
Super User
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Sevər Şəhabinin “Mənə xəbər gətir” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sevər Şəhabinin şeirlərini təqdim edir.
Sevər Şəhabi kimi tanınan şair, etimoloq və Güneydə muasir məşhur mahnıların müəllifi 1983-cü ildə Təbrizdə doğulmuşdur. O, şeirdən çox, illərdir ki, etimoloji və lüğətlər qonusunda çalışır.
MƏNƏ XƏBƏR GƏTİR
Məndən öncə ölsən əgər,
Ölülərə salam yetir.
Qırx günəcən gəl yuxuma,
Ordan mənə xəbər gətir.
Soraqlaş gör oralarda -
Neçə saat çalışırlar?
O dünyanın insanları,
Hansı dildə danışırlar?
Asılaraq gələnlərin -
Boğazları yaradırmı?
İşkəncədən ölənlərin -
Dəriləri qaradırmı?
Afrikanın zənciləri -
Kimlərə "Bəli" deyirlər?
Onların ağ ərbabları,
Nə içirlər, nə yeyirlər?
O dünyanın terminalı,
Necə yer bə yer olunur?
Cənnətin ağ biletləri,
Neçəyə al-ver olunur?
Sanki mənim bu istəyim,
İstəmədən üzdü səni.
Səndən öncə ölsəm əgər,
Qırx günəcən gözlə məni.
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)
Həyat ləkəsi -ESSE
Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”
Uşaqlıqda anamızdan qorxduğumuz üçün geyimlərimizə ləkə salmamağa çalışardıq. Ləkənin qalıcı olmasına, növünə görə, anamızdan eşidəcəyimiz danlağın müddətini hesablayardıq. Böyüdükcə, bu ləkələrin də bizimlə bərabər böyüdüyünü və köynəklərimizdən qəlblərimizə keçdiyini gördük. Kiçikkən anamızdan qorxan biz, böyüdükcə həyat köynəklərimizdə deyil də, həyatımıza ləkə salmağa başlayarkən, qorxumuz təkcə anamızdan yox, hər kəsdən oldu. Çünki uşaqkən analarımız məsələni bizim üçün həll edərdi, o ləkə o köynəkdən bir şəkildə çıxardı. Amma qəlbdə olan ləkələr elə də asan çıxmırmış və bunu təmizləməyə, gizlətməyə çalışmaq da çətin olurmuş. Vaxtilə anamızın danlağından qaçan biz, zamanla qəlbimizin ləkələrini görməz, fəryadlarını duymaz hala gələnlərdən olduq...
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “Yada düşür...”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz.
Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik.
Yada düşür...
Yaz gəlir, lalələrin
istisi yada düşür.
Dəlidağ güllərinin
bəstəsi yada düşür.
Haqq deyə öz sözünü,
tökə düşmən gözünü,
çatın palıd közünü –
tüstüsü yada düşür.
Yolda yağış saxlayır,
can yanır, baş ağrıyır,
böyrəklər daş bağlayır –
“İstisu” yada düşür.
Məni ora qaytarın,
şeh düşsün narın-narın,
durna telli qızların
dəstəsi yada düşür.
Çağırın tez oyanım,
doğan Günə boylanım,
öyüd verən babamın
hər sözü yada düşür.
Eh... gözəl cavanlığım,
eşq odunda yandığım!
Dərədən boylandığım
Göyüzü yada düşür...
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)
Vidadi Hüseynov: “Nə qədər ki həyat var, canlı sənət növü olan teatr da yaşayacaq”
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur.
Müsahiblərdən vəfat edəni də var, fəaliyyətini davam etdirəni də.
Növbəti müsahib telejurnalist Vidadi Hüseynovdur. Ondan müsahibə1998-ci ilin götürülüb.
“Proqrama dəvət etdiyim şəxslər hərəsi bir Azərbaycandır”
Sənət proqramlarının aparıcısı, tanınmış telejurnalist Vidadi Hüseynovla söhbət
- Vidadi, sənin sənət sevgin məni həmişə təəccübləndirib. Sənətə bu cür bağlılıq adətən ailədən gəlir, uşaq yaşlarından formalaşır. Freyd deyirdi ki, yeddində necəsənsə, yetmişində də eləsən. Bu baxımdan ailənizdə sənət mühiti olubmu?
- Freyd, şübhəsiz ki, haqlıdır. Amma istənilən bir ideyanın gerçəkliyə münasibətində qaçılmaz istisnalar olur. Mən də, görünür ki, bu məsələdəki istisnalardan biriyəm. Çünki bizim ailədə sənət mühiti olmayıb. Mənim sənətə marağım unudulmaz dramaturqumuz İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesi əsasında rejissor Əliheydər Ələkbərovun hazırladığı eyniadlı tamaşaya baxandan sonra yaranıb. Tamaşada cərəyan edən hadisələr nə qədər gərgin, dinamik idi! Musiqi necə həyəcanlıydı! Dekorasiyalar necə zövqlə qurulmuşdu! Hələ aktyorlar! İsmayıl Dağıstanlı! Leyla Bədirbəyli! Məmmədrza Şeyxzamanov! Həsən Turabov! Fuad Poladov! Fateh Fətullayev! Vəfa Fətullayeva! Və nəhayət, tamaşanın hüsnü, gözəli, cazibəsi – Şahnaz obrazının ifaçısı, görkəmli sənətkarımız Amaliya Pənahova! Mən Şahnaza vuruldum! Heç bilmirəm, buna sevgi demək olardımı? Cəmi on yaşım vardı. Sonra anam məni məşhur aktrisanın görüşünə gətirdi və o gətirən, bu gətirən, teatra ömürlük bağlandım.
- Hər şeyin ilki unudulmaz olur. Bəs, sən necə, ilk dəfə efirə çıxdığın günü xatırlayırsanmı?
- O gün heç vaxt yadımdan çıxmayacaq – 1992-ci il, fevralın 2-si… Həmin gün “Pərdənin o üzü” proqramında ilk dəfə efirə çıxdım. Həmsöhbətim Amaliya Pənahova idi. Universitetin jurnalistika fakültəsinin ikinci kursunda oxuyurdum. Baş redaktorum tanınmış jurnalist Vaqif Əlixanlı, proqramın rejissoru isə Tofiq Zeynalov idi.
- Bəzən deyirlər ki, insan özünü sənətdə realizə edə bilməyəndə sənət haqda danışır, jurnalist, aparıcı və ya tənqidçi olur. Bu fikirlə razısanmı? Nə vaxtsa aktyor, rejissor, yazıçı, rəssam olmaq istəmisənmi?
- Bir dəfə Zeynəb Xanlarovadan soruşdular ki, niyə digər məşhur müğənnilər kimi filmə çəkilmirsiniz? Məsələn, Karuzo, Rəşid Behbudov, Sezen Aksu, İbrahim Tatlısəs… Dedi ki, mən müğənniyəm, qoy filmə aktyorlar çəkilsin. Əlbəttə, özümü bu virtuoz sənətkarla müqayisə etmirəm. Amma mən də öz sənətimə çox bağlıyam. Bu cəhətdən aparıcılıqdan aldığım zövq yetər. Başqa işlə məşğul olmağa özümdə nə həvəs, nə də istedad hiss edirəm.
- Sənin tələbəlik illərin yadımdadır: filologiyadan jurnalistikaya keçdin və telejurnalistika sahəsini seçdin. Niyə jurnalistika və niyə məhz telejurnalistika?
