Super User

Super User

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana rəsmi səfəri çərçivəsində ölkənin Parlamentinin Senat sədrinin müavini Askar Şakirov ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Parlament Senatının sədr müavini Askar Şakirov Qazaxıstan Respublikası tərəfindən qardaş türk dövlətləri ilə əlaqələrə böyük önəm verildiyindən söz açıb. Askar Şakirov Türk dünyasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinin bölgənin beynəlxalq aləmdə əhəmiyyətinin artırılmasında da mühüm rol oynadığını bildirib. Parlament Senatının sədr müavini hazırda türk dövlətləri arasındakı dialoqun gücləndirilməsinə töhfə verən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yaradılmasında Qazaxıstan tərəfindən göstərilən dəstəyi diqqətə çatdırıb. Askar Şakirov Fond tərəfindən aparılan genişmiqyaslı işləri təqdirəlayiq hesab etdiyini bildirərək, Qazaxıstanın zəngin tarixi və mədəni irsinin tanıdılmasında Fond ilə tərəfdaşlığın vacibliyini vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın qurucu üzv ölkəsi Qazaxıstanda vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində aparılan islahatları yüksək qiymətləndirib. Günay Əfəndiyeva təşkilat tərəfindən ümumtürk dəyərlərinin, o cümlədən Qazaxıstanın çoxəsrlik mədəniyyətinin öyrənilməsi, yaşadılması və dünya səviyyəsində təbliği ilə bağlı həyata keçirilən layihələrdən, təşkil olunan tədbirlərdən bəhs edib. Fondun prezidenti təşkilatın prioritet məqsədləri istiqamətində gələcək planlarını bölüşərək, həmçinin ölkə ilə münasibətlərin daha da genişləndirilməsi yönündə atılacaq addımlara da diqqət çəkib. Görüş zamanı Günay Əfəndiyeva Parlament Senatının sədr müavininə Fond tərəfindən Qazaxıstanın və bütövlükdə Türk dünyasının böyük şairi, ictimai xadim, bəstəkar Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş, İspaniyada çap edilmiş poçt markasını təqdim edib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadilələri ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Müsahibəçi: “Ədəbiyyat və incəsənət” portalının güney təmsilçisi Əli Çağla

 

Güney Azərbaycanda yaşayan ədəbiyyatçılar, etimoloqlar, yazarlar, şairlər vb... Həmişə öz ana dillərində yazmağı qoruyub saxlamaqdadırlar. Güneyin əvvəldən Dr. M. Zehtabi, Dr. C. Heyət, Söhrab Tahir, Bulud Qaraçorlu, Həsən Umudoğlu kimi ana dilini qoruyub saxlayanlar olubdursa, məhz ana dilimizi əski ərəb əlifbasında çapa yetirən naşirlərimiz, köçürənlərimiz də az olmayıbdır. Bu günlər türkcə satışa çıxan kitablar daha çox davamlı olubdur, bunların da hamısı vətənin qayğıkeş gəncləri, düşüncəli insanları ilə bağlıdır. Musa Yaqub demişkən:

 

Bəlkə də borcundan çıxmadım vətən,

Ömür bahar deyil bir də qayıtsın. 

Öləndə qoynunda qoy ölüm ki mən,

Çürüyüm, bir ovuc torpağın artsın...

 

Bu gənclərin və düşüncəli insanların da hədəfi budur, öz ana dillərini genişləndirmək üçün, fars, ərəb rejiminin qarşısında dayanmağı kitabların türkcə nəşr olunması yolunda görürlər. 

Bu gün, illər öncə tanıdığım hörmətli Pərisa xanım Sai ilə mübahisə edərkən, həqiqətən vətənə, ana dilimizə olduğu maraqlar məni heyrətə gətirdi. 

 

Pərisa xanım Sai 1984-cü ildə Təbriz şəhərində doğulmuşdur. O, əvvəllər Mühasibat uçotu fakültəsində təhsil etsə də, indisə diş həkimidir. 

O, Rəşad Nuri Güntəkinin "Dodaqdan qəlbə", Paulo Koehlonun "Şeytan və senyorita prim" və "Rio-pyedranın sahilində oturdum və ağladım" adlı kitablarını köçürüb çapa yetiribdir və Sərraf Təbrizlinin kitabının redaktesində Əbutalib Allahyari cənablarına yardım edibdir. Pərisa xanım, yaxında Qriqori Petrovun romanını və Heyran Xanımın şeir kitabını azərbaycan əski əlifbasına hazırladığını bildiribdir.

Onun dediyinə əsaslanaraq gələcəkdə Tarixi, kültür, pyes və səyahətnamə kitablarını əski ərəb əlifbasında güneyli soydaşlarımıza çatdırmaq üçün çalışmaqdadır.

 

Güney Azərbaycanda olan düşüncəli qayğıkeşlərin hamısına dərin təşəkkürlüyümü bildirsəm azdır. 

Öz ana dilini bilməyən insanlar, tarixini bilməyən insanlar gələcəyin aydın olması arzusunu qura bilməyəcəkdirlər. 

Dövlətləri məğlub etməyə yıxmaq, sökmək, dağıtmaq lazımdırsa, vətəni birləşdirməyə körpü tikmək, düzəltmək lazımdır. Baxın, fərqi sökməklə tikmək arasındadır, kitabların türkcə çap olması da azərbaycanı bütövləşdirmək deməkdir. Körpülərin tikilmək, vətənin əsarətdən qurtulmuq arzusu ilə:

 

Güllə qabağında rəqs edənlərik,

Güllənin ritmidir vətən marşımız.

Ayların  qoynunda tapılır, demək,

Tüfəngin içində itən marşımız.

 

 

Aşağıda paylaşılan şəkillər Pərisa xanım Sainin köçürdüyü kitablardır.

 

Qeyd: Yazının orfoqrafiyasına toxunulmamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Среда, 28 Декабрь 2022 12:30

İsfar Sarabskidən caz benefisi

Dünən və bu gün- dekabrın 27-28-də “The Landmark” otel və biznes mərkəzində pianoçu, bəstəkar, Əməkdar artist İsfar Sarabskinin caz musiqisinin gözəl motivləri ilə Yeni il axşamı təşkil olunur. Axşamda 

İsfar Sarabski ilə bərabər ifaçılar Elnur Hüseynov və Diana Hacıyevanın müşayiəti altında rəngarəng caz musiqilərindən ibarət ifalar səsləndirilir.

 

Qeyd edək ki, məşhur Azərbaycan opera müğənnisi, aktyor, Şərq opera sənətinin əsasını qoyanlardan biri olan Hüseynqulu Sarabskinin nəticəsi məşhur pianoçu İsfar Sarabski dünyanın "Royal Albert Hall", "Queen Elizabeth Hall", "Miles Davis Hall", Jazz club Vibrato, Jazz club "Zinko", "The Konzerthaus", Jazz club "Asphalt", Jazz club "Duc des lombards", Jazz club "Porgy & Bess", Jazz club "Bird’s eye", "Teatre Apollo" kimi ən nüfuzlu konsert salonlarında çıxış edib. Pianoçu eyni zamanda özünün yaratdığı "İsfar Sarabskinin triosu" adlı kiçik ansamblı ilə dünyanın bir çox ölkələrində keçirilən festivallarda uğurla iştirak edərək, vətənimizi təmsil edib.

İsfar Sarabski "Novruz", "G-Man", "Generation", "Edge", "Deja-vu", "Last chance", "Preludiya", "Agent", "Revival", "Eastern market", "Now I’m here", "In transit to New York", "Buta", "Lullaby", "Limping stranger", "Cobra dance", "In memory of V.Mustafazade" əsərlərinin müəllifidir. O, 2009-cu il iyulun 18-də keçirilən 43-cü Montrö Caz Festivalının qalibi olub. 

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

“Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.

 

9-CU PROSES.

