Super User
“Qar çiçəyim, sındır buzu…” - güneyli şair Ramin Yaşarın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi, Təbrizdə yaşayıb yaradan şair Əli Çağla bu dəfə sizləri güneyli şair Ramin Yaşarın yaradıcılığı ilə tanış edir.
Ramin Yaşar
Yaşar təxəllüsü ilə şeirlər yazan Ramin Cəbrayili 1987-ci ildə Təbriz şəhərində doğulmuşdur. O, geologiya fakültəsi üzrə bakalavr dərəcəsinə qədər təhsil etmişdir. 18 yaşından ədəbi dərnəklərdə fəaliyyət edibdir. O, DGTYB-nin üzvüdür.
SALAM TÜRKÜN BAYRAĞINA
Ay-ulduzlu gözlərinlə,
Çağır gələk ocağına.
Körpə-körpə duyğumuzu,
Al günəşin qucağına.
İzin ver, dinləyək səni,
Sən ey Savalanın savı.
Söylərinə qonaqlandır,
Sevginə can atan avı.
Qıyım sanma canımıza,
Qıy, qoy olanlar ər olsun.
Sınaq-sınaq sına bizi,
Sınaqların sinər olsun.
Şuşa-şuşa, Laçın-laçın
Biz qalxmışıq ayağına.
Təbriz-təbriz, Bakı-bakı,
Salam,
Salam türkün bayrağına…
GÖZLƏRİN
Qonaq gəldim, qonağını bir anlıq,
Bəbəyində de saxlasın gözlərin.
Göz-göz olmuş göy qurşaqlı yaramı,
Bağlamayır, de bağlasın gözlərin.
Sevgi adlı boyağına boyandım,
Savaşında şəhər-şəhər talandım.
Dağlatmağa dağlarımı dolandım,
Dağlayan yox, de dağlasın gözlərin.
Sara deyil, Xan Çobanam seldə mən,
Şeirdə mən, mahnıda mən, dildə mən,
Sınıqmışam vətəndə mən, eldə mən,
İnanmırsan de yoxlasın gözlərin.
Olmamağın məni məndə oturdub,
Dərd ordusu bayrağımı yatırdıb,
İnadlığım əzrayılı qudurdub,
Da ölürəm, de ağlasın gözlərin;
Gözlərimi de bağlasın gözlərin.
UŞAQLAR AYIQ ORDUDUR
Can ürəklər, can könüllər,
Sudan duru, aydan arı.
İsti-isti, şirin-şirin,
Qaçın gəlin mənə sarı.
Qaçın gəlin ay uşaqlar,
Gəlin vətəndən danışaq.
Qızıl almada dil açıb,
Güllü gülşəndən danışaq.
Danışaq, söyləyək Azər,
Babəkin "Baycan" yurdudur.
Ay-ulduzlu gələcəyə,
Uşaqlar ayıq ordudur.
AZƏRİN İYİRMİ ALTISI
Kitablara od vurdular,
Varaq-varaq dilim yandı.
Azərin irmi altısı,
Od, odluğundan utandı.
Oda, alova baxmayın,
Utanmaz faşismlər oddan.
Anamın dili külləndi,
Sürgün oldu atam yurddan.
Bir soyqırım, bir türk qırım,
Azər qır, baycan qırım,
Azərbaycan yaralanıb,
Qanı axdı şırım-şırım.
Qara qorxu asma, kəsmə,
Havamız kəsmə şikəstə.
Dağların ürəyi dağ-dağ,
Vətən düşkün, torpaq xəstə.
Salam-salam dar ağacı,
Salam-salam ulu üsyan.
Qar çiçəyim, sındır buzu,
Ya azad ol, ya sən də yan.
ŞERİM
Damcı-damcı, damla-damla,
Gözümə yaş düzər şerim.
Yaranışla tanışdıqca,
Hər ağrıya dözər şerim.
Təbiəti naxış-naxış,
Süzgün-süzgün, axış-axış,
Boylandıqca baxış-baxış,
Canı candan üzər şerim.
Nə büdrəyib, nə də çaşıb,
Addım-addım dağlar aşıb.
