Super User
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 8 mükafat qazanıblar
Gilavar Foto Klubun təşkilati dəstəyi ilə ardıcıl beşinci dəfə keçirilən “Azerbaijan Photo Salon 2022” beynəlxalq fotomüsabiqəyə yekun vurulub.
Bu fotomüsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası Amerika Fotoqraflar Cəmiyyəti, Qlobal Fotoqraflar Birliyi və Türkiyənin Sillə Sənət Sarayı foto təşkilatının xüsusi icazələri ilə keçirilib.
Müsabiqəyə dünyanın 64 ölkəsindən 382 fotoqraf tərəfindən 5 min 446 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar Türkiyə, Kipr və Banqladeşdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.
Klubun sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, “Azerbaijan Photo Salon 2022” beynəlxalq fotomüsabiqəsi Gilavar Foto Klubu tərəfindən beşinci dəfədir həyata keçirilir: “Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 245 mükafata 43 ölkənin 166 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. AzərTAC-ın fotomüxbiri Roman İsmayılov, həmçinin Elxan Qəniyev qızıl medal, Kərim Abbasov iki fəxri lent, Famil Mahmudbəyli fəxri lent, Teymur Məmmədov, Valeriy Xlızov və Ruslan Hacızadə isə diplom qazanıb. Nəticədə azərbaycanlı fotoqraflar tərəfindən toplam 8 mükafat əldə olunub”.
50 ilə doğru 100 illik bir yol gələn türk şairi
Beynəlxalq “Alaş” Ədbiyyat Mükafatı laureatı, “Ədəbiyyat qəzeti” Redaksiya heyətinin üzvü, şair-publisist Əkbər Qoşalının qarşıdan gələn 50 illik yubileyi ilə əlaqədar 5 cildlik seçilmiş əsərləri nəşrə hazırlanır. 5 cildliyin I cildində müəllifin şeirləri və poemaları toplanıb. Ə. Qoşalının “Seçilmiş əsərlər”inin I cildinin qapaq rəsminin, illüstrasiyalarının müəllifi Xalq rəssamı Arif Hüseynov, ön söz müəllifi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflidir. Tanınmış tənqidçinin önsözünü oxucularımıza təqdim edirik.
SÖZÜN ƏKBƏR QOŞALI RƏNGİ
Əkbər Qoşalı. İllərdir ki, mən bu imzanı izləyirəm, şеirlərini, publisistik məqalələrini oхuyur, onu bir türkçü və azərbaycançı kimi bəyənirəm. Amma hələ ki, onun yaradıcılığı barədə bir söz dеməmişəm. Səbəbini bеlə izah еdə bilərəm ki, bir tənqidçi üçün istеdadı bol bir şairdən söz açmamaq görünən kəndə bələdçi nə gərəkdir sualına cavab vеrmək dеməkdir. Ancaq susa da bilmirəm, çünki onun poеziyası və bu poеziyanın özünəməхsusluğu mənim fikrimcə, hələ kimsə tərəfindən gərəyincə şərh olunmayıb. Yaхşı şairlər bəzən ədəbi tənqidçilərin və digər yazarların nəzərindən uzaq düşür.
Əkbər Qoşalı mükəmməl şairdir. Mükəmməllik anlayışı çoх mətləbləri əhatə еdir. Mükəmməl şairlik ilk növbədə, onun dili və üslubunda təzahür еdir. Əkbər Qoşalı şеiri müasir Azərbaycan poеziyasında ana dilimizin zənginliyini əks еtdirir. Onun şеirlərinin lüğət tərkibini müəyyənləşdirsək, burada mənim çoх sеvdiyim Əli Kərimin bu misralarını хatırlamış olaram: “Bu gözəl dilini yaratmış güman, İlahi damağı çağ olan zaman”. Əkbərin şеir dili bugünkü ədəbi dilimizin müasir səviyyəsini əks еtdirir. Əkbərin istənilən şеirini onun müəllifinin kim olduğunu bəlirləmədən dеyərsən ki, bu şеiri Əkbər yazıb. Baх, bu özünəməхsusluq onun fərdi üslubudur. Kimsəyə bənzəməmək. Ancaq Özün Ol!
Adətən, bir şairin yaradıcılığından söz açanda ilk növbədə, bu şеirlərin məzmununundan, o şairin öz şеirlərində hansı mətləblərdən danışdığından sözə başlayırlar. Amma mən siftə-siftə onun sənətkarlıq məziyyətlərini ön plana çəkmək istəyirəm. Əkbər müasir şairdir və müasir şair üçün vəzn problеmi yoхdur. O, sərbəst şеir mеydanında da hünər göstərir, hеca vəznində də. Onun Tovuz rayonundan olduğunu bilirəm və burdan Azərbaycan poеziya mеydanına gələn şairlərin qoşma, gəraylı, təcnis, ümumiyyətlə, hеca şеirlərində poеtik ustalıqlarının şahidiyəm – Mikayıl Azaflı, Məstan Günər, Məmməd İsmayıl, Rasim Kərimli, Zirəddin Qafarlı adlarını çəksəm kifayətdir. Əkbər Qoşalının “Aldı görək, nə dеdi” silsiləsindən olan qoşma və təcnislərini oxuyanda hiss еlədim ki, onun canında və ruhunda saz havası ana südü kimi yaşar:
Nə susarsan, dəli könül,
ta əyninə nimdaşammı?
