bu şəhərin möhtəşəm beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzlərdən birinə çevrildiyini vurğulayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafını və qazandığı uğurları xüsusi vurğulayan səfir Azərbaycanın məhz bunun nəticəsində böyük nüfuz qazandığını bildirib. Qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatmış Vətən müharibəsi bu nüfuzu və hörməti daha da yüksəklərə qaldırıb. Həmin qələbə həm də müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın doğma Vətənimiz ətrafında daha sıx birləşməsinə səbəb olub.
Cari ildə Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini xatırladan səfir ötən dövrdə əməkdaşlığın daha da gücləndiyini, qarşılıqlı rəsmi səfərlərin sayının artdığını bildirib.
G.İsmayılzadə Yaponiyada yaşayan soydaşlarımızı və Azərbaycanın dostlarını ölkəmizin milli maraqlarının qorunması və uğurlarımızın təbliği istiqamətində daha fəal olmağa çağırıb.
İki hissdən ibarət olan qala konsertin birinci hissəsində yapon pianoçu Yusey İnuinin ifa etdiyi “Xudayar təsnifi”, tanınmış caz ustası Yamamoto Kyokonun oxudu “Ay Laçın”, Banabana gəl” mahnıları, azərbaycanlı rəqqasə Dilarə Qazıyeva və İgit Nozakinin birlikdə oynadığı “Naz eləmə”, “Ləzginka”, “Otantik Bunka” qrupunun ifa etdiyi “Nəlbəki”, “Ağ çiçək”, “Nazlana-nazlana” rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qısa fasilədən sonra davam edən qala konsertin ikinci hissəsi Dilarə Qazıyevanın ifasında “Uzun dərə” rəqsi ilə başlayıb. Sonra Yaponiyada Azərbaycan-türk simli alətlərinin mahir ifaçısı kimi tanınmış Kiyoşi Ohiranın rəhbərlik etdiyi qrupun ifasında “Ruhani”, “Sudan gələn sürməli qız”, “Sarı gəlin”, “Gizir oğlu Mustafa bəy” xalq və aşıq mahnıları səslənib. “Kələbək Lotus” qrupunun ifasında Azərbaycan rəqslərindən ibarət popuri təqdim edilib.
Qala konsertdə Azərbaycan, türk və yapon ifaçıların ifa etdiyi mahnı və rəqslər tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Tədbirə yekun vuran diaspor təşkilatının rəhbərləri Xəlil Kələntər və Vüqar Ağayev həm ifaçılara, həm qonaqlara, həm Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə mminnətdarlıqlarını bildiriblər. Qarşıdan gələn Yeni ilin bütün dünyaya sülh və əmin-amanlıq gətirməsini arzulayıblar.
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
İlin son yazısı...
Elman Eldaroğlu yazır
Yeni ilin ilk günündə, çox vaxt baş qarışıq olur, kimisi qonaq gedir, kimisinə qonaq gəlir, kimisi də dünənin yorğunluğunu çıxarmağa çalışır. Necə deyərlər, hər kəs öz iş-gücündə...
Şair, publisist Əbülfət Mədətoğlu da 1959-cu iliin yanvar ayının 1-də dünyaya gəlib. Qarabağlıdır, Xocəvənd rayonunun Tuğ kəndində böyüyüb boya-başa çatıb. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnib. Eyni zamanda Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Elə o vaxtdan da müxtəlif mətbu orqanlarında çalışıb. Hazırda "Ədalət" qəzetinin baş redaktor müavinidir. Ötən müddət ərzində bir sıra ədəbi mükafatlarla yanaşı, “Əməkdar Jurnalist” fəxri adına da layiq görülüb...
Köhnə kişilərə xas olan təmkinlə ad günündən başlayaraq ilin son gününədək sonsuz ümidlərlə addımlayır. Hər yeni ilin gəlişi ilə bir yaş böyüyür, bir yaş da ucalır. Onun bir şair kimi yaratdıqlarından danışmaq fikrim yoxdur, çünki dövri mətbuatda bu barədə mütəxəsislərin kifayət qədər təhlili və şərhi var. Mən onun bir publisist, bir insan kimi fəaliyyətindən söhbət açmaq istəyirəm...
