Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Emin Süleymanova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

EMİN BƏHMƏN OĞLU SÜLEYMANOV

(21.07.1977.-09.11.2020.)

 

İmişli rayonunda anadan olmuş Azərbaycan Silahlı Qüvvələrin peşəkar zabiti, mayor, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

UCALDI ƏBƏDİ ZİRVƏYƏ  E M İ N

 

Öz ömrünü ləyaqətlə yaşadı,

Doğma yurda məhəbbətlə yaşadı,

Sevgi ilə, sədaqətlə yaşadı,

Ucaldı əbədi zirvəyə Emin.

 

Ordunun mayoru, zabiti idi,

Vətənin cəsur bir igidi idi,

Qələbə-arzusu, ümidi idi,

Ucaldı əbədi zirvəyə Emin.

 

Artilleriyada komandir idi,

Döyüşlərdə sanki pələng, şir idi,

Yaradan da ona dayaq, yar idi,

Ucaldı əbədi zirvəyə Emin.

 

İmişli elinin əziz balası,

Vətənin dayağı, sipər- qalası,

Qəlblərdə həmişə yaşar, qalası,

Ucaldı əbədi zirvəyə Emin.

 

Mənim şair könlüm ilhamla dinər,

Aprel döyüşündə göstərdi hünər,

Dedi:-Ey əsgərlər, bizimdir zəfər,

Ucaldı əbədi zirvəyə Emin.

 

Verəndə əmrini Ali Komandan,

Oldu döyüşlərdə Emin  bir aslan,

Yox oldu, məhv oldu tayqulaq, nadan,

Ucaldı əbədi zirvəyə Emin.

 

Hər zülmətdən sonra doğular səhər,

Xilas eylədilər neçə kənd, şəhər,

Yağının aşına qatdılar zəhər,

Ucaldı əbədi zirvəyə Emin.

 

Şeytanlar, iblislər gəlsin lənətə,

Bu aslan ürəkdə baxın qeyrətə,

Sonadək vuruşdu, köçdü cənnətə,

Ucaldı əbədi zirvəyə Emin.

 

Vətən azadlığı ona səadət,

Göstərdi nə qədər hünər, rəşadət,

İki gül balası qalıb əmanət,

Ucaldı əbədi zirvəyə Emin.

 

Şəhidlər tacdılar Azərbaycana,

Başını dik saxla, Tamara ana,

Mərd oğlun yetişdi şöhrətə, şana,

Ucaldı əbədi zirvəyə Emin.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizm təqdim edir. 

 

1.Tarixdə çapıq qoyanlar iz qoyanlardan daha yaxşı yadda qalırlar.

 

2.Tənbəl dostun olsun, özləri heç nə etməsələr də, sənə yaxşı ideyalar verə bilərlər.

 

3.Dost olmadan aldatmaq olmur.

 

4.Elmin əlaməti odur ki, hər elmi cavabdan sonra daha da çox elmi suallar doğur.

 

5.Xoş düşüncə, pəhriz və hərəkət səni xəstəxanadan uzaqlaşdıran arabanın atlarıdır.

 

6.İşıq yoxdursa, gözü, məna yoxdursa, sözü qınama.

 

7.Kişi yalanını inandırdığı qadını sevməyə borcludur.

 

8.Milçəyə yumruq, düşmənə buyruq göstərmək əbəsdir.

 

9.Nəfəs verib bir cüt soyuq əli isitmirsənsə, nəfəs almağın əbəsdir.

 

10.Nifrəti sevgisini üstələyənin ilk qurbanı elə özü olur.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün şad xəbər aldıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə millət vəkili,

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd İsmayıl oğlu Seyidov “Şöhrət” ordeni ilə təltif edildi.

 

Eyni zamanda onu da bildiririk ki, bu gün Səməd Seyidovun 60 illik yubileyidir və bu təltifetmə onun yubileyi münasibətilə idi. 

Səməd Seyidov Bakı şəhərində anadan olsa da əslən Qazaxdandlr. Qazaxın çox nüfuzlu bir nəslinin nümayəndəsidir, bu nəsil Azərbaycan sufizminin öncüllərindən biri, nəqşibəndilik təriqətinin görkəmli nümayəndəsi Hacı Mahmud Əfəndi ilə bağlıdır. 

