Super User
Qışın ən yaxşı kitabları
Kitab almaq istəyəndə çox vaxt tərəddüd edir, rəfləri bəzəyən bolluqdan seçim edə bilmirik. Təbii, axtardığımız kitabı və sevdiyimiz müəllifi seçmirik deyə çətinliyimiz olmaz. Amma mütaliə eşqinə düşüb yeni kitab almaq həvəsi olanda həmin o yeni kitabı tapa bilmirik.
“Ədəbiyyat və incəsənət” portalının ekspertləri sizə məsləhət görürlər: reytinqləri izləyin.
Öz Azərbaycanımızda bu sayaq reytinqlər tək-tük olur, amma digər kitabsevər ölkələrdə ən müxtəlif təsisatların öz reytinqləri vaxtaşırı dərc edilir. Lap elə şimal qonşumuzda. Düzdür, onlarda siyasətçilərin başı ışğalçı müharibəyə qarışıb, amma sadə xalq kitab oxumağındadır.
Rusların ən mötəbər kitab reytinqlərində LitRes platformasının reytinqi öndə gedir və indi sizə qış mövsümünün Rusiyada ən çox tələb olunan 8 kitabını təqdim edirik:
Maks Qlebov, “Sözsüz detektiv” (Kosmik fantastika)
Yelena Mixalkova, “Kağız quşun lələkləri” (Detektiv)
Talyana Orlova, “Yeddinci dairənin Böyük Knyazı” (Mistika)
Aleksandr Baunov, “Rejimin sonu”
(Non-fikşn)
Anton Petryakov, “Görünmək deyil, olmaq” (Psixoloji, motivasiya)
Entoni, “Əjdahaya yol” (Sehirli)
Alina Arkadi, “Çovğun” (Sevgi romanı)
Vadim Zeland, “Tafti rahibəsi 2” (Motivasiya)
Bu kitablar arasında diqqətimizi çəkən daxili və xarici intibahı özündə təcəssüm etdirən, davranış psixologiyasını bəyan edən, uğursuzluq və həyəcan səbəblərini açan “Görünmək deyil, olmaq” kitabı, üç avtokratiyanın - İspaniyada Franko, Portuqaliyada Salazar və Yunanıstanda “qara polkovniklərin” süqutundan bəhs edən “Rejimin sonu” kitabı, eləcə də sevgi və ehtiras barədə zərif və qarlı əhvalatı nəql edən “Çovğun” kitabı çəkdi. Mütləq oxuyun.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
“Mədəniyyət bizim gündəlik həyatımız, davranışımız, ənənələrimiz, kimliyimizdir”
Niyə Eldar Mansurovun mahnıları YouTube platformasında erməni ifaçılar tərəfindən ermənicə səsləndirilir, Cavanşir Quliyev çörəkpulu qazanmaq üçün qürbətə üz tutur, Azərbaycanın milli sərvəti olan Səttar Bəhlulzadə əsərləri Amerika hərraclarında satılır?
“Ədəbiyyat və incəsənət” portalının gətirdiyi bu sitata diqqət edin: “İşğaldan azad edilmiş ərazilərdə mədəni və tarixi abidələrimizin bərpası mühüm məsələlərdəndir. Abidələrimizin qorunması və mühafizəsi təkcə dövlətin vəzifəsi deyil, hər birimizin borcudur.” Sitat mədəniyyət nazirinin birinci müavini Adil Kərimlidəndir. Xatırladaq ki, Adil Kərimli bu sözləri ötən gün “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən birgə dinləmədə deyib. Və nazir vəzifəsini icra edən Adil Kərimli həyəcan təbili vuraraq bildirib ki, mədəniyyət sahəsində çalışan 41 min işçidən 30 mini yerlərdə fəaliyyət göstərir. Bu sahədə çalışanların cəmi 7 faizi ixtisası üzrə çalışır. Bu da təbii olaraq milli təhlükəsizlik məsələlərinə gətirib çıxarır.
O qeyd edib ki, yerlərdə kitabxanaların vəziyyəti qənaətbəxş deyil, kitab təminatında müəyyən problemlər var.
Milli musiqi ritmlərindən də danışan Adil Kərimli bildirib ki, xalqımızın yaşayışını, adət-ənənələrini özündə əks etdirən milli rəqslərimizin, musiqimizin təbliğində problemlər vardır.
