Super User

Super User

Azərbaycan Animasiya Assosiasiyasının (AAA) saytı - www.anima.az fəaliyyətə başlayıb. Bu barədə AAA-nın yaydığı məlumatda deyilir.  

 

Əsas məqsədi Azərbaycan animasiya kinosunun inkişafına yardım etmək olan AAA bundan sonra öz fəaliyyətində saytın təbliğat mexanizmindən də yararlanacaq. 

Bu məqsədlə assosiasiya müntəzəm olaraq yerli və beynəlxalq layihələr, festivallar, tədris proqramları, konfranslar və digər ictimai tədbirlər həyata keçirir.

Təşkilat, həmçinin animasiya vasitəsilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə kreativliliyi təşviq etmək, animasiya studiyalarına, animasiya peşəkarlarına və həvəskarlara dəstək olmaq, milli animasiya maraqlarını müdafiə etmək və milli animasiyanı Azərbaycanda və xaricdə təbliğ etməyi qarşısına hədəf qoyub. 

Sayt iki - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Cümə axşamı, 05 Yanvar 2023 12:30

LitRes ilin ən yaxşı kitablarını elan etdi

O cümlədən Azərbaycanda da nümayəndəliyini açmış dünyanın ən böyük onlayn kitab platformalarından biri - LitRes 2022-ci ilin ən çox tələb olunan kitablarının siyahısını açıqlayıb. Siyahı hər birində 5 kitab olmaqla, üç aylıq dövrü əhatə etməklə 4 dəfəyə açıqlanıb. 

Bu gün sizə Yanvar-mart aylarının ən çox tələb olunan kitabları beşliklərini təqdim edirik. 

 

Yanvar ayı 

 

Liya Atden “Qüsursuz Ay”

Dem Mixaylov “İnfer 5”

Bi Kiland “Sevgisiz intim”

Cenifer Cordan, Layza Rodman “Dayə: Mənə seriya qatili tərbiyə verib”

Tara Şuster “Özünə bu zanbaqlardan al” 

 

Fevral ayı

 

İzabella Maldonado “Şifr”

Endi Veyer “Ave Mariya layihəsi”

Karin Sloter “Yaxşı qız”

Olqa Primaçenko “Səninlə mən evdəyəm”

Andrey Kurpatov “Düşüncə maşını”

 

Mart ayı

 

Badim Panov “Naməlumluq triosu”

Yerofey Trofimov “Tənha”

Mariya Kistyayeva “Mənimsəmə”

Pavel Basinski “Anna Kareninanın olmuş əhvalatı”

Nika Nabokova “Tənhalıqdan vaksin”

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. 

 

 

GETMƏYƏYDİN KAŞ SƏHNƏDƏN

 

 Böyük rejissor, SSRİ Xalq artisti Mehdi Məmmədovun “Azərbaycan qadınının səhnəyə gəlişi qəhrəmanlıq dastanıdır” sözlərini aktrisalarımızdan ən çox, yəqin ki,  Xalq artisti Zəroş Həmzəyevaya aid etmək olar.

 

- Zəroş xanım, biz bu söhbəti martın 22-də - sizin anadan olduğunuz gün etməliydik. Amma dəfələrlə zəng etməyimizə baxmayaraq, sizi müxtəlif tədbirlərə dəvət etdiklərindən söhbətimiz həmin gün baş tutmadı.

- Bu, məni sevindirir. Düz on üç ildir ki, səhnəni tərk etmişəm, amma tamaşaçılar hələ də məni unutmayıblar.

 

- Siz səhnəyə fanatik Nehrəm mühitinin təzyiq və təhqirlərinə sinə gərib gəlmisiniz. Bu qeyri-adi cəsarəti sizə verən nə idi?

- Mən səhnəyə çıxanda on altı yaşım varıydı. Heç bir teatr təhsili almamışam. İndi-indi dərk edirəm ki, səhnəyə çıxmağım Allahın qismətiymiş. Mənim içimdə elə bir vulkan var idi ki, istəsəm də, istəməsəm də üzə çıxmalı idi.

 

- Prezident Heydər Əliyevlə orta məktəbdə bir sinifdə oxumusunuz. Prezidentimizin məktəb illəri yadınızda necə qalıb?

- O hələ o vaxtdan hər cəhətdən ideal idi. Səliqəli geyinər, dərslərini hamıdan yaxşı hazırlayardı. Sinif yoldaşlarına dərslərini hazırlamaqda əlindən gələn köməyi əsirgəməzdi. Biz sinfimizin iki ən yaxşı oxuyan şagirdi idik. Bir yerdə İbrahim Həmzəyevin  teatr dərnəyinə gedirdik. O, teatrı, ümumən sənəti çox sevərdi. Təsəvvür etmək çətindir ki, incəsənəti, ədəbiyyatı onun qədər sevən ikinci dövlət başçısı olsun. O bu gün də sənət adamlarına böyük qayğı ilə yanaşır.

 

- Sinif yoldaşınızın bir gün ölkə başçısı olacağınım gözləyirdiniz?

- Biz onun daha çox elm, sənət sahəsinin başçısı olacağını gözləyirdik, amma o dövlət başçısı oldu. Dövlət başçısı oldu ki, bütün elm və sənət adamalrına diqqət, qayğı göstərsin.

 

- İlk dəfə səhnəyə çıxdığınız günü necə xatırlayırsınız?

