Super User
“Məclisi-üns”ün fəaliyyətinin bərpasına görə mədəniyyət nazirinə minnətdar olanlar çoxdur
Bildiyiniz kimi, 9 sentyabr 2022-ci il tarixində Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantısı keçirilib. “Məclisi-üns” Ədəbi Məclisi fəaliyyətinin bərpası “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 14 mart tarixli 3181 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə təsdiq olunmuş “Xurşidbanu Natəvanın 190 illik yubileyinə dair Tədbirlər Planı”ına əsasən həyata keçirilmişdi.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, Məclisi-üns”ün Azərbaycanın mədəni-ictimai həyatında, müvafiq sahə üzrə tədbirlərin təşkilində, yaradıcı şəxslərin təşkilatlanmasında digər yaradıcılıq ittifaqları kimi öz üzərinə düşən missiya və funksiyaları icra edəcək.
“Məclisi-üns” Ədəbi Məclisin təşkilati-hüquqi statusu digər yaradıcılıq ittifaqları kimi qeyri-hökumət təşkilatı – ictimai birlik kimi müəyyən edilib.
Azərbaycan Respublikasının mədəniyyət naziri
Anar Kərimov:
"…1872-ci ildən Azərbaycan poeziyasının görkəmli siması Xurşidbanu Natəvanın himayəsində fəaliyyətini genişləndirən "Məclisi-üns" o dövrdə Qarabağda və ümumilikdə Azərbaycanda ədəbi mühitinin formalaşması və ədəbi nəsillərin yetişməsində mühüm rol oynayıb.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ ədəbi məclislərinin bu ənənəsini yaşatmaq və təbliğ etmək üçün “Məclisi-üns” Ədəbi Məclisi ictimai birliyinin yaradılması qərara alınıb.
Birliyin fəaliyyətinin əsas məqsədləri Qarabağın ədəbi və mədəni irsini araşdırmaq, Azərbaycanda və onun hüdudlarından kənarda təbliğatını həyata keçirmək, müasir ədəbi proseslərin və yaradıcı şəxslərin inkişafını dəstəkləmək, Azərbaycanın mədəni irsinin mühafizəsinə, inkişafına və təşviqinə dair tədbirlər təşkil etməkdir. İnanırıq ki, ölkə Prezidentinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar ədəbi-mədəni ənənələr üzərində yaradılan “Məclisi-üns” Ədəbi Məclisi İctimai Birliyi öz fəaliyyəti ilə Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin azad Qarabağa qaytarılması və ədəbi nəsillərin yetişməsi işinə töhfə olacaq…”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar Rzayev:
“…Qarabağın möcüzəvi təbiətinin insana aşıladığı yaradıcı ruh Şuşada qeyri-adi yaradıcılıq mühiti formalaşdırmışdı. Təsadüfi deyil ki, Qasım bəy Zakir, Baba bəy Şakir, Məhəmməd bəy Aşiq, Natəvan, Nəvvab, Fatma xanım Kəminə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu kimi yazıçı və mütəfəkkirlərimiz Şuşada yetişib yaradıcılığa başlayıblar. Şuşanın necə bir mədəniyyət mərkəzi olmasını, mədəniyyətimizin inkişafına verdiyi töhfələri elə Qarabağ ədəbi məclislərinin fəaliyyəti nümunəsində görə bilərik.”
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
Qənirə Paşayeva:
“Acınacaqlı haldır ki, Şuşanın ərazisini yox, həm də mədəniyyətini mənimsəmək iddiasında olan mənfur qonşularımız heç bir əsas və fakt olmadan XIX əsrdə Şuşada mədəniyyətin inkişafının belə onlara aid olması təsəvvürünü formalaşdırmağa çalışırlar... Şuşanın onlara heç bir dəxli olmamasına tutarlı cavablardan biri də orada yaranan ədəbiyyat, sənət inciləri, XIX əsrin ədəbi məclisləridir. Dünya, eləcə də Şərq mədəniyyətində ədəbi məclislər xüsusi mədəni təsisat, institut kimi qədim dövrlərdən mövcud olmuşdur. Şərqdə, eləcə də Azərbaycanda onlar, əsasən saraylarda yaradılıb və üzvləri hökmdarların himayəsində olub.”
