Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı doğum günü münasibəti ilə şair Rafiq Yusifoğlunun şeirlərini təqdim edir. Bu şeirlər Vətənpərvərlik lirikasının çox gözəl nümumələridir. 

 

 

Bir dəqiqəlik sükut

 

Vətən müharibəsində şəhid olan

bütün əsgərlərimizin ruhuna

 

Qəlbimiz parçalandı, gözlərimiz nəm oldu,

Ruhlarınız qoşuldu ölməzlər sırasına...

Sizin axan qanınız müqəddəs məlhəm oldu,

Vətənin illər boyu sızlayan yarasına...

 

Öz şirin canınızı Vətənə qurban dediz,

Müqəddəs bir diyarda kamala dolmusunuz.

Bir vaxt üç minə yaxın anaya oğul idiz,

İndi siz milyonların övladı olmusunuz...

 

Öz qısa ömrünüzdə şərəfli yol seçdiniz,

Pillələr saldınız ki, zirvəyə qalxa bilək.

Siz vətənin yolunda canınızdan keçdiniz,

Biz sizin borcunuzdan çətin ki, çıxa bilək...

 

Hamımız səs veririk qəlbimizin səsinə,

Nakam taleyinizə göynəyirik, yanırıq.

Siz qorxmadan qalxdınız şəhadət zirvəsinə,

Bir dəqiqə sükutla indi sizi anırıq...

 

Günah qara yeldədi, vicdanlar sakit deyil,

Solan körpə güllərin axı nə günahı var?

Minalanmış sahədi, bu adi sükut deyil,

Bu sükutun içində anaların ahı var...

 

Bu sükut gərək bizim ruhumuzu dəyişə,

Qanınız milyonlara sədəqədir, fitrədir...

Bu sükut min il qabaq el yolunda döyüşən

Nigaran şəhidlərin məzarını titrədir...

 

Qarşınızda şax duran, ruhunuzdan güc alan

Bir ölkənin yenilməz, müzəffər alayıdı...

Bu adi sükut deyil, bizsiz viranə qalan

Ulu yurd yerlərinin ehtiram harayıdı...

 

 

 

Mənim Zəngəzurum

 

Zaman çevrilibdir bir qara yelə,

Elin arzuları yaralanıbdır.

Namərdin xəyanət qayçısı ilə

Mənim Zəngəzurum paralanıbdır...

 

Tikanlar boy atıb, çiçəklər solub,

Qartallar yurdunu qarğa, sar alıb.

Kolların dibində gül şehlə dolub,

Yolların gözünün kökü saralıb...

 

Bir vaxt  Zəngəzurun kefi çağ idi,

Gör kimə inandıq, kimə güvəndik?

Xəyanət qurbanı oldu Ağudi,

Dəstəyird, Sofulu, Urut, Nüvədi...

 

Nə qədər doğma kənd döndü yad elə. -

Çayların, göllərin gözləri doldu...

Düşdü Qafan, Gorus, Sisyan yad ələ,

Mehri kaftarkoslar diyarı oldu...

 

Oldu başımıza dünya niyə dar? -

Haqsızlıq səbrimi yaman daşdırır.

Bir yanda Ağbulaq, Şamsız, Niyədar

Bir yanda Qaragöl, Qızıldaş durur...

 

Üzü də qaradır əhdi qaranın,

Üstümə ağrılar alayı gəlir.

Qafandan yüzbaşı Mehdiqaranın,

Gorusdan Nəbinin harayı gəlir...

 

Dönüb sahibinə Topağac, Səngər, -

Zəngilan, Kəlbəcər qeyrət hasarı...

Özgə kölgəsində yatan köpəklər

Hürür Qubadlıya, Laçına sarı...

 

Namərd xəyallara saplanıb xəncər,

Düşmənlər bükülüb, yumağa dönüb.

Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,

Çəbrayıl bir dəmir yumruğa dönüb.

 

Ulu yurd yerləri halalca paydı,

Sonuncu fərmana zaman qol çəkir. -

Şərqi Zəngəzurun gözləri aydın,

Qərbi Zəngəzurun gözü yol çəkir...

 

 

Zəfər bayrağına

dönüb lalələr

 

Yurdu azad edib müzəffər ordu,

Qələbə arzusu dönüb gerçəyə.

Bu il yaz tələsir, xaraba yurdu

Bələmək istəyir gülə, çiçəyə...

 

İçimə od salır qızıl lalələr,

Yerin də köksündə həsrət közərmiş...

Şehlə silələnib nur piyalələr,

İlahi, bu yerlər necə gözəlmiş...

 

Nisgil var bu sevgi macərasında,

Az qalır ayrıla huşum başımdan.

Yox imiş dünyanın heç harasında

Mənim torpağımdan, mənim daşımdan...