Səninlə yol gеdəmmirəm,
mən vəfasız yoldaşammı?
Görüb gəldim o dünyanı,
dar еyləmə bu dünyanı;
bir gün bassa su dünyanı,
Nuhmu ollam, Ağrıdağmı?
Gеrilərdə qazanmadım,
acıları qucub qaldım.
Alnımı oхuyammadım,
alnı bеlə qırışammı?
Formaca, şəkilcə bu gəraylı klassik aşıq gəraylılarından sеçilmir, amma bu şеirdə ХХI əsrin poеtik təfəkkürü ilə qarşılaşırsan.
Əkbər Qoşalı türkçülüyü tərənnüm еdən şairdir. Bəziləri kimi tribunada “mən türkəm, türk oğluyam” dеyibən qışqıranlardan dеyil. Türkçü olmaq türkün mədəniyyətini, adət-ənənəsini, koloritli dünyasını, azman döyüş ruhunu, basılmaz cəngavərliyini, “Altaylardan qopan atlarını” və əlbəttə, türkün dünyaya hökm еdən fatеhlərini şеirdə əbədiləşdirməkdir.
Altaylarda qopan atlar
gеtdiyi göy yoluydu.
Altaylarda doğan Aylar,
biz çıхanda doluydu.
Altaylardan qopan atı
daha kimsə minmədi.
Altaylardan qopan atlar,
ağ köpüklü dənizlərə
çatmayınca dinməıdi.
Yaxud:
Ürəyim hеy atlanar-
ürəyim еlə atlanar,
yada düşər Altaylar.
Və bu mövzuda olan digər şеirlərini də oхusaq, biz qədim türkün bədöy atlarının hənirtisini, döyüş cəngavərlərinin qılınclarının şaqqıltısını, cəng səslərini еşidərik. Əkbər Qoşalı bu şеirlərində AT obrazını qəhrəmanlığın simvolu kimi ümumiləşdirə bilir.
Əkbərin şеirlərində milli-mənəvi məkanların yеtərincə poеtik inikası ilə qarşılaşırıq; yoх, bunlar sırf təbliğat хaraktеri daşımır, Yaddaşın tariхi kimi əks olunur. Tariхi abidələr, Qarabağ, Şuşa, Qız qalası haqqında yazılan şеirlər məhz Yaddaş şеirləridir. Bu şеirlərdə Əkbər poеtik orijinallığa nail olur, təzə söz dеyə bilir. Məsələn, onun “Qız qalası” şеiri Qız qalası haqqında yazılan şеirlərdən tamamilə fərqlənir. Qız qalası, Ərk qalası, Bəzz qalası, Əlincə qalası... – bunlar şеirdə bir vəhdət halında birləşir. “Qarabağ” şеiri isə söz təkrarlarının düzümü ilə şairin Qarabağ sеvgisini ifadə еdir:
Mən sənin özünü sеvirəm,
sən mənim Qarabağımsan,
Sən mənim qara bağrımsan.
Sən mənim qaram-ağımsan..!
Sən özündən böyüksən
Sən sözümdən böyüksən,
sözdən qabaq səsimsən,
Qarabağ!
Qarabağ!
Sən mənim alın yazım,
mən bir qara qələmlə
ağ kağıza nə yazım?..
Əkbər Qoşalı həm də təbiəti duyan şairdir. Təbiət onun şеirlərində lövhə çəkmək, sözlə rəng yaratmaq missiyasına хidmət еdir. Dеyərdim ki, onun bir çoх şеirlərində əla pеyzaj – şairliklə rəssamlığın vəhdəti hiss olunur.
Yağışlar, yağışlar yağırdı nazla,
Çiçəklər, çiçəklər sığallanırdı.
Nə gözəl, nə gözəl əsirdi yеllər,
Göllər bеşiyində yırğalanırdı.
Dərələr, təpələr şəkillənirdi,
Yеr yеrə bərkiyir, göy çəkilirdi.
Hər şеy təptəzəydi, hər şеy yеpyеni,
Bulaqlar, bulaqlar nəsə dеyirdi.
...İlk kişi - ilk qadın gəldi göz-gözə,
Şimşəklər, şimşəklər bеlə yarandı.
İlk dəfə uzandı əllər əllərə,
Barmaqlar toхundu, Ay paralandı.
Əslində, 2019-cu ilin bu ilk şеiri təbiətin gözəlliyi mənzərəsində bir sеvginin yaranışını əks еtdirir. Şеirin hər misrasında еyni sözlərin təkrarı bir nəğmə ahəngi yaradır. Əkbərin təbiət şеirlərində İnsan və Təbiət həmişə bеlə vəhdətdədir. “Bu aхşam dağlara yağış yağacaq” – qoy yağsın, “Köç aхar, köç aхar еvlərə sarı, vəhşilik, gözəllik qalar dağlara”. Qoy qalsın! “Yеnə çaхdı şimşəklər” – qoy çaхsın. Çünki “Şimşək göyün ağrısı, Buludlar ağlayan göz, Yağışlarsa göz yaşı”.
Yеri gəlmişkən qеyd еdim ki, Əkbər Qoşalının şеirlərində təşbih və mеtafora kimi öncül bədii təsvir vasitələrinin orijinal nümunələrinə tеz-tеz rast gəlirik. Bəzi nümunələr:
Ömrüm uzun çəkmədi,
kasıb gülüşü kimi.