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
İsa Həbibbəyli:
"Azərbaycanda ədəbi məclislərin müstəqil fəaliyyəti xanlıqların süqutundan sonra inkişaf etməyə başlayıb. Ədəbi məclislər siyasi hakimiyyət əldən getdikdən sonra mədəni hakimiyyəti ələ alan, mədəniyyətin, maarifin, milli ideologiyanın inkişafına təkan verən mərkəzlər funksiyasını yerinə yetirib. Təəsüf ki, onların mədəniyyət və fikir tariximizdə icra etdiyi rol lazımi səviyyədə araşdırılıb dəyərləndirilməyib... Müstəqillik dövründə ayrı-ayrı ədəbi məclisləri araşdıran alimlərimiz ədəbiyyat tarixini məclis üzvlərinin bədii və pedaqoji fəaliyyətləri haqda yeni məlumatlarlara zənginləşdiriblər. Lakin məclislərin stasus və funksiyası, strateji əhəmiyyəti məsələlərinə aydınlıq gətirmək üçün yeni tədqiqatlara və elmi dəyərləndirmələrə tələbat var. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə fəaliyyəti bərpa olunan “Məclisi-üns”ün əvvəlki məclisdən fərqi və məxsusiliyi ondan ibarətdir ki, türkdilli ölkələrin yazarları da burada təmsil olunur. Gələcəkdə xarici ölkələrin yazarları da “Məclisi-üns”ün üzvü olduqdan sonra onun fəaliyyət diapazonu daha da genişlənəcək və qlobal xarakter alacaqdır."
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik
Rəfael Hüseynov:
"XIX əsr Şuşa ədəbi məclisləri özünün çoxyönlü funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifə verdiyi töhfələri ilə fərqlənir… "Məclisi-üns" və "Məclisi-fəramuşan" ədəbi məclislərini mədəni təsisat kimi nəzərdən keçirdikdə Qarabağ ədəbi-mədəni mühiti haqda müəyyən təsəvvür formalaşır…”.
Nizami Gəncəvi adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru
Raqub Kərimov:
“Ədəbi məclislər ilk növbədə şeir-sənət məktəbi idi. Burada şeirlər, məsnəvilər yazılır, ədəbi müzakirələr aparılır, şeir normaları öyrədilir, nəzirələrlə ənənələr möhkəmlədilir və gələcək nəsillərə ötürülürdü… Təzkirə və cünglər ədəbiyyat tarixi elmimizin mühüm qaynaqları və sənədləri olduğu üçün Şuşa ədəbi məclisləri elmimizə mühüm töhfələri kimi dəyərləndirilə bilər Şeir, sənət məktəbi kimi şeirşünaslıq elminin qayda və normalarının öyrədilməsi, qorunması ədəbi məclislərin bəlağət və poetika məktəbi kimi də əhəmiyyətini müəyyənləşdirir.”
Azərbaycan Yazıçılar Birliyinin katibi, çair, tərcüməçi
Səlim Babullaoğlu:
“Ədəbi məclislər həm də musiqi məclisi idi. Tarzən Sadıq (Mirzə Əsəd oğlu Sadıq - Sadıqcan), Hacı Hüsü, Məşədi kişi, Kaştazlı Haşım, Molla Abbasqulu, Molla Vəli, Məmməd Qaryağdı, Məşədi Dadaş və başqa xanəndələr ədəbi məclislərdə fəal iştirak edirdilər… Nəsrəddin Qarayev yazır ki, Məşədi İsi, Kaştazlı Haşım, Hacı Hüsü, İslam Abdullayev, Mirzə Muxtar, Malıbəyli Həmid və qeyri xanəndələr həmin məclisin üzvü olmuşlar. Qarabağda muğam, ifaçılıq o qədər inlişaf etmişdi ki, o dövrdə Şuşada Bülbül təxəllüsü daşıyan üç müğənni vardı.”
