Super User
Azərbaycan xalqı nağdsız ödənişlərə keçib
Bəli, mübaliğəsiz olaraq bunu söyləyə bilərik. Bu gün azərbaycanlılar nağdsız ödənişlərə üstünlük verməkdədirlər. Bir vaxtlar pullarını “hansısa bir plastik nəsnəyə” qoymağa ehtiyat edən həmyerlilərimiz indi əllərinə keçən istənilən pulu karta mədaxiı edirlər ki, ədv, bonus, kəşbek qazansınlar.
Nəticə isə belədir: Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb.
“Ədəbiyyat və incəsənət” portalı Mərkəzi Banka istinasən xəbər verir ki, 2022-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2524 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1908 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 613 milyon manatı POS-terminallar, 2,4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 47,4 faizini təşkil edib.
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstanla tərəfdaşlıq perspektivləri müzakirə olunub
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana rəsmi səfəri çərçivəsində ölkənin xarici işlər nazirinin müavini Adil Tursunov ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, görüşdə Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Adil Tursunov qonağı salamlayaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk xalqlarının mədəni irsinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə verilən töhfələri yüksək qiymətləndirib. Adil Tursunov Fond ilə Qazaxıstan arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinin önəmini vurğulayaraq, həyata keçirilən layihələri dəstəkləməyə hazır olduğunu bildirib.
Günay Əfəndiyeva Fondun qurucu üzv dövləti, Türk dünyasının ayrılmaz parçası Qazaxıstanın qədim və zəngin dəyərlərinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə tanıdılması yönündə təşkilatın fəaliyyətindən söz açıb. Fondun prezidenti təşkilatın növbəti il üzrə qarşısına qoyduğu məqsədlərindən, eləcə də Qazaxıstanla əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində planlarından bəhs edib.
Görüş tərəflər arasında tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)
“Ən yaxşı film” nominasiyasında əsl Oskar mücadiləsi
Təbii ki, hazlrda dünya kino ictimaiyyətinin fikri-zikri 2023-cü il martın 12-də keçiriləcək 95-ci Oskar mükafatlandırma mərasiminin nominantlarındadır. Kim Oskar qazanıb sevincə batacaq və kim nominant kimi qalıb pərişan olacaq?
Amerikanın Kino Sənəti Akademiyası mükafata iddiaçıların 10 kateqoriya üzrə siyahısını təqdim edib. Və bu siyahını biz
“Ədəbiyyat və incəsənət” portalında sizə təqdim etmişik.
Şübhəsiz, ən əsas müzakirə obyekti ən əsas Oskar nominasiyası olan “Ən yaxşı film” nominasiyasıdır. Bu nominasiyasında Ceyms Kameronun “Avatar: Suyun yolu” filmi dominantlıq edir. Martin Makdonaxın “Banşi İnişira”, Baz Lurmanın “Elvis”, Sem Mendesin “İşıq imperiyası”, Florian Zellerin “Oğul” kimi filmləri də bu nominasiyada yer alırlar. Stiven Spilberqin “Fabelman”ını isə ayrıca qeyd edilir. Çünki əksər proqnozlar onun xeyrinədir.
Amma bütün nominasiyalar üzrə lider olan iki filmin burada da nələrəsə qadir olacağı versiyası da ağlabatandır. Baxın, iki film 5 nominasiyada yer alıb, o cümdən də bu əsas nominasiyada. Bunlar Netflix-ə aid “Qərb cəbhəsində dəyişiklik yoxdur” filmi və Mervel-ə aid “Qara Pantera: Əbədi Vakanda” filmidir.
Stiven Spilberq dünyaşöhrətli rejissordur, düzdür. Amma ədəbiyyat üzrə Nobel, necə ki, son vaxtlar siyasiləşib, Oskar niyə siyasiləşməsin? ABŞ və Almaniyanın birgə çəkdiyi və kino industriyaaının dominantı Netflix-sin möhürü ilə çəkilmiş, 2-ci Dünya müharibəsindən bəhs edən “Qərb cəbhəsində dəyişiklik yoxdur” fiıminin ən azı 2 nominasiyada Oskar qazanacağı şübhəsizdir, əsas nominasiyada isə şansı 50-nin 50-yədir.
Xatırladaq ki, “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında mükafata mümkün namizədlərin siyahısına rejissor Daniel Roerin “Navalnı” filmi də daxildir. Ümumilikdə, 144 sənədli filmdən bu kateqoriyada 15 film seçilib və onlardan yalnız beşi mükafata namizəd olacaq. Müraciət edənlər arasında Şaunak Senin “Nəfəs alan hər şey”, Marqaret Braunun “Nəsil”, Laura Poytrasın “Bütün gözəllik və qan tökülməsi” və digər filmlər yer alıb.
