Super User

Super User

Суббота, 24 Декабрь 2022 08:15

Ən uğurlu insanların ümumi olan 9 vacib xüsusiyyəti

 

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

Bu gün təqdim  edəcəyin uğur formulunu Amerikanın Qellap institutunun alimləri ortaya qoyublar. Bu uğur formulu «Amerikada kim kimdir» adlanan məlumat kitabındakı 1500 məşhur insanın respondent qismində sorğu-sual edilərək mövqeyinin, xarakterik əlamətlərinin araşdırılması nəticəsində ərsəyə gəlib. Araşdırma ən uğurlu insanlarda 9 ümumi vacib xüsusiyyət ortaya çıxarıb ki, bu xüsusiyyətlərin cəmini də Qellap institutu alimləri uğur formulu kimi təqdim ediblər:

1.     Sağlam fikir.

Rəyi soruşulanlar arasında sağlam fikrə malik olmaq ən çox yayılmış xüsusiyyətdir. Respondentlərin 61 faizi bildirib ki, sağlam fikir onların uğur qazanmasında çox vacib faktor olub.

Çoxları üçün sağlam fikrə malik olmaq – gündəlik işlər barədə optimal və konkret qənaətəgəlmə anlamı verir. Bunun üçünsə bütün kənar fikirləri kənara atıb bu və ya digər hadisənin kökünə baxa bilmək vacib şərtdir. Bəs sağlam fikrə malik olmaq anadangəlmə keyfiyyətdir? Respondentlərin fikrincə, bu keyfiyyəti insan özü özündə inkişaf etdirməlidir. Ona malik olmaq yollarından biri də başqa insanların təcrübəsindən, eləcə də öz səhvlərindən öyrənə bilmək bacarığıdır.

2.     Öz işinin bilicisi olmaq.

Səsvermədə ikinci yer tutan xüsusiyyət. Məşğul olduğun işi dərindən bilmək qədər heç bir şey uğur qazanmağa kömək edə bilməz. Bu, sənin biliklərinin sığortalanması, mövcud risklərin minimum səviyyəyə düşməsi deməkdir. Peşəkar bilikləri almaq prosesi daim, hətta ən yüksək zirvələri fəth etdikdən sonra da davam edir.

Uğur qazanmaq üçün bunu inadla istəməli, qazananda isə qoruyub saxlamağı bacarmalısan.

3.     Öz gücünə inam.

Böyük uğur qazanan insanların əksəriyyəti, əsasən, öz qabiliyyət və bacarıqlarına, bir sözlə, öz baqajlarına güvənirlər. Bu güvənmə öz gücünün təsdiqi ilə yanaşı, həm də cəsur hərəkətlərə doğru qətiyyətli irəliləyiş əzmi də gətirir. Bilik və bacarıqla yanaşı məqsədə çatmaq üçün saatlarca usanmadan, inadla işləməyə dözüm və iradə də lazımdır.

4.     Yüksək səviyyə.

Nailiyyətlər əldə etmək üçün yüksək inkişaf səviyyəsinə malik olmanın da əhəmiyyətli rolu var. Bu səviyyəyə çatmaq – mürəkkəb konsepsiyaları cəld mənimsəmək, onların sürətli və dəqiq analizini apara bilmək üstünlüyü verir.

Respondentlərdə yüksək inkişaf səviyyəsini təmin edən üç element olaraq isə bunlar müəyyənləşdirilmişdir: dərin söz ehtiyatı, yaxşı mütaliə qabiliyyəti, yaxşı yazma qabiliyyəti. Məlum olmuşdur ki, sorğuya ayrılan bir il ərzində respondentlərin hər biri orta hesabla 19 kitab oxumuşlar ki, bunların da 50%-i bədii ədəbiyyat olmuşdur.

5.     İşi sona çatdıra bilmək qabiliyyəti.

Bu xüsusi qabiliyyət də uğurlu insan olmaq üçün ən vacib qabiliyyətlərdən hesab olunur. Qarşıya qoyulan məqsədə özünü tam həsr etmək – uğurlu nəticəni təmin edən şərtlərdən ən başlıcaları sırasındadır.

Rəyi soruşulanların böyük əksəriyyəti özlərinin işi sona çatdıra bilmək qabiliyyətlərinin üç keyfiyyət hesabına formalaşdığını etiraf ediblər: təşkilatçılıq istedadı, yaxşı iş vərdişləri və əzmkarlıq.

