Super User

Super User

Çərşənbə, 29 Noyabr 2023 17:32

Kino Agentliyi müsabiqə nəticələrini elan etdi

 

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş film layihələri müsabiqəsinin nəticələri məlum olub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir 

ki, məqsədi ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi olan müsabiqə böyük maraq doğurub. 

Kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqənin Seçim komissiyasının qiymətləndirməsinə əsasən, dövlət sifarişi, kommersiya, sənət və debüt istiqamətində 30, tələbə alt istiqaməti üzrə isə 16 layihə məqbul hesab edilərək pitçinq mərhələsinə buraxılıb.

Müsabiqənin müstəqil mütəxəssislərdən ibarət Seçim komissiyası və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının iştirakı ilə noyabrın 23-24-də Azərbaycan Dövlət Film Fondunda təşkil olunan pitçinqdən öncə Ekspert şurası Seçim komissiyasının təqdim etdiyi layihələrin ssenariləri və digər zəruri sənədləri ilə yaxından tanış olub. Pitçinqdə müəlliflər layihələrini açıq şəkildə müdafiə ediblər.

Noyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində film layihələri müsabiqəsilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib.

İclasda pitçinqin nəticələrinə əsasən, istehsalına dəstək göstərilməsi təklif olunan dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində ümumilikdə 11 layihə və 16 tələbə filmi layihəsi, eləcə də Ekspert şurasının mövzu və ideyasını nəzərə alaraq təklif etdiyi “Arılar və qəbirlər” (“SFN Production” MMC) və “Borc” (“Bakı Media Mərkəzi” MMC) tammetrajlı bədii film layihələri müzakirəyə çıxarılıb. “Qorqud və Zəhra” (“OksiMedia” MMC) və “Sözün varsa, de!” (“Mozg Media Group” MMC) tammetrajlı bədii film layihələri istisna olmaqla “Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsi Mədəniyyət Nazirliyi və ARKA-nın hər hansı müdaxiləsi olmadan Seçim komissiyası və Ekspert şurası tərəfindən açıq səsvermə yolu ilə təsdiq edilib.

Həmçinin istehsalına dəstək göstərilməsi məqsədəuyğun sayılmayan bir sıra layihələrin ssenarilərinin inkişaf etdirilməsi məqsədilə ARKA tərəfindən yaradılmış Film laboratoriyasına təqdim olunması təklif edilib.

Müsabiqəyə təqdim olunmuş və seçilməmiş istənilən layihə ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Apellyasiya komissiyasına müraciət edilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Türkiyədə yeni dalğa yazarları içində Tuncer Gizem Avcısı adı ilə tanınan Tuncer Merezin xüsusi yeri var. Xüsusilə onun “İSTİLA 2030” əsəri tineycerlər və gənclər arasında populyardır. 

Sabah portalımızda onunla əməkdaşımız Habil Yaşarın müsahibəsi yayınlanacaq.

Qaçırmayın!

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2022)

Çərşənbə, 29 Noyabr 2023 17:30

Bizə savaş deyil, barış lazımdır - AKTUAL

 

Fərman Qəhrəmanov yazır

 

 

Mağazada adam az idi. Çörək alırdım. Çörəkləri götürüb  kassaya yaxınlaşdım. Mənim yanımda bir cavan oğlan peyda oldu. Kassir məndən çörəyi alıb pulunu vurmaq istədikdə o dilləndi ki, mənim növbəmdir. Kassir qadın ona tərs-tərs baxdı. Mən onunla mübahisə etməmək üçün “eybi yoxdur, onu yola salın” dedim. Adam iş paltarında idi. Yəqin haradasa məhlədə kiminsə evində işləyirdi. Mən isə bu gün işləmirəm. 

Mağazada olanların hamısı gedəndən sonra onun arxasınca danışıb onu qınadı. Kimi ona narkoman, kimi isə tərbiyəsiz dedi. Ancaq mən isə onu heç qınamadım. Əksinə, onun halına acıdım. Əvvəla onun gərgin olduğunu hiss etdim. Sonra isə onun bu gün işlədiyini nəzərə aldım. Həm də anladım ki, aramızda çox mənasız həm də faydasız bir disskusiya alınacaq. Bu diskusiya kənardan məni tanıyanların gözündə məni az da olsa  alçaldacaq. Onu kənardan tanıyanların gözündə isə onu qaldıracaq.