Duyğu-duyğu məndən coşub,
Ürək-ürək gəzər şerim.
Zaman-zaman başı duman,
Varlığında var həyəcan,
Sevgilisi Azərbaycan,
Vətən-vətən süzər şerim.
Damcı-damcı, damla-damla,
Gözümə yaş düzər şerim.
GÜNEY
Hər səhər üz tutub üzünə sarı,
Günəş gözlərinə baxaram güney.
Dərdini Təbrizin ərkindən duyub,
Soyuq əllərini sıxaram güney.
Ahına qovrulub, oduna yanıb,
Sevginə can atıb, sözünü anıb,
Qutsal torpağını səcdəgah sanıb,
Gülgün ürəyinə axaram güney.
Sən yaşam yağışım, yaşayış payım,
Varlıq sırasında ulduzum, ayım,
Ağrından süd əmsə çörəyim, çayım,
Özüm öz evimi yıxaram güney.
Elə yad saçların daransın dara,
Şanlı arzuların otursun bara,
Xan Araz bağrımda olmasın yara,
Quzeyi köksümə taxaram güney.
Hər səhər üz tutub üzünə sarı,
Günəş gözlərinə baxaram güney...
Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
Nəsibə Zeynalova: “Adamı eləmədiyi işə görə danlamaq olar?”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
NƏSİBƏ ZEYNALOVA
(1916-2004)
***
Cavan idim, tanış-bilişin boş-boş sözlərindən, həyat qayğılarından sarsılmışdım. Təzə tamaşadakı rolumu oxumağa belə həvəsim yox idi. Hətta teatrdan uzaqlaşmaq barədə düşünürdüm. Elə sakitcə evdən çıxıb məşqə getdim. Hər an ərizəmi yazıb işdən çıxmağa hazır idim.
Məşq başladı. Yenidən teatrın sehrinə düşdüm, ağlıma boş-boş fikirlər gətirdiyim üçün peşman oldum. Bir azdan rolu əzbərləmədiyim üzə çıxacaqdı, odur ki, rejissoru qabaqlamaq istədim:
– Məhərrəm müəllim, siz necə bilirsiz, adamı eləmədiyi işə görə danlamaq olar?
Məhərrəm Haşımov gözlərini döyərək:
– Əlbəttə olmaz. Heç olmaz. Bu, tərbiyəsizlik olar, – dedi.
– Məhərrəm müəllim, onda deyim, siz də bilin. Mən rolumu öyrənməmişəm. Eləmədiyim şeyə görə indi durub məni danlayası deyilsiniz ki, düzdür?
Rejissor da, aktyor dostlarım da xeyli gülüşdülər…
***
1991-ci ilin yayında məni bir neçə sənət dostumla Sumqayıta konsert proqramına dəvət etmişdilər. Konsertdən əvvəl cavan bir oğlan yaxınlaşıb jurnalist olduğunu və şəhərdəki gənclər qəzeti üçün müsahibə almaq istədiyini bildirdi. Vaxt az olduğundan tez-tələsik cavablar verirdim.
– Kinoda yaratdığınız obrazlar içində ən çox hansını sevirsiniz?
Jurnalist bu sualını verəndə bir anlıq duruxub qaldım. Az yaşım yox idi. 75 yaşımın böyük hissəsini sənətdə keçirmişdim, bütün rollarımı sevirdim, amma o an başa düşdüm ki, nəsə bir istisna olmalıdır. Bir qədər fikirləşdikdən sonra:
– Oğlum, – dedim, – indi başa düşdüm ki, mənim ən çox sevdiyim rol, “Ögey ana” filmindəki Fatmanisə qarıdır.
Oğlan da çaşıb qaldı:
– Mən elə bilirdim Cənnət xalanı söyləyəcəksiz, – sakitcə dedi.
– Əslində, Cənnət xalanı da çox sevirəm, amma Fatmanisə qarı mənim kinoda ilk işimdir. O filmə çəkiləndə 40 yaşım vardı, amma 80 yaşlı qarını oynayırdım. Məncə pis alınmayıb. Elə də yaz, oğlum, Nəsibə Zeynalova kinoda oynadığı rollardan Fatmanisə qarını lap çox bəyənir.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
Yola saldığımız həftənin 7 anı
Azərbaycan Prezidenti 61 yaşını ailəsi ilə qeyd etdi.