Məsələn, bir fizika üzrə professor öz uğur formulunu belə izah edib: «Gərgin əmək+özünçün bu əməyin ritmini qura bilmək qabiliyyəti».

Həmin professor etiraf edib ki, həftədə 100 saat işləyir.

Qellap institutu alimləri bu 5 əsas faktordan başqa uğura zəmin yaradan 4 köməkçi faktorun da adlarını çəkirlər;

6.     Rəhbərlik edə bilmək qabiliyyəti;

7.     Yaradıcı potensial;

8.     Kolleqalarla qarşılıqlı münasibət;

9.     Bəxtigətirmə.

Amerika alimləri ortaya çıxardıqları uğur formulunu öyrənə biləcək və təqdim etdikləri şərtlərlə təklif edəcəyi şərtlər üst-üstə düşən hər bir iddialı şəxsə tezliklə «Kim kimdir» məzmunlu kitablara düşməyi arzulayırlar.

Gözəl arzudur, əlbəttə.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

 

 

 

 

 

 

Суббота, 24 Декабрь 2022 13:30

Rəsm qalereyası: Arif Əziz, “Kaleydoskop”

Rəsm qalereyası: Arif Əziz, “Kaleydoskop”

Суббота, 24 Декабрь 2022 13:00

Rənglər imperiyasında al-əlvan hegemonluq

 

Bu gün Xalq rəssamı Arif Əzizin  80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

 

Bu gün Azərbaycan Respublikasının Xalq rəssamı, “Şöhrət” ordenli rəssam, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Arif Əzizin 80 illik yubileyinə həsr olunmuş “Beyaz” adlı sərginin açılış mərasimi baş tutacaq.  

Müasir İncəsənət Muzeyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Media FM”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə mərasim saat 19:00-da Müasir İncəsənət Muzeyində keçiriləcək.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Arif Möhübəli oğlu Əzizov 3 yanvar 1943-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-1965-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1966-1971-ci illərdə Moskva Ali Bədii-Sənaye Məktəbində təhsil alıb. Rəssam 1971-ci ildə Polşa Universitetində “Qrafik dizayn” ixtisası üzrə təcrübə keçib. Arif Əziz 1970-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. O, 1971-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) pedaqoji fəaliyyətə başlayıb.

O, yaradıcılığının əvvəllərində plakatlar, ekslibrislər, loqolar, dizayn eskizləri, uşaq kitabları üçün illüstrasiyalar çəkib.

Rəssamın müxtəlif illərdə Azərbaycanda və xarici ölkələrdə fərdi yaradıcılıq sərgiləri təşkil olunub. Arif Əziz 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1981-ci ildən Azərbaycan Dizaynerlər İttifaqının, 1997-ci ildən Vaşinqtonda yerləşən Beynəlxalq Reklam Assosiasiyasının üzvlüdür. Rəssam 1985-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunub, 1992-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Arif Əziz 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif edilmiş və Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

Суббота, 24 Декабрь 2022 15:00

Dünyada saytların yeni reytinqinə TikTok.com başçılıq edir

 

 

 

ABŞ-ın “Cloudflare” şirkəti ənənəvi olaraq dünya əhalisinin ən çox daxil olduğu saytların siyahısını açıqlayıb. “Ədəbiyyat və incəsənət” portalı Liveinternet.ru saytına istinadən oxucularına reytinqin ilk onluğu barədə məlumat verir.

2022-ci ilin reytinq cədvəlinə ötənilki reytinqdə də 1-ci olan, amma daha öncəki ilə nisbətən yeddincilikdən birinciliyə böyük sıçrayış etmiş TikTok.com liderlik edir. 2020-ci ildə birinci yerdə olmuş Google.com bu son iki ildə üçüncü və ikinci yerlərdə qərarlaşıb. Ötən il ikinci yeri tutmuş Facebook.com builki reytinqdə üçüncüdür.

Ümumiyyətlə ilk onluq belədir;

1.TikTok.com

2.Google.com

3.Facebook.com

4. Microsoft.com

5.Apple.com

6. Amazon.com

7. Netflix.com

8.YouTube.com

9. Twitter.com

10. Whatsapp.com

2021-ci ilin reytinq cədvəlində doqquzuncu pillədə qərarlaşmış İnstagram.com saytı 2022-ci ildə ən çox ziyarət olunan saytların ilk onluğuna düşə bilməyib, amma populyar sosial şəbəkə saytları arasında beşinci olub. Bu reytinqdə

Birinci, ikinci və üçüncü yerlərdə gördüyünüz kimi, TikTok.com, Facebook.com və Twitter.com qərarlaşıb.