- Mən yeganə aktrisayam ki, səhnəyə dramaturq sözü ilə deyil, öz sözümlə çıxmışam. Gəncə teatrından Naxçıvana gələn məşhur aktyor İbrahim Həmzəyev dram dərnəyi təşkil etmişdi. Dram dərnəyinin üzvlərinə qoşulub, “Oqtay Eloğlu” tamaşasına gizlicə baxdım. Oqtayın bacısı Firəngizin tamaşada heç nədən çəkinməyərək, cəsarətlə səhnəyə çıxması beynimdə elə bil ki, şimşək kimi çaxdı, qərarım qətiləşdi -  aktrisa olmalıydım! Lakin səhnəyə çıxmaq üçün kimsə mənə dayaq olmalıydı. Belə bir dayaq dram dərnəyinin rəhbəri İbrahim Həmzəyevdən yaxşı kim ola bilərdi? Biz onunla ailə qurduq və yalnız bundan sonra səhnəyə çıxa bildim. Artistə getdiyim bəs deyil, hələ bir səhnəyə də çıxmışdım. Nehrəmlilər düz on il mənimlə küsülü qaldılar.

 

- Demək, siz İbrahim bəylə sevib ailə qurmamısınız. Axı, deyilənlərə görə o çox yarlı-yaraşıqlı bir adam olub.

- Mən onun o vaxtlarını görmədim. Mənimlə ailə quranda o artıq otuz yaşlarında idi.

 

- Səhnəyə öz sözümlə çıxmışam dediniz, bunu necə başa düşək? Pyesmi yazmışdınız?

- (gülür) Yox, mən səhnəyə ilk dəfə “Əsli və Kərəm” tamaşasında sözsüz bir rolda çıxmışam. Rejissor İbrahim Həmzəyev mənə dedi ki, sən şahın taxtının yanında oturmalısan, mən də oturdum. Qızlar oxuyur, şah keşişə deyirdi: “Qızı ver Kərəmə!”. Keşiş isə deyirdi: Vermərəm! Vermərəm! Vermərəm!” Gördüm hamı səhnədə danışır, öz-özümə dedim ki, yaxşı, mən biabır olub, səhnəyə çıxmışam, barı, heç olmasa, bir söz deyim. Keşişə yaxınlaşıb, - “Əşi, duzsuz olma, bu qədər adam sənə ağız açır, ver qızı, getsin”, - dedim. Zalda əvvəl gülüş, sonra isə alqış qopdu. Səhnədəkilər uğunub özlərindən getmişdilər. Tamaşa pozulmuşdu. İbrahim əlindəki əsa ilə böyrümdən vurdu. Ağrıdan, pərtlikdən, ağlaya-ağlaya səhnədən qaçdım. Bunun üstündə İbrahimlə bir həftə küsülü qaldıq.

 

- Səhnədə oynadığınız rollar arasında ən çox hansı sizə yaxındır?

- İndiyədək 400-ə yaxın rol oynamışam. Mən yeganə aktrisayam ki, Cəfər Cabbarlının 11 pyesinin 11-də də baş rolda səhnəyə çıxmışam. İlk rolum Nəcəfbəy Vəzirovun “Hacı Qəmbər”ində Yetər olub. Haqverdiyevin “Pəri Cadu”sunda Səlimə və Hafizə xanım, Süleyman Rüstəmin “Qaçaq Nəbi”sində Həcər, Mirzə Fətəli Axundovun “”Xırs-Quldurbasan”ında Pəricahan, Cəlil Məmmədquluzadənin “Ölülər”ində Nazlı, Səməd Vurğunun “Vaqif”ində Xuraman, “Fərhad və Şirin”ində Şirin, Sabit Rəhmanın “Toy”unda Zalxa, Mirzə İbrahimovun “Həyat”ında Həyat, İslam Səfərlinin “Göz həkimi”ndə Nərminə, İyas Əfəndiyevin “Atayevlər ailəsi”də Reyhan, Hüseyn Cavidin “Şeyx Sənan”ında Xumar, Səyavuş”unda Südabə, Kəmalə Ağayevanın “Məhsəti”sində Məhsəti, Şıxəli Qurbanovun “Sənsiz”ində Sevinc, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra”sında Nihal, Anarın “Adamın adamı”nda Atbalaxanım, Ostrovskinin “Günahsız müqəssir”lərində Kruçinina, Şekspirin “Otello”sunda Dezdemona, Şillerin “Məkr və məhəbbət”ində Luiza, Şirvanzadənin “Namus”unda Süsən, Lope De Veqanın “Seviliya ulduzu”nda Estreliya, Qoqolun “Evlənmə”sində Aqafiya, Əziz Nesinin “Toros canavarı”nda Münəvvər... İndi çox çətin gəlir deyim ki, bunlardan hansı mənə ən yaxındır. Hamısı əzizdir... (kövrəlir)

 

- Siz Sidqi Ruhulla, Ələsgər Ələkbərov, Kazım Ziya, İsmayıl Dağıstanlı, Həsənağa Salayev kimi böyük sənətkarlarla tərəf müqabili olmusunuz. Onlarla bağlı nə xatirəniz var?

- Naxçıvana sənət mübadiləsinə gələn Sidqi Ruhulla mənim səhnədə çox ağladığımı görüb, həmişə zarafatla deyirdi: “Sən axırda səhnədə öləcəksən!” Bir dəfə o, “Namus”da məni xəncərlə vurmalıydı. Amma elə oldu ki, mən doğrudan yaralandım. Rola elə qapılmışdım ki, isti-isti bunu hiss etməmişdim. Demə, məni qan aparırmış, xəbərim yox imiş. Birdən dəhşətli ağrı hiss etdim, məni xəstəxanaya götürdülər. Bütün Naxçıvan görüşümə gəlirdi. Fəxr edirdim ki, Sidqi kimi bir sənətkar məni xəncərlə vurub. O xəncər yarasının yeri hələ də durur.

 

- İbrahim Həmzəyevin bu il anadan olmasının 90 ili tamam olur. Naxçıvan, Füzuli və Ağdam teatrlarının yaranması və inkişafında misilsiz xidmətləri olan bu sənət fədaisinin yubileyi dövlət səviyyəsində qeyd olunacaqmı?