HAMAZASP SRVANTSYAN

 

Növbəti proses günü erməni tarixində bəlkə də, ən çox qan tökən iki-üç şəxsdən biri hesab olunan, Andronikdən bu sahədə heç də geri qalmayan Hamazaspın tərcümeyi halı və cinayət dosyesinin oxunuşu ilə başladı. Bu insanın adı mənbələrdə o qədər cinayətlərdə hallanmışdı ki, hətta ekspertlərdə əməlləri insan adı ilə sığmayan bu şəxsi tez görmək marağı yaranmışdı. Ekspertlərdən emosional italyalı hətta yarızarafat, yarıgerçək söyləmişdi ki, proses başlayanda səhnəyə əcaib bir yeddibaşlı əjdaha gətiriləcək. Odur ki, onlar dünəndən Vaşyantsla birgə müttəhimlər kürsüsünü tutan bu şəxsdən gözlərini ayıra bilmirdilər.

Başında ağ qaragül dərisindən papaq, boynu qara mexli uzun plaş, yaxasında patrondaş, kəmərinə taxılan mauzer və azacıq çəpləşmiş gözlərdə hiylə və hədsiz qəzəb... Əjdaha-zad deyildi, adi insan idi, əgər beləsinə insan demək mümkündürsə. Saymazyana keçib yerində əyləşdi, pet şüşədəki suyu stəkana süzmədən başına çəkdi.

Baş ekspert hətta dünənki göz müşahidələri ilə kifayətlənməyib bu gün Hamazaspa yaxınlaşdı, bu qana susamış manyaka yaxından xeyli tamaşa da etdi.

Diktorlar mətni bir-birilərinə ötürərək bu şəxsin insanlığa sığmayan əməllərini faş elədilər.

-Hamazasp Srvantsyan 1873-cü ildə Osmanlı İmperiyasında - Vanda anadan olub, 1921-ci ildə Yerevanda vəfat edib. Erməni mənbələri onu fədai kimi qeyd edirlər, general rütbəsi var. 1905-1918-ci ildə rəsmən adı Osmanlı ordusunda, 1918-ci ildə bolşevik ordusunda, 1918-1920-ci illərdə Ermənistan ordusunda gedib. Amma gənc yaşlarından inqilabi fəaliyyətə qoşulub, Osmanlının sarsılmasına çalışıb. Tezliklə türklər tərəfindən təqib edilib, öncə Yerevana, ordan da Şuşaya qaçıb. 1905-ci ildəki erməni-müsəlman qırğınında fəal iştirak edib. 1908-ci ildə bir neçə daşnak dostları ilə birlikdə dövləti cinayətlərdə iştirakına görə Çar hökuməti tərəfindən həbs edilərək Sibirə sürgün edilib. Amma sürgün həyatı uzun çəkməyib.

Tarixçənin davamı sürətlə oxundu: 15 illik sürgün həyatını tam çəkmədən Hamazasp 1913-cü ildə sürgün yerindən qaçıbmış, öncə Avropaya, ordan da Konstantinopola gedibmiş. 1914-cü ildə 1-ci Dünya müharibəsinin başlanması ilə əlaqədar Rusiyada daşnaklara amnistiya verilmiş, Hamazasp da Qafqaza qayıtmışdır. O, 3-cü könüllü erməni drujinasına rəhbərliyi qəbul etmişdir. Onun drujinası Osmanlı İmperiyasında türklərə qarşı bir çox döyüşlərdə iştirak etmişdir, Vanda, Bitlisdə, Xizanda türk əsgərlərinin və türk kəndlilərinin qanını tökmüşdür. 1918-ci ildə Bakıda mart hadisələri zamanı Hamazaspın 3500 nəfərlik dəstəsi yerli müsəlman sakinlərə amansız divan tutmuşdur.

Baş Hakimin tövsiyyəsi ilə bu yerdə alman tarixçisi Yorq Baberovskinin xatirələrinə istinad edildi. Baberovskinin yazdığına görə Hamazaspın əsgərləri Bakıda insanları küçədəcə öldürür, yaralayır, zorlayırdılar.

Təfərrüatlar gətirildikcə tamaşaçıların təəccüb, heyrət və acıma sədaları ərşə ucalırdı.

Sonra ekspertlər məlumat verdilər ki, Hamazaspın dəstəsi Gəncə və Yevlaxda da eyni ssenari ilə müsəlman əhalinin qətliamını təşkil etmiş, Qafqaz İslam Ordusu ilə 4 ay müharibə aparmışdır. 1918-ci ilin iyulunda Hamazasp gücdən düşmüş ordusunun qalıqlarını sərhəddən keşirmişdir. Buna görə Erməni Briqadasının komissarı Anastas Mikoyan – o şəxs ki, sonradan SSRİ-nin ən yüksək dövləti postunu tutmuşdu, Hamazaspı xainlikdə ittiham etmişdir. “Mən dəstəyə rəhbərlik edən şəxsin bütün hərəkətlərini fikir süzgəcindən keçirdikdən sonra başa düşdüm ki, onun hərəkətinə bir ad qoymaq olar: xainlik və satqınlıq. Mən bu qərara gələn kimi Bakıya – Şaumyana bu məzmunda teleqram vurdum: ”Mənim əmrləri ona çatdırmaq cəhdlərimdən Hamazasp yan keçdi, ardınca da piyada dəstəsini çəkdi. Günahkarlar məhkəmə qarşısında durmalıdırlar.”

Az sonra Hamazasp İrana keçir, 1-ci dünya müharibəsi qurtaranda Ermənistana gedir. Onu Nor-Bəyazit regionunda Erməni ordusunun komandiri təyin edirlər. 1920-ci ildə o, türk-erməni müharibəsində iştirak edir. Sovet hakimiyyəti qurulandan sonra həbs olunub 1921-ci ildə Yerevan həbsxanasına salınır, orada da kommunistlər onu qəddarcasına öldürürlər.

Bu yerdə monitorda bir dərgi göstərildi, stenoqramda yazı ilə görüntü müşayiət olundu.

 Rusiyanın məşhur  “Oqonyok” jurnalının 1918-ci ilin oktyabrında çıxan sayının üz qabığına baxın: Bakının bir küçəsində - ikimərtəbəli yaşayış evlərinin önündə  əli silahlı motal papaqlı kişilər bir birinə tüfəng qundağı və süngüsü ilə zərbə endirə-endirə vuruşurlar. Altına da yazılıb: “Erməni-müsəlman qırğını”. Jurnalın içində isə qara tüstünün fonunda yaylım atəşi açan erməni silahlıları sıra ilə düzülüblər, altından da yazılıb ki, “Erməni silahlıları Bakının yandırılmış müsəlman bazarı qarşısında”

Ardınca alman tarixçisi Yorq Beberovskinin hadisələr barədə söylədiklərinin davamı oxunuldu:

“1918-ci il aprelin ortalarında daşnak zabiti Stepan Lalayevin silahlı dəstəsi kommunanın rəsmi direktivlərini yerinə yetirmək üçün Şamaxı rayonuna daxil oldu. Şəhərin 30000 sakini vəhşicəsinə öldürüldü, ev-eşiyindən qovuldu. Lalayevin əsgərləri uşaqları, qocaları belə öldürürdü, qadınları zorlayır, eyvanlardan aşağı tullayırdılar. Bir çox qadın və uşaqlar qaçıb məsciddə gizləndilər, amma məscid yandırıldı, hamısı orada yanıb kül oldu.

Hamazaspa özünün və Lalayanın Azərbaycan bölgələrinə qanlı yürüşləri barədə bir neçə dəfə sual verilsə də o, nümayişkəranə surətdə cavab verməkdən imtina etdi.

Bu zaman yaşlı hakim məsələ qaldırdı ki, Vaçyantsın təşkilatçılığı ilə Bakı qırğını barədə Divanda geniş danışıldığı halda zəruridir ki, Hamazaspın Azərbaycan bölgələrində və hazırda Ermənistana aid olsa belə keçmişdə Azərbaycana aid olan və azərbaycanlıların sıx yaşadıqları bölgədə həyata keçirdiyi vəhşiliklər barədə də geniş məlumat verilsin, konkret olaraq Quba soyqırımına isə sonda keçilsin.

Ekspertlər dərhal belə bir məlumatı hazırlayıb oxudular.

Mənzərə həqiqətən dəhşətli idi. Xüsusən Şamaxıda, İrəvanda, Cənubi Azərbaycanda dəhşətli qətliamlar törədilmişdi.

