Super User
Onlayn tanışlığın fəsadları
Təbii ki, cəmiyyəti daim maraqlandıran gündəm mövzular vardır. Bunlardan biri də virtual tanışlıqların insani münasibətlərə nüfuzudur. “Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi növbəti mövzu bu barədədir.
"Son illərdə demək olar ki, bir-biri ilə paralel gedən boşanma və evlənmə faizi günümüzdə ən çox müzakirə olunan mövzulardan biridir. Cütlüklərin tanışlıq hekayəsini dinləyən zaman online platformada tanış olaraq görüşüb daha sonra evlənməyə qərar verən gənclərin sayının artdığı müşahidə olunur".
Bu fikirləri psixoloq Sona Davudova bildirir. O, sosial media platformaları sayəsində tanışlıq xüsusən ənənəvi kişi-qadın münasibətlərində yeni və yaşandıqca öyrənilən bir fenomenə çevrildiyini qeyd edir:
"Yeni ortaq məkan ənənəvi ümumi məkanları əvəz etdikcə, yeni dəyərlər və yeni münasibət formaları buna uyğun olaraq ortaya çıxmağa başladı.Yeni bir dil, yeni bir mədəniyyət, yeni bir anlayışla ənənəvi məhrəmiyyət anlayışı da köklü dəyişikliklərə məruz qaldı. İndi həmin dəyərli olan bu konsepsiya "fərdi təcrübə" adlanmağa başladı. Yetkinlərin bu romantik münasibətlər təcrübəsi bəzi hallarda ənənəvi münasibətləri bəsləsə də, bəzi hallarda bu münasibət formalarını da təhdid edir. Gələcəklərini məhdud sayda insanla davam etdirmək məcburiyyətində qalmadıqlarını və virtual əlaqələrdən qaynaqlandıqlarını düşünən insanların çox sürətli qərarlar verdiklərini və həyat formalarını dəyişdirdiklərini görürük. Bu sürətli dəyişiklik isə artıq ailə dəyərlərinə vurduğu ziyanla özünü göstərir".
Psixoloq bildirir ki, xüsusən gənclərin ailələrini narahat edən virtual tanışlığa ilkin yanaşmanın şübhəli, inamsız olması da başa düşüləndir:
"Çünki internet dövrünün inkişaf üçün avantajları olduğu kimi, insanlara güclü psixoloji travmalar yaşadacaq qədər dezavantajları da var. Sosial media başqaları ilə ünsiyyəti asanlaşdırır. Harada internet və telefon varsa, orada insanlarla tanış ola, 'dost' olub danışa bilərik. Televiziya və xəbər saytlarında tez-tez oxuduğumuz, dinlədiyimiz cinsi istismar, şantaj və s. kimi xoşagəlməz hadisələr də məhz virtual tanışlığın nəticəsi olaraq baş verə bilir. Bundan əlavə, sosial şəbəkədə insanların özləri haqqında yaratdıqları təəssürat, paylaşılan şəkillər, yazılan statuslar, şəxsi məlumatlar və s. bəzən nəinki reallığı əks etdirmir, hətta tamamilə yalan ola bilir. Xüsusilə fərqli demoqrafik xüsusiyyətlər və yaş qrupları bu kimi mənfiliklər üçün əsas hesab edilə bilər. Bu baxımdan sosial media bu sahədə aldatmaq istəyən bir insan üçün daha asan bir zəmin hazırlaya bilər. Bununla birlikdə, bir insanın aldatmaq üçün sosial mediaya ehtiyacı olmadığını nəzərə almaq lazımdır".
Sona Davudova bildirir ki, bəzi nəzəriyyəçilər virtual mühitdə ortaya çıxan münasibətləri azadlıq üçün bir fürsət kimi qəbul edərkən, bəzi nəzəriyyəçilər bunu yeni və daha mürəkkəb bir bağlanma növü və azadlıq itkisi kimi şərh edirlər:
"Buna uyğun olaraq inkişaf edən sosial media və yeni sosiallaşma nümunələri, yalnız quruluş baxımından ənənəvi sosiallaşma nümunələrindən fərqlənmir, eyni zamanda müxtəliflik baxımından böyük bir dönüşüm və sıçrayış yaratdı. Virtual münasibətlərin bu avantajı fiziki coğrafiya və təmasla məhdudlaşmayan sosial media əlaqələri, qlobal əlaqələrin də çox sürətlə qurulmasını və inkişaf etdirilməsini təmin etdi. Lakin bu müxtəliflik insanlar arasındakı münasibətlərin dərinləşə bilməməsinin səbəblərindən biri kimi də qəbul edilə bilər".
