Super User

Super User

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibəti ilə: 5-ci məqalə

 

 

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası ciddi elmi, pedaqoji və ekspert potensialına malikdir. İlk olaraq məhz onun tərəfindən Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə etməklə kulturoloji metodologiya və təhlil metodları, “kulturoloji piramida” universal metodu, “mədəniyyətin iki qanadı”, “mədəni insan”, “firavan ailə”, “mədəniyyətin səmərəliliyi”, “idarəetmənin səmərəliliyi”, “sosial-mədəni tərəqqinin səmərəliliyi”, “humanitar təhlükəsizlik”, “dövlətin rəqabətqabiliyyətliliyi”, “meritokratik tərbiyə və idarəetmə” və digər kulturoloji formullar hazırlanıb. Assosiasiyanın elmi nailiyyətləri sırasında innovativ kulturoloji anlayışları – “mədəniyyətin elmi tərifi”, “mədəni inkişafın amilləri”, “mədəniyyət sosial sistem kimi”, “insan kapitalı inkişaf edən sistem kimi”, “universal mədəni identiklik” və s. misal göstərmək olar. Bu anlayışlar cəmiyyətdə mədəniyyətin düzgün başa düşülməsinə və onun insan inkişafı, cəmiyyətin tərəqqisi üçün yaradıcılıqla istifadəsinə kömək edir.

Kulturoloji tədqiqatların “Simurq” AMA tərəfindən yaradılan innovativ metodologiyası və metodları öyrənilən obyektlərin mahiyyəti, xüsusiyyətləri, tarixi və inkişaf qanunauyğunluqlarının açıqlanmasına, proseslərin və hadisələrin inkişafı metodları və texnologiyalarının, nailiyyətlərin təsdiqlənmiş qiymətləndirilməsinə, bütöv sistem kimi ruhi mədəniyyətin yeni dəyişdirici imkanlarının aşkarlanmasına və gələcəyin proqnozlaşdırılmasına kömək edir.

Assosiasiya tərəfindən innovativ kulturoloji konsepsiyalar, layihələr və modellər – “Azərbaycanda demokratik cəmiyyətin və hüquqi dövlətin formalaşdırılmasına doğru”, “ “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası layihəsi”, “Beynəlxalq dünya mədəniyyəti universiteti layihəsi”, ““Simurq” Beynəlxalq kulturoloji jurnalı layihəsi”, “Yüksək mədəniyyətli insan konsepsiyası”, “Beynəlxalq kulturologiya mərkəzi layihəsi”, “ “Zəka” qeyri-hökumət təşkilatları Assosiasiyası layihəsi”, ““Homo Culturalis” antropoloji modeli”, “Azərbaycanda kulturoloji islahatlar layihəsi”, “Azərbaycan 2020: gələcəyə baxış” Milli inkişaf konsepsiyasına” təkliflər, “YUNESKO-nun qlobal kulturologiya üzrə şəbəkə kafedrası konsepsiyası”, “İnsan kapitalının inkişafı Mərkəzi konsepsiyası”, “Şuşada Beynəlxalq kulturologiya mərkəzinin yaradılması konsepsiyası” və başqalarıdır.

Assosiasiyanın konsepsiyaları, layihələri və elmi nəticələri aşağıdakılara kömək edir:

✓ Şəxsiyyətlərin və liderlərin yetişdirilməsinə, sosial, etik, hüquqi və idarəetmə mədəniyyəti, iqtisadi və ekoloji mədəniyyət, sosial-mədəni siyasət sahələrində ən yeni kulturoloji biliklərin, habelə müasir dünyanın mədəniyyətləri və siviliasiyaları, beynəlxalq sosial-

mədəni siyasət haqqında biliklərin yayılmasına.

✓ Rifah, həyat keyfiyyəti və təhlükəsiz inkişaf; gənclərin düzgün sosiallaşması və əhalinin

demokratikləşmə proseslərinə uyğunlaşması səviyyəsinin yüksəldilməsinin əsasları kimi yüksək ruhi mədəniyyətin yaradıcı imkanlarının siyasətçilər və idarəçilər, qeyri-hökumət təşkilatları və biznes strukturları tərəfindən ən yaxşı şəkildə dərk edilməsinə.