ABŞ Konqresi 2023-cü il büdcəsindən Ukraynaya 45 milyard dollar pul ayırdı.
Parisdə kürdlər ayağa qalxaraq itişaşlar törətdilər.
Amerikanı bürüyən qar çovğunu daha 9 nəfərin həyatını aldı.
20 nəfərin ölümündə təqsirli bilinən fransız seriya qatili, 78 yaşlı Şarl Sobraj Nepal həbsxanasından çıxarıldı və Parisə yola salındı
Çin xəstəxanaları və morqları COVİD-19 epidemiyasının yeni dalğasına tab gətirə bilmirlər.
Roma Papası Vatikandakı və Vifleemdəki dini ayinlər zamanı müharibənin kasıbçılığa və xəstəliklərə məruz qoyduğu uşaqlar üçün dua etməyi xahiş etdi.
(Fotoxronika: TASS, AP, Euronews, Trend)
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
Hədiyyələr günü, The Beatles, ilk paraşüt
Günün təqvimini Varis təqdim edir
26 dekabr
Hədiyyələr günü
Böyük Britaniyada, onunla bağlı olan Kanada, Avstraliya, Yeni Zelandiya, Samoa və Kiribatidə yaranmış bu sürprizlər bayramı sonradan digər ölkələrdə də yayılıb. Bir təsəvvür edin, hamı hamıya hədiyyə edir, varlı kasıba, gözəl çirkinə, xoşbəxt bədbəxtə, yaxşı pisə... Adətən hədiyyələri doğmalardan, tanışlardan alırıq, burda isə heç tanımadıqlarımız bizi təbrik edir. Günün sonunda o qədər hədiyyə yığırsan ki, lap məsti-xumar olursan.
Nıtik günü
Çox qəmli olanların dəstək günü. Nə gözəl bir gündür. Qərb ölkələrində hətta xüsusi fondlar var, bu gün xəstəxanada yatan xəstələri, qocalar evlərindəki kimsəsizləri, evsiz-eşiksiz bomjları, uşaq evlərindəki yetim uşaqları, əzizləri yaxında vəfat etmişləri, həbsxanaya düşmüşləri və digər mənəvi köməyə ehtiyacı olanları yoluxur, onlara ürək-dirək verirlər. Biz azərbaycanlıların indi bu cür dəstəyə çox ehtiyacımız var, biz bu siyahıya kommunal borcları ödəməkdə çətinlik tapıb, bahalanmanı qarşılaya bilməyib, bank kreditlərinin boyunduruğuna düşüb depressiya keçirənləri də əlavə edərdik, onlara dəstək duranlar da tapılıb “Nıtik gününüz mübarək!” deyərdilər.
Ən dəhşətli zəlzələ, kazinoların başlanğıcı və Mao
Fransanın Yves Rocher brendi kimə tanış deyil ki? Bu fransız ətri bihuşediciliyi ilə seçilir. 2009-cu ilin bu günündə Yves Rocher korporasiyasının yaradıcısı İv Roşe vəfat edib. 2004-cü ilin bu günündə müasir tarixin ən ölümgətirici zəlzələsi olub, Hind okeanında baş verən 9,3 maqnitudalı zəlzələnin yaratdığı sunami İndoneziyanın, Şri-Lankanın, Hindistanın, Tailandın sahil ərazilərinə basqı edib, hündürlüyü 15 metrə çatan dalqalar 300 min insanı həyatdan alıblar. 1991-ci ilin bu günündə SSRİ Ali Sovetinin Respublikalar Soveti özünün son iclasını keçirərək SSRİ-nin ləğvini bildirən deklarasiyanı qəbul edib. 1963-cü ildə ABŞ-ın Capitol Rekords firması ilk dəfə The Beatles qrupunun valını buraxıb, ABŞ-da yerli musiqiçilərin hegemonluğu dövrü bununla da bitib, amerikalılar bu britaniyalı musiqiçilərə heyran olublar.
