Super User

Super User

Среда, 28 Декабрь 2022 08:30

Bu gün Beynəlxalq kino günüdür

Bu gün dünyada İlk kinoseansın ildönümü ilə əlaqədar Beynəlxalq kino günü bayram ediləcək, kino xadimləri və kinosevərlər üçün çox əziz bir gündür. 1895-ci ilin 28 dekabrında Parisdə, Kapusinov bulvarında, Qrand-kafedə kinematoqrafı kəşf edən Lümyer qardaşları dünyada ilk kinoseans təşkil ediblər. Həmin gün cəmi 35 bilet satılıb, biletlərin qiyməti cəmi 1 frank olub, amma sonrakı günlərdə Lümyerlərin kino seanslarına izdihamlı növbələr yaranıb, onlar böyük vəsait əldə ediblər.

Kino beləcə Fransada doğulub bütün dünyaya ayaq açıb. Bu gün də bu sahə mədəniyyətin ən böyük gəlir gətirən sahəsi kimi liderliyini qorumaqdadır.

 

“Ədəbiyyat və incəsənət”

(28.12. 2022)

 

Среда, 28 Декабрь 2022 08:00

Kart günü, Ömürlük prezident və Soljenitsin.

 

Varisin “Həftənin təqvimi”

 

 

 

Bu günə - dekabrın 28-nə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq. Təbii ki, bir mədəniyyət portalı olaraq ilk qeyd edəcəyimiz bayram Kino günüdür, bu barədə bu yazıda yox, ayrıca bəhs edəcəyik. İndisə keçək digər mətləblərə.

 

 

 

Kart oyunu günü

 

İlk dəfə Çində yayılan, boş vaxt keçirməyə və əyləncəyə hesablanan kart oyunu əfsus ki, sonradan bir qumar predmetinə çevrilib, kimlərəsə haram pullar gətirib, kimlərisə müflisləşdirərək bədbəxt edib. Ona görə də bizlər bu günü qeyd etməsək yaxşıdır.

 

 

 

Vifleem uşaqları, Türkmənbaşı və 152 illik saqqızçeynəmə təcrübəsi

 

Günahsız Müqəddəslər günü. Fransada qeyd ediləcək bu gün qədim tarixdə İrodun əmri ilə öldürülmüş Vifleemin iki yaşa çatmamış uşaqlarının xatirəsinə həsr olunan matəm günüdür. Kalmık xalqı da bu gün matəm gününü qeyd edir, 1943-cü ildə Stalinin kommunist rejimi tərəfindən 100000 kalmıkın Sibirə deportasiyası zamanı həlak olanların xatirəsi anılır. Dünya başdan-başa təzadlı deyildirmi? İspaniyada isə bu gün gülüş günüdür, Els Enfarinats adlı festival keçirilir.

 

1999-cu ilin bu günündə Türkmənistanda qüvvəyə minən qanuna görə Saparmurat Niyazov ömürlük prezident elan edilib. ( O, bundan sonra cəmi 7 il yaşamağa macal tapıb). 1987-ci ilin bu günündən ta ki 1988-ci ilin 2 yanvarınacan Kiprdə 76 yaşlı qadın Kivel Papaioannou mağazanın liftində ilişib qalmaqla dünyada “ən çox liftdəqalma” rekorduna imza atıb. Tətildən sonra mağazanı açanda liftdə qadın qaldığını aşkar edib onu xilas edən işçilər ağbirçək qadının 5 gün liftdə necə sağ qalmasına sadəcə təəccübləniblər.

 

1973-cü ilin bu günündə Parisdə Aleksandr Soljenitsinin “QULAQ Arxipelaqı” kitabı ilk dəfə nəşr olunub. 1953-cü ildə dünya tarixinin ən virtuoz piano ifaçısı, fransız Riçard Klayderman doğulub. Pol de Sennevilin yazdığı "Adelina üçün ballada" Klaydermanı əsl ulduza çevirib, bu əsər dünyanın 38 ölkəsində 22 milyon nüsxə ilə satılıb, vaxtınız olsa bu gün həmin o kompozisiyanı dinləyin.