- Yeniyetməlik vaxtlarımdan jurnalist olmaq arzusunda olmuşam – telejurnalist. Özümü televiziyada görürdüm. Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin ora. Ailəmizin köməyi hesabına ikinci kursda oxuyanda AzTV-də işə düzəldim və ekrana çıxdım.
- Aparıcılıq etdiyin teleproqramlar ümumən sənəti əhatə etsə də, bir qayda olaraq, teatr bunlar arasında aparıcı rol oynayır. Bu, “Avtoqraf”da belə olub, “Telemizan”da da. Teatra belə güclü maraq, qeyri-adi sevgi hardandır səndə?
- Çünki teatr canlı sənətdir, təbii sənətdir. Zalda oturan tamaşaçı aktyorun nəfəsini, aktyor da tamaşaçının nəfəsini duyur. Burada tərəflər arasındakı enerji mübadiləsi birbaşadır, canlıdır, təbiidir.
- Necə fikirləşirsən, bu gün teatr – kino, internet tərəfindən bir küncə sıxılmayıbmı?
- Bir az yersiz görünsə də, bir müqayisə aparım. Müasir dövrdə kimyəvi yolla çoxlu yeni parça növləri istehsal olunur. Onlar bir müddət dəbdə olsa da, sonralar moda tarixinin arxivinə qoyulur. Ən qədim parça növləri olan ipək, kətan, yun isə heç vaxt dəbdən düşmür, çünki onlar təbii yolla toxunurlar. Teatr sənəti də kinodan və digər modern sənət növlərindən fərqli olaraq canlı ünsiyyətə söykənir. Nə qədər ki həyat var, canlı sənət növü olan teatr da yaşayacaq. İnsan zövqü hər dəfə sünilikdən, texnoloji sənətlərdən usananda yenidən ilkinliyə, canlılığa, təbiiliyə daxili bir tələbat duyacaq və hər dəfə teatr da dirçələcək. Bu, mənada teatrı zamandan-zamana yanan və öz külü altından baş qaldıran səməndər quşuna bənzətmək olar.
- Müxtəlif proqramlardakı buraxılışların göstərir ki, fərqli yaradıcılıq sahələrinə məxsus üç şəxsə xüsusi ehtiramın var: yazıçı Elçin, müğənni Zeynəb Xanlarova, aktrisa Amaliya Pənahova. Bu özəl münasibət nədən doğur?
- Zeynəb Xanlarova, Elçin və Amaliya Pənahova çox maraqlı müsahiblərdir. Amma onlara olan bütün hörmətimlə birlikdə həmişə çalışmışam ki, balansı qoruyum. İstəmişəm ki, bu şəxslərlə digər qonaqlarım arasında disbalansa yol verməyim. Sənin sualından görünür ki, deyəsən, buna o qədər də nail ola bilməmişəm. Amma neyləyim, Əkrəm Əylisli demişkən, ürək yaman şeydir.
- Amaliya xanımla qohum olduğunu deyirlər. Bu, doğrudurmu?
- Bilirəm, belə deyirlər. Hətta televiziyaya işə düzəlməyimi, çox gənc yaşımdan ekrana çıxmağımı da onun adı ilə bağlayırdılar. Amma Amaliya xanımla heç bir qohumluq əlaqəm yoxdur. Bizi onunla ruhi-mənəvi tellər bağlayırdı. O, aktrisadır, mən pərəstişkar. O, sənətkardır, mən jurnalist. O, sənət yaradırdı, mən onu təbliğ edirəm.
- Sənə elə gəlmirmi ki, on illər keçdikcə kumirlərimiz bəzən neqativə doğru dəyişir, amma biz onlara olan uşaqlıq sevgimizi saxlayırıq?
- Mənim kumirlərimə sevgim və hörmətim daimidir. Hətta onlar nə zamansa dəyişsələr, nə vaxtsa onlara olan ideal münasibətim reallıq tərəfindən zədələnsə belə. Mən həmin o uşaqlıq sevgiləri xatirinə hər şeyə göz yummağa hazıram və göz yumuram da.
- Sən teleməkanda reytinq ardınca qaçmayan, həqiqi sənəti və əsl istedadı təbliğ edən azsaylı aparıcılardan birisən. Bu, hazırkı dövrdə az qala qeyri-mümkün görünür. Buna necə nail olursan?
- Mən iki telekanalda işləmişəm, iyirmi il AzTV-də, səkkiz il də İTV-də. Bu telekanalların heç biri reytinq televiziyası olmadığı üçün bu baxımdan çətinliyim olmayıb. Mənim çalışdığım telekanalların rəhbərləri gördüyüm işə heç vaxt reytinq nöqteyi-nəzərindən baxmayıblar. Bu barədə özümü şanslı sayıram.
- Özündən öncəki sənət proqramları aparıcılarından ən çox kimləri bəyənirsən? Sovet vaxtı nümayiş etdirilən “Gözəllik” proqramının aparıcısı, Bethovenin iyirmi altı yaşdan sonra kar olmasından gözləri dola-dola danışan Zəhra Quliyeva yadındadırmı?
- Mənim yeniyetmə vaxtlarımda ekrana əsl telejurnalistlər cıxırdı . İlqar Əlifoglu, İradə Tuncay, Nadejda İsmayılova… Mənə cox maraqlı idi onların proqram aparmaqları. Cünki diktorlardan fərqli olaraq, başqasının yox, öz sözlərini deyir, müstəqil düşünürdülər. Zəhra Quliyeva da yadımdadı. Musiqinin gözəl bilicisi idi, musiqi xadimlərini böyük sevgi ilə təqdim edirdi. Özünəməxsus diksiyası, güclü, sirayətedici temperamenti vardı. Sadəcə olaraq, mən musiqi ilə o vaxtlar elə də maraqlanmırdım. Bu sahə ilə bağlı verilişlər də mənə maraqlı deyildi. Nə Bethoven, nə onun musiqisi, nə də cavan yaşından kar olması. Mən teatrın fanatı idim. Bu fanatizm digər sənət sahələrini görməyə mənə, sadəcə, imkan vermirdi. Məcnunun diliylə desək, teatr sözü söylə, yoxsa xamuş!
- Televiziya rəqabət mühitidir, çünki orda şöhrət amili var. Bu baxımdan sənin də qismətinə acı günlər düşməmiş olmaz.
- Bunsuz olarmı? Çox gənc idim, təcrübəsiz idim. Mən ekrana çıxanda dövlət televiziyasının sədri Məmməd Murad idi. Bir az keçdi, onun yerinə Məməd İsmayıl gəldi və ekranda görünməyimə qadağa qoydu.
-
Nəyə görə?
- Deyirdi ki, efir yaraşığı yoxdur, çox arıqdır, üzündə civvəzlər var və sair…. Cəbhə hakimiyyətdən getməsəydi, yəqin ki, ekran üzünə həsrət qalacaqdım. Bəxtimdən onların hakimiyyəti cəmi bir il çəkdi və yenidən işimə qayıtdım. Amma yeni rəhbərliyin də vaxtında işim yağ kimi getmirdi. Kəskin müzakirələrin getdiyi “letuçka”larda haqlı-haqsız tənqidlərə məruz qalırdım. Məni gah proqrama dəvət etdiyim qonaqlarla efirdə rəqs etmək, gah da bilyard oynamaqda qınayırdılar. “Letuçka”da hamının gözü qabağında tənqid olunmaq indi göründüyü qədər sadə məsələ deyildi. Teatrdan uzaqlaşdırılmış Əminə Babayevanı proqrama dəvət etdiyimə görə o vaxtlar Milli Teatra direkltorluq edən Turabov televiziyaya zəng etmişdi ki, Vidadi efirə buraxılmamalıdır. Adını çəkmək istəmədiyim bir nəfər vardı, “letuçka”larda hər fürsətdə məni vurmağa bəhanə gəzirdi ki, bu tələbə burda nə neyləyir? Sonralar onun özünü rüşvət üstündə televiziyadan uzaqlaşdırdılar.
