Super User
UNESCO-nun Mədəniyyət Siyasətləri və Davamlı İnkişaf üzrə Ümumdünya Konfransı Meksikada keçiriləcək
Sentyabrın 28-dən 30-dək Meksikada UNESCO-nun “MONDİACULT-2022” Mədəniyyət Siyasətləri və Davamlı İnkişaf üzrə Ümumdünya Konfransı keçiriləcək.
40 il əvvəl 1982-ci ildə Meksikada keçirilmiş “MONDİACULT” konfransına yenidən bu ölkə ev sahibliyi edəcək. Builki “MONDİACULT 2022” konfransına 100-dən artıq mədəniyyət naziri, 150-dən çox hökumətlərarası təşkilatın, BMT institutlarının, vətəndaş cəmiyyəti təşkilatlarının qatılacağı gözlənilir.
Beynəlxalq ictimaiyyət tərəfindən arzu olunan yol xəritəsi kimi razılaşdırılmış BMT Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində sonuncu onilliyə qədəm qoyulduğu vaxtda qlobal çağırışların öhdəsindən gəlmək və yaxın gələcək prioritetləri müəyyən etmək üçün UNESCO üzv dövlətlərini və beynəlxalq ictimaiyyəti davamlı mədəniyyət siyasəti haqqında düşünməyə dəvət edir. Məqsəd davamlı inkişaf perspektivlərinə, eləcə də həmrəylik, sülh və təhlükəsizliyin təşviqinə tam uyğunlaşdırılmış daha dayanıqlı və davamlı mədəniyyət sektorunu formalaşdırmaqdır.
Vyanada təşkil olunan mədəniyyət həftəsində Azərbaycan milli musiqisi təqdim edilib
Vyanada keçirilən “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsi çərçivəsində Azərbaycan musiqisi səsləndirilib.
“Ədəbiyyat və incəəsnət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) 5-ci dəfə təşkil etdiyi “Sülh və mədəni müxtəliflik“ mövzusunda panel müzakirələr təşkil olunub. Müzakirələrdə sülh və münaqişələrin çoxölçülü cəhətlərinə toxunulub, mədəni müxtəlifliyin qlobal sülh və inkişaf üçün hərəkətverici qüvvə olduğu diqqətə çatdırılıb.
Elmi və diplomatik dairələr, beynəlxalq və qeyri-hökumət təşkilatlarının qatıldığı müzakirələrdə sülh quruculuğunun geniş anlamda tətbiqinin fərqli yanaşmaların fövqündə durmalı olduğu və qarşılıqlı hörmətə söykənən qlobal mədəniyyətin dəstəklənməsinin vacibliyi vurğulanıb.
Tədbirin mədəni hissəsində Ruhulla Əziz (kamança) və Tamilla Sadıqbəyli (fortepiano) Azərbaycan xalq və bəstəkar mahnılarından ibarət musiqi proqramı ilə çıxış ediblər.
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfdaş olduğu mədəniyyət həftəsi sentyabrın 18-dək davam edəcəkdir.
Azərbaycan bu il Özbəkistanda keçiriləcək beynəlxalq kinofestivalda "Suğra və onun oğulları" filmi ilə təmsil olunacaqdır
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə bu il "İpək yolunun dürdanəsi" adlı Daşkənd Beynəlxalq Kino Festivalda "Suğra və onun oğulları" filmi ilə təmsil olunacaqdır.
14-18 sentyabr tarixlərində Özbəkistanda keçiriləcək Daşkənd beynəlxalq film Festivalında dünyanın 40 ölkəsindən 500-ə yaxın xarici kino ulduzu, kinematoqrafçılar və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, ötən ildən keçirilməsinə start verilən "İpək yolunun dürdanəsi" adlı beynəlxalq kino festivalı sovet dövründə keçirilən Daşkənd beynəlxalq kinofestivalının davamı hesab olunur.
15 sentyabr tarixində Beynəlxalq Kino Festival çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində "Azərbaycan kino günləri"nin rəsmi açılışı nəzərdə tutulub.
