Super User

Super User

TÜRKSOY Beynəlxalq təşkilatının təşəbbüsü ilə Daşkənddə Türk Dünyası Kinematoqrafçılar İttifaqı (Assosiasiyası) yaradılıb. Təsis yığıncağında türkdilli ölkələrin kino sənayesinin rəhbərləri iştirak ediblər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına TÜRKSOY-dan məlumat verilib. 

 

Tədbirdə Azərbaycan kino Agentliyinin rəhbəri Orxan Fikrətoğlu, "Qazaxfilm" Birliyinin prezidenti Azamat Satıbalı, Özbəkistan kinematoqrafiya Agentliyinin rəhbəri Firdos Abduhalikov, Türkiyə kinematoqrafiya İdarəsinin baş direktoru Yerkin Yılmazot, Qırğızıstan kinematoqrafiya Departamentinin direktoru Akjol Bekbolotov, eləcə də TÜRKSOY-un kinematoqrafiya üzrə nümayəndəsi Səlim Ezer iştirak ediblər.

 

Assosiasiya türk dünyasının kino sənətinin dirçəldilməsi, birgə film layihələrinin yaradılması, yeni filmlərin birgə istehsalı, eləcə də ən yaxşı filmlərin beynəlxalq arenaya çıxarılması, Türkdilli Dövlətlərin filmləri üçün vahid film paylama sisteminin yaradılması üçün yaradılıb.

Prioritetlərdən biri Daşkənd Beynəlxalq Kinofestivalının və "Korkut-Ata" beynəlxalq kinofestivalının səviyyəsinin dünya standartlarına yüksəldilməsidir.

Gələcəkdə türk xalqlarının birgə film layihələri üçün platforma olacaq Türk Dünyası Kino Akademiyasının yaradılması da planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində müvafiq resursların (sistem, ehtiyat və reyestrlər) birgə auditi aparılıb, audit nəticələrinə uyğun olaraq “Hökumət buludu” tələblərinə inteqrasiya təmin edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Məlumata görə, virtual mühit hazırlanaraq müvafiq resursların “Hökumət buludu” (“G-Cloud”) infrastrukturuna miqrasiyası təmin olunub.

 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası” çərçivəsində ölkədə “Elektron hökumət”in inkişafı, “rəqəmsal hökumət”ə keçidin təmin edilməsi, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi, vətəndaşların bu imkanlardan sərbəst istifadəsi məqsədilə “bulud” texnologiyasının tətbiqi məqsədəuyğun hesab edilib.

 

Bu xüsusda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”na əsasən Mədəniyyət Nazirliyi tərəfindən zəruri fəaliyyət həyata keçirilib.

 

Mədəniyyət Nazirliyi tərəfindən cari ildə təsdiq edilmiş “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində “Hökumət buludu”na miqrasiya üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin təqdim etdiyi “IaaS” (Ifrastructure-as-a-Service) bulud infrastrukturu xidməti əldə edilib.

Sonda onu da qeyd edək ki, Hökümət buludu infrastrukturu ruscadan götürülmüş “oblako”nun birbaşa tərcüməsidir. Bizcə, daha kreativ yanaşıb öz versiyamızda bir ad fikirləşsək daha yaxşı olardı deyə fikirləşirik.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Dekabrın 26-da Mədəniyyət Nazirliyində Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovla görüş olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Məlumatda deyilir ki, səfiri salamlayan mədəniyyət naziri Adil Kərimli iki ölkə arasında mədəni əlaqələrdən söz açıb. Bildirilib ki, ölkəmiz müxtəlif vaxtlarda paytaxt Minskdə keçirilən kitab sərgilərində təmsil olunub. Eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin qarşılıqlı səfərləri təşkil edilib. Mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə səylər daha da artırılmalıdır.

 

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Belarus-Azərbaycan əlaqələrinin geniş spektri əhatə etdiyini deyib. Vurğulayıb ki, iki ölkənin xalqlarının yaxınlaşması üçün mədəniyyət amili böyük əhəmiyyət kəsb edir. Bu sahədə əməkdaşlığı daha da dərinləşdirmək üçün geniş imkanlar mövcuddur.

