Super User

Super User

Пятница, 24 Февраль 2023 12:00

Bu gün “Maya” filmi nümayiş olunacaq

 

Şair, AYB-nin mətbuat katibi Xəyal Rzanın kino sahəsində debütü “Maya” filmi ilə gerçəkləşib. 

Bu axşam saat 19.00-da “Nizami” Kino Mərkəzində filmin nümayişi olacaq. 

 

Xəyal Rza “Maya”nın həm rejissoru, həm ssenari müəllifidir. Prodüsseri  Tahir Tahiroviç, operatoru Rafiq Əliyev, operator assisenti Kənan Fərzəliyev, montajçısı Aydan Əhmədova olan filmin bədii rəhbəri Oktay Mir-Qasımdır.

Xəyal Rza kinosevərləri əmin edir ki,  çox maraqlı bir film ərsəyə gətirilib. Və onları “Nizami” Kino Mərkəzinə dəvət edir. 

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Пятница, 24 Февраль 2023 11:59

Tanınmış vokalçı Əli Əsgərov vəfat edib

 

Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov fevralın 23-də ömrünün 62-ci ilində vəfat edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Əli Rəhim oğlu Əsgərov 1961-ci il noyabrın 25-də Bakıda anadan olub. O, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. 1997-ci ildə Bakıda Bülbül adına Vokalçılarin I Beynəlxalq Müsabiqəsinin “Qran Pri” mükafatçısı olub.

1998-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Пятница, 24 Февраль 2023 11:53

Türkləşmək, islamlaşmaq, müasirləşmək carçısı

 

Bu gün Əli bəy Hüseynzadənin doğum günüdür

 

Bu gün XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əlibəy Hüseynzadənin anadan olmasının 159-cu ildönümü tamam olur. Və görkəmli ədibin anadan olmasının 150 illiyi Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunmuşdu, gəlin unutmayaq!

Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadə zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi ilə Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verib.

Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyan şəhərində anadan olub, uşaq yaşlarından babasının - Qafqazın şeyxülislamı Axund Əhmədin himayəsi altında böyüyüb. Tiflis gimnaziyasında, Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat, İstanbul Universitetinin hərbi tibb fakültələrində təhsil alıb, türk, fars, ərəb, alman və rus dillərini öyrənib.

Gənc yaşlarından ictimai-siyasi proseslərə biganə qalmayan Əli bəy Hüseynzadə Rusiya və Türkiyədə olarkən tələbə hərəkatına qoşulmuş, müxtəlif tədbirlərdə fəal iştirak edib. O, 1897-1900-cu illərdə türk-yunan müharibəsində İtaliyada hərbi həkim kimi çalışıb. Üç ildən sonra İstanbula qayıdıb və təhsil aldığı universitetdə professor köməkçisi işləyib, tibbə dair bir sıra əsərlər yazıb. Əlibəy Hüseynzadə “İttihad və tərəqqi” firqəsinin əsasını qoyanlardan və ən fəal xadimlərindən biri olub.

1904-cü ildə Bakıya qayıdan Əli bəy Hüseynzadə ictimai-siyasi işlə yanaşı, jurnalistlik fəaliyyətinə də başlayıb, “Həyat” qəzetinin redaktorlarından biri, “Kaspi” qəzetinin müvəqqəti redaktoru, “Füyuzat” jurnalının isə redaktoru olub. Qeyd olunan mətbuat orqanlarında onun ictimai-siyasi hadisələrə, doğma xalqının tarixinə, mədəniyyətinə, dilinə, dininə, adət-ənənəsinə dair çoxsaylı məqalələri, həmçinin dünya ədəbiyyatından tərcümələri yer alıb.

Əli bəy Hüseynzadənin publisistikası ictimai-siyasi və mədəni mühitə yeni nəfəs gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirib.

Onun Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuatımızın tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni söz və mətbuat azadlığı uğrunda mübarizədir. Əli bəy Hüseynzadə bəzən azadlığı obrazlı təqdim etmiş, azad sözü “pəriyi-hürriyyət” adlandırmış, “Kuhi-Qaf və Simurq” məqaləsində azadlığı Qaf dağlarına zəncirlə bağlanmış Prometeyə bənzədib.

Bakıda, eyni zamanda, pedaqoji fəaliyyətlə də məşğul olan Əli bəy Hüseynzadə yenilikçi müəllim kimi 1908-ci ildə “Səadət” Xeyriyyə Cəmiyyətinin məktəbində müdir işləyib. O, millətin inkişafında, mədəni yüksəlişində maarifin rolunu yüksək qiymətləndirib.

