Super User
Qazaxıstan televiziyasında Azərbaycanın milli-mədəni dəyərlərindən bəhs edilib
Qazaxıstanda yayımlanan Türkistan TV-nin “Turan today” proqramının növbəti buraxılışı Azərbaycan xalqının milli-mədəni dəyərlərinə və adət-ənənələrinə həsr olunub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsin məlumat yayıb.
Məlumatda deyilir ki, Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Etnomədəni Birliyi üzvlərinin qatıldığı proqram Azərbaycan haqqında məlumatın əks olunduğu videoçarxın nümayişi ilə başlayıb.
Sonra birliyin sədri Ramilə Mustafayeva “Qarabağ” adını daşıyan təşkilatın fəaliyyətindən, Qarabağın azadlıq rəmzinə çevrilmiş Xarıbülbül çiçəyindən danışıb, qonaqpərvər xalqımızın mətbəx və süfrə mədəniyyəti barədə ətraflı məlumat verib, milli mətbəx nümunələrini təqdim edib.
Proqramın gedişində milli geyimli icma üzvlərimizin iştirakı ilə “Xınayaxdı” mərasimi, musiqi alətlərimiz və milli rəqslərimiz nümayiş etdirilib.
Proqramın canlı yayımına qoşulan Türkiyədə yaşayan rəssam həmyerlimiz İlham Ənvəroğlu xalqımızın milli-mədəni dəyərlərindən, Azərbaycan və qazax xalqları arasında olan tarixi köklərdən və bağlılıqdan bəhs edib.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
“Fuad Poladov hər gün sanki ölməyi öyrənirdi”
Məşhurların həyatı çox zaman qeyri-adi olur. Əməkdar artist Rafiq Həşimov “O üz" verilişinə qonaq olarkən mərhum Xalq artisti Fuad Poladovla bağlı xatirələrini bölüşəndə buna bir daha əmin olursan. Diktor bildirir ki, F. Poladov xəstəliyinin ölümcül olmasını bilirdi və sanki ölümə hazırlaşırdı.
"Axırıncı 10-11 ayı bir yerdə olmuşuq. O müddət ərzində vidalaşırdı. Qəbiristanlıqlara tez-tez gedərdik, qohum-əqrabası ilə vidalaşırdı. Bunu başqa cür adlandıra bilmirəm. O bilirdi ki, xəstəliyi müalicə olunan deyil. Artıq o mərhələdə idi ki, xərçəng müalicəyə tabe olmurdu, ölümcül həddə idi. Günlərin birində dedi ki, gedək "Qurd qapısı" qəbiristanlığına. Gördüm orada daşın üstündə "F.P." yazılıb. Sən demə yer götürüb. Dedi, yəqin burada dəfn olunaram.
Elə evə qayıdanda söylədi ki, birdən həmin gün külək olar, xahiş edirəm, oğlu da cavan idi, birdən özünü itirər, evlərin arxasında xeyir-şər yeri var, camaat da soyuqda qalmasın, orada keçirərsiniz. Bir il müddətində hər gün sanki ölüm məşqi edirdi. Bunu başqa cür adlandıra bilmirəm. Bəlkə də bu cür deməyim yersizdir, amma mənə belə bir təəssürat bağışlayırdı. Hər gün sanki ölməyi öyrənirdi".
Qeyd edək ki, Fuad Poladov 2018-ci ildə vəfat edib. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Bu gün Bakıda cazsevərlərə gözəl Yeni il hədiyyəsi olacaq
Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Christmas Jazz Concert” adlı caz kompozisiyalardan ibarət konsert proqramı təşkil ediləcək.
Caz ifaçıları Rain Sultanov və Şahin Növrəslinin musiqi qrupunun müşayiəti ilə bayram konserti paytaxt sakinləri və qonaqlar üçün ən gözəl Yeni il hədiyyəsi olacaq.
Konsertdə ifaçılar sevilən Milad musiqilərini yeni və özünəməxsus tərzdə təqdim edəcəklər.
(23.12.2022)
Rauf Hacıyevin 100 illiyi Filarmoniyada qeyd olunacaq
Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Rauf Hacıyevin musiqi miniatürləri” adlı konsert təşkil olunacaq.