 

Diplomat gələn il Bakıda Belarus mədəniyyəti günlərinin təşkil olunması təşəbbüsü ilə çıxış edib, bununla bağlı fikir mübadiləsi aparılıb.

 

Nazir “Bakı prosesi” çərçivəsində 2024-cü ildə paytaxtımızda VI Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini deyib, Belarusun bu tədbirdə iştirakından məmnun olacağımızı diqqətə çatdırıb.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirə aparılıb.

 

Görüşün sonunda səfirə “Şuşa” kitabı hədiyyə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli 2024-cü il yanvarın 12-də saat 10:00-da İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı, Ağsu, Qobustan, Şamaxı şəhərlərindən olan vətəndaşlarla görüşəcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Məlumatda bildirilir ki, vətəndaşlar 2024-cü il yanvarın 9-dək Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (020) 285-31-20 telefon nömrəsi vasitəsi ilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Görkəmli nümayəndələri ilə xalq arasında məşhur olan soyadlardan biri də, Bədəlbəylilər şəcərəsinə məxsusdur. Yazılı tarixdə bu şəcərəni araşdırarkən, yaxın keçmişdən ötürülən ilk məlumat Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyliylidən başlayır. O, 1875-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini molla yanında alsa da, sonradan şəhər real məktəbində davam etdirib. Daha sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirib.

 

Bədəlbəyli soyadının bu qocaman nümayəndəsi xalq maarifçisi idi. Seminariyanı başa vurduqdan sonra o, bir müddət Şuşada müəllimlik edib. Sonra paytaxta üz tutub və XX əsrin əvvəlindən pedaqoji fəaliyyəti Bakı şəhəri ilə bağlı olub. Ömrünün 35 ilini fasiləsiz olaraq rus-müsəlman məktəbində müdir vəzifəsində çalışıb.

Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy bütün bunlarla yanaşı, mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin də ən fəal üzvlərindən biri olub. O, özünü səhnədə dəfələrlə aktyor kimi də sınayıb. "Leyli və Məcnun" operasında Məcnun, İbn Salam obrazlarını böyük məharətlə yarada bilib. Özündən sonra yadigar qalan övladlarından biri- Əfrasiyab bəy Azərbaycan klassik bəstəkarı, drijoru, liberettoçusu və xalq artisti olub. Digər yadigarı Şəmsi bəy isə aktyor, rejissor, xalq artisti kimi Azərbaycanın mədəniyyət tarixində yer alıb...

 

Bu gün sizə mərhum Şəmsi Bədəlbəylinin oğlu, damarlarında zadəgan qanı daşıyan, bəy oğlu bəy, xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylidən söhbət açamaq istəyirəm. Axı dekabrın 27-si onun 76 yaşı tamam olur...

“Uzun sürən ayrılıqdan sonra Şuşaya getmişdim. Sanki möcüzə baş vermişdi, gözlərimə inanmırdım. O şəhərdə elə bil nə isə bir sirr var. Hətta utanıb çəkinmədən rəqs də etdim, özü də möhkəmdən beş-altı dəqiqə oynadım. Arada əlimlə qoluma toxunurdum, çimdikləyirdim ki, yaşadığım yuxudur, yoxsa, yox. Mən qələbədən əvvəl tez-tez yuxuda qarlı Şuşanı görürdüm. Qarlı Şuşa mənim üçün bir nağıl idi. Bəlkə də sonuncu dəfə Polad Bülbüloğlu ilə Şuşaya gedəndə Şuşanı qarlı gördüyümdən idi. Hardasa iyirmi santimetr qar yağmışdı. Çox gözəl görünürdü. Fikrim vardı, Şuşaya gedəndə ondan üzr istəyim. Çünki biz onu düşmənə vermişdik. Dizlərimi yerə atıb, üzr istədim, dedim ki, Şuşa, bağışla bizi, səni nə vaxtsa, yadlara verdik. Hönkür-hönkür ağlayırdım. “Gəncə qapısı”nda bir əsgər dayanmışdı, məni o halda görüb yanıma qaçdı. Dedi, ağsaqqal, nə olub, özünüzü pis hiss edirsiz? Dedim, yox, bala, bu, mənim nəzirimdir, etməliyəm...”- söyləyir.

