SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Əlvida” Featured

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

NİGAR RƏFİBƏYLİ

ƏLVİDA

 

Əlvida, otağım, mavi dənizim,

Əlvida, qumlarda görünən izim.

Yollara tökülən xəzəl, əlvida,

Soyuq təbiətli gözəl, əlvida.

Dənizdən xoş əsən həzin rüzgarım,

Sahilə düzülən qağayılarım,

Suda qanad açan yelkən, əlvida...

Sabah ayrılıram sizdən, əlvida...

Görüşə gələndə hər yay, hər payız

Sizi yenə belə xoşhal görəydim.

Dünya sevinc ilə dolaydı yalnız.

Hicran görməyəydim, vüsal görəydim.

Baltik dənizinin qumlu sahili,

Əlvida, xoş keçdi sizdə günlərim...

Bir başqa sahilə gedirəm indi,

Gözləyir həsrətlə məni Xəzərim.

Salamlayır səni, Baltik dənizi,

Dostluq salamıyla göygözlü Xəzər.

Dəniz də dostlaşar,

Çay da dostlaşar,

İnsanlar dünyada dost olsa əgər...

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.