 

1945-ci ilin bu günündə Kaliforniyada “Dahi”, “Amerika faciəsi” və “Kerri bacı” kimi ölməz əsərləri ilə adını dünya ədəbiyyat tarixinin qızıl səhifələrinə yazmış Amerika yazıçısı Teodor Drayzer dünyadan köçüb. 1925-ci ilin bu günündə o cümlədən Mərdəkanda da yaşayıb yaratmış böyük rus şairi Sergey Yesenin intihar edərək həyatını bitirib.

 

1923-cü ilin bu günündə Eyfel qülləsinin memarı Qustav Eyfel dünyadan köçüb. 1908-ci ilin 28 dekabrı İtaliya xalqına dəhşətli bəla gətirib, tarixdə Avropa ərazisində ən güclü zəlzələ Cənubi İtaliyada baş verib, 250 min insanın həyatına son qoyulub.

 

Saqqızı sevənlər əlbəttə ki, içimizdə az deyil. 1869-cu ilin bu günündə amerikalı Uilyam Sempl kəşf etdiyi saqqıza patent alıb. Demək, 152 ildir ki, insanlar bu məşğuliyyətə qurşanıblarmış.

 

 

 

Mərhum alimin və mərhum şairin doğum günləri

 

1926-cı ilin bu günündə anadan olmuş akademik Nəriman Quliyev ömrünün altmış ilə yaxın bir dövrü ərzində öz səmərəli yaradıcılığı ilə Azərbaycanda fizika elminin inkişafına töhfələr verib. O, bu sahə üzrə ana dilində yazılmış ilk sanballı elmi-kütləvi nəşrin müəlliflərindəndir. Azərbaycanda nüvə fizikasının inkişafının mühüm mərhələsi də akademikin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın dünyanın tanınmış nüvə tədqiqatları mərkəzləri ilə elmi-texniki əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində onun xidmətləri təqdirəlayiqdir. Xidmətlərini nəzərə alaraq 2011- ci ildə Dövlətlərarası Humanitar Əməkdaşlıq təşkilatı alimi “Birliyin ulduzu” mükafatı ilə təltif edib. Onun əvəzsiz xidmətləri dövlətimiz və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Alim iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “İstiqlal” (2005) ordenləri ilə təltif edilib. Nəriman Quliyev 2014-cü il may ayının 20-də vəfat edib. Ruhu şad olsun!

 

1941-ci ilin dekabrının bu günündə anadan olmuş şair Şahmar Əkbərzadə isə həm lirik şeirləri, həm də jurnalistika fəaliyyəti ilə seçilib. O, Mədəniyyət Nazirliyinin təsis etdiyi “Mədəniyyət” qəzetinin ilk baş redaktoru olub. Bədii yaradıcılıqla 1985-ci ildən məşğul olmuş Şahmar Əkbərzadənin “Anama layla” (1978), “Sevgi borc verilməz” (1982), “Ona yanıram ki” (1988), “Haqqa pəncərə” (1998), “Sev məni” (2000) kimi kitabları işıq üzü görüb, əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib, 1996-cı ildə şeirlərinə görə “Araz” ali ədəbi mükafatına layiq görülüb. Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində vəfat edib, ruhu şad olsun. “Vektor” Beynəlxalq Elmlər Akademiyasının rəhbəri Elçin İsgəndərzadə tərəfindən 2000-ci ildən şairin adına beynəlxalq ədəbiyyat mükafatı təsis edilib və həmin mükafat 2001-ci ildən bu günədək 70-dən çox şairə, o cümlədən 15 xarici ölkə şairinə təqdim edilib.