Evə gəldim. Sosial şəbəkədə dünya şöhrətli yazıçımız Çingiz Abdullayevin televiziya diktorunu məhkəməyə verdiyi barədə xeyli materiallar oxudum. Əvvəla deyim ki, Çingiz müəllimin (əsərlərini hələ oxumamışam, indi  oxumağa hazırlaşıram) Azərbaycan üçün çox vacib və dəyərli bir şəxsiyyət olduğu qənatində olmuşam həmişə və indi də həmin qənatdəyəm. Xüsusilə 44 günlük Qarabağ Vətən müharibəsi ərəfəsində onun ermənilərə verdiyi  sanballı cavablar və  çıxışlara görə.

Onun əsərlərini pisləyən televiziya diktorunun özünün bir televiziya işçisi kimi  səviyyəsinin nə qədər aşağı olduğu açıq görünürdü. Ola bilər, o, çıxışı ilə guya televiziya maraqlı olsun deyə çox uğursuz   "tənqiddən" istifadə edərək nəsə bir sıçrayış edəcəyini düşünürdü.

Bu barədə də ona qınaq dolu çoxlu statuslar da yazılmışdı. Əslində, bizim cəmiyyətin düşüncə tərzində cəmiyyəti inkişaf etməyə qoymayan çoxlu problemlərin olduğu,  tabuların olduğu göz qabağındadır. Lakin onun danışdıqları Çingiz Abdullayev kimi nəhəng yazıçının nüfuzunu və ya onun titulunu zərrə qədər aşağı sala bilmək iqtidarında deyil. Əgər Çingiz müəllim o qızı məhkəməyə verməsəydi.... Mənə elə gəlir ki, o bunu elə o qız səviyyəsində olan bəzi oxucularının rəylərinin təsiri ilə edib. Çünki böyük yazıçıların kiçik adamlardan  müdafiəyə ehtiyacları yoxdur. Onlar həmişə tanrının çətiri altındadırlar.

Hər bir ziyalı, xüsusilə yazıçı öz xalqını sevməli, onun qüsurlarını sevərək islah etməyi bacarmalıdır. Cəmiyyətin ağılsızlıqları, çatışmazlıqları ilə hər bir toqquşma yazıçı üçün yeni bir böyük əsərin ərsəyə gəlməsinə səbəb olmalıdır, nəinki ruh düşkünlüyünə, cəmiyətin daxilndə mənasız diskusiyalara, parçalanmalara, nə bilim vallah daha nələrə səbəb olmağa.

Uğurlar arzu edirəm həm Çingiz müəllimə,  həm də o diktora. Deyəsən barışıblar.

Bu gün bizim cəmiyyətə BARIŞ lazımdır. 

CƏMİYYƏTDƏ BARIŞIN TAXTDA OLMASI ÜÇÜN İSƏ GÜCLÜLƏR HƏMİŞƏ ZƏİFLƏRƏ GÜZƏŞTƏ GETMƏYİ BACARMALIDIRLAR.

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Dəli bir ağlamaq keçir könlümdən” şeirinin növbəsidir. 

 

Yüyürüb, yüyürüb dərə boyunca

Düşüm çəmən üstə qoy üzüqoylu

Öpüm bu torpağı,

öpüm doyunca;

Üzümə üz qoysun bu soyuq daşı,

Qoy şehə qarışsın gözümün yaşı...

Qurumuş bulaqlar içir könlümdən,

Dəli bir ağlamaq keçir könlümdən.

 

Könlünə dəydiyim,

incitdiyim qız,

Vüqar kölgəsində yatdığım bəsdir,

Odlu yanağından su içdiyim qız,

Bu qədər günaha batdığım bəsdir.

Daha dodaqların titrəməsin qoy,

Mən sənin qarşında titrəyim, əsim,

Səndən dünyaları istəmirəm, yox,

Məni bağışlasan, bəsimdir, bəsim.

Yan desən,

Alışıb yana bilərəm.

Don desən,

Yerimdə dona bilərəm!

İndi bilmişəm ki, ömür-gün gedir,

Ən gözəl hisslərim keçir könlümdən,

Qayıt!

Sən ömrümə təzəlik gətir;

Dəli bir ağlamaq keçir könlümdən.

 

Çoxdan qəbristana düşməyir yolum,

O tənha məzarı ot basıb bəlkə.

Mənim soyuqluğum laqeydliyim

Onun sinəsinə od basıb bəlkə.

