Super User
50 şəhidimiz var - Müdafiə Nazirliyi açıqlayıb
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
"Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Bildiririk ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq", - məlumatda deyilir.
Yaşla bağlı demensiyadan necə qorunmaq olar?
Təbii ki, ədəbiyyat və incəsənət bir zehni qabiliyyət məhsuludur. Odur ki, “Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu yazı zehni qabiliyyəti kənar müdaxilələrdən necə qorumaq barədədir. Yazını portalımıza “168 saat” qəzeti təqdim edib.
Alimlər deyirlər ki, demensiyanın qarşısını almaq və ya gecikdirmək olar. Hətta bu vəziyyətə meyilli insanlar demək olar ki, hər yaşda demensiya riskini azalda bilərlər.
Yaşla zehni qabiliyyətlərin pisləşməsinə təsir edən amillər haqqında artıq çox şey məlumdur. Bunlar çox müxtəlifdir: xroniki yuxu çatışmazlığı, koronavirus və hətta bağırsaq infeksiyaları zehinin kəskinliyinə təsir göstərə bilər.
Məlumdur ki, qocalıq demensiyasının inkişaf ehtimalı uşaqlıqdan aşılanmış vərdişlərdən çox təsirlənir. Bura həm fiziki fəaliyyət, həm də sağlam qidalanma kimi amillər daxildir.
Bəs uşaqlıqda psixi sağlamlıqla bağlı "şansı" olmayanlar haqqında nə demək olar? "Sadəcə, taleyi ilə barışmamalıdırlar",-deyə alimlər bildirirlər. Axı beynimiz yeni şəraitə mükəmməl uyğunlaşır və həyatı boyu ona "yeni fəndlər" öyrətmək heç vaxt gec deyil.
Artıq bunun elmi sübutları var.
Uzunmüddətli tədqiqatın nəticələri hansı fəaliyyət növlərinin ömür boyu demensiyanın inkişaf riskini azaltmağa kömək etdiyini müəyyən edib.
Həyatı boyu psixi sabitliyin formalaşmasını tədqiqatçılar "idrak ehtiyatı" adlandırırlar.
Hətta uşaqlıqdan aşağı intellektli və ya demensiyaya genetik meyilli insanlar belə bu ehtiyatı təhsil, ünsiyyət, iş və və s. ilə toplaya bilərlər.
Tədqiqatda Böyük Britaniyada 1946-cı il təvəllüdlü 1184 nəfər iştirak edib. İştirakçılar səkkiz yaşında ikən və 69 yaşında isə yenidən koqnitiv testlərdən keçdilər.
Bu uzunmüddətli araşdırma yaddaş və təfəkkürün yeni bacarıqlar öyrənərək və dünyanı kəşf etməklə müntəzəm olaraq beyninizə "meydan oxumaqla" həyat boyu öyrədilə biləcəyi ilə bağlı məşhur nəzəriyyəni təsdiqləyir.
İdrak ehtiyatının yaradılmasının uşaqlıq həyat tərzinin və sonrakı həyatda aşağı təhsil səviyyəsinin mənfi təsirlərini kompensasiya edə biləcəyini tapmaq stimulvericidir.
Bu araşdırma vəd edir ki, zehni möhkəmlik bütün həyatımız boyu inkişaf etdirilə bilər və edilməlidir.
Müdafiə Nazirliyinin rəsmisi erməni tərəfin mövqeyinə şərh verib
"Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə mövqelərimizi mütəmadi olaraq atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, həmçinin azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin yubadılmasıdır".
Bu barədə sentyabrın 13-də Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinqdə bildirib.
Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelərin diqqətinə çatdırılıb ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir, sərhədlərin demarkasiya və delimitasiya işinin başlanması və hər iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bölgədə əminamanlığın bərqərar olunmasına maraqlıdır. Qarşı tərəf isə əksinə, ərazilərimizə, bölmələrimizin təminat yollarına minalar basdırmaqla bəyanata zidd davranışlar sərgiləyir. Bu da Ermənistanın hərbi avantüra və revanşist mövqedə olduğuna əyani sübutdur.
Venesiya kinofestivalı nə ilə yadda qalacaq, yaxud Cəfər Pənahiyə azadlıq!
Xəbər verdiyimiz kimi, İtaliyanın Venesiya şəhərində keçirilən dünyanın ən nüfuzlu kino festivallarından biri - 79-cu dəfə təqdim edilən Venesiya Kinofestivalı başa çatıb.