Qumar həvəskarları, yaxın oturun, sözüm sizədir. 1946-ci ildə Las-Veqasda “Flaminqo” otelinin açılışı olub, qanqster Baqsi Siqelə məxsus olan bu otel ilk kazinosu ilə tarixə düşüb, beləcə Las-Veqas dünyanın oyun biznesinin mərkəzinə çevrilib. İçinizdə yapon avtomobili sürənlər az deyil, deyilmi? 1931-ci ildə Datsun yük avtomobillərinin istehsalı ilə Toyota avtomobil konserni fəaliyyətə başlayıb.
Əziz alimlər, 1898-ci ildə Pyer və Mariya Küri radioaktiv element olan radiyi kəşf etdiblər.
1893-cü ildə bəşər tarixinin ən qatı diktatorlarından biri – Çin kommunist partiyasının rəhbəri Mao Tse Dun dünyaya gəlib. Ən nəhayət, 1825-ci ildə Peterburqda, Senat meydanında Dekabristlər üsyanı baş verib.
Paraşütün sevdası
1783-cü ilin 26 dekabrında fransız Sebastyan Lenorman bükmələnmiş qayışlı brezentlə təyyarəyə qalxıb müəyyən yüksəklikdən yerə atıldı, həmin o brezent havada açılaraq Lenormanı sağ-salamat yerə gətirdi. Bu, “paraşüt” adını almış nəsnənin ilk sınağı idi, beləcə Lenorman yeni bir kəşfə imza atdı.
Paraşüt təhlükəsiz uçuşlar üçün xüsusən vacibdir, təyyarəyə minənlər nasazlıq olanda paraşütlə özlərini xilas edəcəkləri inamı ilə sığortalanırlar. Kaş ki, bizləri həyatdakı bədbəxtçiliklərdən xilas edəcək paraşütlər də olardı, ən ağır, ən sıxıntılı günlərimizdə onlardan yapışıb özümüzü ataydıq xoşbəxtliklərin qoynuna.
Varisin “Həftənin təqvimi” yazısından
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
Sükutla danışmaq mümkünmü
Elvin Arifoğlunun “Sükutla danışanlar” adlı kitabı işıq üzü görüb
Gənc yazar Elvin Arifoğlunun “Sükutla danışanlar” adlı kitabı işıq üzü görüb. Biblioqrafik dram janrında yazılmış bu roman uşaqlıq illərində analarını itirmiş və ögey anaları tərəfindən incidilən bacı-qardaşın həyat macərasına həsr olunub. Əsər iztirab, sıxıntı, yeni tanışlıqlar, ayrılıqlar, sevgi və nifrət, xəyanət və sədaqət,
uğur və iflas, qayğıkeşlik və biganəlik, intihar və tövbə, ilahi cəza və mükafat,
bir sözlə, xoşbəxtlik və bədbəxtlik səhnələrini ehtiva edir. Burada
müvəffəqiyyətə doğru motivasiya, xoşbəxtliyin həqiqi formulu və ilahi
mənəviyyat qanunlarının sirləri oxuculara təqdim olunur.
Elvin İntiqamoğlu “Ədəbiyyat və incəsənət” portalına açıqlama verərək bildirib: “Roman yeniyetmə və gənclərə real həyatda xoşbəxt həyat qurmağın prinsiplərini məhz həyati nümunələrlə göstərir. Bununla paralel, oxucunu maraqlı elmi məlumatlarla, dini bilgilərlə, müxtəlif mədəniyyətlərlə,
fəlsəfi -ideoloji fikirlərlə maarifləndirir, xurafat və mövhumat, dini ekstremizm və radikalizm, habelə narkomaniya, yüngül həyat tərzi, dələduzluq və fırıldaqçılıq kimi mənfi halların insan həyatını uçuruma
apardığını bariz sübutlarla aşılayır. Bir sözlə, bu əsər hər bir gəncin ləyaqətli
həyat sürməsi üçün bələdçi bir vəsaitdir.”