 

Yaxşı ki, xalqımın başı üstündən

Əskik olmayıbmış Tanrı nəzəri...

Çiçəyi boylanır daşı üstündən, -

İlahi, bu yurdun yoxmuş bənzəri...

 

Gördük yurd yazını ömrün qışında,

Səbrli olanlar murada çatır,

Ancaq ulu yurdun hər qarışında

Təhlükə uyuyur, qan-qada yatır...

 

Ev qədri bilərmi səfil olanlar? -

Xəyalən tikilən saraylar uçub...

Yurdumdan qovulan əfi ilanlar

Mina yumurtalar basdırıb qaçıb...

 

Düşmənlər düşməyib qisas atından,

Bizi izləyən var durub qıraqda.

Təhlükə boylanır yerin altından,

Mürgülü minalar durub marıqda...

 

Ancaq işə keçmir hərzə-mərzələr,

Daha kül üfürə bilmirlər gözə.

Qıvrıla-qıvrıla qalan gürzələr

İndi dil çıxarıb yalmanır bizə...

 

Gülür çəmənimiz, gülür çölümüz,

Min lənət yağının zati-pakına.

Hələ göz görürsə də, çatmır əlimiz,

Qovuşa bilmirik doğma məkana...

 

Yığmışıq yağının əl-ayağını,

Çarəmi tapılar sağalmaz dərdə?

Arzusu gözündə qalan yağının,

İzi qalmayacaq bu doğma yerdə...

 

Quş quşu səsləyir, böcək böcəyi,

Ətirli küləklər dərdə məlhəmdi,

Gül-gülü çağırır, çiçək-çiçəyi,

Bülbülün nəğməsi ayrı aləmdi...

 

Qəlbi qovrulursa həsrət közündə

Bir igid qisası qoşundan alır.

Yaz bir tablo çəkib Yazı düzündə

Görənin huşunu başından alır.

 

Gədiklər, yamaclar bələnib zərə,

Çiçəklı dağların köksü qabarmış...

Alın yazımızda bu doğma yerə

Yenidən qayıtmaq qisməti varmış...

 

Doğma Qubadlıda, doğma Laçında,

Ümid çırağına dönüb lalələr.

İndi Qarabağın hər yamacında

Zəfər bayrağına dönüb lalələr...

 

 

Elə bilməyin ki,

yanğınlar sönüb

 

Xəyanət görəndə ürəyim donar,

Yandırmaq asandı, söndürmək çətin.

Oğru maskalanıb, girər min dona,

Doğrunu yolundan döndərmək çətin.

 

Kədər dənizində ağrılar üzür,

Dəryalar qoynunda insan dağ imiş.

Sönənin kömürtək qaradır üzü,

Yanmağın axırı kül olmaq imiş...

 

Mərdin uğuruna həsədlə baxar,

Ümidi qalmayıb aydın sabaha. -

Kol-kosu yandırıb aradan çıxar,

Namərdin əlindən nə gəlir daha?

 

Göyə bülənd olan odlar içində

Günahsız oğlaqlar, quzular yanar.

Ürəyimə düşən çatlar içində

Yanır, çırtaçırtla arzular yanar...

 

Atəşböcəkləri boz külə dönüb,

Körpə quşcığazlar qara kömürə...

Elə bilməyin ki, yanğınlar sönüb,

Düyünlü yumruqlar dönüb dəmirə...

 

Haqqın bir sözünü etmədik iki,

Verdik könlümüzü imana, dinə...

Bu namərd yanğınlar qəlbimizdəki

İntiqam odunu qoyarmı sönə?

 

Bu gündən güc alır nurlu səhərlər,

Sanma türk döyüşdən yan duracaqdır.

Zəfərlər dalınca gələn zəfərlər

Hələ düşməni çox yandıracaqdır...

 

 

Mənim xəritəm

 

Çiçək arzulara kəfən biçibdir

Üstümüzə düşən qara kölgələr...

Bütöv xəritəmi qayçılayanlar

Yanımda yaradıb yamaq ölkələr...

 

Dolarmı quyuya su tökmək ilə?

Gərək öz köksündən bulaq çağlaya...

Mərdin ömür yolu mərdanəlikdi,

O, çətin namərdə könül bağlaya...

 

Sədəqə dilənib ömrü uzunu,

Kimsə sümük atdı ağzına bəlkə?

Bizə nə ağılla meydan oxuyur

Cırıq cındırından cin hürkən ölkə?!

 

Uzaq əsrlərdən ləngərlə gələn

Ömür karvanıma hürmək əbəsdi...

Onu cəhənnəmə vasil etməyə

Qayamızdan qopan çınqıl da bəsdi...

 

Arxalı köpəklər hürsə də bizə,

Xalqımın qolunda haqqın gücü var...

