Super User

Super User

Пятница, 16 Сентябрь 2022 14:03

Bu dəfə Bərdədə

 

“Muzeyi peşəkardan öyrənək” adlı layihə üzrə növbəti təlim-seminar Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Bərdə, Tərtər və Yevlax rayonlarında, o cümlədən Mingəçevir şəhərində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün Bərdə rayon Mədəniyyət Mərkəzində keçirilib. Layihədə ümumilikdə 10 mədəniyyət müəssisəsindən 40-dan çox əməkdaş iştirak etmişdir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və muzeyin ekspozisiya şöbə müdiri Ülviyyə Şəmmədovanın iştirakı ilə “Muzey sahəsində müasir çağırışlar”, “Fond və mühafizə işi”, “Dünya muzeyləri” mövzuları üzrə təlim-seminar keçirilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin elmi nəşrləri təlim iştirakçılarına təqdim edilmişdir. Sonda təlim iştirakçılarının sualları ətrafında fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı lahiyə regional muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.

Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

Пятница, 16 Сентябрь 2022 14:02

Şvıdko Bakıdadır

 

Mədəniyyət naziri Anar Kərimov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 15 sentyabr tarixində mədəniyyət naziri Anar Kərimov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.

Tərəflər Azərbaycan və Rusiya mədəni əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Görüşdə gələcəkdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı həyata keçiriləcək layihə və planlar müzakirə olunub.

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində təqdimatlardan biri Azərbaycanın görkəmli şəxsiyyəti, alimi, sənətkarı, xalça ustası, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimova həsr olunur.

Muzey məlumat yayıb ki, təqdimatda görkəmli xalçaçı-rəssamın həyat və yaradıcılığı haqqında məlumat verilir. 

Lətif Kərimov 1906-cı ildə Azərbaycanın qədim diyarlarından biri olan Şuşa şəhərində anadan olub.

Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmağı öyrənib.

Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənirdi. O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərib. 

İlk dəfə olaraq Bakıda və Qubada (1932-1936) xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olub. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərib.

O, min illərdən başlayaraq Azərbaycan xalçaçılarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplanmış və beləliklə Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlayıb.

Lətif Kərimov 1991-ci ildə Bakı şəhərində vəfat edib.

 

Londonda “Leylanın skripkası” qısametrajlı filminin təqdimat mərasimi keçirilib. 

AzərTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sponsorluğu və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin Amerika Yəhudi İcmasının dəstəyi ilə keçirilən tədbir İngiltərə paytaxtının tarixi məkanlarından biri olan “Regent Street Cinema”da keçirilib. 

Təqdimat mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri və müxtəlif universitetlərdə təhsil alan tələbələr iştirak ediblər. Təqdimat mərasimində Azərbaycana aid kitablar da sərgilənib.

Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova gələn qonaqları salamlayaraq film haqqında fikirlərini bildirib. O, söyləyib ki, “Film Azərbaycanın multikultural ənənələrini əks etdirir. Azərbaycan xalqı tarix boyu müxtəlif etnik qruplar və xalqlar üçün birgə yaşamaq şəraitini təmin edib. O cümlədən Azərbaycan dövləti də bu mədəniyyəti ən səmərəli şəkildə dəstəkləyir”.

Səlhət Abbasova çıxışı zamanı bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlara başladılar. Həmin rayonların ərazisində ordumuzun mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin 71 hərbi qulluqçusu şəhid olub.

Daha sonra Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov çıxış edib. Azərbaycan və yəhudi icması arasında yaxın münasibətlər olduğunu qeyd edən səfir, filmdəki baş qəhrəmanın da Kaliforniya Ştatından gəldiyini, özünün də həmin illərdə orada çalışdığını və Azərbaycanın dostları ilə mehriban münasibətləri olduğunu söyləyib. O, ABŞ-da yaşadığı 10 il ərzində də yəhudi icması ilə sıx əlaqədə olduqlarını bildirib.

