Super User
İsraildə Fikrət Əmirovun yubileyi şərəfinə konsert keçirilib
Dost İsrailin Hayfa şəhərində yerləşən “Krieger” Sənət Mərkəzində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, konsertdə yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Konsertdən əvvəl çıxış edən Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov diqqətə çatdırıb ki, il ərzində ABŞ-dan Pekinə qədər dünyanın müxtəlif ölkələrində Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş konsertlər keçirilib.
“Lakin çox şadam ki, bu əlamətdar ilin yekun konserti İsraildə keçirilir”, - deyə maestro vurğulayıb.
Sonra Hayfa Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, “Kürd ofşarı” simfonik muğamı və “Nəsimi nağılı” simfonik poeması təqdim edilib.
Konsertdən sonra yerli ictimaiyyətin nümayəndələri ifaçılara və tədbirin təşkilatçılarına səmimi təşəkkürlərini bildiriblər.
Yerli sakinlərin əksəriyyətinin fikrincə, bu, onları ilk dəfə sevdikləri, lakin artıq həmişə dinləməyə hazır olduqları heyrətamiz Azərbaycan musiqisi ilə tanış edən bir konsert proqramı olub.
Xatırladaq ki, görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyi həm ölkə daxilində, həm də ölkə xaricində il boyu maraqlı tədbirlərlə qeyd olundu.
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)
“Görkəmli şəxsiyyətlər yetirən Bədəlbəylilər nəsli” - bu gün Fərhad Bədəlbəylinin 75 yaşı tamam olur
Elman Eldaroğlu yazır
Görkəmli nümayəndələri ilə xalq arasında məşhur olan soyadlardan biri də, Bədəlbəylilər şəcərəsinə məxsusdur. Yazılı tarixdə bu şəcərəni araşdırarkən, yaxın keçmişdən ötürülən ilk məlumat Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyliylidən başlayır.
O, 1875-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini molla yanında alsa da, sonradan şəhər real məktəbində davam etdirib. Daha sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirib.
Bədəlbəyli soyadının bu qocaman nümayəndəsi xalq maarifçisi idi. Seminariyanı başa vurduqdan sonra o, bir müddət Şuşada müəllimlik edib. Sonra paytaxta üz tutub və XX əsrin əvvəlindən pedaqoji fəaliyyəti Bakı şəhəri ilə bağlı olub. Ömrünün 35 ilini fasiləsiz olaraq rus-müsəlman məktəbində müdir vəzifəsində çalışıb.
Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy bütün bunlarla yanaşı, mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin də ən fəal üzvlərindən biri olub. O, özünü səhnədə dəfələrlə aktyor kimi də sınayıb. "Leyli və Məcnun" operasında Məcnun, İbn Salam obrazlarını böyük məharətlə yarada bilib. Özündən sonra yadigar qalan övladlarından biri- Əfrasiyab bəy Azərbaycan klassik bəstəkarı, drijoru, liberettoçusu və xalq artisti olub. Digər yadigarı Şəmsi bəy isə aktyor, rejissor, xalq artisti kimi Azərbaycanın mədəniyyət tarixində yer alıb...
Bu gün sizə mərhum Şəmsi Bədəlbəylinin oğlu, damarlarında zadəgan qanı daşıyan, bəy oğlu bəy, xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylidən söhbət açamaq istəyirəm. Axı dekabrın 27-si onun 75 yaşı tamam olur...
“Uzun sürən ayrılıqdan sonra Şuşaya getmişdim. Sanki, möcüzə baş vermişdi, gözlərimə inanmırdım. O şəhərdə elə bil nə isə bir sirr var. Hətta utanıb çəkinmədən rəqs də etdim, özü də möhkəmdən beş-altı dəqiqə oynadım. Arada əlimlə qoluma toxunurdum, çimdikləyirdim ki, yaşadığım yuxudur, yoxsa, yox. Mən qələbədən əvvəl tez-tez yuxuda qarlı Şuşanı görürdüm. Qarlı Şuşa mənim üçün bir nağıl idi. Bəlkə də sonuncu dəfə Polad Bülbüloğlu ilə Şuşaya gedəndə Şuşanı qarlı gördüyümdən idi. Hardasa iyirmi santimetr qar yağmışdı. Çox gözəl görünürdü. Fikrim vardı, Şuşaya gedəndə ondan üzr istəyim. Çünki biz onu düşmənə vermişdik. Dizlərimi yerə atıb, üzr istədim, dedim ki, Şuşa, bağışla bizi, səni nə vaxtsa, yadlara verdik. Hönkür-hönkür ağlayırdım. “Gəncə qapısı”nda bir əsgər dayanmışdı, məni o halda görüb yanıma qaçdı. Dedi, ağsaqqal, nə olub, özünüzü pis hiss edirsiz? Dedim, yox, bala, bu, mənim nəzirimdir, etməliyəm...”- söyləyir.