“Ədəbiyyat və incəsənət” portalı əməkdaşları festivalın işini kifayət qədər diqqətlə izləyib bu qənaətə gəliblər ki, Venesiyada düzənlənən bu kino forumunda yeni dövrün kino trendləri üzə çıxıb ki, bu trendlər də daha çox ictimai motivlərə, habelə lirik, duyğusal tonlara köklənib. Yəni, qalib gələn və diqqət çəkən bütün işlərin mahiyyətində heç də ekşn, kriminal, qan, zorakılıq dayanmır, öz taleyi, öz yaşantıları, sosial siması ilə insan dayanır. Bu xüsusda xüsusən hazırda 6 illik həbs cəzası yaşayan tanınmış iranlı kinorejissor Cəfər Pənahinin “Ayılarsız” filmini qeyd edə bilərik. İrandakı qəddar senzuranı pisləyən bu film Cəfər Pənahinin antihakimiyyət baxışlarının bir təzahürüdür.
Təsadüfi deyil ki, Venesiyada ayrıca Pənahinin dəstək mitinqi keçirilib, İran hakimiyyətindən dünyaşöhrətli, dahi rejissoru dərhal azadlığa buraxmaq tələb olunub. (Qapaq şəklində).
Festivalın baş mükafatını - “Qızıl şir”i qazanmış amerikalı rejissor və sənədli filmlərin prodüseri Lora Poytrasın “Bütün gözəlliklər və qanlar” filminin qəhrəmanı da, bir növ, hakimiyyətin ziddinə gedən şəxsdir. Fotoqraf və sosial aktivist Nen Qoldin əyintilərlə, sapıntılarla vuruşur, amma onun qalibiyyəti, yaxud məğlubiyyəti heç nəyi həll edə bilməz, çünki şərin məhvəri o qədər möhkəmdir ki, bu xırda laxlamalar onu sarsıda bilmir. Amma ümid var, ümid bugünə deyil, sabahadır.
Qeyd edək ki, festival çərçivəsində avqustun 31-dən sentyabrın 10-dək Palazzo del Casino və Lido di Venezia salonlarında dünya kinosunun ən yeni əsərləri ictimaiyyətə təqdim olunub. Müsabiqədə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 23 ekran əsəri nümayiş etdirilib.
Lido adasında keçirilən mükafatlandırma mərasimində Amerikalı aktrisa və yazıçı Culian Murun sədrlik etdiyi münsiflər heyətinin qərarına əsasən, amerikalı rejissor və sənədli filmlərin prodüseri Lora Poytrasın “Bütün gözəlliklər və qanlar” filmi “Ən yaxşı film” nominasiyasında 79-cu Venesiya Film Festivalının “Qızıl şir” mükafatını qazanıb. İtaliyalı rejissor, prodüser və ssenari müəllifi Luka Quadaqnino “Sümüklər və hamısı” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında gümüş mükafata yiyələnib.
Məşhur iranlı rejissor Cəfər Pənahi bu dəfə də əliboş qalmayıb. Dahi rejissorun “Ayılarsız” filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
“Müqəddəs Ömər” filminin rejissoru Alis Diop “Gələcəyin aslanı” mükafatına yiyələnib, italiyalı aktrisa Vera Cemma “Ən yaxşı aktrisa” nominasiyasında qalib olub. İrlandiyalı aktyor Colin Farrell kişilər, avstraliyalı aktrisa və prodüser Keyt Blanşett isə qadınlar arasında “Volpi” kubokunu qazanıb.
Kanadalı gənc aktrisa Teylor Rassl “Sümüklər və hamısı” filmindəki roluna görə inkişaf etməkdə olan gənc aktyor və aktrisalara verilən “Marçello Mastroyanni” mükafatına layiq görülüb.
Qeyd edək ki, Ukrayna təcavüzünə görə Rusiyanın cəzalandırılması səbəbindən rus kinematoqrafiyası festivala buraxılmamışdı.
Xatırladaq ki, festival çərçivəsində 44 günlük Vətən müharibəsi fonunda cərəyan edən hadisələrdən bəhs edən “Banu” filmi də təqdim olunub. Prodüserliyini “Noori Pictures” şirkətinin etdiyi filmin rejissoru və baş rolun ifaçısı Təhminə Rafaelladır. Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan ekran işində Əməkdar artist Mələk Abbaszadə, habelə aktyorlar Zaur Şəfiyev, Cəfər Həsən, Kəbirə Həşimli, Emin Əskərov və Dəniz Tacəddin rol alıblar.