Deyir ki,- “Əlifbanı tanıyandan mütaliəni sevmişəm. Bizim kənd kitabxanamız çox zəngin olub. Kəndimiz işğal olunanadək evimizdə özümün də böyük kitabxanam var idi. Və kənddə bunu hamı bilirdi. Mən onların təqribən 3 min nüsxəsini kənddən çıxara bildim. Bu gün də Masazırdakı evimdə ayrıca bir kitabxanam var. Bu mənada mütaliə mənim işimə həmişə kömək olub. Həm qəzetdə, həm poeziyada. Ad çəkmədən deyim ki, dövri mətbuatda, o cümlədən sosial şəbəkələrdə yayımlanan şeir nümunələrinin hamısını oxumağa çalışıram. Ruhuma doğma olan şairlərimizin bir çoxunun kitabları masamın üstündədi. Tez-tez onlara üz tuturam. Allah dünyasını dəyişənlərə rəhmət etsin, yaşayanlara ömür versin!..”
Adətən biz “səxavətlidir” ifadəsini xeyriyyə işlərinə maddi vəsait ayıranlara şamil edirik, amma insanları xoş sözlə sevindirmək, kiməsə dəyər vermək özü də səxavət nümunəsidir. Əbülfət Mədətoğlu bu baxımdan böyük ürəkli adamdır. Əsərlərini təhlil edərək, o qədər müəllifə səxavət göstərib ki, say-hesabını bəlkə də çoxdan itirib…
“Mən ədəbi gəncliyi daim izləyirəm, onlarla səmimi münasibətim var. "Ədalət” qəzetində ədəbi gəncliyə kifayət qədər yer ayrılıb və mən sevinirəm ki, bu gənclərin hansısa bir yazısının "Ədalət”in oxucularına təqdim olunmasında kiçik də olsa xidmətim olub. Mən Aysel Əlizadənin, Seymur Baycanın, Xuraman Hüseynzadənin, Elnur Aslanbəylinin, Qan Turalının, Aqşinin, Kənan Hacının, Cəlil Cavanşirinn, İradə Aytelin, Kəramət Böyükçölün, Həyat Şəminin, Nuranə Nurun, Zəka Vilayətoğlunun və digərlərinin yazılarını, bütövlükdə isə mətbuatda işıq üzü görən hər bir yazını oxumağa, izləməyə çalışıram.”- söyləyir.
Çox çətinliklərlə üz-üzə gəlib, həyatı boyu heç nəyi asanlıqla əldə etməyib. Nə qazanıbsa, necə deyərlər, dişlə, dırnaqla, ağır zəhmətlə əldə edib.
Dünyanın ən yüngül işi sandığından heç kimə məsləhət verməyi xoşlamır. Ona görə də həmin o yüngül işi hər kəsin öz ixtiyarına buraxır. Düşünür ki, kim necə bacarırsa, hansı yolu seçibsə o yolla xalqımıza, ədəbiyyatımıza xidmət etməlidir...
Deyir ki,- “Həyatda elə yaşamlar var ki, onu sözlə ifadə etmək mümkün deyil. Lap elə qaçqınlığı götürək. Qaçqın olmayana bütün ürəyini də, bütün maddi sərvətini də bağışlasan belə, onun içində qırılıb çiliklənən, ölən, yaddaşında ağrı-acı guşəsi kimi qalan nəsnələri nə dəyişə bilməzsən, nə də unutdura bilməzsən. Göstərilən qayğı sadəcə diqqətdi. Yaşamağa ipucudu. Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda gördüyün kəndinə, evinə qayıtmaq bu gündən keçmişə dönüş deməkdir. Aradakı 30 il isə itirilən, əlindən zorla alınan ömürdü. Ona görə mən kəndimə səfər edəndə filmlərdəki kimi yuxuda keçmişə getmiş kimi oldum və o keçmiş mənə çox acıları təkrar yaşatdı. Çünki kəndimin yalnız coğrafi mənzərəsi yadımda qalmışdı. Mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi. Evimin yerində qaratikan bitmişdi. Mənimlə orda danışan ancaq kədər idi, ağrı-acı idi. Çünki qarşılayanlar onlar idi məni...”
Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. Əvvəlcə qəzet və jurnallara yazılar ünvanlayıb. Haqsızlıqlar, biganəliklərlə çox qarşılaşsa da həyatda ona dəstək verən, əlindən tutan, yol göstərən insanlar da olub. Onları böyük minnətdarlıq hissi ilə xatırlayır. Yazıçılardan Əlisəfa Məmmədovun, Əlfi Qasımovun, şairlərdən- xalq şairi Bəxtiyar Vahabzadənin, Çingiz Əlioğlunun, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Abbas Abdullanın, Məmməd İsmayılın, Vaqif Nəsib Sarıhüseyn oğlunun, Zülfüqar Şahsevənlinin, Vaqif İbrahimin və digərlərinin zamanında xeyir-dua verdiyini dilə gətirir. Məhz həmin xeyirxahların tələbkar qayğısı onu bugünkü yazarlara qaygı, diqqət göstərməyə yönəldib. Xüsusilə maraqlı, istedadlı, dəstəyə ehtiyacı olan gənclər onun üçün çox önəmlidir...
“Əlimdən tutublar, mən də təbii ki, gücüm daxilində əldən tutmağa çalışıram. Hər gün yazmaq, hər gün hay-küy salmaq və yaxud özünü hansısa qrupda təbliğ etmək mənə görə istedadın göstəricisi sayıla bilməz. Ad çəkmədən deyə bilərəm, elə gənclərimiz var ki, başını salıb aşağı heç bir qruplaşmaya qoşulmadan sözün fəhləliyini edir, özünə yol açmağa çalışırlar. Amma bəziləri də öz aralarında "işbirliyi" yaradır, bir-birini gündəmə daşımaqla məşğuldular. Çox istərdim ki, Allahın verdiyi istedadı böyük SÖZün xidmətində görək həmişə...”- söyləyir.
Qələm adamlarının qruplaşmasından çox narahatdır. İstəyir ki, ciddi əsərlərin sayı çoxalsın və azərbaycanlı müəlliflərin əsərləri ümumbəşəri əhəmiyyət daşısın. Yazarlarımz dünyada tanınsınlar. Necə deyərlər, “Nobel” mükafatının ayağı Azərbaycana da açılsın...
Bəli, yanvarın 1-də haqqında söhbət açdığım şair, publisist, əməkdar jurnalist Əbülfət Mədətoğlunun növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayırıq. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
Baletimizin əfsanələri Çimnaz Babayeva və Vladimir Pletnyov haqqında film nümayiş etdirilib
Bakıdakı Rus Evində Azərbaycan baletinin əfsanələri, ailə cütlüyü Çimnaz Babayeva və Vladimir Pletnyovun həyat və yaradıcılığına həsr edilmiş “Əbədi duet” adlı sənədli-bioqrafik filmin ilk nümayişi olub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinə istinadən məlumat verir. Məlumata görə, Rus Evinin rəhbəri İrek Zinnurov gənc nəslin milli balet tarixini öyrənməsinə bu dəyərli töhfəyə görə təşəkkürünü bildirib. Filmin ideya müəllifi Çimnaz Babayevanın şagirdlərindən biri – balet artisti Samir Səmədovdur. Samir Səmədov öz filmində nadir arxiv materiallarından istifadə edib.
Film Azərbaycan və ingilis dillərində dublyaj edilib.
Azərbaycan tamaşaçısı bu materiallarla ilk dəfə idi ki tanış olurdu.