Azərbaycan Yazıçılar Birliyinin sədr müşaviri, şair-tərcüməçi
Sayman Aruz:
“Hər millətin əldə etdiyi iki ali dəyər vardır. Biri ədəbiyyat, digəri isə dövlətçilikdir. Azərbaycan dövləti və dövlətçiliyi xalqa və ədəbiyyata olan borcunu ödədi və qalib olmaq, müzəffər olmaq kimi sözləri ədəbiyyatımıza qaytardı. Indi vaxtıdır ki, Azərbaycan ədəbiyyatı da öz dövləti və dövlətin ali rəhbərliyinə olan borcunu qaytarsın… Ədəbi məclis üzvlərinin Azərbaycan tarixinin yazılıb yaşamasında da xidmətləri var. Təsadüfi deyil ki, Azərbaycan tarixinə aid ilk sistemli elmi əsər ("Gülüstani-İrəm") müəllifi "Gülüstan" ədəbi məclisinin rəhbəri Abbasqulu ağa Bakıxanovdur.”
“Məclisi-üns” nə üçün bu qədər əhəmiyyətlidir?
Yeni tipli, üsuli-cədid məktəblərinin əməli fəaliyyəti, dərsliklərin yazılması həm Şuşada, həm də bütövlükdə Azərbaycanın bütün bölgələrində ədəbi məclislərin qabaqcıl təmsilçilərinin iştirakı ilə gerçəkləşirdi. Qarabağda Nəvvab, Qaradaği dərsliklərin tərtibi və yazılmasında fəallıq göstərirdilər. Qaradaği Çerniyayevskiyə "Vətən dili" dərsliyinin yazılmasında yaxından kömək etmişdir.
Milli bayramlarımızın, xüsusən Novruzun təşkili və keçirilməsi işlərinə də mədəni mərkəz kimi ədəbi məclislər başçılıq edib. "Məclisi-üns" üzvü Mirzə Ələsgər Növrəs Novruz bayramlarında "padşah" seçilirdi. Bu mənada, ədəbi məclislər həm də xalqın adət-ənənəsini, etnoqrafiyasını yaşadan bir təsisat idi.
Şairlərimiz təkcə Qarabağda, Azərbaycanda şahidi olduqları hadisələrə yox, qlobal proseslərə də şeirlər həsr edirdilər; Məmo bəy Məmainin ingilislərin Şərqdə müstəmləkəçilik siyasətinin əleyhinə yazdığı şeir kimi.
Bölgələrdəki məclis üzvlərinin məktublaşmaları, görüşüb fikir bölüşmələri aparmaları Azərbaycan ziyalıları arasında mövqe yaxınlığının inkişafına yardım edirdi. Qarabağ ədəbi məclisləri Şamaxı, Naxçıvan ədəbi məclisləri, Qaradağ, Ərdəbil şairləri ilə sıx əlaqə saxlayırdılar.
Qadınların kişilərlə bir məclisdə fəaliyyət göstərməsi Qarabağ ədəbi məclislərinin əsas özünəməxsusluqlarından biri idi. Qeyd etmək lazımdır ki, o vaxt Qarabağ qadınları öz fəallıqları ilə seçilirdilər – həm yaradıcılıqda, həm də xeyriyyəçilikdə. Şairlər Natəvan, Fatma xanım Kəminə, aşıq Pəri ədəbiyyat tarixində fərqli yerə sahibdirlər. Natəvan, Gövhər ağa, Qara Pirimli Nigar, Fatma xanım Kəminə xeriyyəçi kimi də tanınmışdılar. Qadınların xeyriyyəçilik fəaliyyəti özü də müəyyən ənənəyə bağlıdır. Qədim türklərdə qadına yüksək dəyər verilirdi. Xeyriyyəçilik qadınların əsas fəaliyyət sahələrindən biri sayılırdı. Qarabağ xanımları həm birgə fəaliyyət, həm də idarəçilik işləri ilə həmin ənənəyə bağlı idilər.
Şuşa ədəbi məclisləri XIX əsrdə Azərbaycanda mədəni ideologiyaların inkişafında da mühüm rol oynamışdır. İslamçılıq, türkçülük, azərbaycançılıq, müasirləşmə ideologiyalarının mədəni təzahürlərinə aid sənətkarların yaradıcılığından çoxsaylı misallar gətirmək olar.
