
Super User
“Ermənilər Azərbaycan torpaqlarına köçürüləndən sonra aborogen əhalinin mədəniyyət abidələrini dağıtmağa başladılar…”
Miraslan Bəkirli yazır
“İndi “Ermənistan” adlandırılan Qərbi Azərbaycan ərazisində yüz illər boyu həyata keçirilən soyqırımı siyasətində təkcə insanlar vəhşiliklə öldürülməyib, qovulmayıb, ədalətsiz sürgünlərə, deportasiyalara, repressiyalara məruz qalmayıb, yüz, min illərlə babalarımızın o torpaqlarda yaratdıqları tarixi abidələr, adət-ənənələr, urf adətlər də vandalizmə məruz qalıb.
Prezident İlham Əliyev Qərbi Azərbaycanın bir qrup ziyalıları ilə görüşündə vurğulayıb: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər”. Bəli, ermənilər tarixi Azərbaycan torpağına köçürüləndən sonra yerləşdikləri ərazilərdə tarixi abidələrimizi ya yerlə yeksan ediliblər, ya da həyasızcasına dəyişdirib, erməniləşdirməyə çalışıblar. Tarixi və tarixi abidələri saxtalaşdırmaqla dünya ictimaiyyətini inandırmağa çalışıblar ki, bura “qədim Ermənistan” torpağıdır. Amma gerçəkliyi tarixin səhifələrindən silmək mümkün deyil. Tarix səhnəsində saxtakarlıq bir qərinə, əlli, yüz il durum gətirə bilər, necə ki, daşnakar sovet təbliğat maşını vasitəsilə yüz ildən çoxdur, erməni yalanları ilə “Böyük Ermənistan” xülyası yaratmışdılar. Amma heç vaxt yalanın sonu olmur.
Əsrlərin sınağından keçən millətlərin, xalqların tarixi pasportu onların zaman-zaman yaratdıqları abidələr, yer-yurd adlarıdır. Təsadüfi deyil, ermənilər də Azərbaycan torpaqlarına köçürüləndən sonra aborogen əhalinin mədəniyyət abidələrini dağıtmağa başlayıblar ki, sabahkı yalanlarının üstü açılmasın. Toponimləri, oykonimləri, hidronimləri ya ermənicəyə tərcümə etdilər, ya da erməniləşdirdilər. Bu proses Ağbabadan Zəngəzura, İrəvandan Göyçəyə qədər – bütün “ermənistan” adlandırılan bizim dədə-baba torpaqlarımızda həyata keçirilib.
Qərbi Azərbaycanın şimalında ucqar dağ kəndi Cücəkənddə (Sovet dönəmində Qızıl Şəfəq adlandırılıb), bizim evimizin arxasındakı Bala Təpə deyilən yerdə qədim bir tikili vardı – alban abidəsi. Kənd ziyalıları İrəvana məktub yazdılar ki, bu tarixi abidəni araşdırsınlar. Az sonra bir qrup erməni tədqiqatçıları gəlib şəkillər çəkdilər, ölçüb-biçdilər və getdilər. Az sonra həmin tarixi abidəni söküb daşlarını yeni tikilən kolxoz tövlələrinin divarlarına hördülər. Ötən əsrin 80-ci illərində o divarlarda olan qədim yazılardan birini və daşüstü bir rəsmi AMEA-ya göndərdim. Az sonra akademiyadan mütəxəssis gəldi, o əraziləri gəzib-dolandıq, başqa belə abidə tapa bilmədik. Qonşu Soyuqbulaq kəndinin yaxınlığında kəndin müəllimləri təsadüfən qayaüstü rəsmləri aşkar edib şəklini çəkmişdilər. Bu qayaüstü rəsmlər Orxon-Yenisey, Gəmiqaya abidələrinin əkiz qardaşlarıdı. Şahnəzər, İmir, Qurdqala, Qızqala, Sarıyal, Qaraisə, Qaraqala kəndlərinin ərazisində, həmçinin Loru-Pəmbək ərazisində onlarla belə daşüstü yazılara rast gəlinirdi. Dərələyəzdə, İrəvanda və İrəvan ətrafında, Zəngəzurda – Qərbi Azərbaycanın bütün bölgələrində minlərlə belə qayaüstü rəsmlər, alban kilsələri, zaviyələr, ziyarətgahlar, qədim Oğuz qəbirləri, at, qoç heykəlləri vardı.