Azərbaycanı beynəlxalq miqyasda layiqincə təmsil edən, ən ali tribunalarda xalqımızın haqq səsini, dövlət siyasətini lazımi instansiyalara çatdıran Səməd Seyidov həm də mükəmməl natiqdir. Dəfələrlə şahid olmuşuq ki, onun nitqlərinə zaldakılar necə heyranlıqla qulaq asıblar. 

Səməd Seyidov həm də “Qazax" Xeyriyyə İctimai Birliyinin fəal üzvüdür, tədbirlərdə iştirak edir, təşkilati işlərdə məsləhət və köməyini əsirgəmir. 

"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Səməd Seyidovun ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirir, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə bütün işlərində ona uğurlar arzulayırlar.

İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Səməd Seyidovu "Şöhrət " ordeni ilə təltif olunması və anadan olmasının 60 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, gələcək işlərində yeni-yeni uğurlar arzulayırlar.

 

Səməd İsmayıl oğlu Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1981–1986-cı illərdə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) Psixologiya fakültəsində təhsil almışdır. 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir və Leninqrad Dövlət Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 1994-cü ildə Psixologiya Doktoru elmi dərəcəsinə və daha sonra professor elmi dərəcəsinə yüksəlmişdir. 1998–2000-ci illərdə Azərbaycanın təhsil sistemini Avropa Şurasında təmsil etmişdir. 1999-cu ildən Azərbaycan Dillər Univesitetinin psixologiya kafedrasının professorudur. 1994–2000-ci illərdə Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 2000-ci ildən 2015-ci ilədək Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsində işləmişdir. Müasir dövrün tələbləri səviyyəsində yazılmış 150-dən çox elmi əsər, dərslik, dərs vəsaiti və monoqrafiyanın, həmçinin psixologiya dərsliyinin, "Menecment psixologiyası", "Yaradıcılığın fenomenologiyası" və s. kitabların da müəllifidir. Azərbaycan, rus, ingilis və fransız dillərini bilir. 

Səməd Seyidov ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2000-ci ildən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

2001–2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, 2003-cü ildən isə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 2003–2005, 2007–2009, 2011–2013 Avropa Şurası Parlament Assambleyasında vitse-prezident və Büronun üzvü olmuşdur. 2018-ci ildən Avropa Şurası Parlament Assambleyasının vitse-prezidentidir. 2016-cı ildən "Siyasi Psixologiya Mərkəzi" İctimai Birliyinin direktorudur.

2018-ci ildə "Diplomatik Xidmət Orqanlarının 100 illik yubiley medalı" ilə təltif edilmişdir.

2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif edilmişdir.

Səməd Seyidov Azərbaycanın hüdudlarından kənarda da yüksək nüfuza malik ziyalıdır. Dövlətlərarası yüksək ictimai-siyasi əlaqələrin inkişafındakı xidmətlərinə görə bir neçə xarici dövlət tərəfindən orden, medal, döş nişanları ilə təltif edilmişdir. Səməd Seyidov 2011-ci ildə Azərbaycanla Fransa arasında əlaqələrin inkişafındakı müstəsna roluna görə Fransanın "Fəxri legionun kavaleri" rütbəsi ilə təltif edilmişdir.

2014-cü ildə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto professor Səməd Seyidova Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlıqda göstərdiyi xidmətlərə görə, universitetdə macar dili və mədəniyyətinin tədrisinin həyata keçirilməsi ilə bu əlaqələrə verdiyi töhfə və AŞPA-da bu əlaqələrin inkişafı yönündə fəaliyyətinə görə Macarıstan Prezidentinin fərmanı ilə döş nişanı və ordeni təqdim etmişdir.

2014-cü ildə Ərəb dilinin inkişafı və təbliğində göstərdiyi xidmətlərinə görə Misir Ali Təhsil Nazirliyi tərəfindən medalla təltif olunmuşdur.

Evlidir, 2 övladı var.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)

Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqədə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Finalçıların adları öncəki günlərdə açıqlanıb və finalçılar aşağıdakılardır:

Elay İsmayılov;

Xanbala Mahmudov;

Cavid Babayev;

Orxan Cuvarlı;

Bəşir Niftəliyev;

Şəhriyar Bəhmənov;

Səma Quliyeva;

Pərviz Əlyaroğlu.

Qalib və mükafatçıların adlarını isə Münsiflər Heyəti bu gün bəyan edib.