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
BMT Milad bayramı öncəsi Ancelina Coliyə xüsusi minnətdarlıq bildirib
Tanınmışlar öz missiyalarını tək əhatə elədikləri sahələrə yönəltmirlər, ictimai fəaliyyətdə də fərqlənirlər. Budur, sevilən müğənni Ancelina Coli insanlıq naminə o qədər işlər görüb ki, BMT başbilənləri cəmi 5 gündən sonra qədəm qoyacaq Milad bayramı münasibətilə onu təbrik ediblər.
“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən xəbər verir ki, iyirmi ildir BMT-də işləyən amerikalı aktrisa Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) xüsusi nümayəndəsi vəzifəsini tərk edəcək. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib. Onun sözlərinə görə, Coli BMT QAK-ın humanitar və insan hüquqları məsələlərinə keçid edir.
“Biz ona bu illər ərzində göstərdiyi xidmətə, fədakarlığına, qaçqın və məcbur köçkünlərə üçün gördüyü işlərə görə minnətdarıq. BMT QAK ilə uzun və uğurlu əməkdaşlıqdan sonra onun missiyasını dəyişmək və qərarını dəstəkləmək istəyini yüksək qiymətləndirirəm”, - deyə Filippo Qrandi qeyd edib.
Coli 2001-ci ildən BMT QAK-da işləyir və 2012-ci ildə təşkilatın xüsusi nümayəndəsi təyin edilib. Aktrisanın Yəmən və Burkina Faso da daxil olmaqla 60-dan çox səhra missiyası həyata keçirdiyi qeyd olunub.
Əlbəttə ki, təqdirəlayiq missiyadır.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
Bakılı musiqişünasın tələbələri Vyanada Yeni il münasibətilə konsert veriblər
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Milad bayramı və Yeni il münasibətilə uşaq və yeniyetmə musiqiçilərin konsert proqramı təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konsertdə əslən bakılı pianoçu və opera müğənnisi, musiqişünas-pedaqoq Lada Atlantovanın yetirmələri çıxış ediblər. Konsertdən əvvəl L.Atlantova koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılmasından sonra dəfələrlə Azərbaycan Mədəniyyət Mərkəzində öz yetirmələri ilə müxtəlif mövzularda konsertlər təşkil olunduğunu və bu konsert üçün də yaradılan şərait və əməkdaşlığa görə minnətdarlığını bildirib.
Moskva İncəsənət Akademiyasında opera müğənniliyi kafedrasına uzun illər rəhbərlik edən Lada Atlantovanın tələbələri konsertdə Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. Konsert proqramında Milad və Yeni ilə həsr olunmuş əsərlərə də geniş yer verilib.
Avstriyadakı Azərbaycan icmasının üzvü, yeddi yaşlı Fuad İsmayılov da konsertin solistləri arasında yer alıb. Fortepianoda onun ifasında Volfqanq Amadeus Motsartın “Türk marşı“ və Pyotr İliç Çaykovskinin “Şelkunçik“ baletindən “Güllər valsı“ səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
Kərpickəsən gənc qızın dastanı
Euronews 2022-ci Ilin 20 ən yaxşı fotosunu müəyyənləşdirib
Budur, artıq yekun çıxarmaq zamanı gəlib. Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar.
Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edirik.
Əfqanlstanda, Kabulun ətrafındakı kərpic zavodunda işləyərək ağır əməyə qatlaşmış 20 yaşlı qızcığaz.
Foto: Ebrahim Noroozi/AP Photo
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
“Axşamdı – sənin yoxluğunun zülmət çağıdı...” –Fərid Hüseyn
Yola salmaqda olduğumuz ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Fərid Hüseyn
Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Azərbaycanın Kürdəmir şəhərində anadan olub. 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasını bakalavr, 2013-сü ildə isə həmin universitetin "Kultralogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisasını magistr pilləsində bitirib. Hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır. Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, AYB-nin katibliyinin üzvüdür. Gənc yazarlar üçün nəzərdə tutulan Prezident təqaüdünə layiq görülüb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” (2017), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “İlin gənc şairi” (2018) mükafatlarını qazanıb. Nəsimi – Şeir, İncəsənət və Mənəviyyat Festivalının (2018) laureatlarındandır. Kulis.az. ədəbiyyat saytının 35-yaşa qədər gənc şairlər arasında keçirdiyi “Bir şeir” adlı müsabiqəsində I-ci yeri qazanıb.