İnternetdə ən çox ziyarət olunan video resurslarının reytinqinə isə ötən il olduğu kimi Netflix.com başçılıq edir. Sonrakı pillədə YouTube.com dayanır.

Ticarət platformalarının saytları arasında Amazon.com, messencerlərin saytları arasında WhatsApp.com liderliyini qoruyub saxlayır. Telegram.org ən çox ziyarət olunan messencer saytları siyahısında ikincidir.

Bu arada Liveinternet.ru ayrıca Rusiya saytlarının da reytinqini açıqlayıb. İlk onluğu təqdim edirik:

1.Poçta Mail.ru

2.Lenta.ru

3.RİA Novosti.

4.Hearst Shkulev Digital

5.Komsomolskaya pravda

6.RBK –RosbiznesKonsaltinq

7.İzvestiya

8.Sinoptik.ru

9.Moskovskiy komsomolets

10.BAZR.ru

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

Bu günə - 24 dekabra təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq. 

Azərbaycan prezidentinin doğum günündə Rusiya Hərbi Şöhrət gününü (Suvorovun komandanlığı ilə rus ordusunun 1790-cı ilin bu günündə türk qalası İzmayılı ələ keçirməsi şərəfinə), İspaniya və ispandilli ölkələr Noçebuna bayramını (Mövlud günü şərəfinə), Şimalı Avropa ölkələri Soşelnik bayramını (yenə də Mövlüd günü və Yeni il şərəfinə) qeyd edəcəklər, Amerikalılar isə ənənəyə uyğun növbəti mətbəx bayramına sevinəcəklər, milli eqq-noq içkisi gününə. Çiy yumurta və süddən hazırlanan bu şirin içki Şimalı və Cənubi Amerika ölkələrində çox populyardır.

1979-cu ilin bu günündə SSRİ Əfqanıstanın işğalına başlayıb, 1920-ci ilin bu günündə görkəmli italyan opera müğənnisi Enriko Karuzo “Metropoliten-opera”nın səhnəsində özünün son çıxışını edib, 1914-cü ilin bu günündə alman təyyarəsi İngiltərənin Duvr şəhərini  bombalamaqla tarixdə ilk aviasiya bombardmanına imza atıb. 1903-cü ilin bu günündə tarixdə ilk dəfə avtomobilə qeydiyyat nömrəsi vurulub, bu Böyük Britaniyada baş verib, “A 1” nömrə nişanı hersoq Rasselə verilib. 1851-ci ilin bu günündə dəhşətli yanğın ABŞ Konqresinin kitabxanasında 35 min kitabın və unikal sənədin yanmasına səbəb olub. 1760-cı ilin bu günündə isə rus imperatrisası Yelizaveta insanların Sibirə sürgün edilməsini rəsmiləşdirib.

Və ən nəhayət, prezidentlə eyni gendə doğulanlardan məşhur polyak şairi və inqilabçısı Adam Mitskeviçi (1798), böyük türk şairi Tofiq Fikrəti (1867), böyük Azərbaycan maarifçisi Ömər Faiq Nemanzadəni (1872), “Gənc qvardiya”nı yazmış ünlü rus yazıçısı Aleksandr Fadeyevi (1901) və məşhur rus müğənnisi Dima Bilanı (1981) göstərə bilərik.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

Суббота, 24 Декабрь 2022 07:00

Bu gün Azərbaycan Prezidentinin 61 yaşı tamam olur

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə orta təhsilini Bakıda alıb, 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul olunub, oranı bitirdikdən sonra 1982-ci ildə institutun aspiranturasına daxil olub, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə həmin təhsil ocağında müəllim kimi çalışıb. 1991-1994-cü illərdə özəl biznes sahəsində fəaliyyət göstərib, 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olub. O, iki dəfə - 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 2003-cü ilin oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008-ci ildə 2-ci dəfə, 2013-cü ildə 3-cü dəfə, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində isə dördüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. Bu gün onun sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.  Ölkədə idmanın sürətli inkişafını və onun perspektivlərini genişləndirmək məqsədilə ölkədə 50-dək Olimpiya İdman Kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. Ölkə son illər I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, 42-ci Şahmat Olimpiyadası, XV Avropa Gənclər Olimpiya Festivalı, “Formula-1 Avropa Qran-Prisi” kimi bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri yaradılıb, bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olunub. Bu mərkəzlərə 2013-2018-ci illər ərzində 24 milyona yaxın müraciət daxil olub, xidmətlərin əhali arasında bəyənilmə əmsalı 100 faizə yaxınlaşıb. Təsadüfi deyil ki, Azərbaycan brendi olan “ASAN xidmət” dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.