Beləliklə:

 

HƏVƏSLINDİRİCİ YERLƏR

Bəşir Niftəliyev, 

Səma Quliyeva

 

3-CÜ YER

Xan Abdulla

 

2-Cİ YER

Orxan Cuvarlı

 

1-Cİ YER

Cavid Babayev

 

Mükafatlandırma mərasimi barədə əlavə məlumat veriləcək. 

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Yeni təqvim ilinin ilk ayının yarısını geridə qoymuşuq. Təqvim illərinin ilk aylarımı sürətli keçir yoxsa bu, mənə belə gəlir? - bilmirəm. Bilirəm, bizdən daha çox il qarşılsmış, aylar yola salmış böyüklər, ömrün hələ ilk ilini, ayını yaşayan körpələrimiz var. Şair necə deyir? - 

“Bir adam yol gedir bizdən qabaqda, 

Amma birisi də bizdən sonra var”…

 

Bizdən öncələrdən “Uzun, incə bir yolda” yürüyənlərə sayğılar yetirir, bizdən sonrakılara “qayım-qədəm”lər diləyirəm. 

Böyüklü-kiçikli, cavan-cumrulu hamımız - bir ölkənin vətəndaşları olan biz azərbaycanlılar Yer üzünün dörd yanına yayılmış həmvətənlərimizlə (Azərbaycanın uğurunu öz uğuru, kədərini öz kədəri bilən qardaşlarımızla!) birgə yeni təqvim ilinə daha əzmlə başlamışıq. Əzmlə başlamaq nəyi ifadə edir yaxud öncəki illərin başlanması ilə bu ilin nə fərqi? 

Ötən təqvim ilinin sonlarında Qarabağda ərazi bütünlüyümüzü, suverenliyimizi tam bərpa etməyimiz

bizim bu ilə əzmlə başlamığımızı şərtləndirir. Yəni o əzmin, qürurun xumarında deyilik, şərəf və sorumluluğunun fərqindəyik. 2020-ci ildə Şuşada bayraq ucaldan Mübarək Əl - Dəmir Yumruq, Polad iradə, Cəsur Ürək və Dərin Dövlət Ağlının üzvi birliyi olmasaydı, bu gün elə Şuşadaca arxayınlaşa, tənbəlləşərdik… 

Şuşanın qurtuluşu kimi fövqəladə böyük hadisədən sonra orada dayanıb-durmamaq özü bir mübarək araşdırma mövzusudur. Hərçənd, öz şanlı ordusu ilə Şuşaya bayraq sancmış Ali Baş Komandan adını zatən tarixin altun səhifəsinə pozulmaz şəkildə həkk etdirmişdi! - Buna baxmayaraq, o, həmin andan etibarən yeni hədəfləri elan etdi. 

Bax, son üç ildəki böyük hadisələrin sirri Şuşada dayanıb-durmamaq qərarında, cəsarət və hünərindəydi! 

Hədəf- insanı, toplumu, xalqı səfərbər edir.

Hədəfin vaxtı-vədəsi elə seçilməli, onunla elə uhulət-suhulətlə davranmalıdır ki, özümüz öz hədəfimizə yenik düşməyək; hədəf bizi dağa qaldırsın, dərələrdən sel kimi, təpələrdən yel kimi keçirsin! Və əyilməz, əbədi nidaya çevrilsin!

Bəli, 2024-cü ilədək, özəlliklə ötən təqvim ilində elə parlaq sonuclar əldə etdik, bunlar bizim məhz əzmimizi təcalla etdirmiş oldu. 

2024-cü il o ildir ki, Xankəndi, Xocalı… bu ili müqəddəs bayrağımızla qarşıladı. Necə deyərlər, “o il bu ildir”!..

Bəlağətli cümlələrdən qaçınmağa çalışıram - amma könüldən gəldiyi üçün qüsur sayılmayacağına da inanıram: torpaqlarımız, şəhər-kəndlərimiz Azərbaycan bayrağının dalğalanmasından dinclik tapır, özünə gəlir, ruhlanır və dirçəlir… 

Xankəndimizə ay-ulduzlu bayrağımız, bayrağımıza Xankəndi elə möhtəşəm yaraşır, elə möhtəşəm yaraşır - sanki bu şəhər bu bayraqçün, bu bayraq bu şəhərçün yaranıb!.. Bir bayraq ki, 105 il idi o şəhərin, bir şəhər ki 105 ildir o bayrağın özləmi içindəydi!.. Bəs  belədirsə, 2024-cü ilə əzmlə başlamaq mübarək qədərimiz, açıq alnımıza ilahi yazı sayılmazmı?..