- Bu qədər maneədən necə keçirdin?
- Hər dəfə mənə ustadım Mailə xanım kömək edirdi. Allah onun ruhunu şad eləsin.
- Bəs, çağdaş teleməkandakı aparıcılıq sənəti necə, səni qane edirmi? Gənc aparıcılara nələri məsləhət görərdin?
- Müstəqillik dövrünün teleaparıcıları içində Mirşahin, Vəsilə Vahidqızı sözün müsbət mənasında bir örnək sayıla bilərlər. Amma, təəssüf ki, öz işini bilməyən naşı, təsadüfi, savadsız adamlar da hazırda bu sənətə ayaq açırlar. Mən belələrini aparıcı hesab eləmirəm. Necə ola bilər ki, internetdən götürdüyün yanlış məlumatlarla ekrana cıxasan? Kimsə sualları yazıb sənə verə, sən də robot kimi üzündən oxuyasan. Sonra da gəlib deyəsən ki, mən aparıcıyam. Məncə, hər hansı teleproqramın aparıcısı həm də onun müəllifi olmalıdır.
- Hazırda ekrana niyə çıxmırsan?
- Mən iyirmi altı il ekranda olmuşam, hələ hamının ekrana çıxa bilmədiyi vaxtlarda. Söhbət, əlbəttə, ekrana jurnalist kimi çıxmaqdan gedir. Mənim proqrama dəvət etdiyim şəxslərin hərəsim bir Azərbaycandır. Əksər televiziya əməkdaşları, aparıcımı deyim, jurnalistmi deyim, o böyük şəxsiyyətləri həyatda görməyiblər. Mən isə ekrana çıxdığım ilk gündən qəbul olunmuşam o böyük şəxsiyyətlər tərəfindən. Lakin mən hər layihəmdə deyiləcək sözüm olanda ekrana çıxıram. Ekrana çıxmaq xatirinə çıxdığımı xatırlamıram. Özümü ekranda yox, ekranı özümdə sevmişəm. Mən diktor olmamışam, bu sənət daha çox hər şeyi insana hazır mətn vasitəsilə diktə edən SSRİ dövrü üçün səciyyəvi idi. Mənim qismətimə müstəqillik dövrü düşdü. Bu müstəqillik sadəcə siyasi xarakter daşımır. Mətbuat, televiziya, jurnalistika da müstəqilləşib. Yeni dövrün telesimaları artıq diktorlar yox, ekranda öz sərbəst davranışları ilə seçilən aparıcılardır. Mən də onlardan biriyəm. Özü də, Mailə Muradxanlı kimi ustdadın yetirməsiyəm. Ona görə hələlik tələsmirəm. Nə vaxt deyiləcək yeni sözüm olsa, onda çıxacam ekrana.
- Aparıcılıq elədiyin sonuncu teleproqram – “Telemizan” xeyli tamaşaçı kontingenti toplaya bilmişdi. Çoxu o proqramın qonağı olmağı arzu edir, bir çox tanınmışlar sənin dəvətini məmnuniyyətlə qəbul edirdi. Sən “Telemizan”da yüksək ölçü, elitar mizan formalaşdıra bilmişdin. Niyə hazırda bu proqrama davam etmirsən?
- Hər şeydən öncə xoş sözlərə görə sağ ol. “Telemizan”ın ekran ömrü altı il çəkdi. Bu, bizim teleməkan üçün uzunömürlü layihə sayıla bilər. Bunun üçün çox dəyərli ziyalımız, İctimai Televiziyanın o vaxtkı direktoru Cəmil Quliyevə minnətdaram. Biz “Telemizan”ı birgə yaratdıq. Bu proqrama görə daha bir minnətdarlıq Rus Dram Teatrının direktoru Ədalət Hacıyevə düşür. Çünki çəkilişlərim “Rus drama”sında gedirdi. Bu proqram mənim ekran fəaliyyətimdə mühüm addım oldu. Əlbəttə, söhbət mədəniyyət məsələlərinin ekran müzakirəsində təcrübə qazanmaqdan gedir. Əgər sənin dediyin kimi, bu proqram baxılır, sevilirmişsə, buna şadam. Amma məncə, nə vaxt başlamaq kimi, nə vaxt bitirməyi də bilməlisən. Hər hansı proqram gərək hörmətlə getsin ekrandan. Mənə elə gəlir ki, proqramla vidalaşmaq qərarım yanlış deyil.
- Türk pop musiqisinin anası, superstar Sezen Aksu hər teleproqrama çıxmır. Bir dəfə Bəyaz onu öz proqramına dəvət etdi və bu, Türkiyə teleməkanında hadisəyə çevrildi. Amma sən öz proqramlarına, bir qayda olaraq, ən nüfuzlu ədəbiyyat və incəsənət xadimləri ilə çıxırsan. Bu adamları ekrana dəvət etmək elə də asan məsələ deyil. Buna necə nail olursan?
- Zeynəb Xanlarova İctimai Televiziyaya bu kanal açılandan on üç il sonra məhz mənim dəvətimlə gəlmişdi. Eləcə də, Elçin, Afaq Məsud, Anar, Fərhad Bədəlbəyli hər aparıcının dəvətini qəbul etmirlər. Ya səviyyə onları qane etmir, ya münasibət. Görkəmlilərin mənim dəvətlərimi nə üçün qəbul etmələrinin səbəbini dəqiq deyə bilmərəm. Amma bir şeyi dəqiq bilirəm – ekrana gəldiyim gündən düşünmüşəm ki, məhz bu şəxsiyyətlərlə işləməliyəm. Bu şəxslər lap uşaqlıqdan mənim kumirim olublar. Çünki onların hər biri öz sahəsinin, sözün həqiqi mənasında, günəşidir və xoşbəxtəm ki, məni öz orbitlərinə buraxıblar. Buna görə taleyimə minnətdaram.
- Səni az-çox tanıdığımdan bilirəm ki, sakit dayana bilməzsən. Teleaparıcılığa müvəqqəti olaraq ara verdiyin bu günlərdə nə işlə məşğulsan?
- Hazırda Amaliya Pənahovaya həsr olunmuş film üzərində işləyirik. Filmin quruluşçu rejissoru İlkin Şirinlidir. Pandemiya ilə bağlı olaraq çəkilişləri hələlik dayandırmışıq. Payızda işə davam etmək fikrindəyik. Çalışacağıq ki, İlkinlə birgə çəkdiyimiz digər filmlərimiz kimi bu işimiz də uğurla başa çatsın.
- Əvvəlki işlərimiz deyəndə yəqin ki, İlyas Əfəndiyev haqqında filminizi nəzərdə tutursan. Bu filmin uğurlu alınmasının səbəblərini nədə görürsən?
- Bu uğurun əsasında ilk növbədə filmin böyük yazıçı-dramaturqumuz İlyas Əfəndiyevdən bəhs etməsi durur. İkincisi, film aktual bir mövzuya – Qarabağın bəlalı taleyinə həsr olunub. Yəni biz filmdə İlyas Əfəndiyevin Qarabağa həsr etdiyi əsərlərinin kinematoqrafik üslubda təhlilini vermişik. Üçüncüsü, yaradıcı heyət peşəkarlardan təşkil olunmuşdu. Ssenari yaxşı ola bilər, amma əgər rejissor, operator, montaj rejissoru səriştəli deyilsə, ciddi uğura nail olmaq mümkün deyil. Bu filmin də rejissoru İlkin Şirinli idi. Operatorlar Bədəl və Ülvinin, montaj rejissoru Elnur Ehtiramoğlunun da bu uğurda öz payları var idi.