 

Uşaq yaşlarında çox qaynar və dinamik olub. Futbola həm azarkeşlik edib, həm də idmanın bu növü ilə həvəskar kimi məşğul olub. Tay-tuşları arasında rəqib komandanın qapısına ən çox qol vuran oyunçu kimi də tanınıb. Bu oyunlarada cığallıq, dəcəllik olanda, həmişə çalışıb ki, ədalətli oyun keçirilsin, qaydalar pozulmasın. Bu oyunların çoxu da “Qala qapısı”ndan aşağıdakı meydanda baş verib. Futbola o qədər aludə olmuşdu ki, Maestro Niyazi deyirdi,- “Ay Fərhad, iki saat futbol oyna, sonra mənim xətrimə 4 saat royal arxasında otur…”

Bir dəfə Maestro Niyazi ilə konsertdə o qədər emosiya ilə ifa edib ki, bir də görüb, eynəyi gözündən çıxıb yuxarı atıldı. Yaxşı futbolçu oduğuna görə cəld tərpənərək, eynəyini göydəcə tutub və arada imkan tapıb, onu gözünə taxıb...

Polad Bülbüloğlu ilə bağlı xatirələri çoxdur. Onunla 5 yaşından dostluq edirlər. Söylədiyinə görə, valideynləri onları dənizə buraxmırdı. Bir dəfə bağda olarkən xəlvətcə dənizə gediblər. Poladın da qolunda atasının bağışladığı çox bahalı bir saat olub. Dənizə girməmişdən öncə, onu qumun altında basdırıblar ki, çimib çıxandan sonra götürsünlər. Basdırdıqları yeri də işarələyiblər, amma dənizdən çıxıb, bütün günü sahildə nə qədər axtarsalar da saatı tapa bilməyiblər. Polad hönkür-hönkür ağlayırmış ki,- “Atam məni öldürəcək. Mən necə saatsız evə qayıda bilərəm?”

Nəhayət, axşama yaxın saatı tapıb evə qayıdıblar. Və həmin günü bu iki dost möhkəm danlanıblar da...

Deyir ki,- “Gəncliyim çox maraqlı keçib. Çünki böyük insanlarla ünsiyyətdə olmaq böyük xoşbəxtlikdir. Mən ikinci konservatoriyanı faktiki olaraq Maestro Niyazinin evində qurtardım. Dünyanın bütün musiqiçiləri Niyazinin evinə qonaq gəlirdi və gecə saat 3-ə kimi söhbət edirdilər. Biz də onlara mühazirə kimi qulaq asırdıq. Bəli, böyük insanların həyatı böyük bir dərsdir. Məsələn, Bethoven 3-cü simfoniyasını Napoleona həsr etmişdi. Napoleona azadlıq gətirən insan kimi baxırdı. Amma o, özünü imperator elan edəndə Bethoven bu rəyini dəyişdi. Halbuki, Napoleon onu öldürə və ya həbs etdirə bilərdi. Amma Bethoven qorxmadı. Prinsip məsələsində belə insanlar çox gözəl bir nümunədir. Əqidəsini hər gün dəyişən insanları sevmirəm. Mən 30 il bundan qabaq dediyimi indi də təkrar etməyə hazıram...”

Sadə, səbirli və təmkinlidir. Əsəbi olanda özünü ələ almağı bacarır. Kiminsə üstünə qışqırmaq və ya təhqir etmək ona yaddır. Otuz bir ildir ki, Bakı Musiqi Akademiyasına rəhbərlik edir, fəqət indiyədək heç kimin xətrinə dəyməyib. Ana babası, milyonçu Tağı bəy Səfərəliyevdən misal çəkib,- “Uşaqlar, birinci növbədə faytonçu, aşpaz, ev xadiməsidir ki, onlara xüsusi bir hörmət bəsləyin. Salam verəndə çox böyük hörmət ilə alın. Çünki onlar kasıbdırlar, eyni zamanda sizə qulluq edirlər və ürəklərində nisgil ola bilər”- söyləyir. Bu böyük məktəbin varisi olduğundan qürur duyur...

