Super User
Detektivsevərlər üçün “Heroqliflərin sirri”
Ölkəmizdə detektiv janrı ən çox oxunan janr hesab olunur. Çingiz Abdullayev və Elxan Elatlının kitabları ən çox satılanlar cərgəsindədir. Bu sıraya gənc yazarlar da qoşulmaq niyyətindədirlər.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv yazıçı Elbrus Kəlbiyevin yeni işıq üzü görmüş “Heroqliflərin sirri” kitabının təqdimat mərasimi və imza günü keçirilib. Tədbirdə şair və yazıçılar, tələbələr iştirak ediblər.
O ki qaldı kitaba və müəllifə, bu barədə gəlin kitabxananın direktoru Aslan Cəfərovu dinləyək:
“Elbrus Kəlbiyev kimi gənc yazarlar öz istedadları, mahir qələmləri sayəsində geniş oxucu kütləsi arasında tanınır və oxucu rəğbətini qazanır. İndiyə kimi altı romanı çap olunan E.Kəlbiyevin kitablarının bir çoxu Respublika Gənclər Kitabxanasının fondunda saxlanılır və oxucular arasında bu kitablara tələbat da çoxdur. Müəllifin kriminal və psixoloji detektiv sahəsində mahir qələm sahibidir”.
Sonda müəllif imzalı kitablarını tədbir iştirakçılarına bağışlayıb.
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
SSRİ, Əbülfət Əliyev və Səddam Hüseynin edamı
30 dekabrın təqvimini təqdim edirik
SSRİ-nin yaranması günü
Dünyanın quru ərazisinin 6-da 1-ni tutun, guya insan rifahına hesablanmış, əslində totalitar quruluş olan SSRİ ilə bağlı bizdə heç də xoş olmayan ovqat var, çünki bu ölkə Rusiya imperiyasının yeni məzmunlu davamı olub. 1918-ci ildə çar Rusiyasından qopub müstəqillik qazanan Azərbaycanımız 1920-ci ildə bu dəfə bolşevik Rusiyasının işğalına məruz qalıb. Müxtəlif adlar altında fəaliyyət göstərən sovet imperiyası 1922-ci ilin 30 dekabr günündə Ümumittifaq Sovetlərinin 1-ci qurultayında SSRİ adlı bir dövlət şəklində qurulub, onun ilk subyektləri Rusiya, Ukrayna, Belorusiya və Zaqafqaziya respublikaları olublar.
Bu gün Rusiyada, eləcə də onun əsas əlaltısı Belorusda geniş bayram ediləcək. SSRİ-nin, rusların nostaljisi ilə yaşayan bizim bəzi sakinlər də bu gün əlli-əlli vodka vurasıdırlar. Rusiya bu gün də bölgədə öz hökmranlığını yeritməyə çalışır, yeni məzmunlu daha bir imperiya qurmaq çabası göstərir, onlara züy tutanlarımız da yetərincədir, amma qəlbi istiqlalla döyünən həmyerlilərimiz, xüsusən də gəncliyimiz, bilsin ki, bu bayram bizim üçün deyil.
Kerosin lampasındakı şeir
Bu gün Filippində Risal günüdür. Xose Risal Filippinin ən məşhur milli qəhrəmanıdır. O, 19-cu əsrin sonlarında Filippini müstəmləkəyə çevirmiş ispanlara qarşı xalq azadlıq hərəkatının başında duran şəxs olub, 1896-cı ilin 30 dekabrında onu ispanlar edam ediblər. Son saatlarında Risal “Əlvida, mənim doğma vətənim” adlı ürəkdağlayan bir şeir yazaraq kerosin lampasında gizlədib, sonradan bu şeir üzə çıxıb, dillər əzbəri olub. Filippin azad olunandan sonra Risalın adını qədirbilən xalqı əbədiləşdirib, hər ilin 30 dekabrını da xatirə günü kimi onu şərəflə anırlar.
Bu gün Slovakiya ruhani azadlıq barədə deklorasiya imzalanması gününü, Madaqaskar Respublikası isə Milli dövlət gününü qeyd edəcək. Mətbəxsevər amerikalıların bu gün iki bayramı bir-birinə qarışacaq. Milli bekon günü (donuz ətindən xüsusi kəsimlər) və Milli məişət sodası günü. Düzü bilmirik, bekonun üstünə soda səpib yemək mümkündürmü.