 

 

 

Məleykə Əsədovanın “bığı”

 

Düşünməyin ki, amerikalıları unutmuşam, onlar bu 28 sentyabrda Milli Qutudakı konfet gününü qeyd edirlər. Madam ki, qutuda konfetdən söhbət düşdü, mütləq bir haşiyəyə çıxım. Bizdə sovetlər dönəmində, eləcə də müstəqilliyin ilk illərində  qutuda şokolad ən qiymətli hədiyyələrdən sayılırdı, insanlar bir-birinin evinə gedəndə bir şokolad qutusu aparırdılar, o evdəkilər də onu açmır, servantda əziz əşya kimi saxlayırdılar. Vəliyevlər ailəsi də onlara gətirilmiş, üzərində Məleykə Əsədovanın şəkli olan şokolad qutusunu açıb yeməmişdi, dar gün üçün saxlamışdı, amma evin kiçik uşağı nadinclik edib xanım Əsədovaya bığ çəkmişdi, evin qadını da bu bığı cidi-cəhdlə silsə də yeri qalmışdı. Bir il keçəndən sonra Vəliyevlər hansısa bir qohumlarıgilə qonaq getməli olanda bu qutunu da büküb aparırlar, qutuyla vidalaşırlar. Daha iki il keçmiş onlara hansısa bir tanışları qonaq gələndə bığlı Məleykə qutusu yenidən onların evinə qayıdır. Qonaqlar gedəndən sonra Vəliyevlər bu dəfə “halal qismətləri olan” şokoladları yemək qərarı verirlər, qutunu açanda görürlər, şokoladlar qurdlayıb, ovxalanıb. İndi diqqət edirlər ki, ərzağın yararlılıq müddəti 4 ildir ki ötübmüş. Bax belə bir əhvalat. Biz “saxla samanı, gələr zamanı” deyibən dar gün üçün tədarüklü xalqıq, düzdür. Amma bəzən fərqinə varmırıq ki, samanın da saxlanma zamanı var, bu zaman keçəndən sonra o, ən yaxşı halda zibilə atılası olur.

 

Allah sizləri heç vaxt dəyərdən salmasın, əziz oxucular!

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(28.12.2022)

 

 

 

 

 

 

 

 

Среда, 28 Декабрь 2022 07:30

“Xəzər” dərgisinin yeni sayı çıxıb

Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı dərgisinin yeni sayı işıq üzü görüb.

 

Dərginin bu sayında “Fövqəl” rubrikasında Anton Çexovun “Qara rahib” əsəri, “Azərbaycan ədəbiyyatı” rubrikasında Əli Kərimin şeirləri yer alıb.

Nəşrin digər rubrikalarında oxucular Cerom Selincerin “Yazıçı, kitabına imza atmaz...” müsahibəsi, Andre Moruanın “Yaşamaq elminin dörd qaydası”, “Montendən Araqonadək”, “Marsel Prust”, “Uolter”, “Anatol Frans” esseləri, Vilayət Quliyevin “Macarları özlərinə tanıdan alim” tarixi əsəri, Besik Xaranaulinin şeirləri, Tarey Vesosun “Qışın son günləri” hekayəsi, Fyodor Dostoyevskinin “Zavallılar” romanı, Kolm Toybinin “Bruklin” romanının ardı və dünyanın məşhur yazarlarının yazıçı sənəti, istedad və dahilik, kitab və mütaliə haqqında fikirləri ilə tanış ola biləcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin 30 illiyinə həsr olunmuş konsert keçirilib. Bu barədə tədbirin Press-relizində bildirilir. 

 

Musiqili gecənin əvvəlində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Günel Zeynallı çıxış edərək, tədbirin əhəmiyyətindən söz açıb.

Sonra orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq artisti, general-mayor Yusif Axundzadə, orkestrin rəisi, Əməkdar İncəsənət xadimi, polkovnik Rüfət Axundzadə və baş leytenant Elnur Qurbanovun rəhbərliyi ilə solistlər Əməkdar artist Xəyyam Mustafazadə, Aynur İsgəndərli, Kənan Qədimov, Züleyxa Usubova, Elman Mustafayev, Anar Hüseynov, Namiq Qurbanov, Sərxan Fətəliyev öz ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qara dəniz” və “Koroğlu” operasından rəqs, James Lastın “Tənha çoban”, John Villiamsın “İmperial marş”, “Anamız Azərbaycan”, Eric Vitacrein “The Seal Lullaby”, Müslüm Maqomayevin “Odlar yurdu” və “Azərbaycan”, Rafael Hernandesin “El Cumbanchero”, Elza İbrahimovanın “Ey Vətən”, Zeqinya Abreunun “Tico-tico”, Rüfət Axundzadənin “Qələbə” marşı səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

