
Super User
Günahsız yerə edam edilən ana "Kor nöqtə: işığın içində" - ÖMƏR XƏYYAM
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Ömər Xəyyamın prozası təqdim edilir.
Məşhur musiqiçinin baş rolda oynadığı, Lars von Trierin çəkdiyi, "Qızıl ürək" trilogiyasının ("Dalğaları yararkən", "İdiotlar") sonuncusu, 2000-ci ildə Kann kinofestivalının qalibi olmuş "Qaranlıqda rəqs edən" filmi haqqında yazmaq çoxdankı arzum idi.
Biləsiniz ki, sevimli rejissorum Trier heç vaxt Amerikada olmasa da, onun bu filmi Amerikadakı ab-hava, məhkəmə prosesi, makkartizmin kölgəsi, miqrantların problemləri, çoxluğun ekzistensiyası, beton cəngəlliklərdə insan ovu haqqında ən yaxşı filmlərdən biridir.
Səlma (Byork) tezliklə kor olacaq. Korluq ona ailəsindən miras qalıb. Daha doğrusu, onların genetik xəstəliyi müəyyən yaşdan sonra korluqla nəticələnir.
Gözləri tam tutulanacan oğlu üçün əməliyyat pulu toplayır.
Polisi öldürür...
Həbs olunur...
Edam cəzası alır...
Edam edilir...
Rəqs edir... ölümlə oynayır... qaranlıqda... işığın içində...
60-ci illər. Genetik xəstəlik səbəbiylə gözləri tutulmağa başlayan çexoslovakiyalı ana oğlunun da kor olacağından qorxur.
Ümid Amerikayadır. Ümid Amerikadadır.
Beləcə, miqrant həyatı başlayır.
Səlma yaxşı bilir ki, onun oğlu da bir gün kor olacaq.
Peşmandır:
"Bir gün kor olacağını bilə-bilə onu doğmamalı idim..." - düşünür, vicdan əzabı çəkir...
Əslində, Səlma əvvəlcədən bilirdi ki, onun övladı olsa, gözləri tutulacaq, fəqət, o bu həqiqətə gözünü yumur, daha doğrusu, onun gözləri onsuz da zəif görürdü... öz qaranlıq dünyasına ötəri işıq tutmaq qərarına gəlir. Beləcə, növbəti qurban doğulur.
Səlma, doğrudan, günahkardırmı? Axı özünün də dediyi kimi, doğmaq onun təbiətindəndir, instinktiv arzudur, analıq stixiyasının nəticəsidir... Axı o qadındır...
Düzdür, o günahkar kimi cəzasını alır, yaxşı bəs, bu doğuluşun, mövcudluğun əsl günahkarı kimdir? Yoxsa, ilahi ədalət?
Bu sualı cavablandırmağa cəhd edərik, fəqət, hələlik Amerika haqqında.
Səlma artıq Amerikadadır. Billi adlı polis məmurunun həyətindəki karavanın kirayənişinidir. Yemək dəzgahı düzəldilən fabrikdə işləyir və həmin fabrikdə işləyən Keti adlı qadınla dostlaşıb... Üstəlik, işçi Ceffi özünə aşiq də edib. Di gəl, onun sevgi oyunlarına vaxtı, həvəsi yoxdur.
O, bir növ, rahibədir... peşmanlıqdan inzivaya, günahından təkcənəliyinə çəkilmiş... korlaşan gözlərin, korşalan qadınlığın rahibəsi.
Kobud desək, Amerikada makkartizm ab-havası davam edir: Soyuq müharibədən sonra yaranmış, adicə bir sözə görə kommunist kimi damğalayan "fikri teorem" hökm sürür.
Fəqət, bu qarğaşanın, qanqaraçılığın və korluğun içində Səlma rəqs edir, oxuyur... Müzikl məşqlərinə, Hollivud müzikllarını izləməyə gedir. Belə demək olar: o rəqs etdikcə, öz ətrafında fırlandıqca, oxuduqca yaddaşının fövqünə çıxır, öz orbitini tərk edir. Səmazənlər kimi düşüncənin çölünə qaçır.
Ümidlidir... oğlunun gözlərini sağaltmaqdan ötrü pul yığır...
İş, tamaşa, qayğı, ümid... və bir gün polis Billi Səlmanın karavanına gəlir. İş elə gətirir ki, onlar bir-birlərini tanımağa cəhd edirlər, bir-birlərinə etiraf edirlər.
Məsələn, Billi deyir ki, arvadı Lindanın xərclərini ödəməyə gücü çatmır, kalan borcu var. Tezliklə pul tapmasa, onun evini əlindən alacaqlar.
Səlma da xəstəliyi haqqında söz açır. Özünün zamanla tamamilə kor olacağını, böyüdükcə oğlunun da gözlərinin tutulacağını deyir. Billi öyrənir ki, Səlma günahını yumaqdan ötrü ölkəsini tərk edib, xatirələrini dünyanın o başında qoyub Amerikaya gəlib. Və miqrantlığın əzab-əziyyətini məhz oğlunu qaranlıqdan xilas etmək üçün müzikla çevirib.
Billi Səlmaya, Səlma da Billiyə söz verir ki, bu söhbət əbədiyyətəcən burada, - karavanda qalacaq.
Fəqət, karavanda təkcə sözlər yox, həm də Billi özü qalır. Hə, o, Səlmanın hekayəsini, məqsədini bilə-bilə karavanda gizlənir və günahkar ananın oğlu üçün yığdığı pulun yerini öyrənir.
*
Səhərisi dəzgahın biri xarab olur. Əlbəttə, günahkar Səlmadır. İşlədiyi günlər üçün əməkhaqqı hesablanır... beləcə, onu işdən çıxarırlar.
Səlma suyu süzülə-süzülə karavana qayıdır, sonuncu əməkhaqqını da gizlətdiyi pulun üstünə qoymaq istəyir. Və... görür ki, pul yoxdur...
Qaçır Billigilə. Əvvəl sakitcə pulunu istəsə də, Billi əməlini danır, üstəlik, tabel tapançasını çıxarır. Əlbəttə, Səlma qorxmur, əksinə, polisin üstünə gedir və boğuşma başlayır. Budur: bir əl atəş açılır, Billi yıxılır...
Səlma onun ciblərini axtarmağa başlayır, di gəl, Billi müqavimət göstərir... qəzəbli ana təzədən atəş açır, yenə alınmır... Bu dəfə o, dəmir lövhəylə Billinin başına-başına vurur... nəhayət, günahlını cəzalandırır.
"Cəzalandırır" deyəndə ki... əslində, Billi özü ondan xahiş edir ki, atəş açsın, onu öldürsün... Yəni, Billi ölümünü özü çağırır. Görünür, o da bu əməliylə, Səlmanı cinayətə təhrik etməklə günahını yumaq, canını qurtarmaq, cənnətə düşməyi arzulayırmış...
Şərə qalib gəlmiş ana xəstəxanaya tələsir. 2056 dollar... Oğlunun gələcəkdəki qaranlıqdan qurtuluşu üçün lazım olan pulu, axır ki, ödəyir...
Özü isə rəfiqəsi Ketiylə teatra gedir. Onu bu dəfə qələbənin şərqisi çağırır.
Artıq xəbər yayılıb. Polislərə tamaşanın rejissoru xəbər verir. Səlmanı teatrdaca həbs edirlər.
Məhkəmənin qərarı isə... Səlmaya edam hökmü oxunur. Cəzanın icrası bir həftə sonraya təyin edilir.
Dostları Səlmanın həkimə verdiyi pulla başqa vəkil tutmaq istəsələr də, o, oğlunun gələcəyini düşünür və imtina edir... yəni, özünü fəda edir.
Məhkəmənin qərarı, sözsüz, ədalətdən iraqdır, həqiqətin əleyhinədir.
Ümumiyyətlə, səbəblər araşdırılmır, ciddi detallar, faktlar ötürülür, əvəzində aylar əvvəl fabrikdə müdirin "Yəqin, Çexoslovakiyada hər şey yaxşıdır, siz kommunistlər əlinizdə olanı bir-birinizlə paylaşırsınız" atmacasına Səlmanın "Bölüşməyin, paylaşmağın nəyi pisdir ki?" cavabını müzakirə edirlər və elə həmin cavaba əsasən, onu radikal solçu elan edirlər.
Üstəlik, məhkəmə qərara gəlir ki, Billi Səlmanın yox, Səlma Billinin pulunu oğurlayıbmış...
Bəs nə?! Miqrant Səlma... solçudur, oğrudur... və edam edilməlidir.
Hamı narahatdır, hakim gərgindir... Bircə Səlma rahatdır.
Pərdə çəkilir... Səlma sonuncu rəqsə hazırlaşır...
Elə bu vaxt Ketti oğlunun eynəyini gətirib onun ovcuna qoyur... Yəni, Səlma günahının bədəlini ödəmiş... Yəni, oğlu həmişə görəcək...
Yəni, pərdə bağlana bilər...
Pərdə bağlanır... Səlmanın sonuncu rəqsi başlayır...
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
MİLLİ KİNO - Elmin insan həyatına təsiri: “Bir qalanın sirri”
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bir neçə mövzu bundan öncə təhsil və oxumaq barədə yazmışdım. Bir mövzunu təkrarən yazmağı sevməsəm belə elə mövzular var ki, onları yazdıqca yazmaq istəyirsən. Bu gün haqqında danışacağım film isə rejissor Əlisəttar Atakişiyevin ekran əsəri olan “Bir qalanın sirri” filmi barədədir. Filmin təhsilə nə aidiyyatı deyə sual etməyə tələsməyin.
Filmin janrı macəra və uşaq üzərində olsa belə əsas məqsəd kitabın, oxumağın insanı necə irəli apara biləcəyini göstərməkdir. Film Məmmədhüseyn Təhmansibin “Çiçəkli dağ” eyniadlı pyesi əsasında ekranlaşdırılmışdır. Film-nağılda kənd əhalisinin əlindən torpağını, suyunu almış amansız Simnar xana qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən söhbət açılır.
Alim-həkim Eldostu, onun sadiq tələbəsi olan Mətanət, igid və cəsur Elşən və eyni zamanda Kamran baba da bu mübarizədə iştirak edirlər. Simnar xan və Göygöz kosa dağları əridərək kəndi bütövlükdə ələ keçirmək istəyir. Dağları əritməyin sirrini bilən yeganə insan həkim babadır. Bu sirri verməyin qarşılığında Simnar xanın baş vəzirlik və xeyli qızıl təklif etməsinə rəğmən həkim baba yolundan dönmür və hazırladığı dərmanı ona vermək əvəzinə məhv edir. Nəticədə Simnar xan həkim babanı qaçırdır.