Film uğur qazanmasa da, iştirak özü diqqətçəkən idi.
Günün fotosu: Praqada etiraz aksiyaları davam edir
Günün fotosu: Praqada etiraz aksiyaları davam edir
Praqalılar enerji daşıyıcılarının - qazın, işığın və benzinin bahalaşmasına etirazlarını kütləvi aksiyalarla bildirməkdədirlər. Hər gün bu aksiyalar bir az da kütləviləşir.
Foto: Euronews
Ən çox oxunan: Tanınmış repçi Elşad Xose daha narkoman deyildir
“Ən böyük nailiyyətim narkotik üzərində qələbəmdir. Bu, həyatımda gördüyüm ən çətini iş idi. Bu, xarakter formalaşdıran, kimin kim olduğunu göstərən çox böyük bir məktəbdir".
“Ədəbiyyat və incəsənət” bizim media-ya istinadən xəbər verir ki, bu sözləri məşhur repçi Elşad Xose qonaq olduğu "YouTube" da yayımlanan "Минута Плюс" layihəsində deyib.
Uzun illər narkotik asılılığından əziyyət çəkdiyini etiraf edən sənətçi "ağ ölümə" qalib qəldiyini açıqlayıb.
O bildirib ki, hazırda narkotikdən əziyyət çəkən şəxslər üçün sosial layihə üzərində çalışır.
"Bu mövzu mənim üçün çox ağrılıdır və vacibdir. Mən özümü təcrübəli və bu mövzuda qalib hesab edirəm. Bu məsələdə köməyə ehtiyacı olan insanlar var.
Layihənin isə birinci vəzifəsi təşviqat, düzgün həyat tərzi haqqında maarifləndirməkdir. Burada həkimlər danışmayacaq. Bu mövzunu keçdiyi çətin həyatından danışmaqdan çəkinməyən şəxs və ya şəxslər müzakirə edəcək.
Əgər bu layihə ilə bir neçə nəfərin narkotikdən imtina etməsinə nail ola bilsəm, bu, mənim üçün böyük xidmət olacaq. Bu gün bu, son nəfəsimə qədər etməli olduğum ən böyük işlərdən biridir".
“Mənim göz yaşımı görməyəcəksən” məxsusi olaraq Nazpəri Dostəliyeva üçün yazılıb
“Ədəbiyyat və incəsənət” baku.ws-ə istinadən bildirir ki, aparıcı Kazım Sübhanın "Özəl" proqramına qonaq olan ifaçı bu günə qədər səsləndirdiyi bütün mahnılarının şəxsi həyatına aid olduğunu bildirib:
"Mahnılarımın hər birinin maraqlı tarixçəsi var. "Mənin göz yaşımı görməyəcəksən" də bu silsilə mahnılarımdandır. Həyatımda sevincli, kədərli anlarım çox olub. Övladlarımı götürüb evdən çıxdıqdan sonra həyat yoldaşım evləndi. 10 illik ailə həyatı yaşamışdıq, iki övladımın atası olub. Amma o tez evləndi. Mən isə evliliyi ağlımdan belə keçirtmədim. İki oğul böyüdürdüm və yalnız onları düşünürdüm. Mənim bu kədərimi Nüsrət müəllim görürdü. Nə qədər gizlətsəm də, 10 illik ailə həyatımın içimdə göz yaşı var idi. "Mənim göz yaşımı görməyəcəksən" mahnısı da belə yarandı".
Xatırladaq ki, Nazpəri Dostəliyeva uzun illər əvvəl Nəriman adlı bəylə ailəli olub. Xalq artistinin bu evlilikdən Əli və Əkbər adlı iki oğlu var. Sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib. 1980-ci il təvəllüdlü Əli Nərmin adlı xanımla evli olub. Onların Tamerlan adlı bir övladları var. İfaçının bir vaxtlar müğənnilik edən ikinci oğlu Əkbər isə hazırda bank sektorunda çalışır.