Süleymanov son günlər Azərbaycan və Ermənistan sərhədində erməni təxribati nəticəsində şəhid olan azərbaycanlı zabit və əsgərlərin və Böyük Britaniya Kraliçası II Elizabetin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə gedərək, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verməsinin ikitərəfli münasibətlərin nə qədər əhəmiyyətli və inkişaf etdiyinin göstəricisi olduğunu qeyd edib. 

Tədbirdə filmin rejissoru Ella Leya da çıxış edərək doğulub boya-başa çatdığı Azərbaycan haqqında film çəkdiyi üçün xoşbəxt olduğunu dilə gətirib. 

Təqdimat mərasimində tanınmış azərbaycanlı skripkaçı, Böyük Britaniyada fəaliyyət göstərən “Natavan Qrup”un İdarə Heyətinin üzvü Sabina Rakçeyeva çıxış edib ifa edib.

Film Azərbaycan və Amerika bəstəkarı, musiqiçisi və yazıçısı Ella Leyanın rejissorluğu ilə çəkilib. Filmin quruluşçu operatoru Nadir Mehdiyev, geyim rəssamı Mehriban Əfəndidir. "Leylanın skripkası” Kaliforniyada yaşayan Leyla adlı qızın anasını axtarmaq üçün onun doğulduğu yerə - Azərbaycana, Qubada dağ yəhudilərinin qədim yaşayış məskəninə səyahət etməsindən bəhs edir.

Filmdə baş rolları Sabina Rakçeyeva və gənc Hollivud aktrisası Sofiya Rossinski canlandırıblar.

Film izləyicilər tərəfindən maraqla qarşılanıb. 

Xatırladaq ki, “Leylanın skripkası” qısametrajlı filmi Monako Film Festivalında “Mələk” (“Angel”) mükafatının qalibi olub.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 18-20 sentyabr tarixlərində Şuşa və Bakı şəhərlərində “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

 

“Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə gerçəkləşəcək tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub.

Birinci hissəsi Şuşada, ikinci hissəsi isə Bakıda keçiriləcək beynəlxalq konfransda 15-ə yaxın ölkədən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər mədəniyyət iqtisadiyyatı ilə bağlı aktual məsələləri müzakirə edəcək və bu istiqamətdə öz təkliflərini təqdim edəcəklər.

Tədbirin əsas məqsədi mədəniyyət sahəsində gəlirliliyin,  yaradıcı sənayelərin ölkə iqtisadiyyatında payının artırılması, yaradıcı sənayelərin ixrac potensialının gücləndirilməsi kimi məsələlərin müzakirəsi və bu sahəyə ictimai marağın təşviq olunmasıdır.

Konfransa dəvət olunan xarici ekspertlər mövzu üzrə beynəlxalq təcrübəni bölüşəcək və yerli iştirakçılarla qlobal tendensiyalara dair fikir mübadiləsi aparacaqlar.

Beynəlxalq elmi-praktik konfrans eyni zamanda Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı kimi statusunun beynəlxalq aləmdə təbliğinə, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən artıq qısa müddət ərzində aparılmış bərpa və yenidənqurma işlərinin beynəlxalq aləmdə tanınmasına xidmət edəcək, həmin ərazilərdə mədəni və yaradıcı sənayelərin inkişafına töhfə olacaq.    

Beynəlxalq elmi-praktik konfrans barədə daha ətraflı məlumatlar aşağıda qeyd olunan sosial media hesablarında mütəmadi olaraq yayımlanır:

Facebook: Culture Economy in Azerbaijan: Development impulses from Shusha (https://bit.ly/3Bgzw4R)

İnstagram: culture_economy_az (https://bit.ly/3eLvPwz)

 

Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 5-ci bəndinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin ev-muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülən zəruri tədbirlər çərçivəsində nazir Anar Kərimov, nazir müavini Sevda Məmmədəliyeva və Nazirliyin Aparatının Muzey, qalereya və sərgilər şöbəsi Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etdilər.

 

Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı Nazirlik nümayəndələrini qədim zamanlardan başlayaraq bu günədək Azərbaycan tarixini əks etdirən 300 minədək eksponatın qorunub saxlanıldığı muzeyin fondları ilə tanış etdi. Eyni zamanda, muzeyin nəşrləri və ekspozisiyada sərgilənən dəyərli eksponatlar barədə məlumat verdi. O, həmçinin muzeydə fəaliyyət göstərən bərpa laboratoriyası və burada həyata keçirilən bərpa və konservasiya işlərindən danışdı.