 

Əkbər Qoşalı yazır

 

Fransa Güney Qafqaza və Qarabağa müdaxilə etməkçün yüz hoqqadan çıxır

ATƏT-in keçmiş Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının (hələlik) daimi üzvü Fransanın prezidenti Emanuel Makron beynəlxalq humanitar təşkilatların Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisinə göndərilməsi çağırışında bulunub. Onun bu çağırışı əlbəttə əsassızdır – özü də tamamilə əsassızdır.

Birincisi, o dövlət ki, guya arbitr rolu oynayır (özünü buna haqqı çatan dövlət konumunda görür), zəhmət çəkib, tərəflərdən eyni məsafədə durmağı bacarmalıdır. O isə keçmiş işğalçı Ermənistanın böyük bacısıdır və bu bacılıq fiziki yox, siyasi-ideoloji, müəyyən qədər dini amillərlə bağlıdır. Yəni bu yanaşmada heç bir halda hüquq, beynəlxalq nizam arayışı iştirak etmir.

Beləliklə, sual yaranır: bir şey ki əsassızdır o nə nəticə verə, hansı qalıcı imkanlar yarada bilər? Bu çəpdişli çarx altındaymış kimi davranmaq nəyi göstərir? Suallar ritorik xarakterlidir. Bəli, bu, bir daha Emanuel Makronun hər vəchlə Güney Qafqaza müdaxilə etməyə, burada möhkəmlənməyə çalışdığını göstərir. Bu, “Gözü qarayam” deyirmişcəsinə bir müdaxilə cəhdidir; amma biz nə Fransanın gözünün rənginə, nə də onun kiçik bacısının göz yaşına baxmayacağıq...

Öz çirkin planını “sərhəd missiyası” adı altında həyata keçirməyə cəhd göstərən Makron istəyinin puç olduğunu görüncə, bu dəfə “kurs”u dəyişib humanitar təşkilatların əli ilə öz niyyətini gerçəkləşdirməyə çalışır. Onun humanitariya qavramına verdiyi “dəyər”i Frankafoniyanın Tunis toplantısında bir daha gördük: adam yekun qətnaməyə, qurumun rəsmi elanolunmuş qayəsi ilə heç bir bağlantısı olmadan Azərbaycan əleyhində bəndlər salmaq istəyirdi. Hətta israrlara baxmayaraq o bəndlər keçmədi – çünki Azərbaycanın güvənli dostları hər yerdədir; Makron gördü ki, Frankafoniyada belə üzv Ermənistanın deyil, adil Azərbaycanın sözü daha kəsərli, daha keçərlidir. Ermənistanın üzv olduğu KTMT-də də belədir. Azərbaycan şahlanış dönəmindədir, kəsafətləri kəsə-kəsə irəliləyir və bizi kimsə durdura bilməz! Çünki haqlıyıq! Çünki haqqımızı savunmağa yetərli gücümüz var!

Bəli, artıq kimisə aldatmaq mümkünsüzdür – Fransanın Ermənistanla birgə hazırladığı məkrli planları faş etməyə imkanımız var. Fransanın öz bəd niyyətini humanitar təşkilatların əli ilə gerçəkləşdirməyə çalışması keçməyəcək – bu plan da iflasa məhkumdur.

Təkrarçılıq olmasın, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.

Və Fransanın yanlış yanaşmaları ilk növbədə BMT Nizamnaməsinin humanitar məsələlərlə bağlı müddəalarından sui-istifadədir. Hər hansı bir ölkənin ərazisinə humanitar missiya, yalnız o ölkənin razılığı əsasında göndərilə bilər. Azərbaycan Respublikasının belə bir razılığımı var? – Xeyr! Azərbaycanın nəinki razılığı, öhdəliyi, imzası var, əksinə heç belə bir niyyəti də yoxdur.