Bir daş var gözümün yaşına həsrət,

Dayanıb o giley heykəli kimi.

Əlim torpağına, daşına həsrət,

Yıxılıb üstünə mən dəli kimi

ağlayam gərək.

O tənha məzarı torpaqdan üzüb

Ovcumun içində saxlayam gərək.

Şöhrətin üstünə yürüdükcə mən

İstəklər, arzular köçür könlümdən.

Sevgi dumanına büründükcə mən

Dəli bir ağlamaq keçir könlümdən.

 

Küləklər oynayır kənd evimizdə,

Tale baş götürüb aparır məni.

Hörümçək tor qurub pəncərəmizdə,

Həsrətim çırpınır o torda mənim.

Yarasa boylanır uçuq tavandan,

Bükülmüş dirəklər çat-çat olubdur.

Qorxudan divarın bağrı yarılıb

Qapılar çoxalıb dördqat olubdur.

Gedim divarına yalvarım onun,

Gedim qapıların qatı açılsın.

Gedim mən sonuncu dirəyi olum

Tavanlar çiynimə barı uçulsun...

Daşı daş üstünə qoyum təzədən.

Dəlisov küləklər əsir könlümdə!

Elə kövrəlmişəm,

Bilmirəm nədən

Dəli bir ağlamaq keçir könlümdəm.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Çərşənbə, 29 Noyabr 2023 18:00

Musiqimiz Biləcəridən o yana tanınırmı?

 

“Ölkədə keyfiyyətli səsyazma studiyaları yoxdur. Musiqimiz Biləcəridən o yana tanınmır” - bu fikirlər gündəmə gəldikdən sonra musiqiçilərimiz tez-tez fikrə münasibət bildirirlər. Həqiqətən də belədirmi? 

 

“Ədəbiyyat və incəsənət” portalı Xalq artisti Gülyaz Məmmədovanın mövqeyini nəzərinizə çatdırır:

-Hesab edirəm ki, Azərbaycanda keyfiyyətli, yaxşı səviyyəli səsyazma studiyaları var və mənim bununla bağlı heç vaxt çətinliyim olmayıb.

Studiya narahatlığı əsasən orkestrlə olan  səsyazmalarla bağlıdır. Əlbəttə ki, ciddi üslublu, orkestr musiqilərinin, böyük əsərlərin yazılması üçün çox keyfiyyətli, hər cür avadanlığa malik səsyazma studiyası tələb olunur. Bu, hazırda bizdə yoxdur.

Təbii ki, musiqilərimiz də dünyada qəbul olunur. 

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

 

Səbinə Məmmədova, “Ədəbiyyat və incəsənət” üçün

 

Qısqanclıq ailələri içindən dağıdan çox dəhşətli bir prosesdir. Bəs ona necə qalib gəlmək olar? Sualı cavablandırmaq üçün nir neçə elmi mənbəyə müraciət etdim, əldə etdiyim nəticələri sizinlə bölüşürəm. 

 

Qısqanclığın mənbəyinə enin: 

Bir məsələnin öhdəsindən gəlmək üçün əvvəlcə problemin səbəbini öyrənmək və ona görə addım atmaq lazımdır. Qısqanclığın səbəbini öyrənin. Ancaq bu şəkildə qısqanclıq problemini həll edə bilərsiniz. Əksər hallarda qısqanclığın səbəbi inamsızlıqdır. Əlbəttə, bu vəziyyəti ikiyə bölmək olar. Birincisi, insanın tərəf müqabilinə güvənməməsidir. Bu halda bir çox problem yaranır. İkincisi, insanın özünə etimad göstərməməsidir. Bu da adamın qısqanclıq böhranına qapılmasına və tərəf müqabilini özündən uzaqlaşdırmasına yol açır. Bəzisinə görə qısqanclığın üçüncü səbəbi də vardır ki, bu da üçüncü şəxslərə, yəni kənardakılara etibarsızlıqdır! Dolayısı ilə etimad problemi qısqanclığın ən əhəmiyyətli səbəbidir. Bu kimi hallarda güclü xüsusiyyətlərinizin fərqinə varın və sizi digər insanlardan ayıran cəhətlərinizi görməzdən gəlməyin. Sevgilinizin sizi sevdiyinə inanmaqdan imtina etməyin.