Şeirləri ingilis, rus, belarus, ukrain, serb, özbək, qazax, gürcü, rumın, serb və türk dillərinə tərcümə edilərək dünyanın müxtəlif ölkələrində çap olunub. 2021-ci ildə Serbiyada Dünya Yazarlarının 58-ci Belqrad Görüşündə "Povelja Morave" beynəlxalq ədəbi mükafatına layiq görülüb və həmin ölkənin Semska Mitrovika – İmperatorluq şəhərinin Fəxri Vətəndaşı seçilib.
Amerikada “Studying a butterfly”, (“Kəpənək dərsi”), Türkiyədə “Yalan bayramı”, “Aynaların kölgəsi”, Özbəkistanda “Camarkand devoni” (“Səmərqənd divanı”), Serbiyada “Часови васпитања духа“ (“Qəlbin tərbiyə dərsləri”) Moldovada “İnchinare memoriei” (“Yaddaşın vəfa borcu”) adlı kitabları nəşr edilib.
SW ekspertlərinin fikrincə, Fərid Hüseynin ədəbi məziyyətləri barədə uzun-uzadı danışmaq olar, amma cəmi bircə kəlmə demək də kifayətdir. Fərid Hüseyn ədəbiyytımızda gəncliyin klassikidir.
Bitməz gün
Atama ithaf edirəm...
Səhər
Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
hələ tənbəl-tənbəl oyanırıq sənsizlikdən,
gözlərimizi ovuruq yoxluğunun əlləriylə,
sönmüş müharibənin tüstüsü çəkilməyib ölkədən.
Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
Yatağına – anamın yanına su kimi dolmuşam,
o isə gələcəyimizi düşünə-düşünə alnımdakı ahdan öpür.
Dostlarının etibarını qayğılarımızla ölçürük,
hələ bizi sənə oxşadan adamların sayı çoxdu,
anamın əlindən tutub gələcəyə keçirik.
Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
arzularımızı mumyalamışıq,
ümidlərimizi soyuducu könlümüzdə dondurmuşuq.
Hələ hər kəsin yaddaşı yerindədi –
hamı səni olduğun kimi xatırlayır.
Özümdən böyük qablarla su daşıyıram,
bədənimin bütün xəritəsindən tər axır.
Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
Hələ kasıblıq təcrübəsi qazanıram –
qarpızı kəsdirib alıram,
qələmi yoxlayıb alıram,
kaseti oxudub alıram.
Qurban bayramlarında ətlə,
Novruzda sovqatla ürəyimiz açılır,
özgə evlərindən toplanır sevincimiz
və mən hələ Allahı əliaçıqlığından tanıyıram.
Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
Nənəmin dilindən ümid damcılayır könlümə:
sonra damlalar toplanıb olur hikmətli bir dərya:
“Allah kimi darda qoyub ki, bizi də darda qoya?!”
Sübhdü – sənin yoxluğunun uşaq çağıdı:
imperiya günəşi təzəcə sönüb ölkəmdə,
azadlıq lampasının başına yığışmışıq,
üz-gözümüz kasıblıq hisindən qapqara,
əlimiz nöyütlü,
yaş odundu xəyallarımız –
könül sobamızda asta-asta yanır,
amma sümüyümüz qızmır ki, qızmır.
Sübhdü – sənin yoxluğunun uşaq çağıdı:
Hələ ehtiyacdan bir hovur gizlənmək üçün
əldamındakı dəmir-dümürünü,
ov alətlərini satmamışıq,
hələ torpağın üzü soyumayıb,
hələ göz yaşımız sinəmizi yandırır,
nə vaxt ağlasam, anam məni qucağına alır –
Allaha sarı qaldırır...
Günorta
Günortadı – sənin yoxluğunun qızmar vaxtıdı:
artıq haqqında çoxdankı, adam kimi danışırıq,
yaşaya bilmədiyin günləri bir-birimizə paylayırıq –
hər övladına neçə arzu, neçə ümid düşür,
anam xörəklər kimi ömrünü də ədalətlə bölüşür...