Bu sirri bilən başqa adamlardan biri də Mətanətdir. Göygöz kosa qiyafəsini dəyişdirərək Mətanətin yanına gəlir və onun öz zəhməti, gücü hesabına yetişdirdiyi “Mətanət” gülünə yuxu dərmanı qarışdıraraq Mətanətə gülü qoxlatdırır. Nəticədə Mətanət dərin yuxua gedir. Bu fürsətdən məharətlə istifadə edən Göygöz kosa Mətanəti qaçırdır və bunu həkim babaya qarşı silah olaraq istifadə etmək istəyir.
Mətanətdən də sirri öyrənə bilməyən Simnar xan həkim babanı daşa döndərərək Mətanətə həkim babanın bir daş olaraq qalacağını deyir. Baş verənlərdən xəbərdar olan Kamran baba Elşənə olanları danışır. Elşən qılıncını alıb Həkim baba və Mətanətin olduğu qalaya hücum edir və ikisini də xilas etməyi bacarır.
Öncə ikisinin də daşa döndüyünü görən Elşən çarəsizlikdən nə edəcəyini bilmir. Həkim baba Elşənə qurtulmağın yeganə yolunun kitabları oxumaq olduğunu söyləyir. Nəticədə bitki də, çiçək də bir canlıdır, heyvanların, quşların, hətta bitkilərin dilini öyrənmək zərurəti yaranır. Başqa çıxış yolunun olmadığını görən Elşən günlərcə kitabları oxuyur və nəhayət, sirrləri öyrənir, bitkilər, çiçəklər barədə faydalı məlumatlar əldə edir.
Beləliklə, anlaşılır ki, hər şeyin çarəsi oxumaq və təhsil almaqdı.
Eyni zamanda bütün bunları səbrlə etmək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
GAP Antologiyasında Mərcan Manafzadənin “Mən quzey şairiyəm” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mərcan Manafzadədir.
Mərcan Mənafzadə
Təbriz
MƏN QUZEY ŞAİRİYƏM
Mən quzeydən gəlirəm
Bir şair baxışının darıxmalı kədərində
Ruhumun ağırlığı üstümdə,
Mən quzeydən gəlirəm.
Quzey dağlarının sal qayalarından
Bənövşə zəmilərindən
Mərcan mahnılarından gəlirəm.
Mən alıram şeirimin ruhunu sulu qərənfillərdən
Mən quzey şairiyəm.
Yasaqdır şeirlərim, saçlarım kimi
Mən gəlirəm
Əllərimi torpağa bağışlayam...
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
BİR ŞAİR, BİR ŞEİR – Nicat Hunalpdan “Uçuruma bir addım”
“Ədəbiyyat və incəsənət” portalının Bir şair, bir şeir rubrikasında fevralın 26-da mütləq bir kədərli, dərsli şeir verməliydik, bu işi gənc şair Nicat Hunalpa həvalə etdik. Və o, “Uçuruma bir addım” dedi.
Dünən gecə içimdə dəhşətli bir zəlzələ,
Təxminən haradasa beş-altı bal gücündə
Uçsaydı ev başıma tikəm gəlməzdi ələ
Gizlənə bilməsəydim vicdanımın içində
Hava çiskin yağışlı,önüm qatı sis - duman,
Əlimdə BMT -nin sülh adında çətiri
Damağımda qırmızı şveysarski Vinston
Dalbadal yandırıram sigarımı bitirib
Sülhməramlı pərdəsi altında işğalçılar,
Sülhü bərqərar edir Bağdadda ya Kabildə?
Çıxıb oxundan gəlir üstümə göy qübbəsi,
Allah qapısın açır üzümüzə Babildə
Gözümü zilləmişəm nəhəng Şeytan çarxına,
Burdan durub Məkkədə şeytana daş atıram
Rio De Janeyroda İsanın heykəlinin ,
Ən ucunda dayanıb, mən başımı qatıram
Küçənin ən sonunda qaranlıq bir dalanda,
Gizlədirəm özümü yarasa tək hamıdan
Burda nə qədər adam qəsd edib damarına,
Unudubdu her şeyi, dönübdü Allahından
Qarışıram şəhərin meqapolislərinə,
Ruhumun kədərindən doğuluram təzədən
Baxıram göy üzündə təyyarə izlərinə,
Çıxıb getmək isteyir ruhumda bu ölkədən
Bir payız axşamında istəyirəm qoşulam,
Çıxam gedəm bir yolluq durna qatarlarında
Hüqonun Qavroşu tək küçələrdə üşüyüm,
Yağış sızsın üstümə evin divarlarından
Çəkdiyim sigarların kötüyünə əyilir,
Ciyərimə yığılan siqarımın tüstüsü,
Liviyada ərəblər ip bağlayıb yıxdılar,
Bir zaman tapdıqları Qəddafinin büstünü
Çəkilirəm içimdə tikdiyim o daxmaya,
Azca hisə verilmiş balıq,bir qədəh şərab
Yaslanıram taxtadan düzəltdiyim yatağa,
Dərd yerinə alıram qəlyandan iki qullab
Səhər tezden oyanıb qaçıram konfransa ,
Köynəyim ütüsüzdü, saç saqqalım dağınıq
Türksoydan bir nəfərlə yolumuzda bir düşüb,
Salam, əziz soydaşım ikimiz bir yoldanıq
Danışırıq, yol boyu siyasətden doyunca,
Uyğurlardan söz düşür ürəyimə ox batır
Elə bil ki yenidən üsyana hazırlaşır,
Günəşin batdığı yerlərdə Osman Batır
Alovlanır, odlanır ruhum, cismim,bədənim,
Göytürklərdən gələn qan damarımda dolaşır
Sığa bilmir sərhədlər içrə mənim qələmim,
Altaylardan Batıya, Ötükənə yol aşır
Konfransı bitirib dayanacağa doğru,
Yeyin addımlar ilə yol gedirəm fikirli
Yağış yağır yenicə aldığım jaketimə,
Təzədi deyə hələ, çoxdu məndə xətiri
Soyuyuram getdikcə bu müasir dünyadan,
Elm texnologiya, yeni nəsil robotları
Ən gözəli bozqırda köç halında yaşayış,
Vəhşi çöllərdə çapır hələ monqol atları
Məkkənin qapısında dayanıbdı Hülagü,
Atlarının ayağı çeyneyir tüm cahanı
Savaşların birində topal qalmış sərkərdə,
Böyük Teymur adıyla şanlandırdı Turanı
Yaxın gəl ey balaca, bax özünə güzgüdə
Gör kimin nəvəsisən, gör kimə var oxşarın
Xorasandan Dehliyə qoşun çəkən baban var,
Tarixin son Fatehi Nadir Şah bəy Əfşarın
Yavaş -yavaş sökülür içərimdə daha dan,
Yaddaşım təyyarədə yazılı qara qutu
Açıram gözlərimi otağın ortasında,
Uzadılıbdı yerə ümidimin tabutu
Sığınmağa yerim yox ,tək Tanrıdan savayı ,
Daşıyıram ruhumu özümdəndə dərində
Beynimin son qatında böyük atom bombası,
Partlayacaq bir azdan ruhumun son yerində
Uçuruma doğru yol, bir iz varsa de gedim
Özümü atmaq kimi əyləncəm var uçrumdan
Tanrım özün bağışla, gəl məni burax gedim,
Xilas eylə nə olar, məni yorğun ruhumdan
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
VAQİF SƏMƏDOĞLU, “Atam Səməd Vurğun haqqında”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə orijinal, cəlbedici olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” əsərində Anar qəhrəmanlarının hər birinin obrazlarını müəllif müxtəlif illərdə (və müxtəlif ədəbi üsullarda) yaratmış olsa da, kitab o qədər bütöv, bitkin və ardıcıldır ki, tarixi fərqlər əsla duyulmur.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:
VAQİF SƏMƏDOĞLU, “ATAM SƏMƏD VURĞUN HAQQINDA”
Səməd Vurğun kimdir? Mənim atam. Dünya və Azərbaycan qarşısında daha nə nailiyyətləri var? Şair, akademik, SSRİ Ali Sovetinin, demək olar ki, daimi deputatı, parlament qrupunun üzvü, Moskva Dövlət Universitetinin fəxri doktoru, Azərbaycan Akademiyasının vitse-prezidenti, ovçu, Sovet Sülh Komitəsinin üzvü, 2 dəfə Stalin mükafatı laureatı, 2 dəfə Lenin ordeni kavaleri, İosif Stalin qarşısında şeir oxumuş və Uinston Çörçillin qabağında tost demiş bir azəri türkü, şair, dramaturq. Bakıda vağzal meydanında onun heykəli ucalır. Bir heykəli də Axundov adına Kitabxananın portalındadır. Bir büstü Bakıdakı ev muzeyinin qarşısında, bir heykəli Salahlı kəndindəki xatirə muzeyinin qabağında, böyük bir abidəsi Qazax şəhərində, biri də Biləsuvar rayon mərkəzində. Ancaq Biləsuvardakı heykəli tək deyil, Puşkin ilə yanaşı durub, çünki Azərbaycanın cənubunda yerləşən bu qədim türk məskəninə nə zamansa dahi rus şairi Puşkinin adını vermişdilər. Niyə? Bəlkə ona görə ki, başqa bir ölkəni, özgə xalqı yalnız odlu silahla yox, odsuz silahla, dahi adları ilə də zəbt eləmək olar. Keçmiş sovet respublikalarında minlərlə rus, sovet dövlət xadimlərinin adlarını daşıyan şəhərlər, qəsəbələr, kəndlər var idi. Çarizm vaxtında isə, təbii ki, rus imperatorları və onların ailə üzvlərinin adlarını daşıyan şəhərlərdə yaşayıblar babalarımız. Ancaq Biləsuvarda Səməd Vurğun ilə Puşkinin yanaşı dayanmalarında ədəbi məntiq var. Səməd Vurğun Puşkinin “Yevgeni Onegin” poemasını bizim dilə böyük məhəbbət və professional məharətlə tərcümə edib. Odur ki, onların dünyanın hansısa bir yerində qoşa dayanma haqları var.
Səməd Vurğunla bağlı rəsmi məlumatları verdim. Adlar, titullar, abidələr, vəzifələr. Yox, bir vəzifəsi yadımdan çıxmışdı az qala: Səməd Vurğun uzun illər Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edib. Ancaq bütün bu sadaladığım rəsmi tanınma atributları Azərbaycanda hamıya məlumdur. Və Azərbaycan nüfuzuna görə, deyəsən, 7-ci sovet respublikası statusundan qurtulub, dünyanın, kim bilir, neçənçi müstəqil dövlətinə çevriləndən sonra aydın göründü ki, Səməd Vurğunun daşıdığı adlardan yalnız ikisi Azərbaycanda əbədi yaşamaq haqqına malikdir: Şair və İnsan. Qalanları ötəri şey imiş.