 

Özünüzü ərköyünləşdirin: 

Qısqanclıq böhranlarında bu xüsusiyyət işə yarayan bir üsuldur. Salsa dərslərinə yazılın, başqa bir dil öyrənin. Özünüzü əyləndirəcək bu tip məşğuliyyətlər tapın. Başınız bu tip şeylərə qarışdığı üçün qısqanclıq yaradan hallarla məşğul olmağa vaxtınız qalmayacaq və beləliklə də sevgilinizlə rahat nəfəs ala biləcəksiniz! Hətta bu yeni maraqlarınız sevgilinizin də çox xoşuna gələ bilər.

 

Tərəf müqabilinizi anlayın: 

Qısqanclığa istənilən münasibətlə rast gəlmək olar. Ancaq hər şeyin olduğu kimi qısqanclığın da çoxu ziyandır. Qısqanclıq  hissləri güclü olduqda qarşı tərəfi bezdirir və hətta əlaqədən soyudur. Onu anlamağa çalışın, lazımsız qısqanclıq böhranlarına düçar olmayın. Hər şeyi qədərində edin.

 

Fikrinizi söyləyin: 

Yuxarıda yazdığımız hər şeyə dəqiqliklə əməl edirsinizsə və hələ də qısqanclığa qalib gələ bilmirsinizsə, problemi sevgilinizlə açıq aydın danışın. Xoşunuza gəlməyən və sizi qısqandıran məqamları bir-bir danışın. Sizi narahat edən bu hallarla bağlı ortaq bir nöqtə tapmağa çalışın. Beləliklə, həm onun, həm də sizin istədiyiniz olur və ikiniz də rahat bir şəkildə münasibətinizə davam edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Günün fotosu: “Qarabağ Universiteti” yaradılır

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qarabağ regionunun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.

Uğurlu və xeyirli olsun!

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Çərşənbə, 29 Noyabr 2023 16:00

Şalvar onlara, hörük bizə!

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Bəli, qapaq şəklinə ağlayan smaylik qoyduq. Gülməli bölümdə ağlamalı olacağıq.

Niyə?

Çünki mövzumuz son 100 ildə kişilərlə qadınların daxili görünüş və geyim tərzlərindəki dəyişikliklərdir.

 

Yüz il qabaq şalvar sırf kişi geyimi idi.

Hazırda isə qadınlar şalvara elə alüdə olublar ki, şalvar geyməyən qadın görəndə sadəcə buna sevinirik. 

Burda yerləşdirilən fotodakı şalvar, sizcə, boşunamı bu qədər dilxor görünür?

 

 

 

Qadınlar kişilərdən şalvarı alıb, bəs kişilər neynəyiblər? Sırqa taxan kişilər get-gedə trendə çevrilirlər. Manikürə, pedikürə gedən, qaşlarını alan kişilər sürətlə artmaqdadır. Təzəlikcə saçı uzadıb arxadan tək hörük saxlamaq da dəbə minib. 

 

 

Kişilər tərzcə qadınlaşırlarsa qorxuram xaraktercə də qadınlaşalar. Onda necə olacaq? 

Nə isə. Bu yerdə mövzunu qapadıram.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Çərşənbə, 29 Noyabr 2023 15:30

POETİK QİRAƏTdə Sayman Aruzun qəzəli

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair, AYB sədrinin müşaviri Sayman Aruz görüşür.

 

 

Qəzəl: 

 

Bir ömürdür axtarırdım səni səccadə içində,

Amma tapdım dünən axşam bir qədəh badə içində.

 

Mənə baxdın və soruşdun: nədi bu kədər, bu həsrət?

Niyə gizlənibsən ey can, yenə ləbbadə içində?...

 

Söylədim: "kədər deyil ki, bu həvəsdir, ehtirasdır,

Sevgidir şərab olubdur bu məni-sadə içində"...

 

Badəni içib və susdum, söylədim özüm özümçün:

Yaşayar əsl məhəbbət, bir əsilzadə içində...

 

Badəyə baxanda hər kəs biləcək ki, kimdi məşuq,

Gərək axtarmasın eşqi dilu-dildadə içində...

 

Azad ol dünyada Sayman, xüliya axtarışından,

Azad ol, çünki səadət "məni-azadə" içində...

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci bu gwn yekunlaşır. Xatırladaq ki, roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır və vacibdir.

 

 

 

69-CU DƏRC

 

Zori Balayan tam sıxılmış, kiçilmişdi, elə təəssürat yaranırdı ki, məhz həmin o 10 yaşlı qızın ruhudur, onu əzir, taptalayır, diri ikən canını cismindən  çıxarıb dara çəkmək istəyir.

