
Super User
“Söz kibrit kimidir, ocaq da qalayar, yanğın da törədər” - HÜMBƏT HƏSƏNOĞLUDAN 10 AFORİZM
“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Verən ala da bilir, ona görə də özünün olanlarını dəyərləndir.
2.Ən çətin şey sehrində olduğun insanın sehrindən azad olmaqdır.
3.Qadın küsüşməyə layiq kişi arzulayar.
4.Tənbəlliyin rəqiblərinə verdiyin əlavə şansdır.
5.Qadın qəzəl kimidir, bəzi şeyləri anlamasan da, ümumən fikri tutub zövq almaq olur.
6.Öz təkliyi ilə ünsiyyət qura bilən tək qalmaz.
7.İnsan kölgəsi pis həmsöhbət kimidir, bütün hərəkətləri yalnız təkrar etməyi bacarır.
8.Allahın necə yaradıldığını düşünməsən, Allahın yaratdıqlarını düşünmək asandır.
9.Sifətlərini idarə edə bilənlər çox şeyləri də edə bilərlər.
10.Söz kibrit kimidir, ocaq da qalayar, yanğın da törədər.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Açar” bədii filmi Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi təmsil edəcək
“Açar” qısametrajlı bədii filmi gələn ilin yanvarın 12-18-də Bolqarıstanda keçiriləcək 16-cı Sofia Menar Film Festivalının qısametrajlı filmlər proqramına seçilib.
AzərTAC xəbər verir ki, proqramda Azərbaycanla yanaşı Yaponiya, ABŞ, İran, Tunis, Misir, Pakistan kimi ölkələrdən təqdim olunan filmlər yer alıb.
Qeyd edək ki, premyerası 2023-cü ilin aprel ayında Niderland Krallığında “Oscar”, BAFTA və Avropa Film mükafatlarına klassifikasiyalı 14-cü “Go Short” Beynəlxalq Qısa Filmlər Festivalında baş tutan “Açar” filmi ötən müddət ərzində dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallarda ölkəmizi təmsil edib.
“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsal etdiyi “Açar” filmi Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev (ELsevƏR), görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.
Ekran əsərində Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Beynəlxalq Muğam Mərkəzinin 15 illiyi qeyd olunub
Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin (BMM) fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən BMM–in direktoru Sahib Paşazadə və yazıçı-dramaturq İlqar Fəhmi Mərkəzin fəaliyyəti barədə qonaqlara məlumat veriblər. Qeyd edilib ki, Beynəlxalq Muğam Mərkəzi öz fəaliyyəti ilə ulu xəzinənin təbliği, şanlı mənəvi irsin saxlancı və milli dəyərin təbliğat mərkəzi funksiyasını yerinə yetirir.
Sonra Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Ardınca səhnəyə “Xarıbülbül” ansamblı dəvət olunub.
Tədbirdə Xalq artisti Arif Babayevin videotəbriki təqdim edilib.
Gecə Xalq artistləri Gülyaz Məmmədova, Nəzakət Teymurova, Zabit Nəbizadə, Elçin Həşimov, Elnur Əhmədov, Teyyub Aslanov və Əməkdar incəsənət xadimi Aqil Məlikovun çıxışları ilə davam edib.
Qeyd edək ki, 2008-ci il dekabrın 27-də Bakıda, Dənizkənarı Milli Parkda qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin açılışı ilə Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəz yaradıldı.
Ötən müddət ərzində Beynəlxalq Muğam Mərkəzində bir sıra mühüm layihələr reallaşdırılıb, saysız-hesabsız konsertlər keçirilib, korifey sənətkarlarımızın yubileyləri təşkil olunub. BMM-in böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsi çərçivəsində silsilə konsertlər keçirilir. Bundan əlavə, mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla izlənilir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
“Gördüm ki, Hacıbala Abutalıbovla işləyə bilməyəcəyəm…”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Qəribədir, müğənnilər, aktyor və yazarlar daha tez tanınsalar da memarların məşhurlaşması üçün bəzən insan ömrü bəs etmir. Gecəsini gündüzünə qatıb ərsəyə gətirdikləri gözəl tikililərin müəlliflərindən nədənsə çoxları xəbərsiz olur…
Deyir ki;- “2001-ci ildə Hacıbala Abutalıbov Bakı şəhərinin icra başçısı təyin olunandan sonra gördüm ki, onunla işləyə bilməyəcəm. Çünki o, dediklərimi başa düşmürdü və mən məcbur olub vəzifəmi tərk etdim. Hacıbala müəllim bir qədər qeyri-standart düşüncəli insan idi. Bir dəfə bir layihə ilə bağlı mübahisəmiz olmuşdu. Mən dedim ki, şəhərin baş memarı olduğum üçün hesab edirəm ki, bu layihə bu cür olmalıdır. Hacıbala müəllim də cavab verdi ki, Bakının başçısı da mənəm, memarı da, hakimi də. Mən də ona siz çox böyük adamsınız deyib, çıxıb getdim. Bizim necə ayrılmağımızı hamı bilir. Hətta bu hadisəni o vaxt Heydər Əliyevə də məruzə etmişdilər. Bu hadisədən bir ay sonra mənə “Şöhrət” ordeni verildi...”