Atam şair kimi neçin həmişə yaşayacaq? Mən bunu bəlkə övlad istəyimə arxalanıb deyirəm? Xeyr, bunu mən professional kimi etiraf edirəm. Azərbaycan ədəbiyyatı tarixinin bir səhifəsi Səməd Vurğundur. Böyük poetik istedadı, oxucu, dinləyici ürəyinə-beyninə birbaşa yol tapan səlis, gözəl dil, pafosun poetikliyi, cəmiyyət və nəhayət, təbii hadisəyə bənzər tamamilə aktyorluqdan uzaqda duran, bir özünü təqdim edə bilmək, sevilmək, yadda qalmaq, alqış doğurmaq bacarığı, Səməd Vurğun fenomeni. Miflər yaranan münbit zəmin... Sayı-hesabı yoxdur atam haqqında hələ özü sağ ikən yaranmağa başlayan miflərin, xatirələr formasında yazılmış yalanlı-doğrulu dastanların.
Yaxşı, bəs belə bir istedadla böyük şair neçin 1937-ci illərin Stalin repressiyasına məruz qalmadı?
– Səməd filankəsi satıb, özü aradan çıxıb.
Bu, bir versiya.
– Səməd doproslarda özünü mərd aparıb, elə kişilik göstərib ki, ona ölüm hökmü çıxarmağa heç kəsin əli qalxmayıb.
Bu da başqa bir versiya.
Anam Xavər xanımın versiyası:
– Mir Cəfər Bağırov «Красные Партизаны» təşkilatında sənin dayın, mənim böyük qardaşım Ağabəyin müavini olub.
Bir başqası tamamilə səmimi deyir:
– Səmədi tutub güllələsəydilər, bütün Azərbaycan xalqı ayağa qalxıb üsyan edərdi!
O zaman bu xalqın qorxusundan səsi də çıxmırdı...
– Ən istedadlıları, qaymaqları öldürdülər, qaldı belələri.
Yalandır. Böyük bir bəşər, insan faciəsini adi məişət cinayəti səviyyəsinə endirən yalan. Bəlkə də səmimi, fəqət tarixdən, ədəbiyyat və incəsənətdən çox da hali olmayan insanların təəssüf doğuran məyus məntiqidir bu fikir. Rusiyada böyük şair Osip Mandelştam həbsdə çürüdüldü, dahi Boris Pasternak qaldı. Stalindən şeir yazdığına görə? Dünyada Stalinin adını poeziyaya ilk dəfə gətirən məhz faciəli şəkildə həlak olmuş Mandelştam olmuşdu. Anna Axmatova, Andrey Platonov, Marina Svetayeva, Mixail Bulqakov, nəhayət, tamamilə haqlı olaraq Nobel mükafatları almış Mixail Şoloxov və yenə də həmən Boris Pasternak. Bunlar fiziki olaraq repressiya maşınından qurtaranlardan bir neçəsidir. Və ən dəhşətlisi də ondadır ki, bu repressiyaların nə dəqiq çəki norması olub, nə ölçü etalonu. Azərbaycanda da həmçinin, Hüseyn Cavid, Mikayıl Müşfıq kimi sənətkarlar tələf edildilər və onlarla başqaları: Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və yenə də onlarla başqaları sağ qaldılar. İndi hansı tərəzi ilə istedadların çəkisini ölçək? Elə bir tərəzi tapılsaydı, hər iki gözü göz yaşları ilə dolub düz gələrdi. Bəlkə də birə-bir...
Atamın o zaman həbs olunmaması haqda ən ağlabatan fərziyyəni 1971-ci ildə Moskvada mənə məşhur sovet şairi-yazıçısı Konstantin Simonov dedi:
– Bütün diktatorlar kimi, Stalin də öz misilsiz yaddaşını hamıya nümayiş etdirirdi. Mən əminəm ki, hər dəfə Mir Cəfər Bağırov onun qəbulunda olanda o, Səməddən də sözarası hal-əhval tuturmuş. Səmədi fəlakətdən, yəqin, elə bu qurtardı.
Səməd Vurğun 1935-ci ildə Kremldə Stalinin qəbulunda olmuşdu. Azərbaycanda Sovet hakimiyyətinin 15 illiyi münasibətilə keçirilən bayram təntənələri günlərində. Və orda Stalinin hüzurunda onun şərəfınə yazdığı məşhur “Rəhbərə salam!” şeirini oxumuşdu. Elə burdaca, atamı tribunada saxlayaraq, Stalin ona bir neçə sual verib, cavab almışdı.
Elə-belə, rəhbər “marağı”, “məzələnməyini” nümayiş etdirən sözlər...
– Самед это твое имя, а Вургун фамилия?
–Нет, товарищ Сталин, это мой псевдоним.
–А что означает слово Вургун?
–Влюбленный!
–В кого, в девушку?
–Нет, товарищ Сталин, в Родину!
Bax, bələ bir söhbət Kremldə. Bunun stenoqramması atamın ev muzeyində saxlanılır. “Vurğun” ləqəbini isə məhz ilk uğursuz məhəbbətindən sonra götürübmüş atam. Stalini aldadıb... Ertəsi gün Stalinə orden və medallar almaq üçün təqdim edilmiş azərbaycanlıların siyahısını gətirirlər. Səməd Vurğun o siyahıda Qırmızı Əmək Bayrağı ordeninə layiq bilinibmiş. Ancaq Stalin öz əli ilə “Lenin” ordeni yazıb, o birini pozub... Atamı ölkənin ən yüksək ordeni ilə təltif edib. Belə ki, Simonovun dediyində böyük məntiq var. Həmçinin mənim yaddaşımdan respublikamızın ozamankı yerli diktatoru Mir Cəfər Bağırovun öz məhkəməsində dediyi sözlər də çıxmır. Hakim, Almaniya faşizmi üzərində qurulmuş Nürnberq məhkəməsində SSRİ adından ittihamçı kimi çıxış edən Rudenko müttəhim Bağırovdan soruşdu:
– Siz xalqın sevimli şairi Səməd Vurğunu neçin həbs etdirmək istəyirdiniz?
– Mən bunu istəsəydim, çoxdan edərdim.
Bağırovun sözləri də, zənnimcə, həqiqət idi. Görünür, həyatda hər bir tarixi hadisənin bir neçə yozumu olduğu kimi, dəhşətli Stalin repressiyaları da bir nöqtədən çəkilmiş cəhənnəm mənzərəsi deyil. Yəqin ki, bu haqda tarixçilər, xüsusilə sovetoloqlar öz mötəbər fikirlərini deməlidirlər, mənim amacım yalnız atamla bağlı bu haqda oğul sözünü demək idi...
Səməd Vurğun əsasən 1926-cı ildən müntəzəm şeirlər yazmağa başlayıb və 1932-də kitabı “Fanar” işıq üzü görüb. Kitabdakı şeirlər Mayakovski poetikası ruhuna və formasına yaxın yazılardan ibarətdir. Ümumiyyətlə, otuzuncu illərin əvvəlində çoxmillətli böyük bir ölkənin çoxdilli poeziyası forma etibarilə bir-birinin eyni idi. Mayakovski pafosu, sərbəst cümlələr pillələri, ritm və bu ənənə dahi rus şairi özünü tapança ilə öldürənə qədər davam etdi. “Fanar” kitabı ilə şair Səməd Vurğun başlandı.
Bəs haralarda təhsil almışdı? Anadan olduğu Salahlı kəndinin məktəbində 5 sinif oxumuşdu. Bibisi Ayşə xanım onu Qazaxa, orda yenicə, 1918-ci ildə açılmış seminariyaya gətirəndə həmin təhsil ocağının rəhbəri böyük maarifçi Firidun bəy Köçərli zəif, raxit bədənli 12 yaşlı uşağı süzüb deyibmiş:
– Ayşə xanım, bu uşaq oxuya bilməz, zəifdir, xəstədir, beynində bilik qala bilməz yazığın.
Bunu eşidən Səməd ağzını açıb “Qurani-Kərim”dən birnəfəsə surələr deməyə başlayıb, parlaq yaddaşını nümayiş etdirib və sonrakı illərdə seminariyanın 1 nömrəli tələbəsi kimi bütün mahalda ad çıxarıb. Humanitar fənlərdən savayı, riyaziyyat, coğrafıyadan başqa Qazax seminariyasında saz, tar, hətta skripka çalmaq da öyrənib, dram dərnəyinin fəal iştirakçısı olub. Sonralar Səməd Vurğun Bakı Pedaqoji İnstitutunda və Moskva Dövlət Universitetində təhsil alıb. Ancaq inanmıram ki, oxuduğu məktəblər, institut, hətta Moskva Universiteti ona nə isə verib, simasını şəxsiyyət kimi formalaşdırıb. Çünki təbiəti etibarilə atam auditoriya və kitabxana adamı deyildi. Mən onu mütəmadi dərs oxuyan, leksiyalarda səliqə ilə konspektlər tutan tələbə kimi təsəvvürümə belə gətirə bilmirəm. O özü özünü savadlı insan etmişdi. Fitri istedadı və kitab oxumağı ilə, bəli, çox geniş mütaliəsinin hesabına Səməd Vurğun dünya fəlsəfəsindən, ədəbiyyat və mədəniyyətindən, tarixindən xəbərdar idi. Onun haqqında yaranmış yanlış miflərdən birinə görə, Səməd Vurğun yalnız istedadı hesabına böyük ədəbi sima ola bilib, guya savadı olmayıb. Yalandır. Atam Kant, Hegel, Şopenhauer fəlsəfələrindən də xəbərdar idi, marksizm-leninizmi də bilirdi. Rus dilində çap edilmiş dünya ədəbiyyatının nümunələrinin əksəriyyətini də oxumuşdu. Rus dilində tamamilə sərbəst danışır, bir vergül səhvi belə buraxmadan yazırdı. İlya Erenburq kimi intellektualı bu bacarığı ilə hətta bir dəfə heyrətə gətirmişdi. Fəqət yazımın əvvəlində demişdim: atam haqqında miflər çoxdur, indinin özündə də yaranmaqdadır. Qoy olsun. Bu miflərdən, şəxsən mənə görə, Səməd Vurğun poeziyasına nə xeyir dəyir, nə zərər. Bu poeziya isə poeziya məfhumunun özü qədər sehrkar və sirlidir. Niyə?
