
Super User
Türkiyəli aktyor siyahıda 1-ci oldu
Türkiyəli aktyor Can Yaman "IMDb Starmetre"də (kinematoqraf haqqında dünyada mövcud olan ən nəhəng göstəricilər bazası) ilk sırada yer alıb.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, siyahıda ikinci yerdə isə "Sen çal kapımı" serialında birgə rol alan Kərəm Bürsinlə keçmiş sevgilisi aktrisa Hande Erçel qərarlaşıb.
İlk onluqda Demet Özdəmir, Kıvanç Tatlıtuğ, Tuba Büyüküstün, Hazar Ergüçlü, Pınar Dəniz, Hazal Kaya və Ayça Ayşin Turan kimi məşhur aktyorlar da var.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
“Ay sizi xoş gördük, Fantomas məllim”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
MƏMMƏDSADIQ NURİYEV
(1919-1975)
***
Kinorejissor Arif Babayev məni “Uşaqlığın son gecəsi” filminə Davud roluna çəkəndən sonra küçədə-bayırda uşaqlar, cavanlar məni görən kimi “Fantomas” deyirdilər. Buna artıq öyrəşmişdim.
Bir dəfə Bayıl tərəfə getmək üçün MUM (mərkəzi univermaq) tərəfdə avtobusa mindim. Ön qapıdan qalxdığım üçün sürücü məni görəndə sevincək:
– Ay sizi xoş gördük, Fantomas məllim. Nə var nə yox? – deyib, xəbər aldı. Alışqan idim, dilucu təşəkkür etdim:
– Xoş gününü görək. Sağlıqdır, çox sağ ol, – deyib, arxaya çəkildim.
Məni gərən kimi avtobusa pıçhapıç düşdü. Bir qədər basabas idi. “Azneft” meydanına çatanda yaşlı bir qadın əlini mehribanlıqla çiynimə toxundurub:
– Fantomas, oğlum, yol ver düşüm, – dedi.
Geri çəkilib qadına yol verdim. Sonra özüm də avtobusdan düşüb Bayıla qədər piyada getdim. Özü-özümə fikirləşirdim: “Məncə elə sənətə verilən dəyər budur…”
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
“Qoca qırışlar kimi, beli bükülən, ömür,” –Nigar Arifin şeirləri
Yola salmaqda olduğumuz ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Nigar Arif ( Ağalarova İlqar qızı)
1993-cü il 20 yanvarda Mingəçevir şəhərində anadan olub.
2003-2009- cu illərdə Mingəçevir şəhər Üzeyr Hacıbəyov adına 3 saylı “Uşaq Musiqi Məktəbi”ndə piano üzrə təhsil alıb.
2010-2014- cü illərdə ADPU- nun filologiya fakultəsində “ingilis dili müəllimliyi” üzrə təhsil alıb.
2016–2018- ci illərdə fəaliyyət göstərən Azərbaycan YazıçılarBirliyi və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "Gənc Ədiblər Məktəbi"nin məzunudur.
2017-ci ildən “Dünya Gənc Türk Yazarlar Birliyi”nin üzvüdür.
2020- ci ildən Mərakeşdə “Beynəlxalq İnsanlıq və Yaradıcılıq Forum”unun üzvüdür. Dünyada sülhün təminatında yaradıcılıq xidmətlərinə görə bu forum tərəfindən 2022-ci ildə “Dünyanın ən yaxşı medalı”na layiq görülüb.
2021-ci ildən Özbəkistanda “Orta Asiya Yazarlar Birliyi”nin üzvüdür. Həmçinin bu birlik tərəfindən ‘Yangi Ovoz” ordeni ilə təltif olunub.
2022-ci ildən Çində “CHINA POETRY CIRCLE” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. Çin festivalında “Mükəmməl Gənc Yazar “ adına layiq görülüb.
2022-ci ildən Qırğızıstanda “Beynəlxalq Yazarlar Birliyi”nin üzvüdür.