Söhbət Elbay Qasımzadədən gedir. O, 1948-ci ildə Bakı şəhərində anadan olub, Ənvər Qasımzadənin oğludur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1989–2001-ci illərdə Bakı şəhərinin baş memarı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin professorudur. 150-dən artıq layihənin, o cümlədən “Azadlıq prospekti” metrostansiyasının memarıdır. 1998-ci ildə "El&En" memarlıq şirkətini təsis edib və hal-hazırda da ona başçılıq edir və Azərbaycan Memarlar İttifaqının sədridir…
Sevinir ki, Qarabağın işğaldan azad olunmasına şahidlik edib. Qorxurdu ki, birdən ömrü yetməz…
“Qarabağda görüləcək işlər çoxdur. Bəzi uzağı görməyən adamlar deyir ki, beş ilə yenidən hər şeyi bərpa edəcəyik. Bu, düzgün söhbət deyil, məsuliyyətsiz sözdür. Buna xeyli vaxt lazımdır. Beş ilə hər şey düzələ bilməz. Oranı 30 ilə viran qoyublar. Əgər ermənilərin Qarabağda qalmaq niyyəti olsaydı, dağıtmazdılar, qurub-yaradardılar. Onlar bilirdilər ki, gec-tez torpaqların əsl sahibləri gələcək və oradan çıxacaqlar…”- söyləyir.
İşlədiyi dövrdə başına xeyli maraqlı hadisələr gəlib.
Deyir ki;- “Bakının baş memarı işlədiyim dövrdə Milli Bankın təzə binasının tikintisi başladı. Halbuki mən bankın binasının Tbilisi prospektində tikilməsini istəyirdim və o cür sənədləşdirmişdim də. Ancaq mənim razılığım olmadan binanın tikintisinə başladılar. Güclü adamlar idilər. Açılış mərasimi zamanı rəhmətlik Heydər Əliyev çıxışında dedi ki, bu binanın tikintisində baş memar səhvə yol verib, əslində, bu bina burada tikilməli deyildi. Bu çıxış xronikada da, dövrün qəzetlərində də var. Bir dəfə Heydər Əliyev şəhəri seyr edərkən mən də yanında idim. İmkan tapıb dedim ki, cənab prezident, icazə verirsinizmi bir söz deyim? Dedi, buyurun. Dedim;- “Mən nə bu binanın tikintisinə, nə də layihəsinə icazə vermişdim, icazəsiz tikdilər.”
İnanın ki, uzun müddət Rəşid Behbudov küçəsindən keçəndə Milli Bankın binası tərəfə baxmırdım. Artıq zaman ötüb, yaxşı ku, bina mühitə uyğunlaşıb…”
Çox baməzə adamdır. İncə yumor hissi var. Şirin Bakı ləhcəsiylə adamı məftun edir. Necə deyərlər, əsl “qədeş”lərə məxsus dialekti var.
“Bakının ruhu təkcə onun daşlarında deyil, Bakının ruhu orada yaşayan insanlardadır. Altmışıncı illərdə deyirdilər ki, İçərişəhərin əhalisini köçürmək, bəzi abidələri söküb yeniləmək lazımdır. Nə yaxşı ki, o vaxt başa düşən adamlar bu layihəni yaxın buraxmadılar və dedilər ki, İçərişəhərdə əhali yaşamasa, İçərişəhər də yaşamaz. Cansız daşlarda nə ruh ola bilər? Heç bir şey. Onu ruhlandıran orada yaşayan insanlardır. İçərişəhərin də əlbəttə ruhu dəyişib. Mən ora tez-tez gedirəm. Orada mənə yaşlı içərişəhərlilər hələ də “qədeş” deyirlər. Bu söz pis söz deyil ha. Onlar qədeş sözünü hörmət etdikləri adamlara deyirlər. Həyatdır da…”- söyləyir.
Zəngin kitabxanası var. Bu kitabxanada texniki kitablarla yanaşı, ümumilikdə doqquz minə yaxın bədii kitab da toplayıb. On iki yaşından şeir yazır, amma şeirlərini heç vaxt üzə çıxarmayıb.