- Əlaqədar şəxslərin yadına düşsə, yəqin ki, qeyd olunar.

 

- Sənətini yüksək qiymətləndirdiyiniz aktrisa varmı?

- Hökümə Qurbanova, sonra gələnlərdən Şəfiqə Məmmədova. Şəfiqə səhnədən tez getdiyi üçün mən ondan incidim. Teatr bununla çox şey itirdi.

 

- Bəs gənc aktrisalardan...

- Gənclərin bir cəhəti mənə xoş gəlmir ki, hər şeyə birdən-birə nail olmaq istəyirlər. Mən “Fərhad və Şirin”də Fitnə və Məryəm oynayandan sonra Şirinə keçmişəm. İndi görürsən birdən-birə gənc bir qıza verirlər Şirini, sonra nə inkişaf edib irəli gedə bilir, nə də aşağı düşə bilir, qalır ortada.

 

- Bu yaxınlarda “Nəqşi Cahan” adlı şeirlər kitabınız dərc olundu. Bu hansı zərurətdən doğdu?

- Bu şeirlər mənim səhnəsiz günlərimdəki fikir və duyğularımın bəhrəsidir. Axı, sənətkar nəyləsə məşğul olmalıdır... Bir çox rollarımı da yenidən hazırlamışam.

 

- Deməli, sizi səhnədə yenidən görəcəyik.

- İbrahim Həmzəyevin vəfatından sonra mən təkcə həyat yoldaşımı deyil, rejissorumu, əvəzsiz tərəf müqabilimi və sənət müəllimimi itirmişəm. Səhnə onsuz mənə mənə ögeyləşib. Yoxsa mən bu gün də, bu yaşımda da səhnədə allahlıq edərəm!

 

- Bakıya gələndən sonra niyə milli Teatra getmədiniz?

- O vaxtkı Mədəniyyət naziri Zakir Bağırov çox təkid etdi, razı olmadım. İllər boyu min bir zəhmət bahasına qalxdığım zirvədən enmək istəmədim. İstəmədim ki, tamaşaçının mənə yazığı gəlsin.

 

- Şeirlərinizdən birində özünüzə müraciətlə deyirsiniz:

Getməyəydim kaş səhnədən.

Bəyəm, səhnədə qalmaq öz əlinizdə deyildimi?

- Hər şey yalnız Allahın əlində ola bilər.

 

- Təsəvvür edin ki, sehrli xalçaya minib, başqa planetə gedirsiniz. Bir daha geri qayıtmayacaqsınız. Özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

 

- Bir ovuc Naxçıvan duzu.

- Maraqlıdır, duz nə üçün?

- Birdən o planetin də adamları duzsuz olar.

 

P.S.Coşğun temperamenti və təbii ifası ilə Azərbaycan aktyor məktəbinin klassikləri sırasına daxil olan Zəroş xanımla söhbətimiz bununla qurtarmadı. O ötən günlərdən danışdıqca, mən onun coşğun səsini, daxilindən bir vulkan kimi püskürən sənət ehtirasını görüb, nə vaxtsa onu səhnədə izləyənlərə qibtə etdim. Və onu səhnədə görməyən tamaşaçılar nəsli adından demək istəyirəm ki, Zəroş xanım, kaş ki,  səhnədən getməyəydiniz...

(05.05.1998)

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

“İrs/Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görüb. “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, jurnalın budəfəki buraxılışında da Qarabağ ən mühüm mövzu kimi diqqəti çəkir. 

 

Bu nömrə də baş redaktor, tanınmış publisist, rəhbərlik etdiyi “İrs” nəşriyyatında son illərdə Azərbaycan tarixi və mədəniyyəti, o cümlədən Qarabağ haqqında olduqca dərin məzmunlu, ensiklopedik biliklərə söykənən və çox nəfis bir şəkildə dərc edilmiş kitabları ərsəyə gətirmiş Musa Mərcanlının “Yeni dövr, yeni vəzifələr” başlığı altında yazdığı ön sözlə açılır. 

M.Mərcanlı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanmış olduğu və Qarabağın işğalına son qoyan parlaq Qələbəsindən sonra bölgədə yeni bir siyasi və iqtisadi durumun yaranmasından bəhs edir. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsindən sonrakı vəzifə bölgədəki bərpa və quruculuq işləri, ən əsası da məcburi köçkünlərin yurd-yuvalarına qayıdışının təşkilidir. Baş redaktor bu istiqamətdəki işlərin artıq böyük müvəffəqiyyətlə aparıldığını, bunun nəticəsi olaraq tezliklə Qarabağda və ətraf ərazilərdə yeni müsbət reallıqların yaranacağını xüsusilə qeyd edir.

Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayevin məqaləsi Azərbaycan və Almaniya arasındakı diplomatik əlaqələrin bərpasının 30 illiyinə həsr olunub. Səfir 200 il əvvəl Almaniyanın indiki Baden-Vürtemberq federal torpağından insanların Azərbaycana köçməsindən bəhs edərək, bunun xalqlarımız arasında yaranmış tarixi təmasın başlanğıcı olduğunu vurğulayır. Bir-birinin ardınca Gəncə yaxınlığında səkkiz qəsəbə salan almanlar burada yaşadıqları illərdə dürüst, zəhmətsevər olmaları, səliqə-sahmanları ilə Azərbaycan xalqının rəğbətini qazanıb, ölkədə şərabçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı qabaqcıl müəssisələr qurublar. Almanlar 125 ilə yaxın Azərbaycanda firavan həyat keçirmiş, 1941-ci ildə Almaniya ilə Sovet İttifaqı arasında müharibə başlanandan sonra isə Stalinin əmri ilə Qazaxıstana və Sibirə sürgün ediliblər. 1992-ci ildə Azərbaycan Respublikası Qərbi Avropada ilk səfirliyini məhz Almaniyada açıb. 1996-cı ildə mərhum Prezident, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev Almaniyaya rəsmi səfər etmişdir. Prezident İlham Əliyev də dəfələrlə bu ölkənin qonağı olub. 2019-cu ildə keçmiş alman kansleri Angela Merkelin Azərbaycana səfəri də mühüm əhəmiyyətə malik idi. Hazırda Azərbaycan və Almaniya arasında siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, idman və tibb sahələrində geniş əlaqələr qurulub və müvəffəqiyyətlə inkişaf etməkdədir.