Ali Baş Komandan olaraq İlham Əliyev sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini müvəffəqiyyətlə başa vurub, 30 ildən artıq davam edən erməni işğalına son qoyulub, respublikamızın qanuni hüquqları bərpa edilib. Bu müharibə İlham Əliyevin adını tarixin səhifələrinə “İtirilmiş əraziləri geri qaytaran dövlət başçısı” kimi yazıb.

61 yaşını qeyd edəcək Azərbaycan prezidenti “Heydər Əliyev” ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), “Rumıniya Ulduzu” ordeni (Rumıniya), “Kral Əbdüləziz” ordeni (Səudiyyə Ərəbistanı Krallığı), “Şərəf” ordeni (Gürcüstan), “Şərəf Legionunun Böyük Xaçı” ordeni (Fransa), Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli ordeni, MDB ölkələrinin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf” ordeni, FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni, İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni, “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa), “I dərəcəli Knyaz Yaroslav Mudrı” ordeni (Ukrayna), “Mübarək əlKəbir” ordeni (Küveyt dövləti), Parlamentin Qızıl medalı (Yunanıstan), Dünya Güləş Birliyinin “Qızıl Orden” ali mükafatı, Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı, BMT-nin Əhali Fondunun mükafatı, Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı və s. ilə təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

 

Суббота, 24 Декабрь 2022 12:30

Bu gün Ziya Bünyadovun 101 illiyidir

 

Bu gün böyük azərbaycanlı Ziya Musa oğlu Bünyadovun anadan olmasının 101 illiyidir. 1921-ci ilin 24 dekabrında Astarada dünyaya göz açan dünyaşöhrətli şərqşünas, tarixçi, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi, ən nəhayət milli azadlıq hərəkatının liderlərindən biri, ictimai-siyasi xadim, erməni millətçilərinin “nömrə bir düşmən” elan etdikləri bir vətən oğlu, bir də ədalət carçisi, haqsızlıqlarla, məmur özbaşınalıqları ilə mübarizə aparan, xalqı üçün cəngə çıxan fədai.

Ziya Bünyadov həm də 2-ci Dünya Müharibəsində komandanlıq etdiyi 123-cü əlahiddə rota ilə Visla-Oder döyüşlərində misilsiz şücaət göstərərək Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdı. 1967–1968-ci illərdə - sovetin qılıncının dalı da, qabağı da kəsən ən qorxulu avtoritarizm illərində Ziya Bünyadov bir neçə dəfə açıq şəkildə “Doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olub, amma bu addım könüllü atılmayıb” deməyə cəsarət tapmış tək azərbaycanlı olmuşdu. O, Qorbaçov perestroykası dövründə bolşevizm terroru nəticəsində 20–30-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxararaq 1937-ci ilin qurbanlarını xalqa tanıtdırmış, onlara bəraət qazandırmaqla da əsl hünər göstərmişdi. O,“Quran”ı Azərbaycan dilinə çevirməsi ilə də yaddaşlara həkk olunmuşdu.

1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında onu qətlə yetirdilər. Qətlindən bir qədər əvvəl Ziya Bünyadov ayrı-ayrı yüksək mövqeli şəxslərin korrupsiya əməlləri barədə çıxışlar etmişdi, parlamentdə fikirlər səsləndirmişdi, Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı əlində sənədlər olduğunu da bildirmişdi.Akademikin “Hizbullah” radikal dini qrup üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi faktı olsa da bu versiya günü bu gün də heç kəsin ağlına batır. Bu qətlin üstünün acılması üçün zaman lazımdır təbii ki.

Bu isə Heydər Əliyevin Ziya Bünyadov haqqında dediyi sözlərdir: "O, öz varlığı ilə elə bir insan idi ki, böyük, şərəfli həyat yolu ilə elə bir yüksək səviyyəli şəxsiyyət adı almışdı ki, onun haqqında nə qədər çox desək də, yenə də tam qiymətini verə bilməyəcəyik."

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

 

Bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Prezident İlham Əliyevin Sərəncamına əsasən Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində “Fikrət Əmirov 100” Gənc pianoçuların respublika müsabiqəsinə start veriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı BMA-ya istinadən xəbər verir ki, dörd gün davam edəcək müsabiqədə kiçik, eləcə də böyük yaş qrupu üzrə dinləmələr keçiriləcək. 