 

Nazir Anar Kərimov çıxış edərək Milli Azərbaycan Tarixi Muzeyinin elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətinin davam etdirilməsinin zəruriliyindən bəhs etdi. O, həmçinin zəngin tariximizin daha düzgün təqdim edilməsinə, bu tarixdə indiyədək yol verilən bütün təhriflərin düzəldilməsinə ehtiyac olduğunu vurğuladı. Nazir qeyd etdi ki, muzeydə tədqiqat işinə böyük diqqət ayrılmalı, bu sahədə çalışan əməkdaşların peşəkarlığı artırılmalı və araşdırmaların xarici dillərə tərcüməsi təmin olunmalıdır. Bununla da Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, mədəni dəyərlərimizin tanınmasına, tariximizin qorunmasına töhfə verə biləcəyimizi muzey əməkdaşlarının diqqətinə çatdırdı.

 

Nazir Azərbaycan xalqının tarixi və mədəni ənənələrini tədqiq və təşviq etdirən, habelə Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi mədəniyyət nümunələrinin toplanması, öyrənilməsi, nümayişi və təbliği istiqamətində xidmətlər göstərən Milli Azərbaycan Tarixi Muzeyinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərməsinin daha səmərəli işlərin həyata keçirilməsinə imkan verəcəyini vurğuladı.

 

Görüş çərçivəsində muzey əməkdaşları ilə tanışlıq və muzeyin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparıldı.

Пятница, 16 Сентябрь 2022 11:30

“Can deyənləri can verənlə dəyişik salıb can əritməyin”

 

“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın hikmət boxçasından növbəti kəlamları dərc edir. 

 

*Ağıllı kasıb varlı, ağılsız varlı kasıb görünər...

 

*Vara yox demək -- hiyləgərlik, 

Yoxa var demək -- hünərvərlik...

 

*Yuxarı mərtəbəyə qalxmaqla aşağıya enmək arasında bəzən bir nəfəs dərimi qədər zaman məsafəsi olur...

 

*Alimlər etiraz etməsəydilər, kainatda yeganə hərarət mənbəyinin Günəş olması faktına mən sevən insan qəlbini də əlavə edərdim...

 

*Cahildən də artıq cahil varsa, o da aqillə cahili bərabər tutan kəsdir...

 

*Əsası hörmətlə qoyulan sevgini ayrılıq da bitirə bilməz...

 

*Yamana yaxşılıq edib yaxşılığı yaman etmə...

 

*Yaxşılıqla olunan pislik pisliklə olunan yaxşılıqdan yaxşıdır...

 

*Yaltaqlıqla ofis rəhbəri, filial müdiri, müavin də, müşavir də, qəyyum da olmaq olar, amma sənətkar yox...

 

*Gəlişin, gülüşün, sevincin bir yana, qəzəbini belə sevməyənin sevgisinə inanma...

 

*Gülüşlərinə gülümsədiyinin göz yaşlarını da öpməlisən...

 

*Səndən qaçanın nə arxasınca düş, nə də qabağına qaç...

 

*Könlünü sındırdığının könlünü almaq neçə-neçə Kəbə ziyarətinə bərabərdir...

 

*Vicdanlı və ədalətli kəs bütün səhv addımlarının səbəbini özündə axtarandır...

 

*Hətta haqlı olsa belə, incidən inciyəndən daha çox əzab çəkir...

 

*Hər şeyə hakim olan zaman təkcə sevgiyə hökm edə bilmir...

 

*Adını münasib siyahıdan çıxaran çıxdaşların sənin möhtəşəmliyindən qorxduqlarına əmin ol...

 

*Günah səni görməyənlərdə yox, sənin görə bilməyənləri görə bilməyindədir...

 

*Ömür qısa olsa da, əməl uzundur...

 

*Ümid xəyalın tanışı, məqsədin dostudur...