Belqrad Etnoqrafiya Muzeyinə məxsus 64 eksponat Xalça Muzeyində nümayiş olunur
Azərbaycan Milli Xalça Muzeyində “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” açılıb.
Azərbaycanla Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş sərgidə Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından 64 eksponat nümayiş olunur. Serb xalqının mədəni irsini, onların keçmiş həyat tərzini özündə ehtiva edən bu nümunələr Balkan yarımadası və Orta Dunay düzənliyi ərazisində istifadə olunan, XIX-XX əsrlərə aid qadın və kişi geyimləridir. Əsasən gödəkcə və jiletlərdən ibarət olan eksponatların zəngin bədii tərtibatı, nəbati motivli rəngarəng naxışları Orta Dunay ərazisində kənd təsərrüfatının inkişafını, torpaqlarının zənginliyini, məhsuldarlığını simvolizə edir. Bunlar naxış elementlərinin, rənglərinin, biçiminin, formasının harmoniyasına görə yüksək zövqlə hazırlanmış, şəhər və kəndlərə məxsus gündəlik, həmçinin bayram geyimləri kimi xarakterizə olunan nümunələrdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Serbiya Respublikası Mədəniyyət və Media Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyinin təşkilatçılığı, Serbiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilən sərgi oktyabrın 16-dək davam edəcək.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün serb xalqına aid ənənəvi tikmə naxışlarının tətbiqi ilə “özün rənglə”, fetr üzərində qaytanla sancma və sanama tikmələri üzrə ustad dərsləri keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyi arasında 2016-cı ildən başlanan qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində bir neçə layihə reallaşdırılıb, sərgilər açılıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir.
Azərbaycanlı fotoqraflar Tbilisi Foto Festivalında iştirak edəcəklər
Sentyabrın 23-də Gürcüstanda 13-cü Tbilisi Foto Festivalı açılacaq.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, festivalda Azərbaycan fotoqrafları da iştirak edəcəklər.
Sərgilərlə yanaşı, proqrama bir sıra ictimai mühazirələr, nümayişlər və müzakirələr, həmçinin fotokitabların təqdimatları daxil edilib. Festival çərçivəsində panel diskussiyalar təşkil olunacaq. Müzakirələr zamanı fotoqraflar və ekspertlər Cənubi Qafqazın keçdiyi inkişaf yolu, müharibə, iqtisadi inkişaf və digər məsələlər barədə fikirlərini bölüşəcəklər.
Festival dekabrın sonunadək davam edəcək.
Festivalda Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Hindistan, Ermənistan, İran, Banqladeş, Tailand və digər ölkələrin fotoqrafları iştirak edəcəklər.
Azərbaycandan bu beynəlxalq tədbirdə Pərvanə Rəhimova və Gülər Abbasovanın iştirakı nəzərdə tutulub.
Ştefan Svayqın “Seçilmiş əsərləri” nəşr olunub
Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti cild – dünyaşöhrətli Avstriya yazıçısı Ştefan Svayqın “Seçilmiş əsərləri” kitabı nəşr olunub.
Kitabda yazıçının “Yad qadının məktubu”, “Dayə”, “Dəhşətli sirr”, “Amok”, “Qorxu”, “Ay işığında küçə”, “Bir qadının həyatından iyirmi dörd saat” hekayələri, “Bəşəriyyətin bəxt ulduzları”, “Jozef Fuşe. Siyasi xadimin portreti” kimi məşhur miniatürləri və tanınmış alman dili tərcüməçisi Vilayət Hacıyevin yazıçının həyatı və yaradıcılığı haqqında qələmə aldığı “Stefan Svayq — “Böyük avropalı” yazısı daxil edilib.