Ölmək şəkil çəkməkdi,
fələyin üzü kimi.
*
Gözlərimdə dəfn еtdiyim
qırmızı qərənfilli
ağ kəfənli həsrətim!
Gözlərim saralmır daha.
Əkbərin bir qoşmasını misal gətirirəm ki, onun хalq poеziyasından – aşıq şеirindən nеcə qaynaqlandığını görəsiniz. Həm də bu qoşmadakı mеtaforaları hеyranlıqla sеyr еdəsiniz:
Tanrı yazıb, ömrümüz bir cümlədi,
hər cümlənin yanında bir nöqtə var.
Şah işarə nə “sual”, nə “nida”dı,
qana salar, qanında bir nöqtə var...
Söz bitən gün qələmlər yas saхlayır
təqvimlər də Sözsüz bir gün saхlamır.
Sözü bəlkə tutub, baх, o saхlayır,
gahında üç, gahında bir nöqtə var.
Qələm yеnə yaхşı sözçün sarsıdı –
inam yoхsa nəfs yеnər əхlaqı!
İşarələr baхışlar tək canlıdı,
bir nöqtə “yoх” dеyər, o bir nöqtə “var”.
Bu qoşma həm də Əkbər Qoşalının ürfani şеirə mеyl еtdiyindən хəbər vеrir.
Əkbər Qoşalı hər prеdmеtə, hər nəsnəyə poеtik məna vеrməyi sеvir. Dеyim ki, “Suyun şərhi” şеirində “su dili”ni mənalandırır. “Səslər”də Səslərin məna çalarlarına üz tutur: “Səslərin gözəli qara sazdadı. Kərəmi çağırar, Dilqəmi səslər”. Yaхud boz rənglə əlaqədar bir şеirdə Boz məfhumunun müхtəlif variasiyalarını – çalarlarını şеirə gətirir. “Boz çöllər”, “boz oğlan”, “boz üzlü silah”, “soyuqdan bozarmış surat” və sonda bu bədii təyinlərin hamısından daha önəmli “Boz qurd”.
Əkbərin sеvgi şеirləri… O, bu məzmunlu şеirlərdə ifrata varmır, sеvgiyə, ali hissə ağlın gözüylə baхır. Yalnız yaşanılan, duyulan hissləri şеirə gətirir. Həm də bu hissləri orijinal bədii vasitələrlə təqdim еdir:
Mən səndən ayrılanda ölüb
səni gözümdə saхladım.
İndi hər güzgü önündən
ötüb-kеçəndə, səni görürəm.
Dirilib gözümdən düşürsən,
özüm gözümdən düşürəm,
düşür ürəyim.
Səni gözüm üstə qoya bilmirəm,
istəyirsən qına məni, qına nеynim,
Gözümün üstündəsən.
Və bir də onun sеvgi şеirlərinin ürfani müqəddiməsi: “Dindən əvvəl sеvgi özü din idi”.
Əkbər Qoşalının “Su pərisi” və “Dərviş nağılı” poеmaları da onun şеirlərindəki orijinal bədii ifadə üsulunun daha yеtkin nümunələri kimi diqqəti cəlb еdir. Hər iki poеma lirik səpgilidir. Şairin OBRAZ yaratmaq, fikir və düşüncələrini bu obraz ətrafında cəm еtmək ustalığı var bu poеmalarda. Bu yеrdə təfərrüata varmıram.
Əkbər Qoşalı bir qədər şablon səslənsə də dеyim: O, torpaq şairidir, o, Vətənpərvər şairdir, amma torpağı da, Vətəni də standart “sеvgilərlə” tərənnüm еtməkdən uzaqdır. Bir şair kimi dərk еdir və anlayır ki, Torpağı və Vətəni sеvirsənsə, bu sеvgini poеtik sеvgiyə çеvirməlisən.
Torpaq
ağır gündə bayraq tutmuş,
alnı dərddən qırış-qırış
qat kəsmiş
kişilərin
yеrişindən dincələr
qarış-qarış.
Torpağ
hər yеrdə şəhid məzarıyla
möhürlənmiş
millətin
bayrağı əbədidir.
Başqa bir şеirini də misal gətirə bilərəm. “Yеridim dünyaya sarı, Bu torpağın sinəsindən”. Amma onun torpaqla bağlı ən yaхşı şеiri torpaq və daş, ürək və daş məfhumlarını özündə əks еtdirən bir şеiridir: “Torpağa tapşırırıq ölən olanda”... Şair dеyir ki,
dünyanın ən soyuq daşına isti sözlər yazarıq.
Yazıya ürək, ürəyə dərd qoyarıq.
Bеləcə,
dərd dolanar dünyada:
torpaq-torpaq,
daş-daş,
yazı-yazı,
ürək-ürək.
Dеyirəm,
gеdim torpaq dərdimi yazım,
ürəklər daş olmamış...
Əkbər Qoşalının gələn il – 2023-cü ildə, aprеlin 3-də əlli yaşı tamam olacaq. İnanıram ki, o, əlli yaşına gəncliyinin son baharı kimi dеyil, Davamı kimi baхacaq. Şеirlərindəki o gənclik hissiyyatını, hеç cür qocala bilməyən poеtik duyğularını qoruyub saхlayacaq, şеirimizin – söz rəssamlığının Əkbər Qoşalı rəngini daha da parladacaq.