Gənc Türklər İnqilabından (1908) sonra Bakıda Əli bəy Hüseynzadənin fəaliyyətinə süni əngəllər törədilib və o, iki il sonra Türkiyəyə qayıdaraq qısa bir müddətdə İstanbul Universitetinin professoru olub.

O, Bakıya sonuncu dəfə 1926-cı ildə I Ümumittifaq Türkoloji qurultayda iştirak etmək üçün gəlib, məruzə adı ilə gətirdiyi “Qərbin iki dastanında türk” əsərinin nəşrinə nail olub.

Əli bəy Hüseynzadə siyasi, fəlsəfi, ədəbi-tənqidi və estetik görüşlərində milli amili və islahatı önə çəkib, milli ideologiyanın irəli sürülməsinin tərəfdarı olub. Bütün fəaliyyəti boyu “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını əsas hesab edib. Təsadüfi deyildir ki, bu ideologiya Azərbaycan Xalq Cümhuriyyətinin və onun varisi olan müstəqil Azərbaycan Respublikasının dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) öz əksini tapıb.

Görkəmli ədib Azərbaycan dilinin və ədəbiyyatının inkişafı üçün yollar axtarıb, çox qiymətli fikir və təkliflər irəli sürüb. O, türk xalqları üçün ümumi ədəbi dil yaradılmasının tərəfdarı olub. Vaxtilə reallaşmayan ideya bu gün də aktuallığını itirməmişdir. Onun elmi, ədəbi-bədii irsində Bakıda işlədiyi illərdə yazdığı və mütəxəssislər tərəfindən şah əsəri hesab edilən “Siyasəti-fürusət”, eləcə də “Füyuzat” məcmuəsi xüsusi yer tutur.

Əli bəy Hüseynzadə “Molla Nəsrəddin” jurnalının nəşrini mühüm ədəbi-ictimai hadisə hesab edib, demokratik görüşlü şair və yazıçılarımızın ədəbi fəaliyyətlərini yüksək qiymətləndirib. O, həm də rəssam kimi şöhrət qazanıb, boyakarlığın müxtəlif janrlarında işləyib, mənzərə, məişət mövzularında əsərlər və portretlər yaradıb. Onun “Bibiheybət məscidi” tablosu, “Şeyxülislam” portreti, “Azərbaycan ailəsi” və digər əsərləri həyatiliyi və bədiiliyi ilə diqqəti cəlb edir.

“Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!”.

XX əsrin əvvəllərində “Füyuzat” jurnalında yer almış bu uzaqgörən çağırış tarixin müxtəlif dövrlərində hərbi, ideoloji təzyiqlərə məruz qalan xalqımız, eləcə də türk dünyası üçün bir nicat yolu, qurtuluş düsturu idi. Müasirlərinin “Qafqaz müsəlmanlarının atası”, “Türk xalqlarına kimliyini bildirən dahi”, “Bütün türk dünyasının mücahidi”, “Türkçülüyün babası (atası)” adlandırdıqları, aktuallığını bu gün də saxlayan yuxarıda qeyd olunan fikirlərin müəllifi Əli bəy Hüseynzadə şərəfli ömrünü türk millətinin, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, istiqlal mücadiləsinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli dövlətçiliyin formalaşdırılmasına həsr edib. 

Böyük şəxsiyyət kimi xatirələrdə, yaddaşlarda yaşayan Əlibəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Пятница, 24 Февраль 2023 13:15

Ülviyyə Əbülfətqızı ruhunun nəğməsini oxudu

Gənc yazar Ülviyyə Əbülfəzqızının "Ruhumun nəğməsi" adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında baş tutan təqdimatda Azər Hacıbəyli, Habil Yaşar, Mərcan Şahbuzlu, Elmira İsmayılova, Esmira Günəş, Nigar Həsənzadə kimi dəyərli ziyalılar öz ürək sözlərini vurğulayıblar. 

Kitabın redaktoru AYB-nin və Nərimanov Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Mərcan Şahbuzludur. 

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Sabah Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisi açılacaq. Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə açılacaq sərgiyə əsər qəbulu da sabah bitir.

 

Əsərlərin mövzusu, ölçüsü və texnikası sərbəstdir, 18 yaşdan yuxarı istənilən vətəndaş müraciət edə bilər.