Bu arada Baş Hakim hökmü səsləndirməmişdən öncə erməni ziyalılarına müraciət etdi, dedi, günü bu gün də erməni uşaqlarını türkə düşmən ruhda böyüdür, zərif varlıqları qana susadırsınız. Və masa üstündəki bir kitabı götürüb söylədi:

-"Ermənilərin törətdiyi kütləvi qırğınlar" kitabından rus diplomat, general Mayevskinin xatirələrini iqtibas gətirmək istəyirəm. Bir görün, sizlər öz gələcəyiniz olan zavallı uşaqları necə tərbiyələndirirsiniz. Mayevski yazır: "Ali məktəbdən tutmuş lap adicə ibtidai məktəblərə qədər bütün erməni məktəbləri Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın fəaliyyət meydanına çevrilmişdi. Vətənpərvərlik mədhiyyə və mahnıları, kəskin satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü, onlarda müsəlmanların mənfur hakimiyyətinə qarşı qəzəb, kin-kudrət hissini, heç kimə məlum olmayan gələcəyin fantastik illüziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, ən qısa bir vaxt (3-4 il) ərzində onların yaratdığı illüziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yetişirdi…"

Baş Hakim dərhal hökmü səsləndirdi:

-Divanın qərarı ilə bəşər tarixində oxşarı olmayan vəhşiliklərə rəvac verən antihumanist millətçi fəaliyyətinə, eləcə də konkret cinayətlərdə əli olmasına görə Zoriy Hakkoviç Balayana qeybedilmə cəzası kəsilir! Hökmün dərhal icra olunmasını Divan Heyətindən rica edirəm.

Şər qarışırdı. 18 gün davam etmiş uzun, ağrılı bir prosesə son qoyulmuşdu. İnsanlar hələ də gördüklərinin, eşitdiklərinin təsiri altındaydılar, dağılışmırdılar. İki-bir, üç-bir dayanıb söhbətləşir, prosesin ayrı-ayrı məqamlarını müzakirə edirdilər. Hakimlər, ekspertlər bir ailə kimi bir yerdə toplaşıb bir-birilərinin müsbət keyfiyyətlərini vurğulayır, uğurlu prosesə görə bir-birilərini təbrik edirdilər.

Elə yaxşıdır ki, heç kəs dağılışmamışdı. Bu vaxt bir ağsaqqal şəxs ”dayanın” nidaları ilə özünü Baş Meydana yetirdi, səhnəyə çıxdı, səsgücləndirici sistemi söndürmək istəyən heyəti əl saxlamağa çağırdı. Heyət Baş Hakimə tərəf boylananda Baş Hakim başı ilə onlara razılıq işarəsi verdi. Ağsaqqal təngnəfəsliyi büruzə verilsə belə çox iti və qətiyyətlə danışmağa başladı, dərhal hər kəsin diqqətini çəkdi. 

-Mən Sanuyel Vimsəm, ABŞ-ın Arkanzas ştatındakı eyni adlı şəhərdə yaşayan və təqaüddə olan prokuror və yazıçıyam. Öz təşəbbüsümlə «Ermənistan: Böyük yalan və Xristian terrorist dövlətinin tapmacası» adlı kitab yazmışam. Bəli, mən erməni lobbisinin qondarma soyqırımı ila əlaqədar beynəlxalq aləmdə dəstəklənməsinin qatı əleyhdarıyam. Bu dəstəklənməni iki amillə əlaqələndirirəm. Bunlardan birincisi erməni lobbisinin pulla tanınmış şəxsləri ələ alması, ikincisi isə xristianlıq kartıdır. Ermənilərin qondarma soyqırımı ilə əlaqədar ortaya atdıqları məsələni və bununla bağlı əsl həqiqəti öyrənmək üçün 4 il müddətində müxtəlif ölkələrin arxivlərində gecə-gündüz bilmədən tədqiqat apararaq, tarixdə heç bir erməni soyqırımının olmaması, əksinə, türklərin ermənilərin vəhşiliklərinin qurbanına çevrilməsi, bütün bu işlərdə ermənilərin yalançı və hiyləgər olması qənaətinə gəlmişəm. Yazdığım kitabda ermənilərin iç üzünü sənədli materiallarla ifşa etmişəm. İstanbula  gedəndən və türklərlə yaxından tanış olandan sonra Avropa və ABŞ-ın erməni məkrinin nə olduğunu hələ başa düşmədiyini, anlamadığını tam dərk etmişəm. Xristian təəssübkeşliyinin soyqırımın yalan olduğunu anlamaq istəyən Qərbin gözünü örtməsinə baxmayaraq, haqq və ədalətin öz yerini tapacağına hər halda inanıram.