Potsdamdan olan publisist Matthias Volk bu nömrədə dərc edilmiş məqaləsində bir qədər əvvəl Berlində soydaşımız Sevda Badaliurinin rəhbərliyi altında fəaliyyət göstərməyə başlamış “Xarıbülbül” Azərbaycan mədəniyyət evi haqqındakı təəssüratlarını bölüşür. Müəllif burada mədəniyyət evinin təşkil etdiyi rəqs və musiqi axşamlarından, Qarabağ münaqişəsi, Xocalı soyqırımı və 30 il erməni işğalı altında qalmış torpaqlarımızın azad edilməsi haqqında Azərbaycan səfirliyinin iştirakı ilə keçirdiyi ictimaiyyəti məlumatlandırmağa yönəlmiş tədbirlərdən söhbət açır.

Bu nömrədə ən diqqətçəkən yazılardan biri də moskvalı jurnalist Andrey Vasilyevin azad edilmiş Şuşadan həmyerlisi, fotoqraf Sergey Kivrin ilə birgə hazırladığı “Şuşa dəftərçəsindən qeydlər” adlı reportajdır. Şuşanın 270 illiyinə həsr edirmiş bu yazıda müəllif o vaxt Pənahəli xan tərəfindən şəhərin əsasının necə qoyulmasından, Qarabağ xanlığının siyasətindən bəhs edir, həmçinin Albaniya tarixindən söhbət açır. Miladdan sonra 314-cü ildə alban hökmdarı Unayrın xristianlığı qəbul etməsi ilə Albaniyanın dünyanın ilk xristian dövlətinə çevrilməsini və bu səbəbdən də Qarabağda və onun ətrafında kilsə və monastırların inşa edilməsini isə xüsusi olaraq vurğulayır. Bununla da XIX əsrin birinci yarısında Rusiya tərəfindən Qarabağa köçürülən ermənilərin qədim alban məbədlərini öz adlarına çıxmaq məqsədi ilə dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş cəhdləri ifşa olunur. Vasilyev bu gün Şuşada gedən bərpa və quruculuq işlərindən yazaraq, belə bir qeyd də edir: “Mən hər bir azərbaycanlıdan ancaq bunu eşidirdim: əgər ermənilər istəyirlərsə, yenə də burada yaşaya, işləyə bilərlər. Amma onlar gərək daha heç vaxt bunu unutmasınlar: Qarabağ Azərbaycandır!”

Tarix elmləri doktoru, professor Rizvan Hüseynovun məqaləsi də olduqca mühüm bir mövzuya - İrəvan şəhərinin tarixinə həsr olunub. Azərbaycan Səfəvilər dövlətinin qurucusu I Şah İsmayılın əmri ilə 1511-ci ildə burada qala inşa etdirən görkəmli sərkərdə Rəvan Qulu xanın adı verilən (Rəvan qalasının adı Azərbaycan dilinin Qərb dialektinə uyğun olaraq sonradan İrəvan formasını almışdır) bu məskən getdikcə böyüyərək strateji əhəmiyyətli mühüm bir Azərbaycan şəhərinə, bir qədər sonra isə qüdrətli xanlığa çevrilmişdir. 1827-ci ildə Rusiyanın qoşun yeridərək İrəvan xanlığını zəbt etməsindən sonra buraya köçürülən ermənilər rus çarlarının havadarlığı altında tədricən şəhərin Azərbaycan tarixini əks etdirən məscidlərini, bazar və meydanlarını, sonradan sərdarın (xanın) sarayını, bütöv müsəlman məhəllələrini və nəhayət, İrəvan qalasının özünü yerlə-yeksan etmiş, burada yeni bina və meydanlar inşa etdirmişlər. Müəllif məqaləsinin sonunda dünya ictimaiyyətinin ermənilərin Azərbaycan tarixinə və mədəniyyətinə qarşı törətdikləri bu qəddar barbarlığa, vəhşiliyə göz yummasına təəssüfünü bildirir və buna son qoyulacağına olan ümidini ifadə edir.

“İrs/Erbe” jurnalının bu nömrəsində yer almış Sənubər Dostiyevanın Səfəvilər dövründə ölkəmizə yol tapmış və bu gün Azərbaycan Milli Muzeyində saxlanılan Avropa pul sikkələri haqqındakı məqaləsi, tarixçi Emil Kərimovun azərbaycanlıların etnik-psixoloji portretini əks etdirən yazısı, Gülrəna Qacarın Azərbaycan realist rəssamlıq məktəbinin yaradıcısı Bəhruz Kəngərlinin həyat və yaradıcılığına həsr etdiyi oçerk və nəhayət, Sabina Tumanskayanın Azərbaycanın isti bulaqlarından və müalicə əhəmiyyətli su mənbələrindən danışan reportajı alman oxucuları üçün ölkəmizi daha yaxından tanımaq imkanı yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.

Əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luqdakı kitablara bir-bir şərh verməyi davam edirəm.