Əsərlərin tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Zahid Məmmədov, Nəriman Əbdülrəhmanlı, Həmid Arzulu, Qabil Əhmədovdur.
İstiqlal Muzeyinin Şuşa ilə bağlı layihəsi davam edir
"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.
Muzeyin yaydığı məlumata görə, layihə çərçivəsində təqdimatlardan biri Xurşidbanu Natəvana həsr olunub.
Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. 1837-ci ildə Şuşada anadan olan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sonuncu vərəsəsi olduğu üçün onu sarayda “Dürrü yekta” (Tək inci) çağırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya keçir.
Xurşidbanu Natəvan Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdı. O, rus, ərəb və fars dillərini mükəmməl bilirdi. 1859-cu ildə Natəvanla görüşən A. Düma onun gözəlliyinə, ağlına və cazibəsinə heyran qalmışdı. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də özünə şöhrət qazanmışdır. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur idi.
Xan qızı 1872-ci ildə Şuşada “Məclisi-üns” (Dostluq, Ülfət məclisi) yaratmışdır. Burada Qarabağın ən yaxşı şair, xanəndə və musiqiçiləri toplaşmışdır. Xurşidbanu özü də çox gözəl şeirlər yazırdı. O, şeirlərini “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz” təxəllüsü ilə yazır, qələmini qəzəl janrında da sınayırdı.
Şairənin ailə həyatı uğursuz alınır. Cavan oğlunu itirən Natəvanın şeirlərinə bədbin ruh hakim kəsilir. “Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” şeirlərini dünyadan nakam köçmüş oğluna həsr edir. Natəvanın bir sıra şeirlərinə mahnılar bəstələnib.
Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib, məzarı Ağdamın “İmarət" qəbiristanlığındadır. Onun əlyazmaları, şəxsi geyim və əşyaları arxiv və muzeylərimizdə qorunub saxlanılır.
Şairənin Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi ucaldılıb. Natəvanın Şuşadakı büstü I Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən güllələnib və tullantı metal kimi satılıb. Azərbaycanın hakimiyyət orqanlarının səyləri ilə həmin büst aşkar edilərək Bakıya gətirilib və 30 ilə yaxın Milli İncəsənət Muzeyində açıq səma altında nümayiş etdirilib. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildikdən sonra həmin büst öz doğma yurdu - Şuşaya qaytarılıb.
Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılışı olub
Milli Musiqi Günündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin (Yasamal rayonu) binasının əsaslı təmirdən sonra açılışı olub.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, nazirliyinin əməkdaşları, məktəbin kollektivi iştirak edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev musiqi məktəbində yaradılan şəraitlə bağlı nazir Anar Kərimova məlumat verib. Bildirilib ki, ümumi sahəsi 789 kv m olan bina texniki cəhətdən yenidən qurulub, zəruri inventar və avadanlıqlarla təmin edilib. Təmirdən sonra məktəbin binasında 24 sinif otağı, akt zalı, 2 inzibati otaq və mətbəx otağı yaradılıb.
Sonra həmkarlarını təbrik etməyə gəlmiş Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Cövdət Hacıyev adına 3 nömrəli Musiqi məktəbi xor kollektivinin ifasında Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Milli Musiqi Günü münasibətilə hər kəsi təbrik edib, açılış mərasiminin məhz belə bir gündə keçirilməsinin xüsusilə əlamətdar olduğunu vurğulayıb. Bildirib ki, hər il olduğu kimi, bu il də Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı ilə bağlı geniş proqram tərtib etmişdik. Təəssüflər olsun ki, son günlərdə düşmən təxribatı nəticəsində sərhəddə baş verən hadisələr, şəhidlərimizin olması festivala kədərli notlar əlavə etdi: “Amma şəhidlərimizin qanı yerdə qalmadı, ordu bölmələrimiz düşmənə sarsıdıcı zərbə vurdu. Kədərli günlərdə də bizim musiqimiz səslənməlidir. Hamıya bəyan etməliyik ki, biz Qarabağımıza, Üzeyir Hacıbəylinin vətəni Şuşaya mədəniyyətimizi və musiqimizi qaytarırıq...”.