 

*Təsəlli real istəkdən doğulan layiqli köməkdir...

 

*Ən böyük güc də peşimanlıq qarşısında acizdir...

 

*Məqamında əsəbini cilovlaya bilən adamın sağlamlığına şübhə yoxdur...

 

*Vətən eşqi Allah eşqidir!..

Пятница, 16 Сентябрь 2022 11:00

Nazir Anar Kərimov Rəsul Rzanın ev-muzeyini ziyarət edib

 

“Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 iyun tarixli 3337 nömrəli Sərəncamının icrası ilə əlaqədar muzeyin yaradılması istiqamətində həyata keçirilmiş işlərlə tanış olmaq məqsədilə Mədəniyyət naziri Anar Kərimov və Muzey, qalereya və sərgilər şöbəsi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyini ziyarət etdilər.

 

Qeyd edək ki, Nazirliyin müvafiq əmrinə əsasən muzeyin yerləşdiyi mənzil Mədəniyyət Nazirliyinin balansına götürülmüş, muzeydə nümayiş olunacaq şairə aid əşyalar müvafiq qaydada siyahıya alınmışdır.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş çərçivəsində nazir Anar Kərimov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Rəsul Rzanın qızı, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının baş müəllimi Fidan Rzayeva və muzeyə yeni təyin olunmuş direktor Rəsul Rzayev ilə Rəsul Rzanın ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə müzakirələr və fikir mübadiləsi apardı.

 

“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 5-ci bəndinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin ev-muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülən zəruri tədbirlər çərçivəsində nazir Anar Kərimov, nazir müavini Sevda Məmmədəliyeva və Nazirliyin Aparatının Muzey, qalereya və sərgilər şöbəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin ev-muzeyini ziyarət etdilər.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Hüseyn Cavidin ev-muzeyinin baş direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı nazirliyin nümayəndələrini muzeyin tarixi, görkəmli şairin həyat və yaradıcılığını əks etdirən ekspozisiyası ilə tanış etdi. O, məhz yaşadığı evdə Hüseyn Cavidin ev-muzeyinin yaradılmasında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğuladı. Gülbəniz Babaxanlı muzeyin fəaliyyət göstərdiyi illər ərzində Hüseyn Cavid yaradıcılığının təbliği məqsədilə həyata keçirilən tədbirlər və nəşrlər barədə ətraflı məlumat verdi. Anar Kərimov öz ürək sözlərini və muzey haqqında təəssüratlarını Hüseyn Cavidin ev-muzeyinin rəy kitabına qeyd etdi.

Daha sonra Nazirliyin nümayəndələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət etdilər. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Nazirliyin nümayəndələrini Azərbaycan ədəbiyyatının müxtəlif tarixi dövrlərini özündə əks etdirən muzeyin zəngin ekspozisiyası ilə tanış etdi. Rafael Hüseynov çıxış edərək Azərbaycan ədəbiyyatının düzgün tədqiqi və təbliği məqsədilə muzeydə aparılan elmi-tədqiqat işlərindən bəhs etdi.

Görüşdə nazir Anar Kərimov muzeylərin yalnız Azərbaycan xalqının tarixi və mədəni ənənələrini tədqiq və təşviq etdirən, mədəni inkişaf istiqamətində əməli tədbirlər həyata keçirən, milli mədəniyyətin qorunması, zənginləşdirilməsi və inkişafında xidmətlər göstərən müəssisə kimi deyil, həmçinin elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətinin davam etdirilməsinin zəruriliyindən bəhs etdi. Nazir Azərbaycan dövlətinin daim xalqın maddi-mənəvi və milli dəyərlərinin qorunub saxlanılmasına, inkişafına xidmət edən strateji siyasi kursa üstünlük verdiyi üçün cənab Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq muzeylərlə bağlı bir sıra fərman və sərəncamların imzalandığını qeyd etdi. Görüş çərçivəsində həmçinin muzey əməkdaşları ilə tanışlıq və muzeyin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparıldı.

 

Qırğızıstanlı gənc şair Nurkız Rıskul-kızı

 

- Sizin Şuşaya ziyarətinizlə bağlı təəssüratınız necədir?