Mən uzun müddət AzTV-də o bölgələrlə bağlı verilişlər hazırlayırdım. Bir dəfə tarixçi mərhum Məşədixanım Nemətovanı danışdırdım. O, Zəngəzur və Dərələyəz bölgələrindəki tarixi abidələri öz gözləri ilə görmüş, erməni-rus təzyiqlərinə məruz qalsa da, tarixi həqiqətləri ortaya qoymağa çalışmışdı. Dərələyəzdəki Əxi-Təvəkkül zaviyəsi abidəsinin ilkin variantını göstərdi, sonra ermənilərin ora xaç çəkdikləri variantını göstərmişdi. Yəni, onlar bizim baba əmanəti olan yurdlarımızı yox, həm də tarixi abidələrimizi viran qoydular.
Qərbi Azərbaycanla bağlı bütün sahələrdə uzun müddət tədqiqat işləri aparıb. Təsadüfi deyil ki, indi də Qərbi Azərbaycan İcmasına rəhbərlik edən alim Əziz Ələkbərli Qərbi Azərbaycanda olan tarixi abidələr haqqında çox dəyərli tədqiqat əsərləri ərsəyə gətirib. Onlardan biri də “Qərbi Azərbaycan abidələri”dir və bu əsər müxtəlif dillərə tərcümə edilib.
Bu gün hər bir ziyalımız məlum Qərbi Azərbaycan, İrəvan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni etməlidirlər. XX əsrdə erməni lobbisi və diasporu sözün əsl mənasında tüğyan elədi – bütün dünyaya erməni yalanlarını “sırıdı”. İndi bizim, biz ziyalıların və əlində səlahiyyət, imkanı olan vətəndaşların ümdə vəzifəsi tarixi gerçəklikləri ortaya qoyub, erməni yalanlarını ifşa etməkdir. XX əsr Qafqaz türkləri və onların maddi-mənəvi irsi üçün faciələr əsri olsa da, XXI əsr itirdiklərimizi qaytarmaq və özümüzə, yurdlarımıza qayıtmaq əsridir. Bu gün Qərbi Azərbaycan ərazilərdəki qəbirlərimiz, ziyarətgahlarımız və tarixi abidələrimiz fəryad edir ki, qurtarın bizi bu vandalların əlindən. Ermənilər yerüstü abidələri məhv etsələr də, ora dönəndən sonra özümüz, öz alimlərimiz yeraltı abidələri araşdıracaq, o baba əmanətlərinə yeni həyat verəcəklər. Şuşadan sonra bizim növbəti dönüş yurdlarımız Göyçədir, Dərələyəzdir, İrəvandır.
Şəkildə: tarixin yaddaşına köçürülmüş İrəvan Göy Məscidi
“Ədəbiyyat və incəsənət”
(28.12.2022)
“The Witcher” Netflix-in tarixidəki ən pis serialı imiş
“The Witcher” (“Cadugər”) serialının prikveli “Netflix” tarixindəki ən pis serial sayılıb.
Bu “Rotten Tomatoes”da izləyicilərin reytinqindən məlum olub.
Belə ki, “Watch The Witcher: Blood Origin” serialı izləyicilərdən yalnız 8 faiz müsbət rəy alıb. Bu barədə “Ədəbiyyat və incəsənət”
Lenta.ru-ya istinadən xəbər verir.