Namərddi nahaqqa havadar olan

Onun da məhvinin tezi-geci var...

 

Gözüm xəcalətdən kölgələnməyib,

Xətir-hörmətim var el arasında.

Xəritəm aynatək çiliklənsə də,

Xalq bütöv görünür hər parasında...

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2022)

Cümə axşamı, 05 Yanvar 2023 09:30

“Göyərçin”imizi pərvazlandıran şair

Elman Eldaroğlu yazır

 

 

Şair Rafiq Yusifoğlu 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1966-cı ildə orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. 1966-1970-ci illərdə təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. Sonra bir müddət Sumqayıt şəhərində müəllim işləyib. Eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.

1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifələrində çalışıb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur. 

Şairin uşaq ədəbiyyatının inkişafında xüsusi fəaliyyəti var. 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.

  

Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayan şair, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edir. Son illər bədii tərcümə ilə də məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edib. Bununla yanaşı öz əsərləri də bir sıra dillərə tərcümə olunub, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib və dəfələrlə nümayiş etdirilib.

İki gün öncə - yanvarın 2-də Rafiq Yusifoğlunun 73 yaşı tamam oldu. Qeyri iş günü olduğu üçün onu məhz bu gün bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2023)

Yeni il kinosürprizlə başlayıb. Beynəlxalq Kosmik Stansiyada lentə alınan ilk bədii film olan “Çağırış”ın treyleri yayımlanıb. Treyler  “Central Partnership” kinoşirkətinin YouTube kanalında təqdim olunub. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən məlumat verir. Filmin çəkilişləri 2021-ci ilin oktyabrında 12 gün ərzində aparılıb. “Çağırış” dramının dünya premyerası 2023-cü il aprelin 12-nə planlaşdırılıb. Təbii ki, filmin mövzusu kosmik səmada baş verən hadisələrdir. 

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2022)

Şənbə, 31 Dekabr 2022 17:47

İlin son gününün təqvimi

Varisin təqdimatında

 

Hər kəs məhz bu son gündə oturub bütün ilinə yekun vurur, gələn ilə planlar qurur. 2022-ci il heç də uğurlu il olmadı xalqımız üçün. Əslində tək bizim yox, bütün dünyanın aktivinə deyil, passivinə yazıldı bu il. Pandemiya davam etdi, korona olayları bitmədi ki bitmədi, insanlar bu kabusdan qurtulacaqlarını  təxmin edən zamanda isə yeni hoqqa ortaya çıxdı, bu dəfə müharibə adında. Rusiyanın Ukraynaya təcavüzü dünyanın düzənini pozdu.

2022-ci ildə dünyada iqtisadiyyatlar bir qədər də çökdü, insanların güzəranı bir qədər də pisləşdi. Təsadüfi deyil ki, hamı ümidlərini yeni – 2023-cü ilə bağlayır. Allah hamımızın köməyi olsun!

 

Dünya Azərbaycanlılarının Həmrəylik günü

 30 ilə yaxın tarixə malik olan Həmrəylik Gününü azərbaycanlılara Heydər Əliyev ərməğan edib. Hələ Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məslisinin sədri olarkən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həm­rəylik Günü kimi qeyd edilməsi təşəbbüsünü irəli sürmüşdü. 1991-ci ilin dekabr ayında Muxtar Respublikanın Ali Məclisinin bu barədə qəbul etdiyi qərar çox keçmədən bütün Azərbaycan üzrə keçərli oldu və ümumilikdə dünya azərbaycanlılarını əhatə etdi.

Dünya azərbaycanlılarının birlik və həmrəyliyinə ciddi diqqət yetirən Heydər Əliyevin bu sahədə atmış olduğu daha bir mühüm addım 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi oldu. Bu qurultay bir tərəfdən Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısının göstəricisi idisə, digər tərəfdən soydaşlarımızda onların arxasında güclü bir Azərbaycan dövlətinin dayandığı əminliyinin, güvəninin yaranması idi. Artıq soydaşlarımızla iş, onların birlik və bərabərliyi, həmrəyliyi istiqamətində aparılan siyasət çoxşaxəli xarakter daşıyır. Dünya azərbaycanlılarının həmrəyliyinə töhvə verən qurum kimi Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin ortaya qoyduğu əməyi də mütləq qeyd etməliyik. Və bu prosesdə dövlətlə yanaşı, qeyri-dövlət təşkilatları da xüsusi fəallıq nümayiş etdirirlər. Bu baxımdan Heydər Əliyev Fondunun çoxşaxəli və uğurlu fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası da xaricdə yaşayan soydaşlarımızın birlik və bərabərliyi, həmrəyliyi istiqamətində atılan mühüm addımlardan biri hesab edilə bilər. Dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın məhz bu kampaniya çərçivəsində birlik və həmrəylik nümayiş etdirməsinin nəticəsidir ki, bu gün dünyanın bir sıra ölkələrinin qanunverici orqanlarında ermənilərin Xocalıda törətdikləri vəhşiliklər soyqırım kimi tanınıb. Yeri gəlmişkən, mənim “Qırmızı ləçəklər” adlı romanım da bu kampaniya çərçivəsində Xocalı həqiqətlərinin dünyada yayılması işinə xidmət edir.