Anar Kərimov qeyd edib ki, xalqın gücü, qüdrəti onun mədəniyyətdən asılıdır. Biz bunu 44 günlük Vətən müharibəsində bir daha sübut etdik. Ümumiyyətlə, tariximizə nəzər yetirsək görərik ki, bizi biz və möhkəm edən mədəniyyətimizə, milli köklərimizə və mənəvi dəyərlərimizə bağlılıqdır.
Əsaslı təmir olunan məktəbin kollektivinə uğurlar arzulayan nazir bildirib ki, vaxtilə Üzeyir Hacıbəylinin bu məktəbdə fəaliyyət göstərməsi tədris ocağı və onun kollektivinin üzərinə əlavə məsuliyyət qoyur: “Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyətimiz, milli musiqimizin inkişafı üçün çox böyük səy göstərirlər. Bu müəssisələrin təmir edilməsindən sonra fəaliyyət mükəmməl olmalıdır. Məktəb kollektivi öz səylərini ortaya qoyaraq milli musiqimizi yeni nəsillərə ötürməlidir. Biz də Mədəniyyət Nazirliyi olaraq bu işlərdə sizlərə əlimizdən gələn köməkliyi edəcəyik”.
Qeyd edək ki, 6 nömrəli Uşaq musiqi məktəbi 1937-ci ildə fəaliyyətə başlayıb. 1992-ci ildə məktəbə Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun adı verilib. Məktəbdə 4 şöbə üzrə 13 ixtisas (fortepiano, violin, klarnet, fleyta, saksofon, tar, kamança, qanun, qarmon, nağara, vokal, xanəndəlik, gitara) tədris olunur, 278 şagird təhsil alır, 52 nəfər müəllim çalışır. Həmçinin şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı, xor kollektivi və skripkaçılar ansamblı fəaliyyət göstərir.
Səbail rayon Mərkəzi Kitabxanasının binasının əsaslı təmirdən sonra açılışı olub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Mərkəzi Kitabxanasının binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, nazirliyinin əməkdaşları, kitabxananın kollektivi iştirak edirdi.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev nazir Anar Kərimova kitabxanada yaradılan şəraitlə bağlı məlumat verdi.
Bildirildi ki, 600 kv m sahəsi olan kitabxana müasir standartlara uyğun təmir edilib, yeni inventar və avadanlıqlarla təchiz olunub. Kitabxananın interyeri yeni üslubda, fərqli şəkildə qurulub. Yeni nəsil kompüterlərlə, sürətli internet və wifi zona ilə təchiz olunan kitabxanada oxucuların hər sahədə daha geniş məlumat əldə etmələri üçün şərait yaradılıb. Onlar latın qrafikalı əlifba ilə nəşr olunmuş elmi-kütləvi və bədii ədəbiyyat, dərsliklər, müxtəlif ixtisaslar üzrə kitablarla zənginləndirilmiş fonddan rahat şəkildə istifadə edə biləcəklər. Müasir formada oxu masaları, kitab rəfləri də istifadəçi rahatlığı nəzərə alınaraq hazırlanıb.
Mədəniyyət naziri Anar Kərimov qeyd etdi ki, kitabxanalar maarif, elm ocağı olduğu üçün belə bir müəssisələrin müasir tələblər səviyyəsində qurulmasının böyük önəmi var: “Çünki elm, mədəniyyət kitabdan başlayır. Sirr deyil ki, indiki dövrdə kitaba maraq getdikcə azalır. Ancaq biz kitaba və mütaliəyə olan marağı artırmaq üçün əlimizdən gələni etməliyik. Bunun üçün müasir üsullardan yararlanmalı, gənclərimizi kitabxanalara cəlb etməliyik. Mədəniyyət Nazirliyi tərəfindən də bu istiqamətdə zəruri köməklik göstəriləcək”.
Anar Kərimov kitabxana kollektivinə gələcək fəaliyyətində uğurlar arzuladı.
Qeyd edək ki, kitabxana 1924-cü ildə yaradılıb. 1936-cı ildən Maksim Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu kimi fəaliyyət göstərib. 2011-ci ildə Mərkəzi Səyyar Kitabxana Fondunun əsasında Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası yaradılıb. Mərkəzi Kitabxananın 6 kitabxana-filialı var.