Gecədə Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, Əməkdar artist Adilə Əliyeva, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və "Şəms-qəmər" kamera xoru (bədii rəhbər və dirijor Leyla Zalıyeva, konsertmeyster Əməkdar müəllim Naibə Şahməmmədova) çıxış edəcəklər.
Xatırladaq ki, Prezident İlham Əliyev sənətkarın anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, il ərzində ölkəmizdə və xaricdə müxtəlif tədbirlər və layihələr həyata keçirilib.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Bu gün Uşaq Filarmoniyasında Yeni il konserti başlayacaq
Bu gün Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş uşaqlar üçün "Sirli sandıq" adlı konsert proqramı təqdim ediləcək.
Uşaq Filarmoniyasının mətbuat xidmətindən verilən məlumata görə, konsertdə filarmoniyanın nəzdində fəaliyyət göstərən "Yuvam" musiqili uşaq teatrı, "Sədəf" xalq çalğı alətləri ansamblı, "Şəms" uşaq xoru, vokal sinfi və müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, rəngarəng musiqili nömrələri ilə çıxış edəcəklər.
Proqram dekabrın 25-dək davam edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Azercell qalibləri elan etdi
Məktəblilər arasında keçirilən İnformatika və Proqramlaşdırma müsabiqəsi yekunlaşdı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin bu ilin noyabr ayında keçirdiyi proqramlaşdırma üzrə “Azercell CUP” müsabiqəsi yekunlaşdı. Ümumilikdə 140 nəfərin iştirakı ilə təşkil edilən final mərhələsi 3 saat davam edib.
Yarışın sonunda 6-7 və 8-ci sinif şagirdləri arasında qaliblər müəyyən edilib, medalla təltif olunublar. Müsabiqənin ümumi nəticələri ilə www.olimpiada.edu.az saytında tanış olmaq mümkündür.
Mükafatlandırma mərasimi və hazırlıq dərsləri haqqında məlumat şagirdlərə email vasitəsilə çatdırılacaq. Yüksək nəticələr göstərən iştirakçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçirilən hazırlıq proqramlarında iştirak etmək imkanı qazanacaqlar.
“Azercell CUP” məktəblilər arasında informatika elmi və proqramlaşdırma üzrə bilik və bacarıqları inkişaf etdirmək, bu sahəyə gənclərin marağını artırmaq, informatika fənni üzrə olimpiadalarda iştiraka həvəsləndirmək məqsədi daşıyır. 2017-ci ildən etibarən “Azercell Telekom”un dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlıq keçən məktəblilərimiz ölkəmizi uğurla təmsil edərək 2 qızıl, 13 gümüş və 33 bürünc olmaqla ümumilikdə 48 medal əldə ediblər. Qeyd edək ki, qalib şagirdlər sırasında “Azercell CUP” müsabiqəsi vasitəsi ilə kəşf olunan istedadlı şagirdlər də yer alır.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Bu gün YARAT-da “Pianoçu ilə görüş”ün müzakirəsi olacaq
YARAT Müasir İncəsənət Mərkəzi növbəti dəfə musiqisevərləri sevindirəcək.
“Pianoçu ilə görüş” layihəsi çərçivəsində müzakirə bu gün keçiriləcək.
Yeni il ərəfəsində layihənin budəfəki qonağı istedadlı pianoçu Riad Məmmədov olacaq.
Müzakirə rus dilində aparılacaq.
Riad Məmmədov öz yaradıcılıq fəaliyyətində müxtəlif janrları və musiqi istiqamətlərini bir araya gətirir.
Moskva Konservatoriyasını, habelə fortepiano ixtisası üzrə aspiranturanı, eləcə də musiqişünas kimi nəzəri aspiranturanı bitirdikdən sonra, o, akademik ifaçı kimi qalmaqla yanaşı, dünyada muğam və caz-muğam meyillərini inkişaf etdirib. Özünü ifa tərzində, aşkarlanan intonasiyalarda və motivlərdə ifadə etməklə, Şərq məfhumu musiqiçinin proqramlarına həm bilavasitə, həm də alleqorik şəkildə nüfuz edib. Riad Məmmədov ictimaiyyətə dirijor Teodor Kurentzis və onun “musicAeterna” orkestri ilə solo konsertləri və birgə layihələri, eləcə də öz klassik, caz və müəllif repertuarı olan albomları ilə tanışdır.