2019-cu ildə Bakıda ədəbiyyat üzrə IV LİFT Festivallar Festivalının, 2020- ci ildə Kolumbiyada keçirilən məşhur “Medelyin Dünya Şeir Festivalı”nın iştirakçısı, eləcə də Hindistan, Çin, İtaliya üzrə bir çox dünya şeir festivalları və layihələrinin iştirakçısı olub, mükafat və sertifikatlarla təltif edilib. Şeirlərindən bəziləri türk, rus, ingilis, ispan, ərəb, fars, çin, hind, portuqal, italyan, urdu kimi dillərinə tərcümə edilərək dünyanın bir çox ölkələrində dərc olunub, “ Barış” şeirinə İtalyada mahnı bəstələnib.
Həqiqətən də xanım yazarların şeirləri daha səmimi, daha kövrək, daha duyğusal olur. Yalnız onlar deyə bilərlər ki, div boyda arzuların cırtdan ayaqları var...
Gecikmiş görüş
Bax belədir, əzizim,
Yol uzundur, zaman dar,
Hardan biləydik axı
Div boyda arzuların
cırtdan ayaqları var...
Xəyallar qura-qura
Ağlımız kəsmədi heç
arzular da gecikər,
birdən bizə çatammaz.
Bir gün şirin yuxular
daha yalan satammaz...
Böyüməyə tələsdik
uşaqlıq dura-dura
Nə gənclik yaşadıq ki,
özümüzü o dağdan
bu daşa vura-vura...
Bir vaxt fil qulağında,
oyandıq qəh-qəhəylə,
Elə bil dan söküldü
əlimizdə qədəhlə...
Boylandı arxamızca
yük dolu karusellər,
Gülümsədi uzaqdan,
Londonlar, Brüsellər...
Öyrəşdik uçaqlara,
Kim nə deyə bilər ki,
indi bu qoçaqlara?
Gəzdik bütün dünyanı,
Nə sən bezdin, nə də mən
O cırtdan ayaqların
ümidindən yapışdıq,
Gec olsa da neyləyək
əsas odur,ölmədik,
evvəl-axır tapışdıq...
Bəstəsi mən, sözü sən
Bir dənizə dönmüşəm,
Ləpəsi sətir-sətir.
Dalğaların altında,
Balıqlar yallı gedir.
Bir dənizə dönmüşəm,
Şeirimin sahilində.
Kövrəlib sərt qayalar,
Günəş tutur əlindən.
Bir dənizə dönmüşəm,
Göyün üzünə qaçır.
Gəmi boyda arzular,
Sinəmdə yelkən açır.
Bir dənizə dönmüşəm,
Dəniz bəbəklərində.
Çaxılıram daş-qaşa,
İncə biləklərində.
Bir dənizə dönmüşəm,
Saçları yosun-yosun.
Zaman dodaqlarında,
Dincəlir uzun-uzun.
Bir dənizə dönmüşəm,
Bu dənizin özü sən.
Oxuduğu nəğmənin,
Bəstəsi mən, sözü sən.
İçimdəki səs
Bir səs gəlsə uzaqdan,
çağırsa gedənləri...
Axtarıb tapsa bir-bir
gözümdən itənləri,
qəlbimdə susanları,
dilimdə bitənləri...
Bir səs gəlsə uzaqdan,
Gəlsə, lap yaxın olsa...
İllərin dostu kimi,
Könül yoldaşı kimi
Keçmiş qayğılarımdan
Təzə qayğılaradək
gəlib dadıma çatsa,
əl tutsa bacım kimi,
Əlim çatmayanlara,
uzansa ümidlərin
boyu qardaşım kimi,
Bir səs gəlsə uzaqdan,
Gəlsə, lap yaxın olsa,
Evimdə-eşiyimdə,
Xoş günlər keşiyində,
dayansa atam kimi.
Arzular beşiyimdə
həzin bir layla çalsa,
oxusa anam kimi...