Məşhur xanəndə Əbülfət Əliyevin ad günü
Qızıl səsə malik insanlar harada doğulur? Əlbəttə Qarabağda. Əbülfət Əliyev də Şuşada anadan olub, kiçik yaşlarından musiqi ilə maraqlanıb, 1 saylı şəhər məktəbinin musiqili dram dərnəyinə yazılıb. 1938-1939-cu illərdə Ağdam Müəllimlər evində Xan Şuşinski muğam sinfi açanda kənd-kənd gəzib istedadlı uşaqlar axtarırmış, Əbülfəti dinləyib bəyənərək onu da məktəbə yazıb. 1942-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 25-ci ildönümü münasibətilə Əbülfəti həmyaşıdları ilə birgə Bakıya - Opera və Balet Teatrında keçirilən konsertə dəvət ediblər. Konsertdə onu məşhur tarzən Qurban Pirimov müşayiət eləyib. Bu konsertdə iştirak ona böyük uğur gətirib, 16 yaşından başlayaraq o, tarzən Məşədi Nərimanla, kamançaçı Elman Bədəlovla Qarabağın toylarına çağırılıb.
Sonra Əbülfət Bakıya gəlib, Respublika radiosunda solist işləyib, radiodakı çıxışları onu bir xanəndə kimi məşhurlaşdırıb. 1945-ci ildən o, Azərbaycan Dövlət Filarmoniyasında solist kimi Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova kimi məşhur müğənnilərlə birgə çalışmağa başlayıb. Onun repertuarında 400-ə qədər xalq və bəstəkar mahnıları var idi. Xanəndənin ifasında səslənən “Segah-zabul”, “Rast”, “Şur”, “Hümayun”, “Bayatı Şiraz”, “Çahargah”, “Zabul” muğamları radio və televiziyanın fonotekasında qiymətli irs kimi saxlanılır.
Əbülfət Əliyev Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi də fərqlənib, o, 75 dəfə “Leyli Məcnunda”, 25 dəfə “Əsli və Kərəm”də, 2 dəfə “Şah İsmayıl”da baş rollarda məharət və istedadını nümayiş etdirib. “Leyli və Məcnun” operası Ə.Əliyevin iştirakı ilə lentə alınaraq Azərbaycan Respublikası radiosunun qızıl fondunda saxlanılır.
Ə.Əliyev YUNESKO-nun döş nişanına və diplomuna layiq görülüb, ona 1958-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 1964-cü ildə isə “Xalq artisti” fəxri adları verilib. Məşhur xanəndə 1990-cı il dekabr ayının 27-də vəfat edib, ruhu şad olsun.
Səddamdan Həbibədək
2006-cı ilin bu günündə Bağdadda son 24 ildə ölkəyə prezidentlik etmiş Səddam Hüseyni yeni hökumət dar ağacından asaraq edam edib. 1916-cı ildə başqa bir siyasi lider – bu dəfə çar Rusiyasında parlayan 44 yaşlı Qriqori Rasputin sui-qəsd nəticəsində öldürülüb. 1616-cı ildə Kiyevdə müasir Rusiya və Ukraynanın ilk çap olunmuş kitabı hesab edilən “Çasoslav” işıq üzü görüb.
30 dekabra bir tanınmış Azərbaycan aliminin də doğum günü təsadüf edir. Filoloq Həbib Babayevin. Oğuz rayonunun Bucaq kəndində doğulan, valideynlərinin vəfatı ilə əlaqədar Şuşa Şəhər 1 saylı uşaq evində təhsil və tərbiyə alan Həbib Babayev 1951-1955-ci illərdə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsil alib. Əmək fəaliyyətinə anadan olduğu Bucaq kəndində müəllimliklə başlayıb, 1956- 1958-ci illərdə M.Qorki Adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi, 1958- 1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifələrində işləyib, 1970-ci ildən ömrünün sonunadək indiki Bakı Slavyan Universitetində kafedra müdiri vəzifəsində çalışıb. Həbib Babayev 1970- ci ildə professorluğa yüksəlib, 12 monoqrafiyanın, 120-dən artıq məqalənin müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, ölümündən sonra Oğuz şəhərindəki 1 saylı tam orta məktəbə onun adı verilib.
“Ədəbiyyat və incəsənət”
(30.12.2022)
70 illik yubiley tədbiri Bakı Musiqi Akademiyasında qeyd edilib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Akademiyanın “Fortepiano, Orqan və Klavesin” kafedrasının fəaliyyətinin 70 illiyinə həsr olunmuş təntənəli konsert təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı BMA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, konsertin bədii rəhbəri “Fortepiano, Orqan və Klavesin” kafedrasının müdiri, professor Afaq Rüstəmovadır. Rəngarəng konsert proqramında yerli və xarici bəstəkarların əsərləri səsləndirilib.
Xalq artisti, professor Xuraman Qasımova və musiqişünas, BMA-nın dosenti Xatirə Həsənzadə tədbir barədə məlumat verərək, kafedranın 70 illiyi ilə əlaqədar bütün kollektivi təbrik ediblər.