Evdə- ailədə çox mülayim və qayğıkeşdir, elə də kaprizli adam deyil. Necə deyərlər, nə verirlər yeyir və hesab edir ki, kişi onu yemirəm, bunu yemirəm deyib, xırda şeylərə fikir verməməlidir. Amma etiraf edir ki, evə bazarlıq etməyi xoşlamır...

O ki qaldı onun rəsmi tərcümeyi hallna, eləcə də xalq və dövlətimiz qarşısında xidmətlərinə, bu haqda bilə-bilə söhbət açmadım ki, söhbətimiz uzun çəkməsin. Çünki layiq görüldüyü mükafatlar bu barədə çox söz deyir:- “Xalq artisti” fəxri adı, “Şöhrət” ordeni, “İstiqlal” ordeni, Fransanın “İncəsənət və Ədəbiyyat” ordeni və s. ödüllər bəs eləmirmi?

Bəli, bu gün - dekabrın 27-si bəy oğlu bəyin, Fərhad Bədəlbəylinin 76 yaşı tamam olur. Onu bu münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayırıq. 

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

 

Kitab get-gedə daha çox bölgələrimizə nüfuz edir, “Ədəbiyyat və incəsənət” portalı olaraq sizlərə Sabirabadda “Hophopnanə” Kitab Mərkəzinin fəaliyyətə başlaması barədə məlumat vermişdik. Budur, indi də mərkəzdə keçirilən bir tədbir barədə sizləri məlumatlandırmaq istəyirik. 

 

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sabirabad rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Böyük azərbaycanlı” adlı hekayələr kitabının təqdimat mərasimi keçirilib. 

Zagirə Cabirin portalımıza verdiyi açıqlamasına görə, təqdimat mərasimində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, mədəniyyət işçiləri və məktəblilər iştirak ediblər.

Çıxış edənlər kitabın ideya-bədii məziyyətlərindən söz açıb, xüsusilə Ulu Öndərin parlaq ömrü və fəaliyyəti ilə bağlı hekayələrin kiçikyaşlı oxucuların marağına səbəb olacağını bildiriblər.

Mərasimdə məktəblilər də çıxış edərək, Ulu Öndərə həsr olunmuş müxtəlif şeirlər səsləndiriblər.

Sonda müəllif kitabının ərsəyə gəlməsindən danışıb, kitabı “Hophopnamə” Kitab Mərkəzinə və Sabirabad rayon Mərkəzi kitabxanasına təqdim edib.

Xatırladaq ki, kitaba daxil olan hekayələr ilk dəfə “Ədəbiyyat və incəsənət” portallnda dərc edilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

 

Ramiz Göyüş, “Ədəbiyyat və incəsənət” 

 

Həyatda möcüzələr həqiqətən də var, amma onlarla rastlaşmaq hər kəsə qismət olmur. Nə yaxşı ki, günümüzdə mobil telefon kimi anidən həm səs, həm görüntü yaza bilən bir texnika mövcuddur. 

Ötən gün Qazax rayonunun simvolu hesab edilən Göyəzən dağı şəkildə gördüyünüz görüntüdə olub. Tanrının möcüzəsinə bir baxın. Kəndimiz Abbasbəylidə yaşayan Hafiz adlı yaxın qohumum bu görüntünün şəklini çəkib. Mən də bu möcüzəli görüntünü paylaşmaq qərarına gəldim ki, siz də xəbərdar olasınız.

Xatırladım ki, Göyəzən dağı Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağdır. Təbaşir dövründə (eradan 66 milyon il əvvəl) püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. 

Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. 

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. 

 

Kimnən soruşum...


Ya dağılıb, ya da itib –

Yerini kimnən soruşum?

Bu yol salan niyə edib

Əyrini – kimnən soruşum?

 

Bu dünya bir qərəvəlli –

aşırıbdı çox heykəli,

ölənlərin yeri bəlli,

dirini kimnən soruşum?

 

Bu həyət niyə dadsızdı?

Alim niyə savadsızdı?

Bir sualım cavabsızdı,

birini kimnən soruşum?

 

Yarımcan oldu Qarabağ,

vaxt verdiyi Qərara bax!

O, Savalan, bu – Dəlidağ...

sirrini kimnən soruşum?!

 

həsrət çəkib hönkürürəm,

cığırlardan yol hörürəm,

dayazı özüm görürəm,

dərini kimnən soruşum?