“Oskar” mükafatına “Ən yaxşı xarici film” kateqoriyasında da 15 film iddialıdır. Bundan başqa, ən yaxşı qısametrajlı sənədli film, qrim və saç düzümü, musiqi, mahnı, qısametrajlı animasiya filmi, qısametrajlı bədii film, səs, vizual effektlər kateqoriyaları üzrə də filmlərin namizədliyi irəli sürülüb.
“Ədəbiyyat və incəsənət”
(27.12.22)
Mavi və göy rənglərin əhatələdiyi ağ mirvari - Livadiya
Aida Eyvazlı ilə “Türk dünyasına səyahət” rubrukasında Krımda gəzişməmizi davam edirik. Yolumuz Yaltadakı Livadiya sarayınadır.
Yaltada diqqətinizi çəkə biləcək digər tarixi məkan rus imperatorlarının cənub iqamətgahı olan, Yaltanın 3 kilometirliyində yerləşən Livadiya sarayıdır. Mən bu sarayın ecazkar gözəlliyindən lap sərməst oldum ilk tanışlığımda. Qara dənizin sahilində, yamyaşıl meşəlikdə yerləşən bu ağ mirvariyə tamaşa etməyə iki göz əsla bəs etməz.
Cənubi Krımda Qara dənizin sahilində yerləşən Livadiya adlı bu dəniz sahilinin mirvarisi sayılan sarayı 1861-ci ildə II Aleksandr tikdirib. 1783-cü ildə II Yekatrina bu ərazini Türk gəmiləri ilə müharibədə Rusiyanın xeyrinə vuruşan yunan dəniz donanması admiralı Lanbros Katsonisə hədiyyə verib. Dənizçi Katsonis isə ona verilən ərazidə üzümlüklər salmağa başlayır, 100 ildən sonra isə onun üzümlüklərindən hazır olunan Krım şərabının sorağı Avropa ölkələrinə yayılır.
Daha sonra Livadiyada bağban Dellinger 40 hektar sahədə Asiya və Amerikadan gətirdiyi müxtəlif bitkilərlə ekzotik bağ yaradır. Təkcə 1910-cu ildən başlayaraq 17 ay ərzində bu sarayın təmiri və bərpasında gecə-gündüz 2 min 500 fəhlə çalışır. Onu İtaliya renessansı üslubunda yenidən həyata qaytarırlar.
Bu məşhir saray Romanovlar ailəsinin də 1914-cü ilə qədər yay tətillərini keçirdikləri iqamətgahları idi. Sonuncu dəfə onlar buranı ailəliklə 1914-cü ilin iyun ayının 12-də tərk edirlər. 1917-ci ilin 28 iyulunda II Nikolay taxt-tacdan əl çəkməsi barədə sənədə imza atandan sonra, qalan ömrünü ata-baba yurdu sayılan Livadiya sarayında keçirmək istədiyi haqqında Müvəqqəti hökumətə məktub yazsa da, onun müraciəti cavabsız qalır. Bu ağ sarayda müharibədən qalib çıxmış üç qalib dövlətin -- ABŞ, İngiltərə və SSRİ-nin liderləri tarixdə məşhur olan Yalta Konfransını keçirirlər. 1945-ci ilin fevral ayının əvvəlində konfransda Ruzvelt, Çörcil və Stalin müharibədən sonraklı sülhün konturlarını müzakirə edirlər. BMT kimi məşhur beynəlxalq təşkilatın yaranmasının təməli də elə həmin danışıqlar zamanı bu Livadiya sarayında qoyulur.
Yalta konfransından sonra Livadiya 1953-cü ilə qədər dövlət iqamətgahı kimi istifadə olunur. 1953-cü ildə isə bu saraya dəyər verməyənlər onu müalicə məqsədyönümlü sanatoriya kimi istifadə edirlər. O dönəmdə saray bərbad hala salınır. Aşılanır. Tavan, döşəmə, divar – hamısı ürəkdağlayıcı hala düşür. Yalnız 1993-cü ildə tarixin bütün dönəmlərinə şahidlik etmiş padşah Nikolay Romanovun sarayı yenidən muzey statusu alır. Ukrayna hökuməti dəyərlilərə dəyər verməyi lazım bilir.
İndisə Krım və təbii ki, onun bu arxitektura şedevri sayılan Livadiya sarayı rus işğalı altındadır. Müharibə davam edir, Allah bu gözəllikləri bombalardan hifz eləsin.
Növbəti dəfə sizə Vorontsovların sarayını təqdim edəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Bu gün Filarmoniyada Xalq artisti Rauf Hacıyevin 100 illiyi qeyd olunacaq
Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək. Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fuad İbrahimov, solist violin ifaçısı Ceyla Seyidova) çıxış edəcək.
Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. R.Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapıb. R.Hacıyev eyni zamanda respublikanın mədəni həyatında yaxından iştirak edərək, səmərəli ictimai fəaliyyəti ilə də nüfuz qazanıb.
Qeyd edək ki, bəstəkarın 100 illiyi ölkə başçısının müvafiq Sərəncamına əsasən silsilə tədbirlərlə qeyd olunur.