Şərhçilər serialın darıxdırıcı süjetini, zəif dialoqu və keyfiyyətsiz xüsusi effektləri qeyd ediblər. İstifadəçilər həmçinin aktyorluğu aşağı qiymətləndirib və şounun yaradıcılarını bacarıqsızlıqda ittiham ediblər. Onların fikrincə, prikvel baş rolda Henry Kavilllə olan “The Witcher” teleserialından əhəmiyyətli dərəcədə geri qalır.
“The Witcher” prikveli Mişel Yeo, Nathaniel Certis, Lenni Henry, Dilan Moran, Ceykob Kollins-Levi və başqalarının rol aldığı mini serialdır. Filmin premyerası dekabrın 25-də baş tutub. Yeni layihə orijinal seriyada təsvir olunan hadisələrdən 1,2 min il əvvəl baş verənlərdən bəhs edir.
“Ədəbiyyat və incəsənət”
(28.12.2022)
Gözəlliyə xələl gətirən şəxslər cəzalandırılıb
Təbiəti qorumaq hər kəsin borcudur, bu bir mədəniyyətdir. Amma çox təəssüf ki, bəzən bu mədəniyyəti gödəniyyətə qurban verənlər də tapılır.
Kriminal xronikada brokonyerlik fəaliyyəti də ara-sıra yer almaqdadır. Ötən gün Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Və araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Hünər Salamov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Sabirabad rayon sakinləri Səlvər Mirəliyev, Yaşar Əsədov, Cəlilabad rayon sakinləri Samir Əsgərov və Dadaş Kazımov da saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Ana təbiətə qəsd davam edir. Amma qanun qarşısında cavab vermək reallığı da mövcuddur.
“Ədəbiyyat və incəsənət”
(28.12.2022)
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Sabirabadda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli tərəfindən 26 yanvar 2023-cü il tarixində saat 10:00-da Sabirabad şəhər Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 95) Sabirabad, Şirvan şəhərlərindən və Saatlı, Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 21 yanvar 2023-cü il tarixinə qədər Nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(28.12.2022)
Fərhad Bədəlbəylinin 75 illiyi BMA-da da qeyd olunub
Dünyaşöhrətli pianoçu, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin 75 illik yubileyi bu dəfə onun doğma ocağında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) təntənəli şəkildə qeyd olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yubilyara təbrik mətni, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunması barədə sərəncamı oxunduqdan sonra təbriklər səslənib.
Xalq artisti, professor Yeganə Axundova, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, prorektor Tahir Fərəcov, Xalq artisti Xuraman Qasımova, Xalq artisti Roza Cəlilova və Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov yubilyarı təbrik ediblər.
Sonra tədbirin musiqi hissəsi başlayıb.
Akademiyanın Nəfəs və zərb alətləri kafedrasının tələbə orkestri (bədii rəhbər Əməkdar incəsənət xadimi Rüfət Axundzadə), Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestri, Xalq artisti Mənsum İbrahimov, yubilyarın piano sinfinin yetirmələri gözəl musiqi səsləndiriblər.
Sonra səhnəyə dəvət olunan Yubilyar Azərbaycan Dövlət Akademik Filarmoniyasının müdiri Murad Adıgözəlzadə ilə birgə gözəl bir duet canlandırıblar.
“Ədəbiyyat və incəsənət”
(28.12.2022)
Əkrəm Əylislinin "Yazıçı" nəşriyyatı gənclərin "papka"larını qoltuğuna verib yola salan bir dövrdə...
Məhz o dövrdə şair Əlizadə Nuri də ədəbiyyata gəlmişdi...
Sevilən şairimiz Əlizadə Nurinin bu gün 60 yaşı tamam olur. “Ədəbiyyat və incəsənət” portalı olaraq şairi səmimi qəlbdən təbrik edirik. Şair haqda ən gözəl sözü şair deməzmi? Şair İbrahim İlyaslının bu təbrik yazısını dərc etməklə oxucularımızı da təbrikə qoşuruq.