1989-90-91-ci illərdə Bakıda keçirilən çoxminli Milli Azadlıq hərəkatının mitinqləri azəri türklərinin oyanışı, sovet imperiyasının süqutu, millətin öz doğma torpağı Qarabağa qarşı qonşu Ermənistanın təcavüzünə sinə gərməkçün qalxması amilləri ilə yanaşı, həm də neçə dəfə atamla bağlı da narahat hisslər keçirmişdim. O zaman Bakıda və başqa şəhərlərimizdə, qəsəbələrimizdə Leninin, Kirovun, Şaumyanın və başqa bolşevik rəhbərlərinin heykəlləri uçurulurdu. Və bu anlarda, nə gizlədim, mənim övlad qəlbimdə xəfif, fəqət dəhşətli bir xof, qorxu var idi ki, birdən beyinləri qızmış gənclər “sovet şairi”, “sovet bəstəkarı”, “sosializm ideoloqları” fitvası altında Səməd Vurğunun, Üzeyir Hacıbəyovun da abidələrinə əl qaldırarlar, onları da dağıdarlar. Bununla da Çində baş vermiş “mədəni inqilab”ın başqa variantını təkrar edərlər. Bu, mənim şəxsi faciəm və əlbəttə ki, bütün Azərbaycana vurulmuş, ölkənin nüfuzunu bütün dünyada ən aşağı pilləyə endirən bir aksiya olardı. Xoşbəxtlikdən xalqımız mənim xofumdan qat-qat müdrik çıxdı, doğrudan da, poeziya məmləkətinin övladları olduğunu sübut etdi. Mitinqlərdə ən çox şeirləri səslənən şairlərdən biri məhz Səməd Vurğun oldu. Qəribədir, ana torpaq uğrunda şəhid olmağa hazır olanlar da Səməd Vurğunun şeirlərindən misralar deyirdilər, meydanda yüz minlərlə insanı dağıtmaq məqsədilə oraya gələn Kommunist Partiyasının rəhbərləri də, vətənpərvərlər və təxribatçılar, türkçülər və islamçılar, demokratlar və ifrat radikallar da. Belə də olmalı idi. Əsl poeziya hətta hansısa konkret bir ideologiyanın tərənnümçüsü kimi çıxış edəndə belə öz bədii muxtariyyətini qoruyub saxlamaq qüdrətinə malikdir. Buna misallar çoxdur. Uolt Uitmen Amerikada, Redyard Kiplinq İngiltərədə... Unutmayaq ki, məşhur “Qırmızıpapaq” nağılını Şarl Pyero bir royalist ideoloqu kimi yazmış və bu nağıl Fransada bir müddət yasaq elan edilmişdi. Amma bu gözəl, müdrik nağılın bədiiliyi bütün ideologiyalardan qüvvətli, yaşarı çıxıb və bugünə də ayaq basdı, gələcəyə də yönəlib. Görünür, Allah ədəbiyyatı, mədəniyyəti xüsusi nəzarəti altında saxlayır. Ona təşəkkür edək.
Mən Allaha bir işinə görə də minnətdaram. 1933-cü ildə Səməd Vurğunu bir gənc qızla – Xavər Mirzəbəyovayla görüşdürdüyünə görə. Mənim atamla anamı...
1935-ci ildə qardaşım Yusif Səmədoğlu dünyaya gəldi, yazıçı idi. Azərbaycan parlamentinin üzvü olmuşdur.
1937-ci ildə bacım Aybəniz dünyaya göz açmışdı. Atamın ən çox sevdiyi övladı. Onun bacıma olan böyük, kövrək məhəbbəti məndə nədənsə heç bir vaxt qısqanclıq doğurmayıb və bunun səbəbini sonralar anlamışam. Axı atam ata da görmüşdür, qardaşı da var idi. Anasını lap uşaqkən itirmiş, bacısı isə olmamışdır. Və Səməd Vurğun bu həsrətini məhz Aybənizlə söndürmüşdü. Bacım anam Xavər xanımla birgə Səməd Vurğunun Bakıdakı ev muzeyini saxlamış, onun ruhunu yaşatmışlar.
Qardaşımla bacımın dünyaya gəlməklərini dedim, özümü isə az qala unutmuşdum. Mən bu dünyaya 1939-cu ildə gəlmişəm. Mən doğulandan cəmi bir neçə saat sonra atam doğum evinə anama qısaca bir məktub, şeir çatdırıb. İlk misraları belədir:
Demək, oğlumuzun Vaqifdir adı,
O da olacaqdır şeirin ustadı.
Göründüyü kimi, məni ilk dəfə bu dünyada şair kimi elan edib, adımı qoyan və tanıyan adam Azərbaycanın Xalq şairi Səməd Vurğun olub. Əlbəttə ki, bu sözlərim zarafatdır. Mənim də həyatım təsadüflərdən yoğrulmuş bir insan taleyidir. Genetik amilləri mən kənara qoymuram. Bu da var...
Mənim yazım Səməd Vurğun yaradıcılığının təhlili, onun tam bioqrafiyası deyil. Sadəcə olaraq, əli qələm tutan bir oğlun ata haqqında və dar çərçivə daxilində yazdığı bir essesayağı məlumatdır. Bununla belə, deməliyəm ki, Səməd Vurğun ən tanınmış Azərbaycan dramaturqlarından biridir. İndinin özündə də onlarla, bəlkə də yüzlərlə adamlar var ki, onun mənzum “Vaqif” dramının ilk misrasından sonuncusuna qədər əzbərdən deyirlər! 1938-ci ildə yazılmış bu əsər hələ də unudulmayıb, çoxdan bəri səhnədə qoyulmasa da. “Fərhad və Şirin”, “Xanlar”, “İnsan” dramları da var Səməd Vurğunun.
Səməd Vurğunun Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri onun indiki ədəbi azəri türkcəsinin formalaşmasında apardığı mübarizədir. Dilimizin ifrat ərəb və farsçılıqdan qurtarmasında qələbə ilə nəticələnmiş bir mübarizə. Və nə qədər ki bu dil var, Səməd Vurğun adlı şair oxunacaq. Seviləcək və sevilməyəcək. Yəni yaşayacaq.
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
“Bir qələm, bir dəftər, bir can gətirdim…” – ƏLİ TUDƏNİN ANIM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mən öz qardaşıma mehman gələndə
Bir qələm, bir dəftər, bir can gətirdim
Dağların döşünü toplar dələndə
Bir ləkə düşməyən vicdan gətirdim.
Mən onu günəşdən təmiz saxladım,
Canımdan, gözümdən əziz saxladım,
Bu kiçik qəlbimdə dəniz saxladım
Bir xilqət görmədi, pünhan gətirdim.
Ucuz tutmasınlar bu sovqatımı
Hissimi, duyğumu, ehsasatımı,
Mən öz varlığımı, öz həyatımı
Doğma qardaşıma qurban gətirdim.
Ürək daş deyildir, bir parça ətdir
Bəs onu yaşadan hansı qüdrətdir?
Bir arzu, bir ümid, bir məhəbbətdir,
Mən o məhəbbətdən nişan gətirdim.
Qardaşım, illərlə istədin ki sən
Öz ana yurdumda azad olum mən…
Lakin cəlalımı dağıtdı düşmən,
Tək sənə, tək sənə güman gətirdim.
Yenə Azərbaycan qan ağlayır, qan
O azad olmasa, yaşamam, inan!
Gərək mən Təbrizə qayıdan zaman
Deyəm ki, təzə bir dövran gətirdim.
Bu gün siyasi, ictimai xadim, Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından, ilk ana dili dərsliyinin müəlliflərindən biri, İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaratmış, əməkdar incəsənət xadimi, əmək veteranı, mühacir Azərbaycan şairi Əli Tudənin anım günüdür.
Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Əslən Ərdəbilin Çanaqbulaq kəndindən olan valideynləri XX əsrin əvvəllərində Bakıya köçüb. Atası neft mədənində fəhləlik edib və buruq ustası vəzifəsinə qədər yüksəlib. Kiçik yaşlarında hər iki valideynini itirən Əli nənəsinin himayəsində böyüyüb. 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, həmçinin radioda səsləndirilib.
1938-ci il represiya dövründə 7-ci sinifdə oxuyarkən Cənubi Azərbaycan mənşəli olduğu üçün şair nənəsi ilə birlikdə İrana sürgün olunub və təhsili yarımçıq qalıb. O, İranda ata yurdu olan Savalan dağının ətəyindəki Çanaxbulaq kəndində təsərrüfat işləri ilə məşğul olub. Ərdəbildə fəhləlilik edib. Ağır həyat tərzi keçirib. lakin, bir gün belə olsun qələmini yerə qoymayıb, daim yazıb-yaradıb.
Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatının ən fəal üzvlərindən biri olub.
1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli hökumət qurulanda xalqını, millətini ürəkdən sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyib. “Ana dili” kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayıb. Bundan əlavə, Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradıb.
Milli hökumət onu ali mükafatla, “21 Azər” medalı ilə təltif edib. Təbrizin "Şairlər məclisi" ndə müdriklər tərəfindən Əliyə Tudə, yəni Xalq təxəllüsü verilib.
Tudə təxəllüsünü
Xalq özü verdi mənə.
Mərd, fədai olmağı
Məsləhət gördü mənə.
O zaman şairin hələ sadəcə 22 yaşı var idi və ilk şeirlər kitabı da çap mərhələsində idi. Lakin, min bir əzabla qanlar bahasına qurulan milli hökumət qısa zamanda İran dövləti tərəfindən devrildikdən sonra şairin kitabı mətbəədəcə yandırılıb və Şah tutulduğu anda məhkəməsiz flansız qətlə yetirilməsi haqqında fərman verib. Şair yenidən şimali Azərbaycana üz tutub və ömrünün sonuna qədər siyasi mühacir pasportu və vətən həsrəti ilə yaşayıb.
O, heç vaxt Sovet pasportu daşımayıb və bir çox yüksək titul və mükafatlardan məhrum olub.
Bütün dünya görür ki,yarım əsrə yaxındır
Mən xalqımın içində siyasi mühacirəm
Mən sakin deyiləm hələ də müsafirəm
Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyib. Burada həmçinin şairə ali təhsil almaq imkanı yaranıb və o, Bakı Dövlət Universitetinin filologiya fakuktəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali Partiya Məktəbində müdavim, "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olub. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilib.
“Əməkdə fərqləndiyinə görə” medalı ilə mükafatlandırılıb və Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunub. O, həmçinin "əmək veteranı", "əməkdar incəsənət xadimi" adlarına da layiq görülüb.