 

- Şuşa çox gözəl şəhərdir. Onun təbiəti zəngin və havası çox təmizdir. Azərbaycan xalqı çox vətənpərvərdir.

 

- Siz bu xarabalıqlarla yaxından tanış olmaqla yanaşı Şuşa şəhərinin yenidən bərpasının şahidi oldunuz.

 

- Bu çox təsiredici bir hadisədir. Biz bunların şahidi olmuşuq və bu haqda çox eşitmişik. Çox istərdim ki, bütün dünyada sülh, firavanlıq olsun. Sizə uğurlar arzulayıram.

 

- “Məclisi-üns”ün yenidən bərpası haqqında nə deyə bilərsiniz?

Məclisi-üns çox yaxşı təşkil olunub. Eyni zamanda tədbir çox rəngarəng keçib. Mən tədbirinizi çox bəyəndim və özümü xoşbəxt hiss edirəm ki, bu gün burdayam.

 

*

Özbəkistanlı gənc şair Nargiz Asatova

 

- Şuşanı ilk dəfə görürdünüz və burdakı vəziyyət, dağıntılar, şərait, tikililər, yeni quruculuq işləri sizdə hansı təəssürat oyatdı?

 

- Bilirsinizmi, mən ilk dəfədir ki, gəlirəm Azərbaycana, Qarabağa da həmçinin. Bakıya gəldim, Bakı çox gözəl şəhərdir, mən onun şəkillərini, videolarını görmüşdüm. Canlı olaraq şəhərin gözəlliyini, insanların gözəlliyini öz gözümlə də gördüm. Qarabağa gələndə isə gözlərimdən yaş gəldi. Çünki oradakı xarabalıqlar, viranəliklər, düşmən əsarəti məni çox duyğulandırdı. Düşünürəm ki, dünyada insanlar arasında dostluq lazımdır. Xalqlar arasında dostluq lazımdır. Tədbirdə söz almış şairlər, akademiklər və digər incəsənət xadimləri öz nitqlərində daha çox dostluğa yer vermişlər.

 

-Siz “Məclisi-üns”də iştirak etdiniz. Ümumiyyətlə ilk dəfə idi Məclisi-üns belə beynəlxalq formatda keçirilirdi. Səsləndirilən şeirləri dinlədiniz və bu şeirlərlə bağlı təəssüratlarınız necədir?

 

- Şeirlər də çox gözəl idi. Bilirsinizmi bizim Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə və Özbəkistan Yazarlar Birliyi ilə sıx əməkdaşlığımız var. Orada vaxtaşırı müşavirələr keçirilir və azərbaycanlı və özbəkistanlı yazarlar da iştirak edirlər. Burada gənc azərbaycanlı şairlərin şeirlərini hər zaman dinləyirəm və indi də dinlədim. Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə və Özbəkistan şairlərinin şeirlərini də dinlədim. Bütün şeirlər bir mövzu ətrafında Vətən, gənclik haqqında birləşdi.

 

*

Özbəkistanlı gənc şair Jumayev Mansur

 

- İlk dəfədir Şuşadasınız, dağıntılar, xarabalıqlar haqqında təəssüratlarınız necədir?

 

- İlk dəfədir Şuşadayam, İlk dəfədir Azərbaycandayam. Ürəyimdən keçən sözləri izah edə bilmirəm. Çox həyacanlı olduğum üçün ürəyimdən keçənləri tam ifadə edə bilmirəm. Bu dağları, bu gözəlliyi, bu bağlar yenidən Azərbaycanın tərkibindədir. Və bu gözəl güşədən gözəl hislərlə, şeirlərlə, duyğularla ayrılacağıq.

 

- “Məclisi-üns”ün yenidən bərpası haqqında nə düşünürsünüz?

 

- Xürşidbanu Natəvan haqqında, onun yaratdığı “Məclisi-üns” haqqında çox maraqlı məlumatları, nitqləri dinlədik və onun zəngin irsi ilə yaxından tanış olduq.