Bir müəllif tərəfindən ən çox 3 əsər göndərilməsinə icazə verilir.

Qeyd edək ki, əsəri seçilmiş müəlliflərin siyahısı Xətai Sənət Mərkəzinin media hesablarında yayımlanacaq. Bir müəllifin 1 və ya 2 əsəri sərgilənə bilər. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq.

Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.

Əlavə suallar üçün (051) 310 74 01 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Пятница, 24 Февраль 2023 14:00

Bu gün göydən üç alma düşəcək

Xəbər verdiyimiz kimi Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət “Azərbaycan nağılı” adlı sərgi açılıb. Sərgi  Arif Hüseynovun 80 illik yubileyi və yaradıcılığının 55-ci ili münasibətilə Milli Məclisinin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Azərxalça” ASC və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

 

Sərgidə görkəmli qrafika ustası Arif Hüseynovun geniş və rəngarəng yaradıcılıq aləmindən bir silsilə – onun Azərbaycan xalq nağıllarına, hər kəsin tanıdığı və sevdiyi nağıl obrazlarına həsr etdiyi 54 qrafik lövhə nümayiş olunur.

“Azərbaycan nağılı” sərgisinin ekspozisiyasına daxil olan, rəssamın ilk dəfə rəqəmsal çap formatında işlədiyi rəsm əsərlərində nağıllarımıza parlaq və fərdi cizgilərlə yeni həyat bəxş edilib, onlardakı sehr, müdriklik, gözəllik, ülviyyət, xalqımızın mifoloji dünyagörüşü xüsusi peşəkarlıqla təsvir olunub. Arif Hüseynovun özünəməxsus, orijinal üslubda əsl sənətkarlıq və sevgi ilə yaratdığı bu əsərlər Azərbaycanın xovsuz və xovlu xalçalarının məşhur kompozisiyaları ilə haşiyələnib.

Bu gün sərginin son günüdür.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Fevralın 25-də və 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Kod adı V.X.A” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş tamaşada teatrın 70 nəfərlik böyük heyəti rol alıb.

 

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.

Qeyd edək ki, Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edən səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir. İşıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağacağı, səhərin erkən saatlarında Abşeron yarımadasının şimalında qısamüddətli qara keçəcəyi gözlənilir. 

 

Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 776 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 8-13°, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq. 

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr, bəzi yerlərdə arabir 15-18 metr olacaq. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı proqnozlaşdırılır. 

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 0-5° şaxta olacağı bildirilir. Yollar buz bağlayacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13°-dək şaxta, gündüz 0-5° şaxta olacağı ehtimalı var. Yollar buz bağlayacaq. 

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. 

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr, arabir 15-18 metr olacaq, bəzi yerlərdə arabir 20-25 metrədək güclənəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı proqnozlaşdırılır. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3°, gündüz 3-6° isti, dağlarda gecə 2-4°, gündüz 0-2° şaxta olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. 

 

Bu barədə AzərTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Akademiyanın rəisi Baba Salayev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq bildirib ki, böyük sosial bəla sayılan narkomaniya bütün cəmiyyətlərin faciəsidir və bu problemə qarşı fəal mübarizə aparmaq hər bir vətəndaşın ən ümdə vəzifəsidir. Bu bəlanın əsasən gənclər arasında yayıldığına diqqəti çəkən Akademiya rəisi həmin problemin aradan qaldırılması üçün irimiqyaslı maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu diqqətə çatdırıb. O, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını bildirib. Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nı xatırladan Baba Salayev vurğulayıb ki, bu sənəd sözügedən problemlə sistemli mübarizə aparılması baxımından mühüm əhəmiyyət daşıyır. Proqramdan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərilir və atılan addımlar davamlı xarakter daşıyır.

Narkoloq-həkim Asif Kəngərli cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı təhlükələr və fəsadlar barədə geniş məlumat verib. Narkomaniyanın yayılmasına səbəb olan amillər, narkomaniyaya qarşı mübarizədə hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə işçilərinin qarşısında duran vəzifələrdən bəhs edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Пятница, 24 Февраль 2023 13:30

Bu gün “Ölülər” nümayiş olunacaq

Bu gün Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və milli teatr sənəti" layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi nümayiş olunacaq. 

 

Tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək.

Tamaşa 2 hissədən ibarət olacaq:

1-ci hissə - 65 dəqiqə Antrakt - 15 dəqiqə 2-ci hissə - 65 dəqiqə

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.