Ədəbi camiəni nəsillər üzrə təsnif etmək yeni bir şey deyil. Bunu gərəksiz bilənlər də var. Amma buna alternativ olan bir fikir irəli sürən də yoxdur hələ ki. Görünür, bu təsnifat ədəbi prosesin müəyyən dövrlərini ayrıca öyrənmək ehtiyacından irəli gəlir. Həm də, axı zaman elə bir məfhumdur ki, bütün ədəbi əsərlərə öz möhürünü vurur, öz damğasını basır. Mənimlə eyni ədəbi nəslin, səksənincilər ədəbi nəslinin nümayəndəsi olan dəyərli qələm dostum, tanınmış şairimiz Əlizadə Nurinin 60 illik yubileyi münasibətilə qələmə aldığım bu yazını da elə ordan başlamaq istəyirəm.
Bizim ədəbiyyata gəlmək üzrə olduğumuz 80-ci illərin sonlarını xatırlayıram. Postsovet məkanında "aşkarlıq və yenidənqurma" dalğası ədəbiyyatda anlaşılmaz bir halə yaratmışdı. Yazarlarımız əvvəlcə bu dalğanı alqışlayan müsahibələr verməyə başlamışdı, qismən cəsarətli əsərlər yazılmaqdaydı. Mühit siyasiləşmiş, milliyyətçi düşüncə qabarmış, yazıçı və şairlərimiz inqilabçılara, tərəddüd edənlərə və kommunist olaraq qalanlara bölünmüşdü. Qarşıda millətimizi gözləyən faciələrdən isə hələ xəbərsiz idik.
Ədəbi gənclik qaynar bir qazana düşmüşdü sanki. Bir yandan sovet rejiminin ədəbiyyat adamları, yazarlar üçün yaratdığı münbit şərait əldən çıxır, ədəbi qəzet və jurnallar maliyyə çətinliyi ucbatından fasilələrlə çıxır, kitabların nəşrinə yiyə durulmur, Əkrəm Əylislinin direktoru olduğu "Yazıçı" nəşriyyatı isə gənc şairlərin "papka"larını qoltuğuna verib yola salır, bir yandan da azadlığa təşnə olan ədəbi gənclik inqilabi ruhla yazıb-yaradır, sovet rejiminə öz etiraz səslərini ucaldırdı.
Bu məqamda ustad şairimiz Məmməd İsmayılın rəhbərlik etdiyi "Gənclik" Ədəbi Birliyi, tərtib etdiyi "Yaşıl budaqlar" almanaxı, daha sonra onun baş redaktoru olduğu "Gənclik" jurnalı bizi bu basqıların cəngindən alır, istedadlı gəncliyə yaşıl işıq yandırırdı. Bizim ədəbi nəsil belə qarmaqarışıq bir ictimai-siyasi mühitin övladı idi.
Əlizadə Nuri yaşıdlarımızın içərisində həmən diqqət çəkən imzalardan, istedadı ilə fərqlənənlərdən idi. Poetik tapıntıları, orijinal bənzətmələri, şeirlərinin bədii yükü ilə ustad şairlərimizin də diqqətini çəkmişdi, haqqında ürək dolusu uğurlamalar yazılırdı. Müəyyən çətinliklərlə başa gəlsə də ilk kitabı nəşr olunmuşdu. Kitab ədəbi tənqid və oxucular tərəfindən maraqla qarşılanmışdı. Buna rəğmən Əlizadə ədəbi mühitdə özünəməxsus təmkinlə davranırdı.