Nə isə, Elbay Qasımzadə haqqında çox danışmaq olar, məqsədim, onu 75 illik yubileyi münasibətilə təbrik etmək olduğu üçün hələlik burada saxlayıram. Axı dekabrın 26-sı onun ad günü idi.
Ömrünüz uzun olsun, Elbay müəllim!
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Yatmış cahillər - AKTUAL
Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”
Fikir vermisinizmi? Eyni kitabları oxuyur, eyni filmlərə baxır, eyni musiqiləri dinləyir, eyni yerlərə gedib-gəlir, qısacası, düşüncələrimizi eyniləşdirmişik. Az izlənməsi, az dinləyicisi olan film-mahnıları sınayıb, bəyənməkdən qorxuruq. Dillərdən "mən azad fikirliyəm" sözləri, gözlərdən "mən fərqliyəm" baxışları əks olunur və iddia edilir. Amma heç kim özünü dinləyəcək cəsarəti tapmır. Hissləri danışmaq istəyib dilə gəldikdə, həmin o dili, kəsir yavaş-yavaş beyindəki məntiq.
Daima bir-birləri ilə məsləhət alış-verişi edir, sanki biz qarşı fikirlə, qarşımızdaki isə bizim fikrimizlə özünü qarantiya altına alır. Hərkəs azad fikrə sahib olub, sürü psixologiyası ilə gedir, istəklərini isə susdurub, ruhunda dustaq edir. Hərkəs eyniləşmiş düşüncələr zəncirinə tutunub gedir. Kiçikkən beyin və düşüncələrimiz istədiyimiz kimi yox, istədikləri kimi formalaşdırılır, eyniləşdirilir. Sanki gözlərimizi bağlayıb, cahillik yolundaki karvana qoşurlar. Biz isə, o qədər kor oluruq ki, əllərimizin olduğundan xəbərsiz qalırıq. Gözlərimizin görməsinin nə xeyri, başqa əllər bizi həqiqətə kor etdikdən sonra?
Yolunu itirmiş bir insanın qarşısına iki yol çıxır. Bir yolda insanlar baş alıb, karvantək ard-arda, "gözləri bağlı" şəkildə gedir. Digər yolda isə heç kim olmur. Həmin insan heç düşünmədən sürüyə qoşulub gedəcək. Qaranlıq yolun sonunu aydınlıq, aydınlıq yolun sonunun qaranlıq ola bilmə ehtimalını düşünmədən gedəcək. Yolun hara aparacağını bilmədən. Bəlkə də o qorxduğu yol, onu "özünə aparacaqdı." Lakin o, özündən qorxurdu. Çünki o, özünü tanımırdı, çünki o, özünə yad idi. İnsan çox qorxaq varlıqdır əslində. Daima "əsl özündən qorxub." Tək qərar verməyə, tək düşünməyə, tək addım atmağa, tək yaşamağa, bir şeyləri tək başına bacarmaqdan qorxub.
Hər məsələdə özünə hər daim "yol yoldaşı" axtarıb.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Bəxtiyar Vahabzadə: “İmamverdi kimi insanları başıma tac edərəm”
Azərbaycan ədəbiyyatşünaslığının ən görkəmli nümayəndələrindən biri olan İmamverdi Əbilovun anadan olmasının 96-cı ildönümü tamam oldu. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı Xalq şairi Bəxtiyar Vahabzadənin 2007-ci ildə İmamverdi müəllimin 80 illiyi münasibəti ilə yazdığı məqaləni təqdim edir. Məqaləni redaksiyaya İmamverdi müəllimin oğlu Etibar Əbilov təqdim etmişdir.
Allah İmamverdi Əbilova, Bəxtiyar Vahabzadəyə rəhmət eləsin!
MİLLƏT VƏ ANA DİLİ ÜÇÜN YANAN ADAM.
İmamverdi Əbilov mənim həqiqi dostum olub. Hər adama dost demək olmaz. Mən rəhmətlik Qasım Qasımzadə, Xudu Məmmədov, Nurəddin Rza və İmamverdi müəllimlə dostluq etmişəm. O mənim sirdaşım olub.
İmamvetdi qəlbən yüksək düşüncəli insan olsa da, özünü çox sadə, təvazökar apardığına görə onu çox istəmişəm. Sadəqəlblidir. Amma el üçün, millət üçün, ana dili üçün yanan adamdır. Mən onu buna görə sevmişəm. Sevmək azdır, mən İmamverdi kimi insanları başıma tac edərəm. Bu sözləri Nurəddin, Xudu, İmamverdi və bir də rəhmətlik Qasım haqqında deyə bilərəm.