Konsertdə BMA-nın professor-müəllim heyəti, Xalq artistləri Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova və Əməkdar incəsənət xadimi Kəmalə Neymanova, Könül Hüseynova, Əməkdar müəllim Adilə Mailova, dosentlər Dilşad Əliyeva, Tofiyə Cavadova, Aynur Xəlilova, İdris Zeynalov, Əməkdar artist, baş müəllim Nigar Məlikova, Lalə Atakişiyeva, müəllim Gülnar Mirqasım, tədbirin qonaq ifaçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin solisti, Əməkdar artist Aynur İsgəndərli, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Atəş Qarayev, “Muğam” televiziya müsabiqəsinin qalibi Babək Şuşalı, eyni zamanda BMA-nın tələbələri Gülbacı Muradova, Erol Rzayev, Leyla Baxışova, həmçinin BMA-nın Tələbə kamera orkestrinin bədii rəhbəri və dirijoru Üzeyir Məmmədov əsrarəngiz çıxışlarını tamaşaçılara təqdim ediblər.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
Kiçik və orta biznesdə fərqlənənlər “Dayaq” mükafatına layiq görülüblər
İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarların mükafatlandırılması tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov ölkə iqtisadiyyatının inkişafında özəl sektorun xüsusi rolunu, sahibkarlığın inkişafının dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu qeyd edib. Bildirilib ki, ölkə iqtisadiyyatına dəyər qatan sahibkarlar dövlət tərəfindən yüksək qiymətləndirilir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov KOBİA-nın fəaliyyətə başlamasının 5 illiyi münasibətilə Agentliyin əməkdaşlarını və sahibkarları təbrik edib. Vurğulanıb ki, KOBİA-nın beşillik yubileyini kiçik və orta biznes üçün “Dayaq” mükafatının təqdim edilməsinə həsr etməsi gözəl təşəbbüsdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına göstərdiyi diqqət və qayğı tətbiq edilən dəstək alətlərində də özünü göstərir. Qeyd olunub ki, KOB-lar ölkə iqtisadiyyatında çevikliyi və dayanıqlılığı, məşğulluğu təmin edir, iqtisadi şaxələndirməyə əhəmiyyətli töhfə verir. Sahibkarların iqtisadi inkişafda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizin reinteqrasiyasında fəal iştirakına toxunan nazir diqqətə çatdırıb ki, hazırda Qarabağda sahibkarlar uğurla fəaliyyət göstərir. Ağdam və Cəbrayılda yaradılmış sənaye parkları və digər müəssisələrin səmərəli fəaliyyəti buna nümunədir. Sahibkarların bu proseslərdə biznes mənafeləri ilə yanaşı, vətənpərvərlik və sosial məsuliyyət nümayiş etdirməsi, uğurlu gələcəyə yönəlmiş baxışa malik olması isə olduqca təqdirəlayiqdir. 2023-cü ildə işğaldan azad olunmuş ərazilərimizdə bir çox yeni layihələr həyata keçiriləcək ki, bu da Qarabağda geniş məskunlaşmanı təmin edəcək.
Nazir “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafını stimullaşdıracağını, bu sahədə təklif və təşəbbüslərin vacib və konstruktiv olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, yeni iqtisadiyyat müasir yanaşmalar tələb edir və gələn il Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti KOB-ların maliyyəyə çıxış imkanlarını artıracaq.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi ilə birgə Naxçıvanın iqtisadi imkanlarının, insan potensialının səmərəli istifadə olunması, biznesin inkişafı üçün məqsədyönlü tədbirlərin həyata keçiriləcəyini vurğulayıb. Nazir bildirib ki, qardaş Türkiyə ilə olan iqtisadi münasibətlərin inkişafı üçün Azərbaycanın aidiyyəti dövlət orqanları ilə sahibkarlar arasında səmərəli müzakirələr aparılmalıdır.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin dəstək və xidmətləri, 2023-cü ildə sahibkarlar üçün nəzərdə tutulan yeniliklər barədə məlumat verib. KOB sektorunun inkişafında maraqlı tərəflərin birgə, koordinasiyalı fəaliyyətinin rolunu qeyd edən KOBİA-nın İdarə Heyətinin sədri ötən 5 ildə Agentliyin işinə göstərdiyi dəstəyə və sıx əməkdaşlığa görə müvafiq qurumlara təşəkkür edib. Qeyd olunub ki, “Dayaq” mükafatı rəmzi məna daşıyır və dövlətin sahibkarlara daim dayaq və dəstək olmasının göstəricisidir.