İsveçrədəki Multikulturalizm Festivalında Azərbaycan milli rəqsləri ifa edilib
Mariya Xan-Xoyskaya Martinyoli İsveçrənin Lozanna şəhərində keçirilən Multikulturalizm Festivalında Azərbaycan milli rəqslərini ifa edib.
Azərbaycanın İsveçrədəki səfirliyindən bildirilib ki, Mariya Xan-Xoyskaya Martinyoli azərbaycanlıdır, İsveçrədə “İrs” uşaq rəqs qrupunun hazırlanması ilə də mədəniyyətimizin təbliği işində iştirak edir.
Milli İncəsənət Muzeyi Fransanın Cartier Zərgərlik Evinin dəstəyi ilə bərpa edilmiş üç sənət əsərini təqdim edir
Ən dəyərlilərə həmişə önəm verilir. Azərbaycanın ən mühüm mədəniyyətə xidmət göstərən təşkilatları ilə əməkdaşlıq, habelə mədəni-maarifçilik təşəbbüslərinin reallaşdırılması brendin mədəni irsin qorunması, inkişafı və incəsənətin dəstəklənməsi ilə əlaqədar uzunmüddətli öhdəliklərinin davamı sayıla bilər. Cartier Evi və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2019-cu ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Yeddi nar çubuğu" xalq nağılının motivlərinə əsaslanan tamaşa səhnələşdirilib. 2021-ci ildə Azərbaycan Xalça Muzeyinin iştirakı ilə Dövlət Ermitajında “Görünməyən incəsənət. İmkanların sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi keçirilib və sərgi inklüziv muzey işi sahəsində inqilabi çevrilişə səbəb olub. Bundan başqa, 2021-ci ildə şəhərin əsas görməli yerləri və heyrətamiz sevgi hekayələrindən bəhs edən onlayn bələdçi yaradılıb.
Bu dəfə fransız brendi Azərbaycanın ən nüfuzlu muzeylərindən olan – Milli İncəsənət Muzeyi ilə birgə əməkdaşlığa başlayıb, eksponatların bərpa layihəsini dəstəkləyib, xalq sənətkarları və zərgərlərin əsərlərini bərpa etməyə yardım edib.
Muzeydən AzərTAC-a bildirilib ki, restavrasiya işləri XX əsrə məxsus, rəngli daşlarla bəzədilmiş, gümüş və metaldan hazırlanmış qadın kəməri, “buta” elementləri ilə bəzədilmiş tacşəkilli baş bəzəyi, gəlinin toy ərəfəsində bəzək əşyalarını saxladığı mücrü üzərində aparılıb. “Azərsuvenir” MMC-də “şəbəkəçi zərgər” vəzifəsində çalışan peşəkar mütəxəssis muzeyin dəvəti ilə predmetlərin bərpası üzərində işləyib və tarixi əşyaları üç ay ərzində bərpa edib. İş prosesində mücrünün üzərində bərpadan əvvəl görünməyən yazının aşkarlanması muzey komandasını çox sevindirib. Mücrünün qapağı üzərində XIII əsr fars şairi Sədi Şirazinin "Gülüstan" poemasından sətirlər həkk edilib.
“Cartier Evi uzun və zəngin tarixi boyunca müxtəlif incəsənət formalarından və dünya mədəni irsindən ilham alıb və ilham mənbəyi olan bu dəyərli irsi gələcək nəsillər üçün saxlamağa çalışıb. Şübhəsiz ki, islam mədəniyyəti Cartier-in estetik dəyərlərinə böyük təsir göstərib. Biz Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlığımızdan qürur duyur və ürəkdən ümid edirik ki, bu layihə Şərqin zərif tətbiqi sənətinə diqqəti cəlb edəcək”, - deyə Cartier şirkətinin Rusiya və MDB üzrə idarəedici direktoru Yanina Novitskaya bildirib.