Uşaq yaşlarında çox qaynar və dinamik olub. Futbola həm azarkeşlik edib, həm də idmanın bu növü ilə həvəskar kimi məşğul olub. Tay-tuşları arasında rəqib komandanın qapısına ən çox qol vuran oyunçu kimi də tanınıb. Bu oyunlarada cığallıq, dəcəllik olanda, həmişə çalışıb ki, ədalətli oyun keçirilsin, qaydalar pozulmasın. Bu oyunların çoxu da “Qala qapısı”ndan aşağıdakı meydanda baş verib. Futbola o qədər aludə olmuşdu ki, Maestro Niyazi deyirdi,- “Ay Fərhad, iki saat futbol oyna, sonra mənim xətrimə 4 saat royal arxasında otur…”
Bir dəfə Maestro Niyazi ilə konsertdə o qədər emosiya ilə ifa edib ki, birdə görüb eynəyi gözündən çıxıb yuxarı atıldı. Yaxşı futbolçu oduğuna görə cəld tərpənərək, eynəyini göydəcə tutub və arada imkan tapıb, onu gözünə taxıb...
Polad Bülbüloğlu ilə bağlı xatirələri çoxdur. Onunla 5 yaşından dostluq edirlər. Söylədiyinə görə, valideynləri onları dənizə buraxmırdı. Bir dəfə bağda olarkən xəlvətcə dənizə gediblər. Poladın da qolunda atasının bağışladığı çox bahalı bir saat olub. Dənizə girməmişdən öncə, onu qumun altında basdırıblar ki, çimib çıxandan sonra götürsünlər. Basdırdıqları yeri də işarələyiblər, amma dənizdən çıxıb, bütün günü sahildə nə qədər axtarsalar da saatı tapa bilməyiblər. Polad hönkür-hönkür ağlayırmış ki,- “Atam məni öldürəcək. Mən necə saatsız evə qayıda bilərəm?”
Nəhayət, saatı tapıb evə qayıdıblar. Və həmin günü bu iki dost möhkəm danlanıblar...
Deyir ki,- “Gəncliyim çox maraqlı keçib. Çünki böyük insanlarla ünsiyyətdə olmaq böyük xoşbəxtlikdir. Mən ikinci konservatoriyanı faktiki olaraq Maestro Niyazinin evində qurtardım. Dünyanın bütün musiqiçiləri Niyazinin evinə qonaq gəlirdi və gecə saat 3-ə kimi söhbət edirdilər. Biz də onlara mühazirə kimi qulaq asırdıq. Bəli, böyük insanların həyatı böyük bir dərsdir. Məsələn, Bethoven 3-cü simfoniyasını Napoleona həsr etmişdi. Napoleona azadlıq gətirən insan kimi baxırdı. Amma o, özünü imperator elan edəndə Bethoven bu rəyini dəyişdi. Halbuki, Napoleon onu öldürə və ya həbs etdirə bilərdi. Amma Bethoven qorxmadı. Prinsip məsələsində belə insanlar çox gözəl bir nümunədir. Əqidəsini hər gün dəyişən insanları sevmirəm. Mən 30 il bundan qabaq dediyimi indi də təkrar etməyə hazıram...”
Sadə, səbirli və təmkinlidir. Əsəbi olanda özünü ələ almağı bacarır. Kiminsə üstünə qışqırmaq və ya təhqir etmək ona yaddır. Otuz bir ildir ki, Bakı Musiqi Akademiyasına rəhbərlik edir, fəqət indiyədək heç kimin xətrinə dəyməyib. Ana babası, milyonçu Tağı bəy Səfərəliyevdən misal çəkib,- “Uşaqlar, birinci növbədə faytonçu, aşpaz, ev xadiməsidir ki, onlara xüsusi bir hörmət bəsləyin. Salam verəndə çox böyük hörmət ilə alın. Çünki onlar kasıbdırlar, eyni zamanda sizə qulluq edirlər və ürəklərində nisgil ola bilər”- söyləyir. Bu böyük məktəbin varisi olduğundan qürur duyur...