 

Robert Kiyosaki. «Varlı ata, kasıb ata»

Bir məşhur deyim var, «Təhsilsiz insan həyatda heç nəyə nail ola bilməz». Robert Kiyosakinin sözügedən kitabı məhz bu deyimin əksini sübut edir, iddia eləyir ki, təhsilin hər şeyi həll etmə dövrü artıq arxada qalıb, orta və ali məktəblər əsl həyatı öyrədə bilmirlər, sərvət toplamağın yollarını göstərmək iqtidarında deyillər.

Müəllif sadə dillə varlı olmağın yollarını göstərir, maliyyə savadının sirlərini açır.

Bir diqqət edin:

 - İş onda deyil ki, siz nə qədər qazanırsınız. İş ondadır ki, siz nə qədər qənaət edə bilirsiniz, pullar sizə nə dərəcədə effektiv işləyir, sizdən sonra neçə nəsil ondan istifadə edə biləcək!

 - Məğlub olmaqdan qorxmayın. Qaliblər – məğlub olmaqdan qorxmayanlardır. Uğursuzluq – uğura doğru gedən yolun bir hissəsidir. Uğursuzluqdan qorxub qaçanlar uğurdan da qaçanlardır.

 - Biz öz vərdişlərimizin quluyuq. Öz vərdişlərini dəyiş, gör həyatın necə dəyişəcək.

 - Kasıb, uğursuz, bədbəxt və xəstə adam o adamdır ki, tez-tez «sabah» sözünü işlədir.

 - Sizin beyniniz hər şeyi bacarır. Mütləq olaraq hər şeyi. Ən əsası, özünüzü buna inandırmanızdır. Əlləriniz bilmir ki, onlar bükülüb açılammır, ayaqlarınız bilmir ki, onlar taqətdən düşüb, qarnınız bilmir ki, onu piy basıb. Bunların hamısını billən beyninizdir. Özünüzü hər şeyi bildiyinizə inandırsanız, doğrudan da siz hər şey edə bilərsiniz.

 - Hər bir insanın əli, ayağı, başı və həftədə 168 saatı var ki, o, ən çox arzuladığı şeyləri həyata keçirə bilsin.

Və ən nəhayət, Robert Kiyosakiyə aid olan bu qızıl kəlama diqqət edin:

 - Bizim öyrənmək istədiyimiz birinci dərs odur ki, pul özlüyündə Şər deyil. O, sadəcə bir alətdir, qələm kimi. Qələmdən gözəl bir sevgi məktubu yazanda da istifadə etmək olar, işdən qovulmaya səbəb olan şikayət yazanda da. Qələmi yaradanda onu həm yazmaq üçün rahat olmasının qeydinə qalıblar, həm də iti ucu ilə gözə soxulması üçün.

İş əşyanın özündə deyil, onu – pulu və yaxud qələmi əlində tutan insanın motivasiyasındadır.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

 

Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

 

Vida matçından sonra Rocer Federerin göz yaşları. Onun yanındakı Rafael Nadal da göz yaşlarını saxlaya bilmir. 24 sentyabr, 2022-ci il. 

Foto: GLYN KIRK/AFP

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Yanvarın 6-da Bakı Fotoqrafiya Evində “Sehrli Qala” festivalı çərçivəsində ölkəmizin qış mənzərələrini əks etdirən fotosərgi açılacaq.

“Azərbaycanın qış gözəllikləri” adlı sərginin təşkilində məqsəd ölkəmizin qış gözəlliyini nümayiş etdirmək, əhalinin diqqətini Azərbaycanın təbiətinə yönəltmək, gənclərin mənzərə fotoqraflığına marağını artırmaq və bu istiqamətdə istedadlı müəlliflərə dəstək olmaqdır.

Yanvarın 12-dək davam edəcək sərginin layihə müəllifi Rüstəm Hüseynovdur.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Cümə axşamı, 05 Yanvar 2023 11:00

2022-ci ilin turizm yekunları

Dünya turizmində olduğu kimi, ölkəmizdə də 2022-ci ildə turizm sahəsində bir canlanma hiss olunub. İlin əvvəlində turizm sahəsində proqnozlaşdırılan bərpa prosesi tam sürətlə gedib. Bütövlükdə, ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək və beynəlxalq turizm bazarında Azərbaycanın rəqabət qabiliyyətinin artırılması üçün bir çox işlər görülüb. Bəs 2022-ci il Azərbaycanın turizm sahəsində hansı hadisələrlə yadda qaldı?

 

 

Ölkəyə turist artımı müşahidə olunub

 

Dövlət Turizm Agentliyinin (DTA) məlumatına görə, 2022-ci ilin yanvar–noyabr aylarının ötən ilin eyni ayları ilə müqayisədə 2,1 dəfə artım müşahidə edilib. Bu il Azərbaycana səfər edən xarici vətəndaşlar içərisində ilk yerlərdə ardıcıl olaraq Rusiya, Türkiyə və İran gəlir. Sonrakı sıralamada Səudiyyə Ərəbistanı, Gürcüstan, Hindistan, Pakistan, BƏƏ, Qazaxıstan və digər ölkələr növbələşir. Türkiyə, Səudiyyə Ərəbistanı, Hindistan üzrə bərpa göstəriciləri 90 faizdən çoxdur. Belarus, Pakistan, İordaniya kimi ölkələr isə 2019-cu il nəticələrini üstələmişlər. 