✓Peşəkar biliklər və vərdişlərin artımına, yoxsulluğun azaldılmasına təkan verən vətəndaşların sosial fəallığının yüksəldilməsinə, ölkədə davamlı sosial inkişaf və siyasi stabilliyə nail olmağa, münaqişələrin aradan qaldırılmasına və sülh mədəniyyətinin bərqərar olmasına.

Assosiasiyanın bir sıra konsepsiyaları, layihələri və elmi nəticələrinin müasir sivilizasiyada analoqu yoxdur və dövlətin davamlı və enklüziv inkişafı, habelə mədəniyyətlərin və sivilizasiyaların dialoqunun təkmilləşməsi, qloballaşma, sürətli dəyişikliklər və zamanın çağırışları şəraitində ekstremizmin qarşısının alınması baxımından təcrübi maraq kəsb edə bilər.

30 ildən artıq fəaliyyəti dövründə “Simurq” AMA Azərbaycan xalqının ruhi mədəniyyətinin inkişafına və ölkədə rəqabətqabiliyyətli milli insan kapitalının əsasını təşkil edən ləqayətli, yüksək mədəniyyətli insanların yetişdirilməsinə layiqli töhfə verib. Məhsuldar tədqiqatları ilə o, Azərbaycan elmində yeni istiqamətin – kulturologiyanın əsasını qoyub. Onun yaradıcılıq fəaliyyəti Azərbaycan Respublikasının dünya kulturologiya elminin, təhsil və maarifləndirmənin nüfuzlu inkişaf mərkəzlərindən biri kimi tanınmasında önəmli rol oynayıb.

Assosiasiyanın yaradıcılıq fəaliyyətinin qiymətləndirilməsi

Kulturologiya elmi, təhsil və maarifləndirmə sahələrində çoxillik məqsədyönlü fəaliyyətinin nəticələri sayəsində “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası beynəlxalq şöhrət qazanıb.

Assosiasiyanın kulturoloji tədqiqatlarının nəticələri dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi, liderlik, üçüncü sektor, konfliktologiya, dünya mədəniyyəti, qlobal idarəçilik, mədəniyyətlərin yaxınlaşması problemləri üzrə Azərbaycan, Norveç, Rusiya, Tatarıstan, Almaniya, Türkiyə, Fransa, Macarıstan, Belçika, ABŞ, Tailand, Cənubi Koreya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstanda keçirilmiş onlarla beynəlxalq konfrans və seminarlarda, forumlarda təqdir edilib.

“Simurq” AMA-nın Azərbaycan və dünya kulturologiyasının inkişafına, dünya mədəniyyəti və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfə müxtəlif illərdə “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyası, Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyası, “Avropa- Asiya” Beynəlxalq Humanitar Akademiya, Beynəlxalq Qlobal Tədqiqatlar Akademiyası,

Beynəlxalq Söz Akademiyası, Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən yüksək qiymətləndirilib.

Bu töhfə həmçinin ABŞ Bioqrafiya İnstitutunun fəxri medalı, Misir Təhsil Nazirliyinin qızıl medalı, Moskva Hökumətinin “Beynəlxalq əməkdaşlığa verilən töhfəyə görə” medalı, YUNESKO Dünya mədəniyyəti İnstitutu və “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının “Sülh qızılgülü” qızıl medalı, Ümumdünya Braxma Kumaris Ruhi Universitetinin “Cisimsiz ali ruh” ali mükafatı, “Dövrün yaradıcısı” beynəlxalq ordeni, “Sülh Səfiri” fəxri adları (Assosiasiyanın 100-dən çox məşhur üzvü «Ambassador for Peace» beynəlxalq diplomlarına layiq görülüb), bir sıra başqa milli və beynəlxalq ictimai təşkilatların mükafatları ilə təltif edilib.

Beynəlxalq şöhrətin göstəricisi odur ki, Assosiasiya 2000-ci ildə BMT-də Minilliklə bağlı beynəlxalq konfransın plenar iclasında çıxış etmiş və Avropa Şurasının mədəniyyət siyasəti üzrə ekspertlərinin siyahısına daxil edilmişdir. 2014-2018-ci illərdə o, Beynəlxalq Lixaçev Elmi Oxunuşlarının təşkilati komitəsində təmsil olunub. “Simurq”AMA tərəfindən təklif olunan “insanların mədəni identikliyinin formalaşmasına dəstək haqqında” baza prinsipi 2016-ci ildə YUNESKO-nun humanitar təhlükəsizlik üzrə Kazan Bəyannaməsinə daxil edilib.