Xalq yazıçısı Kamal Abdullanın rəhbərlik etdiyi Mədəniyyət Fondunun Yazıçılar İttifaqının Şüvəlandakı Yaradıcılıq Evində düzənlədiyi tədbirdə ölkənin gənc yazarları, gənc rəssam və heykəltəraşları, gənc rejissor və aktyorları, gənc müğənniləri, bir sözlə, bütün gənc sənətçilər bir araya gətirilmişdi. Üç gün orada yerləşəcək, müxtəlif ədəbi-bədii, musiqili tədbirlərə qatılacaq, ustad dərslərində iştirak edəcək, ilk dəfə təntənəli şəkildə Novruz bayramını qarşılayacaqdıq. Mərhum aktyorumuz Telman Adıgözəlov, gənc şairlər Əlizadə Nuri və mən bir odada qalırdıq. Bu cür ünsiyyət bizim daha yaxından tanış olmağımıza, bir-birimizin yazdıqlarına daha yaxından bələd olmağımıza vəsilə oldu. Tədbirlərdən sonra odalarda bir araya gəlir, ədəbi müzakirələr açır, mübahisələr edirdik. Hər ikimiz hecada yazsaq da ədəbiyyata fərqli baxış bucaqlarımız, fərqli özünüifadə tərzimiz, fərqli nəfəslərimiz var idi. Amma bu fərqlilik bizim dostluğumuza qətiyyən mane olmur, əksinə, bir-birimizi anlamağa çalışırdıq.
Şüvəlandan başlayan dostluğumuz öz axarı ilə bu günə kimi davam edir, bir-birimizi oxuyur və yazdıqlarımıza münasibət bildiririk. İndi əli 60-ın yaxasında olan şair Əlizadə Nuri tanınmış bir ədib olaraq ədəbiyyatdakı ömrünü şərəf və ləyaqətlə yaşayır. Sözə sədaqətlə qulluq edir.
Mən həmişə düşünmüşəm ki, şairlik təkcə sənət, peşə deyil, həyat tərzidir, fərqli bir ömür yaşamaqdır. Ədibliyi həyat tərzinə çevirənlər ədəbiyyatda qalmaq haqqı qazanır. Əlizadə məhz həmin şairlərdəndir ki, ömrünü şairanə yaşayır və mənsub olduğu ədəbi nəslin öncüllərindən biri olaraq həmişə oxunacaq, seviləcək və təqdir olunacaq.
Əlizadə Nurinin ən böyük göstəricilərindən biri çağdaş ədəbi prosesə təsir gücünün olmasında, gənc şairlərin onu ustad gözündə görmələrində, ədəbi tənqidin daim diqqətində olmasında və böyük bir oxucu auditoriyasına malik olmasındadır. Bir şairin 60 yaşda bundan artıq qazanacağı bir şey yoxdur, zatən.
Bu yazıda şair dostumun şeirlərini incələmək, onları təhlil etmək fikrindən tamamilə uzağam. Çünki bu işin öz peşəkarları var və əvvəldə də qeyd etdiyim kimi onlar Əlizadənin yaradıcılığını yetərincə incələyib, ədəbi uğurlarını təqdir edən ədəbi-tənqidi məqalələr yazıb, oxucuların ixtiyarına veriblər. Mən onun yaradıcılığına bütöv bir poeziya çələngi kimi baxıram, yazdıqlarını sevərək oxuduğumu, şəxsinə böyük sayqı duyduğumu diqqətə çatdırmaq istəyirəm.
Təbii ki, yazdıqlarımın hamısının arxasında Əlizadənin zəngin poeziyası və şəxsiyyəti dayanır. Onun yaradıcılığı bizim ədəbi nəslimizin və ədəbi əslimizin ən böyük göstəricilərindən biridir.
Sonda dəyərli dostum, poeziyamıza həmişə üzağlığı, başucalığı gətirən böyük hərflərlə şair Əlizadə Nurini 60 illik yubileyi münasibətilə həm öz adımdan, həm də Azərbaycan Yazıçılar Birliyinin "Poeziya seksiyası" olaraq təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və davamlı yaradıcılıq uğurları diləyirəm!
