Super User

Super User

Çərşənbə axşamı, 13 Avqust 2024 16:48

BİR SUAL, BİR CAVAB İntiqam Yaşar ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Bəxtimin heç sevinc payı yoxuymuş,

Ağrı yan-yanaymış, acı sıxıymış,

Dərd-qəmin qüvvəsi, gücü çoxuymuş,

Çalışdım mən ona bata bilmədim. 

(İntiqam Yaşar)

 

Əziz Yazarımız, dərdin güclü olması ürəyimizin kövrəkliyi ilə əlaqəli ola bilərmi, ürək daş olsa, dərdin qollarının onu incitməyə gücü çatarmı?

 

 CAVAB

Hər kəsin öz dərdi olur. Düşünmürəm ki, ürəyi daş adamlar dərd çəkmir. 

Sadəcə, nəyi dərd etmək məsələsi var. Həssas adamların dərdi çox olur, ətrafda çox şey onlara dərd ola bilir.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Çərşənbə axşamı, 13 Avqust 2024 15:39

Ayşən faciəsi - AKTUAL

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Bu yaxınlarda sosial platforma acınacaqlı bir xəbərlə bir-birinə dəydi; "Ayşən faciəsi".

Rəhm, mərhəmət, vicdan duyğularının yoxa çıxdığını bilirdim, amma bu  səviyyədə üst mərtəbəyə çatdığına məhz bu hadisə ilə şahid oldum. 

Məni kədərləndirən və bəlkə də çoxlarınızın xəbəri belə olmayan əsas fakt budur ki, o qız mənim patok yoldaşım idi. Əgər etdiyi seçimlər ona məzar olmasa idi, bu il beşinci kursu birlikdə bitirərək məzun olurduq. Amma yenə deyirəm, etdiyi seçimlər ilə öz məzarını  özü qazmamış olsa idi... 

Həyatdır, bu gün varıq, sabah yox. Əgər səhər dura bilməsəm, ən azından bir şeyə görə xoşbəxtəm ki, əcəlim ən pis və ən yaxşı halda yenə də Allahın əlindədir. Baxın və agah olun, ən son yazdığım cümlənin elə özü həm vahiməli, həm də bir o qədər çaşdırıcıdır. Allah hər birimizin alnına sonu, sabahı və bir addım sonrası bəlli olmayan bir ömür yolu yazır və deyir ki, səni mən yaratmışam və səni bu həyatdan qoparmaq da mənim əlimdədir. Sonra bəzilərimizin payına sakit bir xırıltı, bəzilərimizə isə dəhşətli bir faciə düşür. Biz isə hər zaman sakit bir xırıltı arzusundayıq. 

Ayşəni ən son səhv etmirəmsə, üçüncü kursda görmüşdüm. Aramızda keçən kiçik bir dialoqdan çox az şeylər xatırlayıram. Səhv etmirəmsə, dərsdə iştirakı zəif olduğu üçün qaib sayları üçün məqbul hesab edilən limiti keçmişdi. Bu qədər dərsdə iştirak etməməsinin əsas səbəbini soruşanda isə mənə söyləmişdi ki, bir ara xəstələndiyi üçün bir çox dərsə gələ bilməyib. Həmişə uzaqdan sakit, amma beynində və ruhunda fırtınalı bir qız idi. Həm hər şeyə gecikən, həm də sanki harasa tələsirmiş kimi bir havası var idi. Sanki kimdənsə qaçırdı. Üzü gülürdü, lakin hafizəmə həkk olan o son baxışında qorxunu da elə indi bariz görə bilirəm. Universitetin həyətindən qara donu və hündür dabanlı ayaqqabısı ilə sevgilisi ilə görüşmək üçün keçib getdi. O gündən sonra onu görmədim, görsəm belə fikir verməmişəm. Məndə bir xüsusiyyət var. Əgər bir insan mənim maraq dairəmdə yoxdursa, deməli onun ilə əlaqəm təmamilə sıfıra enməlidir. Belə biri olduğuma bu hadisə baş verəndən sonra çox yaxşı əmin oldum. Hər kəsin qəribə paylaşımlarına şahid olduqdan sonra xatırladım ki, vay, mənim Ayşən adında tələbə yoldaşım var idi.