Şamaxı uyezdində 1918-ci ilin aprel-may aylarında S.Lalayan və T.Amirovun qaniçən dəstəsi 8000 müsəlmanı öldürmüş, 13 məscidi, o cümlədən 800 il yaşı olan tarixi incini – Cümə məscidini yandırmışdılar. Şamaxı uyezdinin 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilmişdir ki, bunların da 2560-ı qadın, 1277-si uşaq idi.

Zəngəzur uyezdinin 115 kəndində 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq diri-diri yandırılmışdır.

İrəvan uyezdindəki 199 Azərbaycan kəndindən 62-si yer üzərindən silinmişdir. İrəvan quberniyasında isə ümumilikdə 211 Azərbaycan kəndi yandırılaraq yerlə-yeksan edilmişdir. 132000 azərbaycanlı isə qətlə yetirilmişdir.

Qars vilayətində 92 kənd yox edilmişdir.

Qətliam və talanlar Lənkəran, Astara, Hacıqabul, Salyan, Kürdəmir və digər Azərbaycan vilayətlərində də həyata keçirilmiş, bu bölgələrdə 6000 insan qətlə yetirilmişdir.

İrana aid Cənubi Azərbaycan mahalında isə hakim fars rejiminin fəaliyyətsizliyi şəraitində Urmiya, Xoy, Maku və Səlmasda ümumilikdə 100000 azərbaycanlı qətlə yetirilmişdir.

Baş Hakim Hamazaspın Quba cinayətləri barədə də Baberovskinin yazdıqlarının oxunmasını vacib bildi, yazılanlar oxundu. Belə ki, Baberovski qeyd edir ki, 1918-ci il aprelin sonlarında Hamazaspın və bolşevik komissarı Venuntsun başçılıq etdikləri 2000 əsgərdən ibarət erməni hərbi qrupu Bakıdan Quba istiqamətinə yollanmış, Şaumyan və Korqanovun “əksinqilabçılara dərs vermək” əmrini yerinə yetirmişlər. Onlar Qubaya girəndə Hamazasp yerli əhaliyə elan etmişdi ki, sizdən ermənilərin qisasını almağa gəlmişik, “mənə verilən “Dəniz kənarından Şahdağa qədər bütün müsəlmanları qırmaq” əmrini yerinə yetirəcəyik”.

Baberovskinin yazdığına görə erməni əsgərlər tərəfindən ağlasığmaz vəhşiliklər törədilirdi. Bir gün ərzində şəhərin 2000 sakini öldürülmüş, mərkəzdəki 150 ev dağıdılmışdı. Bundan əlavə, Hamazaspın alayı Quba rayonunda 122 kəndi yandırmışdı, hətta ağ bayraq qaldırsalar belə, kəndliləri güllələmişdilər.

Sonra Baş Hakim Quba qətliamını ümumi qiymətləndirdi:

-1918-ci ilin aprelində Quba uyezdində baş verən hadisələr hədsiz qəddarlıqla səciyyələnirdi. Bakıdan Şaumyan tərəfindən göndərilmiş Hamazaspın daşnak  dəstəsi  Quba şəhərinin əhalisinə qan uddurdu, uyezdin 122 kəndini yandırdı. Bircə gün ərzində Hamazaspın əsgərləri Qubanın 2000 sakinini öldürdülər, 150 evi dağıtdılar. Ümumilikdə Quba uyezdində 16 min insan qətlə yetirildi ki, bunların 12 mini təkcə ləzgi xalqına aid idi. Digər 4 minin içində isə azərbaycanlılarla – yəni türklərlə yanaşı tatlar, dağ yəhudiləri də var idi. Quba qətliamı qətlə yetirilənlərin beynəlxalq tərkibinə görə digərlərindən fərqlənir.

Auditoriya bu xəbəri dərin təəssüflə qarşıladı.

Baş Hakim özü də halının xeyli pisləşdiyini hiss etdi, monitorda quyudan tapılan insan qalıqları nümayiş edildikdə auditoriya bir ağızla erməni millətçilərinə lənət oxumağa başladı, bu işi 102 il öncə həyata keçirən Hamazasp sanki lənətləri duydu, yerində qurcuxmağa başladı.

Baş Hakim  azacıq toxtayıb söylədi:

-Gördüyünüz kadrlar çox dəhşətlidir, deyilmi? İnanılmaz bir olay baş verdi. Qubada qətliamdan düz 89 il sonra insan sümükləri aşkarlandı. Bu, insanlığa erməni faşizmini əyani sübut etdi. Bilirsiniz, tarixi faktları kitabdan oxumaq, ekrandan izləmək bir başqa effekt verir, amma onun hər hansı izini canlı görmək bir başqa effekt verir. Bu barədə çox istərdim ki, hadisənin canlı şahidi, Quba şəhər stadionunun direktoru Ələddin Mirzəyev, Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev və ekspedisiyanın üzvü, tarix elmləri namizədi Əsgər Əliyev qısaca danışsınlar.

Öncə Ələddin Mirzəyev danışdı:

.-2007-ci ildə Quba şəhər stadionunun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edildi və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb olundu. Bu ərazidə heç vaxt qəbristanlıq olmayıb. Ən dəhşətli məqam isə aşkar edilmiş ərazidə insan kəllələrinin və bədən  sümüklərinin ayrı-ayrı basdırılmasıdır. Bu da onların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərir. Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib.

Ardınca Qəhrəman Ağayev söz aldı:

-Qubadakı kütləvi məzarlıqda aşkar edilən iki arx skeletlərlə doluydu. Bu, ermənilərin 90 il əvvəl Qubada dəhşətli soyqırım həyata keçirdiyini sübut edirdi. İnanın ki, dəhşətdən orada işləyə bilmirdik. Hər qarış torpaqda görünməmiş vəhşiliklə rastlaşırıq. Sümüklərin antropoloji tədqiqatı onların müsəlmanlara aid olduğunu təsdiqləyirdi.

Nəhayət, Əsgər Əliyev söz aldı:

-Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuya yüzlərlə insan skeletləri tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqalanaraq bura atıldığını göstərir. Çoxlu insan kəlləsinə rast gəlinir, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut – saç, geyim, əşya tapılmayıb. Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə, yanında ikinci kiçik quyu qazılıbmış. Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşib. Qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 80-90 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafının ilkin tədqiqi nəticəsində qətliamların burda baş vermədiyi güman olunur. Ermənilər qətliamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər.

Bundan sonra Baş Hakimin istəyi ilə Quba qətliamı daha geniş şəkildə publikaya çatdırıldı.

Mətni Baş ekspert özü oxuyası oldu:

-1918-ci il qanlı mart hadisələrindən sonra bolşeviklərin Bakı və Şamaxı qəzalarında qurduqları Sovet hakimiyyətini genişləndirmək istədikləri üçüncü Azərbaycan regionu Quba oldu. Lakin, Qubada olan şərait Bakı və Şamaxıdan bir qədər fərqli idi. Tarixən Quba xanlığının və eyni adlı qəzanın sosial-siyasi və iqtisadi həyatında ermənilər heç bir rol oynamamışdılar. 1918-ci ildə Quba şəhərində və yığcam şəkildə qəzanın 2-3 erməni kəndində yaşayan azsaylı erməni əhalisinin öz kilsələri, dini məktəbləri olsa da, yerli zadəgan dairələrində nüfuzlu elitası və gözəçarpan zəngin təbəqəsi olmadığından onlar, şəhərin və qəzanın inzibati-idarəçilik və ictimai strukturunda demək olar ki, təmsil olunmurdular. Həmin strukturlarda əsas vəzifələri və rütbələri rus, azərbaycanlı, tat, ləzgi və yəhudi xalqlarının nümayəndələri tuturdu. Quba fəhlə və əsgər deputatları Sovetində Quba bolşeviklərinin mövqeyi də yeni Sovet hakimiyyətinin qurulması işində dayaq olmaq üçün kifayət qədər güclü deyildi. Bu dövrdə Quba qəzasında rəsmi olaraq real hakimiyyəti Zaqafqaziya Seyminə tabe olan ictimai təşkilatların İcraiyyə komitəsi təmsil edirdi.