Günortadı – sənin yoxluğunun oğlan çağıdı:
anam təmizkar bir gəlinidi payızın,
sübhdən süpürür sənli günlərin xəzəllərini,
o, bir yandan yığır, ömür bir yandan tökür,
sevincin qanı qaçıb üzümüzdə, ata.
Xoşbəxt şəkillərimizə qayğılar çökür...
Günortadı – sənin yoxluğunun qızmar vaxtıdı:
sevincimiz idman sevincləritək tez ötür.
Allah bizi çiyinlərimizdən çəkib böyüdür.
Günortadı – sənin yoxluğunun qızmar vaxtıdı:
mən “rəhmətliyin oğlu”, bacım “rəhmətliyin qızı”dı,
nənəmsə qocaman bir rəngsazdır –
könlümüzü ümidlərlə boyayır.
Günortadı – sənin yoxluğunun oğlan çağıdı:
anam bir almadı ki, bir üzü qız, bir üzü gəlin,
soyuq günlərdə dolmuş buludları qovur göylərdən
haqqın dərgahına uzanan yorğun əlləri.
Axşam
Axşamdı – sənin yoxluğunun zülmət çağıdı:
anam bir zəhmət heykəlidi qayğı şəhərimizdə,
həyat bir xəstədir ki, çətinliklərimizlə ağırlaşır halı,
qayğılarımızla birgə böyüyür anamın xəyalları.
Anam həm də bir xəyal körpəsidir:
bizimlə gələcəyə “iməkləyir”, sabaha yüyürür...
Hər müşkülümüz bir əcəl məqamıdır,
ehtiyaclar “əzrail” kimi əliboş geri dönmür.
Axşamdı – sənin yoxluğunun zülmət çağıdı:
çoxdan əzbərləmişəm kişi işləri görən anamın kölgəsini,
buxar istisiylə qarsıyıb üzümü həyatın nəfəsi.
Axşamdı – sənin yoxluğunun zülmət çağıdı:
Bir xəstəxana qapısında,
zindan divarları arasında,
bir məhkəmə salonunda
dayanıb baxdım uzaqlardakı məzarına.
çarəsizlik əllərimi cibimə saldı,
çiyinlərimi çəkdi,
İkimiz bir adam olduq onda – kölgən kölgəmə bələndi.
Axşamdı – sənin yoxluğunun ahıl vaxtıdı:
fotoalbomuna baxıram,
əsgərsən, nişanlısan, evlisən,
zəhmətə öyrəşmiş ömrümün alın tərisən.
Axşamdı – sənin yoxluğunun ahıl vaxtıdı:
qayğıların dumanından göz gözü görmür,
təkliyimin qoxusunu çəkirəm canıma,
ata, sənsizlik dolub divar saatıma,
ömür saatıma,
qol saatıma.
Axşamdı – sənin yoxluğunun zülmət vaxtıdı:
həyat bizim üzümüzə qayğı cığırları,
sənin məzarına şaxta çatları salıb,
şükür, əllərimiz çörəyə çatıb
və daha anamın ovcundakı zəhmət qırışları
“Allah” sözünün altında qalıb.
Təftişnamə
Dərs vermək riyasın qoymuram yaxın,
Çoxdandır öyüdlü nəğmə çalmıram
tarix təkrarların rəqsidir, - baxın.
nəticə çıxarmır, ibrət almıram.
Uçulur saraylar, dağılır yurdlar,
silinir ən əziz günlər yaddaşdan.
Əbədiyyət şövqü çəkdirir avar -
fanilik qərq olur ani təlaşdan.
Bu bilgi dünyası, xəbər əsrində
nə bir zindanban var, nə də ki, dustaq.
“Yeddi qapısı açıq” labrint qəsrində
qarışqa tükücən azadıq ancaq.
Dəm vurma şöhrətdən, nə ad, nə namdan
tarixin nəmindən əsrim kiflənib.
Qardaşlar qanıyla dolu bu camdan
sülhün göyərçini içib, keflənib.
Nə qəbir nişanə qalacaq, nə söz,
su üstünə yazır hər şeyi qələm,
Sürət əsri - ömür yeyən bir acgöz
tələsmək ipinə bağlıdır tələm.
Çox haqq bir nahaqqın içində azıb
Yanlışdı deyilən, qələtdir hesab.