 

 

Azərbaycan Turizm Sammiti hədəfləri müəyyənləşdirib

 

Bu ilin dekabrında keçirilən Azərbaycan Turizm Sammitində xarici və daxili turizm üzrə növbəti 4 ilə hesablanmış hədəflər açıqlanıb. Növbəti 4 il üçün turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflər müəyyənləşdirilib. Bu hədəflər həm də “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətlənib. Əsas məqsəd Azərbaycanı dayanıqlı, əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirməkdir. Əsas hədəflərdən biri 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyon nəfərə, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaqdır. 2026-cı ildə turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq, bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaqdır. Ölkəyə daha çox turistin gəlməsinə və Azərbaycanın beynəlxalq səviyyədə tanınan turizm destinasiyasına çevrilməsinə nail olmaq Dövlət Turizm Agentliyi yarandığı gündən əsas məqsəddir. Prezident İlham Əliyev turizmin inkişafına daimi diqqət göstərir. Görülmüş işlər içərisində hədəf ölkələrdə turizm nümayəndəliklərinin açılışı, beynəlxalq sərgilərdə intensiv iştirak, beynəlxalq təşkilatların tədbirlərinin ölkəmizdə təşkili Azərbaycanın tanıdılması istiqamətində atılan uğurlu addımlar olub. 

 

 

Yeni Turizm qanunu qəbul edilib

 

Bu ilin əvvəlində turizm sahəsinin hüquqi-institusional tənzimlənməsi istiqamətində mühüm addım atılaraq, yeni Turizm qanunu qəbul edilib. Burada Turizm reyestri, mülki məsuliyyət sığortası, otellərin ulduzlaşması və digər bir sıra vacib məqamlar öz əksini tapır. Turizm sektorunda tənzimlənmə çərçivəsinin inkişafı üçün mehmanxanalara münasibətdə ulduzların tətbiqi, turizm şirkətlərinə münasibətdə mülki məsuliyyət sığortası mexanizminin tətbiqi nəzərdə tutulur. Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda mövcud olan mədəni irsin qorunması, oradakı tarixi abidələrin mühafizəsi və qoruqları turistlər üçün cəlbedici məkana çevrilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. 

 

 

UNESCO-nun Ümumdünya İrs Siyahısında yeni ünvanlar

 

Bir sıra tarixi tikililərin əsaslı təmiri, abadlıq işlərinin aparılması və digər işlər UNESCO-ya yönəli həyata keçirilib.

Bu ilin dekabrında keçirilən Azərbaycan Turizm Sammitində edilən Şəkinin tarixini qorumaqla turizm potensialını inkişaf etdirməyə yönəlib. Digər bir qoruğun – Xınalığın tarix və etnoqrafiya baxımından əhəmiyyəti nəzərə alınaraq, oradakı evlərin təmir və bərpa işləri mərhələli şəkildə icra olunmaqdadır. Bu ilin fevralında “Xınalıq Mədəni Landşaftı və Köç yolu” adlı nominasiya sənədi hazırlanaraq, UNESCO-nun Ümumdünya İrs Siyahısı üçün təşkilatın Dünya İrs komitəsinə təqdim olunub. Bundan başqa, bu il 3 dildə fəaliyyət göstərən “Turist çağrı-məlumatlandırma mərkəzi” istifadəyə verilib. İlk dəfə tətbiq edilən 848 çağrı mərkəzinə yerli və xarici turistlər zəng vuraraq turizm xidmətləri ilə bağlı onları maraqlandıran məlumatları əldə edə bilərlər. 

 

 

Daxili turizmin prioritetləri

 

Daxili turizm hər zaman prioritet istiqamət olub. Pandemiya beynəlxalq turizm bazarının bütün iştirakçılarının daxili turizm imkanlarını da məhdudlaşdırmışdı. Buna baxmayaraq, Azərbaycanda pandemiya dövründə də daxili turizm öz aktuallığını saxlamışdır. Ötən ilin sonundan etibarən daxili turizmin bərpasında və inkişafında müsbət irəliləyişin olduğunu deyə bilərik. Hazırda da, xüsusilə, yay mövsümü ilə əlaqədar regionlara səfərlərin sayında artım müşahidə olunur. Bizim üçün önəmli məqamlardan biri yalnız yay mövsümü üçün deyil, digər fəsillərdə də bu dinamikanı saxlamağa və turizmdə mövsümiliyin aradan qaldırılmasına nail olmaqdır. Turizmin bərpası fonunda bu il daxili turistlərin sayında keçən illə müqayisədə 30 faizdən çox artımın olacağı proqnozlaşdırılıb. 

 

 

İşğaldan azad edilmiş bölgələrdə turizm cənnəti yaratmaq

 

Torpaqlarımızın işğaldan azad edilməsi Dövlət Turizm Agentliyi qarşısında yeni vəzifələr qoyub. Bu vəzifələrdən biri Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsidir. Turizm bu istiqamətdə aparıcı sahələrdən biri olacaq. Son iki il ərzində Agentlik tərəfindən Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının öyrənilməsi, müvafiq olaraq konsepsiya sənədləri və layihələrin hazırlanması həyata keçirilib. Bu baxımdan, 3 əsas istiqamət üzrə işlər icra olunub. Bunlar mövcud və yeni turizm və rekreasiya zonalarının yerlərinin dəqiqləşdirilməsi, nəqliyyat dəhlizləri boyu, eləcə də tematik turizm marşrutları üzrə turizm imkanlarının dəyərləndirilməsidir. Həmçinin, artıq bir neçə layihənin icrasına başlanmışdır. Bu ilin mart ayında Suqovuşanda dövlət başçısnın iştirakı ilə turizm kompleksinin təməlqoyma tədbiri baş tutub. Bu kompleks Suqovuşan su anbarı ətrafında infrastruktur və xidmətlərin yaradılması, qəsəbənin rekreasiya imkanlarının artırılması və aktiv turizm fəaliyyətlərini özündə əks etdirən “Suqovuşan Turizm İnkişaf Konsepsiyası” sənədi əsasında yaradılacaq. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm imkanlarının qurulması üzrə layihə hazırlanaraq, ilkin rekreasiya infrastrukturu qurulmuşdur. Bundan əlavə, Agentlik tərəfindən “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama”, “Füzuli və Xocavəndə” birgünlük turların layihəsi hazırlanıb, Şuşa şəhərinin və Daşaltının turizm inkişaf planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bütövlükdə, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanların qiymətləndirilməsi aparılaraq, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb.