“Simurq” AMA-nın yaradıcılıq fəaliyyəti Azərbaycan Respublikasının Mədəniyyət və Turiz Nazirliyinin, Təhsil Nazirliyinin fəxri fərmanları, Ailə, Uşaq və Qadınların problemləri üzrə AR Dövlət Komitəsinin diplomları, mədəniyyət işçilərinin Respublika həmkərlar komitəsinin, Azərbaycan Respublikasının Ombudsmanının döş nişanları, “Humay”, “Zəka”, “Qızıl qələm” milli ictimai mükafatları ilə də qiymətləndirilib.

 

Ədəbiyyat və incəsənət”

(28.02.2023)

Вторник, 28 Февраль 2023 15:30

Məşhur Kral Milli Baleti Bakıya gələcək

Gürcüstanın dünyaşöhrətli Kral Milli Baleti Avropa və Amerikaya möhtəşəm qastroldan sonra – aprelin 21-də Heydər Əliyev Sarayında “Gürcüstan atəşi” rəqs tamaşasını təqdim edəcək. 

 

“Gürcüstan atəşi” adlı xoreoqrafiya proqramı – ayrı-ayrı rəqs nömrələrindən seçimlər deyil, ümumi ideya və süjet xətti ilə birləşmiş bütöv tamaşadır. Bütün bunlar gözəl kostyumlar və möhtəşəm dekorasiyalar ilə ahəng təşkil edərək tamaşaçının diqqətini özünə çəkir. “Gürcüstan atəşi” tamaşaçıya bənzəri olmayan gürcü mədəniyyəti ilə tanış olmaq və məftunedici rəqs aləminə səyahət etmək imkanı verən rəngarəng lirik şoudur. 

Qeyd edək ki, Kral Milli Baleti 2008-ci ildə Gürcüstanda xoreoqraflar Gela Potshişvili və Maya Kiknadze tərəfindən yaradılıb. Gürcü milli rəqs ənənələrini qoruyub saxlayan ansambl novatorluğu və yüksək peşəkarlıq səviyyəsi ilə seçilir.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

Вторник, 28 Февраль 2023 17:00

Onu “Arka sokaklar”dan tanıyırdıq

Türkiyənin məşhur aktyoru Muhlis Asan dünyasını dəyişib

“Ədəbiyyat və incəsənət” qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor infarkt səbəbindən 40 gündür reanimasiyada idi.

 

Qeyd edək ki, Muhlis Asan "Yedi Numara", "Üvey Baba", "En Son Babalar Duyar", "Sırlar Dünyası", "Arka Sokaklar", "Akasya Durağı" kimi baxımlı filmlərdə rol alıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

Вторник, 28 Февраль 2023 13:00

Özcan Dəniz həyat yoldaşına "Lamborghini" hədiyyə etdi

Günün ən çox oxunan xəbəri: Türkiyəli müğənni Özcan Dəniz iranlı həyat yoldaşı Samar Dadqara bahalı hədiyyə alıb.

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən bildirir ki, müğənni həyat yoldaşına 20 milyon lirə dəyərində "Lamborghini" bağışlayıb. 

 

Samar bunu əks etdirən fotonu sosial media hesabında paylaşıb.

Qeyd edək ki, daha əvvəl iki dəfə ailəli olan Ö.Dəniz sevgilisindən 24 yaş böyükdür. Onun keçmiş həyat yoldaşı Feyza Aktandan Kuzey adlı bir oğlu var. 

O, hazırda ikinci dəfə ata olmağa hazırlaşır.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

Вторник, 28 Февраль 2023 12:45

Diqqət! Havamızı zəhərləyirlər!

Paytaxt havasında dəm qazının miqdarı normadan yüksəkdir! 

 

 

Biz hansı havanı uduruq? Əlahəzrət havazəhərləyicilər öz borularını heçmi qapatmırlar? 

Gəlin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsinə diqqət edək. 

 

Qurum gündəlik olaraq atmosfer havasının keyfiyyətinin monitorinqi aparır, Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonlarında və Sumqayıt, Gəncə şəhərləri ərazisində. Bu proses hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. 

Və məlum olub ki, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.6, Sumqayıt şəhərində azot-4 oksid normadan 1.1, Gəncə şəhərində isə 1.3 dəfə yüksək qeydə alınıb. 