1918-ci il mart qırğınlarından sonra Bakıda qurulmuş bolşevik-daşnak hökuməti – Bakı Xalq Komissarları Soveti bu qəzanı əvvəlcə sülh yolu ilə ələ almağa, qubalılara bolşeviklərin hakimiyyətini könüllü olaraq qəbul etdirməyə qərar vermişdi. Quba ictimaiyyəti ilə danışıqlar aparmaq David Gelovaniyə tapşırıldı. Gelovaninin əsasən ermənilərdən və bir neçə nəfər rus və yəhudidən ibarət beynəlmiləl dəstəsinin Qubaya yaxınlaşdığı haqda məlumat alan qubalılar öz növbəsində şəhərin müsəlman, rus və yəhudi cəmiyyətlərinin nümayəndələrindən ibarət beynəlmiləl bir heyəti bolşeviklərin dayandığı Xaçmaz stansiyasına göndərdilər. Nümayəndələr Gelovanidən bolşeviklərin proqramı ilə tanış olmaq və bu proqramın qubalılar üçün nə dərəcədə məqbul olub-olmadığını müəyyənləşdirmək məqsədilə özlərinin Bakıya buraxılmasını xahiş edirlər. Gelovani qubalıların xahişinə hörmətlə yanaşdı və özü şəxsən onlara Bakıya getməyi və bu məsələni “bolşeviklərin rəhbərləri ilə” araşdırmağı tövsiyə etdi. Lakin bolşevik hakimiyyətinin qubalılar tərəfindən könüllü olaraq tanınmasını gözləmədən, milliyyətcə gürcü olan Gelovani bu hadisədən 2 gün sonra 187 əsgərdən ibarət silahlı dəstə ilə şəhərə daxil oldu və qubalıları fakt qarşısında qoydu.

Baş Hakim özünü saxlaya bilməyərək “Və?” sualını ünvanladı, hadıslələrin davamını öyrənməyə səbirsizləndi. Baş ekspert davam etdi:

-Təbii ki, Quba sakinləri, Bakıda və Şamaxıda baş vermiş qanlı toqquşmalardan və bu qəzaların müsəlman əhalisi üzərində ermənilər tərəfindən törədilmiş zorakılıqlardan xəbərdar idilər. Bakıda yaşayan bir çox əslən qubalılar ermənilərin özbaşınalıqlarından xilas olmaq üçün ailələri ilə birlikdə Qubaya köçmüşdülər və həmyerlilərinə baş vermiş hadisələrin faciəvi nəticələrindən danışmışdılar. Baş verə biləcək qisasın qarşısını almaq üşün şəhər hakimiyyəti və müsəlman cəmiyyəti tərəfindən Qubanın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülmüşdü. Bu tədbirlərdən biri 200 erməninin həyatını hər hansı təcavüzdən qorumaq məqsədi ilə şəhər həbsxanasında yerləşdirilməsi idi. Qubalılar erməniləri yaxşıca yedirdir, onların evlərindən və əmlakından muğayat olurdular. Şəhərdə vəziyyət tam sakit və nəzarət altında idi. Lakin Sovet hakimiyyətinin Qubaya gəlmiş ilk nümayəndəsi Gelovani ermənilərə qarşı hər hansı bir təhlükənin gözlənilmədiyini qərara alaraq dərhal onları evlərinə buraxdırdı. Qubalılara da Sovet hakimiyyətini qəbul etmək üçün “imtina edildiyi halda şəhər yerlə yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat vaxt verdi.

Baş Hakim növbəti replikasını atdı:

-Hətta belə!

Baş ekspert oxuduğu tarixi mənbələrə o qədər alüdə olmuşdu ki, sanki prosesin içində idi, gözü ilə görüb hər bir epizodu nəql edirdi:

-Hadisələr ərəfəsində Qubada şəhər başçısı və aşağı inzibati orqanlardan savayı hər hansı hakimiyyət mövcud deyildi. Həmin vaxt qəza komissarı Əli bəy Zizikski öz hərbi dəstəsini də götürərək, Dağıstandan azərbaycanlıların köməyinə gəlmiş Nəcməddin Qotsinskinin dəstələri ilə birlikdə Bakının girəcəyində idi, Bakıda və Şamaxıda baş vermiş mart hadisələrindən dərhal sonra onlar gəlib Bakını və onun müsəlman əhalisini xilas etmək məqsədilə bolşevik-daşnak qoşunları ilə döyüşlər aparırdı.

Bolşevik adı altında daşnakların Bakı və Şamaxıda törətdiklərindən sonra kifayət qədər qorxu içində olan Quba sakinləri Gelovaninin ultimatumu qəbul etdilər və 8 gün Sovet hakimiyyəti altında yaşadılar. Qubada - şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyəti elan olundu, Gelovani özünü Qubanın qəza komissarı elan etdi. Lakin yeni hakimiyyəti qəbul etməyən və tanımayan ətraf kəndlərin ləzgi əhalisi hadisələrə müdaxilə etdi. Qubada Sovet hakimiyyətinin 9-cu günü şəhərin yəhudi məhəlləsi tərəfindən əsasən ləzgilərdən ibarət dəstələrin  silahlı hücumu başlandı. Gelovaniyə Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik hərbi dəstək gəldi. Üç gün davam edən şiddətli döyüşlərdən sonra cəsur ləzgi dəstələri bolşevikləri Qubadan qovub çıxardı. Bolşeviklərn məğlubiyyəti ilə nəticələnmiş bu mübarizədə hər iki tərəf itkilərə məruz qaldı, ləzgilərdən 200 nəfər öldürüldü, həmçinin dinc sakinlərdən 70 nəfər həlak oldu. Qubanı tərk edərkən ermənilər məntiqə sığmayan addım atdılar, Ağacanyanın əmri ilə onun əsgərləri xristian əhalisini, əsasən erməniləri şəhərdən çıxarmaq məqsədilə ev-ev gəzərək bir yerə topladılar, lakin atışma zamanı yarı yolda ataraq qaçdılar. Nəticədə erməni-bolşevik dəstəsi tərəfindən zorla çıxarılan dinc xristian əhalisindən onlarla rus, yəhudi və erməni, o cümlədən rus və erməni keşişləri  həlak oldu. Geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırdı, Bazar küçəsində 16, Komendant küçəsində 7, şəhərin kənarında, köhnə həbsxananın yaxınlığında isə 35 nəfəri qətlə yetirdi. Bolşeviklər geri çəkilərkən Qəza İdarəsi, Şəhər Duması və Barışıq məhkəməsinin binalarına od vurdular.

Bu yerdə yaşlı hakim müdaxilə etdi, Baş ekspertə xahiş ünvanladı:

-Ağacanyanın dəstəsinin məğlubiyyətindən sonra Qubaya daha güclü və daha təcrübəli erməni dəstəsi – gördüyünüz bu cani Hamazaspın dəstəsi göndərilib. Az qüvvə ilə qalibiyyət planı baş tutmayanda daşnak-bolşevik müttəfiqlər Qubaya qisas batalyonu yollayıblar. Bu məqamda çoxlu bufer hadisələri var, çoxlu şəxs adları var. Mən Baş Hakimin icazəsiylə Baş ekspertdən xahiş edərdim ki, bu bəhs etdiyim epizodlardan vaz keçib bilavasitə Hamazaspa keçsinlər, çünki burda velosiped ixtira etməyə lüzum belə yoxdur, təfərrüatsız da hər şey aydındır, Hamazaspın cinayətləri ovcumuzun içi kimi aydın görunur.

Baş Hakim Baş ekspertdən mövqe bildirməyi xahiş etdi, o da yaşlı hakimlə razı olduğunu söylədi, az keçmiş o, artıq məlumatı oxumaqda idi:

-Şaumyan dərhal Bakıda qisas planı hazırladı. 1918-ci ilin may ayının 1-də Hamazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutdu. Dəhşətli çaxnaşma və təlaş başlandı. Elə birinci gün, şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan 715 müsəlman öldürüldü. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində, 1012 nəfər – əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirildılər.