Bilirsinizmi, əqidə deyilən bir anlam var. Bir var adi söhbət, bir də var əqidə söhbəti. Əqidə mənim hər şeyimdi, çismimdi, varlığımdı, nəfəsimdi. Əqidəmə toxunanda dözə bilmirəm. İmamverdi mənim əqidə dostumdur.
Bir məsələdə təsəlli tapıram ki, onun oğlu Azər Turan atasına layiq oğul oldu. Hər oğul, hər kəs o cür olmur.
Mən İmamverdi ilə 60 ilə yaxındır ki, dostluq edirəm. Dönə-dönə Neftçalada- onun evində olmuşam. İmamverdi müəllimin hesabına Neftçala respublikanın ədəbi mərkəzlərindən birinə çevrildi. Onun evini, oçağını pirə bənzədirəm. İmamverdi Allah adamıdır. Övliya kimi bir insandır
Bəxtiyar Vahabzadə
“Ədəbiyyat qəzeti", 28 aprel 2007-ci il.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
23-cü hissə
Yeni həyata başlamaq
Gülgün Rəşid müəllimin ayırdığı maşınla Ülkərin dalınca gəldi, Bayıla getdilər. Orada Rəşid müəllim onları gözləyirdi. Axunddar küçədə yerləşən öz həyət evində onların kəbinini kəsdi. Məscidə getməyi Rəşid müəllim istəməmişdi, kiminsə görə biləcəyindən narahat olmuşdu.
Elə həmin gün gecə Rəşid müəllimin Namiq adlı sürücüsü Ülkərin dalınca gəldi ki, onu hotel otağına – Rəşid müəllimlə ilk zifaf gecəsi yaşamağa aparsın.
Ülkər arxada əyləşmişdi, salon güzgüsündən ona odlu-odlu baxan sürücünün baxışlarından narahat olurdu.
Hotel otağında Rəşid müəllim əla süfrə açdırmışdı, şampan partladıb badə-badəyə toqquşdurdular, birgə həyatlarının sağlığına içdilər.
-- Sən, həqiqətən, mənim qadın idealımsan. Xoşbəxtəm ki, səni tapmışam.
-- ...
-- Bu gözəlliyi Tanrı necə yaradıb? Sizin rayonu mən gözəllər diyarı elan edirəm.
-- ...
-- Sən ən gözəl qadınsan. Xasiyyətin də ipək kimi mülayimdir. Kül o ərin olmuş kişinin başına ki, sənin kimi mələkdən vaz keçib.
-- ...
Rəşid müəllim Ülkərin ata-anasının, tanışlıqlarına bais olmuş Gülgünün, bir qədər sərxoş olduqdan sonra (şampanı araqla qarışdırmışdı) növbəti badəni hətta Madarın sağlığına içdi, dedi, o köpəyoğlu səni boşamasaydı, biz indi əsla qovuşa bilməzdik.
Sonra iri, enli, pərqu yatağa saldı Ülkəri. Həyatında iki kişi olmuşdu, birinci ilə yataq münasibətləri tamamilə zövqsüz olmuşdu, gah sərxoş, gah nəşəli, gah yorğun gələn, robot kimi tezbazar “işini görüb dərhal da xoruldayan” Madarla yataq bölüşmək ona əsl işgəncə olmuşdu. İkincidə bu münasibətlər həzzvericiydi, Rasimə simpatiyası vardı, bir-birinin bədənlərindən ləzzət duya-duya sevişirdilər. Bax, indi isə Ülkər özünü bu yaşlı adamla xeyli narahat hiss edir, aralarında baş verən prosesin tez bitməsini arzulayırdı.
Rəşid müəllim elə həmin o Bayıl ərazisində yeni tikilmiş çoxmərtəbənin altıncı mərtəbəsində Ülkəri ikiotaqlı mənzilə köçürtdü. Ülkərin anası ilə vidalaşıb yeni mənzilə köçməsi mənzərəsi çox toxundurucu oldu.
Zöhrə qızının yaşlı kişiylə yaşamasını həzm edə bilmirdi, kişinin bağışladığı evdə yaşamaqdan da qəti imtina etdi.
-- Sən bir çirkabdan çıxıb birinə batmağının fərqindəsənmi? Atan yaşda kişi səni xoşbəxtmi edəcək? Onun varına, puluna niyə aldanırsan axı? Evində yavan çörək ye, amma başını uca tut.