Açılış mərasimində nümayiş etdiriləcək "Suğra və onun oğulları" filmi Bakı Media Mərkəzi, Buta Film, Arizona prodakşın, Salar filmin birgə istehsalıdır. Filmdə ikinci dünya müharibəsində Azərbaycanda arxa cəbhədə kənddə yaşayan insanların taleyindən gedir. Çəkilişlərin əksəriyyəti Azərbaycanın Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Daşkənd beynəlxalq kinofestivalında tanınmış azərbaycanlı kinorejissorlar Vaqif Mustafayev, Ayaz Salayev, Orman Əliyev, Oleq Səfərəliyev, Əlisəttar Quliyev, İlqar Nəcəf, Asif Rüstəmov, Fariz Əhmədov, xalq artisti Şəfiqə Məmmədova iştirak edəcəklər.
Açılış mərasimində xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova konsert proqramı ilə çıxış edəcəklər.
Qeyd edək ki, 17 sentyabrda Azərbaycan filmi Özbəkistanın Buxara şəhərində mərkəzi kinoteatrda nümayiş etdiriləcəkdir.
Festival başa çatıb
Sentyabrın 7-dən 11-dək Nizami Kino Mərkəzində V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda beş gün ərzində 29 ölkədən uşaqlar və böyüklər üçün çəkilmiş 121 müxtəlif animasiya filmləri nümayiş etdirildi.
“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, festivalın builki mövzusu “İqlim dəyişikliyi” idi.
Festivalın builki devizi “Bir bilet = bir ağac” idi. Beynəlxalq tədbir “İqlim dəyişikliyi” mövzusuna həsr olduğuna görə bilet satışlarından əldə olunan bütün vəsaitin işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcəyi elan edilmişdi. Bağlanış mərasimində bilet satışlarından əldə olunan vəsaitin və əkiləcək ağacların sayını uşaq münsiflər heyətinin üzvü Esra Əliyeva açıqladı: 4119 AZN = 412 ağac.
Festivalın müsabiqədənkənar və peşəkar proqramları bu il də Fransa, Çexiya, Yaponiya və Ukrayna filmləri ilə zəngin oldu. Bununla yanaşı, gənc animasiya həvəskarlarını nəzərdə tutan və Azərbaycan animasiya sənətinin inkişafını təşviq edən müxtəlif vörkşoplar, o cümlədən Jonathan Laskarın (Conatan Laskar) ustad dərsi, Nitya Ramloganın (Nitya Ramloqan) “Stop motion”, Tilly Wallace (Tilli Uolles) və Nəzrin Ağamalıyevanın “Şüşə üzərində animasiya” vörkşopu, Daniel Bird (Daniel Börd), Elçin Hami Axundov və Məsud Pənahinin birgə keçirdiyi animasiya restavrasiyası haqqında “Animasiya refreyminqi: rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” konfransı və festivalda ilk dəfə virtual sərgi baş tutdu. Festivalın peşəkarlar üçün proqramı çərçivəsində ilk dəfə keçirilən “Making-of” tədbirində isə istehsal mərhələsində olan 5 yerli animasiya filminin təqdimatı həyata keçirildi.
V ANİMAFİLM festivalında beynəlxalq münsiflər heyətinin tərkibi Jonathan Laskar (Conatan Laskar) (İsveçrə), Tilly Wallace (Tilli Uolles) (Böyük Britaniya), Markus Øvre (Markus Övre) (Böyük Britaniya), Nodar Beqiaşvili (Gürcüstan), Jorn Leeuwerink (Yorn Leuverink) (Niderland) və Daniel Bird (Daniel Börd) (Böyük Britaniya) kimi peşəkarlardan ibarət olub.
Bu il ənənəvi olaraq festivalın uşaq münsifləri də fəaliyyət göstərirdi. 22 üzvdən ibarət olan bu heyət festival müddətində maarifləndirici və əyləncəli uşaq proqramında iştirak etdikdən sonra “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Ən yaxşı animasiya seriyalı” kateqoriyaları üzrə iki qalib seçərək, bu kateqoriyanın qaliblərini səhnədə elan etdilər.
Bunlardan əlavə, bu il tamaşaçılar “Tamaşaçı seçimi” müsabiqəsinin qalibini film nümayişlərindən sonra elektron səsvermə əsasında müəyyənləşdirdi.