Müsabiqənin bədii rəhbəri Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, münsiflər heyətinin sədri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadə, təşkilat komitəsinin sədri Xalq artisti, BMB-nın prorektoru Yeganə Axundovadır.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

Суббота, 24 Декабрь 2022 11:30

Yəhudilərin 7 hikmətli kəlami

 

Texnoloji yeniliklər bəşəriyyət qarşısında sonsuz imkanlar açsa da, stress və gərginlik heç birimizin yaxasını rahat buraxmır. İnsanlar daim başqalarının necə yaşadığına baxırlar. Və başqalarının daha yaxşı yaşaması öz qabiliyyətlərinə şübhə etməsinə yol açır.

 

Həm də elə bir dövrdə yaşayırıq ki, "heç kimə etibar etmək olmaz". Hər kəs öz mənfəətini güdür və digərinə təslim olmağa hazır deyil. Güvənmək, etibar etmək və büdrəmək olmaz, əks halda elə orada da səni tapdalayacaqlar... Ariflər və filosoflar deyirlər ki, belə həyat və düşüncə tərzində xoşbəxtlik yoxdur və olmayacaq. Bəs həyatı cənnətə çevirmək üçün hansı prinsiplər əsasında yaşamalıyıq?

Oxucuları düşündürən yəhudilərin 7 müdrik kəlamı ilə tanış olun.

İş yorğunluğu barədə - "Həyat qısa, iş sonsuzdur".

Azərbaycan dilində onun əvəzliyici belə səslənir: "Heç kim öləndə var-dövlətini özü ilə o dünyaya aparmır". Özünüzə istirahət verin. Həyatımızın 80 faizinin qapalı məkanda, sevmədiyimiz insanlar arasında keçdiyini təsəvvür etmək belə ürküdücüdür...

Bəs milyonçular ailəsində doğulmayanlar haqqında nə demək olar? Narahat olduğunuz bütün iş yerlərini tərk edin, ta ki, səhər məmnuniyyətlə gəldiyiniz yeri tapana qədər... Valideynlər və dostlar bu qərarınıza təəccüblənə və ağız büzə bilərlər. Sadəcə daxili səsinizə qulaq asın və sizi qane etməyən şəraitə boyun əyməyin! Biz daş dövründə yaşamırıq. Bizim seçim imkanımız var.

Sağlamlıq və xəstəlik haqqında - "Əgər əcəl gəlməyibsə, hətta həkim də səni öldürə bilməz".

İnsanlar tanıyırıq ki, sağlamlığına çox vaxt ayırır və orqanizmini hərtərəfli müayinə etdirir. Həm də ən təcrübəli həkimlərin ən sadə diaqnozu tanıya bilməməsi barədə də eşitməmiş olmazsınız. Bu zaman istəsən də, istəməsən də taleyə inanmağa başlayırsan.

Beynimizi dolduran əlavə məlumat haqqında - "Bir şey olmadan da rahat yaşaya bilirsənsə, həmin mövzuda çox şey öyrənməyə çalışma. Unutma, sən dərk etmək bacarığından daha çox şey bilirsən".

Müasir media "İnsanlara həqiqəti söyləmə, təəccübləndir və ya qorxut" şüar altında işləyir: Əks halda oxumayacaqlar. Effekti "gücləndirmək" lazımdır. Xoşagəlməz xəbərləri oxumayın, onda daha sakit həyatınız olacaq. Yeni məlumat istəyirsinizsə, daha intellektual saytları və kanalları izləyin, peşəkarların hazırladığı sənədli filmlərə baxın, sizi düşündürən və üfiqlərinizi genişləndirən elmi kitabları oxuyun.

Nağd pul ehtiyatları barədə - "Əgər problemi pulla həll etmək olarsa, bu, problem deyil, xərcdir".

Gözlənilməz xərclər üçün müəyyən məbləğdə nağd pul psixikanızı ixtisaslı psixoloqdan daha yaxşı sakitləşdirəcək. Təcrübə də bunu göstərir.

İnsanları məsafədə saxlayın - "Uzaqdan baxanda bütün insanlar yaxşıdır".

Bütün insanlar eyni dərəcədə faydalı deyil. Çoxlarını mümkün qədər uzaq saxlamaq lazımdır.