 

2024-cü ilə əzmlə başlamaq, nəhayət, onu ifadə edir ki, bu il bu ilə sığmayan yeni milli müjdələrlə başa çatmağı haqq edir. Tanrı necə haqdır!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)

Cümə axşamı, 18 Yanvar 2024 11:15

Məğlubedilməz alim...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onunla söhbət zamanı siyasət, hava haqqında danışmağına dəyməz. Söhbət xatirinə söhbət edən insanlardan deyil. Onu düşündürən mövzular haqqında danışmağa səy göstərsəniz, bəlkə də ayaq saxlayıb sizi dinləyər. Kobudluqdan, kəskin ifadələrdən xoşu gəlmir. Ondan həyat yolu ilə maraqlanmağına da dəyməz, onsuz da danışan deyil. Bəlkə də bundan irəli gəlir ki, onun tərcümeyi halına bütövlükdə heç bir yerdə rast gəlmək olmur...

 

Deyir ki,- “Hazırda çoxları iddia edirlər ki, guya ziyalılarla cəmiyyət arasında böyük uçurum var, lakin mən belə düşünmürəm. Ziyalı təbəqəsi sadəcə efir, televiziya vasitəsi ilə deyil, auditoriyalarda, müxtəlif toplantılarda, gündəlik həyat tərzində də insanlarla ünsiyyətdə olur. Ziyalılar və gənclər arasında görüşlər keçirilməsi ünsiyyətin tam səmimi və uğurlu qurulması üçün heç də vacib şərt deyil. Əsas odur ki, ziyalının mövqeyi, düşüncələri, onun əməlləri ilə üst-üstə düşsün və cəmiyyətin tərəqqisinə xidmət etsin. O zaman ziyalının düşüncələri gənclərə örnək olacaq. Hər hansı bir şüarla, tribunadan danışıb, bəyanatlar verməklə, gənclərin zehninə istədiyin fikri təlqin etmək mümkün deyil. Çünki gənc elə qüvvədir, özü qavrayıb düşünür, qərar verir. Bu, bütün zamanlarda belə olub...”

 

Adi həyatda olduğu kimi iş həyatında da mübarizdir. Sakit həyatı xoşlamır. Çox məhsuldar xanımdır, öhdəliklərini vicdanla yerinə yetirməkdən, bildiklərini xalqa çatdırmaqdan zövq alır. Səmimiyyət və dürüstlük onun üçün vacib amillərdəndir. Hissləri və intuisiyası güclü olduğu üçün qarşısındakı insanın daxili aləmini görməyi bacarır...

 

“Sovet dönəmində ziyalılarımız ideoloji çərçivə daxilində fəaliyyət göstərən şəxslər olub. Onlar imkanları daxilində bu və ya digər məsələdə millətin, xalqın mövqeyi ilə bağlı səy göstəriblər. Çox zaman bu ziyalıların həyatı bahasına başa gəlib, cəzalandırılması ilə nəticələnib. Amma bütövlüklə həmin ziyalıların fəaliyyətinin üzərindən xətt çəkmək cəmiyyətin sivil düşüncə tərzinə fayda gətirməyəcək. İstənilən məsələdə qərəzlə hərəkət etmək obyektiv nəticəyə gətirib çıxarmır. Bunu anlamasaq, gələcəkdə də eyni səhvləri etməli olacağıq. Gənclər düşünsün ki, mən bu gün obyektiv təhlil edə bilmirəmsə, gələcəyimi necə düzgün planlaşdıra bilərəm?..”- söyləyir.

 

 Mükəmməl xasiyyətə malik olduğu üçün araşdırmaları da maraqlıdır. Həddən ziyadə realistdir, onu boş-boş xəyallarla, iddialarla fikrindən döndərmək mümkün deyil. Və heç vaxt ram edə bilməyəcəyi məqsədlərin arxasınca getmir. Elə ona görə də ən nifrət etdiyi məsələlərdən biri də qeyri-müəyyənlikdir. Bu səbəbdən də hədəfə doğru planlı şəkildə irəliləyir...