Qardaş xəyalımı soraqlasan sən
Vətən çox genişdir sən hər yanda gəz
Ancaq ürəyimi tapmaq istəsən
Başqa yerə getmə Savalanda gəz
Yaradıcılığının başlıca motivlərini, nisgil, intizar, vətən həsrəti təşkil edən şair 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Onun əsərləri özbək, qırğız, hind, ukrayna, rus, inglis və s dillərə tərcümə olunub.
Ömrü boyu cənub intizarı çəkən Əli Tudə doğma kəndi Çanaqbulağa olan həsrətini belə ifadə edirdi:
Yol üstdəki bulağıyla kəndimizi istəyirəm
Gəncliyimin dodağıyla kəndimizi istəyirəm
Mənə şair balam deyən, şeir sənət qalam deyən
Durnalardan salam deyən kəndimizi istəyirəm
Gülqasımlı yarağanıyla, Gülburnulu bostanıyla
Günəşiylə, dumanıyla kəndimizi istəyirəm
Xəyal hicran dumanında, könül vüsal gümanında
Çanaqbulaq ünvanında kəndimizi istəyirəm
O, 1996-cı ildə fevralın 26-da Bakıda vəfat edib və fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
Biz qayıtdıq, Xocalı!
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bir faciə düşünün. İnsanlıq tarixinə qara ləkə kimi düşəcək, 20-ci əsrin ən dəhşətli qırğınlarından biri kimi yaddaşlarda qalacaq bir faciə.
Bir faciə düşünün, körpəsindən tutmuş, hamilə qadınına, əl-ayağı yalın qocasına qədər hər kəsin üzərində hər cür vəhşiliyin, vandallığın törədildiyi bir faciə.
Bir faciə düşünün, evində yatan insanların evi ilə birlikdə yandırılaraq külə döndərildiyi, əsir götürülən insanların ağaclara bağlanaraq üstündə ocaq qalandığı, yenicə doğulan uşaqların analarının gözü önündə iki hissəyə bölündüyü bir faciə.
Bu gün bütün bu sadaladığım vəhşiliklərin, vandallıqların törədildiyi Xocalı faciəsinin 33-cü ildönümüdü.
1992-ci il Fevral ayının 25-indən 26-na keçən gecə erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıda törətdiyi, insanlığa sığmayan hər cür murdarlığı etdiyi vəhşiliklər bu gün də xatirimizdədi və bu gün də Xocalıda öldürülən 613 nəfər soydaşımız anılır.
Biz qayıtdıq Xocalım!
Sənə qarşı törədilən vəhşiliklərin qisasını alaraq qayıtdıq.
Biz qayıtdıq Xocalım!
Alnımıza çalınan qara ləkəni təmizləyərək qayıtdıq.
Biz qayıtdıq Xocalım!
Şəhidlərimizin, qisasını alaraq, analarımızın gözündəki yaşı silərək qayıtdıq.
Biz qayıtdıq Xocalım!
Sənə qarşı uzanan naməhrəm əli dibindən kəsərək, bağrına düşən müsəlman qanını təmizləmək üçün, səni yenidən ilk günkü kimi əzəmətli, gözəl, güllü-çiçəkli etmək üçün qayıtdıq.
Artıq sənin adın anılanda başımızı aşağı salmırıq. Artıq sənə tərəf baxanda “Görəsən Xocalını görə biləcəyəmmi?” sualını bir-birimizə vermirik.
Artıq səni igid, qorxmaz, qalib Azərbaycan əsgəri qoruyur.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!!
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
“Bir cüt ayaq heykəli” -XOCALI HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Meyxoş Abdullanın “Bir cüt ayaq heykəli” hekayəsini təqdim edir.
Xocalı faciəsində şəhid olan soydaşlarımızın
əziz xatirəsinə həsr olunur.
... Fevral ayının iyirmi beşi, gecə saat onbir. Qəsəbə zülmət qaranlıq içərisində yorğun və heysiz adamlar kimi mürgü vururdu. Uzaqdan baxanda gecənin qaranlığında, qəsəbədəki evlərin damının az qala göy qübbəsinə dirənmiş vəziyyətdə görmək olurdu. Neçə gündənbəri yağmağa başlayan qar, onsuz da dözülməz olan vəziyyəti bir az da ağırlaşdırmışdı. Bir həftəyə yaxın idi ki, qəsəbəyə verilən elektrik xətti də kəsilmişdi. Birdən qəsəbəni it səsləri başına götürdü. İtlər ağız-ağıza verib elə ulaşırdılar ki, adamın qorxusundan əti ürpəşirdi.
... Həyətə düşdüm. Az keçməmiş itlərin səsinə boğuq uğultu səsləri də qarışdı. – Aman tanrım, bu nədir? - deyə ətrafa qulaq kəsildim. Üstündən bir az keçmiş qəsəbəni əhatə edən təpəliklərin üstündən güclü işıqlar düşməyə başladı. İşıqlar o qədər gur və parlaq idi ki, sanki qəsəbəni bütov bir alov ağuşuna almışdı. Güclü partlayış səsləri eşidilməyə başladı.
İtlər bir anlıq səslərini içlərinə çəkərək, canlarını qoymağa yer axtarırdılar. Mərmilərin gurultusundan qorxaraq evlərindən həyətlərə tökülmüş insanların səsi aləmi başına götürmüşdü. Hər kəs nə baş verdiyini öyrənmək üçün qonum-qonşusunu haraylayırdı.
Mən dərhal evə götürüldüm. Atam, anam və bacım evin bir küncünə sığınaraq, qorxularından gözlərini qapıya dikmişdilər.
- Bu nədir, qızım? – deyə, qoca və xəstə atam məni görən kimi nəzərlərini üzümə dikdi.
- Ata, düşmənlərdir, qəsəbəni atəşə tutublar. Tez olun, evdən çıxın, evi vura bilərlər!- deyə onları tələsdirdim.
Anamla bacım qorxularından ağlamağa başladılar. Vaxt itirmək olmazdı, gurultuların sayı get-gedə artırdı.
Gecənin qaranlığını yararaq evin pəncərələrindən içəri düşən od-alovun şöləsi ətrafda qorxunc bir mənzərə yaradırdı. Atam düşdüyümüz vəziyyətin ağırlığını dərk etsə də özünü tox tutub dedi:
-Yubanmayın, geyinin!..
Biz lampanın zəif işığında yarımqaranlıq otaqları gəzib, əyinimizə geyinmək üçün isti pal-paltar axtarırdıq. Anam evin küncünə qoyulmuş köhnə sandıqdan, əski parçasına bükülmüş bir düyünçəni götürüb belinə bağladığı yun şalının altına qoyanda, atam yavaşca dedi:
-Gözlə ki, salıb itirməyəsən.
Atam anamın, mən də iki yaş məndən kiçik olan, bu il yanvarın ikisində onyeddi yaşı tamam olmuş bacım Səbinənin əlindən tutaraq meşəyə, camaatın getdiyi tərəfə qaçırdıq.
Yeriyə bilməyən, qara batıb qalmış xəstələrin, qocaların qışqırtısı, yalvarış səsləri adamın ürəyini göynətsə də, hər kəs öz canının hayındaydı. Qəhrəmanlıq göstərməyin yeri deyildi, hər an üzləşə biləcəyin ölüm kabusundan heç kəs sığortalanmamışdı.
Ətrafdakı gurultu səsləri get-gedə, lap qulağımızın dibində eşidilirdi. Düşmənlərin fikri, deyəsən bizi mühasirəyə alib diri tutmaq idi. Yoxsa, qar üstündə qaralan silahsız adamları qırıb, çatmaq onlar üçün o qədər də çətin iş deyildi.
Meşəni insan səsləri başına götürmüşdü. Illahki, qadınların qışqırtısı. Bu insan səsindən daha çox vəhşi heyvanların böyürtüsünə bənzəyirdi. Meşənin dərinliklərinə irəlilədikcə, səslər daha müdhiş və qorxunc olurdu.
Düşmənlər get-gedə yaxınlaşırdılar. Ara-sıra onların səslərini də eşitmək olurdu. Öz dillərində danışaraq, nə isə qarğa kimi qarıldaşırdılar. Bir azdan avtomatlar “ulamağa” başladı. Adamlar pərən-pərən düşdülər.
Bərk yorulmuşdiq. Qocalara və xəstələrə yerimək olduqca zor gəlirdi. Ancaq heç kəs onları atıb getmək istəmirdi. Bayaq bizdən ayrılaraq əks istiqamətə gedənıər atəş açmağa başladılar. Yəqin ki onlar düşmənləri bir az arxaya çəkmək istəyirdilər. Amma səhvə yol verdilər, eyni vaxtda həm bizi, həm də onların özlərini zirehli texnikalardan atəşə tutmağa başladılar. Bir dəqiqənin içində elə bir hay-küy qopdu ki, sanki yer-göy uçdu. Tankların gurultusu, avtomat və plamiyotların şaqqıltısı meşədə cəhənnəm mənzərəsi yaratdı. Bu dəhşətli mənzərəni görəndə adamın inanmağı gəlmirdi ki, bu boyda od-alovun içindən sağ çıxan olsun. Güllələr ağacların budaqlarını biçib başımıza tökürdü.
Bir xeyli yol qət etmişdik. Xoşbəxtçilikdəndir, ya nədən ailəmizdən hələlik heç kəsin burnu da qanamamışdı. Amma anamın vəziyyəti tamam pisləşmişdi, o güclə yeriyirdi. Atam ona kömək etmək iqtidarında deyildi. Çünki o özünü güclə sürüyüb aparırdı. Bacım mənə sığınmışdı, bir addım da olsun məndən aralanmırdı. Ağlaşma-qışqırıq səsləri də kəsilmişdi. İnsanlar üzülüb hey-hərəkətdən düşdükcə, elə bil ağlamağa, haray-həşir salmağa gücləri də çatmırdı.
Bir qayalığın yanına çatıb dayandıq. Buranı qar tutmadığına görə daldalanmaq olardı. Adamlar yorğunluqdan və tyuxusuzluqdan ayaqüstə dayana bilməyib yerə çökürdülər. Qar göydən əlcə-əlcə ələnirdi. Elə bil allahın da acığı tutmuşdu bizlərə, bir qırıq da olsun rəhmi-zadı qalmamışdı.
Anamın vəziyyəti get-gedə daha da ağırlaşırdı. O, yerimək istəmirdi. Hər dəqiqəbaşı dayanaraq bizə yalvarıb deyirdi ki, onu gözləməyək, qaçıb canımızı qurtaraq. Atam isə ona təskinlik verməyə çalışırdı:
-Bir az da döz- deyirdi, hər şey yaxşı olacaq.
Anam isə ona qulaq asmaq belə istəmirdi.
- Siz gedin, mənimlə işiniz olmasın, - deyirdi.