- Sənətdə qazandığın uğurlara görə özünü kimlərə borclu bilirsən?
- Sənət taleyimdən razıyam ki, həmişə məni xeyirxah insanlarla qarşılaşdırıb. Mən artıq Mailə Muradxanlının sənət uğurlarımdakı rolu barədə bayaq danışdım. Bir çox böyük sənət adamları da var ki, ən çətin günümdə mənə dəstək olublar. Birinin adını çəkim, qoy başqaları inciməsin – Zeynəb Xanlarova! Mənə elə gəlir ki, böyük sənətkar olmaq azdır, gərək insan olasan. Əsas şərt odur ki, heç kimin haqqını itirməyəsən, nankor, çörəyi dizinin üstündə olmayasan. Mənim bir nümunəm də atamdır. O, təkcə mənə yox, həyatda rastlaşdığı xeyli insana qarşı xeyirxah olub.
- Otuz ilə yaxındır ki, televiziyadasan. Sənət adamlarının yaradıcılığının təbliği ilə məşğulsan. Hamı bilir ki, sən onları necə fanatik məhəbbətlə sevirsən. Bu zəhmətin, bu sevginin qarşılığında işinə verilən dəyərlə razısanmı?
- Yəqin, fəxri adı nəzərdə tutursan. 2016-cı ildə görkəmli sənətkarımız, rəqs ustası Afaq Məlikova haqqında film çəkirdik. Filmə böyük sənətkarımız Fərhad Bədəlbəylinin də çıxışı daxil edilmişdi. Həmin gün televiziyanın 60 illiyi münasibəti ilə cənab Prezident televiziya əməkdaşlarının böyük bir qismini fəxri adlarla təltif etmişdi. Fərhad müəllim məndən soruşdu ki, səni təbrik edə bilərəm? Yox, dedim, mənə heç bir ad verilməyib, nə iş görmüşəm ki ad alam? Fərhad müəllim dedi ki, niyə, sən ədəbiyyata, incəsənətə xidmət edirsən. Dedim ki, mənim mükafatım sizin kimi sənətkarların verdiyi böyük dəyərdir, telefon zənglərimə cavab verməyinizdir, proqramıma gəlməyinizdir. Fərhad müəllim gülümsədi və heç nə demədi. Mən onda, doğrudan da, belə düşünürdüm və indi də bu məsələdə fikrimi dəyişməmişəm. Amma hər bir sənət adamı kimi mən də cənab Prezidentimiz tərəfindən fəxri ada layiq görülsəm, bundan, əlbəttə ki, qürur duyaram.
- Səni yenidən sənət proqramlarının aparıcısı kimi görə biləcəyikmi? Ümumən, gələcək planların nədir?
- Gördüyünüz kimi, hazırda İctimai Televiziya yenidən qurulur. Yeni layihələr gəlir ekrana. Bu layihələr beynəlxalq statusu olan proqramlardır və rəhbərlik tərəfindən lisenziya ilə alınır. Yəni bəzi telekanallarda olan bir çox proqramlardan fərqli plagiat deyil. Bu gün İctimai Televiziyada əsl yaradıcı mühit var. Telekanalın baş direktoru Balakişi Qasımov hər bir əməkdaşın dəyərini layiqincə verir. O, işdən çıxmaqla bağlı ərizəmə qol çəkməsə də, mən bir müddət öz istəyimlə İTV-dən ayrılmışdım. Amma gedəndən sonra gördüm ki, İTV-nin əməkdaşları, ordakı yaradıcı mühit üçün darıxıram. Kanalın rəhbərliyinə müraciət etdim, Balakişi müəllim məni yenidən öz işimə, hətta öz otağıma qaytardı. İndi yaradıcı müzakirələrimizi həm Balakişi müəllim, həm də baş direktorun bədii yaradıcılıq üzrə müavini Tural Sevdimalı ilə birgə edirik. Ən başlıcası odur ki, Balakişi müəllim də, Tural Sevdimalı da məmur inzibatçılığından uzaq şəxslərdir. Bu hər hansı yaradıcı mühitdə, o cümlədən də televiziyada çox önəmli amildir. Əgər alınsa, ekrana yeni bir layihə ilə çıxmaq istəyirəm. Amma bu, teleaparıcılıq fəaliyyətimdə yeni mərhələ yaradacaq bir layihə olmalıdır.
- Qarşıdan 22 iyul – Milli Mətbuat Günü gəlir. Deyiləsi bir sözün varmı?
- Bütün qələm əhlini bu münasibətilə təbrik edir, hamıya yeni yaradıcılıq uğurları və sağlam həyat arzu edirəm.
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)
“Sonuncu ölən ümidlərdir" romanında qadın - İlahə Səfərzadə yazır
“Ədəbiyyat və incəsənət” portalı gənc ədəbiyyatşünas İlahə Səfərzadənin Varisin “Sonuncu ölən ümidlərdir” romanı barədə yazdığı resenziyasını təqdim edir.
Varisin "Sonuncu ölən ümidlərdir" əsərində SSRİ-nin dağılma ərəfəsində yaşanan yoxsulluq dövrü, yeni quruluşa adaptasiya olmağa çalışan xalqın həm maddi, həm mənəvi həyatına çökmüş böhran ön plana çəkilib. Əsərin əsas xəttini qadının faciəli həyatı timsalında cəmiyyətin yaşadığı sarsıntılar təşkil edir.
Romanın əvvəllərində varlı və kasıb təbəqənin həyata fərqli baxış bucaqlarından baxdığını görürük. Nailə həyatı boyu məhdudiyyətlər, kasıblıq içində böyüdüyünə baxmayaraq, onun böyük arzu və idealları var. Həyatı ilə arzuları təzad təşkil edən bu qıza ətrafındakı insanların münasibəti, ümumiyyətlə cəmiyyətin yenicə həyata atılmış qadına, xüsusən də, kasıb təbəqədən çıxan qadına münasibəti kimi mənalandırılır. Əsərin əvvəlində qadın qəhrəman üçün çox xoş gedən sevgi münasibəti ciddi mərhələyə keçə bilmir, sevdiyi oğlanın ailəsi onu öz evində gəlin kimi görmək istəmir. Bununla da sinfi ziddiyyətin və ardından gələn fəlakətlərin təməli qoyulmuş olur.
Baş qəhrəman özünü və az qala, oxucunu da inandırmağa çalışır ki, onun tək çıxış yolu var. Hansı yolla olur-olsun, o da zəngin olmalıdır. Bu isə qızın cəmiyyətin qəbul etdiyi əxlaq qanunlarından kənara çıxmasına və nəticədə onun çirkaba batmasına təkan verir.
Müəllif qızın atasız böyüməsinin - ümumilikdə ailədə kişi yoxluğunun qadınların həyatında hansı problemlərə səbəb ola biləcəyini, qadının cəmiyyət tərəfindən həm mənəvi, həm də fiziki istismar olunmasının hansı bəlalara yol açdığını, belə qadınlara cəmiyyətdəki şüuraltı və şüurlu yanaşma psixologiyasını diqqətə çatdırmağa çalışıb.