 

Deyir ki,- “Azərbaycan gəncliyi bilgilənməyə laqeyd deyil. Mən də sosial şəbəkələrdən istifadə edirəm və gəncləri də izləyirəm. Müşahidələrimə görə, deyə bilərəm ki, gənclərimiz nəinki bilgi almağa meyllidir, hətta o bilgini paylaşaraq maarifçilik fəaliyyəti göstərməkdə də aktivdirlər. Sosial şəbəkələrdə yayılan məlumatlar içərisində çoxlu elektron kitablar, məqalələr də yer alr. İstifadəçilər maraqlı materialları paylaşır və öz dostlarına oxumağı tövsiyə edir. Amma mən yaşlı nəslin nümayəndələri arasında belə nümunələrə rast gəlmirəm. Ona görə, bu gün kitabı tək klassik formada oxumağın informasiya mənbəyi olduğunu demək düzgün olmaz. Kitabları alıb oxumaq da lazımdır, lakin texnologiyanın inkişafı sayəsində ağırlıq elektron kitablara düşüb. Maddi baxımdan da bu kitablar sərfəli olduğundan gənclər elektron kitablara üstünlük verirlər...”

 

Həm də çox emosionaldır. Amma duyğularını gizlətməyi bacarır. Özünə, biliyinə çox güvənir. Kənardan sərt və amansız görünür, amma göründüyü qədər də nəcib, mülayim və nəzakətli xanımdır...

 

“Hər bir Azərbaycan vətəndaşı özünün müstəqil dövlətə sahib olmağı ilə fəxr etməlidir. Çünki Yer üzündə yaşayan bütün xalqların dövləti olmaq xoşbəxtliyi yoxdur. Amma Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun müstəqil dövləti var və biz müstəqil dövlətin vətəndaşlarıyıq. Bu, müstəqil cümhuriyyətdən yaranan bir tarixdir. Çünki Azərbaycan dövlətçiliyinin tarixi çox qədimdir - e.ə. III minillikdən gələn bir tarixdir. Amma Azərbaycan ərazisində dövlətçiliyimizin varisliyi zaman-zaman yadelli işğalların nəticəsində kəsilibdir. Bütün bunlara baxmayaraq, Azərbaycan böyük bir imperiya yaradan dövlət olub. XV əsrin sonu – XVI əsrin əvvəli Səfəvilər dövləti yaranıb. Bu dövlətin əsasını Azərbaycanəsilli sülalə qoyub. Yəni zəngin bir dövlətçilik tariximiz var. Ən qürurlusu da ondan ibarətdir ki, 105 il öncə bütün türk dünyasında ilk türk cümhuriyyətini 1918-ci il 28 Mayda Azərbaycan xalqı qurub. 105 ildir ki, respublika quruluşunda yaşayırıq. Düzdür, 23 aydan sonra birbaşa Sovet Rusiyasının hərbi müdaxiləsinin nəticəsində müstəqil dövlətçiliyimizə son qoyuldu, amma yenə də Azərbaycan Respublikası sovetlər formasında, müttəfiq dövlətlər statusunda öz varlığını saxladı. 1991-ci ildə isə dövlət müstəqilliyini bərpa edəndə özünü Azərbaycan Cümhuriyyətinin varisi kimi bərpa etdi. Bunlar çox qürurverici tarixdir”.- söyləyir.

 

Ölkədə cümhuriyyət tarixini mükəmməl bilən nadir alimlərdən biri də odur. Uzun illər bu mövzunu araşdırıb, necə deyərlər, gecəsini gündüzünə, gündüzünü gecəsinə qatıb. Dövlət İdarəetmə Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktorudur. “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülüb. "Nəriman Nərimanov – ideal və gerçəklik" kitabının, 40-dan çox elmi məqalənin, "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası" iki cildliyində isə 200 məqalənin və 7 elmi toplunun tərtibçilərindən biridir. Türkiyə və Bakıda keçirilmiş xeyli beynəlxalq konfransların iştirakçısı olub. “METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın “Tarix, Arxeologiya və Antropologiya” üzrə redaksiya heyətinin üzvüdür...

 

Bəlkə də bu yazını növbəti ad günündə qələmə alsaydım, lap yerinə düşərdi. Məni tələsdirən, haqqında söhbət açdığım Firdovsiyyə xanım Əhmədovanın Cümhuriyyət tarixinin və eləcə də inqilabdan sonrakı Azərbaycanın araşdırılmasında göstərdiyi misilsiz xidmətləri oldu. Və bu yolda məğlubedilməz bir alim kimi müvəffəqiyyətlə addımlamaqdadır. Ona bu fədakarlığına görə ehtiram göstərməyə borcluyuq...

