Super User

Super User

Azərbaycan Turizm Bürosu fevralın 18-dən 24-dək müvafiq olaraq Bakı, Daşkənd və Almatı şəhərlərində keçirilən “Luxury Travel Mart” (LTM) tədbirində iştirak edib.

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, tədbirlər çərçivəsində Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın 25-dən çox aparıcı turizm şirkətləri və turoperatorları ilə görüşlər keçirilib, sənaye nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

 

Premium turizm bazarına fokuslanan müzakirələr çərçivəsində Azərbaycanın beynəlxalq səviyyəli dağ-xizək, sağlamlıq və istirahət mərkəzləri, o cümlədən lüks turizm imkanları və biznes turizmi sektoru haqqında iştirakçılara məlumat verilib.

 

Qeyd edək ki, ümumilikdə 2024-cü il ərzində Mərkəzi Asiya regionundan Azərbaycana səfər sayı 180 min 528 nəfər təşkil edib ki, bu da öz növbəsində 2023-cü illə müqayisədə 34 faizdən çox artım deməkdir.

 

“Azərbaycan Hava Yolları” (AZAL), “Air Astana”, “FlyArystan” və “Uzbekistan Airways”in Bakı ilə Almatı, Astana, Aktau, Daşkənd və Düşənbə arasında yerinə yetirdiyi birbaşa aviareyslər qarşılıqlı ziyarətçi sayının artırır və ölkələrarası əlaqələri gücləndirir.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

Вторник, 25 Февраль 2025 20:01

Rostovda Azərbaycan klubu fəaliyyətə başlayıb

 

Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində fəaliyyət göstərən Don Dövlət

Texniki Universitetində Azərbaycan klubu yaradılıb.

 

Tədbirdə Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Rostov Regional bölməsinin fəalları və Don Dövlət Texniki Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, klubun həm Azərbaycanlı tələbələr, həm də Azərbaycan mədəniyyəti və ənənələrinə daha yaxından bələd olmaq istəyənlər arasında birliyi, həmrəyliyi təşviq edəcəyi, onlar arasında əlaqələrin, təcrübə mübadiləsinin inkişafına töhfə verəcəyi bildirilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Вторник, 25 Февраль 2025 19:51

Xarici media nümayəndələri “ASAN xidmət”də

 

Fransa müstəmləkəçiliyi altında olan ərazilərin media nümayəndələrinin “ASAN xidmət” mərkəzinə səfəri təşkil edilib. Görüşdə “ASAN xidmət” konsepsiyası, habelə vətəndaşların müvafiq dövlət xidmətlərindən effektiv şəkildə istifadə etməsi təcrübəsi qonaqlara təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, bu modelin müstəmləkəçilikdən əziyyət çəkən ərazilərdə də tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. Görüş zamanı ASAN könüllüləri və onların fəaliyyəti ilə yaxından tanışlıq olunub, eləcə də könüllülük prinsipləri müzakirə edilib. Adalardan olan könüllülər üçün təlimlərin keçirilməsi ilə bağlı niyyət ifadə edilib. Beynəlxalq əməkdaşlıq perspektivlərini genişləndirmək baxımından “ASAN xidmət” təcrübəsinin paylaşılmasının, oxşar təşəbbüslərin tətbiq edilməsinin faydalı ola biləcəyi vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bazar ertəsi səhər Kiyevə qatarda gəlib, özü də Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının üçüncü ildönümünü qeyd etmək üçün. 

Xanım Lyayen, eyni zamanda gəlişinin digər səbəbini də izhar edib: Donald Trampın Moskvayla danışıqlara gedən irəliləyişləri Avropa ittifaqı tərəfdaşlarında narahatlıq yaradıb, tələsik bir razılaşmanın bütün qitəni Kremlin ekspansionizminə qarşı həssas edə biləcəyinə dair qorxuları artırıb.

Avropa Komissiyasının sədrinin Ukraynanın gərgin maliyyə vəziyyətinə əlavə likvidlik təmin etmək və onun yerli sənayesindən hərbi avadanlıq alımını asanlaşdırmaq üçün 3,5 milyard avroluq maliyyə yardımı paketini təqdim etməsi gözlənilir.

 

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

“Uzun illərdir davam edən 1915-ci il hadisələri hekayəsini şübhə altına alaraq mübahisələri alovlandıran Ermənistan Baş naziri Nikol Paşinyan həm ölkə daxilində, həm də qlobal erməni diasporunda tənqidlərə məruz qalır. Onun açıqlamaları “erməni soyqırımı”nın formalaşmasında Sovet İttifaqının roluna və bu təbliğatın arxasında duran geosiyasi motivlərə işıq salır...”

 

“Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuş məqaləsində yazıb.

“Nikol Paşinyan və 1915-ci il hadisələri” başlıqlı məqalədə Paşinyanın Davosda çıxışının qəbul edilmiş tarixi təsəvvürlərə meydan oxuduğu, bununla da həm qızğın müzakirələrə, həm də erməni millətçilərinin və beynəlxalq müşahidəçilərin kəskin reaksiyalarına səbəb olduğu göstərilib. 1915-ci il hadisələrinə dair soydaşlarının şərhinə şübhə ilə yanaşdığını bildirən erməni Baş nazir onların uzun illər formalaşmış versiyalardan əl çəkməmələrini tənqid edib.

Paşinyana görə, bu hadisələr zamanı dəqiq nəyin və niyə baş verdiyini, eləcə də “erməni soyqırımı” məsələsinin nə üçün 1939-cu ildə gündəmə gətirilmədiyini, 1950-ci illərdə qəfildən aktuallaşdığını anlamaq vacibdir. Paşinyanın bəyanata həm Ermənistan daxilində, həm də qlobal erməni diasporunda çox sərt reaksiya verilib. O, Ermənistanın milli təhlükəsizliyini təhdid sayılacaq “təhlükəli” bəyanatlar səsləndirməkdə ittiham olunub. Paşinyan ermənilərin uzun illərdir “erməni soyqırımı” adlandırılan 1915-ci il hadisələrindən siyasi və milli məqsədlərlə öz maraqlarını dünyada təbliğ etmək, hətta Türkiyəyə siyasi ziyan vurmaq üçün istifadə etdiklərini söyləyib. Onun sözlərinə görə, bunu təkcə ermənilər deyil, həm də sovetlər edib. Bu da Ermənistanın baş nazirinin daha kəskin şəkildə tənqid olunmasına gətirib çıxarıb.

Məqalədə Paşinyana istinadən yazılıb ki, əlavə miflərlə “soyqırımı” hekayəsini Sovet İttifaqı uydurub, Ermənistan Sov.İKP MK üzvü Karen Dəmirçyan isə təbliğ edib. Müəllifin fikrincə,  Paşinyanın 1950-ci illərin adını çəkməsi də təsadüfi deyil. Belə ki 1952-ci ildə Türkiyə NATO-ya üzv qəbul olunub. Nəticədə sovetlər Türkiyəyə təzyiq göstərmək üçün erməni tarixindən istifadə etməyə başlayıblar. Bu vəziyyət sovetlərin ermənilərin qayğısına qalmaq və ya 1915-ci il hadisələri ilə bağlı həqiqəti üzə çıxarmaq istəyindən deyil, türklərə nifrətindən və Sovet İttifaqının düşməni olan NATO üzvlərinə zərər vermək istəyindən irəli gəlib. Bununla belə, Sovetin “erməni soyqırımı”nı təbliğinə, hadisələrin şərhinə miflər əlavə etməsinə baxmayaraq, bu hekayənin yaradıcısı elə ermənilər özləridir.                                                            

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://thej.ca/2025/02/17/nikol-pashinyan-and-the-events-of-1915/

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

 

Вторник, 25 Февраль 2025 13:15

Almaniya Azərbaycanlıları Alyansı yeni tərkibdə toplanıb

Almaniya Azərbaycanlıları Alyansının növbəti toplantısı Almaniyanın paytaxtı Berlində şəhərində keçirilib və toplantında Alyansın İdarə Heyətinin yeni tərkibi təsdiqlənib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlimata görə, Almaniyadakı Azərbaycan diasporunun fəal üzvlərindən olan, Köln Azərbaycan Evinin həmtəsisçisi Altay Rüstəmli İdarə Heyətinin yeni sədri seçilib.

Daha sonra Alyansın İdarə Heyəti yeni tərkibin ilk toplantısını təşkil edib. Toplantıda  Alyansın keçdiyi yol, həyata keçirilən layihələr müzakirə edilib, təşkilatın fəaliyyəti yüksək qiymətləndirilib, perspektivlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Alyansın İdarə Heyətinin yeni və köhnə tərkibinə daxil olan soydaşlarımız Azərbaycan diasporunun fəaliyyətinə göstərdiyi qayğıya və sistemli dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatın fəaliyyətini daim diqqət mərkəzində saxladığı ifadə edilib.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin yeni sədri Altay Rüstəmli 2009-cu ildən Almaniyada yaşayır və bu ölkədəki Azərbaycan diasporunun fəal üzvlərindəndir. Soydaşımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edir, Qarabağın bərpası prosesinə töhfə verir.

Qeyd edək ki, Almaniya Almaniya Azərbaycanlıları Alyansı 2018-ci ilin sentyabr ayında Berlin şəhərində yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə təsis edilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

“Xocalıya Ədalət” Kampaniyası çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondu, Bakı Dövlət Universiteti və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərlə “Reza Deqatinin Gözündə Xocalı Soyqırımı” adlı görüş keçirilib.

Görüşün əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor müavini Yusif Vəliyev və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Ələkbərli çıxış edərək bu cür tədbirlərin gənclərin milli tariximizi daha dərindən anlaması və Azərbaycan həqiqətlərini beynəlxalq arenada düzgün şəkildə təbliğ etməsi baxımından çox önəmli olduğunu vurğulayıblar, dünyaca məşhur fotoqraf Reza Deqatinin Xocalı Soyqırımına dair fotoşəkillərinin və şahidliyinin hadisənin faciəvi reallıqlarını gənclərə vizual olaraq çatdırmaqda mühüm rol oynadığını qeyd ediblər.

Tədbirin davamında Reza Deqati Xocalı Soyqırımından dərhal sonra çəkdiyi nadir fotoları təqdim edərək şahidi olduğu hadisələrdən danışıb. O, həmin ağrılı və acılı günlərin indi də gözünün önündə canlandığını söyləyib. Fotoqraf vurğulayıb ki, Xocalı Faciəsi təkcə Azərbaycan xalqına deyil, ümumiyyətlə insanlığa qarşı törədilmiş ağır cinayətdir və bu cinayətin tanınması üçün beynəlxalq səviyyədə mübarizə aparmaq vacibdir.  

Reza Deqatinin təqdim etdiyi foto və faktlara gənclər böyük maraq göstərib və yekunda öz suallarını məşhur fotoqrafa ünvanlayıblar.

Qeyd edək ki, keçirilən görüş Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması məqsədi daşıyıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Prozası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazıçı Ankarada  mühacirətdə olan Məhəmməd Quruçaydır.

 

 

Məmməd Quruçay

Ankara

 

KƏNDİVANDAN DÖNÜŞ

 

İngilis arxeoloq, Professor David Roulun araşdırmalarına görə Adəm həzrətləri və Həvva xanım, cənnətdən qovulduqdan sonra Kəndivana yerləşdilər.

Cənnətdə tək başına yaşayan Adəm ağa, yalqızlıq dərdindən dığlamaq üzərə idi. Hər dəfə mutluluq içində yaşayan evli mələkləri gördüyündə, içindəki tetesteron hormonu o qədər aşıb daşırdi ki iki qulağından eşiyə fışqırırdı. Sonunda Adəm ağanın təhəmmül balonu patladı. Qabırğa qəfəsindəki sümüklərdən birini çıxartdı. Çıxartdığı qabırğa sümüyündən, özünə dağlar maralı bir qadın düzəldib adını Həvva xanım qoydu.

Cənnətdə molla olmadığına görə də evlilik əqdi oxunması üçün gedib cəhənnəmdən bir molla gətirdilər.

Əqdlərinin oxunması ardından axşam çağı, Həlmə sazandanın musiqi dəstəsini çağırıdılar, çaldırıb oynadılar, toylarını tutdular. Mırıx Kübra, qarman, Güşvara xanım tar çalırdı, Həlmə sazanda xanım da oxuyurdu:

“Şaftalılar calandı,

Məlan mənim balamdı”

Sübhə qədər çal-çatlasın oldu, cənnətin dörd bir yanı şənlik havası ilə büründü.

Evlənmələrindən hələ bir sənə keçməmişdi, Həvva xanım uşaq istədi.

Bu sözü eşidincə, Adəm ağa əlini gö..ünün üzərinə basıb ah çəkdi.

Cənnətdə qadınlar doğmazdılar, kişilər hamilə olub doqquz ay sonra uşaqlarını sıçardılar. Sıçılan körpələr, pox içindən yeni həyata göz açmalarına rəğmən, böyüyüb cənnəti gül kimi saxlardılar.

Adəm ağa, uşaq sıçma sancılarından necə qurtula biləcəyini şeytandan soruşdu. Şeytan dedi: “işi mənə burax. Səni bu dərddən qurtara bilərəm, amma bir şərtlə,

Uşaqlarına yarı-yarı ortağam.” Adəm ağa qəbul elədi.

Şeytan gecə gündüz, Həvvanın iki qulağına almanın nə qədər faydalı olduğunu fısıldadı, ta ki bir gün Həvva xanım iki ayağını başmağının bir tayı içinə soxub Adəm ağadan alma istədi.

Yasaq ağacdan alma oğurladıqdan sonra Adəm ağa, arvadı Həvva ilə birlikdə cənnətdən qovuldular. Əsil suçu Həvva işlədiyi üçün də ikinci cəza olaraq ömür boyu, uşaq doğma müsibətinə məhkum oldu.

Adəmlə Həvva, Kəndivana yerləşdikdən sonra həyatları nə qədər zor olsa yenə də Adəm ağa öz durumundan məmnunuydu, nə də olsa artıq uşaq sıçıb gö..ü cırılmayacaqdı. Amma...

Amma uşaq sahibi olduqlarından sonra durum dəyişildi. Adəm ağa, bir-birləriylə yola getməyən uşaqların dərdindən, Həvva xanım da doğum sancılarının yanı sıra doğulan sarsaq uşaqların qüssəsindən cana gəlmişdilər.

Ata anaları işləyirdi, gö..ü-boş oğulları, Qabil ilə Habil yeyib içib bir-birləriylə boğuşurdular, nəvə, nəticələri də, Kəndivanı burax, dünyanı poxa çevirmişdilər.

Adəm ağa şeytanla anlaşması üçün pox yediyinə peşman olmuşdu, “sizi əkib doğanın, cədd-abadının qəbrinə sıçım” deyib özünü biraz rahatladırdı, amma yazıq Həvva xanım qüssəsini içınə tökməkdən savayı heç bir iş əlindən gəlmirdi. Benava hər dəqiqə düşünürdü “axı bu nə işdi? Sıçılan uşaqlar cənnəti gül kimi saxlayırlar, amma doğulan bu qor-qodux dünyanın içinə sıçırlar.”

Gecə yarısı Həvva xanım “mən pox yeyib qələt elədim alma istədim” deyib zülüm-zülüm ağlayırdı. Adəm ağa onun gözyaşılarını silib başını bağrına basırdı, “tamam ağlama, mən uşaq sıçma cırılmasına razıyam, olsun təkar cənnətə dönək.”

Qırx gecə, gündüz ibadət eləyib dua oxudular, amma cənnətin qapısı açılmadı. Adəm ağa yenə həmişəki adəti kimi övladlarına, ibadətə və namaza yaman soxuşdurdu, cibindən telefonunu çıxardıb qaçaqçı Firuz’a zəng açdı.

Gecə yarısı saat 12:00-də Slamas sərhəddini yeni keçmişdilər. Firuz qaçaqçı öndən hərəkət edirdi. Ürəkləri ümidlə dolu, iki ər, arvad əl-ələ verib Firuzun peşindən gedirdilər. O ikisi, hüdud jandarmlarına tutuqlanma qorxusu içində gizlicə cənnətə geri dönürdülər.

Dolun ayın işığı altında Adəm ağa, Həvva xanımın gül cəmalına baxdı.

Onun saçlarını tumarlayıb dedi:

“Cənnətdə istədiyin qədər sənə uşaq sıçaram, amma nə olar mənim ceyranım? Bir daha məndən alma istəmə. Məni cəhənnəmə göndər amma bu dünyaya təkrar gəlməyimə səbəb olma.”

 

 

 “Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

Вторник, 25 Февраль 2025 10:09

Bu gün Baharın ilk çərşənbəsidir - SU ÇƏRŞƏNBƏSİ

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Baharın ilk müjdəçisi olan Su çərşənbəsi bu il məhz bu soyuq 25 fevral gününə düşür. Neçə gündür ki, ölkəmiz əsl qış yaşayır. Amma elə bu gündən artıq bahar təravəti duyulmaqdadır. Bəli, bu gün su şərşənbəsi – 4 şərşənbədən birincisidir. Su şərşənbəsi saflıq, bərəkət və yeniliyin rəmzidir

 

Qədimdən xalqımız baharın ilk xəbərçiləri sayılan çərşənbələrdə öz adət-ənənələrini, inanclarını yaşadıblar, təbiətin canlanmasını bu cür qeyd ediblər. Yaradılışla bağlı olan Novruzun – baharın gəlişinin əsasında su, od, hava (yel) və torpaq dayandığına görə, onlar xüsusi günlərə bölünərək, mərasimlərlə qarşılanıb. Bu gün Su çərşənbəsini qeyd etdikdən sonra Od çərşənbəsini martın 4-də, Yel çərşənbəsini martın 11-də, İlaxır, yaxud da Torpaq çərşənbəsini isə martın 18-də qeyd edəcəyik.

ƏZƏL ÇƏRŞƏNBƏ: Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə” kimi də tanınır. Qədim inanclara görə, kainatın yaradılışı zamanı ilk su mövcud olub və su həyatın mənbəyi sayılıb. Buna görə də Su çərşənbəsi təkcə baharın gəlişinin deyil, həm də yenilənmənin, saflığın və bərəkətin rəmzidir. Bu gün insanlar suyun gücünə inanaraq müxtəlif adət-ənənələr yerinə yetirir, onun vasitəsilə həm mənəvi, həm də fiziki təmizliyə nail olmağa çalışırlar.

 

İNANCLAR:Su çərşənbəsi ilə bağlı xalq arasında maraqlı inanclar mövcuddur. Deyirlər ki, bu gün su canlanır, oyanır və saflaşır. İnsanlar səhər tezdən bulaq başına gedir, axar suyun üzərindən atlanaraq ilin bütün ağırlıqlarını arxada qoyduqlarına inanırlar. Evdə su ilə təmizlik işləri aparılır, həyətlər yuyulur, hətta bəzən süfrəyə qoyulan suyun bərəkət gətirdiyinə inanılır.

Azərbaycanın müxtəlif bölgələrində Su çərşənbəsi xüsusi adət-ənənələrlə qeyd edilir. Quba və Qusar kimi dağlıq ərazilərdə insanlar səhər tezdən çay kənarına gedir, oradan götürdükləri suyu evlərinə apararaq həyətlərinə və ağacların dibinə səpir, bunun bərəkət və firavanlıq gətirəcəyinə inanırlar. Lənkəranda isə çay suyu saxsı qablarla evə gətirilir, bu su ilə yuyunmaq ilin bütün bəlalarından qorunmaq anlamına gəlir. Bəzi kəndlərdə isə səhər tezdən evin girişinə su tökmək və qırmızı lent bağlamaq şərtdir – bu, ailəyə xoşbəxtlik gətirir.

Xüsusilə şimal bölgələrində – Qax və Zaqatalada su ilə bağlı maraqlı inanclar var. Burada insanlar Novruz öncəsi kəndin ən təmiz bulağının suyundan gətirir, həmin sudan içir və yuyunaraq il boyu sağlam qalacaqlarına inanırlar. Bəzi bölgələrdə, məsələn, Şamaxıda su üzərindən atlanmaq adəti var – bu, insanın pis enerjidən, bəd nəzərdən təmizlənməsi deməkdir.

Kür və Araz çaylarının sahilində yerləşən kəndlərdə çayın axarına niyyət söyləmək ənənəsi var. İnsanlar arzularını suya danışaraq, onun suda axıb getməsini seyr edirlər. Deyirlər ki, niyyət çaya söyləniləndə daha tez qəbul olunur, çünki su daim hərəkətdədir.

Şəkidə isə əzəl çərşənbədə sübh tezdən bulaq başına gəlib,“Ağırlığım-uğurluğum suya,Azarım-bezarım suya”, – deyib, su üstündən atlanırlar. Sonra əl-üzlərini yuyur, bir-birilərinin üstünə su atırlar. Xəstəliyə tutulanları da su üstündən hoppandırırlar. İnsanlar günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and içərək, “Su haqqı, pis əməl sahibi olmayacağam”, – deyirlər.

 

SÜFRƏ: Su çərşənbəsi süfrəsində şirniyyatlar, qoz-fındıq və quru meyvələr xüsusi yer tutur. Bu nemətlər bolluq, bərəkət və gözəl günlərin rəmzi sayılır. İnsanlar inanırlar ki, bu gün süfrəyə qoyulan hər nemət gələcək ilin firavan və xoş keçməsinə töhfə verir. Su çərşənbəsi süfrəsində su dolu qab, təzə göyərtilər və südlü yeməklər də qoyulur. Su saf və təmiz həyatın başlanğıcı, göyərtilər isə təbiətin yenilənməsini simvolizə edir.

 

ZAMAN: Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş Şərqdə doğub, Qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. 

Su çərşənbəniz mübarək!

 

Materialı hazırlayarkən Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədlinin qeydlərindən istifadə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Neçə gündür ki, sizə uğur qazandıran kitablardan danışıram. Sırada növbətisidir,  «biznesdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasında qərarlaşan Stiven Kovinin “Yüksək effektli insanların yeddi vərdişi” kitabından fayda götürəcəyinizə əminəm.

 

Stiven Kovi. “Yüksək effektli insanların yeddi vərdişi”

16 il öncə çıxan bu kitabın dünya üzrə 15 milyondan artıq nüsxəsi satılmışdır. On illərdir ki, bu superbestseller dəbdən düşmək bilmir.

Motivasiya ədəbiyyatı yazan bir çox digər müəlliflərdən fərqli olaraq Stiven Kovi uğura gedən yolun qısa olduğunu iddia etmir, o, özünüinkişafın, həyatı dəyişmənin hətta bütöv bir ömür qədər çəkə biləcəyini söyləyir.

Stiven Kovi uğur qazanmağı arzulayan insanlara nəyi tövsiyə edir?

 - Bilib eləməmək bilməməyə bərabərdir. Bacarıb eləməmək isə bacarmamağa.

 - Hadisələrin bizə necə təsir etdiyini biz özümüz müəyyənləşdiririk.

 - Effektiv adam problemləri ilə deyil, imkanları ilə düşünür.

 - İnsana başqasının öz əzablarına son qoyub şəraitə qalib gəlməsini dərk etmək qədər güclü heç nə təsir edə bilməz.

 - Yalnız yerinə yetirilməyən istək motivasiya edə bilər.

 - Öz gücünü özünə investisiya qoymağa sərf elə.

 - Problem – mahiyyətcə biz onu gördüyümüz kimidir.

 - İnsanlar dünyanı olduğu kimi görürlər.

 - Qızıl qaydalara görə, başqalarına qarşı elə hərəkət edin ki, onların da sizə  qarşı o cür hərəkət etmələrini arzulayasınız.

Bu kitabı «Fortune 500» reytinqində yer alan əksər kompaniya rəhbərləri oxumaq üçün öz işçilərinə tövsiyə edirlər, bəzi kompaniyalarda isə işçilər üçün bu kitabı oxumaq məcburidir.

Stiven Kovinin kitabında olduqca faydalanacağınız aforizmlərə, ayrı-ayrı pritça və əhvalatlara da rast gəlmək mümkündür. Məsələn, onun Abraxam Masloudan gətirdiyi bu aforizmi çox bəyənirəm: «Əlində çəkic tutan ətrafın yalnız mismarlardan ibarət olmasını düşünməyə meyillidir».

Bu isə gözübağlı, uğursuz insanlara xitab edilən xırda bir ibrətamiz dialoqdur:

 - Siz nə iş görürsünüz?

 - Beş saatdır ki, bu ağacı mişarlayıram.

 - Bəs niyə əl saxlayıb mişarınızı itiləmirsiniz?

 - Vaxtım nə gəzir! Tez mişarlayıb qurtarmalıyam.

Sonda bir vacib detalı da deyim. Bu kitab, hətta Stiven Forbs, Larri Kinq, Bill Klinton kimi dünyaşöhrətlilərinin də həyatlarını dəyişib.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.