Sonra Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 aprel tarixli Sərəncamı ilə ölkəmizin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə “Tərəqqi” medalları təqdim olunub. Tədbirdə 2022-ci ildə uğur qazanmış sahibkarlar “Dayaq” mükafatının “Uğurlu istehsalçı”, “Uğurlu startap”, “İdman və sağlamlıq sahəsində uğurlu fəaliyyət”, “Uğurlu fermer”, “Qarabağda müasir təhlükəsizlik texnologiyalarının tətbiqi”, “Sağlamlığın keşiyində”, “Təmiz ətraf mühit və yaşıl artım”, "Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma fəaliyyəti", “KOB-ları dəstəkləyən bank”, "Fəal ixracatçı şirkət", “Turizm”, “Fəal xarici şirkət”, “Uğurlu qadın sahibkar”, “KOB-ların şəbəkələşməsinə dəstək” və “Gənc sahibkar” nominasiyaları üzrə mükafatlandırılıblar.
“Dayaq” mükafatını sahibkarlara iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, kənd təsərrüfatı naziri İnam Kərimov, səhiyyə naziri Teymur Musayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edən Şahin Bağırov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov təqdim ediblər.
Qeyd edək ki, “Dayaq” mükafatı sahibkarlara bu il ilk dəfə təqdim olunur. Mükafatın təsis olunmasında məqsəd il ərzində fəaliyyəti ilə seçilən, biznes sahəsində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaqdır.
Tədbirdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin qurulmasına və KOBİA-nın 5 illik fəaliyyətinə həsr olunmuş filmlər nümayiş olunub.
Tədbirin baş sponsoru “Kapital Bank”, sponsorlar “Embawood” və “İmprotex Group”dur.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
Ən reytinqli serialda yeni aktrisa
Reytinqlərdə ilk sırada yer alan "Yasak elma" serialına yeni aktrisa daxil olacaq.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki,ekran işində Nehir Ərdoğan rol alacaq.
Aktrisa "Culia Moran" obrazına həyat verəcək.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
Gedin əlinizə xına qoyun, konsert baş tutmayacaq
Sosial media həqiqətən də günümüzün güzgüsüdür. Bu güzgüdə əyər-əskiklər elə tez görünür ki. Həm də çox aydın görünür.
Təhqirə yol vermirik, olanı deyirik. Cinsini dəyişən, yüzlərlə kosmetik əməliyyatlar etdirən və hətta “Ədəbiyyat və incəsənət” olaraq bir yazıda onu görən uşağın da qorxub ağladığını qeyd etdiyimiz türk sənətçisi Bülənt Ərsoyun dekabrın 31-də Bakıda konsert verəcəyi xəbəri sosial mediada top-tüfənglə qarşılanmışdı. Bu şəxsi pul töküb Bakıya gətirənlər olmayan söyüşlərə məruz qalmışdılar.
Deyəsən ahlar ünvanını tapdı. Konsert baş tutmayacaq. Təşkilatçılar konsertin təxirə salınması barədə elan veriblər. Buna səbəb kimi tədbirin keçiriləcəyi məkanın sənədlərinin qaydasında olmamasını söyləyiblər. Konsertin nə zaman baş tutacağının isə hələlik bəlli olmadığını bildiriblər.
Bizsə düşünürük ki, Bülənt Ərsoy şəxsiyyətini görməyə heç kəs bir ətək pul töküb gəlmək istəməyib, səbəb yalnız bu ola bilər. Həqiqətən də sənətçini sevən fanatları isə qoy sevdiklərini YouTube platformaaından və Türkiyənin maqazin proqramlarından izləməkdə davam etsinlər.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
Veronika bu dəfə Bakıda ölməyə qərar verəcək
Qarşıdan gələn 2023-cü ildə bakılıları maraqlı bir teatr premyerası gözləyir. Fevralın 19-da Heydər Əliyev Sarayında “Nataliya Başevanın teatr emalatxanası”- Kamera Dram Teatrının “Veronika ölməyə qərar verir” tamaşası nümayiş ediləcək.
Yəqin ki, tamaşanın adı sizə tanış gəldi. Sözüdedən tamaşa braziliyalı yazıçı Paulo Koelyonun eyniadlı romanı əsasında hazırlanıb.
"Veronika ölməyə qərar verir" tamaşası gözəl və ruhlandırıcı, parlaq şəkildə işlənmiş və ironik metaforalardan ibarətdir. Bu, yaşadığımız həyatı bir möcüzə kimi görməyə çağıran və ölümə cavab olaraq yaşamaq yanğısından bəhs edən real bir hekayədir.
Qeyd edək ki, səhnə əsərinin bədii rəhbəri Nataliya Başeva, musiqi tərtibatçısı Boris Qrebenşikovdur.