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
Tbilisidə ustad aşıq Kamandar Əfəndiyevin 90 illik yubileyi qeyd olunub
Tbilisidə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, Borçalı aşıq məktəbinin yetirməsi olan ustad aşıq Kamandar Əfəndiyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diaspor Komitəsinin, ölkəmizin Gürcüstandakı səfirliyinin və Azərbaycan Diasporunun İnkişafına Dəstək Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirin aparıcısı professor Mahmud Hacıxəlilov aşıq Kamandarın həyat və yaradıcılıq yolundan söhbət açıb. Bildirib ki, 1932-ci ildə Borçalıda – indiki Marneuli rayonunun Kəpənəkçi kəndində dünyaya gələn Aşıq Kamandar fitri istedadı sayəsində qısa müddətdə özünəməxsus, bənzərsiz ifa tərzi ilə Azərbaycanda və bütün türk dünyasında sevilən sənətkara çevrilib. Öz sənəti ilə böyük el məhəbbəti qazanan aşıq Kamandarın sənətdəki xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib, o, Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb. Doğma yurdunda ev-muzeyi yaradılıb, büstü ucaldılıb.
Sonra böyük ustadın keçdiyi ömür yolundan bəhs edən videoçarx tədbir iştirakçıları tərəfindən böyük maraq və yubilyarın ruhuna ehtiram hissi ilə qarşılanıb. Videoçarxda ustad aşığın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə görüşündən olan fraqmentlər və Ulu Öndərin onun haqqında söylədiyi fikirlər alqışlarla qarşılanıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliev çıxış edərək aşıq Kamandar yaradıcılığının ayrı-ayrı hissələrinə nəzər salıb, onun yaradıcılığında vətənə, xalqa, millətə sevginin onun yaradıcılığının əsas süjet xəttini təşkil etdiyini vurğulayıb.
Diplomat deyib ki, aşıq Kamandarın yaradıcılığındakı vətənpərvərlik hissi bu gün də dünya azərbaycanlılarının birliyinə və həmrəyliyinin möhkəmlənməsinə xidmət edir.
Səfir bildirib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərib. Marneuli rayonunun Kəpənəkçi kəndində aşıq Kamandarın ev muzeyinin açılmasına verilən dəstək də bunun əyani sübutudur.
Türkiyə səfirliyinin məsul əməkdaşı Onur Sevim, Gürcüstan parlamentinin sabiq deputatı Ruslan Hacıyev, TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Tuba Özütok və başqaları çıxış edərək aşıq Kamandar yaradıcılığından söz açıb, fikirlərini bölüşüblər.
Aşıq Kamandarın oğlu Əflatun Əfəndiyev ailəsi adından çıxış edərək tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz təşəkkürünü bildirib.
Tədbir Borçalı aşıq məktəbinin yetirmələrinin ifaları ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
Portalımızın əməkdaşı Özbəkistanda mükafatlandırıldı
Özbəkistan Jurnalistlər İttifaqı Azərbaycan mediasında Özbəkistan mövzusunu, iki xalq arasında dostluğu geniş təbliğ edən azərbaycanlı jurnalistləri mükafatlandırıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev Mərkəzinin rəhbəri Samir Abbasov məlumat verib.
Azərbaycan mediasından mükafatlara “Yeni Müsavat” media qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu, “Türküstan qəzeti”nin baş redaktoru Aqil Camal, azərbaycanlı yazıçı-türkoloq, jurnalist Yunus Oğuz, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, “Türkel” qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli, “Mədəniyyət” qəzetinin əməkdaşı Lalə Azəri, yazar-publisist Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının ədəbiyyat şöbəsinin müdiri İntiqam Yaşar layiq görülüblər.
Təntənəli mərasimdə Özbəkistan Jurnalistlər İttifaqının sədr müavini Abdusattor Bustonov xüsusi mükafatları azərbaycanlı jurnalistlərə göndərmək məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasova təqdim edib.
Qapaq şəklində: Abdusattor Bustonov xüsusi mükafatları azərbaycanlı jurnalistlərə göndərmək məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərinə təqdim edir.
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)