-- Ana, niyə məni başa düşmək istəmirsən? Mənim nə yaşım var ki, ömrümün sonuna kimi tək yaşamağa qərar verim? Mənim də sevgiyə, tumara, nəvazişə ehtiyacım var. Üstəlik də dəstəyə, maddi təminata ehtiyacım var. Hələ ömrümün az hissəsini yaşamışam, indidən məğlubiyyətlə barışıb niyə özümü puç eləyim ki? Bəs mənim gül balamın axırı nə olar onda? Rasim uşaq idi, razıyam səninlə, uşaq əqli ilə anasından yox, məndən vaz keçdi. Amma Rəşid müəllim ki yetkin bir şəxsdir, böyük vəzifə sahibidir, nüfuzlu birisidir. Onun da ana sözü ilə məndən vaz keçəcəyi məsələsi gündəmdə deyil axı.
Beləcə, Ülkər qızı Aylini yeni mənzilə gətirdi. Zoğalı rəngli çamadanını komodun üzərinə qoyanda kövrəldi, dedi, mənim vəfalı dostum, sən bu ünvanda mütləq xoşbəxt olacaqsan, bu qədər bədbəxtlik yetər!
Aylin bu gen mənzildə ayrıca otaq yiyəsi oldu, ona çəhrayı mebel gətirilib quraşdırıldı, ayrıca yazı masası, hətta lövhəsi də var idi. Otağından eyvana adlayır, maşınlar şütüyən prospektə baxır, skaypla rəfiqələri ilə danışır, təzə mənzillərini onlara nümayiş etdirir, fərəhlə anasının boynuna atılırdı.
Rəşid müəllim Ülkərin üç yüz əlli manat maaşa görə həftənin beş günü səhərdən-axşamadək işləməsinə dərhal son qoydu, onu işdən çıxartdırdı. Ülkərə arzusuna görə bir qadın salonu açdı. Həmin qışda sevgili cananını Dubaya apardı, yayda Bodruma.
Dubay möcüzə idi, Ülkər bu gözəllikləri ağzıaçıq seyr edirdi, o vaxt Dubaya ilk gəlişində kimsə ona desəydi ki, illər sonra sən gəlib burada fahişəlik edəcəksən, inanardımı? Dilindən vurmazdımı?
Dubaya Aylini aparmamışdılar, məktəb vardı, məşğələlər vardı, uşağı təhsildən ayırmaq qəti olmazdı. Amma yayda Bodruma üçlükdə getmişdilər. Egey dənizinin maviliyində Ülkər sanırdı ki, keçmişinin bütün ağrı-acılarını yuyub tökür. Ona elə gəlirdi ki, Aylini çiyninə alıb gəzdirən, onlar üçün hər cür əyləncə təşkil edən bu kişi onun xoşbəxtlik açarıdır.Gah hava şarında uçur, gah gəmi kruizinə çıxır, gah diskotekaya, konsertlərə gedirdilər. O yay Bodrumda Səda Sayanın konsertinə gedib xeyli məmnun olmuşdular.
Səda Sayan da Səda Sayandır. Bu meqaulduzun canlı-canlı konsertində olmaq az iş deyil. Məşhur “Gecələr” mahnısının ifası bütün zalı coşdurmuşdu, hamı ayaqda idi.
Sensizligi yaşarken,
Nerelere gideyim,
Her kes gülüp oynarken
Ben senin derdindeyim.
Ah geceler, sensiz geceler,
Kabus kibi çöker geceler.
Ayrılıklar vurur beni,
Sabahları dar geceler...
Rəşid müəllim iri bir gül buketi bağlatdırmışdı, onu da Aylin aparıb Səda Sayana vermiş, şəkil çəkdirmişdilər.
Salon işlətmək isə Ülkər üçün bir ayrı xoşbəxtlik idi. Ülkər salondan ayda nə qədər pul götürürdü, üstəlik, hər ay Rəşid müəllim ona iki min dollar xərclik verirdi. Ülkərə maşın almaq istəyirdi, amma Ülkər maşın sürməyə həvəsli olmadığına görə onu ora-bura Namiq aparıb gətirirdi.
Allah mərdimazara lənət eləsin, onlar hər addımda adamın qarşısına çıxırlar, onu kölgə kimi izləyirlər. Allah, görəsən, bu pisləri, bu murdarları niyə xəlq edir? Bu qədər yaramazlıqları niyə axı bir adamda cəmləyir, görən?
Bu Namiqi hansı ana doğmuşdu? İlk baxışda adi adam təsiri bağışlayan bu kəs nə qədər üfunətli birisi imiş? İdmançı olmuşdu əvvəllər, bədənindən əzələli olduğu dərhal duyulurdu. Çox kor-kobud, nataraz birisi idi. Ədəb-ərkanın nə olduğunu bilmirdi. Sanki bu insanın beyni, düşüncəsi yox idi.