Hazırda musiqiçi “Cənnətdən Şərqə” adlı albomu üzərində çalışır. Bu alboma onun yeni bəstələri daxil olacaq.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Bu gün görkəmli balet ustası Çimnaz Babayevanın anım günüdür
Çimnaz Babayeva görkəmli balet ustamızdır, 1954-1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində Qəmər Almaszadənin sinfində təhsil almışdır, böyük səhnəyə doqquz yaşında, Boris Zeydmanın “Qızıl açar” baletində Buratino rolu ilə qədəm basmışdır.
Öz həyat yoldaşı, xalq artisti Vladimir Pletnyov ilə birgə A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində Şirin, Q.Qarayevin “Yeddi gözəl”ində Aişə, “İldırımlı yollarla”da Sari, Ə.Bədəlbəylinin “Qız qalası”nda Gülyanaq, F.Əmirovun “Nəsimi haqqında dastan” baletində Nəsiminin sevgilisi kimi obrazları yaratmaqla Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaltmışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri kimi gənc balet artistlərinin yetişdirilməsində zəhməti də əvəzsizdir.
O, teatrın balet truppası ilə birgə Rusiya, Ukrayna, Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyədə uğurla çıxış etmişdir. Milli baletin görkəmli nümayəndəsi olan Çimnaz Babayeva qırx illik fəaliyyəti dövründə “Əməkdar artist” və “Xalq artisti” kimi yüksək fəxri adlara, Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür.
Çimnaz Babayeva 2019-cu il dekabr ayının 23-də vəfat etmişdir. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Marta Bekdən 3 əsas addım
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Tərar biliyin anasıdır. Mən indiyədək müxtəlif elmi mənbələrə müraciət edərkən bir neçə maraqlı uğur formulası ilə tanış olmuşam. Onlardan biri məşhur amerikalı psixoloq və kouç Marta Bekin formulasıdır. Bu formula rast gəldiyim ən bəsit, ən rahat, ən yaddaqalan formula olduğu üçün ilk olaraq oxucularıma onun barəsində danışmaq istəyirəm.
Marta Bek tövsiyə edir ki, uğur qazanmaq üçün özünüzü elə aparmalısınız ki, sanki sizə heç bir uğursuzluq təhlükəsi yoxdur. Bundan sonra isə sizi qarşıda üç addım gözləyir:
1. Birinci addım susmaqdır.
Nə? Susmaq? Bəli, bəli, məhz susmaq!
Şəxsi problemləriniz, gələcək plan və perspektivləriniz barədə heç vaxt dostlarınızla, digər yaxınlarınızla danışmayın. Bununla siz özünüzü həm başqalarının ziyanlı məsləhətlərindən sığortalayacaqsınız, həm də uğursuz insanların həyatlarının acı əhvalatlarını eşidib yolunuzdan sapınmayacaqsınız.
2. İkinci addım əzmlə çalışmaqdır.
Tənbəllik, qətiyyətsizlik sizə yad olmalıdır, arzularınız üçün gücünüzü tam səfərbər edib çalışmalısınız, dözümlü, qətiyyətli, əzmli olmalısınız. Hər gün məqsədə doğru kiçik olsa belə bir addım atmalısınız.
3. Üçüncü addım oynamaqdır.
Oynamaq? Uğur formulasından danışarkən hansı oynamaqdan söhbət gedə bilər?
Monoton, ağır iş istənilən insanı əvvəl-axır yorur. Yorğun halda işləmək isə həm kəmiyyətə, həm də keyfiyyətə mənfi təsil göstərir. Elə ki yorulduğunuzu hiss etdiniz, dərhal işdən ayrılıb fasilə edin və oynayın. Amma söhbət ənənəvi stolüstü oyunlardan, yaxud indi stixiya şəklini almış kompüter, mobil telefon oyunlarından getmir. Söhbət təxəyyül və düşüncə oyunundan gedir. Arzuladıqlarınızın hamısının xəyalınızda rəsmini çəkin. Özünüzə arzular kollajı düzəldin. Xəyalən arzularınıza qovuşun. Bu, sizə o qədər stimul verəcək, sizə o qədər enerji bəxş edəcək ki. Bax bu enerjini hiss edəndə isə yenidən öz uğurunuza doğru addımlamağa davam edin!