Qeyd olunub ki, göstəricilərin normadan yüksək olmasına səbəb həmin ərazilərdə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

Вторник, 28 Февраль 2023 12:15

Ombudsman ötən il üzrə məruzəsini təqdim edib

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2022-ci il üzrə məruzəsi hazırlanıb.

 

Ombudsman Aparatının mətbuat xidmətindən AzərTAC-a verilən məlumata görə, cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Ombudsman illik məruzəni Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.

İllik məruzə, eyni zamanda, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.

İnsan hüquqları üzrə müvəkkilin məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada 2023-cü il fevralın 27-də Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib, müvafiq dövlət qurumlarına göndərilib.

2022-ci il üzrə məruzədə Ombudsmanın Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Məruzə Azərbaycan Respublikasının Milli Məclisində dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mətbuat orqanlarında dərc ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

Вторник, 28 Февраль 2023 12:00

Ovulmuş peçenyelər haqqında ballada

“Redaksiyanın poçtu” bölümündə Nurlana Umudvarın Türkiyədə zəlzələdə Hatay Altınüzü kəndində günlərlə gözlədikdən sonra həyat yoldaşını və 3 uşağını itirən Şərif Ölməzə ithaf olunmuş “Ovulmuş peçenyelər” şeiri təqdim olunur.

 

Sənə peçenye saxlamışam, qızım

üşümürəm, acmamışam,

möhkəm ol, qızım...

burda çökmüş binaların üstündə

gözləyirəm səni...

əlimlə isidirəm donmuş peçenyeləri

deyirdin, paylaşmaq nədir, ata?

hadi çıx da, paylaşaq, qızım,

cibimdəki peçenyələri...

ömrümüzün qalanını,

qarşıdan gələn baharı...

ovulur axı əlimdə peçenyelər...

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

 

 

Вторник, 28 Февраль 2023 15:00

O, almana hansı bağından meyvə aparırmış?

“Ədəbiyyat və incəsənət” portalı ənənəni pozaraq bu gün sizə Hümbət Həsənoğlunun aforizmlərini vermək əvəzinə onun başına gələn çox maraqlı bir hadisəni nəql edir. Özü də Hümbət Həsənoğlunun öz dilindən. 

 

 

Bakıda işlədiyim vaxtlarda Almaniya dövlətinin Azərbaycanda həyata keçirtdiyi layihə çərçivəsində bir almanla tanış oldum. İlk gəlişi idi onun Azərbaycana. 

Almaniyada bir müddət yaşadığıma və dili də az-çox bildiyimə görə tez dostlaşdıq. 

Alman dostlarım qəribçilikdə mənə çox dəstək olmuşdular, bu səbəbdən bura gəlmiş almana diqqət göstərmək istəyim içimdən gəlirdi.

Hər şeydə " alman hesabı" aparan almana diqqət göstərmək elə də asan iş deyildi. Ona hər hansı hədiyyə etmək cəhdinin narahatçılıqla qarşılayacağını da  bilirdim. 

Fikir verdim ki, dostum bizim meyvələrdən ağız dolusu danışır, onların çox şirin və ləzzətli olduğunu vurğulayır. 

İşlədiyim qurum Nizami metrosuna yaxın idi və metrodan bir az aralı böyük meyvə dükanı vardı.

Meyvəsatanla tez dostlaşdım. Hər gün işə getməmiş yaxşı mövsümü meyvələrdən seçib alman dostumu qonaq etməyə başladım. 

İlk dəfə meyvəni gətirəndə o, çıxarıb pul vermək istədi. 

Dedim:-Helmut, bunlar mənim öz bağımın məhsullarıdır. Bizdə öz bağının məhsullarına görə pul almırlar, adətimiz belədir. 

Razılaşdı.

İndi təsəvvür edin, mən mövsümə uyğun meyvələr alıb gətirirəm, özü də necə meyvələr; gilasdan, ərikdən, şaftalıdan tutmuş, alma, armud, nara qədər. Proqram bir ilə hesablandığından mən alman dostuma bərəkətli torpağımızın  bütün meyvələrini daddıra bildim. Hər dəfə də meyvə çeşidini görən alman deyirdi ki, onun ən böyük arzusu mənim bağımı görməkdir. Bir belə meyvənin yetişdiyi  bağa heyranlığını hər dəfə dilə gətirirdi.