Bir sözlə, teatrsevərlər zövq alacaqlar.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
Tbilisidə azərbaycanlılar üçün konsert təşkil olunub - “Gücümüz həmrəyliyimizdədir”
Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Gücümüz həmrəyliyimizdədir” adlı Yeni il konserti təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konsert Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin dəstəyi ilə reallaşıb.
Tədbirin keçirildiyi Akaki adına Aktyorlar Evinin səhnəsi Azərbaycanın və Gürcüstanın Dövlət bayraqları, Azərbaycan xalçaları və digər sənət nümunələri ilə bəzədilmişdi.
Konsert proqramı gürcü müğənnilərinin “Ay Laçın” mahnısı ilə açılıb.
Muzeyin əməkdaşı Leyla Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, bu əlamətdar bayramın əhəmiyyətini qeyd edib.
Sonra sevilən gürcü müğənni Dito Kisişvili, aşıq Nargilə Mehdiyeva, Azərbaycanın Əməkdar artistləri Nərgiz Əliyeva və Fəridə Məlikova, azərbaycanlı və gürcü müğənnilər, "Ceyran" və "Melitassy" rəqs ansamblları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Konsert çərçivəsində 2022-ci ildə Azərbaycan Mədəniyyəti Muzeyinin fəaliyyətini işıqlandıran, eləcə də Azərbaycan –Gürcüstan dostluq əlaqələrinin inkişafında fərqlənən jurnalistlər mükafatlandırılıblar.
Mükafat alan jurnalistlər sırasında AZƏRTAC-ın Gürcüstan üzrə müxbiri Xətayi Əzizov da var.
Konsert gənc tarzən Ramin Pirməmmədovun Azərbaycan “Qurban olum Azərbaycan” mahnısı ilə başa çatıb.
Konsertdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
Cavanşir Yusifli: “Biz öyrəşmişik ki, xoşumuza gəlməyən nəyisə amansıız şəkildə tənqid edək”
Bugünkü ədəbi tənqid ədəbi prosesə nüfuz edə bilirmi? Ədəbi tənqidin ədəbiyyatımızın inkişafındakı rolu nədən ibarətdir? Bu və ya digər suallarla “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı İntiqam Yaşarın müarciətinə tanınmış tənqidçi Cavanşir Yusiflinin verdiyi cavabları diqqətinizə çatdırırıq.
Tənqidçiyə verilən ilk sual adətən bu sayaq olur: bugunkü ədəbi tənqidin durumunu necə qiymətləndirirsiniz.
Adətən, bu tipli sualları tez-tez verirlər. Ona görə tez-yez verirlər ki, bu, ümumi səciyyəli bir sualdır. On il bundan əvvəlki qəzet və jurnallara nəzər yetirilsə, görərik ki, bu, tənqidçilərə ən çox verilən sualdı. Mən birbaşa cavab verim ki, ədəbi tənqidin durumu elə ədəbiyyatın öz durumu kimidir. Konkret olaraq onu deyə bilərəm ki, bizdə ədəbi prosesdə ədəbi tənqidin yeri haqqında ən müxtəlif fikirlər, rəylər, mülahizələr var. Amma, aydın məsələdir ki, konkret yaradıcılıqda, praktikada sən gərək, öz mövqeyini təsdiqləyəsən və onunla ədəbi prosesə yeni mesaj verəsən. Məsələn, bir çox insanların fikrincə, ədəbi tənqidçi yazarla müqayisədə ikinci dərəcəli bir fiqurdur. Amma, bir şeyi unutmayaq ki, tənqid söz haqqında sözdür. Tənqidçi yazarla müqayisədə heç də ikinci dərəcəli fiqur deyil. Adətən, bunun əksini deyənlər fikirlərini assosiativ müqayisələrlə əsaslandırırlar ki, filan şey birincidir, filan şey ikincidir. Zorla tənqidi də o sıraya pərçim edirlər. Əslində tənqid necə olmalıdır? Bu, indi sənin sualından sonra bəlkə məntiqi şəkildə doğacaq bir sualdı. Bizim cəmiyyətdə hələ o yoxdur. Hələ bizim ədəbi prosesdə onun yalnız sönük işarələri var. Tənqidçi elə olmamalıdır ki, kiminsə istəyi ilə sifarişli yazı yazsın. Tənqid birinci növbədə seçim deməkdir. Yəni mənim seçimim varsa, mən ayırd eləyə bilirəmsə zövq aləmində yaxşı nədir, pis nədir, deməli, mənim seçimim var. Yerdə qalanlar bu seçimə uyğun hərəkət eləməlidirlər. Mənim də birinci vəzifəm həmin bədii mətni əhatəli şəkildə, estetik baxımdan, poetika baxımından təhlil eləməkdi. Əks təqdirdə tənqid tərif yığnağından ibarət olur və öz adının əleyhinə çıxır. Çox təssüf ki, indi mənim həsədlə dediyim o cəhətlər bizim ədəbi tənqiddə yoxdur. Çünki, bu, həm vicdan məsələsidir, həm də ki, uzun bir prosesin nəticəsində formalaşacaq bir işdir.