Bir səs gəlsə uzaqdan,
gedənləri çağırsa,
Gedənlər eşitməsə,
gedənlər qayıtmasa,
Bu səs məni də alıb,
kaş özüylə aparsa...
Sən də mənim kimisən
Kaşlardan corab hördün,
günlərimin başına,
Bir ayağın ilişib
bəlkələrin daşına,
Gözlərimdən, əllərimdən sürüşüb,
vərəqlərin üstünə
söz-söz tökülən ömür..,
Ovcumun içində
qoca qırışlar kimi,
beli bükülən, ömür,
Sən də mənim kimisən...
sən də mənim kimisən,
Bir az cılız, balaca,
Əynimə geyindiyim,
bu köhnə pencəyimdə,
düymələrin yerindən
yersiz sökülən, ömür..,
Eh... Daha bir-birimizə
dar gəlirik dəyəsən,
Əl dayayıb ağaca,
dincəlmək istəyirsən,
Duz olub dizlərimə,
vaxtsız çəkilən ömür...
Ciblərimdə gizlənən,
beş qəpiklər kimisən,
Beş qəpik qalan, ömür,
Əlim sənlə doludu,
Saydım qəpiklərimi,
bir çörəyin puludu...
Indi sol yanımda
dərin bir nəfəs dərib,
az əvvəl yandırdığın siqaretin közünü
ayağınla əzirsən...
Dodağın yana qaçır,
Gülməkdən çox elə bil,
gülüşündən bezirsən,
başı dikələn ömür,
Bilirəm, düşünürsən:
"buna da şükür",
buna da şükür...
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
Bakı Şəhər Mədəniyyət Baş idarəsi qalibləri mükafatlandırıb
Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilirdi. Budur, müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Baş İdarəyə istinadən xəbər verir ki, təltifolunma mərasimində Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin rayonlar üzrə təşkil olunmuş final mərhələsində fərqlənən qalib və iştirakçılar Baş İdarənin diplom, fəxri fərman, eləcə də hədiyyələri ilə mükafatlandırılıblar. Münsiflər heyətinin ümumi qərarına əsasən müsabiqənin qalibləri Hüseyn Cavid yaradıcılığından parçalarla çıxış ediblər.
Hüseyn Cavidin yaradıcılığına və onun sürgün həyatına həsr olunmuş videoçarxların nümayişi, kitab sərgisi tədbirə əlavə rəng qatıb.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
2022-ci ilin ən yaxşı filmləri və serialları
Kinoindustriyanın nəhəngi sayılan “Netflix” yayım platforması həqiqətən də kinoda dəbi diqtə edir. Odur ki, bu platformanın sifariş etdiyi kinematoqraf məhsulları daim ən tələbedilən sayılır.
Budur, “Netflix” 2022-ci il üçün ən uğurlu film və serialların reytinqini açıqlayıb. “Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən bu reytinqi sizin diqqətinizə çatdırır.
İngilis dilində ən çox baxılan bədii filmlərin siyahısında ilk beşliyin vəziyyəti belədir:
1.Kris Evans və Rayan Qoslinqin baş rollarda çəkildikləri “The Grey Man” filmi. Yayımlandığı ilk üç həftədə film 253,87 milyon saat izlənilib.
2. “The Adam Project” (233,16 milyon saat), 3. “Purple Hearts” (228,69 milyon saat),
4.”Hustle” (198,31 milyon saat)
5.”The Tinder Swindler” (172,13 milyon saat)
Ən yaxşı teleseriallar reytinqində isə liderlər beşliyi aşağıdakı kimidir:
1.Daffer qardaşlarının “Stranger Things” filmi premyeradan sonra 28 gün ərzində dördüncü mövsüm 1,35 milyard saatdan çox baxış toplayıb.
2.”Wednesday” (1,237 milyard saat), 3.“Monster: The Jeffrey Dahmer Story” (856,22 milyon),
4.”Bridgerton” serialının ikinci sezonu (656,26 milyon)
5.”Inventing Anna” (511,92 milyon).