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)

Cümə axşamı, 18 Yanvar 2024 12:30

QİRAƏT SAATInda “Eşq mələyi”

    “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

34-cü hissə

 

Gözlənti davam edir

 

Saat 5-ə qalmışdı, artıq hava işıqlaşırdı. Küçəyə açılan laybalay iri pəncərəyə alatoranın göyümtülə çalan işığı düşürdü.

Ülkər acışan gözlərini ovxaladı. Durub hamam otağına keçdi. Üzünə su vurdu. Sonra mətbəxə adladı. Qəhvədanı doldurub su qaynatdı. Mətbəx şkafını açdı, quru çay axtarışlarına başladı. Bir neçə qutu tapdı, həm iriyarpaqlı, həm xırdayarpaqlı qara çay da var idi, yaşıl çay da, üstəlik, qırmızı çay da. İriyarpaqlı çaydan götürüb çaynikə tökdü. Yadına uşaqlığı düşdü, atası həmişə qutusu iri olur deyə iriyarpaqlı çay alardı.

Su qaynamışdı, çayı dəmlədi, çay içmək üçün qənd axtarışına çıxdı, amma şokoladları görəndə qəndlə çay içmək istəyindən vaz keçdi, şokoladlardan gözü tutanının ikisi ilə bir fincan çay içdi, sonra şokoladın xatirinə daha iki şokoladla daha bir fincan çay içdi.

Nəsə yemək istəyirdi. Soyuducunu açdı, xeyli içinə boylandı. Buz dolabında toyuq naqetsi və yarımfabrikat mal əti kotletləri var idi. Əlbəttə ki, subay adamın soyuducusunda kiloyla ət, toyuq, balıq görməzsən ki... Bitki yağı, bir qutu yumurta... Balıq konservi, ət tuşonkası, kolbasa, sosis, bankada hazır dovğa...

Belə bir ömür yaşamaq qismət imiş, demək, Ona. Subaylıq sultanlıqdır, deyirlər. Amma isti bişmişin də öz yeri var. Plov, bozbaş, piti, ürəyin istəyəndə bunları yemədinsə, daha nə oldu. Lap elə şorba olsun. Qələndərov çox vaxt evdən çıxanda yazıq anasına əmr verərdi, lobya şorbası bişir, sarımsaq-qatıqla. Toyuq şorbası bişir, həm düyü at içinə, həm vermeşil. Qəşəng dovğa elə, noxudu da olsun.

Sulu yeməklərin aşiqi idi Qələndərov.

Birdən içinə haradansa acıq doldu, atasını xoş halda xatırlamağından diksindi. Onu bədbəxt edən insanı niyə bu cür xatırlamalıdır axı? Yalnız lənətlə, nifrətlə xatırlanmağa layiq idi Qələndərov.

Nəsə yemək iştahı bir anda çəkildi. Durub qonaq otağına keçdi.

Ev sahibinin əntiqə zövqü var idi, bu zövqə heyran olmamaq mümkünsüzdü. Bolluca suvenirlər düzmüşdü otaq boyu. Qab-qacaq da yaraşıqlı idi, yumşaq mebel də, çilçıraq da.

Divanın üstündə əyləşdi. Birdən içinə nəsə bir qısqanclıq doldu. Görəsən, O, bu evə başqa qadınları da gətirirmi? Bax elə bu divanda, kim bilir, hansı oyunlardan çıxıb o qadınlarla. Bunu düşünüb anidən dodağını büzdü, tez də özünün özünə acığı tutdu. “Bunu sən deyirsən? Sən??? Saysız-hesabsız kişilərin altına yıxılmış fahişə, sən indi Onun hansısa qızla yaxın ola bilməsindən narahatlıq duyursan?”

Özünü bu cür aşağılamağı, sanki başqası tərəfindən edilibmiş kimi, özünü də incitdi, hətta doluxsundu. Gör haradan-hara gəlmişdi, o cür ciddi, nizam-intizamlı bir ailənin qızı olaraq gəlib gör hara çıxmışdı. Fahişə adı üstündəydi artıq.

Durub kor-peşman güzgünün önünə qayıtdı.

Xatirələri Bilgəhdə qırılmışdı. Davamını gətirməliydi. Həyatının kulminasiyasına yaxınlaşmışdı. Nə olmuşdusa, ondan sonra olmuşdu. Ona kimi olanlar yalan idi sonra olanların yanında.