Yəni, insanın həvəsi gələr, yüzlərlə nəzəri, praktiki kitab oxuyar. Amma, müəyyən kriteriyalar var ki, onları kitablar vermir, insanın daxilindən gəlir. İnsan daxilindən gələn səsə qulaq asmağa öyrəşərsə, buna vərdiş edərsə, ondan yazıçı olar, ondan şair olar, ondan tənqidçi olar. O səsi batırmaqla məşğul olarsa, inandırım səni, ondan heç nə çıxmaz.
Bu gün ədəbi tənqidə axın nəzərə çarpacaq səviyyədə deyil, dramaturgiya və ədəbi tənqidə axın niyə azalıb.
Ümumiyyətlə, mən sənə bir şey deyim. Bizim ədəbiyyat adamları, yazı-pozu ilə məşğul olan adamlar ümumi baxışı nəzərə alsan, görəcəksən ki, sanki, bu cəmiyyətdə gedən proseslərdən bir az kənardadırlar. Hətta onları bir az kənarda saxlamağa çalışan qüvvələr var. Dramaturgiyadan danışaq, məsələn, teatrlar yaxşı işləyirdi. İndi yaxşı dramaturqlar barmaqla sayılacaq qədər azdı. Yaxşı teatr rejissorlarımız da həmçinin. Həm də səviyyə ortadan aşağıdır. Amma, ədəbi tənqidçilərin sayı əvvəlcədən az olub. Çünki, bu elə bir sənətdir ki, elə teatr sənəti kimi sintezi xoşlayır. Özündə bir çox bacarığı birləşdirməlidir. Yəni, müəyyən formulları, qəlibləri bilmək tənqidçi, dramaturq, rejissor olmağa bəs eləmir. Görürsən, rejissor mizan verir. Bu zaman bayaq dediyim kimi, o öz seçimi ilə, zövqü ilə razılaşır. Burda həmin yaşa qədər əldə etdiyi biliklər də zəmin rolunu oynayır. Bilik insanın daxilində bayaq dediyim o səslə qarşılıqlı münasibətdə olmalıdır. Bunlar olmayandan sonra tənqidçi olmayacaq və rejissor da olmayacaq. Ümumi səciyyəli adamlar olacaq ki, yəni, bunlara eyni zamanda bütün adları vermək olar. Bir sənətin sahibi olmaq üçün orda özünü son damlasına qədər əridə bilməlisən. Əridə bilməlisən ki, səndən yaxşı bir mütəxəssis olsun. Kitablar oxuyandan sonra, mütaliə eləyəndən sonra və dünyanı dərk eləyəndən sonra sən artıq çevrilib başqa bir adam olursan. Göründüyü kimi, bu, mən dedyimdən də ciddi bir prosesdir.
Ədəbi tənqid ali məktəblərdə tədris olunur, bu fənnin tədrisi qənaətbəxşdirmi, bəlkə ədəbi tənqiddən qaçmanın səbəblərini elə ali məktəblərdəki ədəbi tənqid dərslərində axtarmaq lazımdı.
Universitetdə sovet dövründən bu yana qədər həmişə filologiya fakültəsində tənqid kursları olurdu. Orda ixtisas seçmə mərhələsi var. Ədəbi tənqid də o ixtisaslardan biridir. İndiyə qədər də orda ən görkəmli alimlər dərs deyirlər. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində də müxtəlif fənnlərdən, o cümlədən, ədəbi tənqiddən mühazirələr oxunurdu. Bunun azlığı, çoxluğu heç nəyə dəlalət eləmir. Tənqidçi iki nəfər, üç nəfər də ola bilər. O iki-üç nəfər nəhəng işlər görə bilər. Məsələ miqdarda deyil, məsələ prinsipdədir. Həmin prinsiplər bizdə yoxdur.
Ədəbi tənqid sahəsinə aid dərsliklər qənaətbəxş hesab oluna bilərmi, müstəqillik dövründə ədəbi tənqidə aid yazılan əsərlərlə sovet dövründə yazılanları kəmiyyət və keyfiyyət baxımından necə müqayisə etmək olar.