Yaşasın dünya azərbaycanlılarının həmrəyliyi!

 

On iki üzüm günü

İspandilli ölkələrin çox maraqlı bir bayramları var, demək, onlar günorta saat on ikidən başlayaraq on iki saat ərzində hər saatın tamamında bir müxtəlif növ üzüm dadırlar, nəticədə, yeni il onlara ən faydalı, ən qədim və ən dadlı meyvənin timsalında uğur gətirir. İlk dəfə İspaniyada qeyd edilən bayram sonradan Cənubi və Mərkəzi Amerikanın bütün ispandilli ölkələrinə siyarət edib.

Maraqlıdır, biz də cənub, üzüm ölkəsiyik, bizdə də on iki növ üzüm tapıb dadmaq olarmı? Özümüzün çox dadlı üzüm növlərimiz var. Mən son vaxtlar qəhətə çıxmış məşhur ağ və qara şanı növünün və ağadayı növünün adını çəkə bilərəm, mədrəsə, dərbəndi, təbrizi və bayanşirə növlərini də tanıyıram. Neçə oldu? 7. 5-ni də gəlin xarici növlərdən seçək. Şardone, rislinq, kaberne-sovinyon, pino-nuar... 12-cini gətirə bilmədim. Özünüz internetdən tapın.

 

Orijinal bayramlar

Bu gün dünyanın müxtəlif ölkələrində olduqca orijinal bayramlar qeyd edilir. Fasiləsizlik günü. İlin son günündə hər dəqiqənin qədrini bilmək tövsiyə olunur. Hər dəqiqəni fasiləsiz, doya-doya yaşamaq lazımdır yəni. Yemanji bayramı. Bu, braziliyalılara xas olan bayramdır, bu ölkədə spiritizm hələ də güclüdür, mövhumata çox inanırlar braziliyalılar. Onlar hər il dekabrın 31-də dəniz sahillərinə gəlib sahil boyu ağ çiçəklər düzür, şamlar yandırırlar, “Balıqların anası” Yemanjinin ruhunu çağırırlar. Mövhumata görə, Yemanji ruzi-bərəkət və xoşbəxtlik gətirir. Şotlandlar – viski ölkəsinin sakinləri Hogmanau gününü qeyd edirlər. Hər bir kəs əlinə məşəl alıb yürüş edir, məşəllərlə əylənmək də aktual olur. Onları atıb-tutanlar, atıb altından keçənlər, ardıcıl yandırıb söndürənlər öz ustalıqlarını nümayış etdirirlər. Və bütün bu ayinlər “viski selində çimməklə” həyata keçirilir. Polyaklarda isə bu gün Silvester günü qeyd olunur, onlar da rəngbərəng maskalarda, atəşfəşanlıq edə-edə yeyib-içir, çalıb-oynayır, mifik obraz olan Silvesterdən uğurlu yeni il arzulayırlar.

Düşündünüz ki, yəqin Amerikada da nəsə orijinal bir bayram qeyd olunacaq ayın 31-də? Xeyir, qərblilər adətlərinə xilaf çıxmadan növbəti mətbəx bayramı keçirəcəklər. Bu dəfə Milli Şampan şərabı gününü.

 

Pəncərə vergisi

İngilislərinsə bu günlə bağlı heç də xoş olmayan xatirəsi var. 1695-ci ilin 31 dekabrında İngiltərə Krallığında pəncərə vergisi tətbiq etməyə başlayıblar. Hər cür vergi boyunduruğu altında qalmış əhaliyə indi də pəncərə vergisi tətbiq edilməsi özbaşınalığın son həddi olub. Sən pəncərədən küşəyə boylandınsa, zəhmət çək, vergi ver. Məmurlar əllərində siyahı camaatın üstünə tökülüşüblər.

Boşuna pul itirmək istəməyən sadə insanlar qorxudan pəncərəyə yaxın durmasalar belə bunu məmurlara sübut edə bilmirdilər, “baxmısan” hökmü ilə pul ödəməyə məcbur edilirdilər. Naəlac qalan insanlar pəncərələrini kərpiclə hörməyə başladılar, yalnız bu yolla bu ədalətsiz vergidən yayınmaq mümkün oldu. Şəhərlər öz gözəlliklərini itirdilər, ölkəyə başdan-başa pəncərəsiz evlərlə zülmət çökdü.