Bəzən belə fikirlərə rast gəlirik ki, ədəbi məclis üzvlərinin çoxusu zəif şairlər olub. Bu, onların yaradıcılığının bütövlükdə üzə çıxarılıb, çap olunub araşdırılmaması ilə bağlıdır. Məclislərdə aparılan müzakirələr, şeir, sənət tələbləri orada zəif nümunələrin yazılma ehtimalını azaldır. Burada yaşanan ciddi yarışma və rəqabət, şeir, sənət dəyərləndirməsi, ustadların məclisə rəhbərlik etməsi zəiflərin və dözümsüzlərin sona qədər getməsinə imkan verməzdi.
Qarabağ ədəbi mühiti onun təbiəti qədər zəngin və rəngarəngdir. Öyrənilib araşdırılması, təbliği humanitar fikrimizin inkişafına xidmət etməklə bərabər, həm də onu sahiblənmək istəyən yadları, düşmənləri susdurar. Ona görə də hər şeydən öncə insan yaradan bu ədəbi məktəblərin inkişafı hər zaman həm xalq, həm də dövlət olaraq əsas məqsədlərimizdən olmalıdır.
Beynəlxalq Türk Akademiyası Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla bağlı bəyanat yayıb
Beynəlxalq Türk Akademiyası Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində insan tələfatı və yaralanmasına səbəb olan hərbi təxribatını qətiyyətlə pisləyir və yaranmış vəziyyətdən dərin narahatlığını bildirir.
Türk Akademiyasının yaydığı məlumata görə, təşkilat qardaş Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiqləyir, davamlı sülh naminə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərinin əhəmiyyətini vurğulayır.
Akademiya Azərbaycan xalqına və şəhid ailələrinə başsağlığı verir, şəhidlərə Allahdan rəhmət, qazilərə və yaralılara şəfa diləyir.
Atası şəhid olmuşdu, indi də həyat yoldaşı şəhid oldu
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan 67 hərbi qulluqçudan biri Azad Kərimovdur.
Şəhid hərbçinin nəşi doğulub-böyüdüyü Qazax rayonu, Daş Salahlı kəndinə aparılıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Daş Salahlı kəndində rayon rəsmilərinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin izdihamlı vida mərasimi keçirilib. Mərasimdən sonra Azad Kərimov Daş Salahlı Şəhidlər Xiyabanında dəfn olunub.
Ordumuzun giziri Kərimov Azad Zahid oğlu Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında törətdiyi təxribatlar nəticəsində Kəlbəcər istiqamətində şəhidlik zirvəsinə yüksəlib. O, ailəli idi, iki övladı yadigar qalıb.
Və bir məlumatı da diqqətinizə çatdıraq ki, Azad Kərimovun həyat yoldaşı da şəhid qızıdır. O, Qazax rayon Fərəhli kənd sakini, Birinci Qarabağ müharibəsi şəhidi Azər Hüseynovun övladıdır.
Bildirək ki, şəhidimizin qayınatası Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 1992-96-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət edib. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olub. Evli idi. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayırdı.
Azərbaycan qadınları üçün müharibə xüsusən dəhşət saçır. Həyat yoldaşı şəhid olan qadınlar var ki, sonradan övladları da şəhid olur. Bizim əhvalatımızda isə atasının şəhidliyinin acılarını yaşamış xanım indi də həyat yoldaşının şəhidliyinin sarsıdıcı zərbəsini aldı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rəsm qalereyası: Ruslan Smorodinov, “Dəniz dalğalanır”
Günün fotosu: Dövlət Departamenti Ruisyanı xarici siyasətçiləri satın almaqda ittiham edir
Günün fotosu: Dövlət Departamenti Ruisyanı xarici siyasətçiləri satın almaqda ittiham edir
ABŞ Dövlət Departamemti məlumat yayıb ki, Rusiya xarici məmur və siyasətçiləri satın almaq üçün 2014-cü ildən bəri 300 milyon dollardan artıq pul xərcləmişdir. Bu pullar Mərkəzi Amerikada, Şimali Afrikada, Asiyada və Yaxın Şərqdə təsir gücünü artırmq üçün nəzərdə tutulurdu.