Biz hər şeyi çox vaxt sovet dövrüylə müqayisə etməyə öyrəşmişik. Əslində bir şeyin normallığını, anormallığını üzə çıxarmaq üçün konkret bir əsəri onun standart halı ilə müqayisə eləyirlər. O standart isə təəssüf ki, hələ də bizdə yoxdur. İndi müxtəlif alimlər ədəbi tənqid, bədii tərcümə və s. ilə əlaqədar dərsliklər yazıb hazırlayırlar. Bunlar da ali məktəblərdə tədris olunur. Mənim müşahidə elədiyim cəhət budur ki, məsələn, adını çəkdiyimiz Yaradıcılıq fakültəsində 30 nəfər vardısa, Allaha çox şükür ki, bunların arasından ildə bir-iki nəfər imza çıxırdı. Bütün dava həmin imzalar üstündəydi. Yəni, sən gəlib bütün bu nəzəri məsələləri gözəl öyrənərsən, amma, səndən yazıçı olmaz. Mən dərs dediyim yerdən Mübariz Örən imzalı gözəl bir nasir yetişib. Onun bir neçə hekayəsi çıxıb. Onun haqqında vaxtında “Kitabçı” jurnalında da yazmışam. Yeri gəlmişkən deyim, bizdə bir pis tendensiya var, tutaq ki, vaxtaşırı olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu oqanlarını kəskin tənqid edirlər. Amma ortada, həmin o qızğın prosesin içərisində “Kitabçı” kimi bir jurnal çıxır. Biz öyrəşmişik ki, xoşumuza gəlməyən nəyisə amansıız şəkildə tənqid edək, amma yaxşı olan şeyi də gözümüzdən yayındıraq. Yəni, yaxşı şeyi görməzliyə vurmaq bizdə xarakterin bir komponentinə çevrilib. Bu isə faciə deməkdir.
Elə təəssürat yaranır ki, bəzən bugünkü ədəbi tənqid axtarışda deyil, sanki, bir növ, ədəbi tənqidə təsadüflər nəticəsində tuş olan əsərlərdən yazılır.
Bayaq dediyim kimi, insan əgər ədəbi tənqidçidirsə, öz predmetini, onun mənəvi tərəfini yaxşı bilmirsə elə sən dediyin mənzərə hər addımda boylanacaq, hər addımda peyda olacaq. Onu doğru deyirsən, məsələn, ədəbi tənqid hər şeyi əlinin altında axtarır. Yəni, gözüylə, hissiyyat orqanları ilə uzaq məsafələrə baxmağa darıxır, səbri çatmır. Bir növ, müəyyən əsərləri tənqidçinin əlinin altına sürüşdürürlər, hər yer sürüşkəndi, indi bildiyimiz kimi. Tənqidçi də başlayır ondan yazmağa. Artıq, bu bədii tərcümədə də belədir. Tərcüməçi əsəri bir dəfə oxumadan, beş dəfə oxumadan oturur tərcümə eləməyə. Tənqidçi də əlinin altına sürüşdürülənə baxa-baxa başlayır mətn haqqında yazmağa. Bəzən heç mətni oxumadan yazanlar var.
Bu sahədə nələrin edilməsinə zərurət var, əgər, bu gün o addımlar atılmasa sabah Azərbaycan ədəbiyyatı hansı fəsadlarla üzləşə bilər?
Bu sahədə vicdanlı olmağa ehtiyac var. Mənim bir etiqadım, inamım var ki, mən işdən də çıxa bilərəm, çörəksiz, susuz da qala bilərəm. Ruzini bilirik ki, Allah yetirir. Hər kəsin evində bir baca var ki, görürsən, o bacadan ruzin gəldi və sən də onu götürüb ləzzətlə, ah çəkə-çəkə yeyirsən. Dediyim kimi, tənqidin problemləri mənəvi problemlərdi, vicdan problemləridir. İnsanlar bildiklərindən çox bilmədiklərini yazır, tanımadıqları dənizlərdə çimməyi daha çox xoşlayırlar və anlamırlar ki, bir gün həmin dənizdə boğula bilərlər.
Son zamanlar gənclərin ədəbi tənqidə axınında müəyyən boşluqlar nəzərə çarpır. \
Ədəbi tənqiddə insanlardan tələb etmək olmaz ki, sən ədəbi tənqidə gəl. Özü də axın şəklində. Heç bu lazım da deyil. Yəni, bu elə bir spesifik sənətdir ki, insanın oraya yolu düşməlidir. Bu sahə ədəbiyyat haqqında mükəmməl anlayış tələb edir. Orda şagirdlik yoxdur. Tənqid say etibarı ilə az adamın olmasını tələb edir.
Tənqidi bir yazı hazırlayarkən çox zaman tənqidçilər, əsərin keyfiyyətindən, ideya-məzmun xüsusiyyətlərindən daha çox yazıçının çəkisinə və vəzifəsinə üstünlük verirlər. Bir növ, imzanın sözünə yox, sözün imzasına diqqət yetirilər. Ədəbiyyatı bu cür xəstəliklərdən sağaltmaq üçün nə etməliyik.