Evdə- ailədə çox mülayim və qayğıkeşdir, elə də kaprizli adam deyil. Necə deyərlər, nə verirlər yeyir və hesab edir ki,- kişi onu yemirəm, bunu yemirəm deyib, xırda şeylərə fikir verməməlidir. Amma etiraf edir ki, evə bazarlıq etməyi xoşlamır...
O ki qaldı onun rəsmi tərcümeyi hallna, eləcə də xalq və dövlətimiz qarşısında xidmətlərinə, bu haqda bilə-bilə danışmadım ki, söhbətimiz uzun çəkməsin. Çünki layiq görüldüyü mükafatlar bu barədə çox söz deyir:- “Xalq artisti” fəxri adı, “Şöhrət” ordeni, “İstiqlal” ordeni, Fransanın “İncəsənət və Ədəbiyyat” ordeni və s. ödüllər bəs eləmirmi? Yubileyi ilə bağlı “Şərəf” ordeni ilə təltifi barədə də dünən Prezident rəsmi Sərəncam imzaladı.
Bəli, bu gün, dekabrın 27-si bəy oğlu bəyin, Fərhad Bədəlbəylinin 75 yaşı tamam olur. Onu bu münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)
“Açığı o vaxtlar Adil ilə aramızda bir qədər soyuqluq vardı...”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
YUSİF VƏİYEV
(1917-1980)
***
“Axırıncı aşırım” filmi çəkiləndən sonra məni Adil İsgəndərovun oynadığı Kərbəlayi İsmayıl obrazını səsləndirməyə dəvət etdilər. Açığı o vaxtlar Adil ilə aramızda bir qədər soyuqluq vardı. Bu daha çox şəxsi məsələlərlə bağlı idi. “Axırıncı aşırım” filminin sınaq çəkilişlərinə də dəvət almışdım. Nə isə… Uzun sözün qısası, rejissor Kamil Rüstəmbəyovun mənimlə görüşmək istədiyini xəbər verdilər. Görüşdük. Dedi:
– Kərəbəlayi İsmayılı sən səsləndir.
– Mən Adilin oynadığı rolu səsləndirmək istəmirəm. Bir də ki, özü buna razı olmaz. Aramız dəyib, yəqin xəbərin var, – cavab verdim.
Kamil gülümsünərək mənə baxdı:
– Dünən daxili baxış idi. Sonra oturub filmi müzakirə elədik, Adil İsgəndərov hər kəsin yanında dedi ki, Kərbəlayi İsmayılı Yusif Vəliyevdən yaxşı heç kəs səsləndirə bilməz.
Düzü inanmadım. O vaxt Adil kinostudiyanın direktoru idi.
– Əgər, Adil özü belə deyibsə, sağ olsun. Demək, bizim münasibətimizin sənətə dəxli yoxdur.
Vaxt təyin etdik və filmi böyük həvəslə yazdım. Məncə Adil İsgəndərovun yaratdığı Kərbəlayi İsmayıla layiq bir şey alındı.
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)
“Qarabağın dünəni, bu günü, sabahı” layihəsi yekunlaşıb
Azərbaycan İstiqlal Muzeyi tərəfindən “Şuşa İli” ilə əlaqədar həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihəyə yekun vurulub. Layihənin son təqdimatı Şuşa Zəfərinə həsr edilib.
Layihə keçmişdən bu günə bir rakursdur desək, yanılmarıq. 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən Şuşanın işğalı nəticəsində yüzlərlə günahsız vətəndaş qətlə yetirilmiş, yaralanmış və minlərlə insan öz yurdundan didərgin düşmüşdü.
İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan olunmuş və məhv edilmişdi.
Azərbaycan xalqı 30 ilə yaxın müddətdə 8 may tarixini Şuşanın işğalı günü kimi qeyd edib. Bu işğal günündə hər zaman şəhidlərimiz anılıb, insanlarımızın başına gətirilən müsibətlərin unudulmamasının vacibliyi aşılanıb. Və 30 illik qara təqvim, gəlib nəhayətində qırmızı təqvimlə əvəzlənib.
2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları elə Şuşanın azad olunması ilə sonlandırılıb. Şuşa azad olunan kimi Ermənistan təslim olmaq məcburiyyətində qalaraq, üçtərəfli Bəyanatı imzalamağa razılaşıb. Və hətta rus müdaxiləsi olmasa daha şanlı qalibiyyət qazanmaq imkanımız da olub.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi.
Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan sayılır.
Beləliklə, Şuşanın azad edildiyi tarix – 8 Noyabr Azərbaycanda Zəfər günü elan edildi.
Bu tarix əbədi tarixdir. Yadsaşlara həkk olunacaq bir tarix!
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)
“Bekarçılıqdır, Mirzə” - Yunus Oğuz
Yunus Oğuzun “Bekarçılıqdır, Mirzə” felyetonunu oxucularımıza təqdim edirik. Həqiqətən də aktual mövzudur. Faciəvi hal alan bir prosesə incə yumorla toxunmaq oxunaqlı və maraqlıdır.
Bu bekarçılıq nə mərəzdirsə virus kimi düşüb hamının canına. İçəridən də yeyir, çöldən də. İşləyən də, işləməyən də, yeyib-içən də bekarçılıqdan gileylənir. Peşimansan ki, kimdənsə soruşasan "neyləyirsən?" Dərhal cavab verəcək: "Bekarçılıqdı, Mirzə!"
Alatavada yaşayıram. Burada özgə aləm var. Hamı nə iləsə məşğuldur. Kimisi gecəqondu evlərin mərtəbəsini artırır ki, bir az qazansın (neçə ildir "buralar söküləcək" deyirlər), " kimisi "taksavatlıq" (özləri belə deyirlər) eləyir, kimlərsə də puldan domino, nərd vurur. Bir sözlə heç kim bekar qalmır. Amma hansından soruşsan ki, "neyləyirsən?", bir ağızdan deyəcək ki, bekarçılıqdı, Mirzə!
Binamızın qabağında taksisilə Tofiq adlı birisi dayanır. Nədənsə hər onu görəndə Ağanatiq demək istəyirəm. Çox qəribə xasiyyəti var. Deməli, adam siqaret çəkəndir. Özü də elə belə yox e... lap sümürənindəndir, həm də qəribəliyilə. Siqaret çəkmək istəyəndə gedir oturur taksidə. Çəkib qurtarandan sonra maşından düşür. Soruşuram:
- Qədeş, nöş belə eləyirsən? Gül kimi havada siqaretini çək də.
Cavab verir ki, qədeş, belə olmayanda tüstünün ləzzəti döşümə yatmır.
Sağ olsun alatavalılar! Böyüyə-kiçiyə hörmət edəndilər. Mən Mirzəni görən kimi çömbəlib oturmuş cayıllar ayağa durur, sağ əllərini ürəklərinin üstünə qoyub salamlaşırlar.
Tofiq də bunların başında. Soruşuram neyləyirsiz?
Hamısı bir ağızdan cavab verir:
- Bekarçılıqdı, Mirzə!
Soruşuram ki, ay Tofiq qədeş, sən niyə bekar olursan? Sənin ki, taksin var. Allaha şükür ki, bizim binadan da daimi müştərilərin.
Gülə-gülə cavab verir ki, Mirzə, taksilə kasıbçılığımı eləyirəm. Belədə isə bekarçılıqdır.
Onda anlayıram ki, bekarçılıq ulu məmləkətimdə nə deməkdir. Sən demə maaşa işləmək, evinə çörəkpulu aparmaq çoxları üçün bekarçılıq hesab edilir. Bekarçılıqdan bilmərrə qurtulmaq üçün kişi gərək "qaz vurub, qazan doldursun", haram, halal evinə çoxlu pul aparsın. Bunların gözü ilə hamı bekardı, maaş isə kasıbçılıq etmək üçündü. Kasıbçılıqdısa, deməli, bekarçılıqdı.
O gün köhnə tanışımı görürəm, hal- əhval tuturam. Yazıq sifət alıb deyir:
- Bekarçılıqdı, Mirzə. - Sonra əlavə edir. - Mirzə, sənin əlin yuxarılara çatır. Mənə bir iş. Nə iş olsa görərəm.
Mən də sifətimi müdrük görkəmə salıb çalışıram bu tanışıma guya bir yardım eləyim, amma bilirəm ki, onun imkanları məndən çoxdur. Bununla yanaşı özünü bekar adlandırır.
Mən də başlayıram onunla məzələnməyə. Deyirəm filan yerdə işləyərsən. Cavab verir ki, mənlik döyül, orda daş-baş yoxdur. Bir-bir vəzifələri sadalayıram.