Şəkildə: “The Grey Man” filmindən kadr
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
Türk teatrının ilk tamaşası Azərbaycan dramı olub
Türkiyə ədəbiyyatında parlayan Avrasiya Yazarlar Birliyi maraqlı bir eksperiment edərək Birliyinin Teatrını yaradıb. Və bu günlərdə Teatr öz pərdələrini açıb.
“Ədəbiyyat və incəsənət” portalı Birliyin başqanı Yaqub Öməroğluya istinadən xəbər verir ki, ilk tamaşa Azərbaycandan seçilib. Əbdürrəhim bəy Haqverdiyevin “Həyalət” dramı. Tamaşa görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin 210 illiyinə həsr edilib.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
Riçard Brenson. «Çılpaq biznes» - Uğur yolunu göstərən ən yaxşı kitablar
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.
Əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luqdakı kitablara bir-bir şərh verəcəyəm.
Riçard Brenson. «Çılpaq biznes»
Tanınmış ingilis biznesmeni, Virgin kompaniyasının sahibi Ser titullu Riçard Brensonun bu kitabı öz biznesinin yaranma tarixinə və onun idarə olunması xüsusiyyətlərinə həsr olunub.
Burada uğura gedən yol hər bir səhvlərlə, nöqsanlarla birgə göstərilib. Kitabın ən dəyərli məziyyəti isə odur ki, o, Ser Riçardın gündəlikləri əsasında yaranıb. Müəllif gündəliklərini necə var, o cür də, bəzək-düzəksiz və ixtisarsız kitab halına gətirərək molyonların ixtiyarına buraxıb. Onun kitabdakı qiymətli sitatları isə beyinlərə çox rahat həkk olunur.
- Ehtiyatlı olmaq vacibdir, amma astagəl olmaq təhlükəlidir.
- Hər şeyi mürəkkəbləşdirmək cəhdi sizin düşməninizdir. Mürəkkəb bir situasiya yaratmağı hamı bacarır. Amma sadə bir şey etmək çox çətindir.
- Ən nəhəng brend olmaq cəhdi mənasızdır. Daha vacibi ən hörmətedilən brend olmaqdır.
- Pul müvəffəqiyyətin pis göstəricisidir. Ondan pisi yalnız şöhrətdir.
- Əsl liderlik keyfiyyəti odur ki, rahat və aydın şəkildə izah edə biləsən ki, nə səbəbə bu və ya digər qərarı qəbul etmisən.
- Bir dəfə sizi tapmış uğur bütün ömrünüz boyu sizi yemləyə bilməz.
- Mənəviyyat – biznesdə heç də boş səda deyil. Onda bütün əsas mənalar var.
- Mənim can atdığım ən vacib şey kiməsə verdiyim sözün üstündə dura bilməyimdir.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
Günün fotosu: İsraildən Mərakeşə minnətdarlıq
Günün fotosu: İsraildən Mərakeşə minnətdarlıq
İsrail prezidenti İshak Hersoq Mərakeş kralı 6-cı Məhəmmədə şəxsi məktub yazaraq 2-ci Dünya Müharibəsi zamanı yəhudiləri xolokostdan xilas edərək sığınacaq vermiş Mərakeş krallığına minnətdarlıq bildirmişdir.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
“Həsənağanın qohumu” - Yunus Oğuzun felyetonu
Bir sıra insanlar var ki, dili ilə, geyimilə iş aşırırlar, qaz vurub qazan doldururlar. Xüsusən də vəzifəli və hörmətli (yəni xalq şairi, yazıçısı, bədəbəddə əməkdar, doktor və akademik) adamların yas yerində özlərini elə aparırlar ki, elə bil ölü yerinin bütün xərc-bacını bu adam çəkib. Yasda belələri elə vay-şüvən qoparırlar ki, ölü sahibi ölüsünə ağlamağı kəsib, ləzzətlə bu istedad sahibinə paxıllıq hissilə baxır, qibtə edir.