Festivalın ən böyük mükafatı “Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” mükafatının qalibini Mədəniyyət nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov açıqladı.
Yerli müsabiqənin “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” müsabiqəsinin qalibini isə Fransanın Azərbaycandakı səfirliyinin Mədəni fəaliyyət və əməkdaşlıq üzrə müşaviri Charles Danier (Çarlz Denyer) tərəfindən açıqlandı. O, bildirdi ki, bu mükafatın qalibi ənənəvi olaraq dünyanın ən böyük animasiya festivalı olan Fransanın Annecy (Ansi) Beynəlxalq Animasiya Festivalına MİFA peşəkar akkreditasiyası ilə qatılma imkanına sahib olacaq.
Tədbirdə vörkşoplara qatılmış iştirakçıların iqlim dəyişikliyi mövzusunda qısa animasiya rolikləri nümayiş etdirildi.
Bağlanış mərasiminin sonunda festivalın art-direktoru Nəzrin Ağamalıyeva 2023-cü ildə keçiriləcək altıncı festivalın mövzusunun gender bərabərliyinə həsr olunacağını və bilet satışlarından əldə olunan bütün gəlirin bir gənc qızın təhsilinə xərclənəcəyini diqqətə çatdırdı.
Beynəlxalq müsabiqələrin qalibləri:
“Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” – “A Story for 2 Trumpets” (2 trubka üçün hekayə), rejissor Amandine Meyer (Amandin Mayer), Fransa.
“Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” – xüsusi seçim mükafatı – “Of Wood” (Ağacdan), rejissor Owen Klatte (Ouen Klate), ABŞ.
“Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” – “Franzy’s Soup-Kitchen” (Franzy-nin şorba mətbəxi), rejissor Ana Chubinidze (Ana Çubinidze), Gürcüstan, Fransa.
“Ən yaxşı televiziya animasiya seriyalı” – “Grizzy and the Lemmings World Tour – The Legend of the Lemmings” (Grizzy və lemminqlərin dünya turu – Lemminqlər haqqında əfsanə), rejissor Cédric Lachenaud (Sedrik Laşenaud), Fransa.
“Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi” – “Us” (Bizi), rejissor Nelson Fernandes, Portuqaliya.
“Ən yaxşı musiqili animasiya videosu” – “Transparent Black and Iron Rich Red” (Şəffaf qara və dəmirlə zəngin qırmızı), rejissorlar Mario Kreill Cirillo (Mario Kreyl Sirillo), Isabel Emily Wiegand (İzabel Emili Viqand), İtaliya.
“Ən yaxşı tələbə animasiya filmi” – “A Dog under Bridge” (Körpünün altında bir it), rejissor Tang Rehoo (Tanq Rehu), Çin.
Yerli müsabiqənin qalibi:
“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” – “Ağ qorxu” (White Fear), rejissor Ülviyyə Məmmədova, Azərbaycan.
“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” – xüsusi seçim mükafatı – “Bir Damla” (One Drop), rejissor Kövsər Qurban, Azərbaycan.
Tamaşaçı seçimi müsabiqəsinin qalibi:
“Franzy’s Soup-Kitchen” (Franzy-nin şorba mətbəxi), rejissor Ana Çubinidze, Gürcüstan, Fransa.
Festivalın builki tərəfdaşları: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, Culture Network House Association, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Shahmaran Metaceramica, Dynamic Box Studio, Nizami Kino Mərkəzi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi və Yaponiya Fondu, Lenovo, Tripsome, Ritual Mobil Teatr Laboratoriyası, Cafino Coffee&Wine, Nemi Hotel Baku, Unibroad, Choche.az, Annecy Beynəlxalq Animasiya Film Festivalı və TVPaint Développement.
Festivalın media tərəfdaşları: “BAKU” və “Nargis” jurnalları.
Anar Kərimov Fatma Sönməzlə görüşüb
Mədəniyyət naziri Anar Kərimov Türkiyənin “Əhməd Yəsəvi Kültür Dərnəyi” İctimai Birliyi İdarə heyətinin rəhbəri Fatma Sönməzlə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türk dünyasının görkəmli ziyalısı F.Sönməzi səmimi salamlayan nazir istər işğal dövründə, istərsə də tarixi Zəfərimizdən sonra Azərbaycanın tarixi torpaqları Qarabağın, Şuşanın beynəlxalq ictimaiyyətə tanıdılmasında gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü bildirib, həmçinin “Şuşa 270” döş nişanı ilə təltif edib.