Hamısından imtina edir. Soruşuram:
- Bayaqdan deyirdin nə iş olsa işləyərəm. Bəs bu cavabın nədir?
Cavab verir:
- Mirzə, məni düz başa düşmədin. Mən bekarçılıqdan qurtulmaq istəyirəm. Belədə nə deyirsən varımdı. Özümçün kasıbçılığımı eləyib dolanıram.
- Elə isə bekarçılığını elə! - deyirəm...
Osmanlı qardaşlarımızda "bekar" sözü ayrı məna verir. Kim evlənməyibsə ona bekar deyirlər. Sən demə ta bineyi qədimdən millətimizin işi, gücü yalnız evlənməkdən ibarət olub. Başqa işlə yəni elmlə, yaradıcılıqla, sənətkarlıqla məşğul olanlara birtəhər baxıblar...e... Hökmən gərəkdir ki, bekarçılığın daşını birdəfəlik atasan. Bizdə də bekara subay deyilir. Onlarda subay zabit anlamına gəlir. Demək bekarçılığa son verdinsə oldun subay, yəni evin zabiti. Bu da kişilənməyin bir növüdür. Vay dədə, vay, kişilənməyin qüdrətinə bax da. Uşaqları sünnət eləyəndə böyüklər gülə-gülə deyirlər ki, hə indi oldun kişi. Bir az da keçər subaylığa son verərsən. Bu millətin işi-gücü yoxdur: Bekar, subay.
O de deputatxanamızda əksəriyyət bekarçılıqdam bezib, amma bilmirəm bekarçılıqdan, yoxsa subayçılıqdan. Hər halda bekardılar.
Gavur Paşinyan bekarçılıqdan Şuşada qol qaldırıb, qıç qaldırıb, halay qurub yallı gedəndə, bizim deputat İrasim bekarçılıqdan keçidlərdə popkorn satanların üstünə yeridi. Deyir ki, bəs əcnəbi turistlər keçidlərdə üfunət iyinə rast gəlsələr bizdən inciyəcəklər. Daha ulu məmləkətimə gəlməyəcək, hər yerdə deyəcəklər ki, Azərbaycana getməyin. Rəhmətliyin oğlu elə bil xaricdən təyyarə ilə Bakıya gəlməyib. Uçaqdan düşən kimi ciyərdolusu neftin iyilə nəfəs alırsan. Ürəyində fikirəşirsən ki, kaş neft verən bu qoxulu hava yaşıl əskinaza çevriləydi. Bəziləri üçün də çevrilib. Kimlərsə bekarçılıqdan neft havasını pula döndərib. Hələ demirəm ki, bəzi deputatlarımız bekarçılıqdan bizneslə, bəziləri hörgü işilə, müəllimliklə, natiqliklə daha nələrlə... nələrlə məşğul olurlar. Mən heç məmurları demirəm. Bekarçılıqdan kimisi ev tikir, kimisi market işlədir, kimisi cinsindən asılı olmayaraq pop müğənni saxlayır, kimisi də nə bilim vallah daha nələrlə məşğul olur- vətəgə, ferma, əkinçilik, bostançılıq və sairə...sairə.
İndi anlayıram ki, bekarçılıqdan şair şeir, nasir roman, elm adamı elmi iş yazır...
Elə mən də bu felyetonu bekarçılıqdan yazdım.
Bekarçılıqdı, Mirzə!
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
“Mədəniyyət/Culture” jurnalının xüsusi buraxılışı işıq üzü görüb
Bu sahədə yeganə olan “Mədəniyyət/Culture” jurnalının dördüncü nömrəsi və “Xarıbülbül” xüsusi buraxılışı işıq üzü görüb. Jurnalın bu nömrəsi Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra baş tutmuş “Xarıbülbül” festivallarındakı çıxışları və Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi haqqında müvafiq Sərəncamı ilə başlayır.
Şuşanın milli mədəniyyətimizdəki müstəsna yeri, təkrarsız rolu, tarixi Qələbəmizin istisna və dönüş nöqtəsi olmasından bəhs edilir.
Daha sonra jurnalda 2022-ci ilin may ayında Şuşada keçirilən V Xarıbülbül Beynəlxalq Folklor Festivalında iştirak edən redaksiya heyətinin təəssürat yazıları, qonaqların və bütün festival iştirakçılarının, musiqi tənqidçilərinin konkret olaraq, festival tədbirləri, həm də musiqimizdə, təsviri sənətimizdə, mifologiyamızda və folklorumuzda Xarıbülbül anlayışı ilə bağlı məqamlara həsr olunan məqalələr dərc olunub.