Güzgüyə baxdı. Sanki o anları yenidən yaşayırmış kimi, xatırladıqca zülüm-zülüm ağlamağa başladı.

 

 “Ədəbiyyat və incəsənət”

(18.01.2024)

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu şərtlər daxilində fəaliyyət faydalı olar:

- Şəxsi və professional keyfiyyətlər texniki və maliyyə köməyi göstərmək imkanı ilə yanaşı partnyorluğun müvəffəqiyyətini müəyyən edir.

 

- Öz işçilərinizi diqqət və səylə toplayın. İşə götürməzdən qabaq onlardan məhz nə gözlədiyinizi müəyyən edin. Sizə öyrənməyi bacaran, öz səlahiyyətləri çərçivəsində müxtəlif tapşırıqları yerinə yetirə bilən işçilər lazımdır.

 

- Əməkhaqqının səviyyəsi vəzifənin vaciblik dərəcəsi və əmək təcrübəsinin qiymətləndirmə kriteriyalarından istifadə etməklə müəyyən edilir.

Əksər vəzifə və məşğulluq tipləri üçün qanun tərəfindən təyin edilmiş minimal əməkhaqqı dərəcəsi olduğundan, əmək haqqının real həcmi sizin məramlarınızla işçinin gözlədikləri arasında orta qiymətə bərabər olmalıdır.

 

- İşçilərdən gələn qarət və israfçılıq təhlükçəsi ən müvəffəq biznesi belə dağıda bilər. Onun qabağını almaq üçün siz etibarlı fiziki mühafizə sistemi qurmalısınız. Necə olursa olsun, işəgötürmə zamanı işçilərin ətraflı, diqqətlə öyrənilməsi cinayətlərdən qorunmaq üçün ən yaxşı təminatdır.

 

- İstehsalat binaları və avadanlıqla bağlı hər şey müəyyən edildikdən sonra siz ən azı bir il müddətinə əməliyyat xərclərinizin ödənilməsi üçün kifayət qədər pul vəsaitinizin olması barədə əsaslı şəkildə düşünməlisiniz.

Biznesdə uğursuzluğun əsas səbəblərindən biri start kapitalının kifayət qədər olmamasıdır. Odur ki, biznesin həyata keçirilməsi prosesi ərzində maliyyə tələbatını qiymətləndirmək üçün siz partnyorlarınızla birgə hesablamalar üzərində diqqətlə işləməlisiniz.

 

- Öz şəxsi vəsaitlərinizin cəlb olunması çox zaman sizin biznesinizin maliyyələşdirilməsində ilk addımdır. Faktiki olaraq, bu sizin öz şəxsi işinizə  nə dərəcədə ciddi yanaşdığınızı göstərir. Sizin öz şəxsi pullarınızla riskə getməyiniz digərlərini də sizin biznesə isvestisiyalar qoymağın məqsədəuyğun olmasına əmin edir. Şübhəsiz, əsas maliyyələşdirmə mənbələri isə banklardır. Digər maliyyələşdirmə mənbələri – kommersiya-maliyyə kompaniyaları, regional inkişaf proqramlarını təmin edən kompaniyalar, sığota kompaniyalarıdır. Əmtəə krediti, qiymətli kağızların emissiyası, lizinq isə borc vəsaitinin cəlbedilmə variantlarıdır.

 

- Kredit almaq üçün öncə özünüzə üç sual verməlisiniz: «Kreditdən necə istifadə edəcəksiniz?», «Hansı həcm borc vəsaitinə sizin həqiqətən  ehtiyacınız var», «Krediti necə qaytaracaqsınız?».

 

Növbəti yazıda sizə marketinq barədə danışacağam.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)

 

Cümə axşamı, 18 Yanvar 2024 11:30

Şəhidlər barədə şeirlər – Elvin Ömərov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Elvin Ömərova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ELVİN XEYBƏR OĞLU ÖMƏROV

(18.08.1991.-10.10.2020.)

 

Kürdəmirin Qarasu kəndindən olan, Azərbaycan Ordusunun Quru Qoşunlarının baş giziri,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

 

ELVİNİN ARZUSU

 

İnsanların qəlbində saysız arzuları var,

Arzu elə hissdir ki, arzudan arzu doğar.

Hər insanın köksünə yüz arzu, dilək sığar,

Vətəni bütöv görmək arzusuydu  Elvinin.