Demək ki, qarşıda hələ çoxlu görüləcək işlər qalır. Adil Kərimli “mədəniyyət bizim gündəlik həyatımız, davranışımız, ənənələrimiz, kimliyimizdir” deyə mədəniyyətə ona yaraşan bir tərif verib. Qalır ki, bütün cəmiyyət yumruq kimi birləşsin. Belə olarsa, ən azından Eldar Mansurovun mahnıları YouTube platformasında erməni ifaçılar tərəfindən ermənicə səsləndirilməz, Cavanşir Quliyev çörəkpulu qazanmaq üçün qürbətə üz tutmaz, Azərbaycanın milli sərvəti olan Səttar Bəhlulzadə əsərləri Amerika hərraclarında satılmaz.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
Mədəniyyət sahəsinə aid hansı prioritetlər hazırlanır?
Bir gənc İşərişəhər divarlarına yazı yazırdı, hamı da laqeydcəsinə yanından keçirdi. “Ədəbiyyat və incəsənət” bu yazı ilə bəyan etmək istəyir ki, vətəndaş laqeydliyinə son qoymaq barədə ciddi çağırışlar var. İndi isə təfərrüatı:
Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə dinləməsində “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsi müzakirə edilib. Dinləmələr zamanı mədəniyyət naziri vəzifəsini icra edən mədəniyyət nazirinin birinci müavini Adil Kərimli mədəniyyət sahəsinə aid yeni prioritetlərin hazırlanması xəbərini verib.
Bəs söhbət hansı prioritetlərdən gedir? Təbii ki, ilk öncə xalqın qeyri-maddi mədəni irsinin qorunmasından. Bu, mədəniyyətimizin əsas prioritet istiqamətlərindəndir. Bu sahənin qanunvericiliklə tənzimlənməsi də təbii ki, çox vacibdir.
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir.
Dövlətin bu istiqamətdə strategiya sənədinin hazırlanmasının vacibliyini qeyd edən nazir müavini bildirib ki, bu istiqamətdə işlər aparılır. Strategiyaya əsasən, yaxınmüddətli, ortamüddətli və uzunmüddətli məqsədlər müəyyən ediləcək. Bu sahədə sistemli, konkret addımlar atılacaq. Mədəniyyət sahəsində fəaliyyətin yeni formaları müəyyənləşdiriləcək.
Mədəniyyətin geniş sahə olduğunu vurğulayan Adil Kərimli əlavə edib ki, mədəniyyət bizim gündəlik həyatımız, davranışımız, ənənələrimiz, kimliyimizdir. Mədəniyyət sahəsinə aid prioritetlər hazırlanır. Təkrarən bildirək ki, qeyri-maddi mədəni irsin qorunması da bu prioritetlərdəndir.
Nazir müavini vurğulayıb ki, mədəniyyət sahəsində islahatların aparılmasında hər bir vətəndaş fəal iştirak etməlidir.
Bəli, mədəniyyətimiz yeni dönəmə daxil olur. Mədə niyyətlilərin daha mədəniyyətlə işi olmayacaq.
Qeyd: qapaq fotosu uçulub dağılmaqda olan tarixi abidələrimiz barədə bir yaddaşdır.
“Ədəbiyyat və incəsənət”
(01.03.2023)
Dünya çempionları qalib gəldi, yoxsa məktəblilər?
Şahmat idmandırmı, yoxsa mədəniyyət, ya elm? Bu suallar hey təkrarlanır, amma cavabı tapılmır.
Keçmişdə bu oyuna şətrənc deyirdilər. Dahi Nizami Gəncəvinin əsərlərindən agah oluruq ki, hələ 12-ci əsrdə Azərbaycanda bu oyun çox populyar olub. Bu gün də dünya şahmatında Azərbaycan şahmatçıları öz sözlərini deməkdədirlər. Bizim Teymur Rəcəbovumuz, Şəhriyar Məmmədyarovumuz var. Elə bu günlərdə 20 yaşadək şahmatçılar arasında dünya çempionatının qalibləri, beynəlxalq qrossmeysterlər Abdulla Qədimbəyli və Gövhər Beydullayeva oldular - iki həmyerlimiz.