Sonra bütün o qanla kirlənən görüntüləri izlədim və düşündüm ki, görəsən bu qızın valideynləri haradadır? İnanın mənə, səhərdən axşama qədər oturub o qızın əri olan biqeyrətə söyə bilərəm, amma çalışaq ki, real situasiyadan da uzaqlaşmayaq. Bu qızı nə vadar edirdi ki, təhsilini, gələcəyini heçə sayaraq bir insana inanmağı seçsin. Əlbəttə gəncik, enerjimiz yüksək səviyyədə olmasa da, hamının dediyinə görə yüksəkdir. Əziz insanlar, sevin, sevilin, lakin bir nəfəri heç vaxt həyatınız üçün qurtuluş olaraq görməyin. Əziz valideynlər, övladlarınıza elə gözəl məhəbbət ilə sahib çıxın ki, könlü- gözü yaşamadığı, hiss edə bilmədiyi nüansların alovunda alışıb-yanmasın. Eybi yoxdur, bir gün ac-susuz yatın, amma övladlarınızı qucaqlamadan yatmayın. Sonra sizin aça bilmədiyiniz o qucaq axtarışı ilə gənclik şüşə kimi sınır. Tapdığı bütün qucaqlar isə viranə qalır. Böyümək çətindir, biz çalışaq ki, zahiri böyüyən, daxili kövrək və uşaq qalanlardan olaq. Çalışaq ki, ölüm bizə hər zaman keçmişdən gələn bir qucağı xatırlatsın. Çalışaq ki, ölüm əslində ölüm deyil, ana bətninə geri qayıdış olsun. Körpələr ölməsin, ağlamasın!

Olmasını istəmədiyim bir digər məqam valideynlərinin üzünü qara edən övladlardır. Bəzən sevgi də kifayət etmir. Bəzən gün elə günəşin doğuşundan bəlli olur. 

İndi hər birimiz Ayşənin bu məqsədsiz, onu bu dəhşətli sona çatdıran seçimin əsas səbəbini axtarır. Və hər kəsin ağlında fərqli bir düşüncə tərzi var. Mən isə dərindən bələd ola bilmədiyim mövzular haqqında bəziləri kimi geniş danışa bilmərəm. Ona görə də, dəhşət kəliməsi həmişə ağlınızda, bütün düşüncələrinizdə olsun. Unutmayın dünyanın özü həyatın, bizlər isə dünyanın ən böyük dəhşətiyik! 

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı “Qısametrajlı Britaniya animasiya filmi” kateqoriyasında BAFTA Festivallar siyahısına daxil edilib. 

 

Azərbaycan Animasiya Assosiasiyasından AzərTAC-a bildirilib ki, Britaniya Kino və Televiziya Sənətləri Akademiyası (BAFTA) əməkdaşlıq etdiyi festivalların siyahısını ciddi seçim proseduruna uyğun tərtib edir, bu isə ANİMAFİLM-in BAFTA tərəfindən müəyyən edilmiş yüksək standartlara cavab verdiyinin göstəricisidir. 

“Qısametrajlı Britaniya animasiya filmi” kateqoriyası ən yaxşı Britaniya qısametrajlı animasiya filmini təşviq etmək və dəstəkləmək üçün yaradılıb, məqsədi əməkdaşlıq etdiyi festivalların, öz növbəsində, bu adı müəyyənləşdirməkdə BAFTA-ya kömək etməsidir.

ANİMAFİLM BAFTA ilə əməkdaşlıq çərçivəsində animasiya filmlərini BAFTA Film Mükafatlarında “Qısametrajlı Britaniya animasiya filmi” kateqoriyasında yarışmaq üçün təklif etmək imkanı qazanacaq. BAFTA seçim hüququ, sadəcə, Böyük Britaniya istehsalı və ya Böyük Britaniya ilə birgə istehsal olunmuş animasiya filmlərinə şamil olunur.

BAFTA “Qısametrajlı Britaniya animasiya filmi” kateqoriyası üçün müraciətlər açıqdır və oktyabrın 18-də, saat 12:00-da bağlanacaq. Mükafatlar 2025-ci il fevralın 16-da BAFTA Mükafatlarının təqdimat mərasimində sahiblərinə çatacaq. 