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)
2022-ci Ilin 20 ən yaxşı fotosu - İstanbulda saçını kəsən qadın
Budur, artıq yekun çıxarmaq zamanı gəlib. Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar.
Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edirik.
İstanbulda etiraz aksiyası. Türkiyədə yaşayan iranlı qadın İrandakı əxlaq polisindən əziyyət çəkən qadınlarla həmrəylik məqsədilə saçlarını kəsir.
Foto: Yasin AKGUL/AFP
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)
Bu gün və sabah ecazkar musiqi günüdür: İsfar Sarabskidən Yeni ilə caz axşamları
Musiqisevərlərə, xüsusən caz musiqisi həvəskarlarına gözəl bir sürpriz var: Bu gün və sabah - dekabrın 27-28-də “The Landmark” otel və biznes mərkəzində pianoçu, bəstəkar, Əməkdar artist İsfar Sarabskinin caz musiqisinin gözəl motivləri ilə Yeni il axşamı təşkil olunacaq. Axşamda
İsfar Sarabski ilə bərabər ifaçılar Elnur Hüseynov və Diana Hacıyevanın müşayiəti altında rəngarəng caz musiqilərindən ibarət ifalar səsləndiriləcək.
Qeyd edək ki, məşhur Azərbaycan opera müğənnisi, aktyor, Şərq opera sənətinin əsasını qoyanlardan biri olan Hüseynqulu Sarabskinin nəticəsi məşhur pianoçu İsfar Sarabski dünyanın "Royal Albert Hall", "Queen Elizabeth Hall", "Miles Davis Hall", Jazz club Vibrato, Jazz club "Zinko", "The Konzerthaus", Jazz club "Asphalt", Jazz club "Duc des lombards", Jazz club "Porgy & Bess", Jazz club "Bird’s eye", "Teatre Apollo" kimi ən nüfuzlu konsert salonlarında çıxış edib. Pianoçu eyni zamanda özünün yaratdığı "İsfar Sarabskinin triosu" adlı kiçik ansamblı ilə dünyanın bir çox ölkələrində keçirilən festivallarda uğurla iştirak edərək, vətənimizi təmsil edib. İ.Sarabski "Novruz", "G-Man", "Generation", "Edge", "Deja-vu", "Last chance", "Preludiya", "Agent", "Revival", "Eastern market", "Now I’m here", "In transit to New York", "Buta", "Lullaby", "Limping stranger", "Cobra dance", "In memory of V.Mustafazade" əsərlərinin müəllifidir. O, 2009-cu il iyulun 18-də keçirilən 43-cü Montrö Caz Festivalının qalibi olub. Bir sözlə, uğurlar bol və gurultuludur. Qalır gəlib dinləyib feyziyab olasınız.
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)
Uğur yolunu göstərən ən yaxşı kitablar
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Mütləq kitablarla dostluq edin
Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq.
Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.
Bu dəfə kitablar barədə danışacağam, sizə kitab oxumaqdan, mütaliə etməkdən ibarət ev tapşırığını məhz motivasiya kitablarına, uğur yolunu göstərən kitablara istinadən verəcəyəm.
Uğur yolunu göstərən kitablar
Birinci Top 10
1. Henri Ford «Mənim həyatım, mənim nailiyyətlərim»
2. Riçard Brenson. «Çılpaq biznes».
3. Riçar Brenson «Hər şey cəhənnəmə, giriş və elə!»
4. Robert Kiyosaki. «Varlı ata, kasıb ata».
5. Ayn Rend «Atlant çiyinlərini düzəltdi».
6. Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək».
7. Qay Kavasaki «Startap».
8. Napoleon Hill «Düşün və varlan».
9. Ceyms Allen «Düşünən insan».
10.Stiven Kovi. «Yüksək effektli insanların yeddi vərdişi».
İkinci Top 10
1. Entoni Robbins «Özündə nəhəngi oyat».
2. Robin Şarma. «Titulsuz lider».
3. Bodo Şefer. «Qaliblərin qanunları».
4. Tom Piters. «Özünü brendə çevir»
5. Con Maksvell «Uğurlu insanlar necə düşünür»
6. Marşal Qoldsmit. «Başından uca tullan»
7. Brayan Treysi «Maksimuma çatmaq».
8. Devid C.Şvarts «Masştablı düşünmək sənəti»
9. Norman Vinsant Ril «Pozitiv düşüncənin gücü».
10.Kennet Blanşar «Bir dəqiqəyə menecer olmaq».
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.
Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir.
Bilmirəm, başqa ölkələrdə necədir, amma bizim Azərbaycandla motivasiya spikeri söylənəndə ilk öncə ağıla Deyl Karnegi gəlir. Motivasiya kitabı söylənəndə isə ağıla onun «Dostları necə qazanmalı və insanlara necə nüfuz etməli» (Kak zavoevıvatğ druzey i okazıvatğ vliənie na lödey) kitabı gəlir. İlk dəfə 1937-ci ildə dərc edilən və dərhal da populyarlaşan bu kitabı, əminəm ki, dünyanın əksər digər dövlətlərində də motivasiya ədəbiyyatının klassikası hesab edərək sevirlər. Dahi liderlərin və biznesmenlərin həyatlarından olan real hadisələr kitabı olduqca maraqlı və faydalı edib.