Marta Bekin uğur formulası cəmi bu üç addımdan ibarətdir və qeyd edim ki, məşhur psixoloq bu uğur formulasını öz şəxsi yaşantıları, keçdiyi uzun və təlatümlərlə dolu yola istinadən yazıb.
Və dərhal da bir insanın həyat təcrübəsindən yaranan fərdi uğur formulası nümunəsindən sonra sizə minlərlə insanın həyat təcrübəsindən yaranan kollektiv uğur formulu nümunəsi təqdim etmək istəyirəm. Çünki, əziz oxucu, biləsiniz ki, uğurlu insan olmaq, lider olmaq təlimlərinin hamısı, ümumən bütün motivasiya ədəbiyyatı ya bir nəfərin öz şəxsi həyat təcrübəsinə əsaslanan avtobioqrafik səciyyə daşıyır, ya da bir neçə nəfər barədə olan araşdırmalardan qaynaqlanır.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Yaltadakı “Qaranquş yuvası” qəsri bizim neft puluna tikilibmiş
Aida Eyvazlı ilə Türk dünyasına səyahət rubrukasında Krımda gəzişməmizi davam edirik. Yolumuz Ağ Məscidədir. İndi bu şəhər Simferopol adlanır. Ordan da Yaltaya dönəcəyik.
Təkcə krımlıların ürəyində deyil, böyük Türk tarixində adı əbədiləşən Ağməsciddən danışaq. Əslində şəhərin tarixi skiflərin dövrünə qədər gedib çıxır. Bəzi mənbələrdə Ağməscid yurdunun yaşının 50 min il olduğu qeyd edilir. Bu gün rusların yenidən işğal etdiyi bu qədim türk torpaqları Sovet illərində Krım Muxtar Vilayəti kimi status aldı. Paytaxtı isə Simferopol şəhəri oldu.
Krım yarımadasını gəzmək üçün əslində bütün yollar paytaxt Simferopoldan keçir və buraya qayıdır.1944-cü il 18 mayda bir gecənin içərisində “vətən xaini” kimi Krımdan sürgün edilən Krım tatarları da dünyanın bütün yollarından gəzib keçdikdən sonra, 1985-ci ildən etibarən doğma ata yurdlarına köç etməklə, şəhərin dağlıq hssəsində və mərkəzində yerləşməyə başladılar. (Onların başlarına gətirilən fəlakətlər bir başqa mövzunun söhbətidir. Hələlik isə Krımımızı gəzirik).
Bir qayda olaraq, Krıma gələnlər mütləq Qara dənizin sahilində dincəlməyə üstünlük verirlər. İki əsrdən artıqdır ki, bu yarımada tursitləri qəbul etməkdədir. Krım Ukraynanın tərkibində olanda burada turizm çox yüksək səviyyədə inkişaf etmişdi. Simferopolun 37 kilometrliyində yerləşən Yaltaya trolleybusla 40 dəqiqəyə gedib çatmaq olur. Məcara axtaran turistlərin əksəriyyəti Simferopoldan yaltaya trolleybusla getməyə üstünlük verirdilər. Dolanbac dağ yolları və aşırımları ilə Yaltaya getməyin başqa ləzzəti var. Bu yolla irəlilədikcə yolun sol tərəfində Qara dəniz aydın görünür. Dağlarda isə ilin fəsillərinə uyğun olan gözəllik mənzərələrindən doymaq olmur. Əslində Krımı addım-addım gəzəndə bu yerlərin Azərbaycana nə qədər çox bənzədiyinin fərqinə varırsan. Krım yarımadası kiçik Azərbaycandır. Bizim ərazilərə çox bənzəyir.