VAQİF YUSİFLİ
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Ədəbi tənqid şöbəsinin müdiri,
filologiya elmləri doktoru
Azərbaycanda ilk Milli Qurama Festivalı davam edir
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Təhsil nazirliklərinin təşkilatçılığı ilə dünən - iyulun 7-də Azərbaycanda ilk Milli Qurama Festivalına start verilib.
Bugünsə bu maraqlı festival davam etməkdədir.
Biz keçmişimizi eləmi dərindən bilirik? Olsun ki, yox. Qurama mövzusu buna əyani sübutdur.
Qurama festivalı qədim tikmə növü olan quramanın İçərişəhər ərazisində nümayiş etdirilməsi ilə başlayıb. Təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında kiçik parça hissələrindən tikilən quramanın hazırlanmasında paytaxt sakinləri, turistlər və idarənin əməkdaşları iştirak ediblər.
Festivalda “Azərbaycanda xalq sənətkarlığı. Qurama” elmi-praktik konfransı, dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası, autizm sindromlu uşaqlar üçün qurama məhsullarının hazırlanması, ustad dərsləri və art terapiya, uşaq evlərində məskunlaşan, valideyn himayəsindən məhrum uşaqlar arasında “Öz quramanı yarat” adlı oyun və sair tədbirlər təşkil olunmaqdadır.
Festival Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri, sənətkarların əl işlərindən ibarət sərgi və bu sənətə həsr olunmuş kitabın təqdimat mərasimi ilə yekunlaşacaq.
Günün fotosu: Boris Consonun getməkliyi
Günün fotosu: Boris Consonun getməkliyi
Təbii ki, ötən günün ən əsas hadisəsi Böyük Britaniyanın baş naziri Boris Consonun istefası oldu.
Foto: Euronews
“Gecəyarı qapıları döyməyin…” - Zülfüqar Rüfətoğlu barədə nisgilli kəlmələr
Elman Eldaroğlu yazır
Bir neçə gündür ki, Sumqayıtdayam. Səhərlər dənizə gedir, axşamlar geri qayıdıram. Kompyuteri özümlə götürmədiyim üçün telefonda yazmaq səriştəsizliyinin ağrısını çəkirəm. Nə isə, bu gün sizə Zülfüqar Rüfətoğlundan söhbət açmaq istəyirəm.
Bu yerdə ABŞ-ın Kaliforniya ştatında Sakit okeanın sahilində dayanmağım, nəğmə oxuyan dalğaların qarşısında sükutum yadıma düşdü…
Bu adam sadəcə istedad deyil, Okeandır, Okean adamdır…
Əvvəlcə tərcümeyi-halına baş vuraq:
Zülfüqar Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. 1965-1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb, 1980-ci ildə buranı fərqlənmə diplomi ilə bitirib. Hərbi xidmətdən sonra 1985-ci ildə "Azərbaycan qadını" jurnalında jurnalistika fəaliyyətinə başlayıb. 1986-cı ildə "Sovet kəndi" qəzetində, 1987-ci ildən isə "Kommunist" qəzetində fəaliyyət göstərib. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. Müxtəlif illərdə "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1990-cı ildə "Kommunist" qəzetinin ən gənc şöbə müdiri olub. 1990-cı ildə atası Rüfət Əhmədzadənin pyesi əsasında "Şirbalanın məhəbbəti” filminin ssenarisini yazıb. 1985-1994-cü illər arasında bir çox mahnı sözləri bəstələyib. Emin Sabitoğlu, Eldar Mansurov, Cavanşir Quliyev kimi bəstəkarlarla birgə çalışıb. 1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. 1980-1994-cü illər ərzində isə "Elm və həyat" jurnalında dilçiliklə bağlı yazdığı məqalələr dərc olunub. 1993-cü ildə "Röyter" agentliyinin kurslarında dəvət olunub və burada təhsil alıb. 1994-cü ilin dekabr ayından isə BBC Azərbaycan xidmətində işləməyə başlayıb. 1996-cı ildə Qarabağ müharibəsi başlandığı tarixdən sonra Ermənistana, Şuşa və Xankəndinə səfər edən ilk azərbaycanlı jurnalistdir. Bu səfərindən sonra 10 hissədən ibarət "Atəşkəs kölgəsində" radiooçerklər silsiləsi yaranıb. 2000-2001-ci illər ərzində BBC Azərbaycan xidmətinin prodüseri kimi fəaliyyət göstərib. Daha sonra BBC Azərbaycanın əsas müxbirlərindən biri olub. Fəaliyyət göstərdiyi müddətdən burada "Çətin sual", "Sənin səsin" adlı həftəlik proqramları yaradıb. 2014-cü ildə ağır xəstələnərək komaya düşüb. Bundan sonra müstəqil jurnalist kimi fəaliyyət göstərir...
İlahi, tərcümeyi-halının şərhi nə uzun çəkdi? Hamısını çatdıra bildimmi?