Bu, ümumi bir xəstəlikdir ki, hələ bir neçə il bundan əvvəl bu daha pis şəkildə idi. Zəif əsəri tənqid eləmək çox asan bir şeydir. Məziyyəti olan əsərlər haqqında tənqidi yazmaq, həm də, gözəl təriflər yazmaq dərin bilik tələb edir. Ona görə sən beş-on dəfə oxumaq istəyirsən bu əsəri. Bezmirsən, çalışırsan ki, onun içərisindən nüvəsini tapasan. Çünki, bədii əsərdə nüvəni tapmaq çox çətindir.
“Hər bir əsər məhz güclü bir tənqiddən sonra tanınır”-deyə ədəbiyyatda geniş yayılmış bir fikir var. Amma, çox zaman bunun əksini müşahidə etmək olur. Əsər çap olunan kimi tezliklə tanınır və təkrar-təkrar çap olunur. Sadaladığımız yanaşmalardan hansı daha doğrudur.
Hər ikisi doğrudur. Məsələn, bizdən fərqli olaraq Avropada artıq ədəbi prosesin inkişafı qanunauyğunluqları müəyyən kommersiya əsasları üzərindədir. Göründüyü kimi, dünyada elə müəlliflər var, ildə beş-altı kitabı çıxır və xeyli pullar qazanırlar. Bunların bəzən heç tənqidə də ehtiyacları yoxdur. Həm də o mətnlər özləri orta statistik səviyyədə olur. Bizdə Mübariz Cəfərli imzalı bir yazıçı var. İyirmi ildir ki fəaliyyət göstərirdi və çox az tanınırdı. Onun birdən-birə üç-beş il ərzində “Bənna”, “Bərpaçı” və “Bağban” romanları çıxdı. Bunlar mükəmməl romanlardır. Mən onların haqqında yazdım. Mənə qədər heç kəs yazmırdı. Məndən sonra bunun haqqında yazmağa başladılar. Bunu ona görə misal gətirdim ki, görsünlər, tənqid necə həlledici rol oynaya bilər. Həm müəllifin özünə necə təsir eləyə bilər və müəllif birdən-birə görə bilər ki, heç də o, deyilən kimi itib-batan biri deyil. Gözəl şeyləri yazmaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)
Uşaqlardan imtina olunma faizi niyə artır?
Bəli, çox təəssüf ki, ölkədə valideyin himayəsindən məhrum olan uşaqların sayı sürətlə artır. Bura valideynin itirilməsi, öcladlıqdan məhrumedilmə, boşanma fəsadları kimi faktorlar daxildir.
Amma yaxşıdır ki, ölkəmizdə uşaqların övladlığa götürülməsi də diqqət mərkəzindədir. Bunun üçün 2019-cu il noyabrın 1-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ayrıca bu prosesi idarə edir.
Gəlin rəqəmlərə diqqət edək. 2020-ci ildə uşaq övladlığa götürmə ilə bağlı 157, 2021-ci ildə 378, 2022-ci ildə isə 364 müraciət daxil olub. Həmin dövrdə ümumilikdə 899 müraciət daxil olub. Qeyd edək ki, övladlığagötürmə sahəsində idarəetmə nazirliyə həvalə olunduqdan sonra 355 uşaq valideyn himayəsinə verilib. Onlardan 179-u oğlan, 176-sı qız uşaqlarıdır. Uşaqlardan 207–si bu il övladlığa verilib.
Görülmüş reinteqrasiya tədbirləri nəticəsində ümumilikdə ötən dövrdə 240 uşaq ailəsinə qaytarılıb. Onlardan 94-ü qız, 146-sı oğlandır. Təkcə bu il ərzində 109 uşaq reinteqrasiya edilib. Bu il noyabrın 1-dən sonra 9-u oğlan, 9-u qız olmaqla 18 uşaq valideyn himayəsindən məhrum olan uşaqlar üçün müəssisəyə yerləşdirilib. Hazırda həmin müəssisələrdə 1563 uşaq var. Övladlığa verilməsi mümkün olmayan uşaqların sayı isə 66 nəfər təşkil edir.
Ümumiyyətlə, bu il sosial layihələr çərçivəsində 25 rayon və şəhəri əhatə edən sosial reabilitasiya mərkəzlərində 2500 nəfər 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, günərzi qayğı mərkəzlərində isə 1350 şəxsə xidmət göstərilib.
Nə deyə bilərik. Dünyada ən şirin nemət övladdır. Övladdan imtina edən valideyinlərə heç bir şey haqq qazandıra bilməz.
(Qeyd: Rəqəmlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransından götürülmüşdür).
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)