Həmin 1937-ci ildə haqqında ayrıca danışacağımız daha bir motivasiya şedevri – Napoleon Hillin «Düşün və varlan» kitabı da işıq üzü görüb.
Bu kitabdan bir qədər öncə, 1926-cı ildə Amerikada motivasiya ədəbiyyatının pionerlərindən olan «Vavilonda ən varlı adam» (Samıy boqatıy çelovek v Vavilone) kitabı işıq üzü görmüşdü. Corc S.Kleysonun bu kitabı çoxları üçün şəxsi maliyyənin idarə edilməsi işində əsas bələdçiyə çevrilmişdi.
Motivasiya ədəbiyyatı adlı janrın banisi isə, şübhəsiz, Britaniya yazıçısı Ceyms Allendir. XIX əsrdə – 1864-cü ildə İngiltərənin Lester şəhərində günyaya gəlmiş Ceyms Allen bütün həyatı boyu nə şan-şöhrət, nə də var-dövlət qazana bilmişdir. Bununla belə, bu şəxs yüz illərdir ki, insanlara öz əsərləriylə şan-şöhrət və var-dövlət qazanmağın sirlərini öyrətməkdədir.
Onun 1902-ci ildə yazdığı «Düşünən insan» (Çelovek mısləhiy) adlı əsəri isə tarixin ilk motivasiya kitabı kimi tanınır. Bu hissədə həmin kitab barədə ayrıca söz açacağam.
Sabahdan isə əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim və yuxarıda qeyd etdiyim 10-luqdakı kitablara bir-bir şərh verəcəuəm.
Sabah görüşənədək.
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)
“Sara odu qoruyur” – Cavid Zeynallının hekayəsi
Yola salmaqda olduğumuz ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Cavid Zeynallı
1986-cı ildə Cəlilabad şəhərində anadan olub. Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb. Hazırda Azərbaycan Dillər Universitetinin doktorantıdır.
Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc ədiblər məktəbi”nin məzunudur.
Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc yazıçısı” mükafatını qazanıb. Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü, gənc ədib kimi Prezident təqaüdçüsüdür. “Günəşi gözləyənlər”, “Leyla”və“Şükriyyə” kitablarının müəllifidir. “Coğrafya öğretmeninin ceketi” hekayələr kitabı Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunub. Əsərləri rus, ingilis, alman, gürcü və türk dillərinə tərcümə olunub. “Ölüməgedən” pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqənin qalibi olub.
Cavidin nəsri axıcı və rəvandır, dilimizin gözəllikəri burada qeyri xəsisliklə ortaya qoyulur, quru və sxematik bir şeylərə rast gəlinməz. Obrazlar canlı, dialoqlar təbiidir. Qalır, sadəcə oxuyub mətləbdən agah olasan.
Sara odu qoruyur
Bu hadisə başlayıb keçən ilin sentyabr axşamçağısından. Payız yağışları düşər-düşməz, nar ağacdan dərilər-dərilməzdən. Həmin gün Mərdəkan bazarındakı salxaq piştaxtalardan, rəngbərəng tərəzilərdən tutmuş, sarı limonlara, yaşıl-yaşıl bibərlərəcən hər şey nar qırmızısı rəngində yerə-göyə, adamlara-ağaclara gülümsəyirdi. Hələ sırtıq bazar pişiyinin gözlərinə, yağışa düşən sərçələrin islaq qanadlarına da qırmızılıq qarışmışdı. Payız axşamçağıları kədərli olur axı, hava tutqun, hava boz-bulanıq, hardansa bir dəli darıxmaq, hardansa bir qəribçilik çökür adamın sinəsinə. O qədər qəribçilik ki, nar satan arvad - o cadugər simalı arvad da pulun artığını qaytaranda məhrəmcəsinə: - Onun birini də ver, xala çəksin, - deyir. Gözlərinin öləziyən işığını tütün közərtisinə qarışdıranda ikimiz də gülürük.
- Dənizin uğultusunu eşidirsən? – O iştahası vəhşi arvadın tüstünü sinəyə çəkməsini kaş siz də görərdiniz, - Elə bil, kimsə sancı çəkir. Hansısa bədbaxt zarıyıb-zarıyıb doğub-törəyəcək. Yetimin biri də kəm olmayacaq, ey-y.
- Hər kimdirsə, dünyaya xoş gəlib.
- Əşşi, deyirsən də. Yeddisini elə mən doğmuşam. Dördü qırxı çıxmamış ölüb.