Roman təhkiyəçinin insanlar haqqında mülahizələri ilə başlayır: "Bu adamlar, bu adi adamlar, hər biri özlüyündə bir-iki balaca qayğısıyla yaşayan bu lap adi adamlar necə də qeyri-adi adamlarmış, ilahi…
Bəlkə, insan dünyaya ona görə ac və çılpaq halda gəlir ki, bütün həyatı boyu başı qarnını doydurmağa və əyin-başını düzəltməyə qarışsın?.."
Bu cümlələr, həm də müəyyən qədər qadın obrazlarının daxili aləminin açılmasında açar rolunu oynayır. Toplum psixologiyasında qadının vəzifəsi uşaq dünyaya gətirmək, uşağı tərbiyə etmək, ev işləri görməkdir. Bu düşüncə əsərdəki qadın obrazların dili ilə də deyilir. Bəs ailədə pul qazanan kişi yoxdursa, onda bu qadını nə gözləyir?
Nailə obrazı məhz bu suala cavabdır. O, cəmiyyətdə əzilən, köməksiz qalan qadınların səsidir. Müəllif bu xarakterin timsalında eyni həyatı yaşayan qadınların yerə-göyə sığmayan nifrətini, aşıb-daşan intiqam hisslərini göstərməyə çalışır, onların nifrəti valideynlərinə, sevgilisinə, rəfiqəsinə, müdirinə - ümumiyyətlə cəmiyyətə yönəldilib.
Romanda Nailə əri tərəfindən tərk edilən üçuşaqlı ananın böyük qızıdır. Sevdiyi oğlanla arasında güclü bağ olsa da, oğlanın ailəsi onu başqa bir qızla evləndirir. Oğlanın evləndirildiyi isə Nailənin rəfiqəsi, həm də işlədiyi müəssisənin müdirinin qızıdır.
Gizli şəkildə toya gələn Nailə sevdiyi oğlanı bəy kürsüsündə görəndə sarsıntı keçirir. Çoxdandır onunla münasibət qurmaq istəyən müdirinə zəng edib onun sevgilisi olmağa razı olduğunu bildirir.
Bir müddət maddi sıxıntılarından azad olsa da, müdirin etibarsızlığı nəticəsində Nailə işdən çıxarılır və daha onunla maraqlanan olmur. Ətrafdan özü haqqında eşitdiyi sözləri udmaqda çətinlik çəkdiyi üçün keçmiş müdirini öldürərək həbsə düşür.
Bundan sonra, Nailə təzadlı düşüncələrə dalır. O, özü də qərar verə bilmir ki, başına gələn bütün fəlakətlərin günahını kimdə görsün.
Dialoqların birində Nailə anasının onu evin kişisi yerində gördüyünü deyir. Bu düşüncənin kökündəki əsas fikir budur ki, Nailə, həm pul qazanmağın çətin olduğu həyat şərtlərində ailəsini dolandırmaq qədər çətin bir öhdəliyi üzərinə götürmüş, həm də qadın olmağın imtiyazlarından istifadə etməyə çalışmışdır. Nailə "müsbət" və ya "mənfi obraz" qəlibinə sığmayan insandır. Müəllif Nailənin bütün səhvlərinin səbəbini onun yaşadığı ölkədə qadına münasibətlə bağlayır, siyasi və ictimai sistemlərin bir-birini əvəzləməsindən yaranan mənəvi və maddi böhran bir xalqın tarixinin müəyyən bir dönəmi şikəst edir.
Əsər boyu tez-tez deputatlığa namizədlərin xalqın "könlünü almağ"a çalışdığının şahidi oluruq. Əhalinin bəzi təbəqələri sürətlə varlanır, bəziləri isə ən vacib maddi ehtiyaclarını belə qarşılaya bilmir. Tarazlıq pozulur və xüsusən, qadınların timsalında riyakar bir mühit formalaşır. Nailənin sevgisi ikiləşir: maddi ehtiyacları ucbatından ondan istifadə etməyə çalışan kişilərin hamısına qeyri-səmimi üz göstərməli olur. Sırf maddi ehtiyaclarını ödəmək naminə müdiri ilə "sevgili" münasibəti yaşayır. Nəticədə, cəmiyyət tərəfindən ona "əxlaqsız qadın" damğası vurulması onun həyatında heç vaxt qurtula bilməyəcəyi girdabın başlanğıcı olur...
Əsərdə qoyulmuş əsas problem qadının taleyinə girib, onu addım-addım uçurumun kənarına gətirən çirkin mühitin eybəcərliyini açıb göstərməkdir. Bununla belə, müəllifin özünün mübaliğəli düşüncələri, təzadlı fikirləri də nəzərdən yayınmır.
Nailə həbsdən azad olunduqdan sonra qanunsuz varlanmağın yolunu tapır, arzuladığı varlı həyata qovuşur və qarşısına onu incidən hər kəsdən intiqam almağı məqsəd qoyur.
Əxlaqsızlığın seçim, yoxsa, məcburiyyət olması dilemması qarşısında qalan Nailəni müəllif öz vicdanı ilə baş-başa buraxır...
Həbsdə keçirdiyi illərdən sonra Nailə artıq cəmiyyətlə baş-başa gəlmək, döyüşmək, mübarizə aparmaq iqtidarındadır. "Kişiləşmiş" Nailə artıq zərif, kövrək, inanan, qoruyan, bəsləyən, həyat bəxş edən - məhz qadına aid xüsusiyyətlərindən məhrumdur. O, artıq intiqam alan, dağıdan, yıxan, öldürən, rəhmsiz bir insana çevrilmişdir.
Qadın iç dünyası ilə idealların ziddiyyəti arasındadır. Romanın birinci hissəsində Nailə öz içindəki zərif duyğular ilə yaşayır, zaman-zaman içindəki konfliktdən qurtula bilmir. Lakin zaman və mühit onu dəyişir, o, özünə güvənən, məqsədlərinə çatmaq üçün qərarlı, taledən öz intiqamını almağa hazır bir cəngavərə çevrilir və müəllif bununla ona daha çox kişiyə xas xarakter yükləmiş olur. Əsər boyu kişinin qadına qarşı qurmaq istədiyi hakimiyyəti artıq Nailə cəmiyyətə qarşı qurur...
Romanda hadisələr bir-birini əvəzləyərkən, sosial-siyasi məsələlər ön plana çəkilir, ilk baxışda sadə məhəbbət macərası kimi görünən hadisələrin axışında ictimai fikrin qadına yanaşması və bunun fəsadları göstərilir və cəmiyyətin sütunu olan qadına yönəlmiş mənəvi terror ifşa olunur.
Ümidlərsə, öldürülməməlidir - nə əvvəldə, nə də sonda!..
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)
“Cümə günü Əbülfəzqızının 10 sualı ilə”də Əlizadə Nuri
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı AYB-nin üzvü, Prezident təqaüdçüsü, şeirlərindəki poetik funksiya daşıyan sözlərin dərinliyi, gözəlliyi ilə qəlbləri riqqətə gətirən, xanım saçlarından ayrı düşüb daraqda ağlayan tellərin dərdini duyan və duyduran şair Əlizadə Nuridir.
-Xoş gördük, əziz şairimiz.
Yaradıcılığınızı görən suallarımızın ürəyi doludur, mən o sualları ağlatmaq istəmirəm və 1- ci sualımızı Sizlə qovuşdururam.
1) Şeytan qoşa- qoşadı,
Mən hansına daş atım?!
... Səhra ömrü yaşadım-
Qoy, indi qum-qum ölüm...
(Əlizadə Nuri)
Əziz Şairimiz, " Şeytana" qalib gəlməyin birinci şərti nədir?
-Adamlar çox vaxt ona görə yıxılırlar ki, ayağlarına etibar etmirlər.