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ermənilər yaşadığı ərazilərində guya humanitar böhranla bağlı iddialar tipik erməni yalanı, hay vay-şüvənidir. Hələ bircə fikir verin: guya Xankəndi və çevrəsində 120 min (?) erməni yaşayır. Bədbəxt uşağı o qədər yalan danışıb, artıq yalanla nəfəs alır, yalanla qol-boyun yatır, yalanla oyanır, elə yalanla da əl-üzünü yuyub, sonra da yeni yalanlarla qəlyanaltı edirlər... Təqribən 25 min erməninin zorən məskun edildiyi əraziyə bundan 4-5 dəfə çox erməni “pripiska” edirlər. Necə ki Xankəndindəki son (25 dekabr tarixli) mitinq haqqında yayılan erməni “rəsmi” xəbərlərində də saxtalaşdırma gördük: yenə 4-5 dəfə şişirtmə vardı – guya 17 min yox 70 min civarı erməni toplaşıbmış Xankədni meydanına. Bilirsiz, burada iki məqam qabarıq görsənir. Birincisi, bizim ekofəalların, vətəndaş cəmiyyəti institutları təmsilçilərimizin Laçın-Xankəndi yolundakı əyləmindən sonra Ermənistandan “TIR”larla-filan “mitinqçi” daşımaq alınmadığı üçün, meydanın münasib rakurslardan çəkilişləri ilə, digər texniki quramalarla oynadılar; ikincisi, qlobal meydanda Fransa-Rusiya ayrımçılığı söz konusuykən, balaca meydanda Fransa-Rusiya işbirliyi cəhdi, əsintisi hiss olunur. – Olsun ki, bu da, Vardanyana bir az ümid verir. Amma və lakin yeni terrorçubaşı olmaq istəyən Vardanyanın danışığına çökmüş qüssə, (qabağı düşüm derkən dala düşdüyünü idrak etmiyin gətirdiyi gərginlik) danılmazdır. Vardanyan Yoxdanyan olmaq yolundadır – ha bir az gec ha bir az tez... Rəhmətlik Şaiq Vəli demiş, olacaqlar olacaqlar...

Kim bilməsə də, Ermənistan və onun böyük bacısı yaxşı bilir ki, əgər Xankəndi ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları hər hansısa bir humanitar çətinliklə üzləşərsə, Azərbaycan öz ərazisində yaşayan dinc sakinlərin, vətəndaşlarının problermlərini ləyaqətli həll etməyə qadirdir. Azərbaycanın ədalətinə kiminsə şübhəsi olmasın. Cənab Prezidentin məşhur sözləri ilə desək, “sözümüz imzamız qədər keçərlidir”.

Hər şey bir yana qalmış olsa belə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidə qərargahı var və bu qurumla işbirliyi mövcuddur. Deməli, hər hansı bir çətinlik yaranarsa da, Qırmızı Xaç Komitəsinin vasitəsi ilə çözüm yolu tapmaq mümkündür. 

Zatən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin arabalarının, onların müşayiəti ilə təcili tibbi yardım avtomobillərinin, Laçın – Xankəndi yolunun hazırda əyləm keçirilən hissəsindən maneəsiz hərəkəti bir neçə dəfə tam təmin edilib. Əyləmçilər yolçulara, yolçular əyləmçilərə öyrəşib artıq. Artıq daha çox erməni idrak edir ki, Azərbaycanla anlaşmaya varmaq alternativlərin ən yaxşısıdır! O da görəsnir ki, Xankəndidə heç bir humanitar böhran yaşanmır.

Uzun sözün qısası, Fransa Prezidentinin səsləndirdiyi fikirlər onun yenidən vasitəçiliyə can atdığını göstərməkdədir. Amma və lakin Fransa məsələ ilə bağlı birtərəfli mövqe tutduğuna görə belə bir vasitəçilik mümkün deyil. Fransa öz missiyasını, mandatını özü gorbagor eləyib. Gorbagor olansa dirilmir... 