Mən diksinirəm. Və nə yaxşı anam zəng edir. Yoxsa itlərin yalavac dolaşdığı o tör-töküntülü bazarda arvad mənim falıma da baxacaqdı. Mərdəkanın axırıncı işıqforunu keçib şəhərə aparan prospektə çıxanda anamın telefondakı səsi əvvəl zəif-zəif qulağımda eşidildi, sonra artıb-çoxalıb beynimda uğuldadı.
- Evə bir az tez gəl, səni görmək istəyirəm.
Mən qapıdan girəndə bu zabitəli qadın yenə həkim hikkəsi (həm də zəhləm gedən həkim hikkəsi) ilə kiminsə başına ağıl qoyurdu. Ki, Allahın payıdır, saxla, böyüyüb sənə gözünün yağını yedirəcək.
- Sən ağlına gələni danışma, ha... Allah uşağın ruzisini də göndərir.
Abort etdirmək istəyən qadına belə-belə qədim həqiqətlər öyrətməyi, ilahi nəsihətlər verməyi anama Tibb İnstitutundakı Allaha şəkk aparan müəllimləri öyrətməyiblər. Bizim doktor xanım nənəsindən eşitdiklərini müəllimlərindən öyrəndiklərindən əskik bilmir. Bir həkim kəmşirinliyi, bir də o zəhləm gedən hikkəsi olmasa, anam qiymətsiz adamdır.
- Zəhmətkeş, mərhəmətli, vicdanlı olsanız, təkcə özünüzün yox, doğula bilməyən uşaqların, xəstələrin, şikəstlərin də əvəzinə xoşbəxt həyat yaşayacaqsınız. Siz yaxşı oxuyub onların arzularını ucaltmalısınız. Mən sizin sabahınızı aydın, gələcəyinizi işıqlı görmək istəyirəm, əziz balalarım.
90-ların acı günlərində məktəbimizdəki valideyn iclasları anamın bu sarı simə toxunan çıxışı ilə bitərdi. İndi o günləri xatırlayanda sinif yoldaşlarımı bir-bir gözümün qabağına gətirirəm. Və Nigarın, Orxanın, Məhəmmədin, elə Saranın özünün də gözündə işarıb-öləziyən müəmmanı, qorxulu sualı yadıma salıb gülümsəyirəm: “Sən belə ana ilə necə yaşayırsan? O hər gün səni döyür, hə?”. Sonra təkcə Nigarın, Orxanın, Məhəmmədin, elə Saranın özünün də anasının qarnı böyüyüb onlara qardaş-bacı sevinci gətirəndə evdə bizim doktor haqqında eşitdikləri ipisti alqışları çinədanlarına yığıb məktəbdə mənə danışardılar. Həm də gözlərində işarıb-öləziyən o müəmmanı, qorxulu sualı unudub danışardılar. Kasıbın alqışını qazanmağa nə var: cibində gözün olmasın, bir az da məhrəmlik göstər.
- Sizin sinifdəki Sara var idi e...
- Var idi.
- Dünən yanıma gəlmişdi.
- İndi Sara ilə danışırdın?!
- Hə. Onun başına niyə ağıl qoymursunuz?!
- Başa düşmədim?!
- Bir uşağı var. Üç yaşında. İndi ikinciyə hamilədir. Utanmır, gəlib yanıma ki, bunu götüzdürmək istəyirəm.
- Başa düşmədim, mən Saranın qayınanasına oxşayıram?!
(Anamın mənə tərs baxmağı. Yəni, it oğlu, sənə birini nə ilişdirərəm!)
- Sinif yoldaşlarınızla əvvəllər daha yaxın idiniz. Get-gedə soyuyursunuz. Bir-birinizə istiliyiniz qalmayıb.
- Məişət sıxıntıları, ana, məişət sıxıntıları... Qayğılar adamları bir-birinə ögeyləşdirir.
- Boş-boş danışma. Hərənizin otuz yaşınız var, indidən həyat qayğılarından dəm vurursunuz.
- Qayğı elə otuzdan sonra başlayır də. Ev, dolanışıq, əyin-baş, qohum-qonşu...
- Çünki kiçik şeylərə sevinib xoşbəxt ola bilmirsiniz. İraq olsun, elə bil beş ildən sonra öləcəksiniz. Evi, maşını, yaxşı maaşı beş ilin içində qazanmaq olmur, oğlum. Qazansan da, həyatın mənası qalmayacaq. Hər şeyin oldu, bəs sonra? Adam var, qışda qəpik yığıb yayda oğluna velosiped alır, qızına don tikdirir. İnsan səhərin açılmasından, ayın doğmasından da xoşbəxt olmalıdır.
- Doktor, insan o dediyin səhərin açılmasından ayın doğmağına qədər mağara qanunlarına tabe olmağa məcburdursa, hər gün çərləyirsə, qorxusundan ölüb-dirilirsə, necə xoşbəxt olsun? Məni danışdırma. O nardan dənələ, mən də əlimi yuyum, gəlirəm.
- Hə, bax, adam var, oğluna nar dənələyib bundan xoşbəxtlik tapır.
- Gözəl anam, işıqlı anam...