BAFTA Festivallar siyahısına daxil edilmiş digər animasiya festivalları Annecy Beynəlxalq Animasiya Filmləri Festivalı, Kaboom Animasiya Festivalı, Animafest Zaqreb, Fantoche – Beynəlxalq Animasiya Filmləri Festivalı, Linoleum Müasir Animasiya və Media İncəsənəti Festivalıdır.

ANİMAFİLM-in bu siyahıya daxil edilməsi bir daha göstərir ki, festival animatorlar üçün ədalətli və yüksək səviyyəli platforma təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Avqustun 16-da Türkiyə paytaxtında görkəmli teatr və kino aktyoru, rejissor, Azərbaycanın Əməkdar artisti Cahangir Novruzovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri olacaq. 

 

“Ədəbiyyat və incəsənət”

AzərTAC-a istinadən xəbər verir ki, yubiley tədbirinin təşkilatçıları qismində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi, ölkəmizin Türkiyədəki səfirliyi çıxış edirlər. 

TÜRKSOY-un baş katibliyinin binasında keçiriləcək yubiley tədbirində iki qardaş ölkənin mədəniyyət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak edəcəklər. 

Professor Cahangir Novruzov hazırda Adana şəhərindəki Çukurova Universitetinin Dövlət Konservatoriyasında dərs deyir.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşkilatçılığı ilə XXI ənənəvi “Kitab sənəti” Beynəlxalq müsabiqəsi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində təşkil edilən müsabiqədə ölkəmiz də müxtəlif nominasiyalar üzrə çap məhsulları ilə təmsil olunub.

Müsabiqəyə ümumilikdə 6 ölkədən bir sıra nominasiyalar üzrə 64 adda kitab təqdim edilib. 

Açıq səsvermə yolu ilə hər nominasiya üzrə kitabların seçimi aparılıb. Nəşr məhsulları haqqında iştirakçı ölkələrin nümayəndələrinə ətraflı məlumat verilib.

Budəfəki müsabiqəyə Azərbaycandan 10 nominasiya üzrə 9 adda kitab təqdim olunub. Ölkəmizin nəşrləri 4 nominasiya üzrə I, 2 nominasiya üzrə II, 3 nominasiya üzrə III yerlərə layiq görülüb. 

Qeyd edək ki, “Kitab sənəti” müsabiqəsinin mükafatları sentyabr ayında keçiriləcək ənənəvi Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Çərşənbə axşamı, 13 Avqust 2024 15:05

Molla əmi - SATİRA

“Ədəbiyyat və incəsənət” Ayaz Arabaçının satirik şeirini diqqətinizə çatdırır. 

 

Gözləyirik sabah gecdi,

Bu gün tezdi molla əmi.

Bu dünyanı ha fırlasan,

Sonu bezdi, molla əmi.

 

Dağ uçurur küləyimiz,

Qançır olub kürəyimiz, 

Ürək demə, ürəyimiz, 

Protezdi, molla əmi.

 

Yazdım Cona, yazdım Semə,

Ac qurdlarçün döndüm yemə, 

Daha mənə ümid demə,

Ümid çezdi, molla əmi. 

 

Necə deyim, boğur qəhər,

Çörəyimiz-zəqqum, zəhər,

Yediyimiz axşam-səhər, 

Patatestdi, molla əmi. 

 

Kimdi dostu, yadı bunun, 

Zəhirmardı dadı bunun, 

Ömür deyil adı bunun,

Otur, "döz" dü, molla əmi.

 

Can qalmayıb büstümüzdə, 

Nə dərdlər var tüstümüzdə, 

Axşam-sabah üstümüzdə,

Hamı gözdü, molla əmi.

 

Qiymət yoxdu mərd olana, 

Eşşəyini sür dalana, 

Bəsdi məni qurdalama,

Dilim közdü, molla əmi.

 

Xoş gəlməsin, xoş saatım, 

Mən nə alım, mən nə satım,

Olub-qalan ehtiyatım, 

Təkcə, sözdü, molla əmi.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Çərşənbə axşamı, 13 Avqust 2024 14:36

İstisu - təbiətin və tarixin möcüzəsi

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” (Qarabağ bölməsi)

 

Azərbaycanın zəngin təbiəti və unikal coğrafiyası ona dünyanın ən maraqlı və cəlbedici yerlərindən biri statusunu qazandırır. Bu möcüzəli yerlərdən biri də Kəlbəcər rayonunda yerləşən İstisu mineral sularıdır. 