Bir dəfə Namiq Ülkərə kompliment dedi, Ülkər bunu cavabsız buraxdı. Növbəti dəfə Namiq “Atan yaşda kişidə nə tapmısan axı? Mənim kimi simpatyaqa ilə yəni seks yaşamağın gözəlliyini dadmaq istəmirsən? Seksin hər çalarını eləyək, elə ləzzət yaşadım ki sənə” kəlmələrindən qeyzə gəldi, Namiqin üstünə çəmkirdi.
-- Utanmırsan? Sənin anan-bacın yoxdur ki, qarşındakı hər qadına yataq təklif edirsən?
Namiq də qəzəbini boğa bilmədi:
-- Anam-bacımın adını dilinə gətirmə. Sən yönlü qadın olsaydın, vara-dövlətə görə atan yaşda kişinin altına yıxılmazdın.
Ülkər həmin gün Rəşid müəllimdən xahiş etdi ki, bir də Namiqi sürücü qismində onu aparmağa yollamasın. Səbəbini “çox deyingəndir” deyə izah etdi. Kaş ki, o vaxt deyəydi əsl səbəbi.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Məleykə Əsədovanın “bığı”
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bu gün amerikalılar Qutuda Konfet Gününü qeyd edirlər.
Madam ki, qutuda konfetdən söhbət düşdü, mütləq bir haşiyəyə çıxım. Bizdə sovetlər dönəmində, eləcə də müstəqilliyin ilk illərində qutuda şokolad ən qiymətli hədiyyələrdən sayılırdı, insanlar bir-birinin evinə gedəndə bir şokolad qutusu aparırdılar, o evdəkilər də onu açmır, servantda əziz əşya kimi saxlayırdılar. Sumqayıtda yaşayan Vəliyevlər ailəsi də onlara gətirilmiş, üzərində Məleykə Əsədovanın şəkli olan şokolad qutusunu açıb yeməmişdi, dar gün üçün saxlamışdı, amma evin kiçik uşağı nadinclik edib xanım Əsədovaya bığ çəkmişdi, evin qadını da bu bığı cidi-cəhdlə silsə də yeri qalmışdı.
Bir il keçəndən sonra Vəliyevlər hansısa bir qohumlarıgilə qonaq getməli olanda bu qutunu da büküb aparırlar, qutuyla vidalaşırlar. Daha iki il keçmiş onlara hansısa bir tanışları qonaq gələndə bığlı Məleykə qutusu yenidən onların evinə qayıdır. Qonaqlar gedəndən sonra Vəliyevlər bu dəfə “halal qismətləri olan” şokoladları yemək qərarı verirlər, qutunu açanda görürlər, şokoladlar qurdlayıb, ovxalanıb. İndi diqqət edirlər ki, ərzağın yararlılıq müddəti 4 ildir ki ötübmüş.
Bax belə bir əhvalat. Biz “saxla samanı, gələr zamanı” deyibən dar gün üçün tədarüklü xalqıq, düzdür. Amma bəzən fərqinə varmırıq ki, samanın da saxlanma zamanı var, bu zaman keçəndən sonra o, ən yaxşı halda zibilə atılası olur.
Allah sizləri heç vaxt dəyərdən salmasın, əziz oxucular!
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Aygün Bəylər: “Әvvәllər toylarda nağara çalardım...”
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur.
Müsahiblərdən vəfat edəni də var, fəaliyyətini davam etdirəni də.
Növbəti müsahib müğənni Aygün Hümmətovadır (hazırda özünə Bəylər təxəllüsünü götürüb) . Ondan müsahibə1998-ci ilin sentyabrında götürülüb.
“KİŞİNİN PAPAĞI BAŞINDA OLAR”
Bu sözləri gənc və istedadlı müğənni Ayğün Hümmətova dedi.
-Aygün xanım, sənətə gәlişiniz necә olub?
-(gülümsəyərək) Әvvәllər toylarda nağara çalardım. Sonra toyda qarmon çalan xalam mәnә mәslәһәt gördü ki, sәnin “slux"un var. Niyә maһnı oxumursan? 13 yaşından etibarәn nağara çalırdım. 19 yaşımdan müğәnni kimi fәaliyyәt göstәrirәm.
-Bәs, televiziyadakı ilk çıxışınız necә oldu?