Bakı şəhər kütləvi kitabxanaları arasında ilk dəfə Səbail rayon Mərkəzi Kitabxanasında elektron kataloq təşkil edilib. Kitabxanada “Oxuculara xidmət şöbəsi”, “Uşaq şöbəsi”, “Komplektləşdirmə və kitabişləmə”, “Metodika və biblioqrafiya”, “İnformasiya-resurs” və “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması” şöbələri fəaliyyət göstərir. Bundan başqa, kitabxananın saytı (sabail.cls.az) və elektron kataloqu istifadəçilərin ixtiyarındadır.
İl ərzində Mərkəzi Kitabxana və filiallar vasitəsilə ümumilikdə 50 mindən oxucu müraciəti üzrə ənənəvi və virtual xidmət göstərilir. Hazırda Mərkəzi Kitabxananın fondu 268 min nüsxə təşkil edir, oxucuların sayı 13509 nəfərdir.
Tarixi abidələrə qarşı misli görünməyən vandallıq
Bəşəriyyət çox dağıdıcı müharibələr, işğallar görüb. Çox işğalçılar başqa torpaqları zəbt ediblər. Amma zəbt edilən şəhər və kəndlər büsbütün dağıdılmayıb, dəyər kəsb edən mədəniyyət abidələri yer üzündən ucdantutma silinməyib. Bunu etməyi yalnız ermənilər bacardılar. Ağdam şəhərini tamamən yox etdilər, içi Şuşa qarışıq digər şəhərləri viran qoydular.
Ermənilər Şuşa şəhərini işğal altında saxladığı dövrdə tarixi memarlıq abidələrini tamamilə məhv ediblər.
Şuşa şəhərinin tarixini silmək üçün ermənilər xüsusilə qədim tikililəri, xan, bəy evlərini dağıdıblar.
APA informasiya agentliyinin Qarabağ bürosu bu dağıntıları lentə alıb. “Ədəbiyyat və incəsənət” portalı həmin görüntüləru sizlərə təqdim edir.
Şuşada “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilir
Şuşada Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilir.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, əvvəlcə sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin törətdiyi təxribat nəticəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda açılış nitqləri ilə startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov çıxış edib.
Startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran bildirib ki, ötən gün qonaqlar üçün maraqlı olub. Səfər zamanı həm kədərli, həm də sevincli hisslər yaşanıb. Diqqətə çatdırıb ki, Qarabağın sürətlə bərpası və əvvəlki vəziyyətinə qayıtmasını görmək qonaqları valeh edib.
“Bu gün dünyada mədəniyyət və yaradıcı sahədən iki trilyon dollara yaxın gəlir əldə olunur. Biz bu gün konfransda məhz bunu müzakirə edəcəyik. Qarabağın gələcəyi barədə müzakirələrin ediləcəyi tədbirlər davamlı olaraq keçiriləcək”, - deyə T.Katran qeyd edib.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd torpaqlarımızın işğaldan azad olunmasından sonra bu ərazilərdə mədəni və yaradıcı sənayelərin inkişafına töhfə verməkdən ibarətdir. Qeyd edib ki, Şuşa şəhəri Azərbaycan mədəniyyətində böyük rol oynayır. Şuşada Azərbaycan mədəniyyətinə töhfəsini vermiş dahi şəxsiyyətlər dünyaya göz açıb. Bu şəhər Üzeyir Hacıbəylinin Vətənidir.
“Konfransın əsas məqsədi Azərbaycan mədəniyyətinin potensialının aşkar olunnmasıdır. Azərbaycan mədəniyyətinin fərqli cəhətlərindən biri onun sülhsevərliyidir. Mədəniyyətimiz insansevərdir, nifrət və dözümsüzlük yaymır. İstəyirik ki, bizim mədəniyyətimiz dünyanın yaradıcı sənaye bazarında öz yerini tutsun, onun yaratdığı zövq iqtisadiyyatımıza töhfə versin, mədəniyyət xadimlərinin yaratdığı məhsul dünyada tanınsın. Bizim mədəniyyət iqtisadiyyatında çox böyük potensialımız var”, - deyə nazirin birinci müavini diqqətə çatdırıb.