Xalqa çox zülüm vermək də bir şey deyil.

 

Ad günləri

Çox məşhurların ad günlərindən danışarıq. Amma çox işlər görüb də adları gizlində qalanları tanımarıq. Odur ki, ad günləri siyahımız bir qədər fərqli olacaq.

Niyazi Səmədov. 1971-ci ildə professor elmi rütbəsini alan Niyazı Səmədov 1972-ci ildə Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü, 1979-cu ildə SSRİ EA Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü, 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. Niyazi Səmədovun Azərbaycan entomologiya, torpaq zoologiyası, biosenologiya və bitki mühafizəsinə dair aparılan elmi tədqiqat işlərinin təşkili və inkişafı sahəsində, həmçinin elmi kadrların hazırlanmasında böyük xidmətləri olub. Niyazi Səmədov tərəfindən Azərbaycanda 26 fəsiləyə mənsub 2900-dən çox böcək növü aşkar edilib, o, bunların da 30-unu zərərverici kimi ilk dəfə təsdiq edib. O, Azərbaycan Ensiklopedyası və Qırmızı Kitablarının müəlliflərindən biridir. Onun 8 əsəri Avstriya, İngiltərə, Almaniya, Fransa və Çexoslovakiyada çap olunub, rəhbərliyi altında yeddi elmlər doktoru, 40 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib. 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 1982- ci ildə “Şərəf nişanı” ordeni və səkkiz medalla təltif edilən Niyazi Səmədov 1989-cu il may ayının 23-də Bakıda vəfat edib, ruhu şad olsun.

Ələkbər  Süleymanov. 1962-ci ildə “Azərneft” Birliyinin rəisi, 1965-ci ildə Azərbaycan neft və qazçıxarma nazirinin birinci müavini, 1972-ci ildən “Xəzərdənizneft” Birliyinin, 1976-cı ildən 1978-ci ilə qədər “Xəzərdəniz neftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin baş direktoru, 1980-ci ildən ömrünün sonu­nadək “Dənizneftqazlayihə” İnstitutunun direktor müavini işləmiş Ələkbər Süleymanov “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə professor elmi rütbəsini daşıyıb. O, Xəzər dənizinin neft, qaz və qaz-kondensat yataqlarının işlənməsinin nəzəriyyə və təcrübəsinə böyük töhfələr verib, onun sayəsində çoxlaylı dəniz yataqlarının çoxlu məhsuldar horizontları, ayrı-ayrı tektonik sahə və blokları aşkar edilib. Onun iştirakı ilə həm quruda, həm də dənizdə bir çox böyük neftqaz yataqları – Günəşli, QumDəniz, Bahar, Sanqaçal-dəniz-Xara-Zirə, BullaDəniz, Qarabağlı, Kürsəngə, Muradxanlı, Cənub-1, Cənub-2 və s. açılıb. 1994-cü ildə “Əsrin müqaviləsi”nin hazırlanmasında və həyata keçirilməsində əməyi olub.

Görkəmli neftçi və alim “Şərəf nişanı” ordeninə, “Azərbaycan Respublikası Dövlət Mükafatı”na layiq görülüb, bir sıra medallarla təltif olunub. Ələkbər Süleymanov 2000-ci il iyulun 27-də vəfat edib, ruhu şad olsun.

Tamilla Musayeva. Azərbaycanda xalq təhsilinin inkişaf tarixinin elmi cəhətdən əsaslandırıl­mış dövrləşdirilməsi, onun əsas mər­hələlərinin müəyyən edilməsi, xalq təhsilinin yaranmasının spesifik xüsu­siyyətlərinin təhlili, xalqımızın keç­diyi tarixi yolun xüsusiyyətlərinin öyrənilməsi ilə Tamilla Musayeva Azərbay­can tarixşünaslığına dəyərli töhfə verib. O, həm də Azərbaycan Sovet Ensiklopediyasında nəşr olunmuş bir sıra məqalələrin müəllifidir, üçcildlik “Azərbaycan tarixi” kitabının müəllif­lərindən biridir, 2003- cü ildə nəşr olunmuş “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər” adlı əhəmiyyətli əsərin tərtibçi redaktoru və müəlliflərindən biridir.

Professor Tamilla Musayeva 1984-cü ildə “İnqilab və Azərbaycanda xalq təhsili” monoqrafiyasına görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülüb, 2005-ci ildə “Əməkdar elm xadimi” fəxri adını alıb. O, 2019-cu il yanvar ayının 24-də vəfat edib, ruhu şad olsun.