 

*

Türkiyəli gənc şair Barış Atabey

 

- İlk dəfə idi Şuşada idiniz və o xarabalıqları, dağıntıları gördünüz. İlk təəssüratlarınızı istərdim bizimlə bölüşəsiniz.

 

- Biz ora obyektiv olaraq bütün dünya insanları adına getdik və ordakı xarabalıqları, ordakı yanmış, dağılmış evləri gördük. Onlardan da əlavə dağılmış məscidləri gördük. Ermənilər bu gün İstanbulda, Ankarada, Kayseridə Türkiyənin bir çox yerində öz kilsələrində öz ibadətlərini çox rahatlıqla edə bilirlər. Ancaq burada məscidlərin donuz axurına çevrildiyini gördük. Bunları həmişə öz gözümüzlə gördük və bunu düşündük, azərbaycanlılar bundan 30 il əvvəl buradan getdiyi vaxt evlərini yandırıb getməmişdilər. Amma 2 il əvvəl buradan gedən ermənilər burada daş üstünə daş qoymamışdılar. Onda başa düşdük ki, ermənilərin əslində dünyaya hər yerdə yalan dediyi bəllidir. Qarabağ Azərbaycandır və bu şovinist bir cümlə deyil, həqiqətdir!

 

- Çox sağ olun. “Məclisi-üns”də iştirak elədiniz və ümumiyyətlə, bu cür məclislərin inkişafını, gələcəyini necə görürsünüz? Gələcəkdə də yenə iştirak etmək istəyərdinizmi? Təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi?

 

- “Məclisi-üns” Xurşidbanu Natəvanın da rəhbəri olduğu çox qədim bir qurumdur, bir məktəbdir, bir institutdur. Davam etdirilməsi və həmçinin inkişaf etdirilməsi lazımdır. Mən xoşbəxtəm ki, bu gün türkdilli dövlətlərdən yığışaraq “Məclisi-üns”ü bu il yaratdıq və gələcək illərdə istedadlı şairlərdən, yazarlardan və bütün dünyada insanlardan “Məclisi-üns”ə gələn şəxslər Xurşidbanu Natəvanı, onun Aleksandr Düma ilə olan dostluğunu və Xurşidbanu Natəvanın yetişdirdiyi böyük şairlərimizi tanıya bilərlər, o ruhu yaşada bilərlər.

 

*

Qırğızıstanlı gənc şair Berdibek Jamqırçiyev

 

- Şuşa ilə bağlı təəssüratınız necədir?

 

- Xöşbəxtlikdən mən bu gün Şuşadayam. Əslində biz Azərbaycan və Şusa haqqında cox eşitmişik. Mən ilk dəfədirki Şuşadayam və onun gözəlliyini görürəm. Şuşa məni cox təəcübləndirdi və məndə belə bir fikir formalaşdırdı, sanki biz hamımız qohumlarıq və eyni atanın evladlarıyıq. Biz hamımız türkük və bü gün burda mən  bunu hiss edirəm. 

 

- “Məclisi-üns”ün yenidən bərpası haqqında düşüncələriniz?

 

- “Məclisi-üns”ün yenidən bərpa olunması çox valeh edicidir. Biz burda Azərbaycanlı və digər türk ölkələrinin yazıçı və şairləri ilə tanış olduq, onların çıxışlarını dinlədik. Əlbəttə ki mən burda olduğum müddətdə Şuşa haqqında şeirlər yazdım. Qarabağda yaşayan bacı-qardaşlarımızın ağrılı acılı günləri haqqında fikirlərimi qələmə aldım. Bu arada Şuşa Qırğızısıstanın dağlıq ərazilərinə bənzəyir və məndə elə bir istək yaranıb ki, həmişə bura gəlmək, burda qonaq olmaq və dincəlmək istəyirəm. Ən əsasda Şuşa, Azərbaycan  və onun gözəlliyi, burada yaşayan insanlar haqqında öz fikirlərimi, şeirlərimi yazmaq istəyirəm.

 

Müəllif:

Azərbaycan Yazıçılar Birliyinin sədr müşaviri, şair-tərcüməçi

Sayman Aruz

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.