Biz isə onun qolundan tutaraq arxamızca aparırdıq.
Hava get-gedə işıqlaşırdı, səhər açılmaqdaydı. Bütün gecəni ayaq üstündə olduğumuza görə, möhkəmcə yorulmuşduq. Yan-yörəmizdə düşüb qalan tək-tük insan meyidləri gecədən yağan qarın altında güclə gözə çarpırdı.
Anamın taqəti tamam kəsilməkdəydi. O, bir ağaca söykənib:
- Mən bir addım da olsun irəli gedə bilmərəm. – Yox, daha bacarmıram, siz gedin, mənim son nəfəsimdir – deyirdi.
Hamımız ayaq saxlayıb, onun bir azca nəfəsini dərib dincəlməyini gözləyirdik. Doğurdan da, arvadın son nəfəsiydi. O, artıq özünü saxlaya bilməyib, yavaş-yavaş yerə çökdü və qarın üstünə uzandı.
Atam tez əynindəki paltosunu çıxarıb qarın üstünə sərdi və biz köməkləşib anamın halsız bədənini paltonun üstünə uzatdıq. Bacımla dizə çöküb anamızın əllərini ovcumuza alıb ovuşdururduq. Anamızın əli get-gedə soyuyaraq buza dönürdü. Bacım anama yalvara-yalvara hönkürürdü. Anam da arada göz qapaqlarını qaldıraraq, məzlum-məzlum üzümüzə baxıb nə isə deməyə çalışırdı. Amma danışa bilmədiyinə görə dil-dodağı əsirdi. O, son dəfə gözlərini dolandıraraq, bircə-bircə hamımızın üzünə nəzər saldı. Və onun bu baxışları atamın üzərində birdəfəlik donub qaldı...
Atam dizə çöküb anamın gözlərini qapadı. Sonra üzünü bizə tutub boğuq səslə:
- Qızlar, bir az aralı durun, qoyun ananız rahat can ver... O sözlərini axıra çatdıra bilməyib hönkürdü.
Atam anamızın meyidini ağacın gövdəsinə yaxın yerə sürüdü. Biz isə anamızın meyidini qucaqlayıb gözyaşı axıdırdıq. Atam əllərini çiynimizə qoyaraq, donub qalmışdı. Yazıq kişi nə edəcəyini, bizə necə təskinlik verəcəyini heç özü də bilmirdi. O, handan-hana özündə güc tapıb pıçıldadı:
- Balalarım... gecdir, ananızla vidalaşın...
Biz isə onun sözlərini eşitmirmiş kimi, anamızı bərk-bərk qucaqlamışdıq.
Atam qolumuzdan tutub ayağa qaldırdı. Sonra isə nə fikirləşdisə, aşağı əyilib anamın belindəki yun şalın arasından kiçik bağlamanı götürüb mənə verdi və:
- Qızım, al bunu saxla, işdir sağ qalsaq karımıza gələr,- dedi.
Mən bağlamanın içindəkilərin nə olduğunu fərqinə varmadan onu alıb yun köynəyimin boğazından içəri saldım. Atam anamın üstünü qarla örtdü. Sonra isə ağacların budaqlarından qoparıb üstünə düzdü ki, yerini itirməsin, axtaranda tapa bilək.
Sonra oradan uzaqlaşdıq.
Qarşıda kicik yargan görünürdü. Biz o yargandan kecib yoxuşa qalxmalı və atam dediyi yerə catmalıydıq. Yargana az qalmış birdən başımızın üstündən güllələr ulayıb kecdi. Güllələr o qədər yaxından kecdi ki, onların vıyıltısını apaydın eşidirdik. Yerimizdəcə donub qaldıq. Atəşin haradan acıldığını öyrənmək ücün, dördbiryanımıza nəzər saldıq. Elə bu vaxt yarganın aşagı tərəfindən bizə tərəf gələn iki düşmən əsgərini gördük. Onların hər ikisi avtomatlarını bizə tərəf tuşlamışdılar. Atam bir-iki addım geri cəkilib bizi arxasında gizlətməyə calışdı. Bacımla mən qorxumuzdan atamıza sığınaraq , allaha yalvarırdıq ki, bizi bu bəladan qorusun.
Düşmənlər bizə catıb dayandılar. Onlardan biri dedi:
- Qorxmayın, üstünüzdə nəyiniz var verin bura, sizə köməklik edərik, cıxıb gedərsiniz.
Atam onlara hec bir şeyimizin olmadığını deyəndə, həmin erməni onun üstünə bağırdı:
- Sus qoca, mən səndən yox bu qızlardan soruşuram. Bizim səndən umacağımız hec bir şey yoxdur. Gözlə ki, indi sən bizdən nəsə xahiş etməli olacaqsan.
Erməni yenə təkrar etdi:
-Bir də deyirəm, üstünüzdə nəyiniz varsa verin bura! Yoxsa...... sayıram....bir....iki...
O avtomatın lüləsini düz üstümüzə tuşlayıb, saymaga başlayanda, mən tez əlimi köynəyimin bogazından icəri salıb, bayaq anamdan götürdüyümüz bağlamanı onlara tərəf uzatdım.
Ermənilərdən biri irəli yeriyib düyüncəni əlimdən qapdı və onu bir necə dəfə atıb-tutaraq, ağır yüngüllüyünü yoxlayandan sonra, sırıqlısının arxasına soxub gizlətdi.
-Silahdan-zaddan nəyiniz var, verin bura!-deyə o, daha sonra əmr etdi.
Biz möhkəmcə qorxmuşduq. Düşmənlər isə buna fikir verməyərək, üst başımızı axtarmaga başladılar. Bu axtarışdan cox, bizi ələ salıb təhqir etmək idi. Onlara mane olmaq istəsək də bizə fikir verməyib, bir az da it kimi şitənirdilər. Onların bu hərəkətinə dözməyən atam, irəli yeridi və var gücü ilə onları itələyərək: - Əclaflar, nə edirsiniz?- dedi. Sizin ananız, bacınız yoxdur məyər?!, -dedi.
Ermənilərdən biri atama yaxınlaşıb avtomatının lüləsini düz onun gicgahına dayadı:
- Görürsən, qoca meymun, sən bu sarsaq hərəkətlərinlə, nəinki bizim hec bu gözəl qızlarında xoşuna gəlmirsən, deyib atəş acdı.
Güllə acılan kimi qarın üstünə qan çiləndi. Atam agzıüstə qarın icinə düşüb qaldı. Başından fişqıran qan bir andaca ətrafı alqırmızı rəngə boyadı. Gözümüzün qarşısında doğmaca atamızı öldürmək bizim üçün dəhşətli gəlirdi. İndi biz nə edəcəyik? – deyə için-için ağlayırdıq.
Bacımı hec cür ovuda bilmirdim. Atamızın gözümüzun qarşısında öldürülməsi, onu bərk qorxutmuşdu. O, atamızın hərəkətsiz vücudundan yapışaraq silkələyir və tez -tez: - Ata, ay ata durmursan?! Dur gedək də! – deyə qışqırırdı.
Ermənilərdən biri bacımın paltosunun boynundan yapışdı və var gücüylə onu kənara tolazladı. Bacım üzüqoylu qarın üstünə sərələndi. Mən kömək edib onu qaldırdım və pıcıldıyla: - Özünü ələ al, yoxsa onlar bizi öldürəcəklər! - dedim.
Bacım bir qədər sakitləşdi.
Onlar bizi yarğanın aşağısındakı dərəyə sarı apardılar. Ora catanda gözlərimizə inanmadıq. Ətrafa coxlu insan meyidləri düşüb qalmışdı. Hər tərəf alqırmızı qan idi. Meyidlərdən bir qədər aralıda isə bir yerə toplaşmış əsirlər görünürdülər. Onların əksəriyyəti qadınlar idi, bir-birinə sığınaraq soyuqdan titrəyirdilər.
Bir azdan iki hərbi yük maşını göründü. Onlar yarğanın yanına çatıb dayandılar. Əsirləri maşınlara tərəf qovdular. Mən də bacımın qolundan yapışıb maşına tərəf getmək istəyəndə həmin düşmən əsgərlərindən biri bizi kənara çəkdi və: - Hara özünüzü soxursunuz? – dedi. Bilirsinizmi onları hara aparırlar?
Sonra bizdən cavab gözləmədən: - Əsgərlər olan kazarmalara paylayacaqlar.
Ondan bu sözləri eşidəndə bir neçə addım geri çəkildik.
Əsirləri maşınlara yığıb apardılar.
Bizimlə qalan iki erməni isə ətrafa səpələnmiş pal-paltarı bir yerə yığaraq onların üstə oturmağı bizə əmr etdilər. Özləri də bellərindəki çantaları açıb, içindən kolbasa, konserv qutuları, qaynadılmış yumurta iki şüşə də araq çıxarıb ortalığa qoydular.
Biz axşamdan ac olsaq da, ortalıqdakı ərzaqların heç birinə əl vurmadıq. Yeməkmi yada düşürdi belə vaxtda? Onlar isə təkid edirdilər:
- Yeyin, yeyin, niyə naz eləyirsiniz? Onsuz da acınızdan it kimi köpük qusursunuz.
Sonra onlardan biri əlindəki stəkana araq süzüb bizə tərəf uzatdı və:
- Alın için, görürəm donub ölürsünüz. Qoy, bir azca canınız qızınsın - dedi.
Nə bacım, nə də mən araq stəkanına əlimizi də vurmadıq. Başımızı bulamaqla onları qandırmağa çalışdıq ki, biz içki içə bilmirik.
Ermənilər bizi məcbur etməyə başladılar. Hətta onlardan biri bacımın boğazından yapışıb barmaqlarını onun ağzına soxdu və qızın zorla ağzını açmağa vadar etdi. Qız ağzını açan kimi araqdolu stəkanı onun boğazına boşaltdı. Yazıq qızın gözləri kəlləsinə çıxmışdı. Bacım öyüyərək halsız halda qarın üzərinə uzandı. Sonra məni məcbur etdilər. Onlardan xahiş etdim ki, bizimlə işləri olmasınlar, bu iki gün ərzində bizim həm atamız, həm də anamız həlak olubdur.
Mənim dediklərimin onlar üçün heç bir əhəmiyyəti yox idi. Əslinə qalsa, onlar bizi eşitmək belə istəmirdilər.
- Ata-ananız ölübsə, bu daha gözəl, - deyə onlar şit-şit gülməyə başladılar. Bu münasibətlə içmək daha xoş olardı, - deyə eynən bacımla etdiklərini mənimlə də edərək, stəkan dolu arağı mənim boğazıma tökdülər.
Hər ikimizi iki dəfə beləcə içirtdilər. Birinci dəfəydi ki, dilimizə araq dəyirdi. Onlar özləri də əməlli-başlı keflənmişdilər. Ağız-ağıza verərək çaqqal kimi ulaşırdılar. Ürəyimə danmışdı ki, onlar bizimlə pis davranacaqlar. Odur ki, tamam-kamal ağılları başlarından çıxmamış yalvar-yaxar edirdim ki, bəlkə yola gətirib, birtəhər əllərindən çıxa bildik. Ermənilər isə bir-birlərinə göz basaraq bizi dolayırdılar.
- Surencan, nə deyirsən, buraxaq onları çıxıb getsinlər, yazıqdırlar, axı?
O biri də ağız-burnunu əyə-əyə bir az da bizi ələ salırdı:
- Hə, Martiroscan, qızlar düz deyirlər, buraxaq onları çıxıb getsinlər. Qoy gedib orda-burda danışsınlar ki, çölün düzündə iki erməni igidiylə yeyib-içdik, amma sən demə onların heç birinin kişiliyi yox imiş bizimlə kef çəkməyə.
Onun sözünü Suren deyilən erməni də təsdiqlədi:
- Sən düz deyirsən, Martiroscan, bax bu mənim heç ağlıma gəlməyib, - dedi.
Bərk həyəcan keçirirdik. Necə hərəkət edəcəyimizi qərarlaşdıra bilmirdik. Ancaq onu bilirdim ki, bu əclaflardan yaxşı bir şey gözləmək ağılsızlıq olarda.
Bacıma görə bərk narahat idim. O yəqin ki, mənim kimi düşünmürdü, qorxurdu.
Ermənilər çölün ortasındaca paltarlarını soyunmağa başlamışdılar. Bir-birinə göz-qaş etmələrindən hiss etmək olurdu ki, onlar artıq bizi aralarında bölüşüblər də. Ayaqüstə zorla dayandıqlarından, arada özlərini saxlaya bilməyib yıxılıb qara da batırdılar.
Bacıma nəzər saldım, o, qorxusundan gözlərini gözlərimin içinə dikmişdi. Qız havalanmış adamlara oxşayırdı. Əyilib onun qulağına pıçıldadım:
- Səbinə, qaçaq!!!
Bacım bu sözümə bənd imiş kimi tez sıçrayıb ayağa qalxdı və məni də gözləmədən qaçmağa başladı. Mən də yerimdən götürüldüm.
Qaçanda bizi arxadan vurmasınlar deyə, paltarların üstündə düşüb qalmış, avtomat silahların qayışlarından yapışıb dalımca sürüməyə başladım. Silahları bir qədər sürüyəndən sonra gördüm ki, bunlarla uzağa gedib çıxa bilməyəcəyik. Çünki onlar yaman ağır idi, qaçmaqda bizə mane olurdu. Odur ki, onlardan birini qolum tutduqca kənara tulladım, o birini isə yenə də arxamca sürüməyə başladım.
Bizdən bu hərəkəti gözləməyən ermənilər çaş-baş qalmışdılar. Əvvəlcə, nələrin baş verdiyini anlamadıqlarından, qorxularından ora-bura boylanırdılar Sonra özlərinə gəlib bizim arxamızcan götürüldülər.
Ermənilərdən bir xeyli aralana bilmişdik. Mən geri baxanda onların qara bata-bata arxamızca gəldiyini gördüm. Deyəsən birinin əlində avtomat silah vardı. – Lənətə gələsən səni, əclaf, silahını götürə bilib, dedim.
Elə bu vaxt qulağımızın dibini yalayıb keçən güllə səslərini eşidəndə, artıq ölüm təhlükəsinin bizim lap yaxınlığımızda olduğunu anladıq. İkinci dəfə güllə səsi eşidiləndə, sol çiynimin üstünü, elə bil kimsə bərkdən çimdiklədi. Paltoumdan bir parça qopub qarın üzərinə düşdüyünü görəndə, anladım ki, güllə mənə dəyib, yaralanmışam.
Bunu bacıma bildirməmək üçün cınqırımı belə çıxarmadım. Bir azdan qoltuğumun altından üzüaşağı isti bir şeyin süzüldüyünü hiss edəndə, artıq yaramın ciddi olduğunu anladım.
Orta məktəbdə oxuyanda hərbi dərsindən silahlarla davranmağı alababat bilirdim. Bir dəfə də məşğələ zamanı avtomat silahdan atəş açmağı bizə öyrətmişdilər. Odur ki, əlimdəki silahı qaldırıb ermənilər tərəfə tutdum və tətiyi çəkdim. Güllələr ətrafa səpələndi ayaq üstə onsuz da zorla dayandığımdan hara gəldi atəş açırdım. Qabaqda gələn ermənidən bağırtı səsi eşidildi və həmin andaca o, ağzıüstə qarın üzərinə düşüb qaldı.
Avtomatın gülləsi qurtarmışdı, onu özümə yük eləməyin heç bir mənası yox idi. Ona görə də onu kənara tulladım. Yaralı vəziyyətdə uzağa qaça bilməyəcəyimi düşünəndə təşviş hissi keçirirdim. Çünki get-gedə halım xarablaşırdı. Bizdən beş-altı metr solda sıldırım qayalıq uzanıb gedirdi. Bayaqdan həmin sıldırım qayalığın böyürü ilə qaçırdıq. Həm yaralandığımdam, həm də bu vəziyyətin çox da belə davam eləyə bilməyəcəyini düşündüyümdən ağlımdan keçirtdim ki, özümüzü bu qayalıqdan aşağı ataq. Onsuz da başqa çarəmiz yox idi. Ya, arxadan bizi vurub öldürəcəkdilər, ya da yorulub ələ kecəcəkdik. Vaxt itirmək olmazdı, çünki hər dəqiqəbaşı yan-yörəmizdən ötüb keçən güllələrin birinə tuş ola bilərdik. Odur ki, bacımın qolundan dartıb dedim:
- Gözlərini yum, özümüzü buradan atırıq.
Onsuz da bacımın halı özündə deyildi, mən onu bir parça ət kimi arxamca sürüyürdüm.
Qayanın başından baxanda dibi görünmürdü. Gözlərimizi yumub atıldıq. Havada, elə bil uçurduq. Bu uçurum mən düşündüyümdən də dərin imiş.
Kol-kosun üzərinə düşüb diyirlənəndə anladım ki, sağ-salamatam, sevindim. Gözlərimi açıb ətrafıma nəzər saldım, hər tərəf bir-birinə kələf kimi dolaşıq düşmüş koı-kosdan ibarət idi. Sağ qaldığıma inanmırdım. Yan-yörəmə boylanıb bacımı axtardım. Məndən bir qədər aralı, arxasıüstə düşüb qalmışdı. Ona tərəf süründüm, ağzından axan laxtayla qanı görəndə qışqırdım. Bacımın başı yerdəki iri daşa dəyərək dağılmışdı. Onu qucaqlayıb sinəmə sıxdım. Nəfəsi çoxdan kəsilmişdi. İki günün içində mənə əziz olan doğmalarımı itirmək necə də ağır gəlirdi mənə. Dərdin böyüklüyü bütün hissiyatımı başımdan almışdı.
Əlimi salıb bacımın paltosunun ciblərini axtardım, düşündüm ki, bəlkə ondan yadigar qalası nə isə tapdım. Evimizin açrları cibindəydi... Açarları götürüb bir xeyli ora-bura aşırdım, sonra isə cibimə atdım. Bacımın paltosunun yan cibində səliqə ilə kağıza bükülmüş bir şey əlimə dəydi, açıb baxdım. Qonşumuzun oğlu Elmarın şəkili idi, bacımla bir sinifdə oxumuşdular. Keçən il kəndin kənarında düşmən snayperi düz ürəyindən vurmuşdu. Şəkilin arxasında yazı da vardı, bir bənd şeir idi, Elmar yazmışdı.
Şəkili bir müddət əlimdə saxladım, Elmarın iti baxışları düz gözlərimin içinə zillənmişdi. Qorxdum. Şəkili ehmalca bacımın sinəsinin üstünə qoydum.
Oradan uzaqlaşmaq vaxtıydı, çünki yuxarıdan ara-sıra atəş açırdılar. Güllələr məndən xeyli aralı, sıldırım qayanın o biri tərəfinə dəyərək, əks-səds verirdi.
Bacımın buza dönmüş bədənini qucaqlayaraq bağrıma basdım və onun uşaq məsumluğu yağan üz-gözündən doyunca öpdüm. Onu həmişəlik tərk edəcəyimi düşünəndə için-için ağladım....
Yubana bilməzdim, bacımın paltosunun yaxalıqlarını qaldırıb üzünü örtdüm və oradan uzaqlaşdım. Kol-kosun arasıyla keçib, qayalığın lap dibinə, axar suyun içinə girdim. Burada su qurşaqdan yuxarıydı. Varkücümü toplayıb, suyun içiylə, dərəaşağı yeriməyə başladım.
Elə bir yerə gəlib çıxmışdım ki, bundan o yana getmək mümkün deyildi. Qarşıda enli çay vardı. Bu boyda çayı üzüb keçməkdə mən çox aciz idim. Kənara çıxmaq isə qorxuluydu, yenidən başımı bəlaya sala bilərdim. Odur ki, bir qədər səbr edib gözləmək lazım gəlirdi. İki saata qədər gözlədim. Gözlədim ki, axşam düşsün sonra buradan çıxım. Bütün bədənim donmuşdu. Ayaqlarım isə tamam hərəkətsiz haldaydı.
Qar isə dayanmadan yağırdı. Sürünə-sürünə çayın sahilinə çıxdım. Harda olduğumu özüm də bilmirdim. Uzaqdan zəif işıqlar gözümə dəyirdi. Qarın üzərində üzüqoylu yıxılıb qalmışdım. Istəyirdim ki, ayaq üstə durum bacarmırdım, taqətim kəsilmişdi. Xoş bir yuxu məni ağuşuna alıb aparırdı. Bu iki günün ağır, üzücü yorğunluğundan sonra azacıq da olsa, elə yatmaq istəyirdim ki... daha heç nədən qorxum yox idi. Bilirdim ki, əgər məni yuxu aparsa donub öləcəyəm. Ölümqabağı isə doyunca yatmaq istəyirdim...
Gözıərimi açanda özümü çarpayıda, başımın üstündə də ağxalatlı bir həkimin dayandığını gördüm. Diksindim. Harda olduğumu, bura necə gəlib düşdüyümü yadıma salmağa çalışdım. Başımdan qorxunc bir fikir gəlib keçdi: - Olmaya mən əsir düşmüşəm, – deyə dəli kimi ora-bura göz gəzdirdim
Həkim təşviş hissi keçirtdiyimi görüb mülayim səslə dedi:
- Qızım, sakit olun, sizə tərpənmək olmaz. Bu səs ana laylası kimi mənə doğma gəldi. Ürəyim elə uçundu ki.. özümü saxlaya bilməyib ağladım.