-Mәnim çıxışım Ramiz Mirişlinin çox xoşuna gәlmişdi. O mәni "Gәl, sәһәrim" verilişinә dәvәt etdi vә bu verilişdәn sonra birdәn-birә bütün respublikada mәşһurlaşdım.
-Demәli, siz musiqi tәһsili almamısınız?
-Bu il Bakı Dövlәt Musiqi Akademiyasının muğam şöbәsinә daxil olmuşam.
-Hәlә dәqiq mәlum deyil. Yәqin ki, İslam Rzayev olacaq.
-Tәһsil almamısınızsa, çox çәtin muğamlarımızı indiyәdәk necә ifa edirdiniz?
-Beş il әrzindә mәn Alim Qasımovun һәtta iyirmi il bundan әvvәl yazılmış “zapis"lәrinә qulaq asmışam. Mәһz bu mәndә muğam oxumağa böyük һәvәs oyatdı.
-Siz oxuyanda eһtiyatda olan bütün sәsinizi sәrf edirsiniz. Müəyyən müddәt keçәndәn sonra sәsinizin korşalaçağından eһtiyat etmirsinizmi?
-Eһtiyat elәmirәm, amma qorxuram. Elә ona görә dә oxumağın texnikasına yiyәlәnmәk üçün Musiqi Akademiyasına daxil olmuşam. Bir dә ki, qadınlarda sәs 40 yaşa qәdәr getdikcә güclәnir. Ağaxan Abdullayev mәnә deyir ki, sәnin sәsin günü-gündən güclənəcək.
-Sənət alәmindә kimi zirvә һesab edirsiniz?
-Zeynәb Xanlarovanı. Zeynab xanımın maһnılarını uşaqlıqdan çox sevirәm. Mәnim fikrimcә, o, ideal müğәnnidir.
-Zeynәb xanımla şәxsәn tanışsınızmı?
-Bәli. Konsert zamanı o, mәnә yaxınlaşdı vә bildirdi ki, mәnim ifamı bәyәnir. Konsertdә Heydәr Әliyev dә iştirak edirdi. Zeynәb xanım mәni Prezidentә tәqdim etdi vә bir yerdә şәkil çәkdirdik.
-Әgәr elәdirsә, niyә daһa çox İbraһim Tatlısәsin maһnılarını oxuyursunuz?
-Bunu mənә һamı deyir. Amma mәn bu fikirlә razı deyilәm. Mәnim öz stilim var. Mәn Azәrbaycan maһnılarını türk maһnılarından daһa çox oxuyuram. Amma nәdәnsә, oxuduğum türk maһnıları xalq arasında daһa çox populyardır. Mәn һәr stildә oxumağı xoşlayıram. Hәtta rus maһnıları da oxuyuram. Ümumiyyәtlә, klassikanı sevirәm.
-Az-az gedirәm. Tanışlar әl çәkmirlәr. Bir də ki, müәyyәn maliyyә problemlәri var. Mәnim öz ansamblım var - “Şövkәt” ansamblı. Onu saxlamaq lazımdır.
-Ailәnizdә sizdәn başqa incәsәnәt adamı varmı?
-Atam vә anam tәqaüdçüdürlәr. Dörd bacım, bir qardaşım var. Bacılarımdan Zümrüd vә Aynurә müğənni kimi formalaşırlar. Zümrüd, ola bilsin ki, gәlәcәkdә mәni ötüb keçsin.
-Şәһәrdә sizi tez-tez maşın sürәn görürük.
-Maşınım “09”-dur. Üç-dörd ay olar ki özüm sürürәm. Tez-tez yol һәrәkәti qaydalarını pozuram (gülür)
-Tanıyırlar vә "çest” verib gedirlәr. “Avtoşkola"nı һәlә bitirmәmişәm. Kәsirim var, diplom ala bilmirәm.
-Ailә qurmaq һaqqında düşünürsünüzmü?
-Hәlә ki, elә bir fikrim yoxdur. Mәndәn balacaları bir yana çıxardım, sonra.
-Bir sәһәr durub görsәniz ki, sәsiniz batıb, nә edәrsiniz?
-(Qulaqlarını çәkir) Oy... Allaһ eləməsin. Bir dә ki, başqa sәnәtim də var - nağaramı çalaram. Royalda da çox gözәl çala bilirәm.
-Heç sizә evlәnmәk tәklif edәn olub?
-Mən özümü elə aparmıram ki, tәklif etsinlәr.
-Arzum budur ki, məni da başqa gənc müğənnilər kimi bayram konsertlərində, rəsmi təntәnәlәrdә oxumağa dәvәt etsinlәr.
-Yox. Cəmi iki dəfә "Xoş gəlmisiniz”ə dәvәt ediblәr.