Uzun illər boyu hüquq-mühafizə orqanlarında çalışdığımdan istər siyasi, istər adi, istərsə də cinayət aləmi ilə bağlı söylənilən hər hansı bir fikir barədə yüz dəfə götür-qoy etdikdən sonra qərar qəbul edirəm. Soyqırımı ilə bağlı kitab yazmağıma səbəb də konqres üzvü olan bir dostumla söhbətim olub. Dostum konqresdə müzakirə olunan bir məsələdən danışarkən məlum olub ki, Rusiya Azərbaycana qarşı Ermənistanı təcavüzə təhrik etmək üçün ermənilərə bir milyard dollarlıq silah verib. ABŞ isə öz növbəsində Ermənistana 1,5 milyard dollar yardım göstərib.

Vims pauza etdi, diqqətlə dinlədildiyinə əmin olduqdan sonra çıxışını davam etdirdi:

-Beləliklə, Amerika və Rusiya birləşərək xristian ermənilərini müsəlman Azərbaycana qarşı təcavüzə şirnikləndiriblər. Ona görə də ermənilər Qafqazda təcavüzkarlıqlarını davam etdirmək, güc yolu ilə bölgəni işğal etmək niyyətindən əl çəkmirlər. Dostum konqresmen müzakirəsinə çıxarılanlara inanmır və «biz kiçik bir Ermənistanı dəstəkləməklə nə üçün Türkiyə kimi güclü bir müttəfiqi itirmək kimi axmaq bir siyasət yeritməliyik ki» deyirdi. Axı Türkiyə istədiyi vaxt Ermənistanı bir andaca uda bilər. Əslində Rusiya hərbi bazalarının Ermənistanda olmasının da bir məntiqi əsası yoxdur. Mən konqresdə müzakirəyə çıxarılan məsələ ilə bağlı materialları oxuduqdan sonra ermənilərin və erməniləri müdafiə edən konqresmenlərin həqiqəti xristian təəssübkeşilyinə qurban vermələrini dərk etdim. Həm ermənipərəst senatorlar, həm də ermənilər türklərə qarşı xristian kartından məharətlə istifadə ediblər və bu gün də edirlər. Yəni əsl həqiqət xristian təəssübkeşliyinə qurban verilir. Axı Həzrəti İsa: «Həqiqəti hər şeydən uca tutun, yalana, iftiraya uymayın, böhtan atmayın» deyib. Elə isə biz xristianlar Həzrəti İsaya arxa çevirməməliyik. Belə çıxır ki, günümüzdə qondarma «erməni soyqırımını» ortaya atanlar və onları müdafiə edənlər əsl xristian deyillər. Mən başqa cür düşünə bilmirəm.

Bu sözləri, sanki, əsən yel qabağına qatıb uzaq-uzaq ellərə apardı ki, bütün qapanmış qulaqları dəlsin, bütün qıc olmuş beyinləri açsın.

Bu zaman dairəvi gövdəsinin baş hissəsindəki rəngbərəng işıqları mühərrikinin qopardığı uğultunun şiddətinə görə artıb-azalan nəhəng uçan peyk yel qopara-qopara  Əsas dünyaya aparacağı adamları da götürüb səmaya yüksəldi.

İşıqlı dünyaya doğru səmt alan bu nəqliyyat vasitəsinin arxasınca bir az da həsədlə baxan Baş Hakim içinə dolan qüssə həmləsini hiss etdi, amma bu, cəmi bir an çəkdi. Ona yaxınlaşıb “Hakim əmi, o düzdür ki, ilk uçan boşqabla Marsdan gələnlər də ermənilər olub” sualını verməklə onun eynini xeyli açan sarışın uşağın başını sığallayıb həmkarlarına üz tutaraq söylədi:

-Vimsin gəlişi lap yerinə düşdü, eləmi? Bu da ssenaridən kənar bir sonluq! Bundan gözəl proses sonluğunu heç cür təsəvvür etmək mümkün deyildi.

 

 

 (SON)

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.