Ermənilər elə ilk hücum vaxtı müsəlmanları, qadın və uşaqları amansızlıqla və qəddarlıqla qətlə yetirməkləri ilə diqqət çəkdilər. Onlar küçələrdə və meydanlarda olanların hamısını öldürdükdən sonra evlərə soxularaq südəmər körpələrə belə rəhm etmədən, bütün ailələri qırırdılar. Bundan əlavə, ermənilər müsəlmanların pulunu, qiymətli əşyalarını qarət edirdilər. Onlar evləri və mağazaları qəddarcasına yandırırdılar.

Qətlə yetirilənlərin meyitləri küçələrdə, evlərdə qalıb çürüməkdəydi. Meyitlərin dəfn edilməsi ilə bağlı şəhər başçısı Əliabbas bəy Əlibəyov dəfələrlə Hamazaspa müraciət etsə də, rədd cavabı alırdı. Yalnız qətliamın dördüncü günündə erməni carçılar müsəlman kişiləri qollarında ağ sarğı ilə gəlməyə və meyitləri basdırmağa çağırdılar. Şəhərin bir çox sakinləri bu çağırışa cavab olaraq bayıra çıxdı, lakin heç biri geri qayıtmadı – onların hamısı güllələndi. Basdırılmayan və yeni öldürülənlərin meyitləri ermənilər gədənə qədər, yəni 9 gün küçələrdə qaldı.

Hamazasp şəxsən özü də qoşunlarının əməllərinin cəza xarakteri daşıdığını gizlətmirdi. Qubaya gəlişinin dördüncü günü o, qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara aşağıdakı məzmunda nitqlə müraciət etdi: “Mən əslən Osmanlıdanam, Ərzurumdan. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm. Mən öz cəza dəstəm ilə bura sovet hakimiyyəti tərəfindən iki həftə əvvəl burada öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm. Sizin müsibətiniz mən sabah Şahdağa qalxdıqda başlayacaq. Sabah mən dağa qalxacağam və şəhəri bombalayaraq bünövrəsinədək yer üzündən siləcəyəm. İndi mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra, sizlərə od vuraraq, Üçgün və Kimil kəndlərinə keçəcəyəm, Şahdağa çatacağam və siz onda anlayacaqsınız ki, erməniləri öldürmək nə deməkdir.”

Baş Hakim Hamazaspdan nitqini təhrif edib etmədiklərini soruşdu, o da laqeydliklə düzgünlüyünü təsdiqlədi.

Sonra diktorlar mətnin davamını oxudular:

-Amazaspın belə bir açıqlaması ilə şəhər başçısı Ə.Əlibəyovun dinc əhaliyə qarşı erməni qoşunlarının azğınlığı haqqında Bakıya şikayət etməsinə cavab vermiş oldu, onun bu açıqlamasını həm də Hamazaspın ona uzatdığı əlini rədd edən Quba şiə müsəlmanlarının dini lideri Molla Hacı Baba Axundzadənin “Bu hakimiyyət deyil. Siz bolşevik deyilsiniz, siz oğru, qatil, vəhşi və soyğunçusunuz. Biz sizə müqavimət göstərməmişik. Nəyə görə bu qədər insan öldürmüşsünüz və öldürməkdə davam edirsiniz?» – sualına cavab da hesab etmək olardı.

Sadəlövh müsəlmanlar doğrudan da, yaxşı padşah nağılına inanan olurlar. Ermənilər Qubadan getdikdən sonra Əlibəyov Hamazaspın başçılığı ilə cəza dəstəsinin Qubaya həqiqətənmi Sovetlər tərəfindən göndərdiyini bolşevik rəhbərləri Şaumyan və Caparidzedən soruşub aydınlaşdırmaq və onlara “dəstənin Qubada törətdikləri əməllər haqqında yazılı məlumat vermək üçün” Bakıya gedib. Bakıda bolşevik liderləri ilə görüşmüş Ə.Əlibəyov sonradan xatirələrində yazacaqdı: “Şaumyan məni sifətində təbəssümlə dinlədi və dedi ki, müsəlmanlar və türklər yüz minlərlə erməni öldürüblər, ermənilər Qubada iki müsəlman öldürəndə isə müsəlmanlar şikayət edir və göz yaşı axıdırlar. Caparidze isə mənim xahişimə ciddi yanaşdı və mənə dedi ki, sovetlər Qubaya heç də cəza dəstəsi göndərməyiblər”.

Yeri gəlmişkən, Gelovani də Qubaya cəza dəstəsinin göndərilməsinin təşəbbüskarı kimi Şaumyanı göstərmişdi: “Hamazaspın dəstəsində bircə nəfər də olsun rus yox idi, yalnız ermənilər idi, hamısı da, sonuncuya qədər, qatı daşnak idilər, Hamazaspın özü də qatı daşnakdır. Hesab edirəm ki, cəza dəstəsi Qubaya Şaumyanın arzusu ilə göndərilmişdi”.

Prosedə növbəti məqam qətliamın necə dayandırılması barədəki məlumatların oxunmasından ibarət oldu:

-Quba qətliamının 9-cu günün tamamında dayandırılması isə bu səbəbdən baş verdi. İş ondadır ki, qubalıların şahidliyinə görə, onlara Qubada Sovet hakimiyyətinin tanınması tələbi ilə ultimatum elan edildiyi zaman qubalı Mir Cəfər Bağırov da Gelovani və iki yəhudi ilə birlikdə öz həmyerlilərinin qarşısında dayanmışdı. Bu həmin Bağırovdur ki, sonradan uzun müddət Azərbaycan Sovet Respublikasına rəhbərlik edəcəkdi. Sonralar Quba camaatı dəfələrlə Bağırovu Gelovaninin dəstəsindən olan bolşeviklərin arasında görübmüş. Amma Bağırov hadisələrin gedişinə təsir edəmmir, həmyerlilərinin vəhşicəsinə qətlə yetirilməsinə əngəl ola bilmirdi. Özü sonradan bunu belə etiraf edəcəkdi: “Çox təəssüf edirəm ki, mənim iradəmin əksinə olaraq mənə Qubada baş vermiş dəhşətli mənzərənin şahidi olmaq qismət oldu. Mən nəinki əhalinin günahsız hissəsinə daşnakların vəhşi hərəkətlərindən qorunmaq üçün heç bir köməklik göstərə bilmədim, hətta öz qohumlarımı da xilas edə bilmədim. Mənim 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu – Mir Həşim, kürəkənimiz Hacı Heybət və digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər”.

Beləliklə, Bağırov əks düşərgədə olsa da, öz həmyerliləri ilə birlikdə Quba faciəsini yaşamalı olub, o dəhşətli mənzərənin qarşısını ala bilməyib, amma hər halda, onun “dayandırılması” üçün cəhd göstərib. Bu faktı Gelovaninin sonrakı izahatı da təsdiqləyir: “Caparidze mənim keçmiş müavinim, qubalı Mir Cəfər Bağırovdan teleqram almışdı. Teleqramda deyilirdi ki, qubalılar onları xilas etmək üçün mənim Qubaya gəlməyimi xahiş edirlər, çünki Hamazasp sağa-sola hər tərəfi yandırır və hamını qətlə yetirirdi. Caparidze mənə Quba şəhərinə getməyi təklif etdi”.

Məhz bu teleqramdan sonra geniş səlahiyyətlərlə Qubaya gələn Gelovaninin qəti tələbi əsasında Hamazaspın dəstəsi Quba qırğınlarının 9-cu günü, hələ yalnız şəhərin özündə talan etdiyi dörd milyon rubl nağd pul, dörd milyon yarım rubl dəyərində qızıl, qızıl əşyaları və qiymətli daşlar, iyirmi beş milyon rubl dəyərində müxtəlif mallar və ərzaq ehtiyatı ilə Qubanı tərk etdi.