Yaltaya gələn insanlar daha çox dənizin sahilində hündür qayalıqda yerləşən “Qaranquş yuvası” qəsrinə çıxıb, bu hündürlükdən Krımı seyr etməyə üstünlük verirlər. İçərisində onlarla filmlər çəkilən “Qaranquş yuvası”nın maraqlı tarixçəsi var. Bu gözəl və əsrarəngiz gözəlliyyə malik olan “Qaranquş yuvası” qəsri, sən demə, Azərbaycanın neft puluna tikilib. Bu haqda isə bizə Krım Azərbaycanlıları çəmiyyətinin sədri Rəhim Hümbətov danışdı. O dedi:
-Yaltada qala-saray kimi məşhur olan, qayanın 40 metr hündürlüyündə yerləşən “Qaranquş yuvası”ının indi 103 yaşı var. Lakin Krımın Yalta şəhərinin Qaspralı qəsəbəsində yerləşən Qaranquş yuvası 1873-cü ildə Yekaterina taxta oturandan sonra inşa edilib. Yaxın Avropa ölkələrindən buraya torpaq almaq üçün axışıb gələn tacirlərdən biri saray həkimi, həm də Yalta şəhərinin idarəçilik sisteminin üzvü Albert Tobin Qayaya sahiblənir, burada taxtadan ev tikir. Gəlib gedənlər, görənlər bu kiçik daxmanı “Qaranquş yuvası” adlandırırlar. Məlum olmayan səbəblərə görə, Tobin qayanın kənarındakı evini tacir Anna Raxmaninovaya satır. A. Raxmaninova öz dövründə Moskvada ən bahalı mülklərin sahibi kimi məşhurlaşmışdı. Aldığı mülklərdən yaxşı gəlir götürərərək, onları publik mərkəzlərə çevirə bilirdi. 1911-ci ildə isə səhhəti ilə əlaqədar olaraq, onun bahalı mülklərinə marağı azaldığından, həmin binanı Bakıda neft milyonçusu olan alman əsilli baron fon Ştenqeylə satır. Təbii ki, Ştenqeyl bu bahalı “Qaranquş yuvası”nı Bakıdan qazandığı neft pullarınn hesabına alır və dərhal orada bərkitmə, bərpa və yenilənmə işləri aparır. Buna görə əsil adı Avrora qayası olan bu yerə Moskvadan modernist-memar Leonid Şervudu dəvət edir. Şervuddan qəsri qotik üslubunda tikməsini xahiş edir. Şervud öz növbəsində Fransada məşhur memar Oqyust Rodendən dərs almışdı. Ona görə də həm məkanın, həm də ətraf aləmin gözəl təbiətini və mənzərəsini nəzərə alan istedadlı memar burada nadir sənət nümunəsini yenidən yaradır. Bu pilləkənli kompozisiya kiçik ərazidə yerləşsə də, fundamentin eni 10 metr, uzunluğu isə 20 metr olur. Binanın hündürlüyü isə 12 metrdir. Memar qalanın içərisində dəhliz, qonaq otağı, ikinci mərtəbəyə-- qülləyə qalxan pilləkənlər və iki yataq otağı tikməklə bu möcüzəli sənət əsərini tamamlayır. Mülkün ətrafında isə balaca bağ salır. Zatən Krımın torpağı o qədər məhsuldardır ki, burada nə əksən bitir. Balaca qəsrin gözəlliyinə heyran olan baron fon Ştenqeyl memardan zəhmət haqqını əsirgəmir. Onu müxtəlif hədiyyələrlə də mükafatlandırır. Artıq 1914-cü ildə ildə köhnə daşlardan tikilmiş balaca daxmanın yerində möhtəşəm bir qəsr dayanmışdı. Qəsrin sahibi bu sevinci çox yaşamır. 1914-cü ilin 28 iyulunda başlanan birinci Dünya Müharibəsinə görə alman əsilli neft milyonçusu Rusiya İmperiyasının hüdudlarını tərk etmək məcburiyyətində qalır. “Qaranquş yuvası”nı isə tez-tələsik rus taciri və xeyriyyəçisi Pavel Şelaputinə satır.
1927-ci ildə Yaltada güclü zəlzələ olur. Dənizdə zəlzələnin gücü 9 bala çatır. Qaranquş yuvasının qarşısındakı bağ uçulub Qara dənizə tökülür. Məşhur krımlı rəssam İvan Konstantinoviç Ayvozovski də “Doqquzuncu val” rəsm əsərini bu tufandan sonra çəkir.
Növbəti dəfə sizə Livadiya sarayı barədə danışaçağam.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)