 

İstisu öz müalicəv ixüsusiyyətləri ilə təkcə yerli əhali arasında deyil, həm də dünyanın müxtəlif bölgələrindən gələn ziyarətçilər tərəfindən yüksək qiymətləndirilir. Bu məqalədə, İstisunun tarixi, təbii gözəllikləri, müalicəvi xüsusiyyətləri və müasir istifadəsi haqqında ətraflı məlumat verəcəyik.

 

İstisu mineral sularının tarixi qədim dövrlərə gedib çıxır. Bu bölgənin sakinləri əsrlər boyu İstisunun müalicəvi xüsusiyyətlərindən istifadə etmişlər. Ən qədim mənbələrə görə, bu sular qədim dövrlərdə də insanlar tərəfindən dəyərli hesab olunmuş və müxtəlif xəstəliklərin müalicəsində istifadə edilmişdir. Qədim məbədlər və arxeoloji qazıntılar zamanı aşkarlanan qalıqlar, burada yaşayan insanların təbii resurslardan necə yararlandıqlarını göstərir. Tarixi mənbələrdən məlum olur ki, bu qalalar ətrafında İstisunun müalicəvi xüsusiyyətləri ilə dörd ətrafda, yaxın tarixdə isə keçmiş sovet ölkələri arasında da böyük şöhrət qazanmışdır. 

İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriya inşa edilmişdir. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı Varı bulaqlarının eynisidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

Bu üstünlük suların şəfalı və  yüksək minerallarla zəngin olması ilə bağlıdır. Məlumdur ki, 30 ilə yaxın İstisu, eləcə də Kəlbəcər erməni işğalı altında olubdur. Bu zaman mənfur qonşularımız İstisuyu və digər təbii sərvətlərimizi vəhşicəsinə istismar edirdi. Vətən müharibəsindən sonra isə İstisu əsl sahiblərinə qaytarıldı.

Kəlbəcər rayonunun dağlıq ərazilərində yerləşən İstisu mineral suları, təkcə Azərbaycanın deyil, bütün Qafqaz regionunun təbii möcüzələrindən biridir. Bu yerin adı, əsrlər boyu müalicəvi xüsusiyyətləri ilə məşhur olan təbii su qaynaqlarından gəlir. İstisu, həm yerli sakinlər, həm də turistlər üçün sağaldıcı bir məkan olaraq tanınır.  İstisu, təbiətin insanlara bəxş etdiyi ən dəyərli nemətlərdən biridir. Bu sular öz tərkibində olan çoxsaylı minerallar və kimyəvi elementlərlə orqanizmin müxtəlif xəstəliklərinin müalicəsində mühüm rol oynayır. İstisu suları əsasən mədə-bağırsaq, qaraciyər və böyrək xəstəliklərinin müalicəsində istifadə olunur. Bu suların kimyəvi tərkibi onların müalicəvi xüsusiyyətlərini müəyyən edir. İstisunun yerləşdiyi ərazi, öz təbii gözəllikləri ilə də fərqlənir. Burada təmiz hava, gözəl mənzərələr və sakit təbiət ziyarətçilərə həm fiziki, həm də mənəvi dinclik bəxş edir. Bu bölgənin dağlıq ərazidə yerləşməsi, buranı daha da cəlbedici edir. İstisunun yerləşdiyi ərazi, həm də flora və faunası ilə zəngindir. Burada çox sayda endemik bitki növü və vəhşi heyvanlar yaşayır ki, bu da bu bölgənin təbiətsevərlər üçün maraqlı bir məkan olduğunu göstərir. 

İstisu Azərbaycanın turizm potensialının parlaq nümunələrindən biridir. Bu bölgənin təbii və tarixi zənginlikləri turistlər üçün unudulmaz bir səyahət imkanı yaradır. İstisunun yerləşdiyi Kəlbəcər rayonu öz gözəl mənzərələri, qədim abidələri və təmiz havası ilə turistləri cəlb edir. Burada yerləşən qədim qalalar və məbədlər turistlərə bu bölgənin tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı yaradır. 