Hamazaspın 3 minlik cəza dəstəsinin Quba qəzasına yürüşü olduqca ağır fəsadlarla tarixə yazıldı. 1918-ci ilin əvvəlində Quba qəzasında qışlaqlar da daxil olmaqla 540 kənd var idi və bu kəndlərin 171 248 nəfər əhalisi 55 cəmiyyətdə birləşirdi. 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək – cəmi iki həftə ərzində Hamazaspın dəstəsi tərəfindən Quba qəzasında, erməni birləşmələrinin yalnız qarətlə kifayətləndiyi kəndlər istisna olmaqla, ən azı 167 kənd yandırılmış və talan edilmişdi. Bu zaman bir çox kəndlər iki dəfə – yolboyu Bakıdan Qubaya və ya Qusara və sonra geriyə qayıdarkən – talana məruz qalmışdılar. Evlər, tikililər, ictimai binalar talan edilməklə, daşınan əmlak və mal-qara qarət olunmaqla, hələ təkcə məlum olan faktlar əsasında, Hamazaspın quldur dəstələri tərəfindən Quba qəzasının kənd əhalisinə on milyonlarla rubl dəyərində hesablanan zərər vurulmuşdu. Qırğınlar zamanı bu kəndlərdə min nəfərdən artıq insan, o cümlədən qadın, qoca və uşaq qətlə yetirilmiş və yaralanmışdı. Burada bir faktı da nəzərə almaq lazımdır ki, bir çox kəndlərin əhalisi əvvəlcədən qəza komissarı Əli bəy Zizikski tərəfindən ermənilərin hücumu haqda xəbərdar edildiyindən, həyatlarını xilas etmək üçün elliklə öz kəndlərini tərk edərək dağlara çəkilmişdilər. Erməni quldur dəstələrinin hücumlarının miqyası qarşısında insan tələfatının sayının nisbətən az olması da bununla bağlı idi. Eyni zamanda qeyd olunmalıdır ki, bu zaman qəzanın müsəlman əhalisindən ibarət ayrı-ayrı silahlı dəstələr də erməni quldur birləşmələrinə qarşı təşkil edilmiş müqavimət göstərirdilər. Quba qəzası ictimaiyyətinin görkəmli xadimləri – Ə.Zizikski, Həmdulla Əfəndi Əfəndizadə, Əliabbas bəy Əlibəyov, Şıxlar bəylərindən – Mürsəl bəy və İbrahim bəy, Möhübəli Əfəndi Kuzunlu, Hətəm ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərləri xüsusi süvari bölmələr yaradaraq, erməniləri qəzanın digər iri yaşayış nahiyələrinə buraxmamaq üçün Quba şəhərinin girişlərini mühasirəyə almışdılar. Hamazaspın özünün də təsdiq etdiyi kimi, Digah və Alpan kəndləri uğrunda erməni və qubalıların silahlı dəstələri arasında şiddətli döyüşlər getmişdi. Sayca bir neçə dəfə üstün olan ermənilər, sonda  qubalıların müqavimətini yararaq, bu iki kəndi alova bürümüşdülər. Digah və Xucbala kəndləri arasındakı dərədə mühasirəyə düşən Qusar ləzgilərindən ibarət olan dəstə isə burada qanlarına qəltan edilmişdi. Bu döyüşlərdən sonra həmin yer “Qanlı dərə” adını almışdı.

Hamazasp tərəfindən darmadağın edilmiş və yandırılmış müsəlman kəndlərinin qaça bilmiş sakinlərinin aqibəti də pis olmuşdu, 45 gün dağlarda və meşələrdə sərgərdan dolaşdıqdan sonra, əyin-başları yırtıq, ac, xəstə halda öz köhnə yurdlarına qayıdan insanlar arasında ölüm halları  minlərlə ölçülürdü.

Ekspert mətnin bitdiyini bildirən sükut nümayiş etdirdi, bu zaman Baş Hakim “Şəxsən mənim üçün maraqlıdır, yanıb talan olunmuş, insanları qırılmış, qalanları da qaçıb canını qurtarmış Qubanın sonrakı taleyi necə olub?” sualını yanında əyləşmiş yaşlı hakimə verdi. Yaşlı hakim bu barədə də materiallar toplandığını söylədi, hətta özü qarşısındakı kağızlar toplusundan birini aralayıb ordan belə bir material oxumağa başladı:

-Hamazaspın erməni dəstələri Qubadan getdikdən sonra şəhər daha böyük təhlükə ilə – xəstəliklər və epidemiyanın başlanması ilə üzləşib. Küçə və məhəllələr, evlər və həyətlər eybəcər hala salınmış və doğranmış minlərlə kişi, qadın və uşaq cəsədləri ilə – ölümün onları haqladığı yerdə də qalan və çürüməyə başlayan meyitlərlə dolu imiş. Qurbanları kütləvi surətdə dəfn etməyə məcbur olan şəhərin rəhbərliyi, yerli mollalar və sakinlər tərəfindən gətirilən rəqəmlər, qırğınlar zamanı itkin düşmüş (ermənilərin özləri tərəfindən basdırılmış ?) insanlar da nəzərə alınmaqla, Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin və qorxudan ölənlərin təxmini sayının 2000 – 2900 arasında, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğunu  söyləməyə əsas verir. FTK-nın sənədlərinə əsasən Quba qəzası əhalisinə ümumilikdə dəyən maddi ziyanın miqdarı isə 121.824.819 rubl təşkil edirdi.

Baş Hakim yaşlı hakimdən “Dağ yəhudiləri barədə ayrıca arayış səslənəcəkmi?” deyə soruşdu, yaşlı hakim “əlbəttə” deyə cavab verdi. Sonra da yaşlı hakim Baş ekspertə müraciət etdi, dağ yəhudiləri barədə hazırlanmış 16 sənədin bir neçəsinin oxunmasını xahiş etdi, amma proses çox uzun çəkmişdi deyə Baş Hakim sənədlərdən istənilən birinin oxunmasını məqbul saydı, onsuz da hər şey bəlli idi, quduz Hamazasp və onun qaniçən dəstəsi Qubada misli görünməyən vəhşiliklə müxtəlif millətlərin nümayəndələrinə qan uddurmuşdular.

Sənədlər Quba faciələrində istər gəlmə, istərsə də yerli yəhudilərin iştirakı, habelə həmin dövr Quba qəzasının yəhudi əhalisinin taleyi barədə dəqiq təsəvvür yaradırdı. Qubanın yəhudi əhalisini ermənilər Şamaxı malakanları kimi öz müsəlman həmyerlilərinə qarşı kütləvi çıxışa sürükləyə bilməmişdilər. Onlar Quba küçələrində, əsasən Bazar ərazisində kütləvi qətliama tuş gəlmişdi. Əsas zərbəni isə yəhudilər qorxu altında şəhəri tərk etdikdən sonra almışdılar. 6 min nəfərə qədər yəhudi Xaçmaz istiqamətində qaçıb getmiş, olmazın fəlakətə düşmüşdür. Bu əhali qrupunun sonrakı taleyi haqqında bolşevik komissarı Kasradze belə məlumat verir: “Biz Xaçmazdan geri çəkilərkən yəhudi kütlələrinin qorxu içərisində Qubadan və digər kəndlərdən qaçdığının şahidi olduq. Onlar ayaqyalın, əldən düşmüş vəziyyətdə, açıq səma altında, palçıq içində sığınacaq taparaq istər-istəməz yatalaq, çiçək və digər xəstəliklərin epidemiya ocağına çevrilmişdilər”.

 Divanın bugünkü prosesində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il iyul ayının 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) Quba hadisələrinə dair sənədləri də oxundu.