Ağalar Abbasbəyli. M.V.Lomonosov adına Moskva Dövlət Univer- sitetinin tələbəsi və aspirantı olmuş, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1988-ci ildə tarix və beynəlxalq münasibətlər istiqamətləri üzrə professor elmi rütbəsini almış alimimiz 1974-1976-cı illərdə xarici ölkələrdə Sovet səfirliyində müşavir, 1981-1988- ci illərdə Azərbaycan KP Bakı şəhər Partiya Komitəsinin katibi, Azərbaycan KP Təşviqat Komissiyasının sədr əvəzi vəzifələrində çalışıb, 1987-1988-ci illərdə Azərbaycan Respublikası Təhsil naziri olub, uzun müddət SSRİ Sülh Fondunun sədr müavini və Azərbaycan Respublikası Sülh Fondunun sədri olub, 550 məqalənin, 42 monoqrafiyanın, 55 dərslik və dərs vəsaitinin müəllifidir. 32 elmlər namizədi, 10 elmlər doktoru yetişdirib, o cümlədən Azərbaycan Respublikasında ilk dəfə siyasi elmlər istiqamətində 10 siyasi elmlər namizədi və 3 elmlər doktorunun elmi rəhbəri və məsləhətçisi olub, Beynəlxalq müna­sibətlər ixtisası üzrə 50 nəfər magistrin ərsəyə gəlməsində mühüm rol oynayıb. 1991-ci ildən BDU-nun Beynəlxalq münasibətlər kafedrasına rəhbərlik edir.

 

Qəti qərarlar günü

Və ən nəhayət, sonda təqvimə salınan daha bir bayram barədə söz açmaq istəyirəm. Bu gün həm də Qəti qərarlar günü qeyd olunur. Yeni il gəlir, həyatını dəyişmək üçün bu gün qəti qərar qəbul etməlisən. Yeni ili yeni əhval-ruhiyyədə, yeni ideyalarla, işgüzarlıqla başlamalısan. Uğur düstürü yalnız budur.

Hər kəsin ömründə 2023-cü ilin xoşbəxtliyə doğru dəyişikliklər ili olması arzusu ilə. Yeni iliniz mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(31.12.2022)

 

 

 

 

Tanınmış jurnalist, “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı (Göytürk) 2022-ci ildə Türk dünyasına göstərdiyi xidmətlərinə görə mükafata layiq görülüb. Aida Eyvazlı "Beynəlxalq Mahmud Kaşqari" mükafatı alıb. “Ədəbiyyat və incəaənət” portalı xəbər verir ki, bu gün Azərbaycan Yazıçılar Birliyində Mahmud Kaşqari adına Beynəlxalq Fondun rəhbəri Elxan Zal mükafatı sahibinə təqdim edib.

“Mən könlümü Ötükəndə daşlara verib gəlmişəm... Bu sevgim qanımdan, kökümdən canımdan gəlir... Mahmud Kaşqari kimi elə böyük bir dahinin adına olan mükafat almışam ki... O da Türk dünyasını addım-addım, kənd-kənd, oba-oba, oylaq-oylaq, aymak-aymak gəzdi-dolaşdı. Nə xoşbəxtəm ki, onun izi ilə az da olsa Türk dünyasını güzara çıxıb, nələrisə toplayıb, yazıb, tarixə əmanət qoydum. Əlbəttə, o böyüklərdən sonra yazmaq onların irsini, onların adını yaşatmaqdır”, - deyə jurnalist mükafatı almağın sevincini bölüşərkən qeyd edib.

Aida Eyvazlı “Azərbaycan gəncləri”, “Sosialist Sumqayıtı” qəzetlərilə əməkdaşlıq edib. 1985-90-cı illərdə Daşkənddəki Uluqbəy adına Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Ali təhsili bitirəndən sonra Azərbaycana qayıdaraq jurnalist fəaliyyəti göstərib. Onun ilk rəsmi iş yeri “Bakı” və “Baku” axşam qəzeti olub. “168 saat”, “7 gün”, “Panorama” qəzetlərində çalışıb, “Space” və “Lider” telekanallarında işləyib. Jurnalist bir neçə il Azərbaycan Dövlət Televiziyasının Özbəkistan və Mərkəzi Asiya respublikaları üzrə xüsusi müxbir postunun rəhbəri olub. Hazırda portalımızın əməkdaşıdır. Aida Eyvazlı 2016-cı ilin “Aprel döyüşləri” zamanı həlak olmuş şəhidlərimizin xatirəsinə həsr etdiyi “Qalibiyyət- şahidlər və şəhidlər” adlı iki cilddən ibarət kitabın müəllifidir.

“Ədəbiyyat və incəsənət”

(30.12.2022)

Günün fotosu: Yekaterinanın abidəsi Odessadan götürüldü

 

“Odessanın qurucularının abidəsi” - Odessasa rus imperatrisası II Yekaterina həkk edilmiş bu adda abidə götürülüb.