Birinci şərt, yəqin ki, o şeytanı içində öldürmək, Allaha hər gün daha yaxın olmaq, necə deyərlər, Allahın qonşuluğunda yaşamaq, sonda onun "Böyük Evi"nə köçməkdir
Qalan bütün şərtlər sadəcə, təfərrüatdır. Hətta ona daş atmaq belə...
2) "Eşqin hekayəsini dayanmadan fəryad edən bülbüldən deyil, səssiz-sədasız can verən pərvanədən soruş." ( Mövlanə)
Dəyərli Əlizadə bəy, bəs, Siz, eşqə necə tərif verərdiniz?
- Eşqin tərifini bu dünyada heç kim bilmir, bəlkə də. Tərifini bilməsəm də, məncə, o, ən böyük TƏRİFƏ layiqdir.
Qarışqadan soruşmuşlar:
-Hara gedirsən?
-Sevdama doğru.
-Bu ləng yerişlə ona çata biləcəksənmi?
-Çata bilməsəm də, yolunda ölərəm!
Məncə, eşq budur!
Eşq yanmaqdır. Ostrovski deyirdi ki: "Kim ki, yanmır, o, his verir"
3) Meşə yıxılıbdı balta səsinə,
kəsməyə bir balta sapı qalmayıb.
Ağaclar meşədən qaçmaq istəyib,
ancaq yeriməyə tabı qalmayıb.
(Əlizadə Nuri)
Dəyərli Şairimiz, niyə "sapı özümüzdən olan baltaların" vurduğu zərbənin ağrısı unudulmur? Unudulsa belə, zərbənin izləri
qalır...
- Ağac necə deyib?- mənə zərbə vuranın bədəni məndəndir. Bu yaraların şəfası varmı?- bilmirik. Qrasian " Unutmaq ən böyük qisasdır" deyirdi. Amma yox, bu qaysaq verən yaralar qiyamətəcən unudulmur...
4) " Həyat cavanların gözündə sonsuz gələcək, yaşlıların gözündə qısa keçmişdir." ( Artur Şopenhaur)
Əlizadə bəyin keçmişə boylananda: "Kaş ki, bunu edərdim" - söylədiyi məqam varsa, oxucuları ilə bölüşə bilərmi?
- Şopenhauerin fəlsəfi frazalarını mən də sevirəm...
Söhbət şair kontekstinə gəlirsə, şairi danışdıqlarına görə yox, susduqlarına görə mühakimə edərlər. Necə deyərlər, ya sus, ya da susmaqdan üstün bir şey danış.
Şair demişkən, etmədiklərim hərdən məni elə yandırır ki...
İnsanlar bu həyat nərdivanında tez-tez yıxılırlar. Niyə? Bəlkə ayaqlarına etibar etmirlər- ona görə?!
Həyat amansızdır. Eko demişkən: "bu zalım dünyanın hələ bir cəhənnəmi də varmış...
5) Kim toxunub bu sözlərin könlünə,
Bir şairin varağında ağlayır?
O qadın da gözlərini gizləyib...
Göz yaşları yanağında ağlayır.
Sevgi sönüb tüstülənir xatirəm,
Közü də yox, kirpiyimdə gətirəm...
... Saçlarını ovundurub yatıram.
Haçan görsəm, darağında ağlayır. (Əlizadə Nuri)
" Qadınlar nə istəyir?" sualına dəyərli şairimiz Əlizadə Nuri cavab tapıbmı?
- Qadınlar nə istəyir?- ən sadə biçimdə sevgi, nəvaziş, diqqət...
Kim deyibsə, yaxşı deyib: “Kişilər qadınlarda yaxşı bir keçmiş, qadınlar kişilərdə yaxşı bir gələcək arayır"
Karyerist maraqları qoyuruq bir yana...
Mən bir dəfə yazmışdım: bəlkə də, bir qadın təbəssümüymüş, Sonradan böyüdüb günəş ediblər...
Bu dünyanın isinməsi həm də qadınların hesabına olur...
Qadınlar haqda bəzi kişilər tələsik qərar verir. Pələngi öldürməmiş dərisinə qiymət qoymaq trend olub sanki. Bu, yolverilməzdir!
6) " Qəlbə zərər verən iki şey var: qəm və qayğı. Qəm yuxu gətirir, qayğı isə yuxu qaçırır." ( Hippokrat)
Əziz şairimiz, pərişan halınızda qələminiz ruhunuza sığal çəkə bilirmi?
- Yağışdan sonra göy üzü necə toxtayırsa, şeirdən sonra da şairin ruhsal halı eynən olur. Hərçənd, burda qələmin yox, sözün gücündən danışmaq gərək. Qələm, sadəcə, bir alətdir. Durna lələyiylə də dünyanın ən yaxşı şeirini yazmaq olar.
Əsas o ki, "Şair gərək tanrı qədər gözəl olsun bu dünyada" (Puşkin) Və... Yazdığın şeir sənə yox, sən yazdığın şeirə məxsus olmalısan...
7) Ölüm,
heç insafdan deyil ha
bütün ömrü boyu durub səni gözləmək... ( Əlizadə Nuri)
Əziz şairimiz üçün ölümdən sonra nə var?
-Öldüm-ölümün də Sirrini açdım,
Daha bu dünyada heçnə sirr deyil...
Ölmək-ölümün sirrinə agah olmaqdır, məncə...
Zen-buddist fəlsəfəsində deyilir: "Həyat uzun ölümümüzdə qısa fasilədir" Bu "fasilə" bitəndən sonra insan ölümü ilə oturub-durmağa, sevişməyə başlayır.
Bəzən ölmək - yox olmaqdır deyirlər. Məncə, yox. Ölüm- əbədi ömürdür. Mistik, ruhani ölüm. İnsan ölümün ayaq izinə düşüb, öz Allahına qovuşur. Vəssalam...
8) " Yalan qartopu kimidir, diyirləndikcə artıb böyüyür." ( Martin Lüter)
Şairimiz yalan danışan insanın yalanını biləndə obrazlı cümlələrindən istifadə edirmi, yoxsa susmağa üstünlük verir?
-Yalan qartopu kimi ola bilər, amma ən əvvəl qardır, soyuqdur, üzünə dəyən kimi üşüyürsən. Yalan danışan adama yazığım gəlir- həqiqətə badalağ atdığına görə...
Dil təkcə danışmaq üçün deyil ki, həm də susmaq üçündür. Yalan danışmaqdansa, susmaq daha gözəl.
Elə mən də yalan önündə susmağa üstünlük verirəm, yalançı adamın taleyini obrazlarla danışıb onu saxlamağa çalışmaq da xilas eləmir.
Yalan həm həyat tərzi, həm də xəstəlikdir, hər iki halda tanrı kömək olsun!
Yalanın ömrü az olur. Axı, çaqqalların hökmü qurd ulayana qədərdir.
Gələcəyimiz üçün ən yaxşı sərmayə danışdıqımız həqiqətlər və etdiyimiz yaxşılıqlardır.
9) İp ucu gəzirəm,
Tapa bilmirəm,
Bu ömrün dolaşıq kələfində mən.
Qapının açılan
Üzündə sənsən,
Qapının bağlanan tərəfində mən... ( Əlizadə Nuri)
Dəyərli Əlizadə bəy, məchulluq məluma keçərsə, məchulluq gücünü itirərmi?
-Məchulluq pərdədir, şirma kimidir. Bir gün onu "aralayıb" görünən dünyaya baxmaq istəyirsən. Dünyanın başını sirli yalanlarla aldatmaq olmaz. Hər məchulun açılacağı bir günə ehtiyacı var.