Şuşaya turizm səfərlərinin təşkili üçün işlər yekunlaşmaq üzrədir. Artıq vətəndaşlarımız digər yerlərə olduğu kimi, Şuşaya da turizm səfərləri edəcəklər. 

 

Şəkildə: Ötən ilin mart ayında Suqovuşanda dövlət başçısnın iştirakı ilə turizm kompleksinin təməlqoyma mərasimindən görüntü

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Cümə axşamı, 05 Yanvar 2023 10:30

Yola saldığımız ilin musiqi yaddaşı

Budur, 2023-cü ilin ilk günlərini yaşayırıq. 2022-ci il - “Şuşa İli” Azərbaycan musiqi mədəniyyəti tarixində rəngarəng tədbir və layihələrlə yadda qaldı. Təbii ki, bu bir-birindən maraqlı festivallar, müsabiqələr, yubiley gecələri uzun illər yaddaşlardan silinməyəcək. Gəlin bu tədbir və layihələrə nəzər yetirək. 

 

V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı.

 

İlin ən yaddaqalan musiqi layihələrindən biri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı oldu. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunan festival azad Şuşanın mədəni həyatına ikinci dəfə rəng qatdı. Festivalda bir sıra ölkələrdən musiqi və folklor kollektivləri iştirak etdi. 

 

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı

 

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı 14-cü dəfə ölkəmizdən və xaricdən ifaçı və kollektivləri, mütəxəssisləri bir araya gətirdi. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın konsertləri Üzeyir bəyin doğma şəhəri Şuşada da gerçəkləşdi.

 

“İpək Yolu” Beynəlxalq Musiqi Festivalı

 

2010-cu ildən Mədəniyyət Nazirliyi, 

Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra bu il 11-ci dəfə təşkil olundu.

 

Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsi

 

Ölkəmizdə vokal ifaçılığının inkişafına töhfə vermək məqsədilə keçirilən Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsinin bu il səkkizinci dəfə reallaşdı. 25 il öncə təməli qoyulan müsabiqəyə ilk dəfə sənətkarın doğma yurdu Şuşa şəhəri ev sahibliyi etdi. 

 

Bakı Caz Festivalı

 

Caz həvəskarlarının iki ildir intizarla gözlədikləri Bakı Caz Festivalı bu il paytaxt sakinlərini və şəhərimizin qonaqlarını cazsız qoymadı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə festival 17-ci dəfə təşkil olundu.

 

VIII “Muğam” Televiziya Müsabiqəsi

 

Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsi də muğamsevərlər üçün ilə bir naxış vurmuş oldu.

 

“Mədəni yenilənmə” layihəsi 

 

Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə reallaşan, ictimaiyyətin marağını cəlb edən “Mədəni yenilənmə” layihəsi 2022-ci ildə də davam etdi. Kino, musiqi və digər sahələrdə tanınmış simalar şəhərimizin qonağı oldular.

 

Digər layihələr

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Piano Festivalı da ilin uğurlu mədəniyyət layihələrindən oldu.

Nazirliyin “Yeni adlar” layihəsi isə gənc və istedadlı musiqiçilər üçün geniş meydan oldu. Gənc ifaçılar Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkənin aparıcı orkestrlərinin müşayiəti və tanınmış dirijorların rəhbərliyi ilə imkanlarını nümayiş etdirmək fürsəti qazandılar.

 

Görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyi.

 

Bu il dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi Prezident İlham Əliyevi müvafiq Sərəncamına əsasən, ölkəmizdə və xaricdə böyük təntənə ilə qeyd olundu. Noyabr ayında Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun birgə təşkilatçılığı ilə Parisdə, təşkilatın mənzil-qərargahında F.Əmirovun yubileyinə həsr edilmiş möhtəşəm musiqi axşamı keçirildi. 

 

SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illiyi.

 

Görkəmli bəstəkar SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illiyi dövlət səviyyəsində qeyd olundu. Yubiley münasibətilə musiqi festivalı keçirildi. Festival çərçivəsində Bakıda və regionlarda konsertlər, elmi konfranslar təşkil edildi.

 

Xalq artisti Əhməd Bakıxanovun 130 illiyi.

 

Dövlət başçısının Sərəncamı ilə görkəmli tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun isə 130 illiyi müxtəlif tədbirlərlə yadda qaldı. 

 

Dünyaşöhrətli Müslüm Maqomayevin 80 illik yubileyi.

 

Ötən il dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyi müxtəlif tədbirlərlə qeyd edildi. Avqustda paytaxtdakı “Yaşıl Teatr”da, oktyabrda isə Heydər Əliyev Sarayında Maqomayevin yubileyinə həsr olunmuş musiqi axşamları xüsusilə yaddaqalan oldu.

 

Dövlət mükafatı laureatı Rauf Abdullayevin 85 illiyi.

 

“Şuşa İli”ndə Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfələr verən bir sıra sənətkarın da yubiley gecələri keçirildi. 60 il dirijor pultu arxasında dayanan görkəmli sənətkar, Xalq artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin 85 illiyi qeyd olundu. Maestronun yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında təntənəli gecə keçirildi.

 

İki məşhurun 75 illiyi.

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə və Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəylinin 75 illik yubileyləri keçirildi. Firəngiz Əlizadənin yubileyi münasibətilə musiqi festivalı təşkil olundu, paytaxtın musiqi salonlarında bəstəkarın əsərləri səsləndirildi. Firəngiz Əlizadənin yubileyi ölkəmizdən kənarda da qeyd edildi, o cümlədən dekabrda Almaniyada konsert keçirildi.

 

Digər yubileylər

 

İl ərzində görkəmli xanəndələr, Xalq artistləri Sara Qədimova və Şövkət Ələkbərovanın 100, Habil Əliyevin 95, Emin Sabitoğlunun 85 illiyi də təntənə ilə qeyd olundu. 