Konfransda İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov qeyd edib ki, bu günlərdə Azərbaycanda mədəniyyətə hər kəs sadəcə istehlakçı kimi baxır. O bildirib ki, konfransdan əvvəl mədəniyyət iqtisadiyyatı ilə əlaqədar araşdırmalar aparılıb. Artıq əsas etibarı ilə alimlər arasında bu sahəyə maraq yaranıb.
Sonra mədəniyyət iqtisadiyyatı üzrə beynəlxalq ekspert Ornela Ramasauskaite azad edilmiş torpaqlarda mədəni dirçəliş mövzusunda çıxış edib. Bildirib ki, tədbirin Şuşada keçirilməsi simvolik xarakter daşıyır. İşğal edilmiş ərazilərdə mədəniyyətin bərpası unikaldır. Qeyd edib ki, qonaqların bu cür xoş qarşılanması mədəniyyətin, yaradıcılığın görüntüsüdür.
“Mədəniyyət iqtisadiyyatı dünyada aktual mövzulardan biridir. Bu sahədə məlumatların toplanılması, statistik monitorinq sisteminin olması vacib təməldir. Mədəniyyət iqtisadiyyatının inkişafı üçün ölkəyə bu sahə üzrə ixtisaslaşmış şirkətləri, müxtəlif peşə sahiblərini dəvət etmək, bir araya gətirmək vacibdir”, - deyə O.Ramasauskaite diqqətə çatdırıb.
Konfrans işini “Azad edilmiş torpaqlarda mədəni dirçəliş və mədəni iqtisadiyyat” mövzusunda panel müzakirəsi ilə davam etdirib.
Qeyd edək ki, “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə gerçəkləşən tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub.
Beynəlxalq konfransda 15-ə yaxın ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya, Hindistan, Qazaxıstan və digər ölkələrdən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər iştirak edirlər.
“Şuşa mədəniyyətinin inciləri” layihəsində Süleyman Ələsgərov
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Süleyman Ələsgərova həsr olunub.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə musiqi və mədəniyyət beşiyi olan Şuşada anadan olub. İlk təhsilini musiqi texnikumunun tar sinifində alıb. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan S. Ələsgərov ali təhsil almaq üçün Bakıya üz tutub. Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirən Süleyman Ələsgərov qısa müddət ərzində müsiqi ictimaiyyətində tanınmağa başlanıb.
Gənc bəstəkar 1943-cü ildə Ü.Hacıbəylinin zəmanəti ilə Bəstəkarlar İttifaqına qəbul olunub. Süleyman Ələsgərovun yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi “Gözlə məni” mahnısı böyük rol oynayıb. Tükənməz yaradıcılıq imkanlarına malik olmuş Süleyman Ələsgərov on bir operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyaların, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı orkestri üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi sevilən romansların, iki yüzdən artıq nəğmənin müəllifi olub. Süleyman Ələsgərov səmərəli yaradıcılığı ilə yanaşı, həm də fəal ictimaiyyətci olub. O, müxtəlif illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Radio və Televiziya xalq çalğı alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru, Mədəniyyət Nazirliyinin İncəsənət idarəsinin rəisi, Bakı Musiqi Akademiyasında xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində işləyib.
O, bütün varlığı ilə Qarabağa, doğulub boya-başa çatdığı Şuşaya bağlı idi. Qarabağda baş verən hadisələrə bəstəkar öz fikirini bəstələrində ifadə edib. “Yürüş mahnısı”, “Gənclik marşı”, Aslan Aslanovun sözlərinə “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan”, Qurban Musayevin sözlərinə “Biz qələbə çalmalıyıq”, Bəşir Nəzərlinin sözlərinə “Bura vətəndir” mahnıları, Bəhlul Orucoğlunun sözlərinə “Əsgər marşı”, Qüdrət Əzizin sözlərinə “Güllələnən abidələr” balladası, “Azərbaycan polisi”, “Bakı-Ankara” əsərləri, orkestr üçün çoxlu sayda hərbi marşlar Süleyman Ələsgərov yaradıcılığında yer alıb.
Süleyman Ələsgərov 1999-cu il yanvarın 21-də 74 yaşında vəfat edib.