Qaranlıq məchullar, illuziyalar Günəş doğana qədərdir. İlluziyaların da qürub edəcəyi bir gün olur. Və sən aqressiv-depresiv halardan xilas olmuş olursan.
"Mən Yer kürəsini çeçələ barmağımda gəzdirirəm" kimi obraz cildinə girmiş məchullardan uzaq olmaq gərəkir. Femidanın gözləri əbədi bağlı qala bilməz, məchul katakilizmlər bir gün məluma çevrilib öz ağ libasını geyinəcəkdir.
10) " Kişinin nifrətindən çox, qadının məhəbbətindən qorxmaq lazımdır". ( Sokrat)
Bu fikrə münasibətinizi bölüşə bilərikmi?
-Sokrat müəllimin bu "xəbərdarlığı" ilə razı deyiləm. Nifrətin qorxduğu, çəkindiyi elə sevgidir. Qadın sevgisinə sarılmaq gərək, axı o, isdi qucaqdır.
Qadın sevgisindən o vaxt qorx ki, sən özünü o sevgiyə layiq bilmirsən.
Sevgi müharibəyə bənzəyir, onu başlamaq asandır, qurtarmaq çətin.
Qoy sevgi qurtarmasın!
-Dəyərli şairimiz, vaxtınızdan bizə pay ayırıb rubrikamızda qonağımız olduğunuz üçün Sizə minnətdarıq.
Sonda "Əbülfəzqızının 10 sualı" - ndan hansı daha çox xoşunuza gəldi?-soruşmaq istərdik.
-“10 sualın" hamısını bəyəndim desəm, səmimiyyətimə inanın. Sonda yazıçı dostum Varis bəyə və Ülviyyə xanım, sizə təşəkkürümü bildirirəm!
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)
“Gulfnews” saytı Azərbaycanın görməli yerlərindən yazıb
“Gulfnews” saytında (gulfnews.com) “Azərbaycan odisseyi” sərlövhəli məqalə dərc olunub. Bu barədə AzərTAC məlumat verir.
Məlumata görə, məqalədə qeyd olunub ki, səyahətçi bayram ərəfəsində dincəlmək və macəralı anlar yaşamaq üçün Azərbaycana üz tutub. İlk olaraq, insanların daha çox olduğu Bakının Nizami küçəsində olan turist buranın gözəlliyinə heyran qaldığını bildirib. Daha sonra o, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu və qoruğun ərazisindəki Qız Qalası, Şirvanşahlar Sarayı və Qala divarlarını, eləcə də müasir Bakı şəhərinin simvollarından biri olan Heydər Əliyev Mərkəzini ziyarət edib.
Onun üçün ən maraqlı yerlərdən biri də insan bacarığının və yaradıcılığının sübutu olan - ədəbiyyat əsərlərinin kiçik formatda çap olunan kitabların saxlanıldığı Miniatür Kitab Muzeyi olub.
Növbəti gün isə gecələr gözəl lazer nümayişi ilə şəhərin səma xəttinə hakim kəsilən Alov Qüllələrini, dünya memarlığının incisi kimi tanınan Heydər Əliyev Mərkəzini, Bakı Bulvarını, Dağüstü Parkı ziyarət edən səyahətçi Bakının möhtəşəm mənzərələrindən danışıb. Daha sonra Şəki və Qəbələyə üz tutan turist buranın görməli yerlərini ziyarət edib və mətbəxi ilə tanış olub.
Məqalədə Qafqaz dağlarının ətəyində yerləşən, yaşıllıqlara bürünmüş, Qədim İpək Yolu üzərində yerləşən və hazırda UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Şəki şəhərindən, burada yerləşən ecazkar Şəki Xan Sarayı, o cümlədən şəhərin çay daşları ilə döşənmiş küçələri, memarlıq abidələri və Azərbaycan milli mətbəxinin vizit kartlarından biri olan dadlı Şəki pitisindən bəhs edilir.
Qəbələ rayonu haqqında danışan səyahətçi buranın təbiətinin gözəlliyindən, əylənmək üçün burada quraşdırılmış müasir attraksionlardan danışır, bildirir ki, rayonda yerləşən dağların və meşələrin gözəl mənzərəsi buranı açıq havada sərgüzəştlər üçün mükəmməl bir məkana çevirir. Səyahətçi kanat yolu ilə Tufandağa qalxdığını və dağın zirvəsindən şəhərin və qarla örtülmüş hündür dağlarının heyrətamiz mənzərəsini seyr etdiyini bildirir.
Sonda isə Bakının çox zəngin tarixi, mədəni eyni zamanda müasir şəhər olduğunu qeyd edən ziyarətçi buranın səyahət üçün dəyərli seçim olduğunu vurğulayır.
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)
Yeni il bələdçisi: İçərişəhərdə “Sehirli Qala” və “Qurama Art”
Könül, “Ədəbiyyat və incəsənət”
Hər yeni ildə Fəvvarələr meydanında “Soyuq əllər, isti ürəklər” xeyriyyə yarmarkasının keçirilməsinə alışmışıq. İşərişəhər də bu estafetə qoşularaq bayram günlərinə özəl tədbirlər təklif edir.
Şəhərimizin bayram əhvalına öz töhfəsini vermək, eləcə də Yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Sehrli Qala” günləri keçirilir.
Və həftəsonu ziyarətçilərə bayram sevinci bəxş etmək üçün uşaq rəqs kollektivlərinin çıxışları, musiqili əyləncə saatları, müxtəlif interaktiv oyunların təşkili nəzərdə tutulub.
Tədbir 2024-cü il yanvarın 7-dək davam edəcək.
İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində isə II Milli Qurama Festivalı çərçivəsində “Qurama Art” sərgisi açılıb. Sərgidə milli qurama, tikmə sənətinin müasir incəsənətə inteqrasiyası mövzusunu əks etdirən 17 rəssamın əsərləri nümayiş olunur.
Milli tikmə növü olan qurama insan ruhunu xarakterizə edən və rəngarəng formalara əsaslanan, təbiətdən ilhamlanan mozaika növlü yaradıcılıq işi olaraq bütün dünyada maraqla qarşılanır.
“Qurama Art” sərgisində nümayiş olunan sənət əsərləri müasir rəngkarlıq, heykəltaraşlıq, miniatür, xəttatlıq, kompüter qrafikası və rəqəmsal texnologiyaların köməyi ilə hazırlanıb.
Sərgidə Vüqar Əli, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarazıyeva, Məmməd Rəşidov, Orxan Qarayev, Pərinisə Əsgərova, Aytən Abdullayeva, Günel Ravilova, Rəna Tağıyeva, Elçin Yəhyazadə, Ceyhun Coşqun, Gül Bəktəmirov, Sadat Bəkirova, Şəlalə Salamzadə, Ağaməli Əliyev, Tamira İbrahimova, Nərgiz Əsgərovanın əsərləri nümayiş olunur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan sərgi Bakı Fotoqrafiya Evində gələn il yanvarın 9-dək davam edəcək.
Buyurun, əziz bakılılar və şəhərin qonaqları, xoş və mənalı saatlar keçirməklə yeni il ovqatınızı şən edin.
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
24-cü hissə
Yeni kabus
Yeni həyat xeyli zəngin və maraqlı idi. Yaşadığı acılardan sonra birdən-birə bu qədər xoşbəxt olmaq Ülkər üçün gözlənilməz idi. İşlətdiyi qadın salonu -- adını “Aylin” qoymuşdu -- onu bir biznes ledi kimi formalaşdırmışdı, gedib işə nəzarət edir, gəlir-çıxarı hesablayırdı, vaxtlı-vaxtında tələb olunan ləvazimatı da (müxtəlif kosmetik vasitələr, şampunlar, saç rəngləri və s.) gedib Sədərək bazarından özü alıb gətirirdi.