Müsyö üçün Dərviş Məstəli Şahmı gəlsin, yoxsa, Şeyx Nəsrullahmı?..

Dövlətimiz zaval görməsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

Вторник, 27 Декабрь 2022 15:04

Bakılı oğlan səhnədən gedir

 

Əməkdar artist, məşhur “bakılı oğlan” Bəhram Bağırzadə səhnədən gedir. Bu barədə məşhur aktyor "Space maqazin" verilişinə açıqlamasında bildirib.

 

Bağırzadə deyib: "Dekabrın 14-ü Heydər Əliyev sarayının 50 yaşı tamam oldu. Ora getdim, səhnəni və divarları öpdüm. Söz verdim ki, bundan sonra səhnəyə çıxmayacağam".

Əməkdar artist hələ kino və reklamlara çəkiləcəyini, daha sonra onlarla da vidalaşacağını bildirib. 

Düzü, Bəhramın getməsi komediya səhnəmiz üçün ciddi itki olacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

Вторник, 27 Декабрь 2022 15:00

Ən çox oxunan: Şer 76 yaşında ərə gedib

 

76 yaşlı, Şer adı ilə tanınan erməni əsilli məşhur müğənni Şerilin Sarkisyan özündən 40 yaş kiçik sevgilisi, repçi, qaradərili  Aleksandr Edvardsla evləndiyini açıqlayıb.

Erməni müğənninin bu barədə "Twitter" hesabında məlumatına istinadən yazılan xəbərlər medianın ən çox oxunan xəbərləri sırasında ən yüksək yer tutub. 

"Pop ilahəsi" adlandırılan ifaçı çox güman ki, qaşı brilyant olan üzüyünün fotosunu paylaşaraq "Artıq sözə ehtiyac yoxdur, sevimli Aleksandr, mən bunu ona görə paylaşdım ki, pedikürüm çox şəhanədir" sözlərini yazıb. Guya hiyləgər qadın bahalı üzüyü yox, laklı dırnağını göstərirmiş. 

Qeyd edək ki, daha çox pop rok janrında ifa edən Şer həmçinin, "Mask", "The Player", "Faithful" və digər filmlərə çəkilib. 

Və onu da qeyd edək ki, böyük oğlunun 53 yaşı olan Şerin 36 yaşlı gənclə bu izdivacından ailələrində hədsiz narazı qalıblar. 

Erməni ki erməni! 

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

 

Məşhur rusiyalı müğənni, prodüsser və bəstəkar Aleksandr Şevçenko 60 yaşında vəfat edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən məlumat yayır. 

 

Agentlik bildirir ki, Şevçenkonun ölümü barədə “Zodçiye” qrupunun rəhbəri Yuri Davıdov sosial şəbəkə hesabında məlumat verib. İlkin məlumata görə, sənətçinin ölümünə tramboz - qan laxtalanması səbəb olub.

Aleksandr Şevçenko öncə müğənni kimi tanınıb, məşhur “Zodçiye” qrupunun keçmiş solisti olub. 1990-cı illərin sonlarında prodüssürliyə başlayan Aleksandr Şevçenko say-seçmə müğənnilərlə, o cümlədən Alsu ilə çalışıb. Keyfiyyətli mahnıların difisit olduğunu iddia edib və özü mahnı bəstələməyə başlaylb. 

Aleksandr Şevçenko bir çox tanınmış mahnıların, o cümlədən Alsunun “Qış yuxusu” (“Zimniy son”), “Hərdən” (“İnoqda”), “Onsuz da” (“Vse ravno”) mahnılarının və hitlərinin əksəriyyətinin müəllifi olub. O, həmçinin Jasmin, Danko, Tatyana Ovsiyenko, Nikolay Trubaç və digər tanınmış ifaçıların da mahnılarının müəllifidir.

 

O gün ki sən mənim yuxuma girdin,

Mən hər şeyi özüm uydurdum. 