Oxucu forzasda şair Akif Azalpın bu say üçün özəl yazılan “Xarıbülbül” şeiri ilə qarşılaşır.
Ənənəvi baş redaktor səhifəsində “Şuşada doğulmayan şuşalı Zöhrə Əliyeva” imzası ilə “Şuşanı gör...və Var ol!” məqaləsində müxtəlif vaxtlarda Şuşaya səfərlərdən alınan təəssüratlar və festivalda əməyi keçən işçi qrupun fotoları yer alıb.
Növbəti yazı Medianın İnkişafı Agentliyinin son müsabiqəsində birinci yeri tutan yazılar sırasında olan jurnalist Şövkət Səlimov Budadın “Xarıbülbül əmanəti” yazısıdır ki, burada həm Şuşanın möhtəşəm keçmişi, həm də “mülk-mülk soyulan” halı təsvir edilir, hadisələr V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalınadək izlənir və ritual “Yallı” ilə bitirilir.
Mövzuların davamında Qurban Məmmədlinin “Vətən həsrətinin qürbətdə soldurduğu Qarabağ gülü – Ağabəyim Ağa” məqaləsi oxuculara Xarıbülbül əfsanəsini xatırladaraq tarixi şəxsiyyətlərin tərcümeyi-halına güzgü tutur, Şuşanın və bütün Azərbaycanın tarixində layiqli yeri olan Qarabağ qızı Ağabəyim Ağanın faciəvi taleyindən söz açır.
Lalə Azərinin “Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül” yazısında festivalın 30 il əvvəlki tarixindən söhbət açılır.
Sənətşünas Leyla Zöhrabovanın məşhur mahnının “Vətən bağı al-əlvandır, var üstündə Xarıbülbül” sözlərindən ad almış məqaləsi bu mahnının yaranma tarixçəsi, xüsusiyyətləri, musiqimizdəki yeri, festivalın əhəmiyyəti barədə maraqlı bir araşdırma yazısıdır.
Ardından gələn səhifələr IV Xarıbülbül festivalının tarixinə bir ekskursdur, daha sonra fəlsəfə doktoru Aybəniz Növrəslinin “Şuşa: Tarixi ənənələrə qayıdış” baxışlarında V festivalın dünya əhəmiyyəti, musiqi bayramının gedişatı, həm tədbirin, həm də qonaqlarımızın nüfuzu, ölkə rəhbərliyinin müstəsna dəstəyi haqqında geniş məqaləsi festivalın sanbalının altını qırmızı xətlə cızır.
Nömrənin əsas hədəfi V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının bütün gedişatını təsvir etmək, hər bir iştirakçının fikrini almaq, qonaqların təəssüratlarını qeyd etmək, festivalın ab-havasını fotolar vasitəsilə oxucuya çatdırmaq idisə, buna növbəti səhifələrdə nail olunub. Belə ki, ölkəmizin mötəbər tədbirə qatılmış sayılıb-seçilən insanları, xarici qonaqlar, eləcə də sərhədlərdən kənarda yaşayan soydaşlarımızın müasir Azərbaycan, Haqq, Vətən savaşımız və möhtəşəm Zəfərimiz, festivalın özəlliyi barədə fikirlərinə, o cümlədən musiqi kollektivlərinin çıxışları haqqında məlumatlara geniş yer ayrılıb. Bu sırada Polad Bülbüloğlu, Çingiz Abdullayev, Fərhad Bədəlbəyli, Fərhad Xəlilov, Mənsum İbrahimov, Murad Hüseynov, Firəngiz Mütəllimova, Murad Adıgözəlzadə, Fuad İbrahimov, Orxan Alptekin (Türkiyə), Melita Lomadze (Gürcüstan), Aişə Xan (Pakistan), Sabrin və Rami (Tunis), Yusif Eyvazov, Dinara Əliyeva, Elçin Əzizov (Rusiya), Etibar Əsədli (Azərbaycan-Fransa), Həmzə Namirə (Misir), Cheisk Tidiane Seck (Mali), habelə Ankara Türk Dünyası Müzik ve Halk Dansları, “Solors of Pakistan”, “Mekitassy” (Gürcüstan), “Baxor” (Özbəkistan), “Trigaida” (Bolqarıstan), “Qorqud”, “Bülbüllər”, “Halay”, “Adıgün”, “Huduki” (Azərbaycan), vokal və rəqs qrupları var. Jurnalı əlinə alan oxucu başqa adları da səhifələrdə görə biləcək. Bu səhifələrin zəhməti başda Samirə Behbudqızı olmaqla Rəşadət Gərayzadə və Elnarə Xankişiyevanın üzərinə düşüb.