“Ədəbiyyat və İncəsənət”
(28.12.2022)
4 Azərbaycan şagirdi dünya reytinqində ən yüksək nəticə ilə ABŞ-da finala qatılacaq
Bakı Ali Neft Məktəbində “Global Olimpic Center”in təşkilatçılığı ilə ABŞ-nin Kopernik olimpiadasının riyaziyyat üzrə Azərbaycan mərhələsinin qalibləri mükafatlandırılıbar. 800-ə qədər şagird arasında təşkil edilən olimpiadada 386 nəfər qalib adını qazanıb.
BANM-də təşkil olunan mükafatlandırma mərasimi Azərbaycan Dövlət Himni və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Giriş sözü ilə “Global Olimpic Center”in direktoru Xəyal İbrahimzadə tədbiri açıq elan edib. Sonra BANM-in rektoru Eldar Qasımov çıxış edib. Şagirdləri və valideynləri salamlayan rektor onları təbrik edib, uğurlar arzulayıb. Sonra Kopernik olimpiadasının direktor müavini Maria Pedro qonaqları Azərbaycan dilində salamlayaraq, maraqlı diskussiya aparıb. Ölkəmizdə ilk dəfə olan nümayəndə iştirakçılara qlobal turda uğurlar arzulayıb.
Çıxışlardan sonra mükafatlandırma mərasimi başlayıb. İlk olaraq qızıl medal qazananlara rektor Elmar Qasımov medallar təqdim edib. Gümüş və bürünc mükafatları isə qaliblərə dəvət olunmuş digər qonaqlar təqdim ediblər. Ümumilikdə mərasimdə 76 şagird qızıl, 108 şagird gümüş, 202 şagird bürünc medal, 114 nəfər isə həvəsləndirici sertifikat əldə edib.
Daha sonra fizika və astronomiya, təbiət elmləri üzrə qaliblərə mükafatları “Tərəqqi” medallı bioloq Camal Kərimov təqdim edib.
Qeyd edək ki, mükafatlandırılan fiziklər yanvarın 21-də ABŞ-də Rays Universitetində təşkil olunacaq qlobal turda ölkəmizi təmsil edəcəklər. Onlar eyni zamanda NASA-da olacaq, iş prosesi və raketlərlə tanış olacaqlar. Riyaziyyatçılar isə iyulun 10-da ABŞ-də Massaçusets Texnologiya İnstitutu (MIT) və Kolumbiya Universitetində təşkil olunacaq qlobal turda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, riyaziyyat üzrə finala vəsiqə qazananlar arasında dörd şagirdimiz 100 bal toplayaraq dünya reytinqində ən yüksək nəticə ilə final turuna vəsiqə qazanıb. Bunlar Bakı Avropa Liseyinin şagirdi Mehin Banu Məmmədli, “Oxbridge Academy”nin şagirdi Toğrul Məmmədli, 236 nömrəli məktəbin şagirdi Paşam Əlizadə, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi Hüsna Məmmədlidir.
“Ədəbiyyat və incəsənət”
(28.12.2022)
Dezdemonanı boğmaq istəyən tələbə
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
MEHDİ MƏMMƏDOV
(1918-1985)
***
Sovet teatrı Stanislavski məktəbi ilə formaşalmışdı. Yaşama sənəti teatrda aktyorların əsas vəzifəsi, rejissorların tələbi idi. Bir dəfə aşağı kurs aktyorluq fakültəsindən bir tələbə məşq otağında tək olduğumu görüb mənə yaxınlaşdı.
– Mehdi müəllim, axı mən oynadığım rolu yaşaya bilmirəm.
Tələbəyə baxanda, doğrudan da onun həyəcan keçirdiyini gördüm.
– Necə yəni yaşaya bilmirsən? Yəni bunu necə izah edə bilərsən? –xəbər aldım.
– Mehdi müəllim, baxın, biz kurs imtahanı üçün “Otello”dan bir parça hazırlamışıq, Dezdemona ilə Otellonun dəsmal yerini. İndi məlum məsələdir ki, Otello Dezdemonaya qısqanır. Əgər söhbət mənim qısqanmağı yaşamağımdan gedirsə, mən Dezdemonanı boğaram.