Müharibə başlayanda fəallar abidənin başına cəllad kolpakı keçirmişdilər.

Fotonun müəllif hüququ: OLEKSANDR GIMANOV / AFP

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2022)

 

“Ədəbiyyat və incəsənət” portalı “Oxucuların yaradıcılığı” rubrikasında Nailə Mirzəyevanın “Bir mahnı” adlı essesini təqdim edir. 

 

Coxdandi eşitdiyim bir mahnını təkrar eşitdim təsadüfən… Amma ilk dəfəydi ki, sözlərin fərqinə vardim.

 

Mən dəhşətə gəlmişəm, 

ondan tutulub dilim.

Sən ki, gənc qalmışdın yaddaşımda,

On yeddi yaşımda.

Mən qocalırdım, sənsə cavan idin xəyalımda. 

Uzun telli, ağ bədənli, incə belli.. 

 

Sanki bu sözlər silkələdi məni..  Ürkəkcə aynanın qarşısına keçdim, amma başımı qaldırıb baxmağa sanki cəsarət etmədim. Dərin bir ah çəkərək içimdəki maraq dolu qorxunu uzaqlaşdırdım özümdən və gözlərimi qaldırdım. Qarşımdakı mən gözəl idi…

Üstufca saçlarımı açdım, amma saçlar çiyinlərimi qucaqlamağa tələsmədi. Asta-asta dağıldı boynuma. Çöhrəmə, vücuduma baxdım. Əlimi hələ də şux qalmış yanaqlarıma çəkdim. Yoox, gözəl idim. Təravətli idim. Gənc idim. Amma nəsə vardı. Adını tapa bilmədiyim o nəsə nə idi, bilmirdim. 

Bütün vücudumu nəzərdın keçirdim tələsirmiş kimi. Birdən gözüm aynada mənə təəssüflə baxan o qadının istehzalı baxışlarına sataşdı. İlahi, o gözlərdə nələr var idi, nələr. Nə qasırğalar, nə xəyal qırıqlıqları, nə kədərlər, nə ümidsizliklər, nə acılar…

Çox baxa bilmədim bayagdan gözəlliyini hüceyrə-hüceyrə axtardığım bu qadının bir cüt gözünə. Baxışıyla bütün qəlbimi  dəlib parça-parça edirmişcəsinə sinəmə batan o gözlərə çox baxa bilmədim. 

Qəlbim yerindən cıxacaqmışcasına  döyüntüləriylə beynimə durmadan həyəcan  axıtdı.. Gözlər.. gözlər idi məhz dəyişən..

17 yaşındakı alışıb yanan, ümid haykıran, sevgiylə çağlayan o gözlər artiq elə baxmırdı… Özü yaşamadığı o həyat  ehtirasını yəqin elə bu üzdən ötürə də bilmirdi, ya da ötürmək istəmirdi gözlər.  

Bir zaman hamının heyranlıqla saçlarına  baxdığı  o qız sanki bu gün özünə acıqlanıb  tez saçlarını yiğdı. Özünü ələ almağa çalışdı. Yarim qalan bütün vədlər kimi o da bu aynadakı qadından uzaglaşmağa  çalışdı. Çevrilib gedərkən özünə təsəlli verməkdən qorxdu.. 

“41 yaş. Nədir ki. Ömrümün gözəl çağıdır. Yenə gözəl qadınam… Hər şey ki qaydasındadır. Mən elə o mənəm” deyə təkrarladı. 

Bu an aynadan bir gülüş səsi onu arxadan cağırdı sanki.. Gözlərini çəkmə, dön bir də bax deyə…

 

Soyuyub sən demə əllərin,

Sən demə qocalırmışsan sən də.

Şəhvətə gətirmir daha gözlərin.. Qocalmısan, gözəlim…

 

Mahnı dinlənilməkdəydi. Amma bu dəfə onun ruhunu yenə bilmirdi.

 

P.S. Ötən gün keçmişimdən gələn o yorğun, üzgün düşüncələrin burulğanına düşərkən yazdım bunları.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2022)

Cümə, 30 Dekabr 2022 17:30

AzTV köhnə ənənəni geri qaytarır

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Yeni illə bağlı köhnə ənənəni geri qaytarır. Bu ənənə hər yeni il gecəsində bir yeni teletamaşa təqdim etmək idi, xatırlayırsınızmı? QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən verilən məlumata görə, “Sabah” Yaradıcılıq Studiyası bayramla bağlı “Televizor” adlı film ərsəyə gətirib. 

 

Studiyanın bədii rəhbəri və filmin prodüseri Xalq artisti Ramiz Həsənoğlu bildirib ki, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Qatarda” və s. tamaşalar geniş auditoriya tərəfindən böyük rəğbətlə qarşılandığı üçün yenidən köhnə ənənəni geri qaytarmaq qərarına gəliblər. Onun sözlərinə görə, üç aya yaxın hazırlıq prosesi gedən film böyük maraq doğuracaq. 