Düşünür ki, yəqin mərhumla köhnə cici-bacıdırlar. Beləsinin hökmən məqsədi olur. Foyedə, ya da çadırın ağzında durub gələni qarşılayır, əyləşdirir, gedəni isə havadan asılı olmayaraq maşınına qədər yola salır, qapını açıb rahat yerə əyləşdirəndə bircə kəlmə də deyir; "Mən Həsənağanın qohumu Səmədağayam".
Beləsilə bir-iki dəfə də mən rastlaşmışam. Nazirlikdə təzəcə işə düzəlmişdim. Dostum nazir təyin olunanda məni də yanına çağırdı ki, bəs səni müavin qoyuram, amma bir şərtim var, - dedi.
- Buyur, nə şərtdir söylə, canla, başla yerinə yetirərəm, - dedim.
O müqəddəs kitabı çıxardıb söhbətinə davam etdi:
- And iç bu müqəddəs kitaba ki, rüşvət almayacaqsan, verdiyim paketlə kifayətlənəcəksən.
Mən də and içib aparatın rəhbəri oldum.
Əvvəllər paketi vaxtlı-vaxtında alırdıq. Sonra necə oldusa ortadan paket yığışdı, biz də qaldıq quru yurdda. Əvvəl necə işləyirdiksə, indi ondan da yaxşı işləyirdik. Sən demə belə işləmək olarmış. Həm də kişiyə söz vermişdim, axı! İndi yanımıza gələnin birini də geri qaytarmırıq. Hamısını xoş-beşlə qarşılayıb, "xoş getdin" lə yola salırıq. Lap Qorbaçovun "yenidənqurmasına" dönmüşük. Şikayətçi yanında quzu balasına dönmüşük. Şikayətçi məmurun zəhmini görməsə hər mənada ona hörməti olmaz! Beləyik də: üz göstərəndə deyirlər öz eşşəyimizdir, zəhmimizi görəndə isə xalq deyir ki, əclafdır, alandır, daha nə bilim, nə...
Əlqərəz, aşağıdan zəng gəldi ki, bəs Həsənağanın qohumu gəlib. Barmağımı dişlədim ki, bu olsa-olsa Səmədağa olacaq. Dedim gəlsin.
İçəri bazburutlu, gözəl kostyum, qalstuk geyinmiş orta boylu birisi girdi. Tanımasa idim, deyərdim bu da hansısa nazirin birinci müavinidir.
Məhrəm adamlar kimi mənimlə març-murç öpüşdü. Təklifimi gözləmədən stulu çəkib ərklə iri yançaqlarını onun üstünə qoydu:
- Həsənağa sənə salam göndərdi. Balam, yanında yaman hörmətin varmış, deyir gərək lap yuxarılarda onun adını bir - iki dəfə çəkim, bəlkə lazımı oldu.
Dil - ağız elədim;
- Nə zəhmət çəkib, - məzələnmək damarım tutdu. Onsuz da paket vermirlər, verməsinlər. Məzələnməyi də əlimizdən almayacaqlar ki? - Xəbər eləsəydin özüm yanınıza təşrif gətirərdim. Zəhmət çəkmisiniz. Bir halda ki, gəlmisiz, deməli səbəbsiz deyil.
Səmədağa qürurlandı, həm də şəstlə basıb oturduğu yançağı ilə qurcalandı. Stul da bu qurcalanmadan cırıldadı.
- Əşi, elə bir iş deyil, - dedi, - Beçə - nökərçəniz Hüseynağanın balaca bir işi var. Fikirləşdim bu balaca işə görə Həsənağanı işindən -gücündən eləməyim. Onun hörmətini sən saxlayan yerdə o boyda kişini dövlət işindən ayırmayım.
Yenə məzələnmək istəyəndə telefon zəngi çalındı. Bilirdim katibəmdir, çünki ona demişdim ki, bu kişi içəri girib çıxana qədər hər on dəqiqədən bir zəng elə. Dəstəyi qaldırıb bir an susdum, guya qulaq asırdım, sonra "yaxşı" deyib onu yerinə qoyaraq sual verdim.