 

Məktəbdə dərslərindən yalnız əla alırdı,

Doğmaların, dostların qayğısına qalırdı,

Ağlı, mərifətiylə günbəgün ucalırdı,

Amalı, əqidəsi şəffaf  suydu  Elvinin.

 

İllər keçdi, böyüdü, yetkin bir əsgər oldu,

Düşmənə sinə gərən, istehkam, sipər oldu,

Onun evi, eşiyi, yatağı səngər oldu,

“Düşmən məhv olsun, Allah!” – duasıydı  Elvinin..

 

Torpaq kafirdədirsə, əsil oğul dincəlməz,

Bu elə əzabdır ki, ağrısı saya gəlməz,

Adam qəlbən danışmaz, susar, ürəklə gülməz,

Düşməndə doğma yurdu, obasıydı  Elvinin.

 

Əsgərliyi qurtarıb qayıtsa da evinə,

Heç rahat olmadı, nə də bildi, sevinə,

Ordum, sanki deyirdi  qayıt  səngər-evinə,

Hərbçi olmaq  qəlbinin, sədasıydı  Elvinin.

 

O təlim-təhsil aldı, oldu orduda gizir,

Mənasız, boş yaşayan insan özündən, bezir,

O kəslər  xoşbəxtdir ki, adı dillərdə gəzir,

Özgədən fərqləndirən zəkasıydı  Elvinin.

 

Orduda əsgərlərə dürüst bir yoldaş idi,

Çoxunun qəlb dostuydu, səmimi sirdaş idi,

Elə mehriban idi, sanki bir qardaş idi,

Bir sözlə, hər bir əsgər doğmasıydı  Elvinin..

 

Fəxr edirdi, bu yolu nə yaxşı ki, seçmişdi,

Aprel döyüşlərindən cəsarətlə keçmişdi,

Hələ o vaxt düşməni məhv eyləyib, biçmişdi,

Orduda xidmət etmək sevdasıydı  Elvinin.

 

Dünya yiyəsiz deyil, var sahibi, hakimi,

Döyüşdü yağılarla xalqın mərd oğlu kimi,

Məhv etdi mənfurları Babək, Koroğlu kimi,

Döyüş, ədalət adlı sədasıydı, Elvinin.

 

Şəhid oldu, müqəddəs, ülvi arzuya çatdı,

Düşmənə qan ağlatdı, düşmən kədərə batdı,

Vətən bütöv, tam olsun – Qarabağım azaddı,

Azad olunan torpaq  qisasıydı  Elvinin.

 

Hər adamda olammaz, nə mərdlik, nə mətanət,

Elvin göstərə bildi  necə olur  ləyaqət,

Elçin, Hənifə qalıb qəhrəmandan əmanət,

Bir də şəhid xanımı, – sonasıydı  Elvinin.

 

Qaranlıqlar qovuldu, açıldı nurlu səhər,

Ali Baş Komandanla xalqım qazanıb zəfər,

Cəsurlar sayəsində ordum göstərdi hünər,

Bu xoşbəxtlik çin olan  röyasıydı  Elvinin.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

1689-cu ilin 18 yanvarında dünyaşöhrətli fransız mütəfəkkiri, dillər əzbəri olan müdrik kəlamların müəllifi Şarl Lui Monteskyö dünyaya gəlib.

Bu dahinin bir neçə kəlamını seçərək sizin diqqətinizə çatdırıram:

 

Mütaliə etmək – darıxma saatlarını həzz saatlarına çevirmək deməkdir.

 

Azacıq bilmək üçün lap çox öyrənmək lazımdır.

 

Ən böyük tiranlıq – Ədalət bayrağı altında, Qanun adı ilə həyata keçirilən tiranlıqdır.

 

“Sabah hər şey yaxşı olacaq” deyiminə yalnız sabah azad olmaqla çatmaq olar.

 

Hər xalq öz hökmdarına layiqdir.

 

Şəxsiyyətin azadlığı ilə vətəndaşın azadlığı həmişə üst-üstə düşmür.

 

Demokratiya prinsipi təkcə cəmiyyətdə bərabərlik ruhu yaratmaq demək deyil, həm də bu bərabərlik ruhunun elə bir həddinə çatması deməkdir ki, hər kəs özünə rəhbər seçdiyi şəxslə də özünü bərabər saya bilsin.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.