Mənbə: Euronews
Bir xalqın yaddaş ritmi olan Dombra
Aida Eyvazlının Qazaxıstandan yazır
Dünya Liderlərinin və Ənənəvi Dinlərin Qurultayında ali qonaq qismində iştirak edən Roma Papası daim diqqət mərkəzindədir. Çoxsaylı müxbirlər onu bir an da tək buraxmır, ondan fikir almağa çalışırlar. Budur, Papadan növbəti çıxış. O, Qazaxıstandakı müxtəlifliyi və harmoniyanı milli musiqi aləti dombraya bənzətdiyini qeyd etdi:
-Mən bu ölkədə olmağımdan çöx şadam, bu ölkə böyük olduğu qədər də qədimdir, bu ölkədə dialoqun və birliyin yolunu tapmaq üçün dünyanın bir zəvvarı kimi ziyarətə gəlmişəm. Bizim dünyamızda təcili olaraq harmoniyanı bərpa etməyin zamanı yetişib. Harmoniya. Ölkənizə məxsus ənənəvi və xüsusi musiqi aləti vardır, artıq onunla tanışam. Adı Dombradır. O, Qazaxıstanın mədəni simvoludur, o qədər vacib bir alətdir ki, hətta onun adına xüsusi gün də təyin etmisiniz. Ona görə də mən öz çıxışımı elə bu sirli musiqi alətinin üzərində qurmaq istəyirəm. Buraya gəlməzdən əvvəl, öyrəndim ki, hələ orta əsrlərdən başlayaraq insanlar bu musiqi alətində ifa ediblər, onun sədaları altında şeir deyib, dastanlar danışıblar. Bununla da keçmişi bu günlə bağlayıblar. Müxtəlifliklə davamlılığın simvolu bütöv bir ölkənin ritm yaddaşıdır və bu bizdən əvvəlki həyat ilə, keçmiş ilə bağlarımızı unudulmamağa qoymur. Həmçinin əcdadlardan qalmış ənənələr keçmişi xəzinə kimi qorumağı öyrədir, bu da ki, sizdə vardır. Burada sizin gözəl bir adətinizi xatırlamaq istəyirəm: həftənin cümə günləri səhər tezdən əcdadlarınızın adına 7 çörək bişiririsiniz.
Pantifik eyni zamanda qeyd etdi ki, “dombra iki simə toxunaraq çalınır. Qazaxıstan həm də “iki paralel sim” arasında harmoniya yaradaraq irəli getmək qabiliyyətini xarakterizə edir: qışda şiddətli şaxtaları və isti yayı, qədim şəhərlərin yeni müasir şəhərlərlə görüşməsi ilə simvollaşdırılan ənənələr və tərəqqi də bu ölkənin bəzəyidir.
O dedi:
-Bu ölkə bir də ona görə gözəldir ki, burada iki qəlbin – Asiya və Avropanın melodiyaları səslənir, bu da iki kontinenti birləşdirmək missiyasını yaradır. Dombranın simləri buradakı digər mədəniyyətlərə məxsus musiqi alətlərinin simləri ilə eyni musiqini ifa edir.Bu simlərdən axan səslər süzülərək özlüyündə ümimi xor , ümumi harmoniya yaradraq, həyatın nəbzini tutur. Dombta bizim üçün də bir stimuldur. O ilk növbədə , xalq çalğı alətidir, onun musiqisində bu xalqın ruhu və gücü yaşayır. Mən çıxışımın sonunda yenə dombradan danışmaq istəyirəm. Siz yəqin ki, deyəcəksiniz ki, Papa- musiqiçidir! Dombra həm Qazaxıstanı və bu regionun digər ölkələrini bir-birinə yaxınlaşdırır. Bu da dünyanın mədəni mənzərəsinin genişlənməsinə böyük töhfə verir. Mən arzu edirəm ki, bu ölkənin adı hər zaman harmoniya və sülhlə sinonim olsun.
“Heç bir təsəlli sənə öz oğlunun yerini verməz…”
“Ədəbiyyat və incəsənət” portalı şair Musa Ələkbərlinin “Analar, şəhidlər…” şeirini təqdim edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Dərdin paylanıbdır obaya, elə,
Tarix bu yaranı unudan deyil.
Bu günün qələbə sevinci belə
Gözünün yaşını qurudan deyil.
Batdı gözlədiyin nişanı, toyu
Bir daha sən onu görməyəcəksən.
“Anan ölsün” deyib bir ömür boyu
Məzarı üstündə göynəyəcəksən.
Nələr çəkdiklərin Tanrıya bəlli,
Qaysağı yaranın dərini verməz.
