Kazımovskinin tənha durna uçuşu Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Ələkbər Kazımovski... 1953-cü ilin iyulun 10-da dünyaya göz açan rejissor "Tənha durna uçuşu", "Sonuncu məhəbbət", "Şirin bülbül" və s. filmlərin müəllifi olub. Rejissor kimi uzun illər AzTV-də çalışıb.  Rejissor Rauf Kazımovskinin oğludur.

4 noyabr 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

19 sentyabr 2016-cı ildə aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbirində Kazımovskinin vəziyyəti qəfil pisləşib və rejissor vəfat edib.

 

Azərbaycan teatr tarixində silinməz izlər qoymuş bir ailə var idi. Bu Kazımovskilər ailəsi idi. Azərbaycan teatrının köklərində duran Mirmahmud Mirələkbər oğlu Kazımovski, onun oğlu televiziyada, teatrda misilsiz tamaşaların, verilişlərin və telefilmlərin rejissoru Rauf Kazımovski və nəvəsi təvazökar olduğu qədər müdrik, peşəkar rejissor, filmləri, tamaşaları daim böyük həvəslə izlənən Ələkbər Kazımovski.

Ötən əsrin 70-80-ci illərində Azərbaycan Milli Televiziyasının ədəbi-dram verilişləri redaksiyasının maraqlı və rəngarəng proqramlarla zənginləşməsində Rauf və Ələkbər Kazımovskilər böyük rolu olub. Ələkbər Kazımovskinin təklifi ilə, onun quruluşunda efirə çıxan “Hekayə axşamı”, “Yumoristik novellalar”, “Köhnə tanışlar, görüşlər” və s. verilişlər duzlu, məzəli əhvalatları, hədəfə tuşlanan satiraları, düşündürən dramatik materialı ilə tamaşaçının zövqünün formalaşmasında, dünyagörüşünün genişlənməsində və həyata baxışının dəyişməsində böyük töhfələr verib. 

Ələkbər Kazımovski həmçinin 80-90-cı illərdə milli ədəbiyyatımızın, teatrımızın görkəmli xadimləri, yaradıcı insanlar haqqında silsilə proqramların müəllifi idi, o bu verilişlərə Azərbaycan teatrının tanınmış simalarını dəvət edir, onların teatr adlı məbəd haqqında fikirlərini, təəssürat və xatirələrini geniş tamaşaçı auditoriyasına təqdim edirdi. Ələkbər müəllimin rejissoru olduğu televiziya tamaşaları da janr etibarilə müxtəlif idi: “Köhnə qonşülar”, “Mənziliniz mübarək”, “Diş ağrısı”, “Kənddən gələn var” və başqaları.  Rejissorun bu tamaşalarda ən böyük uğuru müxtəlif zövqləri, meyarları, meylləri bir araya gətirməklə, tamaşaçıya bitkin sənət əsəri təqdim etməsindədi

Ələkbər Kazımovski yaradıcılığının mühüm məqamlarından biri də aktyor seçimi və bir aktyorun üzərində tamaşanı qurmaqla ikinci planda çıxış edən ifaçıların istedadını açaraq onları tamaşaçıya tanıtmaq ustalığında idi. Bu baxımdan Ələkbər Kazımovskinin şair Rüfət Əhmədzadə, bəstəkar Emin Sabitoğlu və aktyor Hacıbaba Bağırovla birgə yaradıcılıq çalışmalarını örnək gətirə bilərik: “Sonuncu məhəbbət” (bəstəkar Cavanşir Quliyev), “Gülüş sanatoriyası”.

Ələkbər Kazımovskinin ANS telekanalında prodüseri olduğu “Dahilərin divanı” layihəsinin üzərində xüsusilə dayanmaq istərdik. 2007-ci ildə efirə gedən silsilədə Mikayıl Müşfiq, İmadəddin Nəsimi, Səməd Vurğun, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mir Cəfər Bağırov, Nəsrəddin Tusi, Molla Pənah Vaqif, Hüseyn Cavidi görürük. Vətəndaşı, ziyalını düşündürən suallar və dövrünün dühalarının, söz sahiblərinin cavabları üzərində qurulan mükalimələr fikir azadlığı, söz azadlığı və sərhədsiz düşüncənin nümayişi olmaqla bərabər, zamanın hökmü ilə bağlı mövqelərin meydanı idi.

Rejissorun müəllifi olduğu müxtəlif janrlı fəlsəfi, dramatik, yumoristik, salnamə xarakterli veriliş, tamaşa və filmləri: "Tənha durna uçuşu", “Adı sənin, dadı mənim”, "Şirin bülbül", “Krossvord”, “Qeybdən gələn səs”, “Qoy oturmuşuq”, “Məhkəmə”, “Mötəbər insanlarımız”, “Seans”, “Vurğun ocağı”, “Yeni həyat”, “Afaq Bəşirqızı” və s. Ələkbər Kazımovski sənətinin daha bir yönünü göstərir. Sənətkarın audiovizual sənətdə portretlər müəllifi olmasıdır. Ələkbər müəllimin bütün yaradıcılığında insan və onun daxili aləmi zahiri görkəmi ilə həmahəng olub portretə çevrilir.  

Filmoqrafiya

 

- Adı sənin, dadı mənim

- Dahilərin divanı

- Gülüş sanatoriyası

- Kənddən gələn var

- Kənddən gələn var. II hissə

- Krossvord

- Qeybdən gələn səs

- Qoy oturmuşuq

- Məhkəmə

- Mötəbər insanlarımız

- Seans

- Sonuncu məhəbbət

- Şirin bülbül

- Tənha durna uçuşu

- Vurğun ocağı

- Yeni həyat

- Sabiqlər

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.