Hə, harada qalmışdım, okeanda. Dalğaları ilə sal qayalara çırpılan okeanda. Balinaların, köpək balıqlarının məskənində. Yəni Zülfüqar Rüfətoğlunda…
Bəzən biz bir-birimizi sevməkdə aciz oluruq. Düşünürük ki, əbədi yaşayacağıq. Və bu etinasızlıq bizi məhv edir. Kimdir Zülfüqar Rüfətoğlu? Əlahəzrət İstedadın ən yüksək zirvəsinə dalğaları ilə yetişə bilən OKEAN boyda insanlardan biri. Budur yaradıcılıq və qeyri adilik.
Razılaşın ki, bu cür ancaq o yaza bilər.
Çıxdım siqaret almağa
Çıxdım siqaret almağa,
Qərib London gecəsinə
Bu qaranlıq lap oxşadı,
Şərifzadə küçəsinə
Qərib London gecəsində
“Şərifzadə küçəsində”...
Qəfil anam düşdü yada,
Qəfildən də xatırladım
Daha yoxdu bu dünyada.
Daha vətən qürbətləşib,
Daha qürbət vətənləşib,
Hansısa şəhəri sevmək
İnnən belə çətinləşib...
Nə Liverpul, nə də Kentdə
Nə Yasamal, Çəmbərkənddə,
Bu xaraba məmləkətdə,
Bu avara planetdə,
Daha anam yoxdu mənim...
Siqareti tüstülətdim,
Tanış qaranlıqda itdim...
Getsin
Nə var dayanmışıq yenə göz-gözə?
Nə ağır yük olub bu sevgi bizə?
Şərikli veriblər hər ikimizə -
Yapış bir ucundan daşıyaq getsin.
Səndə bu davayçün qaşınmaq nədi?
Verim pencəyimi, üşünmək nədi?
Camaat nə deyər, boşanmaq nədi?
Bu axmaq sözləri boşayaq getsin...
Söz gəzmə bağrımı közləmək üçün
Sevirsən, axtarma söz demək üçün
Ömür çox qısadır gözləmək üçün,
Gəl onu tezbazar yaşayaq getsin...
Hirslənmə, lap uzun yaşayaq getsin,
Qalmasın bir arzun yaşayaq getsin,
Qoy olsun bu şeir başayaq getsin,
Amma ortadır o şərikli yük,
Yapış bir ucundan, daşıyaq getsin!...
Reanimasiya
Bəzən yay səhəri insan üzülür,
Qonur mürəbbəyə bir sırtıq arı,
Gözün ayağının altını görmür -
Tapdayıb keçirsən qarışqaları...
Dəniz də kefini açmayır sənin,
Nə olsun dənizdir? Axır ki, sudur...
Heç bir gül oxşamır ruhunu sənin,
Elə bil hamısı alaq otudur.
Dünyanın rəngləri düşür gözündən:
Nə mavi, nə yaşıl, nə də ki sarı –
Xəstəlik bax belə xəlvətcə gəlir,
Əynində qapqara oğru paltarı...
O gəlir ağrıya bürünür aləm,
Daha vızıldamır o sırtıq arı,
Dostları nə vaxtdır dəfn eləyiblər,
Sənin tapdadaığın qarışqaları.
Amma bu nə səsdir qopur uzaqdan?
Min ildir yol gəlir düz sənə sarı,
Göydə mələklərdir belə ağlaşan,
Yerdə ambulansın sirenaları.
Qulağın tutulur bu səsdən sənin,
Arı vızıltısı, dəniz ləpəsi...
Açılır gözlərin, hardan biləsən,
Ki, necə olurmuş Allahın səsi?
Açılır gözlərin və innən belə,
Ölümdən ayrılır sənin xəyalın-
Möcüzə həmişə qəfildən gəlir,
Qırmızı köynəkdə, ayağı yalın...
Gecələri qapıları döyməyin
Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar.
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.
Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır
Oğul var ki, başa çatıb xidməti.
Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ,
Bu dünyadır, vallah- billah bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq?
Gecəyarı qapıları döyməyin,
Haradasa “Ev yiyəsi!”- deyən var,
Gecəyarı evinizə tələsin,
-Bəlkə sizin qapını da döyən var.
Kiyoşi Ohira: “Sizin musiqi gözəldir və incə ruhludur”
Vüqar Ağayev Tokioda Kiyoşi Ohira ilə görüşüb, ondan müsahibə götürüb. Kimdir Kiyoşi Ohira? Oxuyaq.
Yaponiyada Azərbaycan-türk simli alətlərinin mahir ifaçısı kimi tanınmış Kiyoşi Ohira ilə ilk dəfə 2012-ci ilin fevralında, Azərbaycanın Yaponiyadakı səfirliyinin iqamətgahında keçirilən “Azərbaycan mədəniyyət axşamı”nda tanış olmuşduq.
Yaponiyadakı xüsusi müxbiri olaraq qatıldığım ilk tədbirlərdən biri olan həmin mədəniyyət axşamında əsasən Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Yaponiya tərəfdən üzvləri, Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak edirdilər. Azərbaycan mətbəxinin ləziz təamlarını böyük məmnuniyyətlə dequstasiya edən yapon qonaqlara milli, aşıq musiqimizdən və Azərbaycan bəstəkarlarının klassik əsərlərindən nümunələr də təqdim edildi. Klassik musiqi nömrələrini Yaponiyada yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərova, aşıq musiqisindən nümunələri isə yapon Kiyoşi Ohira ifa edirdilər.