Əlimi onun çiyninə qoyub gülümsündüm:
– Əzizim, – dedim, – sən boğmaq yerinə qədər hər şeyi necə lazımdırsa elə də yaşa, ancaq boğmaq yerində, bir az teatral yaşa, gerçəkdən boğma…
İmtahan çox uğurla keçdi, həmin tələbə yüksək qiymət aldı. Amma təəssüf ki, sənətin arxasınca getmədi…
“Ədəbiyyat və incəsənət”
(28.12.2022)
25 yaşında 58 (!!!) fantastik roman qələmə almış Elvin Məmmədov
“Ədəbiyyat və incəsənət” portalına Elvin Məmmədov danışır:
-Adım Elvin Məmmədovdu. 1997-ci ildə Bakı şəhərində dünyaya gəlmişəm. 2004-2013-cü illərdə 299 nömrəli məktəb-liseyini bitirmişəm. 2013-2016-i illərdə Bakı qida sənayə kollecinin turizm fakultəsini qurtarmışam. 2007-ci ilin mart ayının 3-dən etibarən romanlarımı qələmə almağa başlamışam. “Marvel” “DC” və J.R.R Tolkenin “Orta Dünya” böyük kainatları ilə tanış olduqdan sonra böyük kainat yaratmağı qərara aldım. Bu hədəfdə Stel Linin və Jül Verni özümə müəllim sayaraq onların düşüncələri ilə getməyə çalışdım. Romanlarımın əsas dayağı elmi-fantastik janr oldu. Bu janrda romanlar yazmağa və oxumağa başladım. 15 il ərzində 15 paralel kainat və 58 roman qələmə aldım. Hal-hazırda 15 paralel kainatda baş verən hadisələrdən bəhs edən romanımın üzərində işləyirəm. 2017-ci ildə çap edilən “Sonuncu əsrin hekayələri” hekayələr toplusunda və 2019-cu ildə “İki fəsilin hekayəsi” hekayələr toplasında “Tənhalığın tarixində” romanımın birinci bölümü çap edilib. 2020-ci ilin ortalarına qədər bir saytda romanlarımı hissə-hissə paylaşmışam. Maddi çatışmazlıqlar görə kitab çap etdirə bilməmişəm. Amma 2023-ci ilin ortalarında çap ediləcək kitabımla 15 ildə yaratdığım kainatı addım-addım oxucularla tanış etməyi düşünürəm.
(Növbəti buraxılışımızda Elvin Məmmədovun yaradıcılığı ilə sizləri tanış edəcəyik).
“Ədəbiyyat və incəsənət”
(28.12.2022)
Bakıda “Bizim həyət” layihəsi çərçivəsində növbəti həyətin açılışını Leyla Əliyeva edib
Bakıda IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib.
Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbir zamanı abadlaşdırılan həyətin kiçik sakinləri üçün xüsusi bayram şənliyi təşkil olunub, uşaqlara bayram hədiyyələri təqdim edilib. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhvali-ruhiyyəsi yaradıb, onlara sevinc dolu anlar bəxş edib.
Yenilənmiş həyət Xətai rayonu, 8 Noyabr prospektində, Cavanşir və Xaliq Əzizzadə küçələrində 8 hektar ərazidə 3 min 145 nəfər sakinin yaşadığı çoxmərtəbəli 10 binanı əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmanla məşğul olmaq həvəsinin yaradılması məqsədilə ərazidə süni örtüklü 2 mini futbol stadionu, 2 şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 12 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 2 min 650 ədəd müxtəlif cinsli ağac və kollar əkilib, 4 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və havanın çirklənməsini səmərəli şəkildə azalda bilən adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” yaradılıb.
Sözügedən layihə çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
“Ədəbiyyat və incəsənət”
(28.12.2022)