Onu özümə sıxıb öpürəm. Nə qəribədir, nə qəribə. 2003-ün elə bu vaxtlarında, elə payız axşamçağısında Saranı da özümə sıxıb öpəndə canıma eynən bu ətir yayılmışdı. Bu nə idi belə, İlahi? Gətirin gözünüzün qabağına: məktəbimizin arxasındakı çinarın başında oturan sağsağan haray salıb. Qar-qar, qarrr... Havada sazaq. Hardasa uzaqlarda xoruz banlayır. Quqqulu-quu... Yırtıq futbol topunu uşaqlar atıb gediblər, uzaqdan baxanda əlacsız adamın başına oxşayır: bir üzü ağ, biri qara. Təkcə Saranın ətrini, isti dodaqlarının tamını yox, o yırtıq topu götürüb çinarın başına atanda sağsağan qanadından qopan səsi də unutmamışam. Bir də pəncərədən bizi görüb tez də çəkilib gedən oğlanın qaraltısını yaddaşımdan silməmişəm. Bir il sonra məktəbi bitirdik. Sonra aradan məni Saradan incik salan çox sular axdı.
- Saradan danışanda niyə üz-gözünü turşudursan?
- Dəsmal hardadır? Hamama dəsmal da qoymursan.
- Yuyub qapının başından asmışam, götür.
- Səhərin açılmasından lazım deyil, hamamda dəsmal görsəm, belə xırda şeydən də xoşbəxt olaram.
İkimiz də gülürük.
- Onsuz da bilirəm ki, Saranı hələ də yadından çıxara bilmirsən.
Hə, anam düz deyirdi.
- İntəhası, dədənə oxşamısan. Dəvə kimi kinlisən.
Hə, anam bunu da düz deyirdi.
- Saranı əri atıb gedib.
- ...
- Eşidirsənməni?!
- Hə...
- Deyirəm, əri onu atıb gedib Dərbəndə.
- Hmm...
- Sara yaxşı qızdır. Uşağı götürtdürməkdə axmaqlıq edir. Gəlib gözünün yaşını tökür ki, istəmirdim, birdən ilişdim. Amma yalan deyir. Üzündə iki adamın işığı vari di.
- Sən bu kitab cümlələrini özün fikirləşirsən? Üzündə iki adamın işığı var idi, e-ey...
- İndi hamiləliyi öyrənməküçün min dənə üsul var. O vaxt nənəm adamı görən kimi deyərdi ki, filankəsin qızı hamilədir, üzündə iki adamın işığı var.
- Onda niyə əziyyət çəkib beş il oxuyurdun? Elə nənəndən öyrəndiyin işıqla yola verərdin də.
- Yaxşı, bəsdi. Telefonda danladım onu. Deyəsən, məndən incidi. Sabah zəng elə, bir az söhbət edin, fikri dağılsın.
Vurmağına Saraya zəng vurdum, ancaq təkcə telefonda söhbət etmədik, həm də görüşüb axmaqcasına bir-birimizi günahkar çıxardıq.
* * *
Əynində sarımtıl palto, üzündə limon turşluğu. Sara Nizami metrosunun qabağında yağışa düşən bir topa adamın içindən çıxıb üzü mənə tərəf gəlirdi. Yox, Sara gəlmirdi, Sara uçurdu. Məktəbdə də eynən belə idi: çəlimsiz canımı qoymağa yer tapmayıb darvazanın ağzında vurnuxanda, bir də gördün özünü yetirdi: ağacların, maşınların üstündən bir cüt əl, bir cüt ayaq, havada oynayan uzun-uzun saçlar mənə can atırdı. Amma o vaxtlar üzündə limon turşluğu görməzdin, onda daşa-divara da gülümsəyərdi Sara. Bir də anam düz deyirdi. Saranın qayğılı üzündəki iki adamın işığını mən də gördüm. Pəncərəsi Füzuli heykəlinə açılan restoranda acı lahmacun yeyib, köpüklü ayran içəndə də Saranı güldürə bilmədim. Məktəbimizin həyətindəki qızılgül kolları ilə danışan bağban Nüsrətin Qərənfil müəlliməyə vurulmağını danışdım, yenə eyni açılmadı. Açılmadı ey, açılmadı. Metrodan çıxıb mənə sarı uçmaq nə idi, bu qaşqabaq, məni günahkar çıxarmaq hikkəsinə? Görünür, Saranın dərdini başa düşmək üçün mən də hamilə qalmalı idim. Üstəlik, məni də ərim atıb getməli idi. O məktəb pəncərəsindən bizi görən oğlan...
Hamilə qaldığını nədən bilmişdi, Sara?! Vəhşi iştahasından.
- Uşaq kimi hər şeyi nəfsim çəkir. Üça damın payını yeyirəm, gözüm doymur.
Düz deyirdi, mən acı lahmacunun ikisini yeyəndə, Sara köpüklü ayranla dördünü içəri ötürmüşdü. Və hiss etmişdim, gözü hələ də qonşu masaların üstündə gəzişir.