Bu gün həm ölkəmizin şahmat ənənəsini davam etdirmək, həm də uşaq və yeniyetmələri ən azı zərərli internet təsirindən qoparmaq vacibdir.
Azərbaycan Şahmat Federasiyası və Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin şahmat dərnəyinin təşkilatçılığı ilə məktəblilərin tanınmış şahmatçılarla görüşünün keçirilməsi xəbəri əlbəttə ki sevindirici oldu. Özü də görüşdə elə-belə şahmatçılar yox, 20 yaşadək şahmatçılar arasında dünya çempionatının qalibləri, beynəlxalq qrossmeysterlər Abdulla Qədimbəyli və Gövhər Beydullayeva iştirak edirdilər. Şahmatçılarla şagirdlər arasında eyni anda seans görüşü təşkil olundu. Əlbəttə vacib deyil, neçə lövhədə neçə nəfər çempionlara müqavimət göstərdi. Vacib olanı odur ki, əqil qalib gəldi.
Bu təşəbbüsün digər qurumlarda da dəstəklənməsi çox gözəl olardı.
“Ədəbiyyat və incəsənət”
(28.02.2023)
Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələri qanunla tənzimlənir
Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələri qanunla tənzimlənir. AzərTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Mədəniyyət komitəsinin fevralın 28-də keçirilən iclasının gündəliyinə daxil edilib. Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə dinləməsində “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsi müzakirə edilib.
Bildirilib ki, “Qeyri-maddi mədəni irs haqqında” Qanunun müddəaları Azərbaycan ərazisində Azərbaycan xalqı, ayrı-ayrı sosial qruplar və ya fərdi şəxslər tərəfindən yaradılan, qorunan və nəsildən-nəsilə ötürülən, Azərbaycan xalqının mədəni ənənələrini təmsil edən qeyri-maddi mədəni irs nümunələrinə şamil olunmur.
Qeyri-maddi mənəvi irs nümunələrinin qorunmasının maliyyələşdirilməsinə gəlincə, bu məsələ dövlət büdcəsindən ayırmalar, qeyri-maddi mədəni irs sahəsində fəaliyyətdən əldə olunan gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq.
Qanunun pozulmasına görə şəxslər Mülki və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulan hallarda məsuliyyət daşıyırlar.
“Ədəbiyyat və incəsənət”
(28.02.2023)
Amma iztirablı qadın taleyinin kulminasiyası sözləri boğazımızda düyünlətdi…
Xəyal Rzanın “Maya” filmi ASAN könüllüləri üçün təqdim edildi
Cəmi bir neçə gün öncə Nizami Kino Mərkəzində premyerası olan və dərhal səs salan “Maya” filmi günümüzdə çox aktual olan bir mövzudan bəhs edir: Qarabağ müharibəsindən. Qaçqınlıq, şəhidlik, məhrumiyyət və təhdidlər - bunlarla yanaşı sınmamaq, əyilməmək çabaları… Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rzanın “Maya” filmi barədə təbii ki, hələ çox yazılacaq və çox deyiləcək.
Filmə sosial sifariş hədsizdir. Elə bu səbəbdən də “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Maya” filminin ASAN könüllüləri üçün təqdimatı keçirildi. Filmin ssenari müəllifi və rejissoru Xəyal Rza Birinci və İkinci Qarabağ müharibəsinin təsiri altında qalan Azərbaycan qadınının keşməkeşli həyatından bəhs etməklə cəmiyyətə ötürdüyü mesajlardan bəhs etdi.
ASAN-ın mətbuat katibi Elnur Niftəliyev filmə baxdıqdan sonra təəssüratlarını bu cür bölüşdü:
-Xalqımızın, vətəndaşlarımızın başına gələn ağrılı-acılı minlərlə həyat hekayəsindən daha biri. Yaşanmış hekayə, daim yaşayacaq bir hekayə… “Maya”! Əziz dostumuz Xəyal Rzanın ssenari müəllifi və rejissoru olduğu ekran əsəri məhz belə adlanır. Biz iki müharibə görən bir qadının hekayəsini dinlədik, izlədik… Düzünü deyəcəyəm… İlk 10-15 dəqiqədə axı bu hekayə niyə çəkilib deyə düşünürdüm…
Amma əzablı, iztirablı qadın taleyinin kulminasiyası hər birimizi kədərə boğdu, sözlər boğazda düyünləndi… Qürur hissləri isə öz yerində. Xəyal Rza, əhsən!
Filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.
“Bir gün bütün bağlı qapılar açılar. Bunun üçün sadəcə dözməyin, dözüb də mübarizə aparmağın yetərlidir” deyir “Maya” filmi. Və haqqına deyir.
“Ədəbiyyat və incəsənət”
(28.02.2023)
Azad olunmuş ərazilərdəki mədəniyyət abidələri öz bərpalarını gözləyirlər
Baxırsan, bəzən bir fikir min problemin həllinə rəvac verir, yaxud əksinə, min fikir bir problemin çözülməsini təmin edə bilmir. Azad olunmuş ərazilərin bərpası işi bir sağlam fikirdən qaynaqlanan çox vacib bir məsələdir və bu sahədə 44 günlük müharibədən sonra görülən işlər diqqətçəkəndir.
Bərpa prosesində mədəniyyət abidələrinin taleyi də vacib yer tutur, şübhəsiz, Mədəniyyət Nazirliyinin üzərinə çox ağır və məsul vəzifələr qoyulub.
Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr sözügedən məsələdə müəyyən aydınlıq yaradıb.
Dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini, mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli çox gərəkiyən bir məsələyə toxunub:
“Ucqar kəndlərdə kitabxanaların və orada 20 min kitab fondunun olduğu deyilir, amma baxırsan ki, heç 2 min kitab yoxdur. Kənddə yaşayan əhalinin həmin kitabları oxuyub-oxumaması sualına cavab tapmaq lazımdır. Rayonlarda, ucqar kəndlərdə 7 minə yaxın mədəniyyət müəssisəsi var. Mədəniyyət müəssisələrində çalışan və büdcədən əmək haqqı alan 30 min işçinin hamısı yerlərdədir.
Bəlkə bu yükü azaldıb mədəniyyətin zəruri olan sferasına yönəldə bilərik. Mətbuatda da haqlı olaraq qeyd olunur ki, tarixi mədəni abidələrimiz təhlükədədir. Bu gün 6308 tarixi mədəni abidəmizin 4000-ə yaxını məhz nazirliyin nəzarətindədir. Təbii ki, həmin abidələrə mütəmadi şəkildə investisiya ayrılır. Bu gün işğaldan azad olunmuş ərazilərdə 700-800 tarixi mədəniyyət abidəsi qeydiyyata alınıb və proses davam etdirilir. Onların bərpasına da ciddi ehtiyac var”.
Bəli, göründüyü kimi, problem qoyulur, onun həlli yolları da göstərilir. Qalır, təkcə əməl etmək!
“Ədəbiyyat və incəsənət”
(28.02.2023)
Xalq artisti Mustafa Mərdanovun doğum günüdür
Azərbaycanın kino və teatr səhnəsində maraqlı obrazlar qalereyası yaratmış görkəmli aktyor, Xalq artisti Mustafa Mərdanovun anadan olmasından 129 il ötür.
Tiflisdə anadan olan Mustafa Mərdanov kiçik yaşlarından teatra böyük maraq göstərib, 1910-cu ildən dram dərnəklərində çıxış edib. Daha sonra Tiflisdə Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışıb. Ali təhsil almağı ən böyük arzusu hesab edən gənc aktyor Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olub. Burada sənətin sirlərini öyrənən aktyor 1924-cü ildə Bakıya gəlib və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib.
Yüksək aktyorluq texnikası, yumşaq yumor hissi Mustafa Mərdanovun sənəti üçün çox xarakterik olan cizgilər idi. O, teatr səhnəsinə gəlişi ilə milli aktyorluq sənətimizi zənginləşdirib, ona yeni rənglər, çalarlar gətirib.
Mustafa Mərdanov hələ teatrda işlədiyi vaxtlarda tez-tez filmlərdə çəkilmək dəvəti alıb. “Bismillah” filmində Muzdur Qulu obrazı onun kinoda ilk rolu idi. Abbas Mirzə Şərifzadənin ilk rejissor işi olan bu film 1925-ci ildə ekranlara çıxıb. Bir il sonra isə ekranlara Aleksandr Litvinovun “Müxtəlif sahillərdə” filmi çıxıb. Aktyor bu filmdə Abbas rolunda çəkilib. O dövr üçün Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə “Hacı Qara” filmindəki Kərəməli olub. Sonralar aktyor “Sevil” filmində Atakişi, “Lətif” filmində Ələsgər, “İyirmi altı komissar”da menşevik rolunu böyük məharətlə oynayıb.