Dəvət üçün mədəniyyət nazirinə minnətdarlığını bildirən F.Sönməz bundan sonrakı fəaliyyətində də türk dünyası naminə yorulmadan çalışacağını qeyd edib.
A. Kərimov qonağa fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.
Latviya Universitetinin Akademik Kitabxanasında Xurşidbanu Natəvana həsr edilmiş seminar təşkil olunub
Sentyabrın 13-də Riqa şəhərində Latviya Universitetinin Akademik Kitabxanasında “Xurşidbanu Natəvan: ədəbiyyatın və incəsənətin təbliğində Azərbaycan qadınının rolu” adlı seminar keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Xurşidbanu Natəvanın yaradıcılığı, onun əsərləri, Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə geniş çıxış edib.
Seminarda Azərbaycan Milli Kitabxanasını təmsil edən Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Xurşidbanu Natəvan” mövzusunda ingilis dilində məruzə ilə çıxış edib. O, çıxışı zamanı bildirib ki, Xurşidbanu Natəvan XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olub. XIX əsrdə Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərində ədəbi-bədii mühitin formalaşmasında və ədəbi məclislərin fəaliyyətində görkəmli ədib əhəmiyyətli rol oynayıb. Ə.İsmayılova Xurşidbanu Natəvan haqqında məlumat verərək vurğulayıb ki, onun şeirləri Azərbaycan və ya fars dillərindədir və o, ən çox lirik qəzəlləri ilə tanınırdı. Qeyd edib ki, Xurşidbanu Natəvan sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir, Şuşada və bütün Qarabağda məşhur olan “Məclisi-üns” və “Məclisi-fəramuşan”ın yaradıcısı və himayədarı olub.
Ə.İsmayılova vurğulayıb ki, bu il Xurşidbanu Natəvanın 190 illik yubileyi tamam olur və bu münasibətilə Prezident İlham Əliyev “Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Xurşidbanu Natəvanın 190 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında bir çox layihələr həyata keçirilib. “Xurşidbanu Natəvan” biblioqrafiyası hazırlanaraq nəşr olunub. Bu günlərdə Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən 30 illik erməni işğalından azad olunmuş Şuşa şəhərində-Xurşidbanu Natəvanın vətənində görkəmli şairənin yubiley tədbiri keçirilib. Sonra Ə.İsmayılova Milli Kitabxananın əməkdaşları tərəfindən ingilis dilində hazırlanmış “Xurşidbanu Natəvan” adlı elektron məlumat bazasını iştirakçılara nümayiş etdirib. Qeyd edib ki, elektron məlumat bazası “Xurşidbanu Natəvan”, “Prezident İlham Əliyevin Xan Qızının xatirəsinin əbədiləşdirilməsinə diqqəti”; “Həyat və yaradıcılığının əsas tarixləri”; “Görkəmli şəxsiyyətlər Xurşidbanu Natəvan haqqında”; “Əsərləri”; “Xurşidbanu Natavan haqqında əsərlər”, “Xurşidbanu Natavanın xatirəsinin əbədiləşdirilməsi”, “Filmoqrafiya”, “Fotoqalereya”, “Videoqalareya” bölmələrindən ibarətdir və hər bir bölməni iştirakçılara təqdim edib. Çıxışı zamanı Ə.İsmayılova elektron bazada əks olunan Xurşidbanu Natəvanın müəllifi olduğu, eləcə də haqqında yazılan kitabların bir qismini iştirakçılara nümayiş etdirib.
O, çıxışının sonunda vurğulayıb ki, Azərbaycan Milli Kitabxanası Xurşidbanu Natəvanla bağlı yeni layihələrin icrasını davam etdirir.
Seminarın davamında Xurşidbanu Natəvan nəslindən olan Nazlı Hacızadə, Koreya Tədqiqatları Mərkəzinin rəhbəri, Latviya Universitetinin İnsan hüquqları fakültəsinin professoru Kaspars Klavins və digərləri Xurşidbanu Natəvanın yaradıcılığı, onun gördüyü xeyriyyə işləri barədə çıxışlar ediblər.