Xalq artistləri – bəstəkar Eldar Mansurov və müğənni Sərxan Sərxanın 70, bəstəkar Sərdar Fərəcovun 65 illiyinə həsr olunan tədbirlər də ilin musiqi yaddaşına yazıldı.

 

Yubilyar müəssisələr

 

Uşaq və yeniyetmələrin incəsənətin müxtəlif istiqamətləri üzrə püxtələşməsində xüsusi yeri olan Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu il 30 yaşını qeyd etdi. İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin isə 100 yaşı qeyd olundu.

 

Şəkildə: 

Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun birgə təşkilatçılığı ilə Parisdə, təşkilatın mənzil-qərargahında F.Əmirovun yubileyinə həsr edilmiş musiqi axşamından görüntü. 

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Cümə axşamı, 05 Yanvar 2023 08:30

366-cı diviziyanın bizə işləyən yeganə üzvü

Təəssüf ki, Müdafiə Nazirliyi ona şəhid statusu verməkdən imtina edir

 

Aida Eyvazlı yazır

 

Dəyərli oxucularım. Sizə ötən ilin aprel ayından etibarən bir neçə dəfə 1992-ci ildə Qazaxıstandan Azərbaycana döyüşmək üçün gələrək Tərtər-Ağdərə zonasında qəhrəmanlıqlar göstərmiş türk oğlu, qazax balası Yerbol Barımbetov Turexan oğlu barədə danışmışdım. Ötən gün onun döyüş yoldaşları, müharibə vaxtından Yerbol Barımbetovu tanıyan dostları və Qazaxıstandan gələn qonaqlar - Qazaxıstan Azərbaycanlıları İctimai Birliyinin Qadınlar Şurasının üzvü Kəmalə Əliyeva, qazaxıstanlı araşdırmaçı jurnalist Nasiha Kumarqızı da II Fəxri xiyabana ziyarətə gəlmişdilər.

 

Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən türkdilli xalqların təmsilçiləri bir deyil, beş deyil, yüzlərlədir. Belə igidlərlə 1990-cı ildən başlayaraq eyni cəbhədə döyüşən tibb bacısı Yevgeniya Semitina Vladimirovna da vardır. Yevgeniya xanım (onu döyşçülər ya “Şərqiyyə ana”, ya da “mama Jenya” çağırırlar) Yevgeniya Vladimirovna 1994-cü il aprel ayında öz əlləri ilə Yerbol Barımbetovu bu Şəhidlər xiyabanında dəfn edib. Döyüş vaxtı iki dəfə yaralanan Yerbola da hərbi hissədə özü yardım göstərib. Həmin illərdə tibb bacısı işləyən “mama Jenya” deyir ki, bir dəfə ondan soruşub:
"Yerbol, nə işin var burda, niyə gəldin?”. Barımbetov cavabında “Jenya xala, mən 366-cı alayın tərkibində Qarabağda xidmət edəndə yaxınlıqdakı kənddəki bir azərbaycanlı xala mənə təndirdə bişən təzə çörək verdi. O çörəyin ətri heç vaxt burnumdan getmir. Məni o ağır günlərdə kəsdiyim çörək bura gətirib” söyləyib.
Yevgeniya Semitinanın iki oğlu - Firudin və Tərlan da Vətən uğrunda şəhid olublar. O həm də iki şəhid oğulun anasıdır. Yevgeniya ana bu gün mənə mübhəm bir sirr açdı. Dedi ki, Yerbol Barımbetov 1991-ci ildən Sovet Ordusunun hərbi hissəsinin desant briqadasında kəşfiyyatçı olub. 366-cı rus alayının tərkibində hərbçi kimi Azərbaycana gəlib. Və günlərin bir günündə ona məlum olub ki, 366-cı alay Xocalıya hücum edəcək. Onda Barımbetov hərbi hissəni özbaşına tərk edərək, o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin əsas funksionerlərindən biri olan Etibar Məmmədovun yanına gedib və bu haqda xəbəri ona çatdırıb.
Yevgeniya ananın dediyinə görə, bu məsələni Etibar Məmmədov hətta o zaman Azərbaycan Dövlət Televiziyasının efirindən də bəyan edib. Yerbol Barımbetovun hərbi hissəni özbaşına tərk etməsini bilən 366-cı alayın komandiri onu həbs edərək, Türkmənistanın Marı şəhərindəki həbsxanaya göndərib. Bu həbsxanadakı bir erməni nəzarətçi Yerbola ağır işgəncələr verib.
1992-ci ildə bir gün xüsusi hərbi təlim görmüş Yerbol həmin erməni nəzarətçini vuraraq, qaçıb Azərbaycana gəlib və Qarabağ döyüşlərinə qatılıb. 1994-cü il aprelin 20-də isə növbəti uğurlu əməliyyatını həyata keçirərkən düşmən gülləsindən həlak olub.
Təəssüf ki, II Fəxri xiyabanda uyuyan Yerbol Barımbetova Azərbaycan Müdafiə Nazirliyi şəhid statusu verməkdən imtina edir. Biz inanırıq ki, bu xəbər Ali Baş Komandan İlham Əliyev cənablarına yetişən kimi, o, Yerbol Turexan oğlu Barımbetovun layiq olduğu “Şəhid” adını təntənəli surətdə verəcəkdir.

Yerbol Barımbetovun sağ qalan döyüş dostları onu unutmurlar. Bu etibarlı dostların vasitəsilə 28 ildən sonra doğmaları Qazaxıstanın Almatı şəhərindən gəlib Yerbol Barmbetovu II Fəxri xiyabanında tapdılar.

Tanrı bütün şəhidlərimizin ruhunu şad etsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.