 

Üfüqlərdə od qalandı,

qaranlığa nur calandı,

xırda sorğum cavablandı:

irini kimnən soruşum...

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2013)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair İqbal Nəhmət görüşür. Yeni il ərəfəsində Şaxta Baba barədə də yazmayasan, kimdən yazasan? 

 

SAXTA BABA

 

Yığışdır  xurcununu,gizlə oyuncaqlarını,

Uşaqlar süd istəyir, inək gətir Saxta baba.

Səni adam bilərək inandıq ağ saqqalına,

Bu dəfə isti qutab, çörək gətir Saxta baba.

 

Satılıb toyuq-cücə, boş qalıbdı hinlərimiz,

Deyəsən qabaqda imiş görəcək günlərimiz,

Tək olan Allaha qalmış gələcək günlərimiz, 

Bir az da arzu gətir, dilək gətir Saxta baba.

 

Beləcə yaşlanırıq ömür gödək, zaman qırıq,

Zamanı tapdalayıb bərk gedirik dayanmırıq,

Bizdə adət belədir cox yatırıq oyanmırıq,

Yuxudan oyatmağa kürək gətir Saxta baba.

 

Zalımın bostanında kök atmışam,tağ olmuşam,

Yaltağa ortaq olub,ortağa yaltaq olmuşam,

O qədər sıxılmışam,baxsana, qorxaq olmuşam,

Mənə bir ürək kimi,ürək gətir Saxta baba

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

İstedadlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, beynəlxalq sərgilərin və simpoziumların fəal iştirakçısı Təranə Seyid üçün rəssamlıq təkcə yaradıcı peşə deyil, həmçinin həyat tərzidir. O, əsərlər yaradanda öz düşüncələrini, duyğularını, hisslərini onlarda əks etdirir. Təranə Seyidin sözləri ilə desək rəssamlıq həm də reallıqdan qaçıb öz dünyasına qərq olaraq tam azad şəkildə özünü ifadə etməyin bir yoludur. Rəssam AzərTAC-a müsahibə verib və Daycest bölümündə bu müsagibəni  təqdim edirik.

 

- Nəyə görə rəssamlığı seçdiniz, bu sənətdə sizi cəlb edən nə oldu?

 

- Əslində, mənim peşəm hüquqşünasdır. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişəm, ancaq nə qədər çalışsam da sənət və rəssamlıq eşqimi həyatımda ikinci plana keçirə bilmədim.

Bilirsiniz, rəssamlar ruhən yaradıcı insanlardır və incəsənət onların həyatında birinci yerdədir və onsuz özlərini təsəvvür edə bilmirlər. Baxmayaraq ki, birinci sahədə daha çox uğur qazana bilərdim, mən rəssamlığı seçdim. Bilirsiniz, rəssamlıq istedaddan, istək və həvəsdən irəli gəlir. Sənətlə məşğul olmaq onu öz daxilində aparmaq deməkdir, əks halda mümkün deyil. Bu səbəbdən də mən bu sənəti seçdim və çox sevinirəm ki, doğru seçim etmişəm.

 

- Əsərlərinizdə daha çox hansı mövzulara üstünlük verirsiniz?

 

- Əsasən çalışıram ki, yaradıcı və şəxsi üslubuma uyğun mövzular olsun, çünki bildiyiniz kimi hər rəssamın öz dəst-xətti və ruhən ona yaxın olan üslub var, bu istər realist, istər impressionist, istər abstrakt, istərsə də kubist olsun, hər bir tərzdə, hər bir janrda mövzuda rəssamın öz dəst-xətti olmalıdır və dəst-xətti ilə istənilən mövzuya yanaşması və üslubu ilə seçilməlidir. Bir sözlə, öz imzası olmalıdır!

 

-Əsərlərinizi yaradan zaman nədən ilhamlanırsınız?

 

- Xüsusi bir ilham mənbəyim yoxdur, ətrafda baş verən bütün hadisələr, bura insan obrazları, həyati süjetlər, müharibələr, dramatik talelər, təbiət – bunların hər biri rəssama ilham və yaratma eşqi verir.