Burada bir məqamın da nəzərə alınması tövsiyyə edildi ki, bolşeviklər, o cümlədən Bakı Soveti Komissarları arasında yəhudilər az deyildi və yəhudi əhalisinə qarşı hər hansı açıq zorakılıq əməlləri ermənilərə bağışlanmazdı. Amma hər halda, şəhərin yəhudi əhalisi itkilər vermişdi. İstər Gelovaninin dəstələri şəhərdən geri çəkilərkən, istərsə də Hamazaspın quldur birləşmələrinin üç tərəfdən şəhərin top atəşinə tutulması ilə müşayiət olunan Qubaya hücumu zamanı yəhudi əhalisinin də ayrı-ayrı nümayəndələri həlak olmuşdu. Yəhudilərin Qubadan kütləvi surətdə qaçmasını isə, yəqin ki, yaşadıqları yerlərdə baş verən bütün qiyam və iğtişaşlar zamanı bir qayda olaraq günahsız qurbana çevrilən yəhudi xalqının qəlbində onilliklər boyu kök salmış qorxu hissi ilə izah etmək olardı. Bu baxımdan təkcə Qubada baş vermiş məlum hadisələr zamanı həlak olmuş yəhudilər deyil, Xaşmaz istiqamətində qaçarkən xəstəlikdən, aclıqdan və əziyyətdən ölmüş yüzlərlə digər yəhudi qubalılar da  öz müsəlman həmyerliləri kimi ermənilərin təcavüzkar millətçilik siyasətinin qurbanları sayılırdılar.

Sonra Hamazasp tərəfindən qətlə yetirilən, şəhərdən qaçdıqdan sonra xəstəliyə, açlığa tuş gələrkən həyatını itirən  dağ yəhudilərinin xatirəsi yad edildi, dağ yəhudilərinin nümayəndələri bu qanlı aksiyanı qətiyyətlə pislədi.

Hamazasp ona verilən son sözdən imtina etdi, onun əvəzində Vaçyants Divandan əfv edilmələrini xahiş etdi.

Bu vaxt prosesə şahid kimi qatılmış Yeva Abramov adlı Qubanın dağ yəhudiləri yaşayan Qırmızı qəsəbəsinin sakini açıq mikrofonun qarşısına çıxıb Hamazaspa üz tutaraq söylədi:

-“Tövrat”da deyilir ki, yaxınındakını özünü sevdiyin kimi sev. Amma çox təəssüf ki, siz ermənilər yaxınlıqdakı hər kəsə qənim kəsilir, onları sevmək o yana, onlara xətər toxundurursunuz. “Tövrat”da o da deyilir ki, “Əgər siz hiss edirsiniz ki, sizi əsəbiləşdirən bir kəsə nifrət və qəzəblə cavab verməlisiniz, bilin, qəzəbiniz nə qədər doğru olsa belə bunu etmək qadağandır. “ Çox təəssüf ki, siz cavab verənsiniz, özü də adi sözlə də yox, qan tökməklə cavab verənsiniz.

Sonra Yeva Abramov üzünü tamaşaçılara tutdu:

-1918-ci ilin aprelində bizim dağ yəhudilərinin, eləcə də qardaş müsəlmanların qanını tökənlər elə bilirsiniz cəzasız qaldı? 1918-ci il dekabr-yanvar aylarında Azərbaycan hökumətinin  Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatskinin başçılıq etdiyi istintaq qrupu Quba qırğınlarının təhqiq edərək  4 cilddən ibarət istintaq sənədləri hazırlamışdı. Bu sənədlər əsasında Quba qırğınlarının rəhbərlərinə və icraçılarına qarşı müəyyən obyektiv səbəblərə görə cinayət işi açılmasa da tale özü bu cinayətlərin əsas iştirakçılarını cəzalandırdı. D.Gelovani FTK ilə əməkdaşlıq etdiyinə görə 1919-cu ilin oktyabr ayında Bakıda erməni terrorçusu Sarkis Terunts tərəfindən öldürüldü. Hüzurunuzdakı Hamazasp Srvantyants isə 1918-ci il iyul ayında Şamaxı cəbhəsindən qaçdığı kimi, sentyabrın 15-də Bakını azad edən Qafqaz İslam Ordusu və azərbaycanlıların hərbi hissələri qarşısında da duruş gətirə bilməyib İrana qaçdı, Birinci dünya müharibəsi başa çatdıqdan sonra Ermənistana qayıdıb bir müddət Nor Bəyazid regionunda Ermənistan ordusuna komandirlik etsə də Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra  həbs edildi, 1921-ci ilin fevralında Yerevan həbsxanasında erməni kommunistləri tərəfindən balta ilə doğranaraq öldürüldü. Öldürülərkən Hamazaspın: “Vəhşilər, məgər adamı belə öldürərlər ?!” deyə çığırması həbsxananın hər yerində eşidilibmiş. Onun bədəni və başı o qədər eybəcər hala salınıbmış ki, oğlu meyitini yalnız keçə çəkmələrindən tanıya bilibmiş.

Bu təsirli çıxışdan sonra bir müddət hamı susdu.

Beləcə, şər qarışanda Divan hər iki məhkuma – Həm Asatur Vasyantsa, həm də Hamazaspa qeybolunma cəzası kəsdi.

Bir anda Baş Meydan qatı zülmət pərdəsinə büründü.

 

 

DAVAMI VAR

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Среда, 28 Декабрь 2022 11:30

Hind aktrisası səhnədə intihar edib

Ən çox oxunan: 20 yaşlı hind aktrisası Tunişa Şarma "Ali Baba: Döyüşçü əfsanəsi" serialın çəkilişləri zamanı intihar edib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Milli.Az "India Today"-a istinadən məlumat yayıb.

 

Sənətçinin meyiti dekabrın 24-də soyunub-geyinmə otağında tapılıb. Faciə baş verən zaman onun sevgilisi aktyor Şizan Mohammed Khan da çəkiliş meydançasında olub. Nəşrin məlumatına görə, hadisədən az sonra sənətçi intihara təhrik etməkdə şübhəli bilinərək saxlanılıb.

 

Khan özü qeyd edib ki, Şarma əvvəllər bir neçə dəfə intihara cəhd edib, lakin o, onu xilas edə bilib. Onun sözlərinə görə, aktrisa ayrıldıqdan sonra özünü qeyri-sabit hiss edib - sənətçi qıza müxtəlif dinlərə mənsub olduqları üçün ünsiyyətini dayandırmağı təklif edib.

Şarma "İmperator Aşoka", "Yenidən Bax", "İnternet üzərindən sevgi" kimi layihələrdəki rolları ilə geniş tanınıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Budur, artıq yekun çıxarmaq zamanı gəlib. Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

 

Portuqaliyada -Nazarda sörfinq yarışması. 

Fotonun müəllif hüquqları: Carlos Costa/AFP

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

Yola salmaqda olduğumuz ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

Rəvan Cavid

 

1998-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mühəndisliyi” fakültəsini bitirib.

2016-2018-ci illərdə AYB-nin “III Gənc Ədiblər Məktəbi”nin iştirakçısı olub.

2019-cu ildə AYB-nin “Uğur” mükafatına layiq görülüb.

“7” (2017), “Mavi boyalı ev” (2020) şeir kitabları çap edilib. 2020-ci ildə Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsində Türkiyənin “Zengin” nəşriyyatında “Absürt menu” esselər kitabı nəşr olunub.

Hazırda Kulis.az mədəniyyət portalında müxbir vəzifəsində çalışır.

Rəvan Cavid çox gözəl bədii lövhələr yaradır, onun şeirləri olduqca lakonikdir. “Səni çağırmaq azan, səni gözləmək səcdə, səni sevmək bir ayin” deyir Rəvan Cavid. Gözəl deyir. Sevginin müqəddəsliyini bunca izhar edə bilmək fərqlilikdir.

 

 

Kimə desəm, inanmır...

 

Kimə desəm, inanmır –

dənizə qar yağmışdı, qağayılar mavidi,

mandarinlər çəhrayı.

Kimə desəm, inanmır –

səni çağırmaq azan, səni gözləmək səcdə,

səni sevmək bir ayin.

 

Kimə desəm, inanmır –

bu nağılın alması Həvvanın günahıdı,

Adəmin cəzasıdı.

Kimə desəm, inanmır –

Firon yenə yuxuda, Yusif yenə quyuda,

Züleyxa dözəsidi.

 

Kimə desəm, inanmır –

sənə qədər yolların izini itirmişəm,

cığırları pozmuşam.

Kimə desəm, inanmır –

Ay Günəşdə yox olub, səma dənizdə batıb,

həm gündüzəm, həm axşam,

həm Allaham, həm adam,

həm övliya, həm nadan –

kimə desəm, inanmır.

 

Kimə desəm, inanmır –

səni sevmək dünyanın ən gözəl hadisəsi,

ən bəyaz möcüzəsi.