Səhvlər və üzüntülər haqqında - "Sabah üçün narahat olma, dünən olanları düzəlt".

Bir çoxları keçmişi unutmağı məsləhət görür, sanki keçmiş arxadan bağlaya biləciyimiz bir qapıdır. Ancaq yəhudilərdə əksinə, səhvləri düzəltməyi, üzr istəməyi və acı təcrübədən dərs çıxarmağı tövsiyə edirlər.

Yaşamaq haqqında - "Sənə gülürlərsə, bu, o qədər də qorxulu deyil, sənin üstünə ağlamaları qorxuludur.

Əgər biz hələ də yaşayırıqsa, görürüksə, eşidiriksə, hiss ediriksə, demək, hər şey mükəmməldir, qaydasındadır və xırda-para söz-söhbətlərlə məşğul olmağa ehtiyac yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

 

Azərbaycanlıların qədim dövrlərdən etibarən yaşadıqları Zəngəzur bölgəsi zəngin tarixi keçmişə malikdir. XX əsrin əvvəlində Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi nəticəsində Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı salınması ilə xalqımıza qarşı tarixi ədalətsizlik edilib. Ümummilli Lider Heydər Əliyev çıxışlarında dəfələrlə bu tarixi ədalətsizliyə qarşı öz münasibətini bildirmişdi.

 

Prezident İlham Əliyev dövlətin strateji hədəfinin tarixi torpaqlarımıza sahib çıxılması olduğunu vurğulayaraq demişdir: “Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir. Bunu bilmək üçün XX əsrin əvvəllərində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir. Orada bir dənə də erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq. İqtisadi, siyasi, hərbi gücümüz, demoqrafik vəziyyətimiz bunu deməyə əsas verir”.

Şərqi və Qərbi Zəngəzura ayrılan vahid Zəngəzurun bu günümüzədək bütün dövrlərini əhatə edən elektron resurs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanıb. 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan, ingilis və rus dillərində hazırlanan bu resursun “Ümumi məlumat” fəslində Zəngəzurun tarixi coğrafiyası, əhalisi, oykonimləri, oronimləri, hidronimləri, flora və faunası, təbii ehtiyatları haqqında mətnlər ayrı-ayrı başlıqlar altında təqdim edilir. Bu fəsildə, həmçinin qədim dövrlərdən bu günədək Zəngəzuru əhatə edən “Xəritələr” əks etdirilir. Həmin xəritələrdə Zəngəzurdakı toponimlərin azərbaycanlılara məxsus olduğu əyani şəkildə görünür. 

Elektron resursun “Tarix” fəslində “Zəngəzur qədim və orta əsrlərdə”, “Rusiya işğalı dövrü”, “1905-1906-cı illər qırğınları”, “1918-1920-ci illər qırğınları”, “Qərbi Zəngəzurun Ermənistana verilməsi”, “Repressiya və deportasiya illəri”, “1988-1989-cu illər deportasiyası”, “Şərqi Zəngəzur işğal illərində” başlıqlı mətnlər istifadəçilərə təqdim edilir. 

44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilən Şərqi Zəngəzur rayonları haqqında, yeni yaradılan Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumatlar “Azad Şərqi Zəngəzur” bölməsində xronoloji ardıcıllıqla öz əksini tapır. 

Elektron resursun “Tarixi-memarlıq abidələri” bölməsində həm Şərqi Zəngəzurda, həm də Qərbin Zəngəzurda mövcud olan tarixi-memarlıq abidələri haqqında şəkilləri də daxil olmaqla dolğun məlumat verilir. 

Kitabxananın fonduna daxil olan Zəngəzur haqqında kitab və məqalələrin elektron versiyaları “E-resurslar” fəslində əks etdirilir. 

Resursun “Biblioqrafiya” bölməsində Zəngəzur haqqında kitabların və məqalələrin, habelə ayrı-ayrı məcmuələrdə dərc edilən materialların biblioqrafik təsvirləri verilir. 

“Fotoqalereya” bölməsində Zəngəzurun mənzərəli yerlərinin, erməni vandalları tərəfindən dağıdılmış memarlıq abidələrinin şəkilləri, habelə Şərq Zəngəzurda və Zəngəzur dəhlizində həyata keçirilən bərpa-quruculuq işlərini özündə əks etdirən fotolar xronoloji ardıcıllıqla təqdim edilir.

https://zangazur.preslib.az domenində yerləşdirilən “Zəngəzur” elektron resursu mütəmadi olaraq yenilənir.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.