“Gələcəm sənə, Vətən!” – Tahirə Kədərlinin 60 illiyinə Featured

 

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Mətbuatda 40 ildən, “Vətən səsi” qəzetində 20 ildən çox çalışan həmkarımız Tahirə Ağamirzə qızı Ağamirzəyeva 60 illik yubileyini qeyd etdi.

 

Tahirə xanım 1965-ci ildin oktyabr ayının 10-da Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1973-cü ildə Dəmirçilər kənd 8 illik məktəbinin 1-ci sinfinə gedib, 1983-cü ildə Dondarlı kənd orta məktəbini əla qiymətlərlə başa vurub.

1984 -1987-ci illərdə “Avanqard” (İndiki “Bəgüşad”) Qubadlı rayon qəzetində ədəbi işçi, müxbir vəzifələrində çalışıb. Tahirə Kədərli ədəbi yaradıcılığa məktəb illərindən başlayıb. Yazıları ilə diqqəti cəlb edən gənc şairə redaksiya tərəfindən mükafatlandırılıb.

1995-ci ildən başlayaraq “Yeddi gün”, “Ana Vətən”, “Vətən səsi” və “168 saat” qəzetlərində çalışıb. Yazıları, mənsur şeirləri “Ədalət”, “Şəhriyar”, “Təzadlar”, “Dünyaya pəncərə” və “Bütöv Azərbaycan” qəzetlərində çap olunub.

“Dərdin qucağında böyümüşəm”, “Günahımı gözlərimə bağışla” , “İlahi Nura doğru” və “Sevgi yolları” adlı kitabların müəllifidir. Onun Türkiyə tükcəsində yazdığı iki kitabı Türkiyədə çap olunub.

T.Kədərli müxtəlif mövzularda yazdığı məqalələrinə görə, AKİVHİ tərəfindən “Xan qızı Natəvan” diplomu, “Qafqaz” Media İctimai Birliyi təərfindən “Vicdanlı qələm” mükafatı, ədəbi yaradıcılığının 25 illiyi münasibətilə “Peşəkar jurnalist” adına layiq görülüb. 2011-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən keçirilən yazı müsabiqəsində uğur qazanaraq Türkiyə səfirliyi tərəfindən diplomla təltif edilib. Şeirləri Türkiyə mətbuatında dərc edilir və “İstanbul Şiir Fırtınası” radiosunda səsləndirilir. “Məhsəti” Şairlər Məclisinin üzvüdür. Hazırda 4 kitab üzərində çalışır.

Tahirə xanımın Yurd sevdalı şeirlərindən oxucularına ərməğan edirik.  

 

Tahirə Kədərli

SALAM, ŞUŞA!

 

Mən öncə sənə gəldim,

həsrətiylə yandığım

doğulub boy atdığım

dil açıb danışdığım

doğma kəndimə deyil,

Əziz Şuşam, ilk dəfə

sənə gəldim...

daşını, torpağını,

müqəddəs oylağını

mən heç görməmişdim.

səsini, sorağını, o saf növrağını

dillərdən öyrənmişdim.

hələ uşaqlığımdan

üzünü görməsəm də,

qoynuna gəlməsəm də,

mən səni çox sevmişdim.

 

Əziz Şuşam!

Uşaqkən elə bilirdim

şüşədən bir ev olmusan...

bu sehirli aləmin xəyalıyla yatırdım.

uşaqlıq xəyalıma yuxularda çatırdım...

evdə böyüklərimiz

səni vəsf eyləyirdi.

“Şuşa candır”, deyirdi...

böyüdüm öyrəndim ki,

yenilməz qala olmusan.

dahilər yetişdirib şan-şöhrət qazanmısan...

sən Azərbaycanın tarixi torpağısan...

qoynunda pərvazlanıb

neçə oğulun, qızın.

dillərdə dastan olub

muğamın, tarın, sazın...

 

İlk dəfədir sənə gəldim, Şuşam.

ey müqəddəs torpağım,

qoy səndə dalğalansın

bu üç rəngli bayrağım!

nələr çəkdi başın sənin,

müqəddəsdir, uludur

torpağın, daşın sənin...

Burda neçə igidin qanlı xatirəsi var...

burda neçə igidin

Şanlı Qələbəsi var.

Burda xain düşmənin

gözləri oyulubdu.

burda xain düşmənin

planı pozulubdu.

bu daşdan, qayalardan

İgidlərim güc alıb.

burda neçə igidim

gözləri gülə-gülə

şəhadətin oxuyub.

Burda neçə igidim

Zəfər səsini duyub...

Kiminin son kəlməsi

kiminin son gülləsi

bu torpağa yazılıb...

Ey müqəddəs torpağım,

qoy səndə dalğalansın

bu üç rəngli bayrağım!.

 

Salamat qal, əziz Şuşam...

gedirəm, qayıdacam,

bil ki, ölənə kimi

mən səndən doymayacam...

 

***

Gələcəm sənə, Vətən!

siləcəm göz yaşını...

yarana məlhəm olacam,

söz, heç yana

getməyəcəm,

elə səndə qalacam...

Orda yağış yağır,

hava soyuqmu?

üşümə, gözüm nuru,

üşümə...

Orda gün çıxıb

təpidir yeri...

daşı, torpağı sevinir,

hələ saralmayan,

qürurlanan

yarpağı sevinir

kəndimin...

Orda gecələrin

aydı qonağı...

hələ günəşinin

var parlamağı...

Bir ildir igidlərimin

qanı ilə sivarılsa da

bir ildir ciyərimiz

parça parça olsa da...

azaddır torpağım,

azaddır kəndim,

Şükürlər olsun!

Şəhidlərimin hər

ayaq izlərinə,

tökülən qanlarına...

gedib orda səcdə

etmək istəyirəm...

Məkkəm, Mədinəmdir

Şəhid qanı ilə dolan torpağım!..

Alnımı qoyacağım möhür

donan şəhid qanıdır...

O şəhidlərim ki, bu gün

Azərbaycanımı bütün

Dünyaya tanıdır...

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.