Səni gözləməyim də səbrimin sahilinə

mirvarilər düzəsi –

kimə desəm, inanmır.

 

Biri olur, biri yox; uzun-uzadı nağıl,

Allahı yuxu tutdu? Nəsə uzanır nağıl...

Mənə bir il də möhlət, gəlib çatacam sənə,

bir əlimdə göyərçin, birində alma yenə.

 

 

Axşamüstü piyada

 

Sübhdən dua edirəm, ovcuma su yığanda,

günəşə əl eləyib səhər evdən çıxanda,

reklam lövhəsindəki gülən qıza baxanda,

elə bilirəm, gələcəksən...

 

Çək günəşi şəhərin yuxulayan gözündən,

ay işığı dənizdə, su şəhərin dizindən,

səni yenə görürəm göyün ay bənizində,

elə bilirəm, gəlmisən...

 

Kafedə soyuq çaxır, dilimlənmiş almalar,

eyni yer, eyni masa, gəlib-gedən adamlar,

hər şey eləcə köhnə, hər şey eləcə... amma...

gözlədim, gəlmədin...

 

İşığı yanan evlər, magistral, səkilər,

yorulan qarışqalar evlərinə çəkilər,

qulağımda mahnılar, telefonda şəkillər;

ümid var - gələcəksən!

 

 

***

 

bu gün sübh namazına gələ bilməyib Allah,

məscid həyətindəki sərçələrə dən atır,

müjdəli sabahların mürgülüdür sahibi,

sərçə qanadlarına xəfifcə hopub yatır.

 

ovuc-ovuc içimdə,

uzaq-uzaq hardasa...

qucaq-qucaq gecəmə

ay boyda günəş asa.

 

başı çiynimdə baxır özü yaratdığına,

Allah yaxşı Allahdı, ağlamağı olmaya,

küsüb kin saxlamağı,

cənnətə qapıları bağlamağı olmaya,

 

yoxsa yenə başlayır

qucaq-qucaq gecənin

uzun-uzun susmağı.

 

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü)  Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın "Yunus Oğuz həyatı və yaradıcılığı" kitabı işıq üzü görüb. 

 

“Sənətkarın elmi pasportu seriyası"nın 36-cı nəşri olan kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 23 iyun 2022-ci il tarixli (protokol № 4) qərarı ilə nəşr edilib.

Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovadır.

Monoqrafiya Yunus Oğuzun həyat və yaradıcılığına həsr edilib. Giriş, "Həyatı", "Yunus Oğuzun poetik dünyası", "Nəsr yaradıcılığı", "Müstəqillik dövrü tarixi romanının yaradıcısı" və nəticə hissələrindən ibarət olan araşdırmada Yunus Oğuzun yaradıcılığı bütün aspektləri ilə araşdırılmış, onun yazıçı kimliyi və Azərbaycan ədəbiyyatında mövqeyi işıqlandırılmışdır. "İstifadə edilmiş ədəbiyyat"da Yunus Oğuzun əsərləri və haqqında yazılmış yazılar sistemləşdirilib.

“Elm və təhsil" nəşriyyatında çap olunan monoqrafiya 118 səhifədən ibarətdir.

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

(Dekabrın 28-i onun ad günüdür.)

 

Elman Eldaroğlu yazır

 

“Bar verən ağaca daş atan çox olar”- bu bir atalar məsəlidir. Onun da haqqında müxtəlif şayiələr dolaşır. Kimisi deyir ki, uşaqlı ailələrə “uşaqpulu”nun verilməsinin əleyhinə çıxıb, kimisi onun ölüm xəbərini yayır, kimisi də...

 

SƏS! SƏSdə böyük qüdrət olduğunun hamımız şahidi olmuşuq. SƏS adamı mübarizəyə səsləyə, uşaq kimi kövrəldə, ağlada da bilir. Bu ilahi möcüzənin sehrinə düşdünsə, ruhun pərvazlanıb göylərdə süzəcək. Bəli, SƏSin xalq arasında ucaltdığı ifaçılar, müğənnilər çox olub…

 

Kim deyir ki, mərdlik ancaq kişilərə xasdır? Mərdlik dəyərdir, qadınlarda da olur- Onda da var. GÖZƏLLİK- Allahın bəndəsindən əsirgəmədiyi lütfdür- Onda da var. KÜBARLIQ- vücudu ruha təslim edən gücdür- Onda da var…

 

Deyir ki,- “Türkiyədə istirahət edirdim. Şabalıd satan bir gəncə yaxınlaşıb şabalıd aldım. Bu gəncin azərbaycanlıya oxşadığını görüb, haralı olduğunu dəqiqləşdirmək üçün sual verdim. Dedi ki, azərbaycanlıdır. Rayonların birində müəllim işləyir. Üç ay yay tətilində Türkiyəyə gəlib alver edir ki, yeni qurduğu ailəni dolandıra bilsin…”

 

Fikrini elə tərzdə ifadə edir ki, dilindən qopan kəlmələr ünvanına yetişə bilsin. Buna ancaq nadanlar ağız büzərlər. Ondan fərqli olaraq, kişi həmkarı isə müəllimlərin işdən sonra gedib mala çəkib pul qazanmasını, divar hörməsini tövsiyə edirdi. Bu qadının mərdliyi, o da kişinin…

 

Çox adamlara əl tutub. Hələ sovet dönəmində, SSRİ Ali Sovetinin deputatı olanda, şəxsən tanıdığım bir nəfəri ölüm cəzasından qurtarmışdı. Bəzilərindən fərqli olaraq, özünü reklam etməyi heç vaxt xoşlamayıb. Amma kimsəsizlərdən, şikəstlərdən heç vaxt köməyini əsirgəməyib. Nə qədər ehtiyacı olan insanı sevindirdiyinin sayını Uca Tanrıdan başqa heç kim bilə bilməz. Ola bilsin ki, kimsənin haqqı özünə çatmayıb. Amma həmin haqq onda yox, arada itmiş olar…

 

Əlbəttə ki, GÖZƏLDİR. Bir əsrdən 14 il kəm yaşı var. Cavanlıq təravəti, qadın gözəlliyi hələ də onu tərk etməyib, etibar və sədaqət göstərib…

 

KÜBARDIR- Gündəmdə qalmaq üçün heç vaxt saxta fəndlərdən istifadə etməz. Axı ictimai çəkini, nüfuzu, illərlə qazanılan şöhrəti qorumaq, qazanmaqdan daha çətindir…

 

Zeynəb Xanlarova- Yeniyetmə çağlarımda, gənclik illərimdə adı gələndə minlərlə həmyaşıdım kimi, tələsik “sehirli qutu”nun qarşısına yüyürdüyüm, sevə-sevə dinlədiyim xanım. 

Zeynəb Xanlarova- Azərbaycan operasının Leylisi, Əslisi! Milyonlarla azərbaycanlının musiqi zövqünü formalaşdırmağı bacaran qadın. Ruhumuzun körpə, ac vaxtlarında mahnıları ilə ürəyimizdə yuva quran, yaddaşımızda yer alan xanəndə...

 

Bəli, dekabrın 28-i bu möhtəşəm, qürurlu xanımın 86 yaşı tamam olur. Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayırıq...

Çox yaşasın! 

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Среда, 28 Декабрь 2022 09:00

Türk dünyasından Şuşaya-Şuşadan türk dünyasına

Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə türk dünyasından Şuşaya-Şuşadan türk dünyasına layihəsi həyata keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” pprtalı DGTYB-yə istinadən xəbər verir ki, layihə çərçivəsində türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunacaq. Adıçəkilən kitabın Bakı, İstanbul və Daşkənd şəhərlərində təqdimat mərasimləri təşkil ediləcək. 

Bundan əlavə, layihə çərçivəsində türk ölkə və topluluqlarından olan ədəbiyyat nümayəndələri qarşıdakı günlərdə Azərbaycana səfər edəcəklər və Bakıda müxtəlif tədbirlər, görüşlər keçiriləcək. Eyni zamanda, türk dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gələcək ədəbiyyat nümayəndələri Şuşa şəhərinə səfər edəcəklər.

a

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.