“Bütün cümlələri təzədən yazıb”
bütün hesabları ən başdan sayaq.
Ərşin düyünündən zaval sallanır,
alimlər alüdə bəla vəsfinə.
Sürətə uymaqla calaq olunur
nəfs ağacımız əsrin nəfsinə.
Qədir gecəsitək susmaq istədim
dindirdi sükutu səs tamahkarı.
əlimi ruhuma basmaq istədim
pozuldu zikrimin nizam qatarı.
Gözəllik çoxdandır timsalımızda
riya dayağına bərk zəncirlənib
əfsus, surətpərəst xəyalımızda -
şeytanın üzündə şər bədirlənib.
Onurun şeiri
Paytaxt ayağıyla tələsir hamı:
Biri kefə qaçır, biri kinoya,
Qarışqa səfinə düzülüb indi
Mən də yollanıram isti yuvama.
Şeytan üzərimə torun atmamış,
Evə çatmalıyam oğlum yatmamış.
Qədəh gecələri çağırır məni,
Nəfsin üzü gülür telefonumda.
Birisə yarımçıq arzularına
Nöqtə təklif edir günün sonunda.
Razılıq qanına əlim batmamış,
Evə çatmalıyam oğlum yatmamış.
Sədd aşantək aşıb işıqforları
Bəxtimi tıxacda hər gün söyürəm,
Evə gecikəndə zəngi basaraq
Ən dadlı röyasın yarı bölürəm.
Şirin yuxusuna haram qatmamış,
Evə çatmalıyam oğlum yatmamış.
Baxıram yataqda yatmış uşağa,
Görürəm üzündə gülüşü yatıb,
Dodaqlar aralı, uzalı qalıb,
Mənə pay olmayan öpüşü yatıb.
Peşmanlıq günümə zəhər qatmamış,
Evə çatmalıyam oğlum yatmamış.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
Ona operettaları xüsusilə geniş şöhrət qazandırmışdı
Rauf Hacıyevin xatirəsinə həsr olunmuş elmi-yaradıcı diskussiya barədə qeydlər
Mədəniyyət Nazirliyi bu dəfə fərqli bir tədbirlə gündəmə gəldi: elmi-yaradıcı diskussiya ilə. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Rauf Hacıyev – 100” adlı musiqi festivalı çərçivəsində görkəmli bəstəkar, tanınmış ictimai xadim, Xalq artisti Rauf Hacıyevin xatirəsinə həsr edilmiş elmi-yaradıcı diskussiya əsl müzakirələrə yol açdı. Amma bu müzakirələrdə Rauf Hacıyevin ümimən yaradıcılığı deyil, onun fəth etdiyi zirvələr söz konusu oldu.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, öncə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bəstəkarın həyat və yaradıcılığından bəhs etdi. O, Rauf Hacıyevin rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq söylədi: “Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən Rauf Hacıyevə uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. Onun milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapıb. Rauf Hacıyev eyni zamanda respublikanın mədəni həyatında yaxından iştirak edərək, səmərəli ictimai fəaliyyəti ilə tanınıb”.
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin böyük məsləhətçisi, musiqişünas Turan Məmmədəliyeva Rauf Hacıyevin musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri haqqında danışdı. Musiqişünas və jurnalist Raya Abbasova musiqiçinin yaradıcılıq sirlərindən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Rzayeva özünəməxsusluğundan, saksofon ifaçısı, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə isə Rauf Hacıyev haqqında xatirələrindən danışdı. Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olundu.
Tədbirə Niderlanddan onlayn qoşulmuş musiqişünas, jurnalist Natavan Hüseynova Rauf Hacıyevin yaradıcılığından söhbət açaraq, eyni zamanda “Azərbaycanda caz” adlı kitabının təqdimatını etdi. Həmin kitab Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olundu.
Tədbirdə həmçinin Rauf Hacıyevin ailə üzvləri də iştirak edirdilər. Lap sonda yaradıcılıq gecəsinə Finlandiyadan onlayn qoşulmuş Natella Rauf qızı Hacıyeva ailəsi adından atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə təşkilatçılara təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)