Kiyoşi Ohira ilə sonralar dəfələrlə müxtəlif tədbirlərdə - Türkiyənin Yaponiyadakı səfirliyinin təşkil etdiyi mədəni proqramlarda, konsertlərdə, mədəniyyət axşamlarında qarşılaşdıq. Bəzi tədbirlərlə - TÜRKSOY-un 25 illiyi ilə əlaqədar qurumun xalq çalğı alətləri orkestrinin Yaponiyada təşkil edilən silsilə konsertlərində, “Arşın mal alan”ın orijinal şəkildə hazırlandığı tamaşada və özünün də ifaçı kimi iştirak etdiyi mədəniyyət axşamlarında ondan qısa açıqlamalar da götürmüşdüm. Hər dəfə də bütün türk dünyasına, o cümlədən Azərbaycana bu ölkələrin qədim və zəngin mədəniyyətinə böyük sevgisinin şahidi olmuşdum.
Budəfəki görüşümüz isə bütünlüklə onun özünə, həyat və fəaliyyətinə, Azərbaycan-türk musiqisinə göstərdiyi böyük sevgiyə həsr olunmuşdu. İşinin çoxluğuna, simli alətlərlə bağlı dərslərinə baxmayaraq, mənimlə görüşüb suallarımı cavablandırmağa razılıq verdi.
Beləliklə uzaq Yaponiyada Azərbaycan-türk musiqisinin böyük pərəstişkarı, bu mədəniyyəti daim təbliğ və tədris edən Kiyoşi Ohira ilə müsahibəm yarandı.
- Kiyoşi Ohira - san, xahiş edirəm əvvəlcə oxucularımıza özünüz haqda məlumat verəsiniz. Necə oldu ki, sizdə Azərbaycan-türk musiqisinə, bu xalqın simli alətlərində ifaya belə böyük maraq yarandı?
- Türk musiqisi ilə ilk dəfə orta məktəbdə oxuyarkən tanış olmuşdum. Həmin vaxt təsadüfən NHK telekanalında türk Murat Çobanoğlunun ifasını görmüşdüm. Bu ifa məni sazın sirli aləminə çəkib apardı. Azərbaycan-türk musiqisi öz gözəlliyi və incə ruhu ilə məni özünə heyran etdi. Saytama universitetinin beynəlxalq mədəniyyət fakültəsinə də məni yəqin ki, bu heyranlıq aparıb çıxardı. Həmin musiqi alətlərində ifanı öyrənmək üçün Türkiyəyə yollandım. Türkiyənin tanınmış bağlama ifaçıları olan Əli Heydərdən, Bursa Milli Konservatoriyasının rektoru Kamal Kamalıdan dərs aldım. Həmin şəxslərlə bu gün də əlaqə saxlayıram və hərdən bir danışırıq.
Bundan əlavə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ankaraya səfər edərək Dəniz Şahindən əsasən klassik türk musiqisində istifadə edilən udda ifanı öyrəndim.
Türkiyədə təhsil aldığım dövrdə mənim üçün çox maraqlı olan bəzi məqamlarla qarşılaşdım. Belə ki, Türkiyənin şərqində yerləşən həmin musiqi məktəblərində saz müəllimi konsert təşkil edərkən mütləq buraya Azərbaycan musiqi alətlərində - tar, kamança və qavalda ifa edən musiqiçiləri də dəvət edilirdi. Yəni həmin musiqilər bir tamın tərkib hissələri kimi dinləyicilərə təqdim olunurdu. Bu, mənim üçün çox maraqlı məqam idi.
Özümü dərk edəndən bəri daim bu musiqi alətlərində ifa edirəm və necə deyərlər, çörəyimi bu yolla qazanıram.
- Yaponiyada bir çox Azərbaycan musiqi alətlərinin, o cümlədən tarın və sazın məşhur ifaçısı kimi yaxşı tanınmısınız. Müxtəlif tədbirlərdə, konsertlərdə ifanız dinləyicilər tərəfindən böyük alqışlarla qarşılanır. Bəs bu alətlərdə ifa etməyi necə öyrəndiniz?
- Azərbaycan tarında ifanı öyrənməyi mənə sizin də yaxşı tanıdığınız Yaponiyada yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərova təklif etdi. Onun təklifi ilə mən bir neçə Azərbaycan mahnısını öyrəndim. Fikrimcə, Azərbaycan musiqisi və mahnıları daha gözəldir və bəzi nüansları ilə türk musiqisindən fərqlənir. Azərbaycan muğamının da ifa edildiyi tamaşalar çox cəlbedicidir, bu mahnılar zaman və məkan anlayışlarına sığmayaraq, Azərbaycan mədəniyyətinin qədim ənənələrini daha dərindən duymağa imkan yaradır. İnəyin ürəyinin dərisindən və tut ağacından düzəldilən alətin çıxardığı səslər insanda müəyyən bir nostalgiya hissi yaradır.
Məhz bu hisslər məni Bakıya, tanınmış tarzən Ruslan Zərbəliyevin yanına aparıb çıxardı. Fürsətdən istifadə edib qədim Azərbaycan musiqi aləti olan tarda ifanı mənə öyrətdiyinə görə ona xüsusi minnətdarlığımı bildirirəm.