Ekran əsərinin ssenarisi Xalq yazıçısı Elçinin “Gül dedi bülbülə” hekayəsinin motivləri əsasında yazılıb. Filmin quruluşçu rejissoru Sirac Mustafayev, quruluşçu operatoru Eldar Məmmədov, prodüseri Ramiz Həsənoğludur.

Qeyd edək ki, film 2023 cü il yanvarın 1-də saat 18:40-da AzTV-də yayımlanacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2022)

 

Budur, 2022-ci ilin son gecəsinə qədəm qoyuruq. Paytaxtımız növbəti bayramlara keçid edir. Hal-hazırda əməkdaşımız gecə

Bakısının bayram tərtibatını öz gözləri ilə görməkdədir. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri müvafiq hazırlıq tədbirləri həyata keçiriblər. Bu barədə əlaqədar qurumlar mediaya açıqlama da veriblər.

 

Artıq şəhərin parkları, meydan və küçələri bəzədilib, Yeni il atributları, işıqlı çilçıraqlar və digər bəzək vasitələri quraşdırılıb. Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dənizkənarı Milli Parkda Yeni il şənlikləri ilə əlaqədar hazırlıq işləri yekunlaşıb, hər iki bayram münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilib. Şəhərdə bayramın daha çox qeyd edildiyi məkanlarda - Fəvvarələr meydanı, Dənizkənarı Bulvar və İçərişəhərdə əvvəlki illərdən fərqli və geniş formada xüsusi proqram əsasında bayram hazırlıqları görülüb.

İlk öncə ondan başlayaq ki, Yeni il ərəfəsində şəhərin əksər meydan və parklarında şam ağacları quraşdırılıb və hazırlıq işləri görülüb.

Ənənəvi olaraq dekabrın 31-də Bakı Şəhər İcra Hakimiyyəti Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil edəcək.

Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi və 2023-cü il yanvarın ilk on günlüyünədək davam edəcək Yeni il şənlikləri paytaxt sakinlərinə və qonaqlara xoş ovqat bəxş edəcək.

Bulvar ərazisindəki ağac və işıq dirəkləri bayram ovqatında bəzədilib, Yeni ilin rəmzlərindən ibarət rəngarəng kompozisiyalar -bəzəklər və müxtəlif oyuncaqlar qurulub.

Bu il Neftçilər prospekti, Yusif Səfərov və Niyazi küçələrindən İstiqlaliyyət küçəsi və Azərbaycan prospektində də də bayram tərtibatı işləri aparılıb. “Azneft” dairəsində isə xüsusi və fərqli tərtibatla 20 metr hündürlüyündə olan şam ağacı kompleksi yaradılıb. Bayram tərtibatı işləri ictimai iaşə obyektlərini də əhatə edir

Bundan əlavə, artıq bir həftədir ki, uşaqların istirahətini yüksək səviyyədə təmin etmək məqsədilə Dənizkənarı Milli Parkın “Köhnə bulvar” ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunmağa başlanılıb. Dövlət Kukla Teatrının arxasındakı ərazi bayram ab-havasında bəzədilib, Yeni illə əlaqədar kompozisiyalar, o cümlədən çilçıraqlı xizəkli maral, retro maşın, oyuncaqlar, hava ilə doldurulmuş oyuncaqlar həmin ərazinin hüsnünə yeni bir gözəllik verir.

Nağıl qəhrəmanları Şaxta baba və Qar qız, Santa Klaus, nağıl və cizgi filmi qəhrəmanlarının obrazlarında animatorlar - Harri Potter, Malefisenta, “Ələddindən” Cəfər, Qrinç, Çəkməli pişik, Cek Sərçə, Panda, Sonik, “Alisa möcüzələr ölkəsindən” Dəli Dovşan, “Su pərisindən” Ursula və eyni zamanda, transformer-robotlar uşaqlara bayram sevinci bəxş edəcək.

Bununla yanaşı, uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün diskoteka, tamaşalar, konsert, atəşfəşanlıq, illüminasiya (işıq) və alov şousu da təşkil olunacaq. Milli Parkı ziyarət edən uşaqların əyləncəsinə rəngarənglik qatmaq məqsədilə üzlərinin boyanması - face art da nəzərdə tutulub.

Yeni iliniz mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2022)

Budur, artıq yekun çıxarmaq zamanı gəlib. Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

 

Köhnə Citroen 2 CV avtomobilindən tamaşaçı “Tur de Frans” veloyürüşünü izləyir. 2 iyul, 2022-ci il. 

Foto: Daniel Cole/AP Photo

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.