...Qəsəbədəki avtobus dayanacağına yaxın aptekdən hamiləlik testi almağına peşman olmuşdu Sara. Əlləri əsib, dizlərinin taqəti çəkilmişdi. Hələ nə yaxşı, hamamın sürüşkən döşəməsinə ağzı üstə düşməmişdi. Həmin tutqun çərşənbəni günuzunu yatmışdı. Yatmışdı deyəndə, yerin içində ilansayaq qıvrılmışdı. Amma o qorxunun, o nigaranlığın içindən gün işığı kimi istilik boy verib Saranın saçından dırnağınacan yayılmışdı. Yayılmışdı və o istiliyin boy verdiyi yerə sığal çəkib boğazına tıxanan qəhərdən hönkürmüşdü Sara. Sonra yollanmışdı bağçaya. Evə çatana qədər oğlunu öpüb-oxşamaqdan doyardımı?! Doymazdı! Əzizləmişdi Muradı, boyun-boğazından gələn qoxunu vəhşi iştaha ilə içinə çəkmişdi. Həmin günün səhəri utana-utana gəlmişdi anamın yanına. Və deyəsən, anamın nəsihətləri işə yaramışdı, axı... Sara Bakıxanov qəsəbəsindəki xəstəxanadan Neftçilər metrosunacan olan uzun yolu pay-piyada gəlmişdi. Yolboyu da fikrində dağı arana daşıyıb yenə içindəki qorxuya əsir olmuşdu. Ki, min qayğının, min azarın içində onu necə doğacaq, onu necə böyüdəcək, Allah?! Amma içindəki istilik o tükənməz nigarançılığa üstün gəlmişdi. Evə çatıb oğlunun xırdaca əllərinə, işıqlı gözlərinə baxıb-baxıb doymamışdı. Günlər həftələri, həftələr ayları qabaqlayıb vaxt yetişəndə içindəki istilik əlli-ayaqlı adam olacaqdı. Məsələn, Məryəm çağıracaqdı onu, məsələn, Toğrul çağıracaqdı.
* * *
Sonra biz Sara ilə tez-tez görüşməyə başladıq. Mənqəzəbimi, o hikkəsini uddu. Ona gözümün qarasına, sümüyümün iliyinəcən bağlanmışdım. Niyə gülürsünüz, vallah, hə, ona gözümün qarasına, sümüyümün iliyinəcən bağlanmışdım. Bir-birini qovub ömrümüzü üzü qışa səmt edən darıxdırıcı günlərə rəng qatmaq üçün Saranı haralara aparmazdım: velosiped sürməyə, at çapmağa, balıq tutmağa gedərdik. Bir dəfə Qaradağın ləpədöyənindəki mağaraya sığındıq. Tanımırsınızsa, nişan verərəm. Mən dənizə tilov atıb balıq tutur, Sara odu qoruyurdu. Dekabr soyuğundan kükrəyən dəniz vəhşi uğultu ilə bizə sarı dartınırdı. Bizə sarı yox, qızınmaq üçün Saranın qoruduğu oda sarı. Sonra mən balıqları təmizləyir, o bişirirdi. Hamıdan, hər şeydən uzaq özümüzü xoşbəxt, məsud hiss edirdik. Bilmək istəyirsiniz ki, biz sevişirdik, ya yox? Nəyinizə lazımdır, ay adamlar?! Sara qayaların arasından üzü mağaraya sürünən kərtənkələdən qorxub-hürkməsəydi, hələ ora çox gedəcəkdik. Bəs sonra nə oldu? Sonra əri qayıtdı. Tale bizi yenə bir-birimizdən uzaq saldı.
* * *
- Bağışladım onu. Uşağımın atasıdır e, başa düşürsən? Bu gizli görüşlər bizim ikimizi də bədbəxt edəcək. O da uşağın olmağını istəmir. Deyir, çətinliyimiz çoxdur, bir-iki il də keçsin, fikirləşərik. Sonra da dedi, doğarsan, satarıq. Gör nə qədər qayğıdan xilas olarıq. Məni özünə sıxdı, ikimiz də güldük. Zarafat edirdi də. İndi mənə başqa cür bağlanıb, e. Sonra dedi, doğarsan, dostuma verərəm. On ildir həsrətindədir. Bunu deyəndə... ürəyim titrədi.
* * *
Və yanvar şaxtası. Bir də Saranın mənə rahatlıq verməyən yoxluğu. Yolları, ağacları qar tutub. Uzanıb gedən ağappaq damlar xırda təpələr kimi bir-birinin çiynindən boylanıb sıralanırlar. Bakı içində qadın həsrəti daşıyan mən biçimdə iradəsiz adama özü boyda əzab heykəli idi o günlər. Axı, Sara düz deyirdi: gizli görüşlər bizi bədbəxt edəcəkdi. Onda nədir bu yazıq duruşu? Nədir, bu məzlum siması? Hə, mən Saranı sevmişdim. Amma... amma o vaxtdan gör neçə il keçib?! On beş. On beş ildə sevgi nədir, məktəbin arxasındakı ağacda qarıldayan sağsağan da çoxdan ölüb. Onda mən niyə Neftçilər metrosundan üzüaşağı uzanan parkdakı zeytun ağacının altında siqaret sümürürəm? Niyə o binanın qartutan soyuq simasından, o pəncərədə gəzişən kölgədən gözümü çəkə bilmirəm?!