Onun qardaşı, kinorejissor Səməd Mərdanovun “Kəndlilər” filmi aktyorun yaradıcılığında yeni bir hadisə olub. O, bu filmdə bir-birinə zidd olan iki rolu - kəndli Təhməz və menşevik obrazlarını yüksək sənətkarlıqla yaradıb.
Amma sənətkarın milli kinomuzda ən uğurlu rollarından biri bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan “O olmasın, bu olsun” filmindəki “intelligent” Həsən bəy obrazıdır. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxarıb.
Sonralar “Əhməd haradadır” filmində oynadığı Məmməd kişi, “Qanun naminə”də Murtuzov rolları görkəmli səhnə ustasını daha da şöhrətləndirib. 1968-ci ildə çəkilən “Qanun naminə” filmindəki rolu aktyorun kinoda son işi olub. Mustafa Mərdanov həmin il dekabrın 12-də dünyasını dəyişib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(28.02.2023)
Bu gün ikinci çərşənbə - Od çərşənbəsidir
Bu gün ölkəmizdə Od çərşənbəsi qeyd olunur. Bildiyiniz kimi, Novruz bayramı dörd çərşənbəni – Su, Od, Yel və Torpaq çərşənbələrini özündə birləşdirir. Bunlardan ikincisi Od çərşənbəsidir. Su çərşənbəsinin əsas ayinləri su ilə bağlı idi, bugünkü od çərşənbəsində isə şübhəsiz, diqqət mərkəzində od olacaq, yanan şamlar, tonqal olacaq.
İnanclara görə, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar. Bu çərşənbə qədim insanların Günəşə, oda inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün insanlar tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Od, tonqal istiliyin rəmzidir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qaynamalı, ocaqların üstü boş qalmamalıdır. El arasında deyilənə görə, od çərşənbəsində ocağı yandırıb, qazanı qaynatsan ilin sonuna qədər “ocağın yanar, qazanın qaynar” olar. Bir sözlə, ruzi-bərəkətin bol olar. Od çərşənbəsində də su çərşənbəsində olduğu kimi, bütün ailə üzvləri süfrə başına yığılar ki, ailə bütöv olsun. Aş dəmlənər, süfrə açılar, şəkərbura, paxlava bişirilər.
Od çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə bağlanılır. Çünki Zərdüşt tərəfindən yaradılan “Avesta” kitabındakı odun müqəddəsliyi və insanların ona inamı, sitayişi tarix boyu özünü çox güclü göstərib. Bakının Suraxanı qəsəbəsində yerləşən “Atəşgah” məbədi buna əyani misaldır.
Tonqal haqqında ümumi məlumatlara “Kitabi-Dədə Qorqud” dastanında rast gəlmək mümkündür. Burada tonqala münasibət və onun müqəddəsliyi haqqında danışılır. Deməli, hələ qədim zamanlardan Azərbaycanda od həmişə qorunub. Xalqın həm şad, həm də kədərli günündə tonqal köməyə gəlib, müjdəçi, carçı rolunu oynayıb.
Od çərşənbəsinə və oda aid, ümumiyyətlə, bir çox atalar sözləri və məsəllər də vardır. “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar” və s.
Ümumiyyətlə, Novruz bayramı özündə insana və bəşəriyyətə faydalı olan ən gözəl ünsürləri birləşdirərək, əcdadlarımızın dünyagörüşünü, düşüncə tərzini əks etdirir.
Novruz müjdəçiləri olan yel və torpaq çərşənbələrində də torpağımızda ocaqlar çatılacaqdır.
Qeyd edək ki, martın 7-də Yel, martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.
Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
Od çərşənbəniz mübarək!
“Ədəbiyyat və incəsənət”
(28.02.2023)
Günün fotosu: İran rialı can verir
Günün fotosu: İran rialı can verir
Yanvar ayında İranda inflyasiya 53,4 faizə yüksəlib, son bir ildə İran rialı öz dəyərinin 50 faizini itirib. İndi İranda 1 dollar 600000 riala bərabərdir.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(28.02.2023)