İstisu ərazisində yerləşən qədim məbədlər və digər arxeoloji qalıqlar bu yerin tarix boyu insanların maraq dairəsində olduğunu sübut edir. İstisu mineral sularının təbii möcüzələri, həm də onun müasir turizm mərkəzi kimi inkişafına səbəb olmuşdur. Burada yerləşən sanatoriyalar və istirahət mərkəzləri ziyarətçilərə yüksək səviyyəli xidmətlər təqdim edir. Müasir infrastruktur və rahat şərait, İstisunu hər kəs üçün əlçatan edir. 

Bu möcüzəvi yerin əhəmiyyətini vurğulamaq üçün qeyd etmək lazımdır ki, İstisu təbiətin insanlara bəxş etdiyi dəyərli bir nemətdir. Bu suların müalicəvi xüsusiyyətləri, təbii gözəllikləri və zəngin tarixi, İstisunu Azərbaycanın ən qiymətli yerlərindən birinə çevirir. İstisuda təbiətin sakitliyini hiss etmək, saf və təravətli suların şırıltısını dinləmək, insanı həm fiziki, həm də mənəvi cəhətdən yeniləyir. Bu möcüzəvi yer, hər kəsin həyatında ən az bir dəfə ziyarət etməsi lazım olan bir məkan olaraq qalır. 

İstisunun təbiəti, tarixi və müasirliyi birləşdirən bu məqalə, bu bölgənin əhəmiyyətini bir daha vurğulayır və onu daha yaxından tanımaqüçün bir dəvət kimi qəbul edilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Ötən gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Rəfael Hüseynovun 70 illik yubileyi tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında professor Rəfael Hüseynovun elmi, ictimai və bədii fəaliyyətinə həsr olunmuş virtual kitab sərgisi hazırlanıb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət”ə kitabxanadan məlumat verilib.

Kitabxananın rəsmi saytına yerləşdirilən https://ryl.az/multimedia/rafael-huseynov sərgidə Prezident İlham Əliyev tərəfindən akademikin “Şərəf” ordeni ilə təltif edilməsi, ədəbiyyatşünaslıq elminin inkişafında olan xidmətləri, ictimai-siyasi fəaliyyəti haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Rəfael Hüseynovun  orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş 30-dan çox ədəbiyyatşünaslıq əsərinin, dahi şəxsiyyətlərin həyat yoluna həsr edilmiş tədqiqatların müəllifi olması qeyd edilir.

Virtual kitab sərgisində Rəfael Hüseynovun müəllifi olduğu Ulu Öndər heydər Əliyevə həsr olunmuş “İkinci olmayacaq”, Rəfibəylilər nəslindən bəhs edən “Yurdun adındakı Azərbaycan”, Müslüm Maqomayev, Hüseyn Cavid kimi görkəmli şəxsiyyətlər haqqında məlumatların yer aldığı  “Vaxtdan uca”, professor Şirməmməd Hüseynovun Xalq Cümhuriyyəti yaradıcılarının irsinin araşdırılmasındakı rolundan bəhs edən “Millət yaddaşının keşikçisi”, “Məshəti Gəncəvi özü, sözü, izi” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri sərgilənməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Çərşənbə axşamı, 13 Avqust 2024 14:04

LİDERLİYİN 21 QANUNU - 14.Yetişdirmə qanunu

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”  

 

Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər

 

14.Yetişdirmə qanunu

«Lider yetişdirmək üçün lider lazımdır»

 

Con Maksvel liderlik məsələləri ilə bağlı seminarlarda sorğu keçirərək insanları lider olmağa nəyin təhrik etdiyini öyrənməyə çalışıb. Nəticə belə olub:

Krizisə görə – 5 faiz.

Anadangəlmə qabiliyyətinə görə – 10 faiz

Başqa liderin təsiri altında – 85 faiz.

Bütün rəyi soruşulanların 85 faizinin başqa liderlərin təsiri altında lider olmaları məhz bu qanuna əsaslanır: lider yetişdirmək üçün lider lazımdır.