Şaxta sınan günlərdə yolum yenə Mərdəkan bazarından düşmüşdü. Gözüm nar satan arvadı axtarırdı. İstəyirdim, onunla yenə siqaret tüstülədim. Dedilər, ölüb. Beşcə gün əvvəl qalıb maşının altında. Qanı çilənib qarın üstünə. Görəsən, sırtıq bazar pişiyinin gözlərinə, rənbərəng tərəzilərə, sarı-sarı limonlara da qan qırmızısı çökmüşdümü?! Görəsən, nar qırmızısı gözəldir, qan qırmızısı?!
* * *
- Saranın əri qayıdıb.
- Gözüm aydın!
- Bu nə danışıqdır?
- Ana, sənin işin-gücün yoxdur?! Ay ana, ay ana... deyirəm, sənin işin-gücün yoxdur?
- Ayıb olsun! Bunun qışqırmağına bax! Evdə siqaret çəkməyi də yığışdır!
- Hər gün mənim yanımda niyə ondan danışırsan?
- Sara yaxşı deyil.
- Nolub ona? Nolub?
- Uşağı...
- Hə, uşağı nə?
- Uşaq ana bətnində şikəstdir. Dedim, saxlama, götürək, sənə dərd olmasın. Saldı tərsliyinə. Şikəst uşaq böyütmək... bilirsən... ağlamıram, yox... ağlamıram. Sənə noldu? Eşidirsən? Bəlkə sən onu yola gətirəsən?
* * *
Bu hadisə başlayıb keçən ilin sentyabr axşamçağısından, bitib bu ilin fevral səhərində. Kürəyimə cavan gəlinlərin pıçhapıçı dəyir. Həm də güllə kimi. Bu birinci mərtəbə, bu üç, bu yeddi... Sara sərçələrə dən verirdi. Sərçələr uçub getdilər. Uçub getdilər sərçələr. Sara əlində buğda, dayanıb qarşımda. Qış yerə-göyə, yola-rizə düşməmişdi. Qış Saranın gözlərinin ağına-qarasına düşmüşdü. Qış Saranın darmadağın saçlarına, hüznlü simasına düşmüşdü. Sara naşı əlində yonulan eybəcər heykələ oxşayırdı.
- Məni dilə tutmağa gəlibsən, hə?
- Hə...
- Onun da əlləri isti, gözləri işıqlı olacaq, vallah.
Mənə bir qucaqlıq yox, beş qucaqlıq sığındı Sara. Mən də ona bir adamın, beş adamın yox, on beş adamın uzanan qolları idim.
Görəsən, mağaraya sığınanda dəniz niyə o vəhşi səslə bizə sarı dartınırdı?! Qızınmaq üçünmü, Saranın qoruduğu odu söndürmək üçünmü?!
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)
Bu gün filmimiz ABŞ-da film festivalında nümayiş olunacaq
Azərbaycanda istehsal olunmuş “COVID–19” bədii-sənədli filmi daha bir uğura imza atıb. Belə ki, ekran əsəri 14 ildir keçirilən ABŞ-ın “Shockfest” Film Festivalında seçilmiş filmlər siyahısında yer alıb.
Filmin qapaq şəklindəki posterində sevilən aktyorumuz, xalq artisti Sabir Məmmədovu görürsünüz. O, filmdə baş rolu oynayır. Və filmin uğurunda aktyor ifası da böyük yer tutur.
“Ədəbiyyat və incəsınət” portalı filmin ssenari müəllifi, rejissoru və baş prodüseri Cəlaləddin Qasımova istinadən xəbər verir ki, ekran əsəri bu gün - dekabrın 27-də beynəlxalq festivalda nümayiş olunacaq və ölkəmizi təmsil edəcək.
Qeyd eləyək ki, rejissorun digər işi olan “Acı xatirə” bədii-sənədli filmi İtaliyada “Naples Film Awards” Festivalının seçilmiş filmləri siyahısında yer alıb. Ekran əsəri dekabrın 31-də nümayiş olunacaq.
Ölkəmizi beynəlxalq festivalda təmsil edəcək daha bir ekran əsəri isə “Şollerin arxivi” bədii filmidir. Bu film “Bolivia Black Cat Award International Film” Festivalının seçilmiş filmləri siyahısında yer alıb.
Beynəlxalq aləmdə marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.
Şəkildə: “COVİD-19” filmindən kadr
“Ədəbiyyat və incəsənət”
(27.12.2022)