Tədbirin sonunda Ə.İsmayılova Milli Kitabxananın Ehtiyat Mübadilə Fondundan “Xurşidbanu Natəvan. Neçin gəlməz”, “Bəylər Məmmədov. Xurşidbanu Natəvan”, “Şuşa günəşinin poetik portreti: (Xurşidbanu Natəvana həsr edilən şeirlər və poemalar)”, “Sözün Natəvanı: (Xurşidbanu Natəvana həsr edilən poemalar)” və “Xurşidbanu Natəvan. Biblioqrafiya” kitablarını Latviya Universitetinin Akademik Kitabxanasının fonduna hədiyyə edib.
Los-Ancelesdə nüfuzlu “Emmy-2022” mükafatları təqdim olunub
Sentyabrın 13-də Los-Ancelesdə ABŞ Televiziya Akademiyasının nüfuzlu “Emmy-2022” mükafatlarının 74-cü təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Qərb mətbuatına istinadən xəbər verir ki, mərasimdə “HBO” videoyayım şirkətinin “Succession” ekran əsəri “Ən yaxşı dram serialı” seçilib.
“Apple TV+” serialı “Ted Lasso” da gecənin qalibləri arasında olub. Serial ikinci il dalbadal “Ən yaxşı komediya” mükafatını qazanıb. Ekran işində amerikalı futbol məşqçisi obrazını canlandıran Ceyson Sudeikis isə “Ən yaxşı komediya aktyoru” mükafatını qazanıb.
Bundan əlavə, dram nominasiyasına görə “Ən yaxşı aktyor” mükafatı isə “Netflix”in “Squid Game” serialının baş qəhrəmanı Cənubi Koreya ulduzu Li Jung-jae-yə verilib. Beləliklə Li bu kateqoriyada mükafat alan ilk asiyalı aktyor olub.
Eyni nominasiyada “Ən yaxşı aktrisa” mükafatı isə “Euphoria” filmində narkotik aludəçisi gənc qız obrazını canlandıran Zendayaya verilib. Jean Smart da “Hacks” ekran əsərində göstərdiyi performansına görə “Komediya serialında ən yaxşı aktrisa” seçilib.
Mədəniyyət naziri ravvinlə görüşüb
Mədəniyyət naziri Anar Kərimov sentyabrın 13-də ölkəmizdə səfərdə olan ABŞ-ın Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti ravvin Mark Şnayerlə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Mədəniyyət Nazirliyi tərəfindən ötən il irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası müzakirə olunub.
Sözügedən qlobal çağırışın bu il ilin may ayında BMT-nin Sivilizasiyalar Alyansında keçirilən təqdimat mərasimi haqqında danışan nazir deyib ki, Mark Şnayev bu layihənin əsas tərəfdaş və spikerlərindən olub. Anar Kərimov bu beynəlxalq çağırışa göstərdiyi dəstəyə görə qonağa təşəkkürünü bildirib.
Mark Şnayev mədəniyyətlərarası və dinlərarası dialoqda əməkdaşlıq baxımından Azərbaycanı lider ölkələrdən hesab etdiyini vurğulayıb. O, “Mədəniyyət naminə sülh” qlobal kampaniyasına bundan sonra da dəstək göstərəcəyini diqqətə çatdırıb.
Günün fotosu: Ermənistan kömək istəyir
Günün fotosu: Ermənistan kömək istəyir
Sentyabrın 13-də Azərbaycan - Ermənistan sərhədində hərbi əməliyyatların bərpa edilməsi nəticəsində hər iki tərəf itki verib. Ermənistan timsahın göz yaşlarını axıdaraq Rusiyaya, BMT-yə və dünya birliyinə kömək üçün müraciət edib.
Döyüş bölgəsi.
Foto: Euronews.
Birinci Vitse-prezident Mehriban Əliyeva şəhid hərbçilərlə bağlı paylaşım edib
Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı paylaşım edib.
“Ədəbiyyat və incəsənət” portalının xəbərinə görə, paylaşımda deyilir:
“Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə güc və səbir versin”.