Bu eksponatlar müxtəlif dövrlərdə, XIX və XX əsrlərdə yaradılıb və xalq ustalarının, mahir zərgərlərin əsərlərindən ibarətdirlər. Tədqiqatlar göstərir ki, Azərbaycanın milli qadın geyim mədəniyyətində zinət əşyaları xüsusi yerə malik olublar. Gəlin toya zinət əşyalarında çıxır və onun üzərindəki bəzəklər ailəsinin cəmiyyətdəki statusunu vurğulayırdı. Zinət əşyaları arasında kəmər və baş bəzəyi xüsusi əhəmiyyət kəsb edirdi. Kəmər gənc qadının həyatının bir mərhələdən digərinə keçidini simvolizə edirdi. Adətlərə görə, toy günü kəməri gəlinin belinə ya qardaşı, ya da atası taxırdı. Gəlinə cehiz kimi mücrü də verilməli idi. Gəlin ərinin ona verdiyi zinət əşyalarını orada saxlayırdı. Bu mücrülərdə təkcə XIX əsr zərgərləri tərəfindən hazırlanmış və gələcək nəsillərə ötürülən zinət əşyaları deyil, həm də uzun tarixə malik qiymətli xatirə əşyalar saxlanılırdı. Mücrü nə qədər dəbdəbəli görünüşə malik idisə, onun içindəki zinət əşyaları bir o qədər qiymətli idi.
“Toy mərasimi Azərbaycan xalqının ölməz və unudulmaz adət-ənənələrindən biridir. Bu ənənələrdə xalqın gözəllik sevgisi özünü aşkar şəkildə ifadə edir. Bu əşyaların hər biri öz dövrünün estetikasını simvolizə edir, xalq adətlərinin gözəlliyindən xəbər verir. Bu zinət əşyaları həm ailələrin tarixini, həm də əbədiyaşar xalq yaradıcılığını özündə təcəssüm etdirir”, - deyə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam, professor Çingiz Fərzəliyev bildirib.
Şübhəsiz ki, hər üç eksponat dünya incəsənət tarixinə məxsus olan və əvvəlki möhtəşəm gözəlliyi ilə ekspozisiya çərçivəsində nümayiş etdirilməyə layiq sənət əsəridirlər.
Bakı muzeyi üçün bu əlamətdar hadisə fərqli mədəniyyətlərin bədii üslubunun qəbul edilməsi, başa düşülməsi və yaradıcı interpretasiyasına can atan Paris Zərgərlik Evinin tarixinin 175 illik yubileyinin yeni sətri oldu. Şərq mədəniyyəti Evin üslubi repertuarının inkişafına ciddi təsir göstərib. Bu yaxınlarda Parisin Dekorativ İncəsənət Muzeyində keçirilən “Cartier və İslam incəsənəti: Müasirlik axtarışında” sərgisi bunu bir daha sübut edir. Parisdə keçirilən genişmiqyaslı ekspozisiyada Şərqin XX əsrin əvvəllərindən bu günə qədər fransız zərgərlik evinin üslubuna təsirini əks etdirən 500-dən çox eksponat təqdim olunub.
“Dekorativ-tətbiqi sənət əsərlərində: xalçalarda, tikmələrdə, bədii işləməyə malik metalda, zərgərlikdə xalqın dünyagörüşü, fəlsəfəsi özünü ən bariz şəkildə göstərir. İncəsənət əsərlərinin düzgün bərpası və konservasiyası muzeylərin ən mühüm vəzifələrindən biridir və Cartier Evinin buna kömək göstərməsi çox yaxşı haldır. Təbii ki, bu eksponatların hər birinin yüksək bədii, elmi və tarixi əhəmiyyəti var”, - deyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva bildirib.
Azərbaycan Milli İncəsənət Muzeyinin Cartier Evi ilə yaradıcı əməkdaşlığı XX əsrin əvvəllərində İslam mədəniyyətinin ciddi təsirinin xatirəsinə çevriləcək və diqqəti bir daha Şərq tətbiqi sənətinə cəlb edəcək. Bu, ekspozisiyaya gələn ziyarətçilərin bərpa olunmuş əşyalardan ilham alması və müxtəlif dövrlərin ustad sənətkarları ilə tanış olması üçün gözəl fürsətdir, çünki layihənin əsas məqsədi sənətkarlıq və mədəni irsin gələcək nəsillər üçün qorunub saxlanılmasıdır
Nigar Rəfibəylinin şeirləri Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar “litprichal.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin rus dilinə tərcümə edilmiş “Neyləyim ”, “ Sevda kimiyəm”, “ Çiçəklər ” şeirlərinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifləri – tanınmış Rusiya tərcüməçiləri Mark Şexter və Vladimir Portnovdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “litprichal.ru” portalı mütəmadi olaraq səhifələrində A.Puşkin, A.Fet, S.Yesenin, A.Ahmatova, M.Svetayeva, O.Mandelştam kimi korifey şairlərin yaradıcılığını işıqlandırır.