Torpağa səmalardan sakitcə qış endi. 

Mən sənə görə

Tənha pəncərəmin pəncərəsindəki

 işığı söndürmədim. 

Heyif ki, hamısı yuxu idi…

 

Bəstəkar Haqq dünyasına qovuşdu. Amma “Qış yuxusu” həmişə qalacaq, dinləniləcək, seviləcək.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

Вторник, 27 Декабрь 2022 20:00

ICESCO İcraiyyə Şurasının 43-cü sessiyası keçirilib

Mərakeş Krallığının paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İcraiyyə Şurasının 43-cü sessiyası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Naİrliyinə istinadən xəbər verir ki, sessiyanı giriş sözü ilə açan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik son dövrlərdə təşkilatın bütün əsas göstəricilər üzrə inkişafda olduğunu, yeni strategiya üzrə fəaliyyətin uğurla icra edildiyini diqqətə çatdırıb. Həyata keçirilmiş, cari və planlaşdırılan layihələr haqda məlumat verilib.

Tədbir çərçivəsində “Azərbaycan Respublikası ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyət Planı” imzalanıb. Fəaliyyət Planını Azərbaycan tərəfdən ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov, ICESCO adından isə təşkilatın Baş direktoru Səlim Əl-Malik imzalayıb. Fəaliyyət Planına əsasən Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-nun tərəfdaşı olduğu “Mədəniyyət naminə sülh” qlobal çağırışı çərçivəsində birgə fəaliyyətlərin icrası nəzərdə tutulub. Bununla yanaşı, ICESCO-nun Gənc Peşəkarlar Proqramı, İslam dünyasının mədəni irs abidələrinin qorunması və mühafizəsi, həmçinin informasiya texnologiyası sahəsində həyata keçiriləcək layihələrə dəstək verilməsi planlaşdırılır.

Qeyd edək ki, sessiyada Mədəniyyət Nazirliyinin nümayəndəsi də iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

Вторник, 27 Декабрь 2022 19:00

Rumıniyada Azərbaycan xalçaları sərgisi açılıb

 

Rumıniyanın Sibiu şəhərində Müasir İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Brukenthal Milli Muzeyi, Rumıniyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı, Rumıniyanın Gözdən Əlillər Cəmiyyətinin Sibiu filialının dəstəyi ilə “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərginin açılış mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Rumıniya ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin tarixindən, bugünkü inkişafından söz açan Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare sərgini neft ölkəsi olaraq tanınan Azərbaycanın zəngin mədəni irsinin təbliği baxımından önəmli hadisə kimi dəyərləndirib.

Brukenthal Milli Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Alexandru Konstantin Kitutsa sərgidə görmə qabiliyyəti məhdud şəxslər üçün toxunmuş xalçaların təqdim edilməsinin, brayl şrifti ilə məlumatlandırıcı mətnlərin olmasının önəmini vurğulayıb.

Açılış mərasiminin davamında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya və Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soareyə Brukenthal Milli Muzeyinin yaradıcısı baron Samuel fon Brukenthalın 300 illik yubileyi münasibətilə təsis edilmiş medal və diplom olunub. Brukenthal Milli Muzeyinə isə Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunmuş “Zeyvə” xalçası hədiyyə edilib.

Qeyd edək ki,  Azərbaycanla Rumıniya arasında diplomatik əlaqələrin 30 illiyi və Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi münasibətilə təşkil olunan sərgidə muzeyin kolleksiyasından seçilmiş XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid Azərbaycanın müxtəlif bölgələrinə məxsus 15 xovsuz və xovlu xalça nümayiş olunur. Burada Səfəvi dövrünə aid Qarabağın dünyaca məşhur əjdahalı xalçalarının daha sonrakı dövrlərə aid nümunələrindən Qarabağın “Qasımuşağı”, “Malıbəyli”, vərni xalçaları, o cümlədən Şirvanın “Şamaxı” xalçası da təqdim olunur.

Sərgi 31 yanvar 2023-cü il tarixinədək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.