Mən də Sumqayıtdan, uzaqdan gəldiyimi və bağımın da uzaqda olduğunu bəhanə gətirir, amma hər dəfə də söz verirdim ki, onu mütləq bağıma aparacağam.

Bir payız günü səhər meyvə dükanının qabağında növbəti dəfə meyvə seçərkən kimsə arxadan məni bərk qucaqladı. Dönüb gördüm ki, alman dostum Helmutdur. O məni təkrar-təkrar qucaqlayaraq dedi: -Mən sənin bağını nəhayət ki, gördüm! 

Bunu deyərkən o, ürəkdən güldü.

Sonradan Almaniyada onun evində qonaq olanda, o, öz ailə üzvlərinə mənim Azərbaycandakı bağım haqqında sevinclə və böyük məmnunluqla  danışırdı.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

Вторник, 28 Февраль 2023 13:30

Cahangir Novruzovdan acgöz aktyora jest

 

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Cahangir Novruzovdur..

 

 

 

 

 

CAHANGİR NOVRUZOV

 

(1954)

 

 

 

***

 

Musiqili Komediya Teatrında baş rejissor işlədiyim vaxtlar idi. Bir tanınmış, dövlət tərəfindən hər bir qayğı ilə əhatə olunmuş aktyorlar şikayətlə yanıma gəldi:

 

– Cahangir, sən kənar adam deyilsən, bax mən düz 23 ildir ki, bu teatrda işləyirəm, mənim maddi vəziyyətimi nəzərə almaq lazımdır, – dedi.

 

Başımı bulayıb:

 

– Yaxşı, mən o biri rejissorlara da tapşıraram, – dedim, – hansı tamaşada  yemək səhnəsi varsa, qoy bundan sonra həmin rolları da sənə versinlər.

 

Adam qıpqırmızı pörtüb, otağı tərk etdi.

 

 

 

 “Ədəbiyyat və incəsənət”

 

(28.02.2022)

 

 

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (COPAT) hesabatı bir daha naqis qonşularımızın mənfur simasını göz önünə qoyur. Onların növbəti oğurluq cəhdləri qeydə alınıb. Kulinariyamız və musiqimiz yenidən təhlükəyə məruz qalıb. 

 

“Qədim türk mətbəx mədəniyyətinin şirniyyat növlərindən biri olan baklavanın (paxlava) ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət hazırlamaları barədə erməni mətbuatında gedən yazılarla əlaqədar agentlik tərəfindən sübutedici sənədlər və tarixi mənbələr əsasında arayış hazırlanıb və yayılıb” - deyə agentliyin hesabatında qeyd edilir. 

Bununla yanaşı, hesabatda görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərinin ermənilər tərəfindən oğurlanması və erməni mahnısı kimi “Youtube” kanalında yayılması, həmçinin Azərbaycanın xalq artisti, bəstəkar Eldar Mansurovun “Bayatılar”, “O gələndə”, “Bir payız gecəsi”, “Yarı səndə, yarı məndə” və “Gecələr keçir” əsərlərinin müxtəlif erməni ifaçıları tərəfindən mənimsənilməsi və “Youtube” kanalında və digər internet şəbəkələrində yayılması faktları ilə bağlı da qeydlər var, bu barədə agentlik tərəfindən arayışlar hazırlanıb və KİV-də yayılıb.

Amma heç bu da son deyil. Digər erməni saxtakarlığı Azərbaycan xalqına məxsus balaban, tütək, kamança və qanun (kanon) musiqi alətlərinin erməni milli musiqi alətləri kimi Cenevrə Etnoqrafiya muzeyinə hədiyyə edilməsi barədə informasiyanın yayılması olub. Bununla bağlı, Əqli Mülkiyyət Agentliyi qədim tarixi və ədəbi nümunələrə, tanınmış mütəxəssislərin araşdırmalarına əsaslanaraq həmin musiqi alətlərinin Azərbaycan xalq musiqisində qədim dövrlərdən bəri geniş istifadə edilən və populyarlığını bu günədək qoruyub saxlayan türk mənşəli alətlər olması ilə bağlı geniş arayış hazırlayıb və KİV-ə təqdim edib.

Amma o mənfurlarla mübarizəni tək COPAT deyil, hamılıqla aparmalıyıq.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.