- Hə müəllim, nə işi idi?
- Heç xırda işdi. Deyirəm, bu beçə-nökərçəni evləndirmək istəyirəm, ona qaçqınlar üçün tikilən evlərdən bir mənzil təşkil edərdiniz.
- Sağ əlinin üç barmağını gözümün qabağında sürtdü. - Hörməti nədir, eləyəcəm.
- Əşi, nə danışırsan? Ortada Həsənağa var, - yenə məzələndim, hörmət, zad nədir. Ayıb olar. -Baş üstə, - Əlimi günlük elədiyim gözümün üstündən çəkib soruşdum: - Həsənağa indi hardadır?
Sualı gözləyirmiş kimi baş barmağın yuxarı qaldırıb hərbi sirr açırmış kimi dilləndi:
- Hələ ordadır.
- Lap yaxşı. - dedim. Xırda məsələdir, həll edərik. Sənədləri hazırlasın, gətirsin. Daha nə qaldı?
Səmədağa elə bil bostan mövsümünün axarına özünü çatdırmışdı. Nə verirdilər, havayı götürürdü.
- Bir balaca da o biri beçə -nökərçən Mirağanın qaçqın maşınına ehtiyacı var. Dərsə maşınla gedib-gəlsin deyirəm. Anası Cənnətağanın da könlü şad olar. Arvadın ağzı dualıdır, həm də Həsənağa bu xırda problemlərdən qurtular.
İstədim soruşam ki, sizin bütün nəsliniz ağadır? Hamı sizə işləyir? Amma telefon zəngi yenə şaqqıldayıb sualımı ürəyimdə qoydu. Dərhal dəstəyi qaldırdım. Bir anlığa üzümə "qara rəng" sürtüb "ola bilməz", "yaxşı" deyib dəstəyi yerinə qoydum. Kişinin düz gözlərinin içinə baxıb ağır-ağır dilləndim:
- Ağsaqqalı, Həsənağa müəllimi işdən çıxardıblar.
Kişinin görkəmi gözümün qabağında dəyişib islanmış cücəyə döndü. Ağır-ağır ayağa duranda soruşurdu:
- Bəs xahişim necə olsun?
Ötkəm səslə dilləndim:
-Həsənağa yoxdursa, xahiş də yoxdur...
Amma, bilirdim ki, onun baş barmağını qaldırıb yuxarıları göstərdiyi yerdə heç vaxt Həsənağa olmayıb.
Məzən olsun, Səmədağa!
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
Elmira Axundova, “Zərifə və Heydər Əliyevlər – Əbədiyyətə bərabər sevgi”
Bakı Kitab Mərkəzində Azərbaycanın Ukraynadakı səfiri, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyyətə bərabər sevgi” kitabının təqdimat mərasimi keçirilib.
“Şərq-Qərb” nəşriyyatında buraxılan nəfis tərtibatlı kitabda müəllif öz qəhrəmanlarının uşaqlıq və gənclikdən kamil yaşlarınadək olan həyat yolundan danışır, iki görkəmli xadimi bağlayan tellərdən, uşaqlarını tərbiyə etmələrindən, Zərifə xanım və Heydər Əliyevlərin payına düşən həyat sınaqlarından söhbət açır. Müəllifin sözlərinə görə, o, qəhrəmanını qeyri-rəsmi tərəfdən göstərmək istəyib. Zəngin illüstrasiyalı kitabda baş qəhrəmanların yaxınlarının və doğmalarının xatirələri toplanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, diplomat və ictimai xadim Həsən Həsənov, sənətşünas Nigar Axundova, Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatı Jalə Əliyeva iştirak və çıxış ediblər, onlar çıxışlarında Heydər və Zərifə Əliyevlər haqqında xatirələrini bölüşüb, onların münasibətlərində çox gözəl harmoniyadan danışıblar.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Azər Zeynalov və beynəlxalq müsabiqələrin laureatı, vokalçı İslamə Abdullayeva çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)