 

- Fərqli janrlarda işləməyi xoşlayırsınız, yoxsa yalnız bir janrda rəsm çəkməyi sevirsiniz?

 

- Məndə bir necə üslub var və hazırda etapla seriyalı işlər edirəm, eyniliyi sevməyən bir insanam və eynilik məni yorur. Onun üçün düşünürəm ki, illərlə üslub və rəssamın üstünlük verdiyi mövzular da dəyişə bilir, çünki rəssamlar daim axtarışda olurlar.

 

- Bir əsər üzərində təxminən neçə müddət işləyirsiniz?

 

- Bu əsərin mövzusundan və üslubundan asılıdır. Bəzən bir həftəyə başa gələn əsər illər çəkə bilər.

Rəssamlar özlərini çərçivəyə salmağı sevmirlər, ruhən azad insanlardır və əgər əsərin gedişatı onları qane etmirsə və artıq yorursa, onlar prosesi dayandırıb başqa işə başlayırlar və bir müddətdən sonra dayandırdıqları işi yenidən davam edirlər və bu da bəzən günlər, bəzən isə aylar, illər çəkir və bütün rəssamların emalatxanalarında bitməmiş yarımçıq işlər hər zaman olur.

 

- Elə bir əsəriniz varmı ki, özünüzün şah əsəriniz hesab edəsiniz?

 

- Bəli, rəssam özü bilir hansı əsəri daha dəyərlidir və onu şah əsəri hesab edə bilər. Rəssamlar illərlə yaradıcılıqla məşğul ola, yüzlərlə əsər yarada bilərlər, lakin rəssamın həqiqətən əsəri bütün həyatı boyu bir neçə ədəd olur və bunu yalnız özü və çox savadlı sənətşünaslar və yaxud rəssam yoldaşları bilir. Hətta deyərdim ki, bütün insanlar o rəssamın bütün yaradıcılığını çox bəyənsə belə, rəssam özü hansı əsərinin daha dəyərli olduğunu yalnız özü bilir.

 

- Bir müddət öncə fərdi sərginiz keçirildi və çox yaddaqalan oldu. Sərgidə hansı əsərlər nümayiş olundu? Sərginin əsas mövzusu nə idi?

 

- Düşünürəm ki, sərgi çox gözəl keçdi, gələn qonaqların, sənətsevərlərin, xalq rəssamları və sənətşünasların əsərlərə marağı və sonda ünvanıma gələn gözəl sözlər artıq hər bir şeyin qaydasında olmasından xəbər verirdi.

Sərgidə Azərbaycanın gözəl mənzərəsi, Şuşaya aid bir neçə əsər, Vətənimizin təbiəti, insan obrazları, natürmort və bir çox başqa mövzularda 30-dan artıq əsər nümayiş olundu. İllərdir fərdi sərgi etməyə çalışsam da alınmamışdı və bu ilk fərdi sərgim idi.

Qeyd etmək istərdim ki, ölkə daxilində dövlət qurumları tərəfindən təşkil olunan qrup sərgiləri, bayram günlərinə həsr olunan özəl sərgilərdə iştirak etdiyim kimi, ölkə xaricində də, Avropa və Amerika Birləşmiş Ştatlarında təşkil olunan qrup sərgilərdə və simpoziumlarda da mütəmadi olaraq iştirak edirəm.

 

- Xarici ölkələrdəki sərgilərdə iştirak rəssam kimi sizə nə verir?

 

- Ölkə xaricində tanınma, daha çox ölkələrdə simpoziumlarda, sərgilərdə iştirak şansı, daha çox rəssamlarla tanışlıq imkanı və ən əsası hər zaman bir amalım olub, bu da Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmək.

 

- Gələcəklə bağlı hansı planlarınız var?

 

- Əslində, planlarım çoxdur. Ölkə daxilində olduğu kimi, xarici ölkələrdə də fərdi sərgilər etmək, daha çox yaratma, daha çox işlər görmək istəyirəm, lakin bunun üçün rəssama vaxt, fiziki və mənəvi enerji lazımdır. Düşünürəm ki, zamanla bunların hamısını reallaşdıra biləcəyəm.

 

Şəkildə: Təranə Seyid, Xurşudbanu Natəvanın portreti. 

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.