Həftəsonu pay-pürüşlə anasını gedib görür, Nazəndə xanıma baş çəkir, bacısının qapısını açırdı. Nazəndə xanım ona çox yaxşılıqlar etmişdi, doğma ana münasibəti göstərmişdi. Odur ki, köhnə, ekranı işləməyən telefonunu görüb ona son dəb mobil telefon alıb hədiyyə etmişdi.
Gülgünlə kafe-restoranlara getməyin də öz yeri var idi. Hətta bir dəfə tələbə yoldaşı Sevillə də rastlaşmışdı, “Portofino”da kofe içib gəncliklərini xatırlamışdılar. Xüsusən qardaşı Xəyalın qorxusundan Ülkərin qısa ətəyi çantasında gətirib Sevilgildə geyinməsini xatırlayanda uğunub getmişdilər. Maddi sıxıntı çəkən Sevil ondan borc istəmiş, o isə təmənnasız ona beş yüz dollar vermişdi.
Rəşid müəllimlə izdivaca görə bacısını az qala döymək həddinə çatan Xəyal da xeyli yumşalmışdı, indi tez-tez gəlib bacısından cibxərcliyiistəyirdi. Hətta bir dəfə guya banka olan borcuna görə evini girov qoymasını, pulu ödəyə bilmədiyindən evdən çıxarılması təhlükəsini dilə gətirib hönkürərək ağlamışdı da, Ülkər də buna dözməmiş, qürurunu sındıraraq Rəşid müəllimdən altmış min manat alıb qardaşına vermişdi.
Ülkər fitnesə də gedirdi, hovuzda da üzürdü. Hər şey ürəyincə idi.
Ağ gün üz ağardar, deyiblər, çox düzgün deyiblər, Ülkər sanki günü-gündən gəncləşir, gözəlləşir, daha sevimli olurdu.
Yeni həyatda yeganə xoşuna gəlməyən şey Rəşid müəllimlə yatmaq səhnələri idi. Bir peşəkar vəzifəni icra edirmiş kimi Ülkər həmin anların tez bitməsini səbirsizliklə gözləyirdi.
Bu dəfə qara kabus qəfil gəldi. Bir gün Ülkər salonun qarşısında Namiqi gördü. Dərhal dalağı sancdı. Namiq dedi:
-- Mənə təcili borc pul lazımdır, on min dollar.
Ülkər əsəbiləşdi:
-- Sənə pul lazımdırsa, mən neynəməliyəm? Mən məgər sənin kiminəm ki, üstümə gəlmisən?
Namiq fikrini açıq izhar elədi:
-- Bax mənimçün çöl də bayır kimidir. İtiriləsi bir şeyim yoxdur. Ya mənə on min dolları düzəldib verirsən, ya da Rəşidin arvadına, oğullarına deyəcəm ki, Rəşid ev tutub fahişə saxlayır.
Ülkər qəzəbləndi, dərhal dedi ki, fahişə sənin anan, bacındır, mən o kişinin kəbinli arvadıyam.
Belədə Namiq lap azğınlaşdı:
-- Nə kəbin? Bir yataqlıq siğə bağlamaq kəbindir, ay bədbəxt? Guya keçmişini bilmirəm? Bu atan yaşında kişidən qabaq da oğlun yaşında bir başqasını toruna salmışdın. Rəşidin oğulları dəliqanlıdırlar, bilsələr, sənin hər tikəni qulağın boyda edəcəklər. Özünə problem axtarma, on min dollar ver, çıxım gedim.
Ülkərin sanki başına qaynar su tökdülər. Yaman yerdə axşamlamışdı.
Vaxt udmaq üçün dedi, mənə üç-dörd gün möhlət ver, sonra məsələyə qayıdarıq.
Nə edəydi? Rəşid müəllimə desinmi bunu? Bir neçə gün götür-qoy etdi, düşdüyü labirintdən çıxış yolu axtardı.
Gülgündən məsləhət istədi. Gülgün dedi:
-- Rəşid müəllimin məsələdən agah olacağı təqdirdə sürücünün ağzını yumacağına əminsənmi? Məncə, əksinə, içinə bir qorxu dolar, çıxış yolunu təcili səninlə ayrılmaqda görər. Çünki o Namiqdi, nə zibildi, elələri adamı həmişə ən zəif yerindən vurmağa hazır olurlar. Məncə, o oğraşın ağzına tulapayı kimi o pulu at, qulağı dinc həyatını yaşa.
Əlac yox idi. Belə də etməli idi.
***
Süleymanbu yerdə qeyri-ixtiyari çığırdı. Dedi, Ülkərin səhv etdiyi aydındır. Ülkər onu həqiqətən də sevən Rəşid müəllimə onun xoş ovqatında hər şeyi açıq deməliydi... Onu inandırmalıydı... Ülkərin böyük səhvidir bu!!!!
***
Ülkər Namiqi çağırdı, ona and içdirtdi ki, bu on minlə söhbət bağlanacaq, daha Namiq onun gözünə görünməyəcək. Sonra düzəltdiyi pulu ona verdi. Bu olay avqustun son günlərində baş verdi.
Sentyabr ayı sakit keçdi, Namiq, həqiqətən, gözə dəymədi. Oktyabrın 2-si idi. Rəşid müəllimin vəzifəsini bir pillə böyütmüşdülər, onun xoşbəxt günü idi. Ülkəri bulvardakı restorana apardı, bolluca içdi, Ülkəri də içirtdi. Şərabı arağa, onu da şampana qatdılar. Ömründə bu qədər içməyən Ülkər ayaq üstündə dura bilmirdi. Başı necə gicəllənirdisə, elə bilirdi karuseldədir, “Amerika qorka”sında dövrə vurur.
Rəşid müəllim özü evə taksi ilə gedib Ülkəri Namiqlə yola salacağını bildirəndə Ülkər “yox” desə də, bu “yox” heç bir əhəmiyyət kəsb etmədi. Rəşid müəllim onu maşının arxa oturacağına oturdub, dodağından da öpüb “bay-bay” dedi.
***
Süleyman yenə oxumağa ara verib səsini qaldırdi. Dedi ki, burada Rəşid müəllimin səhvibarədə yazmaq lazım idi. Düzdür, cəmiyyətdə belə hallar var. Ammao dəyyus yazıçıburada Rəşid müəllimi ciddi tənqid etməliydi.
Dedi, elə bu yazıçı da Rəşid müəllimlə eyni düşüncənin yiyəsidir, deyəsən.
Sonra yenidən olduqca maraqlı yerində qaldığı romana sarıldı.
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)
Uorren Baffet: “Öz pullarınızdan düzgün istifadə edin”
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun 13 bənddən ibarət “Uğur qazanmaq qaydası” təlimi də var. Bu gün sizlərə növbəti bəndi təqdim edəcəyik.
Əminik ki, sizlərə bu dahi şəxs çox faydalı olacaq.
Qayda 8
Öz pullarınızdan düzgün istifadə edin
«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.
Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».
Əvvəlki günlərdə isə bunları təqdim etmişdik:
Qayda 1
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
Qayda 2
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
Qayda 3
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
Qayda 4
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
Qayda 5
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
Qayda 6
Hər şey barədə əvvəlcədən razılaşın
«İstənilən işi başlayanda dərhal maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».
Qayda 7
Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin
«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)