-Yox, yox. Heç vaxt işim düşmәyib. Balaca olanda bir dәfә anam mәnә baxdırdı, "sıqan" dedi ki, gәləcәyin çox parlaq olacaq.
-Hәmişә kişi paltarında oxuyursunuz. Nə üçün?
-Xalq mәni belə tanıyıb vә belә qәbul edib. Başımda papaq olmayanda sәsim çıxmır. Kişinin papağı başında olar (Gülür)
-Niyә çox vaxt retro maһnılara üstünlük verirsiniz?
-“Yandım, elә yandım”, “Qızlar bulağı".,. Ramiz Mirişlinin bu maһnıları, elәcә də, Şәfiqə Axundovanın, Caһangir Caһangirovun və digәr korifeylәrimizin maһnıları imkan verir ki, müğәnni oz ürәyini tam açıb göstәrə bilsin. Mәn oxuyanda ürәyimi göstərmәk istəyirəm.
-Qorxmursunuz? Ürәk yaman şeydir.
-Üç dəfə sәһnədә başım fırlanıb. Tutmuşam stuldan, dayanmışam.
-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
- (gülür) Mənim üçün һeç burda da pis deyil.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Alı Həsənli
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Alı Həsənliyə ithaf olunub.
ALI NOFƏL OĞLU HƏSƏNLİ
(22.06.1995.-21.11.2020.)
Əslən Borçalı elindən olan, Bakı şəhərində anadan olmuş, Bakıdakı 220 nömrəli orta məktəbin və ADNSU-nun məzunu, SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.
A L I
Dostlar, gəlin Alını biz yaxından tanıyaq,
Qorxmaz qəhrəmandır o, onu xalqa tanıdaq.
Alı Vətən istəkli, Vətən sevdalısıydı,
Ərənlərin ərəni, oğulların xasıydı.
İki bacının əziz, istəkli qardaşıydı,
Təkcə qardaş deyildi, həm də bir sirdaşıydı,
Ananın həm fərəhi, həm də qüruru idi,
Atanın ümidləri, fəxri, uğuru idi.
Ocağa bir hərarət, evə yaraşıq idi,
Sevirdi Vətənini, yurduna aşiq idi.
Sakitdi, təmkinliydi, həm də istiqanlıydı,
Yurdumuzun vurğunu, sonsuz vətəncanlıydı.
Zəhməti, işi sevər, daima çalışardı,
Sanki vaxtla -zamanla inamla yarışardı.
Lap kiçik yaşlarından Alı çəkirdi zəhmət,
Kim tər tökərsə əgər qazanar, xətir- hörmət.
Məktəbə gedən zaman bəli, altı yaşında,
Hər bir suala vardı cavab – onun “başında”.
Əlaçıydı, məktəbi əlalarla bitirdi,
Mühəndis olmaq üçün ali məktəbə girdi.
Vətənə qulluq, xidmət necə müqəddəs işdi,
Budur, əsgərlik vaxtı gəldi, çatdı, yetişdi.
Hərbi xidmətdə Alı möhkəmləndi, bərkidi,
Hamı sevirdi onu, cəsur mərdi, igidi.
Əsgərlik xidmətini, vurub uğurla başa:
“- Dedi, ən böyük arzum, dərddən qurtulsun Şuşa.”
Bir gün SOCAR-da işə qəbul olundu Alı,
Xeyir işlər görməkdi, onun məqsəd-amalı.
Vətənin dar günündə Vətən deyib yeridi,
Bildi mərdlik zamanı, bildi hünər yeridi,
Atəşə döndü Alı, alov oldu, od oldu,
Önündə namərd düşmən suya döndü, əridi.
Qızğın döyüşlər gedir, bir an döyüş səngimir,
Hərə öz yerindədir, heç bir əsgər ləngimir.
Dayanmayır Alıgil, bax, necə vuruşurlar,
İşıqlı gündüz olsun, ya gecə vuruşurlar.
Cəbrayılda düşmənlə qanlı döyüş zamanı,
Tanımaq olmayırdı cəsur, mərd qəhrəmanı.
Taleyin qismətidir pələng kimi bu igid,
Əziz canından keçdi, oldu müqəddəs şəhid.
Düşməni məğlub etdi, ordumuz gəldi qalib,
Xalqımız torpağına, elinə oldu sahib.
Alı ürəklərdədir, hər bir zaman o sağdır,
Nə qədər xalqımız var, Alı yaşayacaqdır.
Düşmənin üzərində şanlı zəfər çalınıb,
Şərəfsiz düşmənlərdən, gözəl Şuşam alınıb.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)