Con Maksvel özü öz liderlik istəyini atası – əsl lider olan Melvin Maksvellin hesabına yarandığını bəyan edir. Atası ona şəxsiyyətin inkişaf prioritetlərini, insanlarla münasibətləri birbaşa öyrədirdi. Çox şeyi də o, atasının yanında olduğundan, onu müşahidə edərək öyrənirdi. Ona görə də artıq kollecə qəbul olunanda Con liderlik məsələlərini hamıdan gözəl bilir, gözəl intuisiyası ilə qürrələnirdi.

Liderlər özləri lider yetişdirməyin qeydinə qalmalıdırlar. Bilməlidirlər ki, onların idarələri, işləri orada işləyən işçilərin arasından yeni liderlər yetişdirməkdən çox asılıdır. Daha çox güclü lider yetişdirilsə ümumi nəticədə idarənin uğur şansı da yüksək olacaq. Bütün potensial liderləri prosesə cəlb etmək, liderliyə yüksəlmək lazımdır.

«Ceneral elektrik» korporasiyası öz sahəsində dünya üzrə birinci olmaqla yanaşı, həm də lider ardınca lider yetişdirməklə məşhurdur. Bu gün onlarca kompaniyalara başçılıq edən çox güclü liderlər (Uilyam Anders, Larri Bossidi, Stenli Qoutt, Fred Qarri, Klayd Kiton, Alva O.Uey, Rodcer Şipka, Corc Cskofild və s.) «Ceneral elektrik»də yetişmişlər. Lider yetişdirmək bu kompaniyanın ən yüksək prioritetindən sayılır, hər il də kompaniya bu məqsəd üçün 500 milyon dollar xərcləyir. Kompaniyanın özünün başında isə böyük lider Cek Uelç dayanır.

Yetişdirmə qanununun məğzi çox sadədir: Konkret bir insan başqa birisini tanımalı, ona vacib olan hər şeyi öyrənməli, onu tərbiyələndirməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

 

 

Çərşənbə axşamı, 13 Avqust 2024 10:16

Şəhidlər barədə şeirlər - Hüseyn Zeynallı

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Hüseyn Zeynallı

 

Vətən müharibəsi şəhidi çavuş Zeynallı Hüseyn Vətənxan oğlu11 aprel 1993-cü ildə Cəlilabad rayonunun Əliabad kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə oxuyub. Uşaqlıqdan idmanla məşqul olub. On ildən çox boksa gedib. Dəfələrlə bölgələrdə keçirilən yarışlarda qalib olub, iki dəfə ölkə çempionu adı qazanıb. Məktəbi bitirdikdən sonar hərbi xidmətə gedib. On ilə yaxın Daxili qoşunlar və Milli orduda xidmət edib. Xidməti zamanı dəfələrlə fəxri fərmanlar alıb.

 

Hüseynin atasını ziyarətə gələn döyüş yoldaşları bildirir ki, Hüseyn sanki öncədən şəhid olacağını bilirdi, Azərbaycan bayrağını sinəsinin üstünə qoyaraq döyüşə girmişdi. Ən yaxın dostu ilə ön cərgədə vuruşurdu. Elə həmin dostu ilə bir-birinə mərmi dəyməsin deyə canlarını bir-birinə sipər edib, yəni qucaqlaşıb şəhid olmuşdular.

 

Hüseyn Zeynallı 2020-ci il oktyabrın 1-i Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Zeynallı Hüseyn Vətənxan oğlu ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

Məzarına yağan yağış

Buludların göz yaşıdır.

İndi sənin tək qardaşın

Hamımızın qardaşıdır.

 

İndi sənin ağsaç anan,

Bu vətənin anasıdır.

Şəkillərin atan üçün,

Yaşamağın mənasıdır.

 

Sən müqəddəs şəhidliklə

Bu vətənin hər yerisən.

Qəhrəmanlıq, igidliklə

Savaşın zəfər yerisən.

 

Tarix səni yaddışına

Qızıl hərflərlə yazıb.

Tanrı sənin taleyini

Cənnətdə kimlərlə yazıb?

 

Məqamın ucadan uca,

Cənnət müqəddəslər yeri.

Bütün qəlbiylə Allaha

Yaxın olan kəslər yeri.

 

Yerin mübarəkdi, şəhid,

Bircə şeir tutmaz səni.

Rahat uyu, əziz qardaş.

Bu millət unutmaz səni.

 

 

 “Ədəbiyyat və incəsənət”

(13.08.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.