Nə mahnı, nə şeir, heç bir təsəlli
Sənə öz oğlunun yerini verməz.
Qəlbiniz həsrətdən oda düşəndə
Gedin Qarabağa siz axın-axın.
O şəhid oğlunuz yada düşəndə
Murova boylanın, Şuşaya baxın.
Silinməz bu ağrı, bitməz bu səfər,
Yolun çox uzundur şəhidim, sənin.
İki min səkkiz yüz səksən bir nəfər
Şəhid anası var indi Vətənin.
Qəlbindən silinməz getməz bu kədər
Sizi zaman-zaman anacaq onlar.
Şəhid balasına yandığı qədər
Doğma Vətəninə yanacaq onlar.
İgidlər önünü kəsdilər şərin
Açıldı Vətənin qolu, qanadı.
İki min səkkiz yüz səksən bir nərin
İndi bir kəlmədə boy verir adı!
Şəhidlər – nur verən Günəşə, aya,
Şəhidlər, tarixə dönən şəhidlər.
Şimşək yanğısıyla gəlib dünyaya,
Şimşək alovutək sönən şəhidlər!
Yarımçıq ömürlə bütöv getdiniz,
Bu yurdda günəşlə, ayla tənsiniz.
Siz canı Vətənə fəda etdiniz,
İndi hər biriniz bir Vətənsiniz.
Sizə ağı deyib öyən analar,
Qəlbimi yer-yerdən qanadır indi.
“Oğul, anan ölsün” deyən analar
Anamız Vətənə anadır indi!
Ən çox oxunan: Dünyanın ilk sualtı göydələni
Belçikalı memar Vinsent Kallebot 20 min nəfər üçün nəzərdə tutulmuş sualtı göydələnlərə konsept dizayn hazırlayıb.
Və bu konsepsiyada bəyan edilən ekoloji cəhətdən təmiz strukturlar lazımi enerji və istiliyi özləri istehsal etdikləri üçün qalıq yanacaqlardan istifadəyə ehtiyac duymayacaqlar.
Memarın fikrincə, layihə həyata keçirildikcə atmosferə atılan zərərli qazların səviyyəsi durmadan azalacaq.
Sualtı okean göydələni daxili quruluşuna görə meduzaya bənzəyir, spiral şəklində olan sualtı hissəsi isə 1000 metr dərinliyə gedir. Sualtı evin içərisində ofislər, emalatxanalar, elmi laboratoriyalar, dəniz təsərrüfatları, məhsul yetişdirmək üçün yerlər və qazon parkları olacaq.
İçməli suya olan tələbatın öz elektrik stansiyası hesabına ödənilməsi nəzərdə tutulur. Havanın yenilənməsi yuxarıda yerləşən külək boruları vasitəsilə oksigen stansiyasının köməyi ilə həyata keçiriləcək. Mərcan rifləri, balıqçılıq və öz təsərrüfatları sualtı göydələnlərin sakinlərini qida ilə təmin edəcək.
Sarayevoda Beynəlxalq Sənədli Filmlər Festivalı keçirilib
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda V Beynəlxalq Sənədli Filmlər Festivalı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Al Jazeera Balkans”ın təşkil etdiyi və bu il “Ağ göyərçin” şüarı ilə keçirilən festivalda insan hekayələrindən bəhs edən filmlər nümayiş olunub. Festival çərçivəsində dünyanın müxtəlif yerlərindən və region ölkələrindən 12-si müsabiqə kateqoriyasında olmaqla 25 sənədli film təqdim edilib.
Münsiflər heyətinin qərarına əsasən, “Baş mükafat” Qorki Qlazer Müllerin “Düşmənin uşaqları” sənədli filminə verilib. Sənədli film 7 nəvəsini həbsdə olduqları İŞİD terror təşkilatının Suriyadakı düşərgəsindən xilas etməyə çalışan bir adamın hekayəsindən bəhs edir.
Julie Bezerra Madsenin “Görməli hər şey” sənədli filmi isə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb
Sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərimizin olması ilə əlaqədar 18 Sentyabr - Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınıb.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Musiqi Günü çərçivəsində keçiriləcək festivalın proqramında olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılır.
Həmçinin teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır.