
Super User
Bu gün Aşqabadda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert olacaq
Azərbaycan Respublikasının Türkmənistan Respublikasındakı səfirliyi bu gün - noyabrın 28-də ölkənin Dövlət Mədəniyyət Mərkəzinin Muğam Mərkəzində “Heydər Əliyev – Azərbaycan-Türkmənistan qardaşlığı” adlı konsertin keçiriləcəyi ilə bağlı məlumat yayıb.
Türkmənistan KİV-i məlumat verir ki, konsert Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Konsert proqramında “Mukam” (Muğam) vokal-musiqi qrupu iştirakçılarının və Resul Klıçevin rəhbərliyi altında Türkmənistan Dövlət Simfonik Orkestrinin çıxışları nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
KİNO BƏLƏDÇİSİndə “Sirr” filmi
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Son zamanlar ölkəmizdə film sahəsində gözlə görülə biləcək dərəcədə inkişaf gedir. Əfsuslar olsun ki, düzgün maaliyyələşdirilmə aparılmaması və televiziyalarımızda bayağı şou proqramların və eyni zamanda dırnaqarası aktyor və aktrisaların ön plana çəkilməsi gözəl filmləri kölgədə qoyur, bu filmlər izləyicilər üçün ekrana gətirilmir.
Ancaq, You-Tube platformasında işlər bir qədər fərqli və daha dolğun inkişaf edir. Belə ki, son zamanlar xüsusən gənc aktyorların çəkildiyi sosial mesaj məqsədli filmlər Zaurun, Xoşqədəmin, Elgizin verilişlərindən daha çox maraq doğura bilir.
Mən isə sizə məhz bu filmlər arasında xüsusilə bəyəndiyim OG films və Azadlı productionun birgə fəaliyyəti əsasında çəkilmiş "Sirr" qısametrajlı filmini təqdim etmək istəyirəm. Bütün film boyu baş rolda Azad obrazına həyat verən aktyor Rüfət Nəzərin rolunu adəta yaşamış və mənə də, o duyğuları ötürə bilmişdir. Belə ki, qəhrəmanımız Azad mühafizə rəisi işlədiyi məktəbdə müdiri şikəst edəcək dərəcədə döydüyü üçün 5 il müddətinə azadlıqdan məhrum edilir. Həbsxanadan çıxmış aylardı iş tapa bilməyəm Azadın son dərəcə alicənab, ailəcanlı, xanımına aşiq və qızını göz bəbəyi kimi qoruyan bir kişi rolunu canlandırması elə filmin ilk başlarından bəlli olur. Lakin filmin gedişatında Azad həyat yoldaşı Arzu ilə maddiyyat sıxıntılarından dolayı mübahisələr yaşamağa başlayır. Ata və anasını erkən yaşlarından itirən qərhəmanımız başlarda nə qədər razı olmasa da, xanımının xahişini yerə salmayıb qayınatasının yanına iş üçün getməli olur, hadisələr tam da onun düşündüyü kimi baş verir. Belə ki, Azad qayınatasına son dərəcə sakit yanaşmağa çalışsa da, kişi onu aşağılamaqda, öksüzlüyünü, məhkumluğunu üzə vurmaqda israrcı olan, eyni zamanda öz işçiləri ilə də it kimi davranan, cibi dolu olsa da, kişiliyi satın ala bilməmiş bir alçaq olduğu üçün Azad onun təhqirlərinə dözməyib oradaca dava salır və məyus halda evə dönür. Təbii ki, atasının həyat yoldaşı tərəfindən döyülməsini birmənalı qarşılamayan Arzu və Azad arasında boşanma həddinə çatacaq qədər bir mübahisə yaranır. Bütün film boyu diqqət etdiyim əsas nüans isə Azadın istənilən münaqişədə hər nə qədər alçaldılsa belə öz təmkinini qoruması olduğundan elə bu səhnələrdə də Azadın davranış və düşüncələri obraza qarşı rəğbətimi olduqca artımışdı. Hadisələrin kuliminasiya nöqtəsi isə Azadın keçmiş əsgər yoldaşı Vüqarla qarşılaşması ilə başlanır. İlk başlarda köhnə dostların qarşılaşmasının müsbət bir hal olacağını və Azadın həyatının yüngülləşməsinə səbəb ola biləcəyini düşünsəm də, hadisələrin gedişatı təxminlərimi alt-üst edə bilir. Belə ki, Vüqarın hal və hərəkətlərindən doğru insan olmadığı bəlli olsa da, baş verəcək iyrəncliklər filmin sonunda öz zirvəsini yaşayaraq izləyiciləri müxtəlif duyğular içində buraxır. Axşamüstü yoldaşı ilə dalaşandan sonra Vüqarla görüşməli olan Azad onun dəvətini geri çevirməyib Vüqarın evində içki süfərsinə qonaq olur. Masada əyləşən köhnə əsgər yoldaşları Vüqar, Azad və Qoca ləqəbli bir digər dostdan əlavə Vüqarın qardaşı Mikayıl içki masasında bayağı söhbətlər edərkən Azadın düşüncə və üslubu keçmiş dostlarının tam tərsi olduğundan ilk başlarda lağa qoyulsa da, sonradan Azadın sevgiyə olan münasibəti, eşqi atasından öyrənməsi olduqca təsirli idi. Hətta, atasının bir ifadəsi ilə Azad könülləri fəth etməyi bir daha bacarır.
-Hətta, anam vəfat edəndən sonra da, atam anamın ondan öncə vəfat etdiyi üçün şükr edirdi. O deyirdi ki, əgər anamdan öncə ölsəydi anam atamın ölümündən çox kədərlənərdi.
Bu əhvalata təsirlənmiş kimi görünən Mişa, Vüqar və Qoca isə öz "kiçik" sirrlərini bölmək üçün yan otaqda saxladıqları 13 yaşlı qız uşağını süfrəni yığışdırmaq üçün yanlarına çağırırlar, bu zaman Azad düşünür ki, uşaq onlardan hansınınsa övladıdır. Lakin uşağa diqqət edən zaman boynunda və üzündə şiddət, zorakılıq izləri görən Azad hadisələrin niyə baş verdiyini anlamaq üçün "dostlarını" sual-cavab etmək istəyir. Elə bu zaman Qocadan o mundar cavab gəlir. “Görürəm yaman gözün düşüb, istəyirsən şərait yaradaq, yan otağda işini gör."
Eşitdikləri və gördükləri qarşısında şoka girən Azad özünü ələ ala bilmək üçün hamam otağına keçən zaman yenidən qızı yaşındakı körpə qızcığazla qarşılaşır və onun yalvarış dolu baxışları, kömək dilənməsi qarşısında nə edəcəyini bilmir. Masaya geri dönəndən sonra işlərin yaxşı getmədiyini anlayan Azad Arzunun ona zəng etməsini bəhanə edərək evə getməli olduğunu bildirib masadan ayrılmasından dərhal sonra dözməyib içəri daxil olaraq qızın ona verilməsini, heç kimə heç nə bildirmədən gedəcəyini desə də, bir faydası olmur. Belə ki, dostları tərəfindən döyülərək anbara atılan Azad həmən körpənin köməyi ilə bıçaqla kəndiri kəsir və qızı qaçırtmağa çalışdığı zaman digərlərinin hücumuna məruz qalır.
Aralarında qanlı dava düşən zaman hər 3 nəfəri bıçaqla qətlə yetirərkən qarnına saplanan bıçaq zərbələrindən halı pisləşən Azad qıza yalvarır ki, onu oradaca qoyub qaçsın və tez buralardan xilas olsun. Balaca hər nə qədər onu orada qoymaq istəməsə də, başqa çarə tapa bilmir.
Azad aç bu telefonu...
Ata mən boşanmayacağam.
Sən bizi heç nəyə möhtac etməsən də, mən Azadda sənin anama vermədiyin sevgini gördüm. Sən hər zaman anamı döyərdin. Azad isə mənə bir dəfə də əl qaldırmayıb. Mən ikinci övladıma hamiləyəm.
Ata mən boşanmayacağam.
Arzu: Hamiləyəm.
Bu möhtəşəm film pedofiliya, zorakılıq və təcavüz qurbanlarına həsr olunmuş, izləyərkən adamın boğazını düyünləyən, gözlərini yaşardan real hadisələr əsasında çəkilərək Bakıda "dəm qazından boğularaq” vəfat edən 2007-ci il təvəllüdlü Cəmilə Rəhimovaya həsr olunub.
Filmdəki səhnələrin reallığı, Azadın hallüsünasiyaları, həyat yoldaşına olan sevgisi, övladı yaşında uşağı ölümə tərk etməməsi, Arzu rolunu canlandıran aktrisanın obraza həyat verməsi olduqca möhtəşəm idi. Ancaq müsbət qəhrəmanları ucaltdığım qədər rollarının haqqını verən, məndə ikrah hissi doğuran, ekrandan hücum edib boğazını kəsib təcavüz etdikləri on üç yaşlı qızcığazın ayaqları altına atmaq istədiyim "dostlara", kişiliyini pulla ala bilməyən "pullu qayınataya" mənə bu qədər nifrət hissi yaşatdığı üçün ayrıca təşəkkür edirəm.
Film izlənməyə dəyən təsirli bir filmdir. İstəyən hər kəs izləyə bilər lakin, filmin gedişatında siz söyüş və təhqirlərlə +18 ifadələrlə qarşılaşa bilərsiniz. Mən izləmək istəyənlər üçün aşağıda link də yerləşdirirəm.
https://youtu.be/JUqNKjHVQG4?si=lVkmySnrSGC2VdrW
Oxuyan və izləyən hər kəsə dərin hörmətlərlə.
“Ədəbiyyat və incəsənət”
(28.11.2013)
“Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi”nə gəlin!
Diqqət! Bir elanı nəzərinizə çatdıraq.
“Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gündən etibarən noyabrın 30-dək Heydər Əliyev Mərkəzində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirəcək.
Qeyd edək ki, həmin tarixlərdə Heydər Əliyev Mərkəzində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Bu dəfə akademik Teymur Kərimlinin 70 illik yubileyinə töhfə
Könül, “Ədəbiyyat və incəsənət”
Görəsən ölkənin ən fəal kitabxanası olan, tədbirləri daim sıralayan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından nə xəbər var?
Kitabxana ilə əlaqə yaratdıq və məlumat aldıq ki, kitabxananın əməkdaşları tərəfindən filologiya elmləri doktoru, professor, akademik, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, Dövlət mükafatı laureatı Teymur Kərimlinin 70 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb.
Nələr var bu bazada?
İlk öncə Teymur Kərimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın, akademikin 70 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Qərarının və akademik Teymur Kərimlinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təşəkkür məktubunun tam mətni var.
Eyni zamanda, bazada Teymur Kərimlinin həyat və elmi fəaliyyəti, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, müdafiə etdiyi elmi tədqiqat işləri, tərtib etdiyi kitablar, rəhbəri və məsləhətçisi olduğu elmi tədqiqat işləri, tərcümələri, məqalələri, müsahibələri təqdim edilir.
Elektron məlumat bazasında “Klassik ədəbiyyatın müasir tədqiqatçısı”, “Klassik ədəbiyyatımızın xiridarı” kimi bölmələrlə yanaşı, akademikin Azərbaycan və rus dillərində çap olunan əsərləri, Zəfər tarixi, şanlı Qələbə mövzusunda qələmə aldığı şeirlər də yer alır. Məlumat bazasında akademikin filmoqrafiyası, video və fotoqalereyası da sərgilənir.
Qeyd edim ki, Teymur Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvanda - Ordubad rayonunun Nürgüd kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirib, ali təhsilini BDU-nun filologiya fakültəsində alıb, Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlayaraq iki il orta məktəbdə müəllim işləyib. 1977–1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.
1983-cü ildə "Nizamidə tarixin romantik qavrayışı” mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
İstanbulda “Türk xalqlarının mühacirət ədəbiyyatı” adlı simpozium keçirilib
Türkiyənin İstanbul şəhərində “Uluslararası türk xalqlarının mühacirət ədəbiyyatı” adlı simpozium keçirilib.
AzərTAC xəbər verir ki, İstanbul Universiteti, Türkiyyat Araşdırmaları İnstitutu və İstanbuldakı Azərbaycan “Eğitim, Kültür və Sosial Dayanışma Dərnəyi”nin birgə təşkil etdiyi simpoziuma dünyanın 17 ölkəsindən 40-dan çox alim qatılıb.
Simpoziumda çıxış edən dərnəyin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədli bu silsilə tədbirlərin keçirilməsinin Turan Birliyinə dəstək olmaq məqsədini daşıdığını bildirib.
İstanbul Universitetinin rektoru, professor Osman Bülənd Zülfiqar tarix boyu bütün türk xalqlarının, o cümlədən yazarların taleyində həzin, kədərli iz buraxmış köç və mühacirət məsələsinin bədii ədəbiyyatda necə əks olunduğunun vacibliyindən söz açıb.
Türkiyyat Araşdırmaları İnstitutunun müdiri, professor Mustafa Balcı ilk dəfə keçirilən simpoziumun, eyni zamanda, siyasi birliyə təkan olacağını vurğulayıb.
Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə sığınan İstanbul Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının rəhbəri, professor Əhməd Cəfəroğlunun qızı, Sabancı Muzeyinin müdiri, professor Nazan Ölçer simpoziumu təşkil edənlərə təşəkkürünü bildirib, atası ilə bağlı xatirələrini dilə gətirib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov türk xalqlarının müxtəlif dönəmlərdə dəfələrlə hicrətlə üzləşdiyini, köçmən ömrü yaşamağa məcbur olduğunu qeyd edərək, “mühacirət ayrılıqdır, insanların doğmalarından, vətənlərindən uzaq düşməsidir, ancaq mühacirəti düşünmək, yurd-yuvasından ayrılanları anmaq birliyə can atmaqdır, bir daha belə halların baş verməməsi üçün həmrəylik göstərməkdir” deyə simpozumun önəminə diqqəti çəkib.
İki gün davam edən simpoziumda professor Yavuz Akpınarın “Azərbaycan mühacirət ədəbiyyatının ilk təmsilçilərindən Cəlal Ünsi”, professor Abdulhamit Avşarın “Miqrasiya fenomeninin milli şüurda rolu: Kayseri uyğurları örnəyi”, professor Səbahəddin Şimşirin “Türkiyədə Azərbaycan mühacirət ədəbiyyatının formalaşmasında 28 May istiqlal və 27 aprel işğal günlərinin rolu”, professor Atilla Jormanın “Görkəmli şair Mehmet Sadıq Aran”, professor Salavat İshakovun “Qafqaz, Krım, İdil-Ural bölgəsi və Türküstanın mühacirətdəki siyasiləri: ədəbiyyat və təbliğat”, akademik Rafael Hüseynovun “Köç ədəbiyyatının Azərbaycan fenomeni: vətəndən vətənə mühacirətin bədii və elmi mirası”, professor Vaqif Sultanlının “Azərbaycan mühacirət ədəbiyyatında memuar: mövzu hüdudları və janr özəllikləri”, professor Bədirxan Əhmədlinin “Azərbaycan mühacirət mətbuatında milli mücadilə ədəbiyyatının yaranması və formalaşması məsələləri”, professor Almaz Həsənqızının “Əhməd Cəfəroğlunun folklor araşdırmaları sovet ideoloji baskısı kontekstində”, professor Əhməd Sami Elaydinin “Misirdə tatar türklərinin ədəbiyyatı: Musa Carullah Bigiyevin ədəbi-kulturoloji mirası”, dosent İzzətullah Zəki və Firuz Fevzinin “Güney Türküstan türklərinin köç və ədəbi kulturoloji fəaliyyətləri”, dosent Bakıtgül Kuljanovanın “Misirdə yaranan Altun Orda ədəbiyyatı”, dosent Rüstəmcan Cabbarovun “Əlişir Nəvai dönəmində Xorasan çevrəsində Azərbaycan mühacirət ədəbiyyatı”, Orhan Arasın “Almaniyadakı türklərin ədəbi axtarışlarına qısa bir baxış”, dosent Nouşad Mançeri Kırıkkalın “Hindistandakı türk ədəbiyyatının əks-sədası və izləri”, Səadət Kəriminin “Qərbi Avropada türk köçmən ədəbiyyatının mövzuları, önəmi və problemləri”, İrəc İsmayılın “Turxan Gəncəyinin ədəbi-kulturoloji irsi”, dosent Tohid Məlikzadənin “Rza Beraheninin yaradıcılığı”, dosent Nəzirə Sultanəliyevanın “Köçəri xalqlarının kültüründəki bənzərliklər”, Dürdanə Rəsulovanın “Mövlana Yusif Qarabağinin həyatı və elmi irsi haqqında” və digər məruzələr dinlənilib.
Simpoziumun sonuncu günü iştirakçılar İstanbuldakı Hüseyn Cavid adına Azərbaycan məktəbini ziyarət edib, tədris ocağının fəaliyyəti ilə yaxından tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Fəridə Ləman yubiley təbriklərini qəbul edir
Könül, “Ədəbiyyat və incəsənət”
Noyabrın 26-da filologiya elmləri üzrə fəlsəfə doktoru, şair-publisist Fəridə xanım Ləmanın anadan olmasının 70-ci ildönümü tamam oldu. Bu münasibətlə “Qazax Xeyriyyə İctimai Birliyi” dekabr ayının 2-də yubiley mərasimi keçirəcək.
Bu arada təbriklər səngimir, biz də kollektivimiz adından bu dəyərli ziyalımızı təbrik etdik və ondan öyrəndik ki, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi də yubilyarı təbrik edib.
Fəridə xanım təbrik mətnini bizə təqdim etdi və biz də onu dərc edirik:
“Bu gün filologiya elmləri üzrə fəlsəfə doktoru, “Məhsəti” jurnalının təsisçisi və baş redaktoru, şair-publisist Fəridə xanım Ləmanın anadan olmasının 70-ci ildönümüdür.
“Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin qurucusu və ilk sədri olmuş filoloq-alimi 70 illik yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik!
Xanım şairin xəlqi duyğuların təcallası olan poeziya örnəkləri ilə yanaşı, hərbi-vətənpərvərlik mövzulu əsərləri də ona ün qazandırıb, O, şəhidlər haqqında kitablar yazıb, qəhrəman Vətən oğullarının səngər həyatını, döyüş yolunu uğurla ədəbiyyata gətirib.
Fəridə Ləman Azərbaycan Prezidentininn Sərəncamı əsasında 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Çoxsaylı kitablar müəllifi olan Fəridə xanımı yaradıcılıq uğurları və 70 illik yubileyi münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk!”
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
İkinci Respublika “Akademik, xalq və caz musiqisi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Noyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun müəllif layihəsi əsasında “Akademik, xalq və caz musiqisi” İkinci Respublika müsabiqəsinin təntənəli bağlanışı – qaliblərinin mükafatlandırılması və laureatların konserti olub.
AzərTAC xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və BMA-nın məktəb-studiyasının təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli Tərlan Seyidovla bağlı xatirələrini bölüşüb, onun çox parlaq istedada malik bir şəxsiyyət olduğunu qeyd edib.
Fərhad Bədəlbəyli müsabiqənin qaliblərini təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra 2 həftədən çox davam edən müsabiqənin laureat, diplomant və həvəsləndirici diploma layiq görülmüş iştirakçıları təltif olunub.
Müsabiqə iki mərhələdən ibarət olmaqla həyata keçirilib. Noyabr ayının 13-dən 18-dək davam etmiş birinci turun seçimləri, iştirakçıların müsabiqənin qaydalarına uyğun olaraq hazırladıqları ifaların videoyazısı əsasında baş tutub. Videoyazılar yutub sosial platformasına yerləşdirilib və linklər münsiflər heyətinə təqdim olunub.
“Akademik, xalq və caz musiqisi” müsabiqəsinin keçirilməsi öz aktuallığını saxlamaqla yanaşı, janrlararası əlaqələrin inkişafına və təkmilləşdirilməsinə öz töhfəsini verir.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Azərbaycan Amerika qitəsinin ən böyük kitab sərgisində təmsil olunur
Milli Məclisin deputatları - Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və Elşad Mirbəşiroğlu Meksikaya işgüzar səfərləri çərçivəsində Amerika qitəsinin ən böyük kitab festivalı – Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak ediblər.
AzərTAC xəbər verir ki, Meksikanın Xalisko ştatının paytaxtı Qvadalaxara şəhərində keçirilən sərgidə dünyanın müxtəlif ölkələrdən çoxsaylı müəllif və tərcüməçilər, xarici kitabxanaların nümayəndələri, distributorlar və minlərlə nəşriyyat təmsilçiləri iştirak edir.
Milli Məclisin nümayəndə heyəti sözügedən mötəbər tədbirdə təmsil olunan Azərbaycan stendinə baş çəkib, stendin fəaliyyəti ilə yaxından tanış olub. Ulu Öndər Heydər Əliyevin anadan olmasının yüzillik yubileyinə həsr olunmuş Azərbaycan stendində dahi şəxsiyyətin həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyətindən bəhs edən kitablarla yanaşı, ölkəmizin zəngin tarixi, mədəniyyəti, incəsənəti və mətbəxi, o cümlədən Qarabağ, Şuşa haqqında və ölkəmizin həqiqətlərinə işıq tutan çoxsaylı kitablar nümayiş olunur.
Azərbaycan stendi kitabsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi noyabrın 29-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Yaşlanmış uşaqlıq - AKTUAL
Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”
Dünyaya insan gəlir, hərə bir taledə, hərə bir dərddə. Eyni şəhərdə fərqli həyatlar.
Uşaq və yaşanılmamış uşaqlıq. Günün yarısını oyuncaqlarıyla, yarısını dərsini hazırlamaqla, geri qalan hissəsini isə ailəsi ilə əyləncəli vaxt keçirən uşağın həyatını, sadəcə, oxu kitabında ev dərsini evdəki səs-küydən (ana,atasının davasından) stolun altında gizlənib əzbərləyərkən gördük.
Öz otağında dişlərini fırçaladıqdan sonra təzə gecə paltarlarını geyinib, bir gün atasının, o biri gün isə oxuduğu nağıllar ilə yuxuya dalan uşaqlardan da olmamışıq. Hər hansı bir filimdən izləyirdik bu səhnələri.
Müəllimələrimizin məktəbdə anamız olması da həqiqət deyildi. Doğrudan, bu sözü kim uydurub məşhur edib, hər il verlişi izləmə sayısını keçən Xoşqədəm də bilmir heç.
Biz yeni ilin gəlməyini Şaxta babanın verəcəyi hədiyyələr üçün səbirsizlikə gözləyən, günləri bir-bir sayan uşaqlardan yox, şaxta baba paltarı geyinib evə 2,3 manat aparan uşaqlardan olmuşuq. Elə o vaxtdan həyat əsil üzünü göstərib bizə. Buna zirəklik, gözüaçıqlıq deyirsinizsə, hə, gözüaçıq uşaqlar olmuşuq.
İnciyərik deyə, heç kim sözlərini seçməyib. Kökümüz alınsın deyə ağlayanlardan deyil, sulugöz, qorxaq deyilməsin deyə qəlbimizi parçalayanlardan olmuşuq.
Ad günümüzdə sevdiyimiz yeməklər bişirilməyib. "Nəyə lazımdır, hər ilin eyni gününü mənasızca qeyd etmək"?
Hər "5"-imiz üçün 20 qəpik vermirdi sinif yoldaşlarımızın ataları kimi bizim atamız.
Bəs biz nə üçün var idik ki, böyüyəndə onlara baxmaqdan savayı. Dünyaya gəlmə səbəbimiz valdeyinlərimizi qocalanda tək qoymamaq idi.
Məktəbdə də vəziyyət ürəkaçan idi, yarı savadlı müəllimlərimiz: “Bu müəllim uşağıdır, qohum uşağıdır, bu 8 marta bahalı hədiyyə gətirmişdi, o biri gətirməmişdi” demədən, hər uşağın öz zəhmətinə, savadına görə qiymət verirdi.
Arxa partada oturan şagirdlər müəllimin bütün ailə problemlərindən xəbərdar idi, amma kimin hünəri çatardı ki müəllimə dərs keçək desin. Dərslərdən çox müəllimlər sayəsində insanların iç üzlərini tanıdıq, əzbərlədik.
Birtəhər məktəbi yola verib, həyatımızla bir tutduğumuz (hətta daha artıq), universitetə də qəbul olduq. Elə fikirləşməyin ki, hər birimiz istədiyimiz ixtisaslara qəbul olduq və bundan sonrası asan olacaq.
Kimimiz valdeyinimizin cavanlıqda arzuladığı, kimimiz gəliri çox olan, kimimiz də oxuyaq da ortada qalmayaq dediyimiz ixtisasa qəbul olduq.
Hər kəs ali təhsil alacaq deyə bir şey yoxdur ki, dostum. Bəzilərimiz də buranı oxuyaq, sonra universitetə verərik deyərək kollecə getdik.
Təbii ki, bu sözümüzü də tutmadıq və kolleci bitirdikdən sonra bəzilərimiz ər mənzilinə, bəzilərimiz isə əsgərliyə getdik və anamızın bizim üçün seçdiyi qız ilə (yaxud oğlanla) xoşbəxtçiliyi daddıq.
Anlayacağınız, 2/3 ilimizi bayram təmizliyində tozu alınan diplom üçün xərclədik. Əsas odur ki, biz də 2 manatlıq dönər ayranla həyatda qalaraq tələbəliyin nə olduğunu bildik və bundan da əsası, nəsildə savadlı statusunu qazandıq. Bizim də valideyin və yarısavadlı müəllimlərimiz heç kimdən əskik qalmayaraq şəklimizin altından ; "Tələbə adın mübarək" sözlərini yaza bildilər.
Həə, beləliklə mükəmməl təhsil ocaqlarımız da rüşvətin nə olduğunu bilməyən fənn müəllimlərimizin və dekanlarımızın da imtahanından keçərək filankəsin diplomlu, oxumuş qızı, oğlu olduq. Həm beləcə yanıma hazırlığa gəlin deyə dərsdə bizə gün verib işıq verməyən müəllimlərimizə də xeyir vermiş olduq. Onların bazarları daha da tanındı və böyüdü. Çünki biz Nərmin, Fatimə, Nigar, Əli olmaq bir yana, filankəsin şagird hazırladığı uşaq, filən nömrəli məktəbin uşaqı, filənkəsin oğlu, qızıyıq.
Həə, yadımdan çıxmamış, həmişə sona saxlanılan, imtahandan kəsildiyinə, zəhmətinin boşa getməsinə, ailə basqısına görə yox, zay işləri olduğuna, narkoman olduğuna, qudurmuşluğu ucbatından, hansısa qız və yaxud da oğlanın eşqi başına vurduğu üçün özünü öldürən daha müasir çıxması üçün desək, intihar edən xəyallarında tələbə olan, amma adı abituriyent olaraq qalanları da yad edək. Allah onlara rəhmət eləsin.
Sizin də başınızı ağrıtmayım, gedim görüm hansı iş yerində day-dayısının gözü ilə iş görüşməsinə girəcəm. Kimin seçiləcəyi məlumdur, amma təlimlər keçirib tələblərin olan-qalan pullarını endirimlə 19 manat olan biletlərinə xərclədən motivatorların dediyi kimi; "Möcüzələrə inanın"
Qeyd: Şəxsi həyat hekayəsi deyil, lakin gerçək həyat hekayələrindən təsirlənərək yazılmışdır.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Maarifdən, elmdən məhrum bir xalq, işıqdan məhrumdur... - ZƏRDABİNİN ANIM GÜNÜNƏ
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
"Biz öz xahişimiz ilə bir-birimizə
qul olmuşuq: Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya və qeyri qul deyil? Və buna səbəb- bizim ata-baba adətləridir. Nə qədər böylə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik."
"Dama-dama daş deşilər. Bunlar bir zamanlar onlara dost olduğumu anlayarlar, məktəbin, teatrın mənfəətini başa düşərlər. Onlara qəzet də verə bilsək, müsəlmanların dünyagörüşünü tamamilə dəyişdirə bilərik."
Bu gün, 28 noyabr görkəmli mütəfəkkir, jurnalist, pedaqoq, alim, milli teatr və milli mətbuatımızın banisi, böyük maarifçi, xeyriyyəçi, ictimai xadim Həsən bəy Zərdabinin anım günüdür.
Həsən bəy Məlikov bəzi mənbələrə görə 28 iyun 1842-ci, bəzi mənbələrə görə isə 1837-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur.
İlk təhsilini doğulduğu kənddə mədrəsədə alan Həsən bəy təhsilini Şamaxı və Tiflisdə məktəbdə davam etdirir.
Daha sonra təqaüdlə Moskva Dövlət üniverisitetinin fizika-riyaziyyat fakultəsində təbiət elmləri üzrə təhsil alır.
O, 1869-cu il noyabr ayının 18-də Bakı Realnı gimnaziyasına təbiət tarixi müəllimi vəzifəsinə təyin edilir.
Burada işlədiyi müddət ərzində Həsən bəy Zərdabi kasıb və kimsəsiz uşaqlara kömək etmək onları məktəbə düzəltmək, məktəbdə oxuyanların isə acınacaqlı vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə xeyriyyə cəmiyyəti təşkil edir.
Təlim-tərbiyədə təhsillə yanaşı incəsənətin, mədəni mühitin də fomalaşmasının əhəmiyyətini anlayan görkəmli mütəfəkkir 1873-cü ildə öz şagirdləri ilə birlikdə, Nəcəf bəy Vəzirov və Əsgər bəy Adgözəlovun da yaxından iştirakı ilə Bakı Realnı gimnaziyasının otaqlarından birində dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya qoyur və bununla da Azərbaycan milli teatrının əsası qoyulur.
"Hər bir Vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur" söyləyən Həsən bəy qəzet yaratmaq üçün Bakı Qubernatoruna müraciət edir və qubernatorun məsləhəti ilə qəzetin adı əkinçi qoyulur. Adına uyğun olaraq qəzetdə əkin və ziraət xəbərlərinin yer almasına icazə verilir. Yalnız bu halda türkcə qəzetin çıxması mümkün ola bilərdi. Bununla əlaqədar Həsən bəy İstanbuldan hürufat gətizdirir və uzun zəhmətdən sonra nəhayət 1875-ci il 22 iyul tarixində Bakıda Qubernator məətbəsində Azərbaycan dilində Əkinçi qəzetinim nəşrinə müvəffəq olur. Və beləliklə milli mətbuatımızın əsası qoyulur. Əkinçi Azərbaycan və həmçinin bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzet idi.
Maarifçilik funksiyası yerinə yetirən əkinçi qəzeti sadəcə əkindən yazmır o həmdə dövrün problemlərini işıqlandırır. Üstüörtülü şəkildə çar idarə üsulunu tənqid edir, dini xurafatı pisliyir və təhsilin önəmini anlatmağa çalışır.
Lakin ХIХ əsrin ikinci yаrısındа Аzərbаycаndа cəhаlətə, аvаmlığа, nаdаnlığа qаrşı mübаrizədə, хаlqın mааrifə, mədəniyyətə çаtmаsındа, mааrifçilik idеyаlаrının yаyılmаsı və mütərəqqi ziyаlılаrın yеtişməsində mühüm rоl оynаmış Əkinçi qəzeti uzun müddət fəаliyyət göstərə bilməmiş 1877-ci ilin sеntyаbrındа çаr sеnzurаsı tərəfindən bаğlаnmışdı. Əkinçi ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi nəşr olunmuşdu.
Zərdаbinin fəаliyyətindən qоrхuyа düşən pоlis idаrəsi оnu Bаkıdаn uzаqlаşdırmаq məqsədilə ona dəfələrlə təzyiqlər göstərmiş və 1878-ci ildə Zərdаbi öz rаzılığı ilə məktəbdən аzаd оlunmuşdu.
Bu dövrdə həmdə o, mollaların ateist, Osmanlı agenti, şapqalı urus kimi təhqirlərinə də məruz qalmışdı.
Zərdаbi 1879-cu ilin sonlarındа аiləsi ilə birlikdə dоğmа kəndləri оlаn Zərdаbа köçmüş və 1896-cı ilə qədər оrаdа yаşаmаlı оlmuşdu.
Hər zaman öz xalqının inkişafı üçun çalışan ziyalı burda da məktəb açmaq üçün çalışır və hətta öz evini məktəb kimi istifadə edir.
1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin ı qurultayının təşkilatçısı və sədri olmuşdur.
Həsən bəy Zərdabi Hənifə xanım Məlikova ilə ailə həyatı qurmuş və onların bu izdivacdan iki oğlu və iki qızı dünyaya gəlmişdir.
Hənifə xanım Azərbaycanın ilk maarifçi qadınlarından biri olmuşdur.
Zərdabi 1907-ci ildə noyabr ayının 28-də iflic olur və dünyasını dəyişir.
"Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan." deyirdi böyük ziyalı. Və bu sözləri onun vəfatı zamanı öz təsdiqini tapdı.
"Mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin" deyə vəsiyyət etməsinə baxmayaraq həmin gün Bakıda böyuk bir izdiham müşahidə olunur.
“Tаzə həyаt” qəzеtinin Zərdаbinin ölümünə həsr еdilmiş nömrəsində оnun dəfn mərаsiminin hələ Bаkının tаriхində görünməmiş bir hüznlə, kədərlə kеçirildiyi qеyd еdilir. Həsən bəy Zərdabi köhnə Bibiheybət məscidinin yanında dəfn edilir. 1937-ci ildə həmin ərazilər dağıdılır və Zərdabinin sümükləri bir müddət qızının evində saxlanılır.
Təəssüflə qeyd etmək lazımdır ki, bütün ömrünü bu yurdun insanının inkişafı üçün çalışan böyük maarifçinin sümükləri üçün tam 20 il bir qarış torpaq tapılmır. Nəhayət 1957-ci ildə vəfatının 50 illiyi qeyd edilərkən onun sümükləri fəxri xiyabanda dəfn olunur.
Həsən bəy Zərdabi Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının “Cəmiyyəti-Xeyriyyə” nin banisi 1873-cü ildə şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycanın milli teatrının və mətbuatının banisi, Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri olmuşdur. Onun xalqı qarşısındakı əvəzsiz xidmətləri danılmaz və unudulmazdır.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)