“Buxarian times” jurnalının baş redaktoru Rafael Nektalovla müsahibə Nataliya Quliyevaya, ustad xanəndə Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova ilə söhbət Fəxriyyə Abdullayevaya, Özbəkistan estradasının primadonnası Yulduz Usmanova ilə müsahibə isə Şövkət Səlimova aiddir.
“Xüsusi buraxılış”da həm də Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin incəsənətimizdə xarıbülbül çiçəyinin tərənnümü mövzusunda təhlili (“Vətən bağı”nın baş yaraşığı”); bəstəkar, Əməkdar müəllim Adilə Yusifovanın kövrək xatirələri (“Xəyallarımdakı şəhər sənmişsən, Şuşam!”), sənətşünaslıq üzrə fəlsəfə doktorları Yavər Neymətlinin (Xarıbülbül ətirli “Qarabağ şikəstəsi”), Rauf Bəhmənlinin (“Unudulmuş “Xarıbülbül” yenidən səslənəcək”) və Xalq artisti Gülnaz İsmayılovanın “Azərbaycan musiqisinin məbədi Şuşanın musiqi ənənələri və “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı araşdırmaları yer alıb.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
Fərhad Bədəlbəyli “Şərəf” ordeni ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xalq artisti Fərhad Bədəlbəylinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Orden Xalq artistinə Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.
Anadan olmasının 75-ci ildönümü tatam olan Xalq artisti Fərhad Bədəlbəylinin Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında layiqli yeri var. O, müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdəndir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı çıxışları Fərhad Bədəlbəylini geniş auditoriyaya tanıdıb və sevdirə bilib. Görkəmli sənətkarlarımızın fortepiano ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan F.Bədəlbəyli, eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirib. Hazırda F.Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. O, mütəmadi olaraq dünyanın bir çox ölkələrinə qastrol səfərləri edir.
Fərhad Bədəlbəyli 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur. O, 1997-ci ildə "Şöhrət", 2017-ci ildə isə "İstiqlal" ordenləri ilə təltif edilib.
Fərhad Bədəlbəyli şəxsiyyətinə həsr edilmiş Elman Eldaroğlunun ithaf yazısını sabah portalımızdan oxuya biləcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
“Oskar”ın əsas iddiaçılarından olan “Avatar: Suyun yolu” filmi ümidləri doğrultmur?
2023-cü il martın 12-də keçiriləcək 95-ci Oskar mükafatlandırma mərasiminin nominantlarını Amerikanın Kino Sənəti Akademiyası 10 kateqoriya üzrə açıqlayıb və bu siyahını biz “Ədəbiyyat və incəsənət” portalında sizə təqdim etmişik.
Şübhəsiz, ən əsas müzakirə obyekti ən əsas Oskar nominasiyası olan “Ən yaxşı film” nominasiyasıdır. Bu nominasiyada Ceyms Kameronun “Avatar: Suyun yolu” filmi dominantlıq edir. Və xəbərimiz də elə bu film barədədir.
“Avatar: Suyun yolu” filmi dünya üzrə 855 milyon dollar əldə edib. Bu barədə KinoNews məlumat yayaraq qeyd edir ki, bu məbləğdən ABŞ-ın payına 254 milyon dollar düşür. Analitiklərin fikrincə, havaların soyuması və qış fırtınaları Amerika kinoteatrlarında bilet satışının azalmasına gətirib çıxarıb. Daha əvvəl “Disney” kinoprokatının şöbə rəhbəri Toni Çembers qeyd etmişdi ki, tamaşaçılar koronavirus pandemiyası səbəbindən kinoteatrlara getməyə ehtiyat edirlər.
Ceyms Kemeron çox pərişandır, onun sözlərinə görə, hazırda satışdan əldə edilən vəsait filmi gəlirli hesab etmək üçün lazım olan məbləğin yarısından azdır.