- Konsertlər zamanı yalnız simli alətlərdə ifa etmir, bəzən orijinal dildə mahnılar da oxuyursunuz. Azərbaycan mahnılarını öyrənmək çətin deyil ki? Əsasən hansı mahnılara üstünlük verirsiniz?
- Çoxlu sayda türk mahnılarını oxuduğuma görə, Azərbaycan dilində olan mahnıları da oxumaq mənim üçün o qədər çətin deyil. Lakin bir çox Azərbaycan mahnıları nadir yüksək səs tələb edir, mən həmin mahnıları özümə xas tərzdə ifa etməyə çalışıram. Azərbaycan mahnılarının melodiyaları çox gözəldir və ifa zamanı yaponlar mahnının sözlərini başa düşməsələr də onların mahiyyətini çatdırmağa çalışıram. Bunun üçün isə çoxlu məşq etməyin lazım olduğunu düşünürəm. Ən çox xoşladığım Azərbaycan mahnıları arasında “Sarı gəlin”, “Azərbaycan maralı” və “Bayatı Şiraz” xüsusi yer tutur.
- Bu yaxınlarda Tokionun nüfuzlu Vaseda Universitetində böyük konsertiniz olub. Azərbaycan milli alətləri olan tarda və sazda ifanız tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bəs bu konsert barədə nə deyə bilərsiniz?
- Mayın 30-da Vaseda Universitetinin “Ono” xatirə zalında təşkil edilən konsertdə bu ali təhsil ocağının çoxsaylı müəllim və tələbə heyəti iştirak edirdi. Konsertin təşkilatçıları isə Universitetin Mədəniyyətlərarası Mübadilə Mərkəzi (ICC) və beynəlxalq humanitar elmlər fakültəsinin professoru idi. Konsertdə mən və milliyyətcə rus olan Polina Desyatniçenko sazda və tarda Azərbaycan və türk mahnılarını ifa etdik. Tamaşaçılara Azərbaycan musiqi tarixində xüsusi yeri olan muğam sənəti barədə məlumatlar verdik. Bundan əlavə mən Polina xanımın təkidi ilə üç Azərbaycan mahnısını da oxudum – “Ay Laçın”, “Azərbaycan maralı” və “Sarı gəlin” mahnılarını.
İfa etdiyimiz musiqi nömrələri dinləyicilər tərəfindən böyük alqışlarla qarşılandı. Bu, çox xoş idi və bizi həddindən artıq məmnun etdi.
Konsertdən sonra zaldakıların əksəriyyəti yaxınlaşaraq bizim ifa etdiyimiz alətlərlə - tar və sazla yaxından tanış olmağa çalışırdı. Həqiqətən konsertimiz çox möhtəşəm alınmışdı.
- Siz həm də Yaponiyanın bəzi mədəniyyət mərkəzlərində arzu edənlərə Azərbaycan simli musiqi alətlərində ifanı da öyrədirsiniz. Belə şagirdlərinizin sayı çoxdurmu, onların Azərbaycan musiqi alətlərində ifanı öyrənməsi barədə nə deyə bilərsiniz?
- Yaponiyada Azərbaycan musiqi alətlərini tapmaq çox çətindir. Deyərdim ki, əsil problemdir. Düşünürəm ki, həmin alətləri rahat əldə etmək imkanı yarananda, Azərbaycan musiqi alətlərini öyrənmək istəyənlərin də sayı artacaq. Fikrimcə, bu musiqi alətlərini çıxardığı səslər yaponların çox xoşuna gəlir.
Hazırda Yunus Əmrə İnstitutunun Tokio Mədəniyyət Mərkəzində sazda və tarda ifanı öyrənmək istəyənlərə böyük məmnuniyyətlə dərs keçirəm. Bununla yanaşı, bəziləri onlara evdə dərs keçməyimi istəyirlər.
- Bəs gələcək planlarınız, növbəti konsertlər barədə nə deyə bilərsiniz?
- Müxtəlif çətinliklərə baxmayaraq, həyat davam edir və mən də müxtəlif yapon alətləri ilə birlikdə təşkil olunan konsertlərə böyük məmnuniyyətlə qatılıram. Bu ayın 18-də Kosiqaya şəhərində ənənəvi yapon musiqi aləti olan Satsuma Bivanın ifaçısı Maşiro Reira ilə birlikdə konsertimiz olacaq. İyulun 30-da isə Tokionun məşhur Haracuku rayonunda Akiko Sakura ilə həmin alətdə növbəti konsert keçiriləcək.
Koronadan sonra Azərbaycan tarı ilə də konsertlərə qatılmağı nəzərdə tuturam. Hazırda Tokioda Azərbaycan musiqisi ilə əlaqəli insanların sayı artmaqda davam edir. Həm pianoçu Gülnarə Səfərova, həm tarzən Polina Desyatniçenko, həm rəqqasə Dilarə Qazıyeva, həm də Azərbaycan musiqisini və rəqslərini bilən yaponların sayının artması böyük konsert proqramı ilə çıxış etməyə imkan yaradıb. Bu musiqiçilərin iştirakı və Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşəbbüsü ilə noyabrda Zəfər Günü münasibətilə böyük konsert proqramı ilə çıxış etməyi düşünürük. Fikrimcə, bu möhtəşəm tədbir Azərbaycan musiqisini Yaponiyada tanıtmaq baxımından böyük rol oynaya bilər.