Həkim məni sakitləşdirməyə çalışdı:
- Özünü ələ al, yaxşı ki, özümüzünkülərə rast gəlmisən, yoxsa...
Ondan bu sözləri eşidəndə özümdə bir azca sakitlik tapdım, əl-qolum yerindəydi. Dizlərimdə isə möhkəmcə gizilti hiss edirdim. Əlimi ayaqlarıma tərəf uzatdım. Dizdən aşağı əlimə bir şeyin dəymədiyini hiss edəndə diksindim. Hər iki qıçım dizdən aşağı yox idi... Gözlərimi həkimin gözlərinin içinə dikdim. O indi mənim qışqıraraq haray salacağımı, söyüb onu təhqir edəcəyimi gözləyirdi. Mən isə susurdum.
Həkim mənim sakitliklə onun gözlərinin içinə baxdığımı görüb, bir az ürəkləndi:
- Qızım, başqa çarəmiz yox idi, çox gecikmişdi, bir az da yubansaydıq sənin özünü xilas etmək mümkün olmayacaqdı. Mən də təəssüflənirəm ki, ayaqlarınızı xilas edə bilmədim. – Səbirli ol, müharibədir, bu iş hamımızın başına gələ bilər. Hə etmək olar, gərək birtəhər dözək, - deyə o, yüngülcə əlimi sığalladı.
Mən həkimi yaxşı başa düşürdüm. O demək istəyirdi ki, allahına şükür et ki, salamat qalmısan. Düz də deyirdi.
Hər ikimiz susmuşduq. Handan-hana başımı qaldıraraq, onun gözlərinin içinə dikdim və:
- Həkim, mənim ayaqlarım hardadır? - Xahiş edirəm, əgər mümkünsə, deyin onları gətirsinlər.
Həkim eşitdiyi sözlərdən təəccüblənərək, gözləri bərəlmiş halda üzümə baxdı.
- Sən nə danışırsan, nə ayaqlar? Bu ki mümkün deyil. Birdəki, o ayaqlar sənin nəyinə lazımdır, axı?
Mən isə çox sakit tərzdə:
- Xahiş edirəm, deyin ayaqlarımı gətirsinlər.
- Bu sənə çox pis təsir edər, qorxarsan, dəli olarsan, qızım. Mən belə bir istəyi ömrümdə birinci dəfədir ki xəstəmdən eşidirəm. Yox, yox, bu mümkün olan iş deyil. Bir az sakit olun hər şey keçib gedər, - deyə həkim az qala yalvaracaqdı.
- Nədən qorxacağam, - dedim. – Mənim qorxduğum nə vardısa hamisı arxada qaldı. Yüzlərlə günahsız adamın gözlərimin qarşısında güllələnməsini görəndə qorxmadım... Xəstə anamın, qoca atamın, məsum bacımın ürək parçalayan faciələri gözlərimin qarşısında oldu, qorxmadım. Gecəni səhərəcən tək-təhna yalquzaq kimi dərə-təpəni dolaşdım, yenə də qorxmadım. İndi deyirsiniz ki, iki cansız, qansız ayaqlarımı görəndə qorxacağam. Mənim üçün narahat olmayın, mən bu ikicə günün ərzində min ilin dərdləriylə yükləndim, həkim. - Nə olar, çox xahiş edirəm, deyin ayaqlarımı gətirsinlər, qoy onları görüm, qorxub-eləmərəm narahat olmayın.
Həkim daha bir söz deməyib, mənalı-mənalı üzümə baxdı, hiss etdim ki, yamanca kövrəlib.
O, ehmalca qapını açıb eşiyə çıxdı, bir azdan əllərində ağ parçaya bükülü ayaqlarla içəri girdi. Onları mənim qollarım arasına qoyub bir necə addım geri çəkildi.
Zorla da olsa yerimin içində dikəldim və ağ parçaya bükülmüş ayaqlarımı açdım. Qanı çəkilmiş ayaqlar, sanki mahir heykəltaraş əlindən çıxmış bir cüt ayaq heykəlinə bənzəyirdi. Onlar buz parçası kimi soyuq idilər. Mən onları bircə-bircə bağrıma basdım və öpdüm. Sonra isə gözlərimi ayaqlarımdan ayırmadan həkimə dedim:
- Həkim, bu ayaqlar mənim namusumu, şərəfimi qorudular, ata-anamın, məsum bacımın narahat ruhlarının təskinlik tapması üçün mənim sağ qalmağıma kömək etdilər. Ona görə bu ayaqlara borcluyam ki, bu gün sağam və şəhid olmuş bütöv bir ailənin sərgərdan ruhlarının toxtaqlıq tapacağı bir evin ocaqçatanıyam. Bundan sonra, bəlkə də mən heç kimə lazım olmayacağam. Amma sevinirəm ki, heç olmasa, əziz günlərdə doğmalarımın ruhları şad olsun deyə, onların əziz xatirəsi üçün bir şam belə yandırmağa qadirəm. – İndi sizdən bir xahişim də var, mümkünsə ayaqlarımı elə yerdə dəfn edin ki, mən hər vaxt onları ziyarət edə bilim.
Həkim nəmlənmiş gözlərini mənim baxışlarımdan gizlətmək üçün üzünü yana çevirdi və bir söz demədən asta addımlarla çarpayıma yaxınlaşıb, cansız ayaqları mənim qucağımdan aldı.
Elə bil hər ikimizin çiyinlərindən ağır bir yük götürüldü...
Həkim gedəndən sonra mən ehmalca pəncərənin pərdəsini qaldırıb eşiyə boylandım. Bayırda quşbaşı qar yağırdı. Hər tərəf ağappaq qar örtüyünə bürünmüşdü. Damlar, daşlar hər şey... hər tərəf tünd ağ rəngdəydi... Elə bil, bu dünyada qara deyiləsi bir rəng heç əzəldən yox imiş... Təkcə, mənim ürəyimdən axan qara qanlardan savayı...
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
Unutmadıq, unutmayacağıq!
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün şəhidimiz - Baş çavuş Tural Abdullayevin doğum günüdür.
Heç bir şəhidi unutmaq olmaz. Onları daim xatırlamalı, doğum və şəhadər günlərində məzarlarına baş çəkməliyik.
Tural Abdullayev 1990-cı il fevralın 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. Doğulduğu ildən 1992-ci ilə qədər Abdullayevlər ailəsi Laçın şəhərində yaşayıblar.
2008–2010-cu illərdə o, Xüsusi Təyinatlı Qüvvələrin Salyan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edirdi.
Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub.
Təltifləri:
"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı;
"Qarabağ" ordeni;
"Vətən uğrunda" medalı;
"Kəlbəcərin azad olunmasına görə" medalı.
Şəhid Tural Abdullayevə məxsus əşyalar, materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
Amma indi sən ölmüsən və biz sənin qatillərin olmuşuq -AKTUAL
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Salam Torpaq..
Sən bir zamanlar canlı idin. Biz səni hiss edirdik, sən bizi bəsləyirdin. Barmaqlarımızın arasından süzülən qara torpağın hər zərrəsi doğma idi. Yağış düşəndə, sənin bədənindən torpaq qoxusu yüksələrdi—saflıq, həyat və ölümün qoxusu. Amma indi? Sən ölmüsən, torpaq! Və biz sənin qatillərin olmuşuq.
Sənə ağı deyən dillər çoxdan susdurulub, səni sevən əllər paslanmış çərçivələrin arxasında qalıb. Sənə "qibləmiz" deyənlər indi səni dəmir çubuqlarla deşib, asfaltın altına basdırıblar. Bizim üçün sən artıq sadəcə bir maneəsən, evlərimizin altında gizlədiyimiz, betonun altında nəfəsi kəsilən bir kölə.
Torpaq, biz sənə xəyanət etdik. Sənin canını bizdən soruşan olmayacaqmı?
Bizi dünyaya gətirən sən idin. Biz sənin içində doğulmuşduq, sənin üzərində qaçıb oynayırdıq. Balaca əllərimiz səndən-gildən küftələr düzəldirdi, palçıqdan qəsrlər ucaldırdı. İndi isə sənə toxunmaqdan qorxuruq. Çünki sən artıq təmiz deyilsən. Biz səni çirkləndirdik.
Plastik qalıqların içində boğulan meşələr, sənə səpələnən zəhərli tullantılar, damarlarına axan qara neft, ağ ciyərlərini boğan kimyəvi qazlar.. Biz sənin üzərində bir virus kimi çoxaldıq, sən isə səssizcə bizi daşımağa davam etdin. Amma torpaq, bəsdir! Biz artıq özümüzdən iyrənirik, sən də bizi özündən at!
Sən indi bizim üçün bir yük, bir unudulmuş yaddaşsan. Amma sən unutmazsan, torpaq! Sən hər şeyi saxlayırsan,öldürülən çiçəklərin qoxusunu, kəsilmiş ağacların kök ağrısını, öldürülən canlıların son nəfəsini. Sən hər şeyi udursan, amma heç nəyi bağışlamırsan!
Biz səni dəhşətə saldıq, Torpaq. Biz sənin damarlarını deşib neftinlə alver etdik. Biz səni asfalta büküb sənin nəfəsini kəsdik. Biz sənin içində yaşıl çəmənlər əvəzinə dəmir qüllələr tikdik. Amma bilirik ki, sən unutmursan. Və bir gün-biz sənə geri dönəndə,sən bizi unutmadığını göstərəcəksən.
Biz səndən gəldik, sənə dönəcəyik. Belə deyirlər. Amma biz artıq sənə dönə biləcəyikmi? Biz indi plastik tabutlarda çürüyürük, çünki bədənlərimiz belə sənə qarışmaqdan qorxur. Bizim ölümümüz belə süni olub, torpaq. Biz sənin içində torpaq kimi yox, tullantı kimi çürüyürük.
O gün gələndə, biz sənə qarışmağa çalışacağıq. Amma sən bizi qəbul edəcəksənmi? Yoxsa betonun altında sıxılıb qalmış bir ruh kimi çabalayacağıq? Sən bizi özünə ala biləcəksənmi, yoxsa biz artıq sənə yadıq? Biz torpağa dönə bilməyəcəyik, torpaq! Çünki sən bizi çoxdan silmisən.
Biz səni unutduq, amma sən bizi unutmadın.
İndi nə olacaq, torpaq?
İndi kim kimə məzar olacaq?
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)