Ortada bu fakt var: 2009-cu ildə nümayiş olunmuş ilk “Avatar” filmi dünya üzrə 2,9 milyard dollar gəlir gətirib və tarixdə ən uğurlu film titulunu saxlamaqdadır.
Xatırladaq ki, Oskarın “Ən yaxşı film” nominasiyasında Martin Makdonaxın “Banşi İnişira”, Baz Lurmanın “Elvis”, Sem Mendesin “İşıq imperiyası”, Florian Zellerin “Oğul” kimi filmləri də yer alırlar. Stiven Spilberqin “Fabelman”ını isə ayrıca qeyd edilir. Çünki əksər proqnozlar onun xeyrinədir.
Amma bütün nominasiyalar üzrə lider olan iki filmin burada da nələrəsə qadir olacağı versiyası da ağlabatandır. Baxın, iki film 5 nominasiyada yer alıb, o cümdən də bu əsas nominasiyada. Bunlar Netflix-ə aid “Qərb cəbhəsində dəyişiklik yoxdur” filmi və Mervel-ə aid “Qara Pantera: Əbədi Vakanda” filmidir.
“Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında mükafata mümkün namizədlərin siyahısına rejissor Daniel Roerin “Navalnı” filmi də daxildir. Ümumilikdə, 144 sənədli filmdən bu kateqoriyada 15 film seçilib və onlardan yalnız beşi mükafata namizəd olacaq. Müraciət edənlər arasında Şaunak Senin “Nəfəs alan hər şey”, Marqaret Braunun “Nəsil”, Laura Poytrasın “Bütün gözəllik və qan tökülməsi” və digər filmlər yer alıb.
“Oskar” mükafatına “Ən yaxşı xarici film” kateqoriyasında da 15 film iddialıdır. Bundan başqa, ən yaxşı qısametrajlı sənədli film, qrim və saç düzümü, musiqi, mahnı, qısametrajlı animasiya filmi, qısametrajlı bədii film, səs, vizual effektlər kateqoriyaları üzrə də filmlərin namizədliyi irəli sürülüb.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
“25 ildən sonra yenidən AzTV-də olduğumdan çox xoş hisslər keçirdim…”
“Cənubi Azərbaycanın Sulduz şəhərində doğulmişam. İsveçdə yaşayıram və yenidən Vətənə dönməkdən məmnunluq duyuram.
25 ildən sonra yenidən doğma Azərbaycan Televiziyasında olduğumdan çox xoş hislər keçirdim, QSC-nin rəhbərliyinə və bütün kollektivinə minnətdarlığımı bildirirəm.
Mədəniyyət TV-nin “Səhərçağı” proqramının qonağı oldum. Mədəniyyət TV-nin tamaşaçılarına özünəməxsus ifalarımı təqdim etdim. Proqramın aparıcısı Səbinə Öz ilə həmsöhbət olarkən ona ən böyük arzumdan danışdım. Ən böyük arzum Xudafərin körpüsünü ziyarət etməkdir.
44 günlük Vətən savaşında Xudafərin körpüsündə dalğalanan bayrağımızın Cənubda yaşayan Azərbaycanlılarda çox böyük ruh yüksəkliyi yaratdığını da söyləyim”.
Sitat güneyli soydaşımız, müğənni-ozan Araz Elsəsə məxsusdur.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
AzTV “Şəfalı xatirələr” adlı sənədli film hazırlayıb
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Bədii və Sənədli filmlər studiyası 44 günlük Vətən müharibəsində həkimlərimizin fədakarlıqlarından bəhs edən film ərsəyə gətirib. Film dekabrın 25-də saat 17:00-da televiziyada yayımlanıb.
“Ədəbiyyat və incəsənət” portalı QSC-nin ictimaiyyətlə əlaqələr və sosial media şöbəsinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin tibb xidmətinin həkimlərinin İkinci Vətən müharibəsi zamanı fəaliyyətlərini əks etdirən “Şəfalı xatirələr” sənədli filmində Vətən müharibəsi zamanı həkimlərimizin də əsgərlərimiz kimi ön cəbhədə döyüşündən bəhs edilir. Onların qorxmaz, mərd şəkildə yaralı hərbçilərimizə kömək üçün can atması da kadrlarda öz əksini tapıb.
Qeyd edək ki, “Şəfalı xatirələr” sənədli filminin rejissoru və ssenarisi Rövşən Nicat, quruluşçu operatoru isə Elxan Rüstəmovdur.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)