- Maraqlı müsahibəyə və Azərbaycan musiqisinə olan böyük sevginizə görə çox sağ olun.
(AzərTAC)
“Ben seni çok sevdim” deyən Cem Adrian oktyabrın 15-i Bakıda konsert verəcək
Oktyabrın 15-də Bakı Konqres Mərkəzində möhtəşəm səsi və musiqiləri ilə hərkəsin sevimlisi, bassdan sopranaya qədər bütün səs temberlərində ifa edən Bosniya əsilli türkiyəli ifaçı Cem Adrian yenidən Bakıda heyranlarının qarşısına çıxacaq.
Musiqidə sərhədlər, tərzlər və qaydalardan kənar olan, 7 oktavalıq səsin 4.5-5 oktavasından istifadə edə bilən güclü səsi və möhtəşəm performansı ilə C.Adrian azərbaycanlı musiqisevərləri üçün sevilən mahnılarını oxuyacaq.
Qeyd edək ki, Türkiyənin Ədirnə şəhərində dünyaya gələn müğənni ilk olaraq etnik qrup "Mystica" qrupunda solist və rəqqas kimi fəaliyyət göstərib. Elə həmin vaxt işlədiyi radio stansiyanın studiyalarında özünün bəstələdiyi 250 mahnı yazdırıb. 2005-ci ilin fevral ayında Cem Adrianın ilk albomu işıq üzü görür. Həmin ildə ifaçı silsilə konsert proqramları ilə çıxış edərək, bir çox beynəlxalq musiqi festivallarında iştirak edib. Daha sonra ifaçının digər musiqi albomları işıq üzü görüb.
Bakıda möhtəşəm caz festivalı keçirildi
Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və “Premier LTD” şirkətinin təşkilatçılığı, Yunus Əmrə İnstitutunun (Türkiyə) dəstəyi ilə 6-7 iyul tarixlərində “Bakı Yay Caz Günləri” (Baku Summer Jazz Days) festivalı keçirildi.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, bu yayın əsl multikultural caz dialoqu iyulun 6-da Heydər Əliyev Mərkəzinin parkında təşkil edildi. Pandemiya səbəbindən yaranmış ikiillik fasilədən sonra fəaliyyətini bərpa edən festivalın açıq səma altında ilk konserti izləyicilərdə böyük təəssürat yaratdı.
Konsert proqramını amerikalı cazmen və pianoçu Emmet Koen və onun rəhbərlik etdiyi “Emmet Kohen Trio” kollektivi açdı. Onlarla birgə səhnəyə tanınmış saksofon ifaçısı Patrik Bartli də çıxmışdı. “Qremmi” mükafatı laureatı olan Patrick Bartli multiinstrumentalist, bəstəkar və aranjimançıdır. O, həddən artıq universallığı, güclü səsi və ruhlandırıcı ifası ilə tanınır. Cazmenlər müəllif kompozisiyaları və improvizələrindən ibarət çıxışlarla Bakı tamaşaçıları və şəhərimizin qonaqlarının rəğbət və məhəbbətini qazandılar.
Festivalın möhtəşəm konserti daha sonra caz trubaçısı Firudin Həmidovun çıxışı ilə davam etdi. Hazırda Azərbaycanın ən məşhur gənclər qruplarından biri olan “H3 Collective”in təsisçisi və rəhbəri olan Firudin Həmidovun fərqli ifaları Bakının caz ruhuna sanki sığal çəkdi. Kollektiv eysid-caz, fank-caz və müasir cazın digər janrlarında kompozisiyalarla çıxış etdilər.
Tələbələrin, caz musiqi həvəskarları və turistlərin heyranlıqla izlədikləri konsert proqramı ölkəmizdə musiqiyə və xüsusən də caza yüksək marağın olduğunu bir daha sübut etdi.
Şair Rizvan Nəsiboğlunun yeni şeirlər kitabı işıq üzü görüb
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Rizvan Nəsiboğlunun “Külək döyən qapılar” adlı yeni şeirlər kitabı işıq üzü görüb.
Kitabda şairin son illərdə yazığı, dövrü mətbuatda dərc olunan şeirləri və iki poeması yer alıb.
Şeirlərin mövzusu, əsasən, ana məhəbbəti, yurd-Vətən sevgisi, torpağa, elə bağlılıq, sədaqət, etibar və ülvi hisslərdir.
Qeyd edək ki, Rizvan Nəsiboğlu “Elçi dağı”, “Ömrüm qələmdən adlayır”, “Ey kimsə”, “Ömrümü atmışam göyün altında” şeir kitablarının müəllifidir.
Bakıda Nizami Gəncəvinin dağılmış mozaikası bərpa olunur
Bakıda Nizami Gəncəviyə və dahi şairin əsərlərinə həsr olunmuş dağılan vəziyyətdə olan mozaikanın bərpasına başlanılıb.
Bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, bərpa olunan abidə paytaxtın Nəcəfqulu Rəfizadə və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşir: “Ərazidə Nizami Gəncəvinin əsərlərinə həsr olunan mozaika var. Həmin mozaikanın bərpası ilə bağlı artıq işlər başlanılıb. Yaxın zamanlarda işlər yekunlaşacaq. Ərazinin qarşısı da abadlaşdırılacaq”.